Elmi
redaktor
: fəlsəfə elmləri doktoru,
professor
Həmid İmanov
Rəyçilər:
tarix elmləri doktoru,
akademik
Teymur
Bünyadov
Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri
doktoru, professor Tofiq Hacıyev
Nəşriyyat redaktoru: İradə Akifqızı
Cəfərov N. Azərbaycanşünaslığın əsasları. — Bakı: Pedaqogika, 2005. —256 səh.
Əməkdar elm xadimi, Azərbaycan MEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor,
Nizami Cəfərovun "Azərbaycanşünaslıgın əsasları" kitabında Azərbaycan xalqının, dilinin, ədəbiyyatı-
nın, mədəniyyətinin formalaşması tarixi barədə sistemli
məlumat verilir, azərbaycançılıq ideologiyasının
təşəkkül mərhələləri araşdırılır.
Kitab
azərbaycanşünas tədqiqatçılar, universitet müəllimləri və tələbələri üçün nəzərdə
tutulmuşdur.
C 1805080000-061
057-2005 Qrifli nəşr
© N. Cəfərov, 2005
GİRİŞ
Azərbaycan haqqında müxtəlif mənşəli, müxtəlif xarakterli mənbələrin verdiyi bu və ya digər
dərəcədə elmi məlumatlar qədim dövrlərdən başlasa da, azərbaycanşünaslıq kifayət qədər mükəmməl bir
elm olaraq XX əsrin 30-cu illərində formalaşmışdır. Azərbaycanşünaslığın meydana çıxması Azərbay-
canda elmi təfəkkürün inkişafı ilə yanaşı (bəlkə də daha çox) azərbaycançılıq dünyagörüşünün təşəkkülü
ilə bağlı olmuşdur ki, bu da özünü milli-ictimai təfəkkürün müxtəlif sahələrində göstərmişdir. XIX əsrin
sonu, XX əsrin əvvəllərindən etibarən azərbaycanlı mütəfəkkirlər türklük, müsəlmanlıq və müasirlikdən
ibarət bir məmləkət barəsində düşünməyə (hətta döyüşməyə!) başlamış, təsəvvürlərində yaratdıqları
həmin məmləkəti — Azərbaycanı ilk dəfə 1918—1920-ci illərdə bütün reallığı ilə gördükdən sonra
onların düşüncələri (və döyüşləri, mücadilələri)
daha konkret, daha məqsədyönlü, daha elmi xarakter
almışdır. Bununla belə, qeyd etmək lazımdır ki, haqqında söhbət gedən dövrdə azərbaycançılıq
dünyagörüşü Azərbaycanda geniş yayılmış müxtəlif ideologiyaların ardıcıl təzyiqinə məruz qaldığı,
olduqca gərgin ideya münaqişələri gedişində formalaşdığı üçün daxili ziddiyyətlərdən, yaxud metodoloji
eklektikadan xilas ola bilməmişdir. XX əsrin 20-ci, 30-cu illərində, yəni azərbaycanşünaslığın bir elm
olaraq konturlarının sürətlə müəyyənləşdiyi dövrdə ideoloji münaqişələr bu və ya digər dərəcədə aradan
qalxsa da, vulqar sosiologizm, sovet "beynəlmiləlçiliyi" həmin elmin bir sıra əsas
problemlərinin
(xüsusilə etnogenez probleminin) düzgün həllinə imkan vermədiyi kimi, azərbaycançılıq dünyagörüşünün
təşəkkülü prosesinə də mane olmağa başladı. Beləliklə, bir tərəfdən, milli-ictimai (intellektual!) təfəkkür
azərbaycanşünaslığın elmi əsaslar üzərində yüksəlməsini tələb edir, digər tərəfdən,
siyasi-ideoloji şərait
obyektiv araşdırmalara mane olur, elmi həqiqətləri müxtəlif "konsepsiyalar" arxasında gizlətməyə
çalışırdı. XX əsrin 20-ci, xüsusilə 30-cu illərində azərbaycançılıq dünyagörüşünə özünəməxsus bir
emosionallıq, romantik vüsət gəldi ki, bu, bizim fikrimizcə, həmin dünyagörüşünün sosial-siyasi
perspektivliliyini göstərirdi. Azərbaycançılıq ideologiyasının banilərindən olan böyük Səməd Vurğunun
yaradıcılığı, xüsusilə, məşhur "Azərbaycan" şeiri bunu təsdiq edir:
El
bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən...
Həm azərbaycançılıq dünyagörüşünün, həm də azərbaycanşünaslıq elminin XX əsrin 30-cu
illərində müəyyənləşmiş əsas prinsipləri sonrakı onilliklərdə, demək olar ki, dəyişmədi, yalnız 70-ci
illərdən müəyyən "etirazlar" doğurmağa başladı ki, bu "etirazlar" da müxtəlif formalarda təzahür edirdi.
Ümumiyyətlə, keçən əsrin (və minilliyin) sonlarına qədər həm azərbaycançılıqda, həm də xüsusilə
azərbaycanşünaslıqda mübahisəli məsələlər mübahisəsiz məsələlərdən müqayisə edilməyəcək qədər çox
olmuşdur. Odur ki, bu barədə bəhs edərkən əksəriyyətin ilk cəhddən qəbul edəcəyi fikirlər söyləmək
nəinki çətin, hətta qeyri-mümkündür — olduqca müxtəlif mülahizələrlə, eyni
fakt üzərində qurulmuş bir-
birinə əks nəzəriyyələrlə qarşılaşmaq, həqiqəti məhz mübahisələrdən çıxarmaq lazım gəlir ki, bu da
azərbaycanşünaslığın polemik xarakterli, əsasən problemlərdən ibarət bir elm olmasını şərtləndirir.
...
Azərbaycanşünaslığın formalaşmasında türkoloqlar, iranşünaslar, qafqazşünaslar, semitoloqlar,
demək olar ki, eyni dərəcədə iştirak etmişlər, ona görə də həmin elm sahələri üzrə mütəxəssislərin çox
zaman biri digərini tamamilə inkar edən mülahizələri azərbaycanşünaslıqda sinkretik (və "beynəlmiləl!")
bir "sistem" təşkil edir.
Əlbəttə, beynəlmiləl, ümumbəşəri dəyərlərə hörmət hər bir xalqın mükəmməlliyini,
mədəni
səviyyəsinin yüksəkliyini göstərir; bununla belə, hər hansı xalqı zorla beynəlmiləlləşdirmək ona heç bir
"hüquq", yaxud nüfuz gətirməz, əksinə, həmin xalqı öz kökündən, tipologiyasından ayırıb dünya
proseslərinin önündə gedənlərin kölgəsinə çevirər. Və XX əsrdə Azərbaycanda geniş yayılmış bir sıra
kvazibeynəlmiləlçi konsepsiyalara əsaslansaq, onda gərək özümüzü konqlamerat bir etnik hadisə hesab
edək — tarix isə heç zaman belə bir şey yaratmamışdır.
Azərbaycanşünaslığın ən mühüm problemi,
heç şübhəsiz, Azərbaycan xalqının mənşəyi
(etnogenezi) problemidir ki, 30-cu illərdən başlayaraq o, müxtəlif şəkillərdə "həll edilmişdir" —
türkoloqlar türk, iranşünaslar İran, qafqazşünaslar, bu və ya digər qeyd-şərtlə də olsa, Qafqaz (Alban)
başlanğıcını əsas götürmüş, nəticə etibarilə mürəkkəb bir "metodoloji mənzərə" yaranmışdır. Odur ki, bu
gün Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təşəkkül tarixi barədə əsaslı (əksəriyyətin qəbul
edəcəyi) bir fikir
söyləmək olduqca çətindir; artıq mövqeyini möhkəmlətmiş "konsepsiyalar" mövcuddur
ki, hər biri yeganə düzgün fikir sayılmaq iddiasındadır. Azərbaycan akademik tarixşünaslığı bu cür
konsepsiya bolluğuna geniş şərait yaratmışdır:
"Azərbaycan xalqının təşəkkülündə Manna, Atropatena və Qafqaz Albaniyasında məskunlaşmış
müxtəlif, o cümlədən Qafqaz və İran dillərində danışan qədim dövr və orta əsrlərin tayfa və xalqları —
mannalılar, kaspilər, Atropatena madalıları, albanlar, azərilər və bir sıra digərləri əsas rol oynamışlar.