MüqaviMƏt qəhrəmanlari bəsic İslam İnqilabının Böyük Rəhbərinin sözlərində


Üçüncü fəsil: Bəsicin səkkizillik müqəddəs müdafiədə rolu



Yüklə 0,51 Mb.
səhifə3/9
tarix14.06.2018
ölçüsü0,51 Mb.
#49093
1   2   3   4   5   6   7   8   9

Üçüncü fəsil: Bəsicin səkkizillik müqəddəs müdafiədə rolu


Şübhəniz olmasın ki, Bəsic olmasaydı, İraq tərəfindən məcbur edildiyimiz müharibədə tariximizə böyük bir ləkə vurulacaqdı. Müharibə problemlərinin yeganə həlli Bəsicdə idi. Bəsic olmasaydı, qələbə mümkün olmayacaqdı.53

Müqəddəs müdafiə dövründə ölkənin hər tərəfindən olan Bəsic üzvlərimiz iş, həyat, istirahət, ailə ağuşu, xanım, uşaq və əzizlərindən uzaqlaşıb Xuzistanın isti çöllərinə, ölkəmizin qərbinin və şimal-qərbinin buz bağlamış qarlı zirvələrinə getdilər, yayı-qışı orada keçirdilər. Onlar bu işi İslamı, ölkəni, şərəfi, istiqlaliyyəti, azadlığı və İslam hakimiyyətini müdafiə etmək üçün görürdülər. Onlar bilirdilər ki, İslam quruluşu sərhədələrdə məğlub olsa, mərkəzdə də məğlub olacaq; hərbi baxımdan məğlub olsa, siyasi baxımdan da məğlub olacaq. Onlar imamlarını yalqız qoymadılar. Bəsicin, Bəsic sözünün mənası budur və həmişə bu olacaq.54

Bəsic müharibə cəbhələrində, şəhərlərin daxilində və müqavimət mərkəzlərində inqilabın və İslamın ən yaxşı müdafiəçisi olduğunu göstərdi. Hətta düşmənlərimiz də bunu etiraf edirlər. Bəsic üzvləri iman, eşq, həvəs və məqsədlə cəbhələrə axışanda heç bir qüvvə onların qarşısını ala bilmirdi. Hətta bizim düşmənlərimiz də bunu müharibədə gördülər; istər bizi bu müharibəyə məcbur edənlər, istərsə də peykləri vasitəsi ilə döyüş səhnələrini tam xırdalıqları ilə görüb düşmənlərimizə xəbər verənlər. İslam aşiqlərinin müharibədə necə döyüşdüyünü hamı gördü. İnqilabın ilk günündən şəhərlər daxilindəki müqavimət mərkəzləri inqilabın və İslamın müdafiə səngəri olmuşdur.55

Bəsic müqəddəs müdafiə zamanı elə bir hərəkət nümayiş etdirdi ki, bütün dünyanı heyrətə saldı. Bəsicin müqəddəs müdafiədə iştirakı həm hərbi bir iş kimi, həm də hərbi təşkilatların - yəni ordu və korpusun döyüşçülərində ruh yüksəkliyi yaratmaq baxımından möcüzəvi təsirlərə malik olmuşdur. Bəsic olan yerdə ruhiyyə və mənəviyyat da, dirəniş və müqavimət də vardı və onların hamısının təsirindən qələbə doğdu. Məhz buna görə İran xalqı iki il ötmədən, yəni Xürrəmşəhrin fəthinə qədər İraqın şeytan qüvvələrinə qalib oldu. Xürrəmşəhrin süqutu düşmən pəncəsinin güclülük və İran xalqının məzlumluq simvolu oldu. İran xalqı qüdrətlə Xürrəmşəhri düşməndən geri aldıqda və düşmənin minlərlə canlı qüvvəsini əsir tutduqda, əslində müharibənin taleyi həll oldu. Həmin günlər bir neçə ölkə başçısı vasitəlik üçün İrana gəlmişdilər. Afrikanın dünya şöhrətli siyasi və inqilabçı şəxsiyyətlərindən biri mənə dedi ki, Xürrəmşəhrin fəthindən sonra İslam Respublikasının imici tamamilə fərqlənmişdir, bu gün hamı sizə qalib gözü ilə baxır. Dorğudan da elə idi. Sonrakı 6 il İslam Respublikası quruluşunun Səddam rejiminin arxasında duran böyük güclərə qalib olmasına sərf olundu. Biz qələbə çaldıq, keçmiş SSRİ-nin, NATO-nun və ABŞ-ın müdafiə etdiyi, kimyəvi silah və texnikalar verdiyi, güclü informasiya yardımları etdiyi bir düşmən üzərində zəfər çala bildik. Bu, xalqın, yəni Bəsicin və ixlaslı gənclərin iştirakına görə idi.56

Bəsicə dəqiq analitik baxışla baxdıqda görürük ki, hərbi döyüş Bəsicin yeganə fəaliyyət sahəsi olmamışdır. Bu, Allahın işi idi: Bəsic müharibədən ibarət ən ağır sahədə elə qüvvə göstərdi ki, ən gecinanan adamlar da xalqımızın bacarıqlı olduğunu qəbul etdilər.

Düşmənlər bizə özümüzü müdafiə edə, öz şəxsiyyətimizi göstərə bilmədiyimizi, beynəlxalq məsələlərdə rol oyanamağa qadir olmadığımızı başa salmaq və bizi buna inandırmaq üçün uzun illər çoxlu zəhmət çəkiblər. Ən azı 1-2 əsr müstəmləkəçiliyin əsas səyi iranlını hərtərəfli beynəlxalq fəaliyyətdən çıxarmağa yönəlmişdi. İnqilab qələbə çaldıqda və bütün dünya xalqımızın güclü olduğunu, zülmkar və fəsadlı bir quruluşu kənara tullayıb onun müharibədən ibarət bədəlini də qüdrətlə ödəməyə qadir olduğunu anladıqda onun şəxsiyyəti aşkarlandı. Bu, Bəsicin hesabına oldu. Müharibədə ən çətin işləri görənlər xalq qüvvələri idilər. Onlar olmasaydılar, şübhəsiz, müharibənin taleyi ayrı cür olardı. Bu ən ağıq sahə idi.57

Müharibədə ölkəmizin başını ucaldan amil Bəsic ruhiyyəsi idi. Bəsic ruhiyyəsi haraya daxil oldusa, düyünləri açdı. Müharibə zamanı hərbi təşkilatlarda nə zaman bir komandir, yaxud hərbçi Bəsic ruhiyyəsi ilə fəaliyyət göstərirdisə, hər şey başqa bir rəngə boyanır, fədakarlıq, inkişaf və gələcəyə ümid daha da artırdı. Bu hiss harada olsa və hansı xalq belə insanlara malik olsa, şübhəsiz, böyük uğurlar əldə edər.

Oturub bir idarə öhdəliyi çərçivəsində, vəzifəsinin tələb etdiyi qədərincə bir işi görən şəxslə məsuliyyət hiss etdiyində heç kimi tanımayan, şəxsi maraqlarına əhəmiyyət verməyən, öz maraqlarını, rahatlığını və hətta ömrünü xalqın və ölkənin inkişafı, məsləhəti, İslamın və İslam dəyərlərinin ucalığı yolunda arxa plana keçirən, var gücünü bu yolda sərf edən şəxs arasında fərq vardır.58

Ölkəmizdə korpus və ordu iki mühüm və dəyərli silahlı qüvvələrdir, çoxlu zəhmətlər çəkmiş və böyük xidmətlər göstərmişlər. Bu silahlı qüvvələrin zəhmətlərini əsla şübhə altına almadan deməliyik ki, hər bir hərbi məsələdə əsas amil xalqın dəstəyidir. Ölkəmizdə Bəsic formasında olan bu dəstək hər bir sahədə zəiflik, məğlubiyyət və geriliklərin şəfalı dərmanıdır.59

Müharibənin bitdiyini düşünən, mənim fikrimcə, diqqətsizliyə yol vermişdir. Müharibə həmişə mümkündür. Biz bir inqilabçı quruluşuq və hegemonizmin bizə münasibəti pisdir. Deməli, nə qədər ki, o sağdır, təhlükə də var. Bu təhlükə hərbi formada da ola bilər, qeyri-hərbi formada da. İndi xalqın arasına düşüb “müharibə, müharibə” demək istəmirik. Xeyr, məqsədimiz bu deyil. Amma biz məsul şəxslər kimi həmişə bunu ciddi, aktual və gələcəkdə - hətta yaxın gələcəkdə həyata keçməsi gözlənilən təhlükə bilməliyik.60




Dördüncü fəsil: Bəsic üzvü kimdir?


Bəsic adı dəyərli və ucadır. Bəsic üzvü imanlı qəlbə, mütəfəkkir beyinə və bir vəzifənin insanı çağırdığı bütün işlər üçün hazırlığa malik olmaqdır. Bəsicin mənası budur.61

Bəsic əslində eşqin, imanın, ayıqlığın, mücahidliyin, ölkəni və xalqı ucaltmaq üçün tam hazırlığın timsalıdır. Siz mömin və ayıq insanlar Bəsicdə olmanızın qədrini bilin. Əslində, bütün mömin, ayıq, aşiq, öhdəlikli və işə hazırlıqlı insanlar xalqa faydalı sahələrin hansı birində çalışsalar, Bəsicdəndirlər. Bu baxımdan, Bəsic müqəddəs addır.62

Bəsic üzvü İslam dəyərlərinə əhəmiyyətli yanaşan, Allaha etiqad bəsləyən, Aləmlərin Rəbbi qarşısında kiçilən və təzim göstərən şəxsdir, yaxşılığa müştaqdır, yaxşı və pak olmaq, əxlaqi qəbahətlərdən uzaqlaşmaq, özünün Allahla ünsiyyətini günbəgün artırmaq, Onun bəndəsi olmaq və fərmanına uymaq istəyir. Bəsic üzvü bunu səadət yolu bilir. O, səadəti həyatın ötəri ehtiraslarında, al-əlvan paltarlarda, (nəfsini) birsaatlıq razı salmaqdan ötrü onun-bunun qarşısına çıxmaqda bilmir. Onun ruhu belə kiçik və dəyərsiz işlərə deyil, ilahi mərifətə meyllidir.

Bəsic üzvünün istəkləri böyük və ölkənin inkişafı həddindədir. Onun istəyi bütün bəşəriyyətin qurtuluşu, fəsadın, yoxsulluğun, ayrıseçkiliyin, ədalətsizliyin və yağı hökmranlığının aradan qaldırılmasıdır. O, ABŞ-ın, yaxud digər əcnəbi qüvvələrin bayrağı altında yaşamağa və heyvan kimi otlamağa nifrət edir. Onun üçün ölkəsinə kimin fərman verməsi önəmlidir: azğın, fasiq, günahkar və muzdur bir insanın, yaxud Allahın saleh bəndələrinin. O, evində və yaşadığı mühitdə Allahın, yoxsa Allah düşmənlərinin hakimiyyətinin bərqərar olunmasına əhəmiyyətli yanaşır və bundan ötrü mübarizə aparır.63

Bəsic İslam Respublikası quruluşunda spesifik xüsusiyyətlərə malik bir qüvvədir. Bu, məmləkətdə inqilab və İslam məktəbinin və onların dərin və həmişəyaşar təfəkkürünün zirvəsindən xəbər verir. Bəsic təhsil alan, idarədə işləyən, əkinçilik və fəhləlik edən, yaxud digər azad işlərlə məşğul olan gənclərdən ibarət bir xalq toplumudur. Onlar özlərinin pak və sadiq duyğuları ilə birgə olan dərin imanları ilə bütün imkanlarını quruluşun və inqilabın məqsədləri, eləcə də xalqın maraqları yolunda sərf etməyə hazırdırlar. İnqilabın qələbəsindən indiyədək insani faktorlar arasında Bəsic hamısından təsirli olmuşdur. Bəsicin mənası, məfhumu və həqiqəti bundan başqa bir şey deyil. Bir insan canından keçmək və fədakarlıq hissi ilə yanaşı olan ayıqlığına, aydın baxışına görə öz rahatlığını, asayişini və şəxsi maraqlarını ikinci dərəcəli bilir, ölkənin maraqlarını, xalqın başucalığını, inqilabın inkişafını və quruluşun imicini özünün ən böyük məqsədi seçir. Bu çox böyük və əhəmiyyətli bir şeydir.64

Bəsic üzvü amalçı, ixlaslı, fədakar və hər bir yerdə işə atılandır: bir gün müharibə var, cəbhəyə gedir; bir gün siyasət, elm, tədqiqat və yenilik işlərinə ehtiyac olur. Bəsic üzvü harada olsa, belə əməl edir. Bu gün amerikalılara bağlı beynəlxalq hərbi nəşriyyələrin narahatlıqla “İran filan silahı əldə edib", yaxud "əldə etməkdədir” deyirsə, bilin ki, bu inkişafların çoxu Bəsic üzvləri tərəfindən əldə edilmişdir. Onlar təsəvvür etməzdilər ki, İran bu texnikaların adından başqa bir şey eşidə bilsin. Əgər nə vaxtsa hazır bir silahı çox baha qiymətə İrana satırdılarsa, onları qoşmağı, yaxud hissələrini dəyişməyi öyrətmirdilər. İndi isə İranın xarici kömək olmadan belə mütərəqqi silahlar istehsal etdiyini görürlər. Bunların çoxunu Bəsic üzvləri düzəltmişlər.65

Bütün gənclər, bütün insanlar, bu ölkədə qəlbləri iman nuru ilə işıqlanmış bütün kişi və qadınlar İran xalqının üzərinə düşən böyük məsuliyyəti hiss edirlər. Bu şanlı bayraq - İslamın fəxr, zəfər, şöhrət və məğlubedilməzlik bayrağı bu gün xalqımıza tapşırılmışdır. Bu böyük vəzifəyə qarşı məsuliyyət hissi keçirən hər kəs əslində Bəsic üzvüdür. Harada ehtiyac varsa, Bəsic üzvü oradadır.66

Mən siz əziz gənclərə, Bəsic üzvü olan bütün mömin oğlan və qızlara deyirəm: Mənim əzizlərim! Ölkə siz gənclərindir, gənc nəslə məxsusdur. Siz bu ölkəni qurmalı, bu inqilabın və onun memarının bacarıqlı əllərinin əmələ gətirdiyi şərafət və əzəmət təməllərini qorumalı, ucaltmalısınız. Siz öz gücünüz, iradəniz, elminiz, imanınızla inqilabdan öncəki bir neçə onilliyin geriliklərini düzəltməlisiniz. Gənclər arasında kim bu məsuliyyəti, məqsədlərə bu sevgini ixlasla birgə hiss edirsə, Bəsic üzvüdür; istər Müqavimət Qüvvəsində olsun, istər olmasın; istər rəsmi Bəsic kartı aslın, istər almasın. Kim imanlıdırsa, uca məqsədləri reallaşdırmaq istəyirsə, ölkəsi, İslamı, İslam quruluşu və xalqı üçün bütün vücudu, istedadı, ruhu və bədəni ilə zəhmət çəkməyə hazırdırsa, harada olursa-olsun, Bəsic üzvüdür. Bəsicə məxsus batalyonlarda - Müqavimət Qüvvəsinin Aşura, “Ya Zəhra” bölüklərində və müxtəlif sahələrdə bu hissi təcəssüm etdirən əziz gənclərimiz bununla fəxr etsinlər.67

Bəsic məktəbi mənəvi və ixlaslı mücahidlik məktəbidir. Bu mücahidlik xalq, ölkə, ilk növbədə Allahın dini və bütün dünyada İslamın azadlıq bayrağının ucalması üçündür. Bu mücahidlik təhlükəli işdir. İnsan üçün ən böyük təhlükə həyatı itirməkdir. Bəsic məktəbində bunun adı şəhidlikdir. Şəhidlik mənəvi dəyərlərin ən üstünüdür. Hədisdə göstərilir ki, hər bir fəzilət, dəyər və mənəviyyatdan üstün bir dəyər vardır, lakin Allah yolunda şəhidlikdən üstünü yoxdur.

Müsəlman xalqların, İslam ümmətinin ucalığının zəmanətçisi, müqavimətin ən böyük səngəri və ən möhkəm qalası Allah yolunda cihaddır. Şəhadəti sadəlövh əməl kimi təqdim etdilər. Halbuki bunun özü cihadın arxasınca gələn ən üstün dəyərdir. Cihad şəhadətə könül verməklə birgə olduqda tam təsirini buraxa bilir. Cihad və şəhadət Bəsic hərəkətinin iki böyük səhifəsidir.68

İran xalqı öz canı, polad kimi əzmkarlığı və iradəsi ilə zəhmət çəkdi. Bu günədək böyük işlər görülmüşdür. Onların bəzisi əfsanəyə bənzəyir. İnqilabın əvvəlindən bu günə qədər din hidayətinə və Quran işarəsinə əsaslanan uca ictimai bir quruluş qurmaq istiqamətində baş tutan bu hərəkət imamların hərəkətinin davamıdır. İnqilabın əvvəlindən bu günə qədər bu hərəkətin özəyi, əsl və tam təzahürü Bəsic olmuşdur. “Bəsic” dedikdə məqsədimiz hərbi təşkilat deyil. Bəsic ölkə və xalqlarının zirvələrə doğru ümumi hərəkətində aktiv əməkdaşlıq edən və bütün imkanlarını ortaya qoyan insanların birliyidir. Bəsicin mənası budur. Anaların övladlarına eşqi əfsanəyə bənzər bir şeydir. Bu əfsanə bizim həyatımızda hər gün min dəfə gerçəkləşir. Övladına eşq bəslədiyi halda onu öz əli ilə cəbhəyə yola salan, cansız cənazəsini təhvil alanda da peşmançılıq, şikayət əvəzinə qürur hissi keçirən bir ana əsl Bəsic üzvüdür. Bu ölkənin çətin dövründə, ciddi problemlər zamanı özlərini kənara çəkməyən, dilləri, pulları, əl işləri və digər fəaliyyətləri ilə bacardıqlarını edən ailələr Bəsic üzvləridir. Bəsic üzvü olan bir siyasətçi, hərbçi, tələbə, ruhani, əkinçi, fəhlə, tədqiqatçı, alim, müəllim və hər hansı şəxs öz imkan və bacarıqlarından bu xalqın böyük məqsədləri yolunda istifadə edən, bundan ötrü məsuliyyət hiss edən, özünü borclu bilən, kənara çəkilib digərlərinin işləməsini, özünün isə baxmasını arzulamayan şəxsdir, faydasından bəhrələnib, bir qüsur görən kimi irad bildirməyə və etiraz etməyə başlayan yox. Cəmiyyətdə belələri də var. Bəsic üzvü isə belə olmayandır. Vuruşmağa ehtiyac duyulduqda öndə gedir, gənc və ya qoca, uzaqda və ya yaxında olduğunu fərq etmir. Siyasət sahəsində iştirak etmək lazım olduqda aktiv iştirak edir. Müxtəlif beynəlxalq sahələrdə, siyasi, mədəni, idman sahələrində iştirak etmək lazım olduqda xalqının və ölkəsinin başucalığını nümayiş etdirir, eyni ruhiyyə və hisslə orada iştirak edir. Elmin, tədqiqatın, elmi yeniliklərin problemlərinə dözmək lazım olanda canından və beynindən maya qoyur. Pul xərcləmək lazım olduqda, pulu varsa, xərcləyir. Bəsic üzvü budur.69

Birinci bölmə: Bəsicin xüsusiyyətləri

1) Allah-Taalanı yad etmək və Ona arxalanmaq

Siz Allahı unutmamalı, xatırlamalısınız. Allaha təvəkkül edin və Onun əmrlərindən ilham alın. Əsas məsələ budur. Sizi digər ölkələrin formal xalq təşkilatlarının hamısından fərqləndirən budur. Sizi təsirliliyin bu həddinə çatdıran amil Allahı yad etmənizdir. Xüsusən siz gənclər hər zaman Allahı xatırlayın, Allahla ünsiyyətdə olun. Siz gəncsiniz, qəlb və ruhlarınız pakdır. Siz hələ maddi həyatın bərbəzəklərinə bulaşmamısınız. Sizin ruh və qəlbləriniz ilahi nuru qəbul etməyə hazırdır. Bunun qədrini bilin və bunu qoruyub-saxlayın.70

Bəsicdə əsas məsələ Allahla əlaqədir. Bəsic üzvü olan kişi, qadın, qoca və gənc Allahla mənəvi və səmimi bir əlaqə sahibidir. İşin əsas amili də budur. İnsanın yorulmazlığına səbəb olan amil Allahı yad etməkdir. İnsanı bütün güclərin qarşısında qüdrətlə saxlayan qüvvə Allaha təvəkkül etməkdir. Əgər Allaha təvəkkül etmək, arxalanmaq və Allahla rabitə olsa, xalq hərəkəti, Bəsic hərəkəti möhkəm və həmişəyaşar bir hərəkət olar; bu olmasa, davamsız, ötəri bir həyəcan və şölə kimi olar. Siz dünyada İranın xüsusiyyətlərinə malik olub, bu qədər düşmən qarşısında dayanan, onlara zəfər çalan, maneələri aradan qaldıran, məqsədləri istiqamətində hərəkət edən ikinci ölkə tapmazsınız. İnqilab və ümumi hərəkətlərdə təzyiq və sövdələşmələrə görə çox zaman yayınma baş verir. Bu günə qədər İslam İranında bu hərəkəti belə düzgün şəkildə məqsədə sarı yönəldən amil sizdə olan iman, Allahla mənəvi əlaqə, bizim Bəsic üzvlərimizdə mövcud olan dua və münacat ruhiyyəsi, sizin həmişə oxumağa çalışdığınız və oxuduğunuz Kümeyl duası, sizin cümə namazlarınız, imamlara təvəssülünüzdür. Hər şeyi qoruyan bu mənəvi bağ və əlaqədir. Bu xüsusiyyət digər yerlərdə yoxdur, bunu qoruyun.71

Allahla olun, könlünüzü Allaha verin, həmişə Allaha təvəkkül edin, Allah-Taalanın qəlbinizdə, beyninizdə, iradənizdə, varlığınızda və bədəninizdə əmanət qoyduğu böyük potensiala inanın, iman gətirin və bilin ki, bu qüvvə ilə nəhəng dağları yerindən oynada bilərsiniz. Bu xalqın okeanı bəzən sakit görünə bilər, amma tufan qopsa, sunamilər yaradar. Əgər bu böyük okean dərin din və imanla fırtına qoparsa, bizim gənclərimiz böyük işlər görərlər. Bu böyük işlər təkcə müharibəyə məxsus deyil. Bir nümunəsi müharibədir. Amma bu, elm sahəsində də var, ictimai məsələlərdə də, mədəni məsələlərdə də, əxlaqi dəyərlər yaratmaqda və onları xalq arasında yaymaqda da, texnologiyada, elmi və texniki inkişaflarda da. Bu işlərin, bu möcüzələrin hamısı siz gənclərin, siz əziz xalqın, Bəsic üzvü olan siz gənc, qoca, qadın və kişilərin əlindən gəlir. Əslində, bütün xalqımız Bəsic üzvüdür. Allah-Taala bizim böyük və mərhum imamımızın ruhunu şad etsin! Bu uca binanın əsasını o qoydu. Bu ağacı o böyütdü, suvardı və bu gün belə nəhəng ağaca çevrilmişdir.72


Təqvanın mənası

Allahın razılığından ötrü könüllü surətdə Allah yolunda cihadın ön sıralarına qatılmaq səadətinə nail olan, çətinliklərə dözən və hamının xəbərdar olduğu çoxlu işləri görən Bəsic üzvləri niyyətlərini Allah üçün xalis etməli, özlərindəki mənəviyyatı, əxlaqı, təqvanı və saleh əməli inkişaf etdirməyə çox çalışmalıdırlar.

Qardaş və bacılar! Bilin ki, şeytan heç vaxt bizdən əlini üzmür, hər bir halda bizi yoldan çıxarmağa çalışır. O hətta peyğəmbərləri də yoldan çıxarmağa çalışmışdır, nəinki bizləri. İxlaslı bəndələri digərlərindən ayıran cəhət budur ki, onlar daim şeytanın burnunu ovur və onu nakam qoyurlar. Bu nə ilə mümkündür? Təqva ilə. Təqva da o qədər mürəkkəb bir şey deyil ki, insan anlaya bilməsin.

Təqvanın mənası budur ki, insan Allah-Taalanın vacib etdiyi işi görsün, vacib əməlləri yerinə yetirsin, haramlardan çəkinsin. Bu, təqvanın birinci dərəcəsidir. Allahın haramlarını tanımaq və onun ətrafında gəzib hərlənməmək lazımdır. Şeytan vəsvəsə edir. Hövzə, yaxud universitet tələbəsi, şəhərli, yaxud kəndli olan mömin Bəsic gəncinin qəlbində təqva, Allaha vurğunluq, Allahla bazarlıq, Onu xatırlamaq, yadda saxlamaq, zikr, dua və təvəkkül hissi inkişaf etdikdə elə möhkəm və sarsılmaz güc yaranır ki, onu heç kim qorxuda bilmir. İslam və inqilab məqsədlərinin inkişafına zəmanət verən amil budur. Bunun qədrini bilmək lazımdır.

Əziz Bəsic üzvü olan, imamın sevdiyi, yəqin ki, İmam Mehdinin (ə) də diqqət yetirdiyi və o həzrətin xeyir-dualarının şamil olduğu siz gənclərin ən müsbət cəhəti bu təqvanı qorumaqdır.73
2) Səmimilik və ixlas

Siz əzizlərimə deyim ki, Bəsic üzvünün ən üstün xüsusiyyətlərindən biri səmimiyyət və ixlasdan ibarətdir. Bəsic üzvünün ixlası, mənəviyyatı və Allahla rabitəsi əsas xüsusiyyətidir.74

İxlas nə deməkdir? Əgər imamın malik olduğu və toxumu hamınızın ürəyində olan ixlas bu gün sizdə də, bizdə də, məmurlarda da olsa, düşmənin bütün planları məhv olar. Heç bir düşmən ixlaslı iman və əməl silahı qarşısında duruş gətirməyə qadir deyil.

İxlas odur ki, insan işi Allah üçün və üzərinə düşən vəzifəni yerinə yetirməyə eşqlə görsün, nəfsin istəyi üçün, mala, sərvətə, vəzifəyə, yaxşı ada, tarixin mühakiməsinə, nəfsi maraqlara, paxıllıq, tamahkarlıq və hərislik kimi çirkli sifətləri doyurmağa görə iş görməsin. İxlasın mənası budur. Belə bir işin böyük təsiri olur. Belə bir iş kəsərli xəncər kimi hər bir maneəni ortadan götürür. İmam bu silahla silahlanmışdı. Dəfələrlə deyirdi ki, haqqa qarşı çıxsalar, mən ən yaxın adamlarıma da güzəştə getməyəcəyəm. Belə idi. Həssas mövqelərdə göstərdi ki, onun üçün əsas olan üzərinə düşən vəzifəni yerinə yetirməkdir; aşkarda, gizlində, böyük və kiçik işlərdə bunu göstərdi. Bu, imamın müridləri, övladları və şagirdləri üçün bir dərs oldu. Onlar cəbhələrdə həmin silahla möcüzələr yaratdılar. Sizin bəziləriniz orada olub onları yaxından görmüsünüz, bəziləriniz də eşitmisiniz. Bu gün də buna ehtiyac var.75

Sizin duanız, siz əziz gənclərin pak və işıqlı qəlblərinin Allah zikri möcüzələr yaradır və böyük işlər görür. Özünüzü indidən hazırlayın. Təkcə bu günlərdə yox, bütün ömrünüz boyu Allahla bu əlaqə sizdə səmimiliyi və ixlası gücləndirəcək. Səmimilik və ixlas bütün işlərin açarıdır.

Mən böyük və mərhum imamımızdan bir misal çəkim. O, ölkənin Bəsic üzvlərinin müəllimi, imamı, sevimlisi, hətta ürəkləri dünyanın hər bir nöqtəsində mənəviyyat və həqiqət xatirəsi ilə döyünən bütün pak fitrətli insanların sevimlisi idi.

İmam müasir dövr üçün ən böyük işi gördü. Mənim əzizlərim! İmam bu işi ixlas sayəsində gördü. İxlas! Əgər ixlas olmasaydı, imamın böyük şəxsiyyəti də bu işləri idarə etməyə qadir olmazdı. O bütün hegemon qüvvələrin müdafiə etdiyi fəsadçı bir rejimi kökündən qopardı, xalqı azad etdi, ilahi bir hakimiyyət qurdu, bununla cəmiyyətdə olan bütün fəsadları aradan qaldırdı, İran xalqını iki əsr təhqir edib geridə saxlayan düşmənlərin nüfuzuna və ABŞ-ın hökmranlığına son qoydu. Bunlar kiçik işlər deyil. Qələbədən sonra da səkkizillik bir müharibə başlandı. Əslində, dünyanın bütün silahlı qüvvələri bizə qarşı vuruşan cəbhəni himayə edirdi. Bu da İran xalqının qələbəsi ilə başa çatdı, bütün təxribatlar zərərsizləşdirildi. Bu, imamın ixlası olmadan mümkün deyildi.

Dünyadan köçəndə Tehranın xiyabanlarında 9 milyon insan onu müşayiət edib torpağa tapşırdı. Bunlar ixlasa görə idi. Bu gün də, Allaha şükür olsun ki, imamın adı dünyada günbəgün ucalır. Dünyanın müxtəlif yerlərində onu sevənlər və ona hörmət edənlər artmaqdadırlar.76


3) Ayıqlıq və dərk

Bəsic onun ürəyindəki iman gövhərinin ayıqlığı və aydınlığı əsasında möhkəm dayanmışdır. Bu möhkəmlik o ayıqlığa söykəndiyindən tükənən deyil.77

Bəsic milli fəallığın, milli müqavimətin və bir xalqın fəaliyyətlə, mənəviyyatla, ixlasla yanaşı olan ayıqlığının simvoludur. Bəsic həqiqətdir, lakin əfsanələrə bənzəyir. Bəsic gənclərdə həvəs oyadır, dostlarda ümid yaradır, düşmənləri qorxuya salır. Siz bu gün Fələstin və Livanın təhlükəli cəbhələrində gənclərin fəallığından gözəl mənzərələr müşahidə edirsinizsə, bu, Bəsicdən örnək almalarına görədir. Bu gün İslam dünyasının hər bir yerində tələbə gənclərin oyanışını görürsünüzsə, bu, Bəsicdən örnək aldıqlarına görədir. Bəsic xalqımızın böyük və ayıq hərəkəti, məntiqli hissiyyatı, düşüncəli hərəkət və əməli, amalçı və ümidli işgüzarlığıdır. Bunlar Bəsicin beynini və kimliyini formalaşdıran amillərdir. Məhz buna görə, Bəsic inqilabın əvvəlindən bu günədək həm daxili, həm də xarici düşmənlərin gözünə tikan olmuşdur.78

Bəsic üzvü ayıqdır və Bəsicin özü kimi ayıq hərəkət edir. Ayıqlıq olduğu üçün razılıq da vardı. Bəsic üzvləri cəbhədə şad idilər. Mən özüm Əhvazda bir kişini gördüm. Gənc deyildi. Zənnimcə, o zaman, onun şəhadətindən sonra Tehranın cümə namazında bu xatirəni söylədim. Gecə çox təhlükəli bir əməliyyata hazırlaşırdılar. O zaman iraqlılar Karun çayından keçib bu tərəfə gəlmiş və yerə uzanmışdılar. Xürrəmşəhr tamamilə mühasirə olunurdu. Çox təhlükəli zamanda gecə döyüş paltarını - Bəsic formasını geyinmişdi və yoldaşları ilə gedirdi. O, azərbaycanlı, amma Tehranda tacir idi. Telefonla evi ilə vidalaşırdı. Mən orada oturmuşdum. O mənim türk dilini bildiyimdən xəbərsiz idi. Arvadına deyirdi ki, qonaqlığa gedirik. O da başa düşürdü ki, qonaqlıq necə qonaqlıqdır. Həm bu ayıq idi, həm o; nə iş gördüklərini bilirdilər.

Bəsic üzvləri ayıq şəkildə hərəkət etdilər; gənc ayıq idi, yeniyetmə ayıq idi, 13-14 yaşlı yeniyetmə ayıq şəkildə getdi. Biz belələrini də gördük, qoca kişiləri də. Ağsaqqallar, mənim indiki vaxtımdan da qoca kişilər cəbhədə vuruşurdular. Doktor da gördük, savadsız kəndli də, tələbə də, tacir də. Bəsic üzvü ayıqlıqla başlayır. Bəsic ayıqlıqdan doğdu. Məgər Bəsici kortəbiilikdə ittiham etmək olar?! Bu artıq söyüşdür. Söyüşü müxtəlif formalarda vermək olar. Təqvası olmayan adam övliyalar barədə də bəzi sözlər deyə bilər.

Siz Bəsic üzvləri Bəsicin fəlsəfəsinə, onun həssas yanaşdığı işlərə dair məlumat və ayıqlığınızı gücləndirməlisiniz. Ölkənin bir tərəfində bir siyasi hadisə, bir partiya, cinah hadisəsi baş verə bilər. Bunun inqilabın əsas məsələlərinə aidiyyəti yoxdur. Burada Bəsic hissiyyata qapılmır və müdaxilə etmir. Dəyər məsələləri meydana çıxanda, inqilabın əsası məsələsi gündəmə gələndə, Allah dininin hakimiyyəti məsələsi ortaya qoyulanda, düşmənin yaranmış fürsətlərdən bu böyük və möhtəşəm inqilab əleyhinə istifadə etmək istədiyi zaman Bəsicin fəaliyyət zamanıdır. Bəsicin fəlsəfəsi burada məna kəsb edir. Bəsic üzvləri özlərində bu ayıqlığı gücləndirməlidirlər. Sözsüz ki, bu həm də Bəsicin məsul şəxslərinin üzərinə düşür. Sizin aranızda komandirlər də var. Bəsic və korpus komandirləri buna diqqət yetirsinlər. Bu pak və işıqlı qəlbləri, coşqun ruhları, çırpınan ürəkləri, möhkəm, təravətli imanları mümkün olan qədər ayıqlıqla gücləndirin. Bu, vacib məsələdir.79

Növbəti məsələ budur ki, İslam Respublikasında Bəsic ayıqlıq üzərində qurulmuşdur. İslam Respublikası quruluşu heç zaman istəməyib ki, kimlərsə gözlərini bağlasınlar, kor-koranə mütiliklə və baş verənlərdən xəbərsiz halda silah çəksinlər və vuruşsunlar. Biz bunu istəməmişik. İslam Respublikası və onun imamı bunun əksini etdi. Bizim xalqımız ayıq şəkildə yola çıxdı, yolunu seçdi və onun uğrunda vuruşdu. Səkkiz il məcburi müharibədə, ondan öncə və bir qədər sonra cəbhələrdə dayanıb vuruşanlar ayıq şəkildə vuruşdular, nə etdiklərini, kiminlə və nə üçün vuruşduqlarını, nəyi müdafiə etdiklərini anladılar. Bizim Bəsic üzvü olan gənclərimiz şəhərli, kəndli idlərsə, ali təhsil diplomları yox idisə, universitet görməmişdilərsə, yüksək rütbəli mütəxəssis deyildilərsə - nə idilərsə, biz onların dilindən dəfələrlə eşitdik ki, biz torpaq üçün, bir qarış torpaqdan ötrü vuruşmuruq, məqsəd və amallarımızdan ötrü vuruşuruq. Bu, sözügedən ayıqlıqdır.

Mən demək istəyirəm ki - əziz gənclər, əziz Bəsic üzvləri - Ölkənin harasında olsanız, bu ayıqlığı günbəgün artırın. Bəzi maddi ehtiyacların və kiçik məsələlərin ayıqlığa mane olmasına qoymayın. Ayıqlığınızı qoruyun, düşməninizi tanıyın. Düşmənin müxtəlif hiylələri var və yalnız aldanmayan xalq uğur qazanacaq. Düşmən imanlı bir xalqın inqilabçı arzularını onun gözündə kiçiltməyə, maddi və kiçik ehtiyacları böyütməyə çalışır. Maddi ehtiyac da ehtiyacdır, amma hər halda, candan üstün deyil. Allah yolunun canı qurban verməyə layiq olduğunu bilən bir xalq üçün düşmənlə mübarizədə digər ehtiyacların nə təsiri ola bilər?! Siz baxın, dünyanın bugünkü və dünənki siyasətlərini nəzərdən keçirin. Görün müqəddəs İslam quruluşu əleyhinə qlobal hegemonizmin və diktaturanın əlində nə zaman təxribat planları olmamışdır?! Onlar İslamın yayılmasından qorxurlar. Açıq şəkildə deyirlər ki, İslam ölkələrində islamçı-inqilabçı təmayüllər genişlənməkdədir. Bizim özümüz də bunu görürük. Bu bir həqiqətdir. Bu gün İran xalqı təcrid olunmuş bir xalq deyil. Müxtəlif ölkələrə, misal üçün, Avropanın ortasına baxın, oraya gedənlərdən soruşun, görün insaniyyət düşmənlərinin mühasirəsində qalmış Bosniya-Herseqovina xalqı kimi bir xalq siz iranlı gənclərin lehinə necə şüar verir, alınlarına lent bağlamaqda sizi necə yamsılayır. Görün yolun sizin getdiyiniz yol olduğunu və düşməni məğlub etmək üçün həmin yolla getməli olduğunu necə doğru anlamışdır. Bunlar günbəgün genişlənən İslam təmayülləridir. Bu təmayüllərin mərkəzi sizin müqqəddəs İslam ölkəniz olmuşdur və indi də odur. Bu baxımdan, hegemon güclər dayanmadan plan hazırlayırlar. Planları da elədir ki, insan ayıq gözlə baxsa, görə bilər.80

Öncə dediyim kimi, özünüislah lazımdır və ayıqlığı günbəgün artırmalısınız. İnsanın ayıqlığı artdıqda müqavimət və möhkəmlik heç zaman bitməz, təhrik edənlərin səyi və aciz düşmənin oynu insanı səhnədən çıxarmaz.81

Mən övladlarım olan siz əzizlərə təkidlə tövsiyə edirəm ki, dərinliklərə diqqət yetirin, onu istəyin, zahirdən də əl çəkməyin. Kimsə daxili düzəltməyin lazım, zahirin isə əhəmiyyətsiz olduğunu güman etsə, yanılmışdır. Xeyr, zahiri məsələlər insanı müxtəlif vadilərə çəkir. İslamın zahiri məsələləri, bəndəlik, dua və təvəssül məclisləri lazımdır. Lakin bunların hamısını biliklə birləşdirin. Bəsic üzvlərinin rövzə və mərsiyə məclislərində şeir oxunursa, bu, mənalı, məzmunlu, məqsədli və dərslə yanaşı olmalıdır; orada söhbət olunursa, fikir və düşüncəni dərinləşdirmək istiqamətində olmalıdır; camaat namazı qılınırsa, Allaha diqqətlə, Onun qarşısında kiçilməklə olmalıdır; etikaf edirsinizsə, oruc tutursunuzsa, dini tədbirlər keçirirsinizsə, Allah-Taalaya diqqətlə və ixlasla olmalıdır. Uğurun açarı bunlardır. Bu olmasa, bəzilərinin başına gələn bəlalar bizim də başımıza gələr. İnqilabın əvvəlində bəziləri çox sərt, qızğın və enerjili idilər, amma təəssüf ki, dini düşüncələri dərin deyildi, düşmən təbliğatının birinci soyuq küləyi ilə inqilabçı yarpaqları, meyvələri töküldü, enerjiləri bitdi. Bəzilər 180 dərəcə o tərəfə diyirləndilər. Mən bir dəfə bu cənabların birinə dedim ki, siz inqilabın əvvəllərində iqtisadi məsələlərdə qatı solçu idiniz və biz sizi bundan çəkindirirdik, indi isə gedib əks tərəfin lap axırında dayanıb qatı sağçı olmusunuz. Biz qabaqca durduğumuz yerdə dayanmışıq və indi də sizi kəskin sağçılıqdan çəkindiririk. Bu, dərinliyin, etiqad və düşüncə kökünün olmadığına görədir.

Etiqad kökü olan şəxs etiqadı əsasında hərəkət edir və müxtəlif sahələrdə duruş gətirir. Əgər cəbhədirsə, gedib şəhid, yaxud əlil olur, bədəninin həmişəlik ağrısına və məzəmmətlərə dözür. Cəbhədən qayıdırsa da, müxtəlif fırtınalar arasında imanını qoruyur. Bu, dərin insandır. Bizdə dərinliyə söykənən belə adamlar da az deyil. Bəzi adamlar isə yox, dərinlikdən uzaqdırlar. Buna əsasən, İslam və Bəsic təfəkkürünü dərinləşdirmək lazımdır.82

Mövqeləri, şəxsləri və onların müxtəlif cəhətlərini tanımaq hər bir müsəlmanın borcudur. Müsəlman ayıq olmalıdır. Xüsusi fərqi yoxdur, hamı bu ayıqlığa malik olmalıdır. Bu ayıqlıq sinif, dərs, diplom, attestat və ictihad ayıqlığı deyil. Bu ayıqlıq ümumi ayıqlıqdır; şəhərli və kəndli, savadlı və savadsız, qoca və gənc, qadın və kişi Bəsic üzvüdürsə, bu ayıqlığa malik olmalıdır.83

Müdafiə həmişə sərt alətlərlə, yumruqla, tüfənglə olmur, bəzən anlamaqla olur, bəzən dillə, bəzən həqiqəti müdafiə edən bir əmələ ortaq olmaqla. Bəlkə də inqilabın İran xalqına ən böyük xidmətlərindən biri zehinləri açmaq, siyasiləşdirmək, gözləri açmaq və hamını ölkədə baş verən məsələlərlə tanış etməkdir. Bu tanışlıq, ayıqlıq günbəgün artmalı, çoxalmalıdır. Belə olsa, düşmən heç bir iş görə bilməz. Bilin ki, ölkə məmurlarının hamısı öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirməyə hazırdırlar.84
4) Ümid və həvəs

Mömin və Bəsic üzvü məqsədli olduğundan, nə iş gördüyünü bildiyindən həm ümidvar, həm də şaddır. Bəsic şad bir qüvvədir. Nə üçün? Çünki ümidlidir. Bir gəncin qadağalarla, bəyənilməz işlərlə məşğul olması, dəyərsiz fiziki ləzzətlərə qurşanması və həyatının bəzi anlarında yalançı sevinc hiss etməsi mümkündür. Lakin bu, ötəri sevincdir. Öz istedadını, varlığını və vücudunu fəsada tapşıran gənc uca məqsədə sahib ola bilməz. Əgər gənc uca məqsədə sahib olsa, onu fəsad və bəyənilməz işlər bataqlığından xilas edər. Məqsədi olmayan şəxs ötəri ləzzətə malik olsa da, kədərlidir. İmanlı və ayıq gənc isə nə üçün nəfəs çəkib yaşadığını bilir, ədalətsizlik və namərdliklə dolu dünyanın ədalət təşnəsi olub, bir quruluşun, fəlsəfənin və məntiqin gələcəyi müjdələdiyini bilir. Bu gün o güclü məntiq, dərin fəlsəfə və xilaskar amil aydın İslam təfəkküründən başqa bir şey deyil. Sözsüz ki, söhbət inqilabçı İslamdan gedir, dünyanın o tərəf-bu tərəfindəki zalım qüvvələrdən asılı olan İslamdan yox.85

Sizin təşkilatçılarından olduğunuz bu böyük mərkəz daim müqəddəs şölələrini və işıqlı şüalarını İslam dünyasının və bəşər aləminin hər tərəfinə saçır, gələcək üfüqü daha da aydınlaşdırır. Bu gələcək bu geyimdə, bu mövqedə və bu yolda olan hər bir gəncə ümid bəxş edir. Ümid də insana sevinc gətirən amildir. Bəziləri deyirlər ki, nə üçün Bəsic gəncləri müxtəlif mərasimlərdə sinə vurur, ağlayırlar. Bizim əziz gənclərimizin Hüseyn ibn Əliyə (ə), Fatimeyi-Zəhraya (ə), bəşərin uca və parlaq gövhərlərinə və Allahın seçilmiş bəndələrinə bu məhəbbət və sevgisi göz yaşı və ürək yanğısı ilə müşayiət olunursa, onların daxili ümid və mənəvi sevinc nuru saçır. Bəsic üzvü olan gənc şaddır, onda həqiqi sevinc var. Bu ümidi və şadlığı qoruyun, özünüzün bütün güc və qüvvənizdən istifadə edin.86
5) Nizam-intizam

Mübarizə aparmaq üçün nizam-intizam lazımdır. İndi bunun nümunəsini bu meydanda müşahidə etmək olar. Yalqız və intizamsız imanın təsiri olmaz, yaxud çox az olar. Qardaşların Mühafizəçilər korpusunda yaratdıqları və ciddi şəkildə məşğul olduqları Müqavimət Qüvvəsi Bəsic qüvvələrinə təlim keçmək, onları nizam-intizamla idarə etmək üçündür ki, inqilabın, İslamın və ölkənin ehtiyacı olanda hazır olsunlar.87

Siz Bəsic üzvləri xalqın hörmət və sevgisini cəlb edən rəftar nümayiş etdirməlisiniz. Siz əxlaqda, təvazökarlıqda, mehribanlıqda və qanunlara əməl etməkdə nümunə olmalısınız. Deyirdilər ki, Bəsic qanunlara əməl etməyən adamdır. Bu yanlış fikir beyinlərdən çıxarılmalıdır. Əksinə, qanunlara daha çox əməl edən şəxs daha yaxşı Bəsic üzvüdür; ona görə ki, bu şəxs quruluşa hamıdan artıq ürək yandırır, qanunlar da quruluşun layiqli idarəsinin zəruri şərtləridir.

Əxlaqa, qanunlara və nizam-intizama mütləq əməl edin. Bilin ki, sizin varlığınız inqilab üçün zəngin bir ehtiyatdır. İnqilab və İslam Respublikası quruluşu nə qədər ki, bu hiss, iman və ixlaslara arxalanır, heç bir düşmən ona ziyan vura bilməyəcək.88

Bəsic mömin bir gəncin fəal və canlı dəyərlərinin tərənnümüdür. Onların biri də qayda-qanundur. Siz eşitmisinizsə, müharibədə deyirdilər ki, Bəsic üzvü tormozsuzdur. Bunun mənası başqa bir şeydir. Bəli, bunlar şəhadət aşiqi idilər, igidlik göstərirdilər. Mən əziz şəhidimiz Əhməd Kazimini cəbhədə görmüşdüm; elə qüdrətli idi ki, bir işarə edən kimi Bəsic üzvləri əməl edirdilər. Bəsic üzvü nə qədər imanlı olsa da, komandirin əmrinə və qayda-qanunlara qarşı çıxmağa əsla haqqı çatmır.89

İkinci bölmə: Xalqın müxtəlif təbəqələrinin Bəsicdə iştirakı

İslam inqilabının özü və onun zaman boyunca müxtəlif sahələrdə bir-birinin ardınca gördüyü işlərin hamısı möhtəşəm olsa da, Bəsic məsələsi, bu möhtəşəm və möcüzəyə bənzər qüvvənin yaradılması müstəsna və misilsiz bir işdir. Bəsic əfsanələrə bənzəyən bir həqiqətdir. Bəsiclə tanış olmayan şəxslər üçün belə rəngarəng, universal, böyük və keyfiyyətli izdihamın təsəvvürü asan deyil. Bəsic yaş tanımır; onda azyaşlı gənclərdən tutmuş ahıl qocalara qədər insanlar var. Bəsic cinsiyyət tanımır; onda kişi və qadın iştirak edir. Bəsic qrup, coğrafi və etnik fərq tanımır; bütün iranlı milliyyətlər, bütün milli qruplar, elm adamlarından və tələbələrdən tutmuş digər sahələrin fəal və həvəskar gənclərinə qədər müxtəlif düşüncə səviyyələrində olan uca, dəyərli və nümunəvi insanlar Bəsicdə toplaşmışlar.90

Bəsic əslində böyük bir xalq cəbhəsidir. Çoxları Bəsic qüvvələrində, müqavimət batalyonlarında və korpusun müqavimət qüvvələrində olmaya bilərlər, lakin əslində Bəsic üzvləridir. Keçirilən sorğularda ölkə gənclərinin doxsan faizindən çoxu xalqı müdafiə etməyə hazır olduqlarını bildiriblər. Bəsicin mənası budur. Bu ruhiyyə daha artıq ixlasla, əsaslara daha artıq sadiqliklə, iman və təqva ilə yanaşı olduqda əziz Bəsic gənclərimizin nurlu simaları canlanır. Düşmənlər bu güc qarşısında heç bir iş görə bilməzlər.91

Bəsic gənclərə məxsus deyil. Gənc və qoca onda çiyin-çiyinə hərəkət edir, ata və oğul birgə gəlirdilər. Bəzən baba və nəvə birgə gəlirdilər. İndi də belələri var. Bəsic kişilərə məxsus deyildi, qadın və kişi birgə idi. Onda ad-sanın rolu yox idi, məsuliyyət hissi vardı. Nə vaxt ölkədə bir düyün yaranırdısa, onu açan birinci amil xalq Bəsicinin əzəmətli qüvvəsi idi. Bəsicdə bütün təbəqələr var; gənclər, qocalar, universitet mənsubları, hövzə tələbələri, fəhlələr, tacirlər, sənətkarlar, ruhanilər. Bəsic bir coğrafi bölgəyə, bir insani qrup və təbəqəyə də məxsus deyil, hər yerdə var.92

Mənim əzizlərim! Mühüm olan budur ki, bütün xalq, xüsusən də gənclər, Bəsic üzvləri - şagird, tələbə, fəhlə, korporasiya və əşirət Bəsici, Bəsicin müxtəlif şöbələri, həmçinin Bəsic təşkilatından olmayan, amma əslində Bəsiclə olanların hamısı vəzifələrini yerinə yetirməyə hazır olsunlar, özlərini İslamı və inqilabı müdafiə etməyə hazırlasınlar.93

Bizim bütün təbəqələrdə Bəsic üzvlərimiz var; Bəsic üzvü olan bazar adamı, fəhlə, tələbə, şagird, kəndli, əkinçi, sənətkar, müəllim, həkim və ruhani. Mən ölkənin digər müsəlman, mömin və inqilabçılarının məqamını əsla azaltmadan deyirəm ki, Bəsic üzvü inqilabın və İslamın gülüdür.94

Bizim Bəsic üzvü olan hicablı, iffətli, şəriət qaydalarına əməl edən və insana erkən İslam çağını xatırladan bacılarımız da bu müqəddəs və əhəmiyyətli müdafiədə şərikdirlər, Bəsicin milyonluq fəaliyyətində onların böyük rolu var.95



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə