MüqaviMƏt qəhrəmanlari bəsic İslam İnqilabının Böyük Rəhbərinin sözlərində



Yüklə 0,51 Mb.
səhifə1/9
tarix14.06.2018
ölçüsü0,51 Mb.
#49093
  1   2   3   4   5   6   7   8   9


MÜQAVİMƏT QəhrəmanlarI


Bəsic

İslam İnqilabının Böyük Rəhbərinin sözlərində


Birinci fəsil: Ümumi bəhslər


Birinci bölmə: Bəsicin tarixi

Bəsic yarandığı və bu adı götürdüyü ilk gündən ayıq bir hərəkətdən ibarət idi. O 1970-ci ildə başlayan məcburi müharibə dövründə meydana çıxdı.

Bu məmləkətdə gənc az deyildi. Gənclərin çoxu müharibənin başlanmasına ümumiyyətlə, etina etmədilər, yemək və yatmaqlarına davam etdilər. Onlara cəbhədən danışılanda bəzən rişxənd də edirdilər.

Yayda Xuzistan isti olur. Şimal-Qərb bölgəsi də qışda çox soyuq olur. Rahat kondisionerdən, soyuducudakı sərin sudan, ata-ana ağuşundan, yerdə qalmış məhsul tarlasından ayrılıb, zavod, yaxud idarədəki yaxşı işini buraxıb isti Xuzistana və soyuq Şimal-Qərbə getmək hamıya xoş deyildi. Çoxları bunu etmədilər, oturub tamaşa etdilər, şəhərləri bombalayanda pal-paltarlarını yığıb ucqar bir bölgəyə getdilər. Bəziləri belə rəftar etdilər. Onlar da iranlı və əksərən müsəlman idilər, amma elə iradələri yox idi. Belə bir vəziyyətdə başqaları da tapıldılar: müxtəlif yerlərdən, müxtəlif təbəqələrdən, müxtəlif yaşlarda olan kişi və qadınlar rahatlığı, yayın sərinliyini, qışın isti sobasını buraxdılar, ata-ana ağuşunu, yerdə qalmış məhsulu tərk etdilər, zavod və idarə işini, universitet və məktəb dərsini buraxdılar və cəbhəyə yollandılar. Nə üçün? Çünki düşmənin sərhədləri pozub İslam vətəninə daxil olduğunu bildilər. Əgər gənc fədakarcasına düşmənin üstünə getməsə, düşmən onun şəhərində və evində onun üstünə gələr. Bunlar İslam cihadı vəzifəsinin dərk etdilər, anladılar, iradə göstərdilər və getdilər. Bunlar Bəsic uzvləri, Allah-Taalanın Quranda buyurduğu şəxslər idilər: “Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir“. Mücahidlər onlardır, oturanlar isə evdə əyləşənlər.1

Məncə Bəsicin işləri bizim hadisələrlə dolu böyük ölkəmizin tarixində heç zaman unudulmayacaq. Ümumi xalq Bəsici müharibədən öncədən meydanda idi, bu günədək də meydanda olmuş və dünyanın siyasi və hərbi texnoloqlarının bütün planlarını pozmuşdur. Bizim silahlı qüvvələrimiz - istər Mühafizəçilər korpusu, istər ordu çox zəhmət çəkmiş və böyük xidmətlər göstərmişlər. Lakin mən cürətlə iddia edə bilərəm ki, xalqın iştirakı olmasaydı, Bəsic qüvvələri olmasaydı, uzun illər boyunca evlərdən, məktəblərdən, zavodlardan, idarələrdən, şəhər və kəndlərdən çıxan müxtəlif yaşlı kişi və qadınlar onlara ehtiyac duyulan səhnələrə axışmasaydılar, nə müharibədə ölkəni lazımınca müdafiə etməyə qadir olardıq, nə də bu günədək təxminən hər an öz milli qüvvəmizi və İslam Respublikasının gücünü bütün dünyaya sübut edə bilərdik. Bizə bu qüvvəni verən Bəsicdir.2
Bəsicin incəsənət və ədəbiyyatda təsvirinin zəruriliyi

Bu bir neçə illik tarix - istər müharibədə baş verənlər, istər xalqın digər səhnələrdə möhtəşəm iştirakı, mənim fikrimcə, bu günə qədər yazılıb qeyd olunmamışdır. Bu haqda çoxlu kitab yazmaq lazımdır. Xalqın fəal iştirakının əzəmət və təsirini öz gözləri ilə görməyənlər üçün çoxlu şəkil, rəsm, film, teatr, hekayə və digər incəsənət əsərləri yaratmaq lazımdır. Biz bunları öz gözlərimizlə görsək də, iştirak etmədiyimiz bir yer haqda məlumat veriləndə bir çox məqamların gözümüzdən qaçdığını anlayırıq.

Cəbhədə vuruşmaq lazım olanda siz əli silah götürənlərin hər tərəfdən axışdığını görürsünüz. Bu şəxslərə təlim keçməli olanlar harada olsalar, bacardıqları qədər buna kömək göstərirlər. Bu silahlıları ön xəttə çatdırmalı olanlar öz nəqliyyat vasitələri, avtomobilləri ilə bu vəzifəni yerinə yetirirlər. Onları təmin etməli olanlar yemək, geyim, məişət və qida məhsulları hazırlayır və ölkənin hər tərəfində çalışırlar; evlər dərzi dükanlarına, hüseyniyyə və məscidlər yeməkxanaya çevrilir və cəbhəyə yollanan silahlıları təmin edirlər. Bunların heç birini bacarmayanlar səhnədə olan qəhrəmanlar üçün dua edirlər, şüar verirlər, onlara ruh yüksəkliyi bəxş edirlər. Əgər iman, həvəs və eşq olmasa, məgər hansı proqramla belə bir vəziyyət yaratmaq olar?! Bu, xalqın imanının nəticəsi idi. Bu, xalqın eşqi, şövqü və ümidi idi.3
İkinci bölmə: Mərhum imamın inqilabda və müharibədə ən böyük fəthi

Allaha şükür ki, o saleh bəndənin, Peyğəmbər (s) və övliyalar yadigarının mənəvi nəfəsi tarixin kətibəsinə möcüzəvi və güclü naxış vurdu. O özünün peyğəmbərcəsinə tərbiyəsi ilə uca və pak insanlar ərsəyə gətirdi. Onlar dövrün tağutlarının, zər və zor imperatorlarının insanlara sırıdıqları cahiliyyət və maddiyyat zülmətlərində işıqlı ulduzlar kimi parladılar, ətraflarına fəzilət və mənəviyyat işığı saçdılar, ruhi və mənəvi yüksəlişi və həqiqi dəyərləri dünyaya göstərdilər.

Allaha şükür olsun ki, peyğəmbərlər varisinin və davamçısının hərəkətinə bərəkət verdi, ona və ümmətinə əsrlərlə müsəlman islahatçıların və mütəfəkkirlərin hamısının arzuladığı möhtəşəm qələbəni bəxş etdi, müxtəlif sahələrdə, ən çox da İslam inqilabının və İslam quruluşunun möhkəm sütunları və ayıq keşikçiləri olan gənclərin tərbiyəsi, mənəvi paklığı sahəsində parlaq zəfərlərlə bu qələbəyə zəmanat verdi, bütün qələbələrin açarı olan ən böyük fəthi - fəthlər fəthini ona nəsib etdi.

Səkkizillik müharibədə mücahidliyi inqilab dövrünün ən böyük fəxri kimi qazanmış siz gənclər və qəhrəman insanlar bizim mərhum və böyük imamımızın uzunmüddətli və məşəqqətli fəaliyyətinin ən dəyərli nailiyyətlərindənsiniz.

Sizin bəziləriniz şəhadət şərbəti içib Allah övliyalarına qovuşdu, ruhani aləmə yüksəlməklə şərəfləndilər. Bəziləriniz də sağ və özlərinin böyük vəzifələrinə hazır vəziyyətdədirlər, Allahın hökmünün və ilahi vəzifənin nə olacağını gözləyirlər: “Onlardan kimisi şəhid olmuş, kimisi də gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər“.4

Bəli, inqilabın hünəri budur, imamın hünəri bu idi. İmam düşmənin 50-60 il birbaşa və dolayısı ilə üzərində işləyib fəsad batlağına çevirmək istədiyi bir cəmiyyətlə işlədi, onun gənclərini gül kimi tərtəmiz yetişdirdi. Onun özü buyurdu ki, bu, fəthlər fəthidir. Bəli, imamın ən böyük fəthi mömin, ixlaslı, sağlam, sədaqətli, ehtiraslara etinasız və qəlbləri Allaha sarı yönəlmiş gənclər yetişdirmək idi. Tarix boyu bizim bu məmləkətimizdə, yaxud digər müsəlman məmləkətlərdə nə zaman inqilab dövrü qədər yaxşı və saleh gənclərimiz olmuşdur?!5

Allah bu xalqın ağıllı insanlarının və dünyanın çoxlu müsəlman və məzlumlarının qəlbini fəth etməkdən ibarət fəthlər fəthini İmam Xomeyniyə nəsib etdi. O, bu ilahi silahla hegemonizmin alınmaz qalalarını bir-bir məğlub etdi, onun zirvəsi olan hegemon ABŞ-ı qorxutdu, müxalifsiz imperatorluqların taxtını silkələtdi, dünya müsəlmanlarını oyatdı, öz isti nəfəsi və ümidverici səsi ilə İslam müqavimətinin toxumlarını əkdi, İslam Respublikasını qurdu, minlərlə maneə və düşmən arasından salamatlıqla keçirib iqtidarın zirvəsinə çatdırdı, ən təhlükəli düşmənləri olan Qərb quruluşlarının başçılarını dəfələrlə uğursuzluğa düçar etdi, Şərq quruluşlarının rəhbərlərinə antidin və antihumanist düşüncələrinin məhvi barədə xəbərdarlıq etdi. Şərqin güc piramidasının zirvəsinə yazdığı peyğəmbərcəsinə və tarixi məktubundan hələ bir il ötməmiş dünya marksist quruluşların dağılmasına şahid oldu.6
Mərhum imamın Bəsic üzvlərindən razılığı

Böyük İmam siz mübariz və ixlaslı gənclərə ata kimi sevgi bəsləyirdi, onun nurlu qəlbi sizdən razı idi. Bu sevgi və razılıq qiymətli sərvətdir. Onu uca tutmaq, qorumaq lazımdır. Şübhəsiz, nübüvvət və imamət övladının pak ruhunun sevgi və razılığı onun bərəkətli həyatı dövründəki razılığı və sevgisi kimi səmərəlidir.7

Bu ölkənin iyirmi milyonluq fəal və ixlaslı Bəsici mehriban bir atanı əldən verdi. Sizinlə o nurlu və mehriban qəlb arasındakı əlaqə həqiqətən ata və övlad əlaqəsi idi. Bəlkə də elə bir zaman olmadı ki, onun yanında Bəsicdən, mömin və ixlaslı gənclərin müharibə və inqilabdakı fədakarlıqlarından söhbət olunsun, amma o, xalqın bu coşqun hərəkətini sevgi və məhəbbətlə xatırlamasın. Bəzən imamın yanına böyük və izdihamlı Bəsic sıralarından çoxlu insanlar gəlirdilər və o onlarla mehriban ata kimi danışırdı.

İndi o böyük insan bizim yanımızda deyil. Bu, acı bir həqiqətdir. Biz inanırıq ki, möminlərin ruhu azaddır, maddi dünyanı görürlər. Bəlkə də əminliklə demək olar ki, indi imamın müqəddəs ruhu bizim cəmiyyətimizə və öz övladlarına baxır. Bu xalq onun övladları idi. Görək o biz övladlarından nə gözləyir? Əsas məsələ budur.8


Üçüncü bölmə: Bəsicin mənası

İran xalqının möhtəşəm Bəsici əslində onun milli şəxsiyyətinin təzahürüdür. Bəsicin mənası budur ki, xalqın gəncləri və işçi qüvvələri çətin sahələrdə Allaha ümid və təvəkküllə möhkəm dayanmaq qüdrətinə və imkanına malik olduqlarını hiss etsinlər. Bəsicin mənası budur.9

Bəsic təhlükə, cihad və hər növ əməl meydanında, fədakarlığa, istirahət və rahatlıqdan keçməyə, iş və əməldə ixlasa ehtiyac duyulan hər yerdə qabaqcıl olan insanların təşkilatıdır. Bəsicin mənası budur.10

Bəsic quruluşun qərarı, iradəsi və ümidi olan canlı qüvvədir. O, məqsədsiz deyil, özü üçün təsvir etdiyi arzularını həyata keçirmək istəyir, neqativ halları və yanlış gedişləri düzəltmək istəyir.11

Bəsic - İslamın, Quranın, dövrün imamının və bu müqəddəs inqilabın ehtiyacı olan yerdə hazır olmaq deməkdir. Odur ki, əziz Bəsic üzvləri ilə dövrün imamı olan vəd olumuş əziz Mehdi (ə) arasındakı mənəvi əlaqə daimi və qırılmazdır.12

Əgər Bəsici qısa tərif etmək istəsək, belə deməliyik: Bəsic ölkənin ən təmiz insanlarının, ən fədakar və hazırlıqlı gənclərinin xalqın uca məqsədləri yolunda və ölkəni kamilliyə, xoşbəxtliyə çatdırmaq üçün toplaşdığı birlikdir. Bəsic ayrı-ayrı insanları ölkə məsələlərinə və xalqın ehtiyaclarına dair ayıq, öhdəlikli, məlumatlı, həmçinin böyük və vahid bir topluma çevirən təşkilatdır. Bu təşkilat düşməni qorxudur, dostları ümidli və arxayın edir. Bəsicin mənası budur.13

Siz Bəsicə belə baxın. Bəsic bir cəhətdən özünü məmləkətinin sahibi bilən, gəncləri mənəviyyatlı və Allahla tanış olan xalqın özfəaliyyət hərəkətidir. Bu xalq əvvəla, ölkəsinin ümumi idarəsində hər bir yayınmadan xəbərdardır, ikincisi, bundan əziyyət çəkir, üçüncüsü isə, buna qarşı mübarizə aparır. Bəsicin mənası budur.14

Bəsic təşkilatı inqilabın çox böyük səmərələrindən biri və bizim böyük imamımızın haqq nəfəsinin nəticəsidir. Bəsic - quruluşun işgüzar qüvvələrə ehtiyacı olan hər bir cəbhənin ön sıralarında hərəkət etməkdir. Yəni insanlar quruluşun hansı sahələrdə işgüzar insanlara ehtiyacı olduğunu görsünlər, orada iştirak etsinlər, onun ön xətlərində müqavimət göstərsinlər; özü də muzdsuz, minnətsiz, rəsmi ezamiyyət və vəzifə olmadan, eşqlə, imanla, elm və ayıqlıqla və bütün təhlükələri gözə almaqla. Hər bir sahədə təhlükələri gözə alan şəxs ön sıraya keçir, buna hazır olmayanlar isə sonrakı cərgədə ehtiyatla dayanırlar ki, nə baş verdiyinə baxsınlar. Siz bu məsələni bütün siyasi maraqlardan, bəzən qeyri-sağlam maraqlara söykənən istiqamət və mövqelərdən uzaq şəkildə nəzərə alın. Görün insan ağlı və insafı buna pərəstiş edir, yoxsa yox. Yəni bizim cəmiyyətimizdə bu ölkənin və bu toplumun harada işgüzar adamlara ehtiyac olduğuna baxan, sonra könüllü şəkildə - pulsuz, muzdsuz, xüsusi məmuriyyət olmadan, hətta çox zaman adı da bilinmədən canlarını verənə qədər möhkəm dayananlar var. Hər bir insaflı insan buna pərəstiş edər, yoxsa yox?! Bəsicin mənası budur.15


Bəsic - yəni xalqın özü

Xalqın əsas hissəsi və xülasəsi Bəsicdir.16

Bəsic digər təşkilatlar kimi hərbi təşkilat deyil. Bəsic xalqın özü, bütün mömin fərdlər və cəmiyyətin hər yerində olan güclü bir amildir. Xalqın mövqe seçimində bu amil təyinedicidir. Buna görə, görürsünüz ki, inqilabın qələbəsindən, düşmənlərin xaricdən və onların əlaltılarının daxildən göstərdikləri bütün bu təzyiqdən, təbliğatdan, əziyyətlərdən və xəbisliklərdən 17 il sonra 22 bəhməndə (11 fevralda), Qüds günündə, seçkilərdə və xalqın iştirakına ehtiyac duyulan hər yerdə xalq möhkəm dağ kimi dayanır. Bu, Bəsicin faydalarındandır.

Kimsə düşünməsin ki, Bəsic kənar bir qüvvədir; xalq, hökumət və dövlət bir yolla gedirlər, Bəsic də kənarda oturub öz işi ilə məşğuldur. Xeyr! Bəsic quruluşun hərəkətinin əsas hissəsidir.17

Bəsic digər qüvvələr qarşısında ayrı bir qüvvə deyil. Yəni belə deyil ki, biz deyək bir Quru Qoşunlarımız var, bir Hərbi Hava Qüvvələrimiz var, bir Mühafizəçilər korpusumuz var, bir ordumuz var, bir də Bəsicimiz. Belə desək, Bəsici kiçiltmiş olarıq. Düzdür, biz Mühafizəçilər korpusunda bunun adını Müqavimət Qüvvəsi qoyduq. Lakin mənası bu deyil ki, bu qüvvə digər qüvvələrin kənarındadır. Bu, təşkilat formasına görədir. Bəsic həqiqəti isə bunlardan böyükdür. Bəsic xalq deməkdir. Məgər belə deyil?! Siz xalqı neçə təbəqəyə bölürsünüz. Onların arasında əldən düşmüş insanlar var, onlar heç; laqeyd adamlar var, onlar da heç; marağı az olanlar var, onlar da heç; maraq və məqsəd həddinə çatmayan kiçik uşaqlar var, onlar da heç. Məsələnin yan-yörəsini kəsdikdən sonra qalan əsas məğzi Bəsicdir. Yəni İslam cəmiyyətində qadın və kişi olmasından asılı olmayaraq, bütün mömin, məqsədli, şövqlü və bacarıqlı qüvvələr Bəsic üzvləridir. Sizin Bəsicdən gözlədiyiniz bundan azdır?!

Deməli, Bəsic xalqın özü deməkdir; elə bir xalq ki, inqilabı müdaifə işində ona bel bağlamaq olar. Bu xalq haradadır? Bu xalq idarədə, məktəbdə, universitetdə, hövzədə, dükanda və digər yerlərdədir. Nə qədər ki, hərbi müdafiə məsələsi bir mədəniyyət formasına düşməyib, ümumi xalq vəzifəsi əsasında hərəkət edir. Bu, İslam cəmiyyətində tədricən bir mədəniyyət formasına düşəcək. İmam buyurdu ku, İslam məmləkətində hər kəs hərbçidir. Bu, erkən İslam çağının mədəniyyəti, İslam mədəniyyətidir. Bizim cəmiyyətimizdə hələ bu hal yoxdur.18

Ölkəmizdə Bəsicin belə parlamasının və çiçəklənməsinin səbəbi nə idi? Aşiqanə, dərin və xalqımızın xüsusiyyətlərindən olan emosional iman. Bəzi xalqlar kimi bu xalqda da hissiyyat güclüdür. Bir çox problemlərin açarı budur. Bu iman o hissiyyatla birləşib bu böyük və təlatümlü çayı böyük bir dənizə çevirdi, lazım olan hər bir yerdə problemləri ortadan götürdü. Bu gün də var və olmalıdır; davam edəcək və etməlidir.19

Dördüncü bölmə: Bəsicin fəlsəfəsi və zərurəti

Bəsic inqilabın səmərələrindən biri və ona məxsus olan çox möhtəşəm amillərdəndir. Bəsic bizim böyük imamımızın ilahi baxışı və Allah-Taalanın verdiyi hikmətlə ölkəmizə, xalqımıza və inqilabımıza yadigarıdır.20

İran xalqının böyük Bəsicinin bəzi xüsusiyyətləri var. Dünyada xalq hakimiyyətlərinin mövcud olduğu yerlərdə ağır hadisələr zamanı, xüsusən də müharibələrdə xalq dövlətə kömək edir. Bunu tarixdə görmüşük, lakin Bəsic onların hamısından fərqli bir şeydir.21

Əsas məsələ budur ki, Bəsic köksüz, dayaz və yalnız hissiyyat üzərində bir hərəkət deyil. Bəsic İslam dünyasının və təbii ki, İslam cəmiyyətinin ehtiyaclarına uyğun olan məntiqli, dərin və dini bir hərəkətdir. Qurani-kərim buyurur ki, ey Peyğəmbər, Allah-Taala sənə həm Özünün yardımı, həm də möminlərin vasitəsi ilə kömək etdi. Burada Quran ayəsinin işarə vurduğu “möminlər” bizim bugünkü Bəsicimizin başqa bir adıdır. Quranın xalqdan, mömin və ixlaslı insanlardan danışan digər ayələri də böyük imamın düşüncə və uzaqgörənliyinin məhsulu olan əziz Bəsicə aiddir.22

Mühüm olan budur ki, Bəsic təkcə həvəs və həyəcan deyil. Bəsic çoxlu müsbət keyfiyyətlərin tərənnümüdür. Böyük imamın Bəsicə xüsusi rəğbəti, bu ölkəni və quruluşu sevən bütün şəxslərin Bəsici uca tutması sözügedən özəlliklərə görədir. Bəziləri elə bilirlər ki, Bəsic hərbi təşkilatdır. Belə deyil, Bəsic hərbi təşkilatlardan sayılmır. Bəsic İslam ölkəsinin və İslam quruluşunun ehtiyacı olan bütün işlərdə qabaqcıl olmaqdır. Harada cəsarətli, fədakar və ixlaslı iştirak lazım olsa, Bəsic ön xətdə dayanır. Bu yerlərin biri müharibədir. Buna görə müharibə dövründə yüz minlərlə Bəsic üzvünün döyüşə getdiyini gördünüz. Onların bəzisi gənc, bəzisi qoca, bəzisi yeniyetmə, bəzisi şəhərli, bəzisi kəndli, bəzisi fəhlə, bəzisi şagird, bəzisi tələbə, bəzisi tacir, bəzisi ruhani, bəzisi universitet müəllimi, bəzisi sənət adamı, bəzisi mütəxəssis, bəzisi həkim idi, amma hamısı Bəsic üzvü idilər.23

Bəsicdən ötrü Allaha şükür etməliyik. Bəsic gənclərinin fəallığı, Bəsicin keyfiyyət və kəmiyyət baxımından günbəgün inkişaf etməsi bizi Allaha şükür və minnətdarlığa vadar etməlidir. Bu gün bütün dünyada mövcud olan iqtisadi və siyasi hegemonizmin bütün amilləri dünya gənclərini, xüsusən də müsəlman ölkələrin gənclərini passiv və məqsədsiz varlıqlara, İslam ölkələrinin gənc nəslini təsirsiz və təhlükəsiz insanlara çevirmək istəyirlər. İndi üçüncü dünyanın müxtəlif ölkələrində, xüsusən də İslam ölkələrində bi işi görməkdədirlər. Əlbəttə, dünyanın siyasi güclərinin özləri də - istəsələr də, istəməsələr də - gənc nəsillərinin fəsad, narkomaniya və pozğunluq bəlasına düşmüşlər. Belə bir dünyada ölkəmizin gənc nəsli arasında elm, din, cihad, siyasi fəaliyyət sahələrində çalışan, dünyanın heyrət içərisində qalmış gözlərinə və inanmayan ürəklərinə qüdrət və fəallıq göstərən məqsədli qız və oğlanların böyük izdihamı yetişir. Bunun üçün şükür etmək lazımdır. Mən Bəsicin varlığına, sizin varlığınıza, fəallığınıza, qüvvənizə, imanınıza və siz əziz övladlarımın hazırlığına görə Allah-Taalaya şükür edirəm.24

Həm Bəsicin özünün, həm də onun proqram və işlərinin fəlsəfəsi var. Bəsicə qarşı pis fikirdə olanlar ya bu fəlsəfələri bilmirlər, ya da inadkarlıq edirlər. Bəsicin fəlsəfəsi budur ki, bir xalqın arasında bir amal irəli sürüldükdə, böyük bir məqsəd rəhbər tutulduqda, düşmənin təxribatı bu hərəkəti və yolu təhdid etdikdə bütün xalq hərəkət etməli olsa da, təbii və adi formada xalqın arasından bir qrup çıxıb özünü daha çox oda-suya vurur, özünü daha çox fəaliyyətə hazırlayır, çətinlikləri qəbul edir, əziyyətlərə dözür, çoxlu xeyirlərdən keçir, maddi muzd və mükafat fikirləşmir, həvəsləndirmə və təşəkkür gözləmir, əsas işdən yapışır və irəliləyir. Erkən İslam çağında da belə idi: yaxşı müsəlmanlar çox idi, Allah yolunda cihad edirdilər, lakin Əmmar Yasir və Miqdad çox deyildi. Bunlar erkən İslam çağının Bəsic üzvləridir. Əmirəlmömininin dövründə o həzrəti sevənlər və ona hörmət edənlər çox idilər, lakin Malik Əjdər, Məhəmməd ibn Əbu Bəkr və Səhl ibn Hüneyf kimilər çox deyildi. Bunlar Bəsic üzvü idilər. Əgər zaman fərqlərinə rəğmən, belə adlar qoymaq düzgün olsa, deməliyik ki, Əmirəlmöminin dövrünün Bəsic üzvləri belə insanlar idilər.

Demirik ki, təkcə Bəsicə üzv olanlar mömindirlər. Xeyr, mömin çoxdur, inqilabçı çoxdur, hamı da yaxşıdır. Lakin inqilabçıların arasında onun məqsədlərinə sarı getmək üçün hazırlıq, cəsarət və ixlasları diglərlərindən çox olanlar tapılır. Bunlar Bəsic üzvləridir. Əkinçilik zamanı tarlasını buraxırdı, biçin zamanı məhsulu yerdə qalırdı. Nə üçün? Çünki dostu cəbhədən xəbər göndərmişdi ki, yaxında əməliyyat olacaq. Və qorxmadan hərəkət edirdi. Maddi məqsədlər uğrunda bəzilərinin yarışa girdiyi zaman isə Bəsic üzvü öndə getmir, arxada qalır, buna israr etmir. Bəsic üzvü belə adamdır.

Hamı eyni deyil. Həmişə daha həvəsli, duyğulu, ixlaslı və daha aşiq insanlar inqilab məqsədləri istiqamətində hərəkət edirlər. Erkən İslam çağında da, inqilabın əvvəlində də, müharibə dövründə də belə olmuşdur, bu gün də belədir. Bu gün müharibə yoxdur, amma nə zamansa ölkənin bir tərəfində bir sınaq qarşıya çıxsa, bu xalqın xidmətçiləri müraciət edib xalqdan kömək istəsələr, bəziləri ilk vaxtda, məsələn, ertəsi gün səhər hərəkət edəcəklər. Bəziləri isə səhəri gözləməyəcəklər, həmin anda hərəkət edəcəklər. Bunlar Bəsic üzvləridir. Buna əsasən, Bəsicin fəlsəfəsi işdə sürətdən, ixlaslı, cəsarətli işdən, təhlükəli yerdə könüllü fəaliyyətdən, çox işləməkdən və az istəməkdən ibarətdir.25

Bəsic İslam ölkəsini və İslam inqilabını müdafiə etmək üçün yaradıldı. Müdafiəyə hazırlıq bu gün və həmişə dini, inqilabi və milli bir vəzifədir. Buna görə, Bəsic Müqavimət Qüvvəsi əziz üzvlərini cəlb və idarə etmək işini düzgün proqramlarla davam etdirməli və 20 milyonluq ordunu reallaşdırmalıdır.26

Odur ki, həm məcburi müharibədə, həm ondan öncə, həm də ondan sonra əsas üstünlük Bəsicə məxsus olmuşdur. Bəsicin hərəkəti bu günədək ağıl əsasında olmuşdur. Bizim ən yaxşı gənclərimizi, bu xalqın ən fədakar, ən təmiz və ən işıqlı qüvvələrini təəssübkeşlikdə və ehkamçılıqda suçlayan düşmənlərin təbliğatı ilə işimiz yoxdur. Aydın baxış, məntiqli və ağıllı hərəkət, dəqiq proqnozlar, dəqiq iş və elmi nəticələr əvvəldən bu günədək Bəsicdə duyulan xüsusiyyətlərdən olmuşdur.

Mən demək istəyirəm ki, inqilabdan doğan ilk silahlı təşkilat əslində Bəsic idi. İslam İnqilabı Komitəsi də əslində Bəsic qüvvələrindən vücuda gəldi. İslam İnqilabının Mühafizəçilər Korpusunun özü uzun illər ərzindəki bütün nailiyyətlərinə rəğmən, əslində xalqın könüllü qüvvələrinin - Bəsicin məhsuludur. Allahın lütfü ilə bu günə qədər Bəsic bir müəssisə, təşkilat və qüvvə formasında fəaliyyət göstərmişdir, bundan sonra da belə olmalıdır.27

Bəziləri yanlış olaraq düşünürlər ki, Bəsic hərbi təşkilatdır, yaxud Mühafizəçilər korpusu, ordu və hərbi qüvvələr yalnız müharibə dövründə lazımdır, sonra tamamilə unudulmalı və kənara qoyulmalıdır. Bu yanlış təhlillə düşünürlər ki, bütün Bəsic dəyərləri, bütün yaxşı və ilahi dəyərlər cəmiyyətdən kənarlaşdırılmalıdır. Sözsüz ki, bu, düşmənin təbliğatıdır. Vay olsun düşmənin təbliğatına qulaq asan xalqa! Düşmən insanın xeyrini istəmir. Düşmən sizi tərifləsə, ona bədgüman olmaq, pisləsə, pisləməsinə rişxəndli təbəssüm etmək lazımdır. Əgər “vəziyyət pisdir” - desə, bilməlisən ki, vəziyyət yaxşıdır. Əgər "getdiyin yol səhvdir" - desə, bilməlisən ki, bu yol ona ziyan vurur. Əgər sizi tərifləsə, özünüzə baxmalısınız ki, onun sevinməsinə səbəb olan hansı səhv işi görmüsünüz; sözsüz ki, onun tərifi həqiqi olsa və kələk işlətməsə.28

Bəsic - xalqın ən yaxşılarının, ən fəallarının və ən imanlılarının milli maraqlar və uca məqsədlər üçün ölkələrinin onlara ehtiyacı olan sahələrdə iştirakıdır. Həmişə ən yaxşı, ən xalis, ən uca insanlar bu xüsusiyyətə malik olurlar. Bir ölkədə Bəsic belə fəxr bayrağını ucaldıb onun üçün zəhmət çəkməyə hazır olan zümrədir. Bu, asan iş deyil. Allaha şükür edirik ki, inqilabın ilk günündən xalqın könüllü qüvvələri bütün sahələrdə fəal olmuşdur. İmam bu qüvvənin qədrini bildi. Xalq bu möhtəşəm və təlatümlü amilin qədrini bildi. Özləri bu təhlükəli işlərə qoşulmayanlar, yaxud buna hazırlıqları olmayanlar fədakarlıq göstərən hazırlıqlı gəncləri və qüvvələri həvəsləndirdilər. Bu, beynəlxalq güc mərkəzlərini, hegemon qurumları, ölkələrin və xalqların taleyinə zorla hakim olmaq istəyənləri qəzəbləndirən amildir.29

Bir cümlə də Bəsic barədə deyim. Bəzi insanlar elə bilirlər ki, Bəsic digər hərbi təşkilatlar, yəni ordu və Mühafizəçilər korpusu kimi bir hərbi təşkilatdır. Bu səhvdir. Bəsic ölkənin bütün sahələr üçün fəal qüvvələridir. Müharibədə Bəsic öz fəallığını sübuta yetirdi. Digər sahələrdə də sübuta yetirmişdir və yetirəcək. Müharibədə gözünü komandirin ağzına dikən, öz ixlası və fədakarlığı ilə komandirini heyran qoyan aşiq gənc universitetə daxil olanda da müəllimini heyran qoyur. Elmi laboratoriyaya daxil olanda da belədir, siyasi işlərdə də.

Bilin ki, bütün ölkələrdə, hər yerdə Bəsicə bənzər bir şey var. Lakin mən heç bir yerdə belə parlaq, kütləvi, gözəl və fədakar olanı tanımıram. Müxtəlif ölkələrin yaxın keçmişinə - dünyanın yüzillik, ikiyüzillik tarixinə və hazırkı dövrünə dair məlumatlarıma rəğmən, dünyada öz Bəsicimiz kimisini tanımıram.30

Bəsici inkar etmək ölkənin ən böyük ehtiyacının qarşılığını inkar etməkdir. Bəsicimiz olmasaydı, müharibədə kəmiyyət sarıdan korluq çəkərdik. Müharibədən sonra Bəsic olmasaydı və bu gün Bəsic olmasa, bu inqilabın, quruluşun bütün qurucu hərəkətlərində kəmiyyət problemi yaranar. Bəsici inkar etmək və ona qarşı hörmətsizlik ya ağılsızlıqdandır, ya xainlikdən. Nə qədər ki, bu ölkəyə təhlükəsizlik lazımdır, nə qədər ki, ölkənin və xalqın təhlükəsizliyə ehtiyacı var - yəni həmişə - Bəsic qüvvəsinə, Bəsic məqsədinə, Bəsic idarəçiliyinə, Bəsic eşqinə və imanına da ehtiyac var.31

Beşinci bölmə: Bəsic həftəsi

Məzlumlar Bəsicinin təşkil edilməsinin ildönümü səkkizillik məcburi müharibə dövründə nəciblik, təvazökarlıq, cəsarət və rəşadətlə birgə olan ən gözəl fədakarlıq tablolarını təsvir etmiş mücahidliklərin möhtəşəm xatirəsini, gündüzün aslanları və gecənin zahidləri olmuş, zər və zor şeytanı ilə döyüşü əmmarə nəfsə qarşı cihadla birləşdirib cəbhəni ibadət mehrabına çevirmiş iffətli və qeyrətli comərdlərin, Allahdan ötrü gənclik ləzzətlərinə göz yummuş gənclərin, müharibənin çətinliyini ahıllıq rahatlığına tərcih etmiş qocaların, qadın, övlad, yar və diyar sevgisini ilahi eşqə qurban etmiş kişilərin xatirəsini, ilahi dəyərləri müdafiəyə hazır olan, Qərbin cahil mədəniyyətini və dəyərlərini qorumaq üçün ilahi dəyərlərlə vuruşa qalxmış qüvvələrin yalançı heybətindən qorxmayan böyük və iddiasız insanların xatirəsini, imamlarının, sevgililərinin və müqəddəs eşqlərinin canlı nümunəsi olan həzrət İmam Xomeyninin davamlı çağırışlarına eşqlə cavab vermiş, üzünü Allaha və arxasını dünyaya çevirmiş, bəziləri şəhadət səadətinə nail olmuş, bəziləri əsirliklə, yaralanmaqla və bədən üzvlərinin kəsilməsi ilə imtahan olunmuş, bəziləri mərhəmət və nurla dolmuş mübarək cisimlərini və canlarını sağlam və kamil şəkildə evə qaytarmış, ehtiyac duyulanda İslamın, inqilabın, vətənin və xalqın yolunda müdafiə etmək üçün ehtiyat saxlamış yüz minlərlə kəndli və şəhərli, tacir və fəhlə, hövzə və universitet tələbəsi, həkim və feldşer, mühəndis və sənətkar, idarə və bazar adamı olan qəhrəmanların xatirəsini yada salır: “Onlardan kimisi şəhid olmuşdur, kimisi də gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər“32.

Bəsic həftəsi, çağırışının səsi Ələst günündəki Rəbbin nidası kimi fitrətlərə ünvanlanan və ruhun dərinliklərindən “bəli” cavabını alan, özü aşiq olub aşiqanə danışan, özü Allahın itaətkar bəndəsi olub, ürəkləri də özünə itaətkar edən, dərdli fəryad qoparan və şeytanların unutdurduğu, müalicədən məhrum etdiyi məhvedici dərdlərə dərman edərək onların hisslərini qaytaran və müalicəyə yaxınlaşdıran dünya şöhrətli böyük insanın adı və xatirəsi ilə anılır.33

Bəsic həftəsi əslində bu ölkədə bünövrəsi böyük və mərhum imamımız tərəfindən qoyulan möhtəşəm bir hərəkəti təqdim etmək üçün bir fürsətdir. Bu hərəkət bu müsəlman və dini regionda digər xalqlar üçün də inşallah örnək və nümunə olacaq. Bəzən düşmənlərin ədavətli təbliğatı nəticəsində xalqların ictimai rəyində onlara maneə məqsədilə yaradılan ötəri hadisələrlə işiniz olmasın. Davamlı hərəkət budur: "Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi?! Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir".34 Əsas məsələ budur ki, kökü sağlam və möhkəm olsun. Bəsicin hərəkəti belədir. İslam Respublikasının düşmənlərinin – onlar bu xalqın bütün müsbət cəhətlərini pisləyib eyib kimi göstərmək istəyirlər - ədavətli sözlərinə rəğmən və onların acığına, Bəsicin hərəkəti ağıllı, məntiqli və tamamilə əsaslıdır.35




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə