Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


Mühazirə 7 Akademik kommunikasiya



Yüklə 262,04 Kb.
səhifə66/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   78
Mühazirələr 2021

Mühazirə 7

Akademik kommunikasiya

Akademik kommunikasiya anlayışı. Akademik kommunikasiya akademik səviyyədə ünsiyyəti, müxtəlif elmi ixtira və kəşflərin mübadiləsini, müəyyən elm sahəsinə aid biliklərin kütlələrə çatdırılmasını nəzərdə tutur.

Beynəlxalq aləmdə elmi kommunikasiya 2 istiqamətdə inkişaf etmişdir və aşağıdakı terminlərlə ifadə olunur:


  1. Elmdə kommunikasiya (Science communication)

  2. Elmi kommunikasiya (Scientific communication)

Hər iki termin Azərbaycan dilinə hərfən “elmi kommunikasiya” formasında tərcümə edilsə də bunlar arasında müəyyən fərqlər var. “Science communication” alimlər arasında elmi ideya və informasiyaların mübadiləsini nəzərdə tutan sosioloji istiqamətdir. ABŞ sosioloqu Qerbert Menzelə görə, kommunikasiyanın bu növü alimlər arasında elmi məlumatların ötürülməsinə birbaşa və dolayı yolla təsir edən nəşr, vasitə, hadisə və mexanizmlərin məcmusudur. Bu halda “science communication” termini “elmdə kommunikasiya”, yaxud “daxili elmi kommunikasiya” kimi tərcümə edilməlidir.

“Scientific communication” isə elmi biliklərin alimlərdən cəmiyyətə ötürülməsini nəzərdə tutur və müvafiq olaraq “xarici elmi kommunikasiya” kimi adlandırılmalıdır. Bu sahələri hüquqi və fiziki şəxslər baxımından fərqləndirsək, birinci halda elm xadimlərinin bir-biri ilə, ikinci də isə elm adamlarının cəmiyyətin müxtəlif təbəqələri ilə (şagird, tələbə, dövlət strukturları, media) ünsiyyəti nəzərdə tutulur.

Akademik kommunikasiya isə hər iki istiqaməti özündə birləşdirən mürəkkəb informasiya mübadiləsi sistemidir. Daha dəqiq desək, akademik kommunikasiya həm elmi kəşf və nəzəriyyələrin, bilik və təcrübələrin mübadiləsini, eyni zamanda əldə olunan bilik və təcrübələrin ictimaiyyətlə paylaşmağı və ən mühümü isə bunların tədrisini özündə birləşdirir.

Akademik kommunikasiyanın bir elm sahəsi kimi yaranması XX əsrin sonlarına təsadüf edir. 1985-ci ildə ingilis genetiki Uolter Bodmer Kral Cəmiyyətinin iclasında “Public Understanding of Science” (Elmin cəmiyyət tərəfindən anlaşılması) adlı məruzə ilə çıxış edərək eyniadlı hərəkata start verdi. Məruzənin əsas tezisi ondan ibarət idi ki, elmin cəmiyyət tərəfindən anlaşılması milli yüksəlişin əsasını təşkil edərək dövlət və özəl sektorlarda qəbul edilən qərarların keyfiyyətini artıra, bununla da hər bir insanın həyat rifahının yaxşılaşmasına səbəb ola bilər.

Akademik natiqlik. Akademik kommunikasiyanın əsas atributu akademik nitq və natiqlik sənətidir. “Akademiya” termini ilk dəfə antik dövrdə Platonun yaratdığı məktəbin adı kimi işlənmişdir. Platon yaratdığı məktəbi yunanlıların mifik qəhrəmanı Akademin şərəfinə adlandırmışdır. Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, obrazlı, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları, vasitələri böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur. Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda, Ərəbistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, fəsahətli və bəlağətli danışığın, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Ritorikanın tarixi e.ə.V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu həm elm, həm də sənət kimi başa düşmək lazımdır. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və s. ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə, yüksəlməyə başlayır. Eyni zamanda, ritorikanın nəzəri problemləri də hazırlanır, sistemləşdirilir, elmi-nəzəri əsərlər meydana gəlirdi. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx və b. kimi görkəmli natiqlik yetirmişdir. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir. Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel öz müəllimləri Platon və Sokratı qabaqlayaraq ritorikanın bütöv fundamental elmi sistemini yaratmışdır. E.ə. 335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini və s. geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:

a) Nitqin tərtibi prinsipi;

b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;

c) Nitqin texnikası, vasitələri və priyomları.

Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi.


  1. Materialın icadı və onun hazırlanması.

  2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.

  3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.

  4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.

  5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.

Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, sübutlu, rabitəli danışa bilməyə xüsusi səy göstərirdilər. Afinada məhkəmə proseslərini 501 nəfər münsiflər heyətindən ibarət olan vətəndaş aparırdı. Kimin müqəssir olub-olmaması əksəriyyətin səs verməsi yolu ilə müəyyənləşdirilirdi. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Onun natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Nitq orqanları qüsurlu olan Demosfen (onun dili bir qədər pəltək imiş, q səsini düzgün tələffüz etmir, danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş) sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Səsini inkişaf etdirmək məqsədi ilə ucadan qışqırar, öz səsi ilə dalğaların səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”. Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər, mülahizələr söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır:

1) materialın toplanması.

2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi.

3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi.

4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.

Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları və s. ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa, düzgün siyasət yeritməyə çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük ehtiras və inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər. Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sənətində də geriləmələr baş verir. Gözəl nitq öz siyasi xarakterini itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə çevrilir.

Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. Roma Yunanıstanı işğal etsə də, humanitar elmlər sahəsində ondan çox sey götürməli oldu. Ellin mədəniyyətini qəbul etməli olan Roma qrammatikanı, poetikanı, habelə ritorikanı da yunanlardan qəbul etməyə məcbur oldu. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi. Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Katon (b.e.ə.234-149), Qrakxi (b.e.ə.163-132), Antoni Mark (b.e.ə.83-30) kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, ritorika alimi, mütəfəkkir Mark Tullii Siseron (b.e.ə.106-43) xüsusilə fərqlənirdi. Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir.

Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy Kvintilian olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Acdığı ritorika məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı 12 kitabdan ibarət əsər yazmışdı. Həmin kitablarda natiqlik sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlərin fəaliyyətinə verilən tələblər və s. məsələlər şərh olunmuşdur. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür”. Natiqlik sənəti sonrakı dövrlərdə də daim aktual olmuş, lakin antik çağda olduğu qədər populyar olmamışdır, daha çox hərbi-siyasi zəmində inkişaf etmişdir.




Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə