________________Milli Kitabxana________________
278
sən! Bəlkə burada güləydin, bax beləcə, indiki kimi orada gülmiyeydin... Onda
mən heç zaman pəjmürdə olmazdım, bunca təşvişə düşməzdim!
- Bəlkə, şah məsləhətə qulaq asa, öz baş hərəmindən, onun bütün sirlərini
soruşa?..
- O
mənə hər nə desə də, balığın niyə və nəyə güldüyünü deyə bilməz!
- Bəlkə dedi?
- Yox,
əsla!
- Bəlkə, sirr çox üzdədir, şahım?
- Yox,
sirr
dərindədir, balıq, dərya qədər dərində! Yoxsa, sən o dərin
dəryadan çıxmaz, məlun qocanın qırışıq əli ilə bu mis teştə salınmaz, saraya
gətirilməz, mənim səltənətimi belə tir-tir titrətməzdin?!
- Demək, şah mənim baş hərəminin barigahında niyə və nəyə
güldüyümün səbəbini, camaat qarşısında açılmağını qeydsiz-şərtsiz istəyir?
Razıdır?
- Bəli, bəli, mən bu sirri mütləq, hər nəyin bahasına olur olsun bilmək
istəyirəm! Axı niyə mənim fateh qılıncıma məmləkətlər baş əyən zaman mən
belə aciz olmuşam?!
Şah çox deyib, çox təkid edəndən sonra onlar sabaha yaxın şərtləşdilər.
Balığın şərtinə görə məmləkətin hər yerindən, hər bir yanından xeyli adam
çağırıldı. Saray əhlindən də beli əzilən vəzir-vəkildən başqa hamı toplandı.
Şeypur çalındı, qoşun səf-səf dayandı, qoca balıqçı həmin teştə qoyulan balığın
yanında əsə-əsə durdu. "Balıq niyə və nəyə güldü?" - sirrinin açılacağı hamının
ürəyini aramsız döyündürməyə başladı. Yüz mindən yuxarı göz balığa və
padşaha zilləndi.
- Hamı mənim əmrimə əməl etməlidir! - deyə balıq teştin içindən dikəlib
hakim səslə dilləndi.
Şah onun qarşısında əyildi:
- Bəli, burada hamı, hər kəs, qoşunun hər bir nəfərinə qədər bu balığın
əmrinə əməl etməlidir!
-
Onda and için!
- And
içirik,
balıq!
IV
Hamı səs-səsə verdi. Balıq buyuranın hamısına əməl edəcəklərinə and içdilər.
- Onda
tərpənirik, baş hərəmin barigahına tərəf!
________________Milli Kitabxana________________
279
- Bəli, yeriyirik baş hərəmin barigahına tərəf!
Padşahın rəngi sapsarı saraldı.
- Bəlkə, şahım, peşman olursunuz?
- Xeyr,
mən öz andıma əməl edirəm, balıq!
- Mənim bütün şərtlərimə!
- Bəli, camaat qarşısında balığın bütün şərtlərinə əməl edirəm!
- Bəs rəngin niyə saraldı, şahım?.. Bəlkə bu ziyanın yarısından...
- Camaat
qarşısında ölüm də olsa, mən fateh sözümdən qayıtmaram!
- Ölümdən betər olsa, necə?
-
Yüz ölüm də olsa mən boyun əyərəm!
-
Əgər, yüz ölüm cəzasını özünüz-özünüz üçün qazanmış olsanız, necə?
- Hər kimsə qoy öz əkdiyini biçsin, balıq!
- Sən öz əkdiyini indi çox tez biçəcəksən, şahım.
- Mən əkdiyimi çox tez də biçib qurtarmaq istərəm, balıq!
Doğrudan da peşman olan şah balığın üstünə cumdu. Ancaq balıq
çəkinmədən amiranə əmr etdi:
- Sən peşmansan, şahım, görürəm, artıq necə peşmansan! Mən əmr
edirəm öz andını pozan şahın qolu tez, cəld bağlansın! Şahın taxt-tacına çoxdan
göz dikənlərdən bir neçəsi birdən töküldü, hər birisi öz qurşağını tezcə açıb şahın
qolunu belinə bağlamağa çalışdı.
- Heç
de
yaxşı deyil ki, camaat qarşısında öz tüpürdüyünü yalıyasan,
gəda!
- Vurulmalı boyun sizinmiş, əyan-əşrəf!
- Artıq gecdir, çərənləmə, gəda! Qoy görək, axı bu balıq, sənin baş
hərəminin barigahında niyə və nəyə gülübdür?!
Balığın əmri ilə baş hərəmin barigahının qapıları taybatay açıldı, ancaq bilən
olmadı xacə Təbarək hansı cəhənnəmdə gizləndi. Baş hərəm saçlarından çəkilib
ortaya atıldı. Xanımın nazla yeridiyi fərşlər bircə-bircə qaldırıldı, döşəmələr
tərpədildi. Fərş döşənən, aşağıdan, lağımlardan qırx nəfər bığıburma yad adam
dartılıb bu yana atıldı.
Balıq daha ucadan gülə-gülə dilləndi:
- Bax,
mən buna gülmüşəm ki, ölkəni başdan-baha zindana çevirən bu
qolu bağlı caninin baş hərəmi əyləşdiyi, gəzindiyi bu fərşlərin
altında görün nə qədər də yad-yadırğa adam vardır. Bunlar, bu gözlərindən
qan damanlar, xəzinəni talayıb bu daş-qaş içində itən xanımın
________________Milli Kitabxana________________
280
atası evinə lağımla xəlvətcə yeridənlərdir. Bu zəngin imarətdə əlini ağdan-qaraya
vurmayan, özünü axmaq şah ərinin gözündə sədaqətli göstərən bu qadın, ölkənin,
xalqın malını bir görün necə talan edir. Bax, məni güldürən də şahın gicliyi, şah
arvadının bicliyi oldu.
Hamı heyrət etdi, ayaq üstə ölən padşah ayaq altına salınıb, cəsədi tapdaq
altına düşdü. Camaat mis teşti əl üstünə aldı:
- Bizə başçı təklif et, balıq!
-
Bax bu qoca balıqçını sizin məmləkətə başçı təklif edirəm, camaat!
- Qoca
balıqçıdan məmləkət başçısı olarmı?
-
Əgər bu qoca balıqçı məmləkətin ağıllı-kamallı, insaflı, biləndə
şəxslərini öz başına toplaya bilsə, ondan böyük məmləkət başçısı olar!
- Axı, sənin etiqadın nəyədir, balıq?
- Etiqadım bunadır ki, zəhmət adamı, zəhmətkeşin qanını gecəli-gündüzlü
eyş-işrətdə zəlisayağı sormaz, xalq malına qənaət edər, zülmkar padşahın
gördüyü işləri görməz, görmədiyi işləri görər!
Eldən, obadan tökülüb gələn adam padşah tərəfinə həmlə edib güc gəldi.
Nahayət, qoca balıqçını məmləkətin başçısı seçdilər. Yan-yörəsini də balıq deyən
kimi ağıllı-kamallı vəzir-vəkillə bərkitdilər. Nəhayət, balığa üz tutdular:
-
İndi biz sənə necə qulluq edə bilərik?
-
Heç bir qulluq gərək deyildir, ancaq sizdən bircə təvəqqem vardır!
- Biz
hamımız canla-başla sənin sərəncamını yerinə yetirərik!
- Siz
yenə də məni su ilə dolu bir mis teştin içində aparın, həmin yerdən
dəryaya buraxın!
- Yox,
biz
səni sarayda saxlarıq, balıq! Bax orada, qızıl hovuzda üzərsən,
özü də qulluğuna neçə-neçə qulluqçu desən, qoyarıq!
- Deyərlər el içində, öl içində. Mənimki dəryadır, balıqdır. Daha balığın
sözünü döndərən olmadı. Məmləkət başçısı qoca balıqçı məyus olsa da balıq
buyurana əməl etdi. Onlar mis teşti götürüb axın-axın yeridilər, mis teşt bu əldən
o ələ keçdi. Balığı apardılar, həmin yerdən dəryaya buraxdılar... Göz qoydular...
Balıq köpüklü dalğalarla üzə-üzə uzaqlaşdı, yenə də dəryaya, yar-yoldaşının
yanına getdi, qıraqdan boylanan min-min adamın gözündən itdi...
fevral 1963-cü il
________________Milli Kitabxana________________
281
OVQAN VƏ İLAN
Aran ölkəsinin Muğan elində Ovqan adil bir çoban vardı. Ovqan çox
əliaçıqdı. Ağartısızlara ağartı verir, əlacsız dul arvadlara, yoxsullara qoyunun
dişisindən damazlıq paylayırdı. Ovqan qışda öz qoyun bölüyünü aranda otarır,
yayda yuxarıya, başı buludlara dayanan yaylaqlara qaldırırdı. El yolu üstündə
taxıl zəmilərini dağlara qalxan tərəkəmə köçərilərinin sürülərindən qoruyan, əli
dəyənəkli, toqqası xəncərli qoruqçular Ovqanla xoş-beşlə görüşür, daha
başqalarına olduğu kimi, ona tumturş sifət göstərmir, hələ taxıl arası şırım
otlaqda onun bölüyünə yer də verirdilər. Ovqan çüban öz iş-peşəsini xaqanlıqdan
da yuxarı tutur, zoğal şivindən kəsib, tonqalda ütüb düzəltdiyi başı toppuzlu
çomağına söykənir, ota yayılan bölüyünə tütək çalır, hava qoşub quşları dilə
gətirir, istəyəndə mələşdirirdi. Ovqan çübanın şöhrəti el-obaya yayılır, bir tək
Muğam deyil, bütünlükdə Aran ölkəsini tuturdu. Ovqanın adı-sanı bir gün gedib
Loğmana da çaldı. Loğman yelqanadlı qızıl boz atını minib, özünü Aran
ölkəsinin Muğan elinə yetirdi. Axtarıb Ovqan çobanı bölüyünün başında tapdı.
Loğman tanışlıq verməsə də, Ovqan qərib qonağı xoş sifətlə qarşıladı, bacardığı
hörmətdən elədi. Ovqan çoban qonağına xınaquyruq əmlik kəsib, ocaqda
qızartdı, cam-cam süd içirtdi, öz qarğı dəyəsinin yuxarı başında yataq yeri
düzəltdi. Düz bir ay Loğman çobanın əziz qonağı oldu. Loğman gözü ilə görüb
inandı ki, Ovqan deyilmişkən varmış. Ovqanın geyimi-kecimi özünə yaraşan idi:
çiyinlərində saçaqlı yapıncısı, başında saçaqlı papağı, ayaqlarında quşburnu
çarığı, əlində isə deyildiyi kimi girvənkə başlı toppuz çomağı vardı. Onun üz-
gözündən nur yağır, yanaqları solub-saralmır, gecə də, gündüz də köz kimi
qızarırdı. "Tək bircə anaş qoyunla, bircə buynuzuburma qoç qalsa, mənə bəsdir",
-deyə Ovqan əsla ürəyini sıxmır, dünya görən Loğmanı heyrətə salırdı.
- Bu qoyun ki var, ömründə qurtarası deyildir, - deyə Ovqan qonağına söz
açırdı. - Əgər bu bölükdo ürəklə zəhmət çəksan, qoyunu halallıqla becərsən, sən
bir verəndə, yerinə ikisi gələr, onda qoyun əkiz doğar, üçəm doğar, dişi doğar.
Vay ondadır ki, bu bölüyə haram qatasan, başqasının sürüsündən bir axsaq
toğlunu bölüyə qarışdırasan, onda elə bil ki, quyunun dibinə daş atdın,
damazlığını dibindən kəsdin. Onda qoyun nə əkiz doğar, nə də üçəm! Onda
qoyuna azar düşər, görərsən ki, bir həftənin içində batıb...
________________Milli Kitabxana________________
282
Loğman diqqət yetirir, getdikcə Ovqanın ağlına, kamalına, səxavətinə daha
artıq heyran olurdu. Ələlxüsus da Loğman Ovqanın sap-sağlam olduğuna, heç
bir azar-bezarı eyninə gətirmədiyinə teəccüb edirdi. Hər necə olsa da, ayrılıq
zamanı Loğman dostu Ovqanı toqqadan yuxarı soyundurub canını yoxladı,
ürəyinə qulaq verdi. Loğman gördü ki, canı-başı sağ-salamat olmaqla Ovqanın
misli-bərabəri, bəlkə də, bütün dünyada az-az tapılar. Necə deyərlə, onun canı
buz baltası kimidir! Loğman çoxlarının dərdini müəyyən edib dərman eləmişdi,
amma Ovqanda heç bir dərd tapmadı. Durub mənalı nəzərlə intehasız bozaq
düzəni süzdü:
- Sənə bir tapşırığım var, - deyə öz gözlərini çobanın bulaq kimi
qaynayan gözlərinə zillədi, onun şəvə kimi qara bığlarını əli ilə tumarlayıb, ata
məhəbbəti ilə sözünə davam etdi, - mənim saçım da, saqqalım da, bax, o yuxarı
dağların qarı kimi ağarıbdır, Ovqan! Sözümə qulaq ver, sənə bir tapşırığım var!
- Can-başla tapşırığına əməl elərəm, Loğman!
- Gərək canla-başla əməl eləyəsən ki, dağı-aranı gəzə-gəzə azı yüz il
yaşayasan!
-
Lap son nəfəsimə qədər mən bu qoyunun içində olacağam, Loğman!..
Nə vaxt ki, küləklər tütəyimin səsini sənə çatdırmadı, onda bil ki, daha mən
ölmüşəm!
- Bəs mən necə? Bəyəm mənə ölüm-itim yoxdur?
- Nağıllardan yəqin bilirəm ki, Loğmana ölüm yoxdur, onun ömrü dünya
durduqcandır.
- Sənə bir tapşırığım vardır, Ovqan! Gərək, sən ayıq-sayıq olasan, gərək
sən ilan-çayandan özünü qoruyub, gözləyəsən!
- Ayıq-sayıq olmuşam, amma urcahıma çıxan heç bir ilan-çayanı
öldürməmişəm.
- Bəs niyə? Bəs nə üçün bu qədər ehtiyatsızlıq elemisən?!
- Düzü,
həmişə yoluma çıxan ilan-çayanı sağ-salamat buraxmışam!
-
İlan-çayan sənin girəvəni alıb, ya sən ilan-çayanın?
- Düzü,
indiyəcən mən ilan-çayanın girəvəsini almışam!
-
İnnən belə urcahına çıxan ilanın başını, bax bu toppuzla əzginən,
Ovqan!
- Axı, ilan hər dəfə mənim qabağımda dil çıxarıb yalmayır?
- Atalarımız əcəb deyib: "İlanın ağına da lənət, qarasına da!".
-
Bu misallardan mən özüm də çox bilirəm, Loğman!
________________Milli Kitabxana________________
283
- Bəs onda niyə bilə-bilə əməl eləmirsən?
- Düzü,
Loğman, qarşıma çıxan ilan dil çıxarıb toppuza təslim olandan
sonra demişəm, qoy sürünüb rədd olsun cəhənnəminə!
- Bəlkə, sən ilandan qorxursan, Ovqan? Qorxursan ki, birini acıdasan,
dönüb qoşun düzəldə, üstünə sürü-sürü gələlər?
- Xeyr,
gücə görə yox, yalmanıb-yalvardıqlarına görə! Yoxsa mən ilanın
da, əjdahanın da gücünə güc göstərərəm, necə ki, canavarlara güc göstərirəm!
-
İlan canavardan qorxuludur, Ovqan!
-
Ancaq canavar heç zaman ilansayağı yalmanmır!
- Buna
görə də dil çıxaran ilan diş göstərən canavardan qorxuludur!
- Düzdür,
ölüm
ayağında ilan göz yaşı töküb ağlayır, amma canavar ölüm
ayağında daş-qayanı gəmirir!
- Qarşında dil çıxarıb yalmanan, göz yaşlarını gilə-gilə töküb axıdan,
sənin toppuz çomağından sovuşmağa çalışan ilan canavardan qat-qat qorxuludur,
Ovqan! Sən ayıq-sayıq olsan, bu sağlam canınla, şübhəsiz, yüzdən yuxan
yaşayacaqsan, amma ilana güzəştə getsən, ömrünü vaxtsız-vədəsiz
çürüdəcəksən!
-
Onsuz da mən yüzdən yuxarı yaşayacağam, ilan mənə heç nə edə
bilməz!
- Axır bil ki, ilan ilandır!
- Yəni demək istəyirsən ki, o öz xasiyyətini dəyişməz?
-
Əsla!
-
Əgər, mən urcahıma çıxan ilana aman verib, ona öz xasiyyətini
dəyişdirtdirsəm, necə?
- Belə möcüzəyə inanmaram, Ovqan!
-
Əgər, mən Loğmanı inandırsam, necə?
-
İnansam, yəqin quruyub daşa dönərəm!
- Yaxşı, baxarıq! - deyə Ovqan Loğmanın yelqanadlı qızıl boz atını çəkib
gətirdi. Loğman atına minməzdən qabaq ayaq saxladı. Ovqana bərk-bərk tapşırdı
ki, bəs dara düşəndə mənə xəbər yetirərsən.
- Necə xəbər yetirim, Loğman?
- Küləklə, tufanla!
-
Əgər külək-tufan olmasa?
- Buludlarla
bildir!
-
Əgər göy üzündə buludlar olmasa?
- Günlə xəbər göndər!
________________Milli Kitabxana________________
284
- Gün
də olmasa?
- Sən məni ürəyindən keçir, hər harada olsam, bir göz qırpımında yanına
gələrəm, dadına-imdadına çataram!..
Ayrılıq zamanı nə içə hər iki dost birdən kövrəldi, onlar qol-boyun oldular.
Loğman yelqanadlı boz atının belinə qalxıb, cilovunu tərpətdi, Muğan düzündə
gözdən itdi.
Bu söz-söhbətdən sonra Ovqanın boynuna ağır yük düşdü. O, iki il aranda
ilan axtardı, urcahına heç nə çıxmadı. "Bəlkə, Loğman ilanların dilini bilirdi", -
deyə Ovqanın fikri dolandı. - "Bəlkə o, mənim dərdimdən ilanları dilə tutub,
Muğandan çıxarıbdır? Bəlkə də boz atının üstündə qanadlanıb Muğana sehrli
dava-dərman səpib, ilan-çayanı tamam qırıbdır?. Axı necə ola bilər ki, ildə azı-
azı yüz ilanla rastlaşan Ovqanın urcahına bir ilan da çıxmasın, onun toppuz
çomağının qabağında dil çıxarıb yalmanmasın? Nə isə, Loğmandan ayrılanın
üçüncü ili Ovqan qoyunlarını yaylaqdan aran şoranına endirirdi. Gün qovurmuş
torpağın cadarından kömür kimi qara qartmaqlı bir ilan çıxıb, onun üstünə
cumunca, Ovqan çomağını çəkib "İlanın ağına da lənət, qarasına da!" - deyə cəld
bu məlunun başını əzmək istədi. İlan əyri-üyrü dişləri arasından nazik dilini
çıxarıb yalmandı, zil qara şüşəni andıran gözlərindən gildir-gildir yaş tökdü.
- Öldürmə məni, Ovqan!
- Axı, sən məni öldürəcəkdin. İndi mən hansı hesaba görə səni sağ-
salamat buraxım?
-
Əvvəlki yüz-yüz hesaba görə!
- Necə əvvəlki yüz-yüz hesaba görə?
- Çünki
mən hər ili azı-azı yüz kərə səni çalmaq istəmişəm, ancaq sən
mənə girəvə verməmisən, məni sağ-salamat buraxmısan!
- Bəs niyə indiyəcən məndən üzülüb əl çəkməmisən?
- Çünki
ilan
olanın xasiyyəti belədir!
-
İndi bəs mən haradan bilim ki, sən xasiyyətini dəyişib, bir günü girəvə
tapanda məni çalmayacaqsan?
- And
içirəm sənə, Ovqan, sənə and içirəm! Mənim bu əyri-üyrü dişlərim
heç zaman sənin bu sapsağlam canına qıymayacaqdır!
- Bəs andını pozsan necə?
- Həmişə ayıq olarsan, Ovqan! İşdir sənin qəsdinə duraramsa, bu başımı o
qurğuşun çomağınla əzərsən, sonra da bir qaratikan kolunun üstündən üzüaşağı
asarsan, ta gecə göydə ulduz görüb ölləm!..
________________Milli Kitabxana________________
285
- Mən sənin andına inansam, öz zəhər tuluqlarınla sağ-salamat qoysam
necə?
- Sən məni salamat buraxsan, mən əhdimə vəfa edib, dostun Loğmanın
hikməti ilə əzəlki halıma qayıdıb, mələk ollam!
Bu söz-söhbətdən sonra Ovqan toppuzbaşlı çomağını dayandırdı. Qara
qartmaqlı ilan bir bölük qoyunun da keşiyini çəkməyə başladı. Ovqan ürəkdən
inanıb, ilanla ülfət bağladı. Yazda ilan selə düjəndə onu dartıb çıxartdı, qışda ilan
donanda onu öz yapıncısının altına alıb, qızdırıb donunu açdı. Belə-belə yenə də
azı yüz kərə ilana aman verib, onu ölümdən qurtardı. Ancaq qara qartmaqlı ilan
hər il yenidən qabıq qoysa da, dişlərinin dibindəki zəhər tuluqları ilə birlikdə
dəyişməz qaldı. Xeyirxah niyyətlə yaşayan Ovqana elə gəldi ki, zahiri
görünüşünü dəyişə bilməyən ilan içəridə xasiyyətini dəyişibdir. İndi bu ilanı bir
neçə sınaqdan da çıxarmaq gərəkdir ki, Ovqan Loğmanı çağırsın, əhvalatı açıb
ona desin, təvəqqe eləsin, ilanı ilanlıqdan çıxarıb, əzəlki mələkliyinə qaytarsın!
Ancaq buna aman olmadı. Ovqanın ovqatı gündən-günə təlx oldu. Onun
ağzında dad qalmadı. "Yəqin qızdırma tutmuşam", - deyə Ovqan gümana
düşdü... Yerdə sərili qalan Ovqanın dili tərpənəsi olmadı, ürəyindən Loğmanı
keçirdi. Yelqanadlı boz atını minən Loğman özünü Ovqana yetirdi, ancaq dostu
ilə kəlmə kəsmək mümkün olmadı. Loğman qar kimi dümağ saqqalına həkimanə
əl gəzdirib düşünə-düşünə durdu. Dönüb diqqətlə yan-yörəyə baxdı. Qamış
dəyənin qapısının astanasında, yumşaq torpaq üstündə əyri-üyrü iz gördü... O,
tez Ovqanın bütün bədənini diqqətlə yoxladı. İlanın dişindən çobanın bədənində
heç bir iz-əlamət görmədi. Loğman mühakiməsi ilə müəyyən etdi ki, öz əhdini
ağ-açıq poza bilməyən, çobanın fürsətini oğurlayıb, girəvə tapa bilməyən ilan
Ovqanın xörəyinə zərrə-zərrə zəhər damızdırıb, ömrünü azı-azı altmış il
azaldıbdır. İş işdən keçdiyinə görə, Loğman dostunun dərdinə dərman tapa
bilmədi. Nəhayət, Ovqanı Muğan torpağına tapşırdı.
Loğman onun toppuzbaş çomağını yadigar götürdü, atına süvar olub getdi.
Bir bölük qoyun qəbrin yan-yörəsində mələşə-mələşə qaldı. Elə bil ki, Muğan
düzünə heybətli ağlaşma düşdü. Ovqanın ölümünün ili tamam olunca, Loğman
çomağı götürüb yelqanadlı boz atını mindi, dostunun qəbrini ziyarətə gəldi.
Üstündə ot-ələf dikələn qəbrin bir yerdən oyulub-deşildiyini gördü. Loğman
tamam-kamal şübhədən
________________Milli Kitabxana________________
286
çıxdı, hər iki gözündən dümağ saqqalına qanlı göz yaşı axıtsa da, axır ki, özünü
toxtatdı. Loğman uzağa getmədi, girəvədə durub gözlədi, gecə-gündüz gözünə
çimir gəlməyə qoymadı. Bir sabah ertə qara qartmaqlı ilan qəbirdən çıxar-çıxmaz
Loğman Ovqanın toppuzbaş çomağını qaldırdı, girəvəsi kəsilən ilan eynən dilini
çıxarıb yalmansa da, Loğman fürsəti fövtə verməyib, onun başını əzdi, göydəki
ulduzu görüb biryolluq ölməyi üçün onu çomağı ilə ortasından götürüb quru
qaratikan kolunun başından üzüaşağı asdı. "İlanın ağına da lənət, qarasına da!" -
deyib Ovqana xatırlatdığı misalı özlüyündə dönə-dönə təkrar etdi, boz atının
belinə qalxıb Aran ölkəsinin küləklərinə qarışdı...
iyun 1963-cü il
________________Milli Kitabxana________________
287
MÜNDƏRİCAT
Ön söz…………………………………………………………………………………....4
POVEST
Məhtaban…………………………………………………………………………………..15
ƏFSANƏLƏR
Kəsilməyən kişnərti………………………………………………………………………153
Güzgü göl əfsanəsi………………………………………………………………………..215
Arpaçay əfsanəsi………………………………………………………………………….255
Gülən balıq……………………………………………………………………………….266
Ovqan və ilan……………………………………………………………………………..281
________________Milli Kitabxana________________
288
Buraxılışa məsul: Əziz Güləliyev
Texniki redaktor:
Rövşən Ağayev
Tərtibatçı-rəssam: Nərgiz Əliyeva
Kompyuter səhifələyicisi:
Rəşad Həmidov
Korrektorlar:
Elmira Teymurova
Pərinaz Səmədova
Yığılmağa verilmişdir 22.11.2004. Çapa imzalanmışdır 07.06.2005.
Formatı 60x90
1
/
16
Fiziki çap vərəqi 18. Ofset çap üsulu,
Tirajı 25000. Sifariş 147.
Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.
Dostları ilə paylaş: |