4) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı və ətraf mühitin nəqliyyatın zərərli təsirindən qorunması üçün
tədbirləri həyata keçirmək;
5) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
İkinci fəsil.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri
I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri aşağıdakılardır:
1) yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən
üstünlüyü;
2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən
insanların məsuliyyətindən üstünlüyü;
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl
olunması;
4) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma.
II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:
1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi;
2) yol hərəkəti təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərinin və məsuliyyətlərinin müəyyən edilməsi;
3) yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işlənib hazırlanması və onların təsdiq
edilməsi;
4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması;
5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması;
6) nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması;
7) yol hərəkətinin nizama salınması;
8) nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının və ixtisasının artırılmasının təşkili;
9) yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi;
10) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi;
11) ətraf mühitin mühafizəsi;
12) yol hərəkəti təhlükəsizliyi tədbirlərinin maddi və maliyyə təminatı;
13) yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə Azərbaycan
Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
14) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin və müvafiq
qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə dövlət
nəzarətinin həyata keçirilməsi.
Maddə 8. Yol hərəkətinin təşkili zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
I. Yol hərəkəti təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə
bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə
olunması əsasında təşkil edilməlidir.
II. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi
ilə və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi qadağandır.
III. Yol hərəkətinin təhlükəsizliyi üçün real qorxu mövcud olan təcili hallarda nəqliyyat vasitələrinin və piyadaların
hərəkətinin təşkilində dəyişikliklər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin icrası yol hərəkətinin bütün
iştirakçıları üçün məcburidir.
Maddə 9. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi
I. Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri
sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə
nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti
nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və
təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
II. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri ilə yalnız Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş razılıq almış təsərrüfat
subyektləri məşğul ola bilərlər. Digər hüquqi və fiziki şəxslər tərəfindən avtomobil yollarında tikinti, yenidənqurma
və ya təmir işlərinin aparılması qadağandır.
III. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol
hərəkəti təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlillərin spesifik ehtiyaclarının təmin edilməsi ilə
bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.
IV. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair layihələr yol hərəkətinin təhlükəsizliyi
qaydalarının, normativlərinin və standartlarının tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarında ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır. Ekspertiza
keçirilməsi zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalıdır.
V. Şəhərlərarası avtomobil yollarının sanitariya-mühafizə zonasında yolların tikilməsinə, yol kompleksi tikililərinin
ucaldılmasına, səsudan qurğuların və çirkləndirici maddə tutucularının qurulmasına, mühəndis
kommunikasiyalarının, bionəqliyyat yollarının çəkilməsinə, yaşıllıq zolağı salınmasına, xidmət obyektlərinin
açılmasına və hərəkət təhlükəsizliyi tələbləri nəzərə alınmaqla, müəyyənləşdirilmiş qaydada hazırlanan və
razılaşdırılan layihələrə uyğun olaraq icazə verilir. Payız-qış mövsümündə yolun sanitariya-mühafizə zonasında
müvəqqəti qarsaxlayan qurğunun qurulmasına icazə verilir.
VI. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi təyinatlı
məsrəflərin azaldılması qadağandır.
VII. Müvafiq razılaşdırma olmadan, layihəçi layihələşdirməyə dair müəyyən edilmiş tələblərdən və ya tapşırıq
şərtlərindən kənara çıxdıqda, bu uyğunsuzluğu öz hesabına aradan qaldırır. Layihənin ayrı-ayrı hissələrinin həyata
keçirilməsini qeyri-mümkün edən şərait yarandıqda, işlərin icraçısı yol hərəkətinin təhlükəsizliyinə dair əlavə
tədbirlərin hazırlanması məqsədilə layihəçiyə və sifarişçiyə məlumat verməlidir.
VIII. Tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş avtomobil yollarının yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsinə dair inşaat normalarının, qaydalarının, standartlarının və digər normativ sənədlərin tələblərinə uyğunluğu
avtomobil yollarının qəbul edilmə aktı ilə təsdiq olunur. Avtomobil yollarının qəbul edilmə aktı yalnız nəzarət
qaydasında keçirilmiş müayinənin, yoxlamanın və sınağın nəticələri əsasında xüsusi komissiya tərəfindən verilir. Bu
komissiyanın təşkili qaydası və tərkibi, habelə avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın
və sınağın keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.