nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan
nəqliyyat vasitələrinin
sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir.
II. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində
aşağıdakılar aparırlar:
1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən
başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq
olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının --
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
2) tramvayların və trolleybusların -- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
3) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı
mexaniki nəqliyyat vasitələrinin (traktorların), kənd təsərrüfatında istifadə olunan və digər mexaniki nəqliyyat
vasitələrinin -- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
4) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji
nəqliyyat vasitələrinin -- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinin -- Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı;
III. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinin vahid
dövlət qeydiyyatını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı aparır.
IV. Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində
nəzərdə tutulmuş orqanlarda:
1) əldə edildiyi vaxtdan on gün ərzində;
2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində;
3) nəqliyyat vasitələrinin girov qəbul edildiyi vaxtdan on gün ərzində;
4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının
dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat
vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar.
Qeyd: Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma
mühərrikli velosipedi, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır.
Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun
valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin
qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam
vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi
nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan bir gün ərzində nəqliyyat
vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat
şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə
çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı
aparılır.
VI. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat
şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək
hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən
edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir:
1) ərizə;
2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində
əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi
üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq
sənəd və ya məhkəmənin qərarı;
4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların və ya vergilərin, yaxud ödənclərin
ödənilməsi barədə qəbz;
5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş
nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin
daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını.
VII. Əvvəl qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat
vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat
şəhadətnaməsi və nişanları ilə təmin olunur, nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi
şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən
xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci və üçüncü hissələrində
nəzərdə tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir.
VIII. Dövlət qeydiyyatının aparılması və daimi uçota alınması üçün nəqliyyat vasitəsinin təqdim edilməsi texniki
nasazlıq səbəbindən mümkün olmadıqda, nəqliyyat vasitəsinin sahibi ərizədə həmin səbəbi qeyd etməli və bu
maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqan tərəfindən ona göstəriləcək xidmət üçün əlavə haqq
ödəməlidir. Əlavə xidmət haqqının ödənilməsi barədə qəbz təqdim edildikdən sonra beş gün ərzində həmin orqan
nasaz nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq
məqsədi ilə müayinə keçirməlidir.
IX. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsini dövlət
qeydiyyatı üzrə daimi uçotdan aşağıdakı hallarda çıxarmalıdır:
1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata
almış müvafiq orqanın fəaliyyət göstərdiyi ərazinin hüdudlarından kənarda olduqda, habelə qeydiyyat yerinin
dəyişməsi ilə bağlı olan digər hallarda;
2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə;
3) nəqliyyat vasitələri çıxdaş edildikdə.
X. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti
gətirilən nəqliyyat vasitələri Azərbaycan Respublikasının sərhəd məntəqəsinin yaxınlığında yerləşən, bu maddənin
ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanında təxirəsalınmadan müvəqqəti
uçota alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir.
XI. Xarici dövlətlərdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 gündən artıq müddətə
müvəqqəti gətirilən nəqliyyat vasitələri, onları geriyə qaytarmaq barədə sahibinin verdiyi öhdəçilik və gömrük
orqanlarının verdiyi icazə sənədi əsasında, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanında nəqliyyat vasitəsi sahibinin əcnəbilər üçün vizasında göstərilən
müddətə, Azərbaycan Respublikası vətəndaşı üçün isə bir il müddətindən artıq olmamaq şərti ilə, onun öhdəçiliyi
müddətinə dövlət qeydiyyatından keçirilir. Bu zaman həmin nəqliyyat vasitələrinin xarici qeydiyyat sənədləri və
nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və
qeydiyyat nişanları ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları
nəqliyyat vasitəsi sahibinə geri qaytarılır.
XII. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitələrinin
müvəqqəti dövlət qeydiyyatının aparılması və müvəqqəti uçota alınması üçün, onların sahibləri və ya sərəncam
vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı
sənədləri təqdim etməlidirlər: