Maddə 15. Yol hərəkətinin nizama salınması
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün yol hərəkətinin vahid qaydaları müəyyənləşdirilir. Yol hərəkəti
Qaydaları bu Qanunla təsbit olunur və Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər
üçün məcburidir. Azərbaycan Respublikasında yol hərəkətinin xüsusiyyətlərini müəyyənləşdirən digər normativ-
hüquqi aktlar (xüsusi yüklərin daşınması, nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin istismarı, qapalı ərazilərdə
hərəkət etməsi və s.) yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalı və onlara uyğun olmalıdır.
Maddə 16. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılmasının təşkili
I. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması lazımi texniki-metodiki tədris vasitələri
ilə təmin olunmuş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış kurslarda
həyata keçirilir. Belə kursların fəaliyyəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilən "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında"
Əsasnamə ilə nizama salınır. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması ilə məşğul
olan bütün tədris müəssisələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyata
alınmalıdır.
II. Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və ixtisaslarının artırılması xüsusi proqramlar üzrə aparılır.
Müvafiq kateqoriyalı nəqliyyat vasitələrinin sürücüləri üçün proqramlar, dövlət təhsil standartları əsasında,
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq edilir.
III. Sürücülük vəsiqəsini almaq üçün yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələri idarəetmə məsələləri
üzrə təcrübi imtahanlara müstəqil hazırlanmasının qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
Maddə 17. Nəqliyyat vasitələri sürücülərinin sağlamlığının qorunması və onlar üçün lazımi əmək şəraitinin
yaradılması
I. Nəqliyyat vasitəsinin sürücüsünü işə götürmüş hər hansı fiziki və ya mülkiyyət formasından asılı olmayaraq
hüquqi şəxs:
1) yol hərəkəti hadisələrindən sürücünün sığortalanmasını təşkil etməlidir;
2) sürücülərin işini Azərbaycan Respublikasının qanunvericiliyinə, əmək və istirahət rejiminə uyğun olaraq təşkil
etməlidir;
3) sürücülərin əmək gərginliyinin və yorğunluğunun səviyyəsini azaltmağa yönəldilmiş lazımi tədbirlər görməlidir.
II. Sürücülərinin sayı 100 nəfər və daha çox olan nəqliyyat vasitələrinin sahibləri ixtisaslaşdırılmış tibbi idarə və
sağlamlaşdırma məntəqələri, tibbi-sanitariya hissələri, poliklinika bölmələri və səhiyyə müəssisələri yaradırlar.
Sürücülərinin sayı 100-dən az olan nəqliyyat vasitələrinin sahibləri isə, onlara tibbi xidmət göstərilməsi üçün ərazi
tibb müəssisələri ilə müqavilələr bağlayırlar.
Maddə 18. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi
I. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara məktəbəqədər, ümumtəhsil və xüsusi təhsil müəssisələrində,
habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada razılıq almış digər müəssisələrdə
öyrədilir.
II. Yollarda təhlükəsiz davranma qaydaları vətəndaşlara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanları tərəfindən hazırlanmış və təsdiq edilmiş nümunəvi proqramlar və metodik tövsiyyələr əsasında öyrədilir.
III. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi barədə müddəa müvafiq dövlət təhsil
standartlarına daxil edilir.
IV. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, bu maddənin birinci hissəsində nəzərdə
tutulmuş müəssisələr tərəfindən, yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi işinə köməklik
göstərməlidirlər.
V. Yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi üçün kütləvi informasiya
vasitələrindən də
istifadə oluna bilər.
Maddə 19. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı
I. Yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin məcburi
qaydada tibbi müayinədən və təkrar müayinədən keçməsindən, nəqliyyat vasitələri sürücülərinin reys qabağı,
reysdən sonra cari tibbi müayinədən keçməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi
yardım göstərilməsindən, yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə, ixtisaslı həkim köməyinədək ilk
tibbi yardım göstərilməsi üsullarının yol hərəkəti iştirakçılarına, Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının və ixtisaslaşdırılmış bölmələrin vəzifəli şəxslərinə, habelə əhaliyə öyrədilməsindən ibarətdir.
II. Məcburi tibbi müayinənin və təkrar müayinənin məqsədi sürücülüyə namizədlərin və nəqliyyat vasitələri
sürücülərinin sağlamlığının sürücülük fəaliyyətinə zidd göstəricilərinin və ya digər məhdudiyyətlərin müəyyən
edilməsindən ibarətdir.
III. Yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərə göstərilən tibbi yardım aşağıdakılardan ibarətdir:
1) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə ilk tibbi yardımın göstərilməsindən;
2) yol-nəqliyyat hadisələrinin baş verdiyi yerdə, tibb müəssisəsinə gedərkən və tibb müəssisəsində tibbi yardımın
göstərilməsindən.
IV. Məcburi tibbi müayinənin dövriliyi, onun keçirilməsi qaydası, Azərbaycan Respublikası vətəndaşları tərəfindən
nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısı, habelə yol-nəqliyyat
hadisələri zamanı zərər çəkmiş şəxslərə tibbi yardımın təşkili qaydaları Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 20. Yol-nəqliyyat hadisələrində zərər çəkənlərə tibbi yardım göstərilməsinin təşkili
I. Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım
göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr və güclü təsir
göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu
aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər.
II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mütəxəssislərlə, şöbə və palatalarla təchiz
olunmuş, müayinə və müalicə etmək imkanına, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
stasionar postları ilə rabitə əlaqəsinə malik olan müalicəxanaları yolların konkret sahələrinə təhkim edirlər. Bu
müalicəxanalar yol-nəqliyyat hadisəsi yerinə dərhal getmək və zərər çəkənlərə zəruri tibbi yardım göstərmək üçün
lazımi tədbirlər görməlidirlər.
III. Yolların yaxınlığında olan tibb müəssisələri (xəstəxanalar və müalicə-profilaktika müəssisələri) rabitə vasitələri
ilə təchiz edilməli və tibbi yardım çağırışlarına cavab verməlidirlər. Yollara təhkim edilmiş xəstəxanalar və təcili
yardım stansiyaları da müvafiq rabitə cihazları ilə təmin olunur. Məlumatı qəbul etməməyə, eləcə də yol-nəqliyyat
hadisəsi yerinə vaxtında getməməyə və ya ixtisaslı tibbi yardım göstərməməyə görə, tibbi heyətin məsul şəxsləri
Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
IV. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrində xüsusi dərman qutularının olmasını, onların
komplektləşdirilməsini təmin etməlidirlər.
Maddə 21 Ətraf mühitin mühafizəsi
I. Mexaniki nəqliyyat vasitələrini layihələşdirən, istehsal və istismar edən fiziki və hüquqi şəxslər göstərilən
nəqliyyat vasitələrinin ətraf mühitə çirkləndirici maddələr buraxmasının, eləcə də səs-küyün və vibrasiyanın
qarşısını almaq və onları azaltmaq üçün tədbirlər görməlidirlər. Tullantılarında müəyyən edilmiş normadan artıq
çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin istehsalı, idxalı və istismarı qadağandır.
II. Bütün hüquqi və fiziki şəxslər müvafiq nəqliyyat tipinin ətraf mühitə tullantılarında çirkləndirici maddələrin yol
verilən hədlərini və fiziki təsir göstərilməsinin yol verilən səviyyələrini müəyyən edən normativlərə əməl
edilməməsi üçün məsuliyyət daşıyırlar.