27
...Dün biri haykırdı: çaldığım sazdır,
Xəzanım bulunmaz, günlərim yazdır.
Baxdım: rəngi solğun, ruhu da azdır,
Fidanın yerində gəzənlərə bax!
“Bax” rədifli qoşmada özünün ilk gənclik illərindəki port-
retini görən S.Rüstəm məqalələrindən birində Ə.Cavadı yeniliyin
düşməni kimi ifşa etmək üçün bu bəndləri ondan sitat kimi gətir-
mişdi. Nizami muzeyində həmin qoşmanın daha mükəmməl bir
variantı qorunur. Mənzərənin tamlığı naminə qoşmanın digər
bəndlərini də burada verməyi məqsədəuyğun sayıram:
Küsərlər, bilməzlər küsdükləri nə,
Dün küsənlər bu gün barışır yenə.
Öylə ki, səs düşür, qızışır çənə,
Sənət meydanına girənlərə bax!
Hələ vardır biri, “kişidir-kişi”!
Öylə ki, bir parça qarışdı işi,
Bərəldib gözünü, qıcırdıb dişi,
Yazdığı bol çərən-pərənlərə bax!
Beləliklə də Yazıçılar İttifaqının Mart (1937-ci il) plenu-
munda Ə.Cavadın əleyhdarları təkcə son hadisə və əhvalatlarla
kifayətlənmir, keçmişlərə də əl atır, ədəbi həyatın gündəlik, adi
faktlarına siyasi don geydirib eybəcər şəkildə meydana çıxarır-
dılar.
Bütün bunlardan, bir çoxunu burada qeyd etmədiyim hü-
cum və təkliflərdən sonra plenumun Ə.Cavad haqqında qəti və
amansız qərarı müəyyən edilir: “Kontrrevolyusioner, millətçi,
müsavatçı ideologiyadan özünü təmizləmək üçün heç bir ciddi və
28
səmimi iş görməyən Ə.Cavad özünün plenumdakı çıxışı ilə bir
daha sübut etdi ki, o qətiyyən sovet yazıçılarının Nizamnaməsinin
tələblərinə riayət etməyir, onun müddəalarını həyata keçirmək
istəmir, sovet platformasında durmur, sosializm quruluşunda
aktiv iştirak etmir. Buna görə də Azərbaycan Sovet Yazıçıları İt-
tifaqının plenumu Əhməd Cavadı öz sıralarından çıxarmağı qə-
rara alır”.
Lakin şairin Yazıçılar İttifaqından çıxarılması da müəyyən
dairələr arasında anti-Cavad ehtiraslarını söndürə bilmədi. Onun
haqqında materiallar artıq yenə İttifaq (Moskva) mətbuatına yol
tapır, çıxışların ahəngi daha sərt, tələbləri isə daha dəhşətli olur-
du. Əvvəlcədən də bolşevik-daşnak siyasətçilərin gözündə “əskisi
tüstülü” görünən Ə.Cavadın Yazıçılar İttifaqından çıxarılması in-
zibati orqanların əl-qolunu daha da açdı və iyunun 3-də Əhməd
Cavad həbs edildi. Azərbaycan yazıçılarına divan tutulmasında o
zaman “Pravda”nın necə qızışdırıcı rol oynadığını aydın təsəvvür
etmək üçün həmin qəzetin 8 iyun 1937-ci il tarixli sayında
müxbir Q.Rıklinin dərc etdirdiyi “Düşmənin hiylələri (Azərbay-
can Yazıçılar İttifaqında)” adlı məqalə çox səciyyəvidir. İttifaqın
rəhbərlərindən S.Şamilov müxbirlə söhbətində lovğalanır ki, “Biz
Ə.Nazimi, Ə.Cavadı, M.Rəfilini (İttifaqdan) çıxarmışıq”. Lakin
“Pravda” əjdahasının iştahını bununla təmin etmək çətin idi.
Müxbir yazır: “İş bundadır ki, İttifaqın idarə heyəti digər təşkilat-
lar tərəfindən artıq ifşa edilmiş olan düşmənləri qızğın ifşa edir”.
Beləliklə də qəzet “sinfi mübarizə” meydanında qanları tökülmək
üçün Azərbaycan yazıçılarından yeni, hələ başqa təşkilatlar tərə-
findən ifşa edilməmiş qurbanlar tələb edirdi...
Ailə üzvlərinin dediyinə görə, Ə.Cavad totalitar rejim şəra-
itində onu nə gözlədiyini bilirdi. Şairin yayınıb aradan çıxmağa,
məsələn, Türkiyəyə getməyə imkanı var idi. Lakin o, belə şeyi
xəyalına belə gətirmək istəmirdi. Uşaqlarını, ailəsini ilahi bir
29
məhəbbətlə sevən bir şair özünü qorumaq naminə onları atıb
uzağa gedərdimi? Bu da onun xarakterinin əsas xüsusiyyətlərin-
dən, vüqarından, əyilməzliyindən doğan bir keyfiyyət idi. Yaxın
adamları etiraf edirdi ki, həyatının ən çətin anlarında belə Ə.Ca-
vadı sarsılan, sıtqıyan, şikayətlənən, dərin kədərə qapılan gör-
məmişdilər. O hər şeyə nikbin, xeyirxah nəzərlə baxmağa adət et-
mişdi. Həm də bu, təkcə adət deyilmiş. “Onun öz varlığından,
daxilindən qaynayan duyğulardan süzülüb gələn sehrli inam,
güclü bir işıq” imiş. Düşmənlər də yarasa kimi hər şeydən çox bu
işıqdan qorxduqları üçün onu amansızcasına söndürdülər.
Əhməd Cavadın sovet hakimiyyəti illərində təqib olunması,
dəfələrlə həbs edilməsi, mühakiməsi, məhbəsdə çəkdiyi əzab və
işgəncələr, başda ömür-gün yoldaşı Şükriyyə ana olmaqla ailə-
sinin məruz qaldığı faciələr haqqında məlumatı oxuyanda dəhşətə
gəldim. Bu məlumatı qeydə almaq üçün qələm götürəndə həyə-
canımdan əlim titrədi. Keçmiş Azərbaycan Xalq Daxili İşlər
Komissarlığının arxivindəki 12493 nömrəli istintaq işində bu ba-
rədə çox dəhşətli materiallar var. On illərin qadağan və yasaqla-
rından sonra, nəhayət, həmin istintaq işi haqqında ətraflı məlumat
xalqa çatdırılmışdır. (Bax: “Xalq qəzeti”, 7 mart, 1992-ci il) Bu
məlumatda Dövlət Təhlükəsizliyi idarəsi dördüncü şöbəsinin tər-
tib etdiyi bir arayışın məzmunu açıqlanır. Həmin arayışda Ə.Ca-
vadın məsuliyyətə cəlb edilməsinin zərurəti belə “əsaslandırılır”:
“Axundzadə Əhməd Cavad... 1918-ci ildən Müsavat partiyasının
üzvüdür. 1920-ci ildən 1923-cü ilədək Müsavat Mərkəzi Komi-
təsinin birinci gizli Heyətinin üzvü olmuş, buna görə də 1923-cü
ildə həbs olunmuş və deklarasiya ilə azad edilmişdir. Müsavatçı
“Yaşıl qələmlər” ədəbi cəmiyyətinin rəhbərlərindən biri olmuş-
dur... Öz müsavatçı mövqelərindən əl çəkməmiş və gizli müsa-
vatçılıq işini davam etdirərək ətrafına toplaşan gənc Azərbaycan
şairlərinə müsavat ruhunda təbliğat aparmışdır. Əhməd Cavad
30
respublikanın partiya və hökumət rəhbərlərinə, onların yeritdiyi
milli siyasətə əksinqilabi müsavat mövqeyindən böhtan atmış-
dır... Əksinqilabi burjua millətçi təşkilatının işində iştirak etmiş-
dir”.
Diqqət edilərsə görmək heç də çətin deyil ki, sivilizasiyalı
ölkələrdə qəbul edilmiş adi beynəlxalq hüquq normalarına əsa-
sən, bu arayışda deyilənlərin hamısı üst-üstə qoyulsa belə, yenə
də Əhməd Cavadı cinayət məsuliyyətinə cəlb etmək üçün heç bir
ciddi hüquqi əsas yoxdur. Mətndə tez-tez işlədilən müsavat kəl-
məsi və onun törəməsi olan müsavatçı anlayışı rus bolşevizminin
və erməni daşnaklarının oddan qorxan kimi qorxub çəkindikləri
anlayışlar və bu anlayışların əks etdirdiyi qüvvə olmuşdur. Çariz-
mi yıxdıqlarına baxmayaraq imperiya iddialarını ciddi-cəhdlə
yenidən bərqərar edən bolşeviklərin, eləcə də “Böyük Ermənis-
tan” xülyası ilə o zaman da indiki kimi canfəşanlıq edən daşnak-
ların Yaxın Şərqdəki islam ölkələrində, türk bölgələrində, xüsu-
sən Qafqazda yeritdikləri anti-türk, anti-islam siyasətinin qarşısı-
na çəkilən qüvvətli sədlərdən biri məhz müsavat olmuşdur. Azər-
baycan xalqını hələ çar zamanında milli istiqlal uğrunda müba-
rizəyə hazırlayan, onu 1918-ci ilin baharında ilk milli demokratik
cümhuriyyət qurmağa gətirib çıxaran ən işıqlı qüvvə məhz Mü-
savat partiyası və bu partiyanın ətrafında birləşən digər ictimai-
siyasi qurumlar olmuşdu. M.Ə.Rəsulzadə kimi görkəmli partiya,
dövlət xadimləri ilə yanaşı Üzeyir Hacıbəyov kimi bəstəkar və
jurnalist, Seyid Hüseyn kimi tənqidçi və nasir, C.Cabbarlı kimi
dramaturq, Ə.Cavad kimi şair, yüzlərlə digər elm, sənət, ədəbiy-
yat xadimləri, xalqımızın rövşənfikir, hürriyyətpərvər övladları
cəmiyyətin xilasını məhz müsavat hökumətində görmüş və öz
taleyini onunla bağlamışdı. Buna görə də Odlar yurdunu həmişə-
lik bolşevik-daşnak əsarəti altında saxlamaq üçün düşmənlər ilk
növbədə Azərbaycan xalqının görən gözü, çarpan qəlbi, namusu