11
həm orduya əlindən gələn mənəvi köməyi edir, həm də öz xal-
qını, millətini oyadırdı.
1916-cı ildə xeyriyyə fəaliyyəti ilə əlaqədar Batumun
küçələrini dolaşarkən Ə.Cavad gələcək həyat yoldaşına, sonralar
şirinli-acılı ömrünün dayağı olmuş Şükriyyə xanıma rast gəlir və
təlatümlü şair qəlbi ilə ona vurulur. Qız da bu gənc və yaraşıqlı,
sinəsi dolu, istedadlı Azərbaycan şairinin duyğularına biganə
qalmır. Batum zadəganlarından Süleyman bəyin və onun arvadı
Səhər xanımın övladı olan Şükriyyə o zaman qızlar gimnaziyası-
nın son sinifində oxuyurmuş. Süleyman bəy Ə.Cavadı tanıdığına,
onun xeyriyyəçilik fəaliyyətində öz maddi imkanları ilə yaxından
iştirak etdiyinə baxmayaraq şairin göndərdiyi elçiyə, yazıçı Əli
Səbriyə müsbət cavab vermir. Lakin bu, gənclərin bir-birinə olan
məhəbbətini daha da qüvvətləndirir. Onlar çox çətinliklə də olsa
məktublaşırlar... Əhməd Cavad Şükriyyə xanımı götürüb qaçır və
onlar birlikdə Gəncəyə gəlirlər. Şair burada müəllimliklə məşğul
olur, 1917-ci ildə ailənin ilk övladı Niyazi dünyaya gəlir. Ba-
tumdakı qohumlarla münasibətlər də yoluna qoyulur.
1917-ci ildə Rusiyada öz ziddiyyətlərinə görə bəşər tarixin-
də bəlkə də heç bir ictimai-siyasi hadisə ilə müqayisə oluna bil-
məyən Oktyabr çevrilişi baş verir. Şüarlarda ictimai azadlıqla ya-
naşı həm də imperiyada amansız milli zülmə məruz qalan xalq-
lara öz müqəddəratını təyin etmək hüququ verilir. Ucqarların bir
çoxunda olduğu kimi, Azərbaycanın da vətənpərvər övladları ya-
ranmış bu fürsətdən istifadə edərək Tiflisdə toplanıb çox böyük
çətinliklərlə, maddi və mənəvi məhrumiyyətlər hesabına da olsa
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıl-
dığını elan edirlər. Xalqımızın tarixində ilk demokratik dövlət
təsisatı olan bu cümhuriyyətin ilk paytaxtı Ə.Cavadın çalışdığı
Gəncə elan edilmişdi (az sonra hökümətin Bakı şəhərinə köçürül-
düyü məlumdur). Ə.Cavad da buraya daxil olmaqla xalqımızın
12
qabaqcıl oğullarının, vətənpərvər, tərəqqipərvər ziyalılarının hə-
yatında, taleyində bu yeni müstəqil dövlətin nə demək olduğunu
aydın təsəvvür etmək üçün şairin bu zaman yazdığı şerlərilə
ümumi tanışlıq kifayətdir ki, onlarda əks etdirilən azadlıq, vətən-
pərvərlik ideyalarının vüsətinə inanasan.
Bu şerlərdən biri musiqisini sonralar əsrin qüdrətli bəstə-
karlarından biri kimi tanınmış Üzeyir Hacıbəyovun yazdığı Azər-
baycan Xalq Cümhuriyyətinin himnidir. Himn çox böyük fikri-
bədii təsir qüvvəsinə malikdir. Hər bir azərbaycanlını yerindən
oynadan, az qala mühiti lərzəyə gətirən melodiyası ilə həmahəng
oxunduqda bu təsir qat-qat qüvvətlənir və adama elə gəlir ki,
onun sözləri adicə mürəkkəblə yox, şairin ürəyinin qanı ilə yazıl-
mışdır.
Bu himnin ilk baxışda çox dar görünən meydanında şair
doğma Azərbaycanın miniatür poetik tarixçəsini vermişdir: tək-
rarsız təbii gözəlliklərə, bərəkətli torpaqlara, təravətli şəfa sula-
rına, zəngin yeraltı sərvətlərə malik olan yurdumuz əsrlər boyun-
ca xarici işğalçıları cəlb etmiş, gözəllikləri öz başına bəla kəsilən
torpağımızda cahangirlər zaman-zaman at oynatmışlar. Xalqın
qeyrətli oğulları istiqlal davalarında qəhrəmanlıqla vuruşub bir
sıra hallarda qüvvələrin bərabər olmaması ucbatından həlak olsa-
lar da, ölümsüzlüyə qovuşmuş, vətəni xəritələrdən silinməyə qoy-
mamış, onun mənəviyyatını, dilini, ədəbiyyatını qorumuşlar.
Onların şərəfli adları tarixin şanlı səhifələrinə ölməz qəhrəmanlar
kimi daxil olmuşdur. Məhz buna görə bu gün hər bir qeyrətli
cavan vətənin, xalqın “namusunu hifz etməyə”, “bayrağını yük-
səltməyə” hazırdır. Nəqəratda dönə-dönə təkrarlanan “Azərbay-
can!”, “Azərbaycan!” nidası mətnin və musiqinin bütün tərkib
hissələrini özündə birləşdirən böyük və qüdrətli bir akkord kimi
səslənərək, onların hamısını himnin əsas məqsədi, baş ideyası
ətrafında toplayır.
13
Ə.Cavadın 1918-1920-ci illərdə yazılmış məqalələri yalnız
şairin özünün deyil, bütünlükdə Azərbaycan xalqının, o cümlədən
də gəncəlilərin ölkədə baş vermiş bu böyük hadisədən necə təsir-
ləndiklərini, onların yüksək vətənpərvərlik duyğularını əks etdir-
məkdədir. Həmin məqalələr müəyyən dərəcədə şairin tərcümeyi-
halının da üzərinə işıq salmaqdadır. Çünki Ə.Cavadın bu dövrdə
yazılmış bir sıra şerlərilə publisistik yazıları arasında təkcə möv-
zu ümumiliyi yox, həm də fikir, qənaət birliyi, əqidə, fəaliyyət
uyarlığı vardır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması-
nın ilk ildönümünə - xalqımızın rus imperiyasının zülmündən xi-
las olub qurduğu birinci müstəqil dövlətinin birinci yubiley təntə-
nəsinə həsr olunmuş “Gəncədə istiqlal günü” məqaləsi (“Ədə-
biyyat qəzeti”nin 22 may 1992-ci il tarixli nömrəsində Abbas
Çingizov nəşr etdirmişdir) bu baxımdan çox səciyyəvidir. 1919-
cu ilin 28 may günündə Gəncədə keçirilən bayram təntənələri
haqqında təəssüratdan ibarət olan bu məqalə göstərir ki, Ə.Cavad
təkcə şerlərində deyil, publisist çıxışlarında da ardıcıl surətdə
Azərbaycanın istiqlalını xalqımıza tarixən nəsib olmuş ən böyük
nemət kimi təqdim və tərənnüm etmişdir. O zaman “Azərbaycan
Demokratik Cümhuriyyəti xalqın hökuməti deyil, yalnız beş-on
nəfərin təsəvvüründən doğan uydurma bir şeydir” iddiasında olan
bədxahlarımızın qara niyyətlərini alt-üst edən bu yazıda qarşılaş-
dığımız “28 mayis”, “üç rəngli milli bayraq”, “milli ordu”, “istiq-
lal bayramı”, “türk birliyi”, “şəhidlər”, “qərib qurbanlar” anlayış-
ları bu və ya digər şəkildə Ə.Cavadın 1918-1920-ci illər arasında
yazdığı bir sıra şerlərinə səpələnmiş incilər kimi par-par parılda-
mırmı?
Şəhidlərimizə, o cümlədən də Türkiyədən gəlib Azərbayca-
nın səadəti yolunda canından keçmiş qardaşlarımıza həsr etdiyi
şerlər öz səmimiyyəti, kövrəkliyi, həm də mübarizə ruhu ilə Əh-
məd Cavadın ən yaxşı əsərlərindəndir. Təəssürat səciyyəsi daşı-
14
yan, bir növ hesabat, reportaj ruhunda yazılmış “Gəncədə istiqlal
günü” məqaləsində də şəhidlər motivi Ə.Cavadın diqqət mərkə-
zindədir: “Camedən müntəzəm bir surətdə çıxan cəmaət... came-
nin qarşısındakı məzarlarda yatan şəhid türk qardaşlarını da yada
saldı. Bizi qurtarmaq üçün özlərini öldürən bu əsgərlərin ruhunu
şad etmək üçün önlərində bütün başlar əgilib, gözlər yaşardı!
Bayrağından uzaq düşən bu möhtərəm şəhidlərə bayrağımız baş
əgdi!.. Hələ o dərin bir sükut ilə oxunan fatihədəki bəlağətə, vü-
zuhə, sidqə dünyanın əski-yeni bütün şerləri, məntiqləri yetişməz-
di! Bu abidəsiz, qərib qurbanların müstəqil vətənləri nə haldadır,
Allahım!?”.
1920-ci ilin aprel ayının sonlarında tərkibi əsas etibarilə rus
bolşeviklərindən və erməni daşnaklarından ibarət olan XI Qırmızı
Ordu Azərbaycana soxulur. İdealları uğrunda Ə.Cavadın fəal
mübarizə apardığı Azərbaycan Demokratik Cümhuriyyəti yıxılır.
Cümhuriyyətin süqutundan bir neçə ay sonra Ə.Cavad təyinatla
Qusara müəllim göndərilir. O, ailəsilə birlikdə Qusarın Xuluq
kəndinə köçərək burada müəllimliyə başlayır. Tezliklə həmin
məktəbin direktoru vəzifəsi ona tapşırılır. Öz vəzifəsinin öhdəsin-
dən yüksək səviyyədə gəldiyi barədə Quba qəza xalq maarifi
şöbəsindən verilmiş xasiyyətnamədə məlumat var.
Xuluqda işlərkən dönük taleyin Əhməd Cavadla başladığı
amansız bir oyunun, böyük bir faciənin ilk düyünləri vurulur.
Sonralar Azərbaycanda Fövqəladə Komissiyanın (ÇK) sədri,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin başçısı
olmuş Mir Cəfər Bağırov da həmin kənddə Ə.Cavadla bir yerdə
işləyirdi. Şair özünün xalq ruhunda, türkçülük əhvali-ruhiyyəsilə
yazdığı əsərlərindən bəzilərini Bağırova oxuyur, o da bunları
bəyənirmiş. Üstündən 16-17 il keçdikdən sonra Ə.Cavadın ağır
repressiyaya məruz qalmasında, cəlladların əli ilə nakam həyatına