Kapitalizm bu səbəblə insanın nəyə inandığına, nə dediyinə, düşündüyünə
baxmaz, qarışmaz. Amma malına toxundunmu heç bağışlamaz.
Ancaq kommunizm bunun tərsinə, haqlı-haqsız, pis-yaxşı bütün fərqli
düşüncələrin, inancların əleyhinədir. Mala, mülkə, vəzifəyə özü istədiyi kimi
inandığın zaman sahib ola bilərsən. Yoxsa kim və nə olursan ol, sənə bunları
əldə etməyə haqq tanımazlar. Qısacası kommunizm özü kimi inananlardan ibarət
olan dövlətə və məqsədlərə qul etməyə çalışan teokratik bir sistemdir.*
A-DİNƏ ƏSASLANAN PARTİYA
48. İslami partiya olmaz, amma müsəlmanların partiyası ola bilər. Bu iki anlayış
arasında fərq vardır. İslam bir dindir. Bu dinin hədəfi (adresatı) insanlardır. O,
dünyəvi mənfəətlər əldə etmək üçün bir vasitə kimi istifadə edilə bilməz.
Vəzifəsi dini təbliğ etməkdən ibarət olan peyğəmbərlərin ortaq bəyanatlarından
biri belə idi:
“Mən bunun (risalətin – dinin təbliğinin) müqabilində sizdən heç bir muzd
(əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir”. (Şüəra
26/180)
49. Dinə qarşı çıxanlar din təbliği ilə iqtidar mübarizəsini qarışdırır. Musa (a.s.)
ilə dövrünün ən böyük krallarından olan Fironun söhbəti bu baxımdan çox
əhəmiyyətlidir:
“Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbinin bir elçisiyəm.
Mən Allaha qarşı həqiqətdən uzaq bir şey danışmamağa borcluyam. Sizə
Rəbbinizdən bir açıq-aşkar bir dəlil (möcüzə) gətirmişəm. İndi İsrail
oğullarını mənimlə bərabər göndər”. (Əraf 7/104-105)
Firon dedi: “Aləmlərin Rəbbi nədir? (O nə cür olan bir şeydir?)”
(Musa:) “Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O göylərin, yerin və onların
arasında olanların (bütün məxluqatın) Rəbbidir” – deyə cavab verdi.
Bu hadisədə Musa (ə): “İsrailoğullarını mənimlə bərabər göndər!” - dediyi halda
Firon, əksinə, onun iqtidarı ələ keçirmək istədiyini iddia edərək milli duyğuları
istismar etmişdir. Gəlin, Fironun sözlərinə bir daha diqqət yetirək:
“O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir!”
Halbuki, Musa (ə) İsrailoğulları ilə birgə getmək istəyirdi. Firon Musanın nə
dediyini yaxşı başa düşür, amma sanki onun “pərdəarxası” niyyətini sezmiş kimi
davranaraq demaqoqluq edir və özünü deyil, xalqını düşündüyünü göstərməyə
çalışır. Çünki həqiqəti açıqlamaq işinə yaramır.
50. Bu səbəbdən, İslamdan iqtidara gəlmək üçün bir vasitə kimi istifadə etmək
doğru deyildir. Belə vəziyyətdə səlahiyyətli şəxslər, dövlət məmurları İslam
xüsusunda hislərə əsaslanan yanaşma nümayiş etdirəcəklər. Çünki heç kim
əlindəki imkanları itirmək istəməz. Digər tərəfdən, bu davranış iqtidar hərisliyi
ilə yanıb qovrulanları da hərəkətə keçirir. Nəticədə, bəzi şəxs və qüvvələr
iqtidarı itirməmək üçün dinə qarşı çıxdığı halda, bəziləri də iqtidara gələ bilmək
üçün dindən sui-istifadə edir. Hər ikisi də dinin olduğu kimi dərk edilməsinin və
insanların bu xüsusda təsir altına düşmədən qərar qəbul etməsinin qarşısını
almağa çalışır.
51. Qeyd etdiyimiz kimi, İslamın partiyası olmasa da, müsəlmanların bir vəya
bir neçə partiyası ola bilər. Həmin partiyalar platformalarını təqdim edərək
lazımi bilik və təcrübəyə sahib olduqlarını göstərə və iqtidar mübarizəsinə qatıla
bilər. İqtidara gəldikləri təqdirdə isə dövləti din adı altında deyil, öz mandat və
səlahiyyətlərinə əsaslanaraq idarə etməlidirlər. Yaxşı idarə edərlərsə, savabı
özlərinə, pis idarə etdikləri halda da, vəbalı yenə özlərinə aid olur. Çünki
İslamda səhv yoxdur, amma müsəlmanda ola bilər.
*52. Dinin bir tək sahibi vardır o da Allahdır. Bütün səlahiyyətlər də Ona
məxsusdur. Allah öz dinini qəbul edib etməməkdə insanları sərbəst buraxmışdır.
Çünki imtahan ediləcək insanlar üçün sərbəstlik qaçınılmazdır. Əgər Allah