Kamran NƏZİRLİ



Yüklə 0,93 Mb.
səhifə11/12
tarix26.09.2017
ölçüsü0,93 Mb.
#1736
1   ...   4   5   6   7   8   9   10   11   12

Qanadlı Qoca MƏLƏK

Yağış üçüncü gün idi ki, dalbadal tökürdü. Onlar çətinliklə də olsa evə soxulan onayaqlı dəniz xərçənglərini eşiyə qo­vur­dular; Pelayo çubuqla xərçəngləri vurur, sonra su basmış həyətə daşıyır, daha sonra isə dənizə tullayırdı.

Ötən gecə təzə doğulan körpənin qızdırması qalxdı; görünür, nəmişlik və üfunətdən idi. Çərşənbədən bəri külli-aləm qəm-qüssəyə bələnmişdi; göy və dəniz sanki bozumtul, kül rəngli kütləyə dönmüşdü; adətən martda xırda qumcuqlar üstündə işıldayan sahillər və çimərlik indi palçıq­lıydı, onurğasız, yumşaq cəmdəkli çürümüş heyvanların sulu hor­rasına çevrilmişdi. Günün günorta çağı hava elə qaranlıq oldu ki, Pelayo həyətdəki ləmin küncündə tərpənən və yanıqlı-ya­nıqlı inildəyən şeyə baxmağa macal tapa bilmədi. Bir qədər yaxına gəldi, gördü ki, bu, həddən artıq qocalıb əldən düşmüş bir məxluqdu; üzüqoylu palçığın içinə düşüb; görünür, ayağa durmağa cəhd edib, lakin nəhəng qanadları buna imkan verməyib.

Pelayo bu kabusdan qorxdu, xəstə körpəsinin alnına yaş sarğı qoyan arvadı Elisəndini çağırmağa qaçdı. Onlar ikilikdə palçığa batmış bu qəribə məxluqa kirimişcə baxdılar; elə bil hər ikisini don vurmuşdu. Qorxunc məxluq dilənçi kökündəydi. Onun rəngsiz tükləri yalın alnına tökülmüşdü, ağzında demək olar ki, bir dənə də dişi qalmamışdı; bütün vücudunda böyük­lük­dən əsər-əlamət yox idi. Amma qırğınınkına bənzəyən yekə, zavallı qanadları bu yarımbədbəxt həyətin keçilməz palçığında batıb qalmışdı. Pelayo və Elisəndi bu adama uzun müddət diqqətlə tamaşa etdilər, nəhayət, onun qəribə görkəminə alışdılar. Qəribə məxluq onlara hardasa tanış kimi də gəldi. Daha sonra ər-arvad ürəklənib hətta onunla danışmağa başladı. Lakin o, başa düşülməyən hansısa şivədə cavab verdi, səsi xırıltılı dənizçi səsinə bənzədi. Pelayogil məxluqun qanadlarını unudub dərhal düşündülər ki, bu, fırtına zamanı dənizdə batan hansısa xarici gəmidən düşmüş matros ola bilər. Hər halda, onlar hər iki dünyanın işlərindən başı çıxan çoxbilmiş qonşu arvadı çağırdılar. Qonşu arvad qorxunc məxluqa baxan kimi onların ehtimallarını alt-üst elədi, dedi:



  • Bu mələkdir; yəqin, onu uşağın dalınca göndəriblər, amma yazıq o qədər qocalıb əldən düşüb ki, belə leysana tab gətirməyib... yerə yıxılıb...

Çox keçmədi ki, Pelayonun doğruçu mələk tutması barədə hər yerə xəbər yayıldı. Çoxbilmiş qonşu arvad deyirdi ki, müasir mələklər nəsə başqa cür olur. Guya onlar lap qədimdən Allaha qarşı sui-qəsddə iştirak edib, buna görə də göylərin qəzəbindən qaçaraq yerdə daldalanıblar. Buna baxmayaraq, bu mələyi öldürməyə heç kəsin əli qalxmadı. Pelayo və arvadı günün qalan hissəsini mətbəxin pəncərəsi önündə qanadlı qoca mələyi izləməklə keçirdilər. Pelayo hər ehtimala qarşı əlində kəndir də tutmuşdu. Axşamçağı mələyi palçığın içindən dartıb çıxartdı və onu toyuq hininə salıb qapısını bağladı.

Gecə yarı yağış kəsdi. Pelayo və Elisəndi hələ də xərçənglərlə əlləşirdilər. Az sonra uşaq yuxudan durdu; yemək istədi, qızdırması düşmüşdü. Ər-arvadın ürəyi mərhəmətlə doldu. Onlar qərara aldılar ki, mələk üçün sal düzəltsinlər, ona üç günlük su və ərzaq versinlər, sonra da onu dalğaların ixtiyarına buraxsınlar. Lakin sübh tezdən həyətə düşəndə gördülər ki, qəsəbənin demək olar ki, bütün sakinləri bura yığışıblar. Camaat toyuq hininin qapısı ağzında durub mələyə tamaşa edir, dəmir şəbəkəli qapının deşiklərindən xırda çörək parçalarını içəri tullayırdı. Elə bil göylərin məxluqunu deyil, zooparkda heyvan yedizdirirdilər.

Saat yeddiyə yaxın Qonsak Ata gəldi. O, qeyri-adi xəbərdən çox təşvişliydi. Keşiş gələndə toyuq hininin qarşısına daha mötəbər adamlar yığışmışdı. Hamı əsir mələyin aqibətindən danışırdı. Sadəlövh qadınlar hesab edirdilər ki, qoca mələyi yer kürəsinin müdiri vəzifəsinə təyin edəcəklər. Daha dərrakəlilər güman edirdilər ki, mələyin bəxti gətirib, general olacaq, bütün müharibələri də udacaq. Bəzi xəyalpərvərlər isə məsləhət görürdülər ki, onu təbərrik kimi saxlasınlar; qoy bu mələk qanadlı və müdrik adamların yeni nəslini yaratsın. Bəlkə onlar dünyanı nizama salalar.

Qonsak Atanın keçmişi odunçu olmuşdu. Hinin məftil şəbəkəli qapısına yaxınlaşanda hər şey dərhal yadına düşdü; o, bunu xristianların şəriət kitabından öyrənmişdi. Qonsak to­yuq­lar arasında donub qalmış taqətsiz qorxunc erkəyə yaxından baxmaq üçün xahiş elədi ki, hinin qapısını açsınlar. Keşiş iri qanadları olan məxluqa yaxınlaşanda o, küncdə oturmuş, səhər yeməyi qırıntıları arasında qalmış açılmış qanadlarını günəşə sarı tutmuşdu. Qonsak onu latınca salamlayanda ətrafda baş verən­lə­rə tamamilə laqeyd olan qoca mələk az qala tor basmış gözlərini güc­lə açdı və öz şivəsində nəsə mızıldadı. Məhəllə keşişi özünü narahat hiss elədi. Gördü ki, bu məxluq Allahın dilini başa düş­mür və Allahın qullarına hörmət etməyi də öyrən­məyib. Keşiş ona diqqətlə nəzər yetirdikdən sonra anladı ki, bu yalançı mələk daha çox insana bənzəyir; ondan dözülməz pintilik iyi gəlir. Qoca mələyin qanadlarında xırda qurdlar qaynaşırdı, iri tük­lərini külək yolmuşdu və ümumiyyətlə, onun xarici görkəmində yüksək mənsəbə layiq məlakəlik yox idi. Qonsak Ata hindən çıxdı, həyətə yığışan sadəlövh adamlara təhlükə barədə moizə oxudu. Keşiş camaata xatırlatdı ki, şeytanın maskalanmaq kimi zibil bir xisləti var; şeytan sadəlövh adamları azdırır. Və sonda ədalət naminə qeyd etdi ki, əgər qanadlar qırğıyla təyyarə arasındakı fərqi müəyyən etmək üçün əsas element deyilsə, deməli, ən azı mələklərin tanınma əlamətləri ola bilərlər. Bununla belə, o, söz verdi ki, Yepiskopa məktub yazacaq, qoy o da Primasa yazsın; Primas da öz növbəsində Roma Papasına yaz­sın. Son hökm ən yüksək instansiyadan gələcək.

Keşişin ehtiyatlı olmaq barədəki çağırışları laqeydliklə qarşılandı. Əsir düşmüş mələk haqqında xəbər elə sürətlə yayıldı ki, bir neçə saatdan sonra həyət bazar meydanına döndü və hər an evi yerindən qopara bilən adamları dağıtmaq üçün ordu çağırası oldular. Elisəndinin zibil yığmaqdan beli ağrıdı, ağlına yaxşı bir fikir gəldi: həyəti çəpərləsin və mələyə baxmaq istəyən hər adamdan giriş üçün beş sentavo alsın.

Camaat hətta Martinik qəsəbəsindən gəlirdi. Uçan akrobatı olan səyyar sirk də gəlib çıxdı. Bu akrobat bir neçə dəfə ca­ma­atın üzərindən vıyıltıyla uçmuşdu, lakin ona bir elə əhəmiyyət verməmişdilər, çünki onun qanadları gecəquşununku ki­miy­di, mələk qanadları deyildi. Karib dənizinin sahil boyu əra­zilərində yaşayan ümidsiz xəstələr də şəfa tapmaq ümidilə gəldilər; uşaqlıqdan öz ürəyinin döyüntülərini sayan, artıq bu döyüntülərin sayını itirən bədbəxt bir qadın, Yamaykadan guya ulduzların səsindən heç vəchlə yata bilməyən bir əzabkeş, daha sonra hər gecə yuxudan durub gündüz düzəltdiyi şeyləri dağıdan bir lunatik və beləcə digər az təhlükəli xəstələr axışıb gəlmişdi. Yeri də titrədən bu basırıqdan Pelayo və Elisəndi usansalar da, özlərini rahat hiss edirdilər. Onlar bu bir həftə ərzində yaxşı pul yığıb döşəklərinin içinə doldurdular. Mələyə baxmaq üçün növbə gözləyən zəvvarların sayı isə azalmaq bilmirdi.

Qoca mələk bütün bunlardan narazı idi; zəvvarların gətir­diyi lampa və şamların cəhənnəm istisindən zinhara gəlib hinin bir küncünə qısılır, özünə rahat yer axtarırdı. Əvvəlcə onu kəs­kin qoxulu kamfora ilə yedizdirməyə çalışdılar; əgər çoxbilmiş qonşu arvada inansaq, guya bunlar mələklərin əsas qidasıdır. Lakin qanadlı qoca mələk ondan imtina etdi; daha sonra zəvvarların gətirdiyi dadlı səhər yeməklərini də yemədi. Onun məlakəliyini anlaya bilmirdilər. Bəlkə elə o, yeməkləri qoca olduğu üçün rədd edirdi? Qoca mələk yalnız badımcan kürüsü yeyirdi. Belə görünürdü ki, onun yeganə yüksək key­fiyyəti təmkinli olmasıdır; xüsusilə ilk günlər toyuqlar onun qanadlarına daraşmış qurdları dimdikləyəndə, əlil və şikəst zəvvarlar qanadlarındakı lələkləri öz yaralarının üstünə qoymaq üçün dartıb çıxaranda və daha möminləri isə onu yerindən dəbərtmək üçün daşlayanda təmkinini pozmurdu. Mələyi yalnız bircə dəfə - dağbasan közərmiş şişi böyrünə sıxanda özündən çıxartdılar. O, uzun müddət tərpənmədi, camaat onun ölüb-ölmədiyini yoxladı. O, çırpındı, sonra dik atıldı, öz şivəsində nəsə çığırdı, gözlərində yaş gilələndi; qanadlarıyla bir neçə dəfə zərbə endirdi. Toyuq kimi qanadlarını yerə çırparaq tozanaq qopartdı və içində qəfil soyuq yel əsdi; bu yel ona o biri dünyanın nəfəsi kimi göründü. Lakin çox adam hesab etdi ki, onun bu hərəkəti ağrıya qarşı adi reaksiyadır, qəzəb deyil. Bundan sonra çalışdılar ki, onu incitməsinlər. Bəlkə də hamı qandı ki, onun səbri və lal-dinməz qalması təqaüdə çıxan serafimin30 passivliyi deyil, yatmış qasırğanın sakitliyi əlamətidir, vəs­sa­lam. Əsir məxluqun aqibətinin ən yüksək səviyyədə həll olunacağını gözləyən keşiş Qonsak öz dini ehkamlarını yeritməyə çalışsa da, buna nail ola bilmədi. Lakin görünür, Romada “təcili” sözü barədə anlayış belə yoxdur. Vaxt ona gedirdi ki, müəyyən etsinlər görək, həmin bu göydəndüşmə adamın gö­bəyi var, ya yox; görəsən dilində aramey31 dilinə bənzərlik var­mı? Yaxud bu adamdan neçəsi iynənin sap keçən yerinə yerləşə bilər, bəlkə elə bu adam sadəcə qanadı olan norveçlidir? Əlbəttə, yuxarıdan o tərəf bu tərəf, təxminən əsrin sonuna yaxın, onun barəsində ətraflı məktub gələ bilərdi. Lakin günlərin bir günü qoca mələk məhəllə keşişinin bütün narahatçılığına son qoydu.

Bəs bu, necə baş verdi: deməli, həmin günlərdə məhəlləyə Karib sahillərindən səyyar attraksionlardan biri gəldi. Kədərli bir mənzərənin şahidi oldular: qadın hörümçəyə çevrilmişdi! O, vali­deyn­lərinin sözünə baxmadığı üçün bu hala düşmüşdü. Qadın-hörümçəyə tamaşa etmək qoca mələyə baxmaqdan daha ucuz başa gəlirdi; bundan başqa, qadın-hörümçəyə qəribə görkəmi barədə müxtəlif suallar vermək olurdu. Bu əcayib qadına hər tərəfdən baxmaq mümkün idi. Və onun belə sərt və müqəddəs qəzəbə düçar olması faktı heç kəsdə şübhə-filan yaratmırdı. Qadın-hörümçək qoyun boydaydı, qəmli sir-sifəti vardı, başı qız başına bənzəyən bədheybət bir böyə başı idi. Camaat bu cəhənnəm bədheybətinin görünüşündən daha çox, onunla bağlı həmin kədərli əhvalata heyrətlənirdi. Qadın-hörümçək öz bədbəxtliyini təfərrüatı ilə nəql edirdi; bir dəfə o, qız vaxtı valideynlərinin icazəsi olmadan rəqs etmək üçün evdən qaçıbmış. Bütün gecəni rəqs etdikdən sonra meşə cığırıyla evə qayıdırmış. Birdən göy üzündə dəhşətli ildırım çaxıb; elə bu anda da qarşıdakı çöllükdən gələn ildırım zərbəsi ona dəyib və qızı hörümçəyə döndərib. Yediyi yeganə şey ət farşıdır. Hərdənbir xeyirxah adamlar ona yemək tullayırlar. Belə bir möcüzə yalnız Yerdə baş verə bilərdi və bu, Allahın cəzası idi. Təbii ki, bu əhvalat və ondan “doğan” hörümçək qızın görkəmi ölümə məhkum sadə adamların diqqətinə demək olar ki, layiq olmayan özündənrazı qoca mələyi kölgədə qoy­malıydı. Bundan başqa, camaat arasında onun haqqında min cür şaiyə də dolaşırdı; onu ağıldan kəm kimi qələmə verirdilər, ona şəfa tapmaq üçün uzaqdan gələn “kor qoca” deyirdilər. Gah da deyirdilər ki, görmə qabiliyyəti yoxdu, amma üç yeni diş çıxarıb; iflic olub, elə iflic olub ki, ayağa da dura bilmir; ya da deyirdilər ki, az qala lotoreyasına uduş duşəcəkmiş, yaxud onun mədəsinə xora düşüb... Bütün bunlar müqəddəslikdən daha çox gülünc yaradır, onu lağa qoymaq kimi görünür və nəticədə qoca mələyin nüfuzuna xələl gətirirdi. Qadın-hörümçək öz zühuru ilə qoca mələyin üstündən xətt çəkdi. Bax, elə bu zaman Qonsak Ata ona əzab verən yuxu­suzluqdan birdəfəlik canını qurtardı. Beləliklə, Pelayonun həyəti lap əvvəllərdə olduğu kimi boşaldı.

Ev sahiblərinin taledən şikayətləri yox idi. Onlar yığdıqları pullara ikimərtəbəli bir ev tikdilər; balkon, bağ, qışda dəniz xərçənglərindən qorunmaq üçün hündür küləfirəngi düzəltdilər. Evin pəncərələrini dəmir çərçivələrlə şəbəkələdilər ki, mələklər uçub getməsin. Pelayo şəhərdən bir qədər aralı dovşan yetiş­dirmə məntəqəsi də açdı və o, alqvasil32 vəzifəsindən bir­dəfəlik imtina etdi. Elisəndi isə özünə hündür dabanlı lak çəkmələr, o dövrün ən məşhur senyoralarının bazar günlərində geydikləri ipək pal-paltarlar aldı. Toyuq hini isə yeganə yer idi ki, ora diqqət verilmədi. Əgər lap əvvəllər oranı yuyub təmiz­ləyir­dilərsə, yaxud içəridə ətirli qətran yandırırdılarsa, bunu mələyə görə yox, ordan gələn iydən qurtulmaq üçün edirdilər. Bu iy qorxunc bir ruh kimi təzə evin bütün künc-bucağını bürüyürdü. Uşaq təzə ayaq açanda çalışırdılar ki, o, toyuq hininə tərəf getməsin. Sonralar onlar yavaş-yavaş bu iyə də öyrəşdilər və bütün qorxu-hürkü də sovuşub getdi. Beləliklə, hələ süd dişləri tökülməzdən qabaq, uşaq hinin qapısının deşiklərindən oraya girib çıxmağa başladı. Qoca mələk ölümə məhkum digər adamlarla olduğu kimi uşaqla da yava davranırdı. Bu da vardı ki, o, uşağın bütün şıltaq əməllərinə it itaətkarlığı göstərir və dözürdü.

Hər ikisi eyni vaxtda suçiçəyi çıxartdı. Uşağı müalicə edən həkim qoca mələyə baxmaq üçün o qədər də həvəs göstərmədi; amma təyin etdi ki, mələyin ürəyi çox pis vurur, böyrəkləri də vecdən düşüb; təəccüblüdür ki, o, hələ də sağ-salamatdır. Həkimi daha çox heyrətləndirən onun qanadlarının quruluşu idi. Bu qanadlar insan bədəninə elə təbii yapışmışdı ki, deyirdin bəs, nə üçün o biri insanların da belə qanadı olmasın.

Uşaq məktəb yaşına çatdı. O, məktəbə gedən vaxtı günəş və yağış toyuq hinini tamamilə dağıtdı. Azadlığa çıxmış qoca mələk ora-bura vurnuxurdu, heydən düşmüş lunatikə bənzə­yirdi. Onu gah yataq otağından, gah da mətbəxdən süpürgə ilə qovub çıxarırdılar. Belə güman etmək olardı ki, o, eyni vaxtda bir neçə yerdə peyda ola bilir. Ev sahibləri şübhələnmişdilər: mələk deyəsən ikiyə bölünüb, öz-özünü təkrar edir, evin hər yerində görünür. Hərdən Elisəndi hirslənərək çığır-bağır salırdı, deyirdi ki, bu mələklər basmış cəhənnəmdə yaşamaq əməlli-başlı işgəncədir.

Qoca mələk elə zəifləmişdi ki, yemək belə yemirdi. Çüxura düşmüş gözləri demək olar ki, heç nəyi ayırd edə bilmir, ayaqlarını sürüyə-sürüyə çəkirdi, tez-tez əşyalara ilişirdi; onun iri qanadlarından bir neçə qırıq lələk qalmışdı. Pelayonun ona yazığı gəldi, mələyi ədyala büküb talvarın altına apardı ki, yatsın. Bu vaxt gördülər ki, gecələr mələyin qızdırması qalxır və o, nə vaxtsa yerli balıqçıların sahildən tapdığı qoca norveçli kimi titrədir. Pelayo və Elisəndi təşvişə düşdülər; axı heç o çoxbilmiş qonşu arvad da deyə bilmədi ki, ölü mələklərlə nə et­mək lazımdır.

Qoca mələk də ölmək barədə düşünmürdü; o, özünün ən ağır qışını yaşamışdı və ilk günəş şüası görən kimi sağalmağa başladı. Mələk bir neçə gün həyətdə hərəkətsiz qaldı, gözə görünməməyə çalışdı. Dekabrın əvvəllərində şüşə rəngli şəffaf gözlərinə işıq gəldi. Bu zaman qanadlarında elastiki lələklər əmələ gəlməyə başladı, elə bil bu lələklər yenidən örtük verirdi. Mələk isə, görünür, bütün bu dəyişikliklərin səbəblərini bilirdi, lakin bunu kənar adamlardan ehtiyatla gizlədirdi. Ayrı vaxtı əmin olanda ki, onu heç kəs eşitmir, ulduzlar altında astadan dənizçi nəğməsini zümzümə edirdi.

Bir dəfə tezdən Elisəndi səhər yeməyi üçün soğan doğrayırdı və birdən mətbəxdə külək qopdu; elə bil dənizdən gilavar əsirdi. Qadın pəncərəyə sarı döndü və mələyin Yerdəki son dəqiqələrini öz gözləriylə gördü. Mələk uçuşa hazırlaşırdı, özü də bacarıqsız bir şəkildə; yöndəmsiz və ləngərli sıçrayışları, kəskin və iti dırnaqlarıyla bütün bostanı tapdaladı. Günəşin zərrin şəfəqlərinin zəif-zəif sığalladığı qanadlarının zərbəsiylə az qala həyətdəki talvarı uçuracaqdı. Nəhayət, qoca mələk sürət götürüb uçuşa qalxmağa nail oldu. Mələyin uçuş zillətinin sona yetməsini sonsuz narahatlıqla izləyən Elisəndi bir qədər yüngülləşdi. Sonra gördü ki, mələk qəsəbənin sonuncu evinin da­mı üstündən uçdu; az qala qanadları dam örtüklərinə ilişəcəkdi. O, qanadlarını lap qoca qırğı kimi yellədirdi. Elisəndi hələ soğanı doğrayıb qurtarmamışdı, mələk gözdən itənə kimi onun dalınca baxdı. İnnən belə qoca mələk qadının həyatında əngəl olmayacaq; o, artıq qadın üçün dəniz üfüqündə görünən sadəcə xəyali bir nöqtə idi.



***


Mavİ İtİn gözlərİ
O, baxışlarını mənə zilləmişdi; mən bu qızı hardasa gör­müşdüm, amma yadıma sala bilmirdim. Onun həyəcan doğuran nəmli baxışları nöyüt lampasının titrəşən işığında parlayırıdı. Hə, yadıma düşdü – bu otaq və lampa hər gün mənim yuxuma girir və mən hər gün burda qızın həyəcanlı gözləriylə rast­la­şı­ram. Hə, hə, bax hər dəfə elə həmin bu qızı görürəm, yuxu­gör­mənin bu nəhayətsiz sərhədlərində görürəm onu. Mən siqaret çı­xartdım və oturacağa söykənərək ağırlığımı onun arxa ayaq­larına saldım, siqaret çəkməyə başladım. Göz çıxaran tüstü havada dairəvi buludcuqlar yaratdı. Biz susurduq. Mən stulda yellənirdim, o isə zərif nazik barmaqlarını lampanın şüşəsinə tu­tub qızdırırdı.

Onun göz qapaqlarının üstündəki qatlar əsirdi. Mənə elə gəldi ki, nə isə deməliyəm, beləcə qeyri-ixtiyari, düşünmədən dilləndim:



  • Mavi itin gözləri...

  • Bəli... İndi bu sözlər heç vaxt bizim yadımızdan çıxmayacaq,-deyə qız kədərlə cavab verdi.

Qız lampa işığından kənara çəkildi və təkrar etdi:”Mavi itin gözləri. Mən bu sözləri hər yerdə yazmışam”.

Qız geriyə döndü və tualet stoluna tərəf yeridi. Güzgünün girdə müstəvisində onun sifəti və oxşarı göründü. Bu oxşar si­ma lampanın titrəyən işığında ərimək istəyirdi. Soyumuş kül rəng­li qəmli gözlər kədərlə mənə baxdı və daha sonra yerə di­kildi. Qız sədəfli kirşan qabının ağzını açdı, pudra yastığını gö­türüb burnuna və ağzına tutdu.



  • Mən elə qorxuram ki, - qız dedi,- qorxuram ki, bu otaq bir başqasının da yuxusuna girsin, o da burda hər şeyi dəyişik salsın...

Qız kirşan qabının qapağını örtdü, durub lampaya sarı gəldi.

  • Sənə soyuq olmur?-deyə soruşdu.

  • Hərdən olur...-dedim.

Qız üşüyən əllərini lampaya tutdu və barmaqlarının köl­gə­si onün üzünə düşdü.

- Yəqin mən xəstələnəcəm, - şikayətləndi. - Sən buz şəhə­rində yaşayırsan...

Lampa işığı onun dərisinin ağ-qırmızı rənginə parlaqlıq gətirdi.

-Sənin tunc rəngli dərin var,-dedim,- Hərdən mənə elə gə­lir ki, sən hansısa bir muzeyin küncündə qoyulmuş tunc hey­kəlsən.

-Yox,-qız dilləndi.- Lakin arabir mənə də elə gəlir ki, metaldanam. Mən sol böyrü üstə yatanda ürəyim sinəmdə elə bərkdən döyünür ki...

- Mən həmişə istəmişəm ki, sənin ürəyinin səsini eşidəm, o, necə döyünür görəsən?

-Əgər biz yuxuda yox, həyatda görüşsək...

Qız əlini lampanın şüşə divarlarına qoydu və pıcıldadı:



  • Mavi itin gözləri... Mən bu sözləri hər yerdə deyirəm...

Mavi itin gözləri. Bu sözlərin köməyi ilə o, məni real hə­yatda axtarmışdı; bu sözlər parol idi. Elə parola görə də biz biri-birimizi tanımalıydıq. Qız küçələri gəzir və hər yerdə təkrar edib deyirdi: ”Mavi itin gözləri”. O, restoranlara gedib sifariş ve­rəndə, cavan qarsonlara pıçıldayırıd: ”Mavi itin gözləri”. O, tər­ləmiş şüşələrin üstündə, hotel və vağzalların pəncərələrində barmağıyla bu sözləri yazırdı: ”Mavi itin gözləri”. Adamlar təəc­cüblə yalnız çiyinlərini çəkir, ofisiantlar isə nəzakətli la­qeydliklə təzim edib gedirdilər. Bir dəfə aptekdə onun burnuna bir qoxu dəydi, yuxuda gördüyü tanış qoxuydu. Qız əczaçıya dedi:

  • Mən yuxuda bir gənc görürəm. O, həmişə bu sözləri təkrarlayır:”Mavi itin gözləri”. Bəlkə siz onu tanıyırsınız?

Əczaçı cavab vermək əvəzinə qərəzlə güldü və piştaxtanın o biri başına sarı getdi. Qız aptekin təzə kafel döşəməsinə baxdı və tanış iy ona yenə əzab verməyə başladı. Axırda dözə bil­mə­yib dizi üstə çökdü və dodaq pomadası ilə ağ plitələrin üstündə yazdı: “Mavi itn gözləri”. Əczaçı onun üstünə çımxırdı:

  • Senyorita, siz döşəməni korladınız! Bu saat əski gö­türüb onu silin!

Qız bütün axşamı diz üstə çöküb gözlərindən yaş axıda-axıda, həmin hərfləri silib pıçıltıyla təkrar etdi: “Mavi itin göz­ləri. Mavi itin gözləri”. Əczaçı dükanının qapısı ağzına bu də­li­yə tamaşa etmək üçün yığışan avaralar isə ona qəhqəhə çə­kir­dilər.

Qız ara vermədən danışırdı, mən isə stulda oturub yırğa­lanırdım.



  • Hər səhər, - dedim, - çalışıram ki, səni tapmaq üçün o sözləri yadıma salam. Mənə elə gəlir ki, o sözləri yuxuda əzbər bilirəm, amma oyanan kimi bir söz belə yadımda qalmır.

  • Axı onları sən özün düşünüb tapmısan!

  • Əlbəttə. Onlar mənim başıma ona görə girdi ki, sənin kül rəngli gözlərin var. Lakin səhərlər mən heç sənin simanı da yadıma sala bilmirəm.

Qız barmaqlarını ümidsizliklə biri-birinə sıxdı, dedi:

  • Ah, heç olmasa mənim şəhərimin adını bilsəydik!

Onun dodaqlarının qıraqlarında dərin qatlar göründü.

  • Mən cənə toxunmaq istəyirəm, -dedim. O, gözlərini qaldırıb mənə baxdı, göz bəbəklərində alovun dilləri oynayırdı.

  • Sən bunu heç vaxt deməmisən,-qız köks ötürdü.

  • İndi deyirəm.

O, gözlərini aşağı sallayıb siqaret istədi. Sonra:

  • Nə üçün deməmisən?-deyə təkrar etdi.- ...Mən öz şəhərimin adını heç cür yadıma sala bilmirəm.

  • Mən də bizim müqəddəs sözlərimizi yadıma sala bil­mi­rəm...

Qız kədərli-kədərli gülümsədi.

-Bu otaq hər ikimizin yuxusuna girir...

Mən durub lampaya doğru yeridim, qız qorxudan geri çə­kil­di, ona elə gəldi ki, mən xətti keçə bilərəm, yəni bizim ara­mızdakı sərhədi aşa bilərəm. Ona uzatdığım siqareti götürərək lampanın alovuna sarı əyildi. Mən dedim:


  • Axı dünyanın hansı şəhərindəsə divarlarda “mavi itin gözləri” yazılıb?! Əgər mən səhər bu sözləri yadıma salsam, səni axtarmaq üçün bütün dünyanı dolaşacam.

Qızın sifəti siqaret közündə qırmızımtıl rəngə çaldı. O, siqareti dərindən sümürdü və sonra onun külünü nazik barmaqlarıyla çırparaq dedi:

  • Şükür Allaha! Deyəsən yavaş-yavaş qızınıram...- elə bil mahnı oxuyurdu. - Mən... başlayıram... - deyə sözləri uzada-uzada barmaqlarını hərəkətə gətirdi, sanki xırda bir kağız par­çasında nəsə yazırdı və mən bu sözü də görüb oxudum:

  • ”...qızmağa...” Elə bil kağız parçası qurtardı, sonra yerə düşdü. Bu bükülmüş xırda kağız parçası toz zərrəciyinə çevril­di.

  • Yaxşıdı, - dedim, - Sənin nə vaxtsa çirkin olacağın barədə düşünəndə həmişə dəhşətə gəlirəm...

Bax beləcə, biz onunla neçə illərdir ki, görüşürük. Lakin qarışıq yuxularımızın sərhədlərində biri-birimizi taparkən, kim­sə çöldə qaşığı əlindən döşəməyə salır və biz dərhal ayılırıq. Yavaş-yavaş bu kədərli həqiqətlə barışmalı olduq – bizim dostluğumuz hardasa ani epizodik şeylərdən asılıdır. Səhər sübh hər hansı bir qaşıq bizim qısa görüşlərimizə son qoya bilər.

Qız lampanın arxasında dayanıb mənə baxır. İlk gecədə baxdığı kimi baxır və mən həmin lampalı, güzgülü qəribə otaqda bir səhər ayılıb gördüm ki, gözü kül rəngində olan bir qız qarşımda dayanıb. Soruşdum:



  • Siz kimsiniz?

  • Bilmirəm, - qız dedi. - Amma elə bil biz artıq rastlaş­mı­şıq?

  • Ola bilər.

  • Siz elə bu otaqda mənim yuxuma girmisiniz.

  • Əlbəttə, - dedim. - Mən sizi yuxuda görmüşəm...

  • Necə də məzəlidir, - qız güldü. - Deməli, biz yuxularda gö­rüşürük.

Qız siqareti sümürdü, sonra diqqətlə siqaretin oduna baxdı. Və mənə yenə elə gəldi ki, o, misdəndir; soyuq və bərk misdən yox, isti və elastiki bir misdəndir.

  • Mən sənə toxunmaq istəyirəm, - deyə təkrar etdim.

  • Sən hər şeyi korlayarsan, - qız qorxdu. - Toxunmaq bizi ayıldar, yuxudan oyadar, biz bir daha görüşmərik...

  • Çətin, - dedim. - Sadəcə başımızı balışa qoysaq, biz ye­nə görüşərik...

Mən ona əlimi uzatdım; o, tərpənmirdi.

  • Sən hər şeyi korlayacaqsan, - deyə qız pıçıldadı. - Əgər biz sərhədi aşıb lampanın arxasına gəlsək ayılıb görəcəyik ki, hərəmiz dünyanın bir tərəfinə düşmüşük.

  • Olsun, qoy olsun, - deyə mən inadkarlıq göstərdim. La­kin qız yalnız qaşlarını çatıb gözlərini aşağı salladı.

  • Bu görüşlər bizim son şansımızdır. Sənin ki səhərlər heç nə yadına düşmür...

Mən geri çəkildim. O, əlini lampanın üstünə qoydu, şika­yət­ləndi:

  • Bizim görüşümüzdən sonra heç vaxt yata bilmirəm. Gecənin bir yarısı ayılıram və daha gözümü yuma bilmirəm. Balış üzümü dağıdır, lakin bununla belə yenə təkrar-təkrar de­yirəm: “Mavi itin gözləri. Mavi itin gözləri”.

  • Bir azdan dan yeri sökülür, - son dəfə dedim. - Mən saat ikidə durmuşam, o vaxtdan çox keçib.

Qapıya yaxınlaşıb qulpundan yapışdım.

- Ehtiyatlı ol, - deyə qız xəbərdarlıq etdi. - Qapının dalında ağır yuxular var.

- Hardan bilirsən?

- Bu yaxında oranı mən də açdım və getdim, sonra çox çətinliklə geri qayıtdım; yuxudan duranda gördüm ki, ürəyin üs­tün­də oturmuşam...

Lakin buna baxmayaraq mən qapını açdım. İçəri yüngül yel gəldi;bu yel çöldən məhsuldar torpaq və taxıl qoxusu gə­tirdi. Mən qıza sarı dönüb dedim:


  • Burda heç dəhliz yoxdu ki!... Mən çöllərin iyini hiss edi­rəm...

  • Qapıdan o tərəfdə,-qız dedi,- bir qadın yatır; o qadın yuxuda çölləri görür. Qadın həmişə kənddə yaşamaq arzusunda olub, lakin heç vaxt şəhərdən çıxa bilməyib.

Qapıdan o tərəfdə hava işıqlanırdı, adamlar artıq yuxudan dururdular.

-Yəqin məni səhər yeməyində gözləyirlər, - dedim.

Çöldən gələn yel zəiflədi və daha sonra kəsdi. Otaqda ya­tan adamın nəfəsi aram-aram eşidilməyə başladı; yatan adam böyrü üstə çevrildi. Yel dayandı, onunla birgə qoxular da itib getdi.


  • Sabah mütləq bir-birimizi tapacağıq, - dedim. - Mən di­varlarda “mavi itin gözləri” sözlərini yazan qadını axtaracağam.

Qız kədərlə gülümsədi və lampanın soyumuş şüşəsinə əlini qoyub pıçıldadı:

- Sən səhərlər heç nəyi xatırlamırsan...

Onun qəmli silueti sübh işığında əriməyə başladı.


  • Qəribə adamsan, - qız dedi. - Heç vaxt öz yuxularını xa­tır­lamırsan...



Harold Pinter

(İngiltərə)
Harold Pinter görkəmli ingilis dramaturqu, senaristi, ak­tyoru, şairi, yazıçısı və siyasi xadimi olub. O, 2005-ci ildə Ədə­biyyat üzrə Nobel mükafatına layiq görülüb. H.Pinter təxminən 50-yə yaxın filmdə, tamaşada, radiopyesdə və səhnə əsərində baş rollarda oynamış, öz əsərlərinin bir çoxunu ekranlaş­dır­mışdır.

H.Pinter İngiltərədə daha çox dramaturq və siyasi xadim kimi tanınırdı. Onun siyasi-ictimai şeirləri, esseləri və pub­lisistik məqalələri çoxdur. 1980-ci illərdə Harold siyasi motivli şeirlər, pyeslər və esselər yazmağa başlayır və burada öz siyasi baxış­larını və mövqeyini qətiyyətlə ortaya qoyur. O, əsərlə­rin­də şəxsiyyətin azadlığının və özünü təsdiqetmə imkanlarının sosial təzyiqlərə məruz qalmasından, yaddaşın dönüklüyü və iti­rilməsi problemlərindən bəhs edir.




Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə