Kamran NƏZİRLİ



Yüklə 0,93 Mb.
səhifə2/12
tarix26.09.2017
ölçüsü0,93 Mb.
#1736
1   2   3   4   5   6   7   8   9   ...   12

2.

Çay süfrəsi zəngin idi; süfrəyə təzə kənd yumurtasından tut­muş, qaymaq, mürəbbə, zəfəran ətri verən nazik ev pe­çen­yelərinə kimi düzülmüşdü. Çay süfrəsi ətrafında söhbət uzandı və Qarton keltlər barədə öz mülahizələrini yürütməyə başladı. O, kelt mədəniyyətinin intibahı dövründən və özünün də kelt olmasından danışdı; ev sahiblərinin də əcdadlarının kelt olması xəbərindən vəcdə gəldiyini söylədi. Robert Qarton ağzında bürməli papiros yumşaq kresloya yayılıb altdan-altdan Əşürstü iz­ləyir, soyuq, iynə kimi iti baxışlarını ona zilləmişdi; o, Uels­li­lərin zərifliyini göylərə qaldırırdı. Deyirdi ki, Uelsdən İn­gil­tə­rəyə gəlmək çini qabı gildən düzəldilmiş boşqaba dəyiş­dirmək ki­mi bir şeydir. Amma bu Frənk, məlun ingilis, Uelsli qızın qey­ri-adi gözəlliyinə və zərifliyinə diqqət yetirmədi. Qar­ton da­ha sonra qara yaş saçlarını pırtlaşdıraraq izah etməyə ça­lı­şırdı ki, on ikinci əsrdə yaşamış Uelsin el şairi Morqan-ap-Sam­finqin əsərləri üçün bu qız gözəl təsvir obyekti ola bilərdi.

Frənk Əşürst ayaqlarını qatdayıb at hörüklərindən dü­zəl­dilmiş nimdarlı dar divana yerləşdirmişdi; tünd qəlyan çəkirdi, demək olar ki, heç nə eşitmirdi. O, əlində təzəcə bişmiş peçenye dolu boşqabla otağa girən qızı gördü. Onun üçün Meqana baxmaq gülə baxmaq, yaxud təbiətin başqa bir möcüzəsi ilə əylənmək kimi bir şey idi; Frənk gözlərini düz qıza tuşladı; qız gözlərini aşağı dikdi, kipriklərini səyirdi və otağı lap siçan səssizliyi ilə tərk etdi.


  • Gəl keçək mətbəxə, – Qarton təklif etdi, – qıza bir az da ya­xından baxaq...

Tavanı çatma şalbanlardan ibarət mətbəx ağ rəngdə səliqə ilə boyanmışdı; tavandan qaxac edilmiş donuz budu asılmışdı; pəncərələrin qabağında gil dibçəklərdə güllər vardı; divarlardan silah, kraliça Viktoriyanın portretləri asılmışdı. Mətbəxin rəfləri qədim qab-qacaqlarla, içi bal dolu gil bardaqlarla doluydu. Balaca taxta mizin üstündə kasalar və xörək qaşıqları dü­zülmüşdü; soğan şalğamlarının uzun bağlamaları tavandan düz mizin üstünə qədər sallanmışdı. Döşəmədə iki çoban iti və üç pişik uzanmışdı. Ocaq başında iki nəfər oğlan uşağı dinməzcə və farağat oturmuşdu. Ocağın o biri tərəfində isə gözlərinin rəngi açıq olan, enlikürək bir gənc tüfəngin qundağını tə­miz­lə­yirdi; onun saçlarının və kipriklərinin rəngi də tüfəngin qundağı rəngindəydi. Missis Narrakombe böyük bir qabda nəsə ləzzətli qoxu gələn horra hazırlayırdı. İçəridə onlardan başqa daha iki oğlan da vardı;sifətləri soğan rənginə çalan bu qaragöz oğlan uşaqları divarın bir küncünə qısılıb nədənsə astadan danı­şır­dı­lar. Pəncərə qabağında bir yaşlı kişi də oturub köhnə jurnala ba­xırdı; üzü tərtəmiz qırxılmışdı, alçaqboylu idi və velvet gödəkçə geyinmişdi. Təkcə Meqan elə hey əlləşirdi; gah boşqabları düzür, çəlləkdən mizə, mizdən çəlləyə doğru çevik hərəkətlər edir, gah da parçlara alma şərabı süzürdü.

Qarton onların nahar edəcəklərini duyub dedi:



  • Bağışlayın... Siz naharınızı edin, biz sonra gələrik...

Hər ikisi cavab gözləmədən başdakı qonaq otağına qayıtdı; lakin gur işıqlı, ləzzətli və isti yemək ətri gələn adam dolu mət­bəxdən sonra onların səliqə ilə ağardılmış otağı xeyli rahatsız və soyuq göründü; gənclər məyus halda kreslolarına yayındılar.

  • O balaca uşaqlar var ha, xalis qaraçıdırlar. Təkcə tüfəng tə­mizləyən oğlan əsl anqlosaksdır. Qız isə maraqlı psixoloji ob­yektdir.

Frənkin dodaqları əsdi. “Bu Qarton necə qanmaz adam­mış! Maraqlı obyektə bir bax! Qız sadəcə çöl çiçəyidir, ondan fərəhlə zövq alasan gərək! Obyektə bax bir!” düşündü.

Robert Qarton davam etdi:



  • Emosional baxımdan qızın misli yoxdu! Onu yalnız oyatmaq lazımdı; elə özü də adamı oyanışa səsləyir!

  • Nədir, sən onu oyatmaq istəyirsən?

Qarton dostuna sarı dönüb güldü. “Sən xalis kobud ingilis­sən!” – onun istehzalı və nifrətedici gülüşü sanki bu söz­ləri de­yirdi. Frənk qəlyanını püflədi. “Qızı oyatmaq! Bu axmaq özü haqqında çox yüksək fikirdədir”.

Sonra o, pəncərəni açıb bağa baxdı. Qaş qaralırdı. Saray və tövlələrin divarları tutqunlaşırdı; bağ-bağat keçilməz cəngəllik kimi görünürdü. Mətbəxdən ətirli qoxu gəlirdi. Hansısa sərçə - görünür, hamıdan gec yatan bir quş idi- ürkək-ürkək cikkil­də­yir­di. Yəqin qaranlıqdan qorxmuşdu. Tövlədən tappıltı və at­ların fınxırtısı gəlirdi. Ondan o yana isə çöl-biyabanlıq idi; lap uzaqdan tünd-mavi rəngə çalan səma görünürdü, orda təzə çı­xan nöqtə boyda ulduzların közərməsini sezmək olurdu.

Birdən bayquşun acıqlı ulartısı eşidildi. Frənk dərindən ah çəkdi. Belə bir gecədə gəzmək necə də gözəl olardı! Qarışıq nal səsləri gəldi, otlaqlarda üç qaraltı göründü; dayçaları gecə vaxtı qovurdular. Onların qara qıllı başları daş hasardan görünürdü.

Frənk tənbəki çubuğunu taqqıldatdı; ordan qığılcım topası yerə, çəmənliyə töküldü. Gecə quşu səssizcə havada oynadı və güclə eşidələcək bir səslə cüyüldədi. Frənk əlini uzadıb açdı, əlinin içi nəm oldu; bu, şeh nəmiydi. Birdən lap yaxından uşaq sıs-küyü gəldi; atılan ayaqqabı və bir də zərif, cingiltili qız səsi qulağına dəydi. Görünür, qız uşaqları yatızdırmaq istəyirdi. İçəridən apaydın səslər gəlirdi:



  • Yox, olmaz, Rik, dedim olmaz, vəssalam! Pişiyi yatağa salmaq olmaz!

Sonra yenə səs-küy, qaqqanaq, gülüş, zingilti, daha sonra yüngül şapalaq və gülüş səsləri bir-birinə qarışdı. Bütün bunlar o qədər aydın, ahəngdar gəlirdi ki, Frənk hətta yüngülcə səksəndi də. Kimsə nəyisə üfürdü; şam işığının nazik zolaqları pən­cərə arxasından görünən qaranlıqda əriyib itdi; hər yan sü­kunətə qərq oldu. Frənk pəncərə önündən çəkilib kresloya oturdu. Dizi hələ də ağrıyırdı; qəlbində bir ölgünlük hiss etdi.

  • İstəyirsənsə, mətbəxə get,- deyə o, dostuna müraciət etdi,- mən yatacam...

Frənkə elə gəldi ki, sükunət dolu bu dinc ətrafın içində onu yuxu basıb; əslində isə o, mürgüləyirdi, Qartonun nə vaxt içəri girdiyini, çarpayısında uzandığını gördü. Qarton uzanan kimi gecənin bu səssiz qaranlığını zəif xorultusu ilə şərəfləndirdi. Bu vaxt Frənk bayquşun çığırtısını eşitdi. Dizinin ağrısını hesaba almasaq, o, özünü demək olar ki, əla hiss edirdi; həyat qayğıları onun gecə sayıqlığına mane olmurdu. Axı əslində onun bir elə qayğısı-filanı da yox idi; hüquqşünas diplomunu yenicə almışdı, bir qədər ədəbi istedada yiyələnmişdi, ailəsi yox idi, ailə qurmamışdı, ildə dörd yüz funt da onu tamamilə təmin edirdi. Üstəlik bütün dünya onun üzünə açıq idi. Kimin nəyinə gərəkdi Frənk hara getdi, nə vaxt getdi və nə etdi, hə?

Onun yataq yeri də Robertinki kimi bərk idi və bu da rahat yatmaq demək idi; adam bərk yataqda rahat yatır. Frənk uzan­mışdı; baş tərəfinə yaxın açıq pəncərədən içəri dolan gecə­nin qoxusunu çiyərlərinə çəkirdi. Qartonla bağlı içində nəsə bir qıcıq yaransa da – bu, olan şeydi, xüsusilə bir adamla üç gün dal­badal bir yerdə qalanda belə şeylər baş verir - bu yuxusuz gecədə Frənkin təəssüratları apaydın və mülayim idi; arzuları isə əyləncəli maraqla uçurdu. Amma bir şey onun üçün aydın olmadı: bayaq mətbəxdə gördüyü tüfəng təmizləyən gəncin qəribə siması; oğlanın təəccüb dolu zillənmiş baxışları yadından çıxmırdı. Frənk mətbəxə girəndə qapı ağzında birinci onu mü­şa­hidə etmişdi, sonra gördü ki, həmin oğlan bardaqdan şərab sü­züb gətirən Meqana iti gözləriylə baxır. Həm bu qırmızısifət, göy­göz, saçları üzünə tökülmüş oğlanın siması, həm də qızın tə­zətər çiçək çöhrəsi onun təəssüratları içində yuvalamışdı. Pər­dəsiz pəncərədən zəif işıq gəldi. Uzaqda inəyin yuxulu mo­vul­tusu eşidildi. Yenə hər yan susdu. Arabir qaratoyuqların ahəngdar cikkiltisi gecənin sükutunu pozurdu. Frənk işıq gələn pəncərədən gözlərini çəkdi və bərk yuxuya getdi.

Səhər Frənkin dizi əməlli-başlı şişmişdi. Görünür, onların səyahət gəzintisi burayacanmış. Qarton Londana qayıtmalıydı və o, günortaya yaxın Frənki istehza dolu təbəssümlə “cır­maq­layıb” getdi. Lakin bu “cırmaq yeri” Qarton yola çıxıb döngəni burulan kimi özünü büruzə verdi.

Frənk bütün günü dincəldi; ağrıyan ayağını çıxarıb çə­mən­liyin üstündəki taxta oturacağa uzatdı; burda günəşdən xu­mar­la­nan şəbbü çiçəklərinin və qızılgüllərin qoxusu onu məst et­miş­di; qarağatların ləzzətli ətri də bir yandan aləmi başına götür­müşdü. Frənk bu dəstgahdan nəşələnə-nəşələnə qəlyanını tüs­tülədir, xəyallara dalır, ətrafa tamaşa edirdi.

Yazda fermada həyat qaynamağa başlayır;toyuqlar cücə çıxardır, ağaclar tumurcuqlayır, adamlar intizarla güllərin, çi­çək­lərin, bitkilərin təsə qönçələrini görməyə tələsir, mal-hey­va­nın təzə doğulan balalarına həvəslə qulluq edir, onlara nəvaziş göstərirlər. Frənk sakitcə oturmuşdu; dişi qazlardan biri yan­la­rını basa-basa altı dənə balasını düz onun ayaqları altına gətirdi; sarı­dimdik boz qaz balaları təzətər otları xırda-xırda dim­dik­ləməyə başladılar. Bu vaxt Missis Narrakombe və Meqan ona ya­xınlaşıb soruşdular ki, ona bir şey lazımdır, ya yox. Frənk gü­lümsünə-gülümsünə cavab verdi:


  • Təşəkkür edirəm. Heç nə lazım deyil, burdan ləzzət alıram...

Çay süfrəsindən qabaq Meqan və xalası onun ayağının şi­şinə diqqətlə baxandan sonra ilıq suda isladılmış və hansısa tünd məhlula batırılmış sarğı ilə Frənkin şişmiş dizini bağ­la­dılar. Onlar çıxıb gedəndən sonra Frənk qız haqqında düşündü; qız onun dizinə baxarkən necə də təəssüf və mərhəmət hissi keçiriridi! Qızın gözləri şəfqət hissi ilə dolmuşdu; Meqanın qaş­larını necə çatması və astadan “oyyyyy, ufffff!” deyə mü­layimcəsinə səs çıxartması oğlanın nəzərindən qaçmadı. Necə oldusa, Frənk yenidən gedən dostunu xatırladı, ürəyində onu qınamağa başladı; Qarton bu qız haqqında necə axmaqcasına danışırdı?!

Qız ona çay gətirəndə Frənk soruşdu:



  • Meqan, mənim dostum sizin xoşunuza gəldimi?

Qız üst dodağını dişlədi və gülümsəməyə çalışdı; görünür, o, bu sualı nəzakətdən kənar hesab etmişdi.

  • Məzəli centlmen idi, bizi xeyli güldürdü. Məncə, o, ağıl­lı adamdı.

  • O nə dedi ki, belə, sizi güldürdü?

  • O dedi ki, mən qədim el şairlərinin qızıyam. Axı onlar kimdi ki?

  • Yüz illər bundan qabaq yaşamış Uels şairləridi...

  • Axı mən niyə onların qızı olum, hə?

  • O demək istəyirdi ki, siz onların mədh etdiyi qızlara bənzəyirsiniz...

Qız qaşlarını çatdı.

  • Mənə elə gəlir ki, o, sadəcə zarafat etməyi xoşlayır. Düz demirəm? Mən heç onlara oxşayıram ki...

  • Bəs onda siz mənim dediklərimə necə, inanarsınız?

  • Əlbəttə, ser!

  • Məncə, o, zarafat eləmirdi, həqiqəti deyirdi...

Qız gülümsədi.

Frənk düşündü: “Bəli... sən ilahi bir məxluqsan!”



  • Sonra dostunuz dedi ki, Co sakson tayfalarına mən­sub­dur. Bu nə deməkdi axı?

  • Hansı Co, o mavigözlü, qırmızısifət oğlanımı deyir­si­niz?

  • Hə, hə, mənim xalamın ərinin qardaşı oğludur...

  • Deməli, o, sizin dayınız oğlu deyil, hə?

  • Yox.

  • Görürsüz, dostum demək istəyirdi ki, Co o adamlara bənzəyir ki, həmin adamlar İngiltərəyə min dörd yüz il bundan qabaq gəliblər və buranı zəbt ediblər...

  • Həəə, belə de! Mən bunu bilirəm... Bəs Co? O, do­ğrudan onlara bənzəyir?

  • Qarton tarixi yaxşı bilir. Amma düzünə qalsa, Co əslində elə bir balaca qədim anqlo-saksonlara çəkir...

  • Elədir...

Qızın “hə, bəli, elədir, düzdür” sözləri Frənki çaşdırmışdı; o, necə mülayim, necə nəzakətli idi, ilahi! Meqan onun dedik­lərini tam anlamasa da, elə nəzakətlə təsdiqləyirdi ki, Frənk qıza heyran qalmaya bilmirdi.

  • Sizin dostunuz daha sonra dedi ki, o balaca uşaqların ikisi də qaraçıya oxşayır. Gərək belə deməyəydi. Xalam gülsə də, ürəyində əlbəttə, onu qınadı. Uşaqlar isə hirsləndilər. Xalamın əri fermer idi. Fermerlər qaraçıdı bəyəm? Adamların qəlbini qırmaq yaxşı iş deyil.

Frənk bütün qəlbi ilə istədi ki, qızın əlindən tutub sıxsın, amma yalnız bunu söyləyə bildi:

  • Əlbəttə, yaxşı iş deyil, Meqan! Yeri gəlmişkən, mən dünən gecə sizin o uşaqları necə yatızdırmağınızı eşidirdim...

Meqanın yanaqları yüngülcə qızardı.

  • Çayınızı için, xahiş edirəm. Lap soyudu... İstisini gə­ti­rim­mi?

  • Meqan, sizin özünüzə heç vaxtınız qalırmı? Yəni, de­mək istəyirəm ki, özünüz üçün bir şey eləməyə vaxt tapa bilir­sinizmi?

  • Oy, əlbəttə...

  • Amma mən dünəndən müşahidə edirəm... heç gör­mü­rəm...

Qız özünü itirdi və qaşlarını çatıb bir qədər də allandı, sonra çıxıb getdi. Frənk düşündü: “Bəlkə elə bilir mən ona sataşıram, ya da onu yoldan çıxarmaq istəyirəm? And içirəm ki, mənim belə bir niyyətim yoxdu!”

Frənk elə bir yaşdaydı ki, bu çağda şair demişkən, adama elə gəlir ki, “gözəllik bir çiçəkdir” və bu çiçək adamın yalnız nəcib hisslərini oyadır. Frənk yan-yörəsinə diqqət yetirmirdi və Robert Qartonun “anqlosakson” tipi adlandırdığı oğlanın töv­lə­nin qapısı ağzında durduğunu görmədi. Oğlanın əynində bu­lan­mış velvet şalvar, göy köynək vardı, çəkmələri çirkliydi; bu qi­yafədə o, çox mənalı görünürdü. Sifəti, əlləri qızarmışdı və saç­­larının rəngi gündən bozarmışdı. Oğlan uzaqdan hərəkətsiz durub baxırdı; o, küt baxışlarını Frənkə sarı tuşlamışdı, üzündə heç bir təbəssüm yox idi. Birdən oğlan da Frənkin ona baxdığını zənn etdi və dərhal utancaq, tipik kəndli yerişi ilə dönüb getdi, evin tinini burulub gözdən itdi. Frənkin qanı qaraldı. “Nə qanmaz adamdı?!” düşündü. Bu adamlar ona necə də yaddılar! Nə qədər xeyirxah məqsədlə onlara yanaşsan da yenə görürsən ki, onlar sənin tayın deyillər! Hələ o qıza bir bax! Çındır ayaq­qabıları, kobud əlləri! Hə, noolsun axı! Bunlar şərtdimi? Qar­tonun dediyi kimi, bəlkə elə bunun səbəbi qızın qanında Kelt qanı olmasındadır? Amma axı deyəsən qız elə ana­dan­gəlmə le­di4 kimi görünür? Əsl mirvaridir! Bəlkə də heç oxu­mağı, yazmağı da bilmir?!

Dünən mətbəxdə gördüyü, üzü tərtəmiz qırxılmış adam həyətdəydi, itlə birlikdə o başa keçdi. O, inəkləri sağmaq üçün tövləyə qovurdu. Kişi axsayırdı.



  • Əla inəkləriniz var! – Frənk dedi.

  • Axsaq adamın sifətinə təbəssüm qondu. O, dünya­görmüş təcrübəli adamlar kimi oğlana altdan-altdan göz yetirdi. Sonra astadan dedi:

  • Əlbəttə... Onlar bizim sevimli mallarımızdı! Süd də çox verirlər!

  • Süd lap dadlıdır!

  • Ser, indi ayağınız necədi? Sağalırmı?

  • Çox sağ olun, deyəsən düzəlir...

Axsaq adam əlini öz yaralı ayağına vurdu.

  • Mən bilirəm ayaq ağrısı nə deməkdi... Özü də diz ola! Dəhşətdi! Mənimki də artıq onuncu ildi ağrıyır!

Frənk iqtisadi cəhətdən heç kəsdən asılı olmayan adamlar kimi yüngülcə təəssüflənib başını buladı. Axsaq adam gülümsədi, sözləri əzə-əzə dedi:

  • Amma.... axı... şikayət-filan eləmək mənimçün gü­nah­dı... Hələ allah üzümə baxdı ki, ayağımı kəsmədilər...

  • Yoxx a?!

  • Həəə, həə! Əvvəllər bilirsən necə möhkəm ağrıyırdı! Amma indi... indi yaxşıdı...

  • Bu gün mənimkini sarıdılar, özü də hansısa dərmanda is­ladıb sarıdılar... Deyəsən, otlardan idi, yaxşı dərmana oxşa­yır...

  • Hə, otları o qız yığıb gətirir... bütün otları tanıyır... Belə adamlar var də, başı çıxır hansı ot dərmandı, hansı yox. Mənim anamın da bu otlardan başı çıxırdı... Hə, yaxşı, tez sağalın, ser! Hey, gəl dalımca!

Frənk gülümsədi. Hə, deməli qızın otlardan başı çıxır! Elə özü də çöl gülü kimidi!

Axşam nahar elədi; bir qədər soyuq ördək əti və şor yedi, şərab içdi. Yeməkdən sonra Meqan içəri girib soruşdu:



  • Bağışlayın, ser, xalam xahiş edir ki, bizim bişirdiyimiz piroqdan da dadsın...

  • Mənə mətbəxə girməyə icazə verirlərsə, dadaram...

  • Hə, əlbəttə... Dostunuz üçün darıxırsız, deyəsən?

  • Yox, yox, qətiyyən! Mənim mətbəxə gəlməyimə etiraz etməzlər ki?

  • Kim edə bilər axı? Biz buna sevinərik...

Frənk tələsik ayağa durdu; o qədər tələsdi ki, ağrıyan ayağını unutdu və ilişib yıxıldı. Qız ürəkdən “uff” dedi və dər­hal iki əlini də Frənkə uzatdı. Frənk qızın balaca, kobud, gün­dən yanmış əllərindən yapışdı; bu əlləri elə öpmək istədi ki! O, bu əllərin köməyilə ayağa qalxdı. Qız çiynini söykəyib Frənki qapıya qədər apardı. Frənk bu anlardan, hiss etdiyi canlı sipərin nəfəsini duyduğu anlardan aldığı ləzzəti dünyanın heç bir ləzzəti ilə müqayisə edə bilməzdi! Lakin o, vaxtında başa düşdü ki, çəliyi əlinə götürməlidir və mətbəxə girməmişdən qızın çiynindən əlini çəkməlidir!

O gecə Frənk daş kimi yatdı və səhər yuxudan duranda artıq dizinin şişi demək olar ki, çəkilmişdi. O, günortaya qədər yenə çəmənlikdəki skamyada oturdu və özü üçün xırda para şeir­lər yazmağa başladı. Günortadan sonra o, artıq uşaqlarla – Nik və Riklə birlikdə gəzə bilirdi. Şənbə günüydü, uşaqlar mək­təbdən tez qayıtmışdılar. Qarasaç, qaragöz balaca dəcəllərin birinin yeddi, o birinin isə altı yaşı vardı. Uşaqlar tezliklə Frən­kə öyrəşdilər; daha çəkinib-eləmir, onunla çənə vurmağa baş­la­dılar. Frənk uşaqlarla danışmağı bacarırdı. Saat dördə kimi uşaq­lar ona artıq bütün sirlərini açmışdılar; quşları necə vur­duq­larını, harda ovladıqlarını açıb-tökmüşdülər. Uşaqlar bircə balıq tuta bilmirdilər. Onlar şalvarlarını çirmələyib çay qırağında qarnı üstə uzanıb balıqları əllə tutmaq istəyirdilər. Əlbəttə, onlar heç nə tuta bilmədilər, çünki onların səs-küyü və qışqırtısından balıqlar hürküb qaçırdı. Frənk sahildə yekə bir daşın üstündə oturub uşaqlara tamaşa edir, ququ quşunun quqqultusuna qulaq asırdı. Oğlanlardan böyüyü, daha diribaşı Nik onun yanına gəldi, dedi:



  • Bu daşın üstündə həmişə bilirsən kim oturur, qorxunc qaraçı!

  • Necə? O kimdir elə?

  • Bilmirəm. Heç vaxt görməmişəm. Meqan deyir ki, o qaraçı burda oturur və qoca Cim onu öz gözləriylə görüb. Ata­mın başını at əzən gecəsi də həmin o qorxunc adam burda otu­rub­muş. Qaraçı skripkada çalır.

  • Nə çalır belə?

  • Bilmirəm...

  • O necədir ki?

  • Qapqara bir adamdır. Qoca Cim deyir ki, onun uzun saçları var! Yaman qorxulu bədheybətdir! Özü də gecələr peyda olur!

Oğlanın tünd çəp gözləri qorxudan səyirməyə başladı, uşaq əlavə etdi:

  • O, məni apara bilər? Meqan ondan qorxur.

  • Meqan onu görübmü?

  • Yox! Amma yaxşı ki, Meqan sizdən qorxmur!

  • Hə, məndən qorxmur. Nəyə görə məndən qorxmalıdı ki?

  • Meqan axşamlar sizin üçün dua edir!

  • Hardan bilirsən, ay cüvəllağı?

  • Mən yatanda o pıçıldayırdı:”Allah, sən özün bizə və cənab Əşürstə kömək ol!”. Özüm eşitmişəm, vallah!

  • Ay səni, balaca satqın! Axı gizlində qulaq asdığın şeyi niyə deyirsən?

Oğlan susdu. Birdən acıqlı-acıqlı dilləndi:

  • Bilirsən, mən dovşanların dərisini soya bilirəm. Amma Meqan soya bilmir! O heç onların dərisini soyanda baxa bilmir! Mən qandan qorxmuram!

  • Sən balaca divsən də!

  • Div nədir, necə olur?

  • Div odur ki, başqalarına əzab verməyi, incitməyi xoş­la­yır.

Oğlan incidi.

  • Axı biz ölmüş dovşanları yeyirik!

  • Düzdü, sən haqlısan, Nik! Bağışla!

  • Mən qurbağaların da dərisini soya bilirəm...

Frənk daha eşitmirdi. “Allah, sən bizi və cənab Əşürstü hifz elə!” O, yalnız bu sözləri eşidirdi. Nik onun susduğunu gö­rüb təəccübləndi, sonra geriyə, çay qırağına götürüldü; ordan ye­nə qışqırıq və şappıltı səsləri gəlməyə başladı.

Meqan çay gətirəndə Frənk soruşdu:



  • Meqan, o qorxulu qaraçı kimdi belə?

Meqan qorxdu və təşvişlə Frənkə baxıb dedi:

  • O, bədbəxtlik gətirir.

  • Axı siz qarabasmalara, kabusa-zada inanmırsız, elə deyil?

  • Allah eləməsin mən onu görüm!

  • Qorxmayın, görməzsiz! Heç bir qarabasma, kabus-filan yoxdu! Qoca Cim görünür, elə sadəcə at görüb!

  • Yox, yox! Dağlarda kabus var, o, gəzir. Vaxtilə burda yaşamış adamların ruhudur- çıxırlar, gözə görünürlər.

  • Axı burda qaraçılar ki yaşamayıb? Həmin adamlar ki, deyirsən burda məskən salıblar, onlar qaraçılardan əvvəl olublar axı...

  • Bütün qaraçılar zalımdılar...- deyə qız qısaca cavab verdi.

  • Niyə? Qaraçılar köçəri həyat yaşayırlar, lap vəhşi dov­şanlar kimi... Təbiətdə də çoxlu çöl bitkisi və otu olur, mə­sə­lən, itburni çiçəyi. Onları heç kim əkməyib, özləri çıxır... Am­ma siz onlara zalım, yaxud əhəmiyyətsiz deyə bilməzsiniz ki... Hə, bura baxın, mən elə bu gecə gedəcəm ora, sizin o qorxunc qa­raçını güdüb onunla görüşəcəm... Danışacam onunla....

  • Ahhhhh... yox, lazım deyil!

  • Mütləq gedəcəm və özü də onun daşının üstündə oturacağam!

Qız yalvarışla əllərini oynadıb yenə dedi:

  • Xahiş edirəm, getməyin! Lazım deyil...

  • Nə üçün? Axı sizin üçün nə fərqi? Mənim başıma iş gəldi-gəlmədi, bunun sizə nə dəxli var axı?

Qız cavab vermədi. Lakin Frənk birdən guya elə belə, sözgəlişi söz atdı:

  • Düzdü, mən bəlkə də onu görə bilmədim, çünki tezliklə mən burdan çıxıb gedəcəm...

  • Nə üçün tezliklə?

  • Sizin xalanız görünür məni çox saxlamaq istəməz...

  • Heç də yox! Yayda bizim həmişə müsafirlərimiz olur!

Frənk gözlərini qıza zillədi, sonra soruşdu:

  • Siz istərdinizmi mən qalım?

  • Həəə... – deyə qız pıçıldadı.

  • Yaxşı.... onda elə bu gecə mən sizin üçün dua oxu­ya­cam!

Qızın yanaqları qızardı; o, bir qədər tutuldu və otaqdan çıx­dı. Frənk ehtiyatsızlıq etdiyinə görə bütün günü özünü söydü. Onun qalın çəkmələri göy zəngçiçəyi kollarını tapdalayır və bu zaman Frənk özü-özünü qınayırdı: axı nə üçün o, qızla söhbət zamanı belə gic-gic ifadələr işlətdi? Axı onun o ədabaz və şit Qartondan nə fərqi oldu?
3.

Növbəti həftə ərzində Frənk bütün günü ağrıyan dizini ovxaladı, bir az həyət-bacada gəzdi. Builki bahar onun üçün əməlli-başlı bir kəşf oldu; Frənk heyrətedici duyğular içində fıstıq ağaclarının ağ-çəhrayı qönçələrinin açıldığını seyr etdi, şam ağaclarının günəşin zərrin şəfəqlərinin bozartdığı sarımtıl gövdələrini müşahidə etdi; təpələrin üstündəki qonur hörüklü ağacların əyildiyini gördü; küləyin yellətdiyi və xumar­lan­dır­dığı təzə otların nəfəsini, soyulmuş gövdələrdən ətrafa səpə­lə­nən qoxuları hiss etdi. O, çay qırağında uzanaraq tumur­cuq­layan çiçəklərə tamaşa edə-edə bozarmış ayıdöşəyinin, adda-budda meşəliklər görünən yerlərdə böyürtkən kollarının çəhrayı rəngli meyvələrinə toxunarkən, ququ quşlarının quqqultusunu eşitdi; ağacdələnin taqqıltılarını və ətrafda uçuşan muncuq rəng­li torağayların zəngulələrini dinlədi. O, ömründə belə bir yaz gör­məmişdi; bu yaz həm də onun içindəydi, bütün varlığına hopmuşdu.



Gündüzlər ev sahiblərini demək olar ki, görmürdü; Meqan ona yemək gətirəndə də çox məşğul görünürdü; qız gah ev işləriylə, gah da həyət-bacada körpə heyvanlarla əlləşirdi. Frənk onunla söhbət etməyə macal tapmırdı. Lakin o, axşamçağılar mətbəxin pəncərəsi önündə oturub qəlyan çəkir, qoca Cimlə, ya da Missis Narrakombeylə söhbət edirdi. Meqan isə mətbəxdə səssiz-səmirsiz gah nəsə toxuyur, gah haranısa yığışdırır, gah da ora-bura vurnuxurdu. Bəzən Frənk pişik sayıqlığı ilə Meqanı süzür, qızın nəmli ala gözlərinin hərdən ona tuşlandığını gö­rür­dü; o, qızın qəmli, həm də zərif baxışlarını müşahidə edir və bu zaman özünü qeyri-adi dərəcədə bəxtəvər sayırdı. Bir dəfə bazar günü axşam Frənk bağçada uzanıb qaratoyuqların zəngu­lə­lərini dinləyərək sevgi şerləri yazırdı. Birdən o, qapının çırpıldığını eşitdi və Meqanın kobud, qırmızısifət Codan qurtu­lub qaçdığını gördü. Frənkdən bir qədər aralıda, təxminən iyir­mi addımlıqda onlar göz-gözə dayanmışdılar; Frənk qalın ot­luq­da uzanmışdı, onu görmürdülər. O, qızın qəzəbli və tutqun si­fətini gördü; Meqan Conun əlləri arasından canını qurtarmağa ça­lışırdı. Oğlan, həmin o qırmızısifət Co isə necə də ehtirasa gəl­mişdi! Bu səhnə Frənki elə dəhşətə gətirdi ki, o, qəflətən ayağa durdu; onlar Frənki gördülər. Meqan əllərini aralayıb uzaqlaşdı və ağacın dalında gizləndi. Co nəsə acıqla donquldadı və çəpərdən tullanıb gözdən itdi. Frənk yavaş-yavaş qıza ya­xın­laşdı; qız ağacın arxasında durub dodaqlarını çeynəyir, kip­rik­lərini sallamışdı; Meqanın saçları dağılmışdı; o, qeyri-adi gözəl görünürdü. Frənk dedi:

  • Üzr istəyirəm!

Qız qaşqabaqlı bərələ gözləriylə oğlana baxdı, dərindən nəfəs aldı və dönüb getdi. Frənk onun dalınca yeridi.

  • Meqan!

Qız dayanmadı, lakin Frənk onun çiynindən yapışdı və yüngülcə qızı özünə sarı çəkdi.

  • Dayanın, gəlin bir az danışaq!

  • Siz nə üçün məndən üzr istədiniz? Mən də sizdən üzr istəməli deyiləm...

  • Deməli, Co üzr istəməlidir...

  • Axı o, nə cəsarətlə mənim dalımca qaçır?

  • Görünür, sizə vurulub.

Qız ayaqlarını yerə döyəclədi, Frənk bir qədər güldü.

  • İstəyirsiz ki, mən onun başını yarım?- deyə Meqan səsini ucaltı, sonra qəfil hirslə əlavə etdi,- Siz mənə gülürsüz? Siz bizim hamımıza gülürsüz, hə?

Frənk qızın əllərini tutdu, Meqan geri çəkildi və tamam qı­zardı. Onun qara telləri qoca alma ağacının tumurcuqlayan budaqlarına ilişdi. Frənk qızın əlini dodaqlarına apardı; o, özü­nü kütbeyin Co ilə müqayisədə əsl cəngavər kimi hiss elədi. Bəli, Frənk qızın o balaca, kobud əlinə dodaqları ilə azca to­xun­du. Birdən Meqan dayandı; elə bil titrədi və oğlana doğru qı­sın­dı. Frənkin canına istilik gəldi; o, zərif və ilıq bir nəfəs duydu. Doğrudanmı onun dodağının hərarəti belə bir gözəl, məsum, zərif və heyranedici qız üçün mənalıydı? Frənk ani və göz­lənilməz ehtirasa uyaraq qızı qucaqlayıb özünə sarı çəkdi, onun alnından öpdü və dərhal da qorxdu. Meqanın rəngi qəflətən ağardı və qız gözlərini yumdu; uzun kipriklərinin qara kölgələri ağarmış yanaqlarına düşdü, qolları taqətsiz halda bədənindən sallandı. Qızın sütül sinəsinə toxunan Frənkin bütün vücudu gizildədi.

  • Meqan, – deyə oğlan pıçıldadı və qızı əlləri arasından buraxdı. Qaratoyuğun cikkiltisi gecənin sakitliyini pozdu. Bir­dən qız Frənkin əlini tutdu, onu yanağına apardı, sonra ürəyinin başına qoydu, daha sonra dodaqlarına çəkib ehtirasla öpdü; qız alma ağaclarının mamır basmış gövdələri arasınca qaçıb gözdən itdi.

Frənk ağacın lap yerə yapışan əyri gövdəsinin üstündə oturdu; oğlan özünü itirmiş kimiydi; canında gizilti və titrəyiş duydu; gözlərini indicə onun başına tac qoymuş alma ağac­larının budaqları arasına zillədi; orda, çəhrayı qönçələr arasında yalqız bir ulduz parlayırdı – orda bir tumurcuq çiçəkləyirdi...

Gör bir neylədi! Gözəlliyin onu ovsunlamasına necə yol verdi? Bəlkə günahkar yazdır, hə? O, özünü necə də xoşbəxt hiss etdi! Vicdanı incitsə belə, bəxtiyar idi; o, qalib gəlmişdi! Oğlanın bədəni yenə ehtirasdan gizildədi, içində ona bəlli ol­ma­yan, tanış gəlməyən duyğular baş qaldırdı. Bu nəyin başlan­ğı­cıydı, hə? Ağcaqanadlar dişləyir, rəqs edən mığmığalar az qala onun ağzına girirdi; o, bunları hiss etmir, görmürdü; hər yan ba­har­la nəfəs alır, baharla yaşayırdı. Ququ quşları daha bərkdən quq­quldayır, qaratoyuqlar zəngulələrini gücləndirir, ağacdələn­lərin taqqıltısı daha bərkdən gəlirdi; qızın saçları alma ağacının budaqları arasında görünməz olan kimi elə bil günəş də yox oldu.

Frənk ayağa durdu və bağdan çıxdı; o, açıqlığa, düzənliyə çıxmaq istəyirdi; o, istəyirdi ki, içində baş qaldıran yeni duy­ğu­lara öyrəşsin. Frınk çox uzaqlara, süpürgə kolluqlarına tərəf getdi və hündür fıstıq ağacından qopan sağsağanın onun qar­şısında xoş xəbər gətirən quş kimi hoppanıb-düşdüyünü gördü.

Hələ dünyada heç bir kişi - beş yaşından bu yana - deyə bilməz ki, o, ömründə bircə dəfə də olsa sevməyib. Bir dəfə Frənk rəqs dərnəyində rəqqasə qızlara, daha sonra öz mürəb­biy­əsinə vurulmuşdu; yay tətillərində müxtəlif qızları sevmişdi. Əslində o, heç vaxt sevgisiz, məhəbbətsiz yaşamamışdı; hər də­fə də az ya çox dərəcədə nəyəsə valeh olmuş, aldadıcı zərif his­slərlə yaşamışdı. Lakin indi, onu ağuşuna almış və bütün canını ofsunlamış bu duyğu yalançı deyildi; bu, tamam yeni bir hiss idi; bu hiss onun düşüncələrinə mükəmməl bir kişi gücü verirdi. Belə bir çöl gülünün əlindən tutub sıxmaq, onu dodaqlarına aparıb öpmək, hələ bu qızın zərif bədəninin titrəyişini yaxından duymaq – gör necə böyük bəxtəvərlikdir! Necə böyük həzzdir! Bəs indi neyləməli? Onunla necə görüşməli? Oğlanın ilk nəvazişləri ehtiyatlıydı; demək olar ki, bir qədər soyuq idi; lakin innən belə bu cür davam edə bilməz! O, duydu ki, qızın öpüşü onun əlini necə yandırdı; o, gördü və bildi ki, qız ona necə qı­sındı; onun əlini sinəsinə, ürəyinin üstünə qoydu! Qız onu sevir! Bəzilərini böyük sevgi azğınlaşdırır, amansız edir; bəzilərini isə, məsələn, Frənk kimilərini sevgi həlimləşdirir, mülayim­ləş­dirir, ona heyrətamiz isti duyğular dalğası bəxş edir. İndi, bu anlarda qayaların arasında oturan Frənki də eynilə belə duyğular bürümüşdü; o, bir qədər əvvəl duyduğu yeni hissləri bir də ya­şa­maq istəyirdi; baharın onda oyatdığı duyğuları, qarışıq, lakin intizar dolu duyğuları yaşamaq istəyirdi. O, gah qürurlanır, gah da o alagöz, sadə, heyrətamiz kəndli qızının üzərində qələbə çaldığına sevinir, gah da ciddi və ayıq başla özü-özünə de­yirdi: “Hər şey yaxşıdı, hər şey... Amma... sən heç bilirsən nə edirsən? Sən heç bilirsən bu işlərin axırı nə ilə qurtara bilər?..”

O, havanın nə vaxt toranlaşdığını hiss etmədi; toranlıqda qədim assuri tikililərinə bənzəyən qayalar qüssəli görünürdü. Təbiət sanki pıçıldaıyrdı:”Sənin qarşında yeni dünya açılır!”. Bəzən insan, yay vaxtı saat dörddə durub sübhün alatoranlığına çıxır; heyvanlar, ağaclar, quşlar – hər şey ona təəccüblə baxır və ona elə gəlir ki, bütün külli-aləm bax elə indicə yaradılıb...

Frənk daşların üstündə düz dörd saat, üşüyünə kimi otur­muş­du; sonra mamır basmış qayalardan aşağı düşdü, böyür-ba­şında süpürgə kolları olan cığırla keçib çəmənliyə gəldi və yenə alma bağına qayıtdı; kibrit yandırdı və saatına baxdı. On ikiyə az qalırdı. Bağ zil qaranlıq idi və vahiməli görünürdü; bu qa­ran­lıq onun cəmi altı saat bundan qabaq gördüyü axşam toran­lığı­na, quşların civildəşdiyi və günün oxşayıb nazlandırdığı aləmin alatoranlığına bənzəmirdi. Frənk qəflətən burda keçən dinc həyatına özgə gözü ilə baxmağa başladı; ona elə gəldi ki, Missis Narrakombe o uzun ilanvari boğazını çıxarıb ətrafa iti nəzərləri ilə göz gəzdirir və narazı-narazı qaşqabağını tökür; o, təsəv­vü­ründə Meqanın xalası oğlanlarının kobud, gülməli və etibarsız sifətlərini, qanmaz Conun hiddətlənmiş üzünü canlandırdı. Ona elə gəldi ki, bircə çolaq qoca Cim ondan şəfqətli baxışlarını əsirgəmir. Bəs kənd adamları! Tez-tez yanlarından ötdüyü qeybətcil qarılar və bir də onun öz dostları necə olsun bəs? O, dostu Robert Qartonun istehza dolu təbəssümünü xatırladı; Ro­bert elə bu təbəssümlə onu cəmi on gün bundan qabaq tərk etmişdi. Rəzalətə bir bax! Frənk bir anlığa bu amansız və qansız dünyanı qarğıdı; o, istər-istəməz həmin bu dünyada yaşamağa məc­bur olmuşdu! Bu vaxt onun söykəndiyi qapı bozardı; qa­pı­nın üstündə nəsə parıldadı və dərhal da qaranlıqda itdi. Bu nə­dir, aydımı? Axı o, ayı çəpərin o başında görmüşdü, ay qıp­qır­mızıydı, bütöv idi, qəribə rəngdəydi! Frənk bağın içiylə ad­dım­ladı; burda təzəcə yaşıllanan yarpaqların iyi gəlirdi; onun bur­nuna peyin və gecə rütubətinin qoxusu dəydi. Mal-qara sax­lanan yerdə çoxlu inək gözə dəyirdi. Qaranlıqda onların əyri buynuzları ağaran xırda aypara şəklini xatırladırdı. Frənk eh­tiyatla qapını açdı. Ev qaranlığa bələnmişdi. Frənk ad­dım­la­rını səssizcə atmağa çalışdı və artırmaya girdi. Cavan qaraçöhrə ağacına söykənərək Meqanın pəncərəsinə baxmağa başladı; pəncərə açıq qalmışdı. Meqan yatmışdımı, ya bəlkə hələ oyaqdı, bəlkə elə Frənkin belə uzun müddətə qeyb olmasına açığı tutmuşdu? Meşədən bayquşun səsi gəldi; onun çığırtısı gecənin sakitliyini pozdu. Bayaqdan bağın arxa tərəfində axan çayın qıjıltısından başqa bir səs eşidilmirdi. Gündüzlər ququ quş­la­rı­nın quqqultusu, gecə də bu bədheybət bayquşun qorxunc səsi... Çox qəribədir ki, bunlar hamısı Frənkin qəlbinin həyəcan və heyrətinə züy tutmuşdu. Və birdən Frənk pəncərədən qızı gör­dü; oğlan bir qədər yaxınlaşıb pıçıldadı:



  • Meqan!

Qız bir anlıq geri çəkildi və gizləndi, sonra yenə göründü və pəncərədən aşağı əyildi. Oğlan xəlvətcə otluğa yeridi və yaşıl taxta skamyaya qalxanda yıxıldı; bir anlıq nəfəsini içinə çəkib saxladı; səs-küy yaratmaqdan qorxdu. Qaranlıqdan qızın tutqun və hərəkətsiz sifəti ağarırdı; Meqan əllərini aşağı uzatmışdı. Oğlan sakitcə taxta oturacağı pəncərənin dibinə itələdi və üstü­nə çıxdı. Əlini qızın əlinə sarı uzatdı; qız giriş qapısının açar­larını əlində tutmuşdu. Oğlan iri, soyuq açarlara toxundu, sonra qızın isti əllərini bərk-bərk sıxdı. Frənk qızın azca aralanmış dodaqları arasından dişlərinə, dağılmış saçlarına və ağaran sifə­tinə baxdı. Qızın əynində paltar vardı – yazıq hələ yatmamışdı, şüb­həsiz, onu gözləmişdi.

  • Meqan, əzizim... – deyə oğlan bir də pıçıldadı. Qızın isti, cod barmaqları onun əlinə dəydi. Meqanın üzü kədərliydi; o, fikirli görünürdü. Kaş onun üzünə toxunaydı!

Yenə bayquş səsi eşidildi, itburnu kollarının qoxusu gəldi. Har­dasa it hürdü, qızın barmaqları aralandı və qız otağın qa­ranlığına çəkildi.

  • Gecən xeyrə qalsın, Meqan!

  • Gecən xeyrə qalsın, ser!

Qız daha görünmədi. Oğlan bir qədər nəfəsini dərib otu­ra­caq­dan tullandı, sonra əyləşib ayaqqabılarını çıxartdı. Oğlanın xəl­vətcə yerinə keçib yatmaqdan başqa yolu yox idi. Lakin Frənk uzun müddət hərəkətsiz qaldı. Ayaqları şeh­çi­çə­yin­dən keyləşmişdi; o, heç nə hiss etmirdi. Frənk qızın həyəcanlı, hür­kək və gülümsər simasından, isti barmaqlarının hərarətindən məst olmuşdu.
Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə