Kamran NƏZİRLİ



Yüklə 0,93 Mb.
səhifə9/12
tarix26.09.2017
ölçüsü0,93 Mb.
#1736
1   ...   4   5   6   7   8   9   10   11   12

Həyətdə qatır

Yanvar ayının axırında hava tutuldu; şaxta yox idi, ətrafı duman bürümüşdü. Het qarı əlillər evindən gəlmişdi; o, dərhal mətbəxə cumdu. Qarının gümrah və şaqraq səsi evi başına götürmüşdü. Onun təxminən yetmiş yaşı olardı; lakin özünün hesablamalarına və dediyinə görə, Ceffersonda23 xanımların müxtəlif yaşlarını nəzərə alsaq (gəlinlərdən tutmuş ta nənələrə qədər) qarı az qala bütün şəhərin beşiyini tərpətmişdi; buna görə də onun ya yüzdən bir qədər az, ya da elə üç yüz yaşı olar.



Qarı ucaboylu və arıq idi; ayağında nəmli krossovkalar, əynində isə uzun, siçan rəngində xəz paltosu vardı. Üstü haşiyəli bu xəz paltolar təxminən qırx-əlli il bundan qabaq dəbdəydi. Qarının çox da köhnə olmayan açıq qırmızı rəngdə şlyapası onun baş örtüyünə kip oturmuşdu; əlində çanta vardı. Qarı həftədə bir dəfə evə gələrdi və belə vaxtlarda adətən əlində naxışlı yol çantası olardı. Lakin şəhərdə on sentlik mallar dükanı açılandan sonra onun naxışlı yol çantası ordan su qiymətinə aldığı və içinə min cür kağız-kuğuz yığdığı kağız çantayla əvəz olunmuşdu; qarı əlindəki həmin kağız çantasını yellədə-yellədə, uşaq sevinciylə mətbəxə girib ucadan qışqırdı:

  • Miss Menni! Həyətinizdə qatır var!

Missis Heyt qızdırıcı sobanın yanında sallağı oturub közərmiş kömürləri vedrənin içinə yığırdı; cəld ayağa durdu və vedrəni götürüb gözlərini Het qarıya bərəltdi, sonra hökmlü və qətiyyətli səslə bağırdı:

  • Ay səni! İt uşaqları!

Qadın inadkar bir cəldliklə mətbəxdən çölə çıxdı; vedrəni əlindən buraxmayan bu qadının təxminən qırx yaşı olardı, dolu bədənliydi. Onun üzündə sonsuz, lakin dinc bir hüzn vardı; sanki hansı qadınlarınsa, özü də xüsusi ləyaqəti olmayan qadınların ucbatından dul qalmışdı. Əyninə çitdən don, sviter geyinmişdi, başına kişi şlyapası qoymuşdu; bütün şəhər bilirdi ki, bu şlyapa on il bundan qabaq ölmüş mərhum ərindən qalıb. Qadının ayağındakı uzun və düyməli kişi çəkmələri özününkü idi. Corabları zanbaq başına oxşayırdı. Şəhərdə hamı bilirdi ki, bu çəkmələri dükandan özü alıb. Qadın Het qarıyla birgə qapını açıb bayıra çıxdı və dumana düşdü. Bax, elə bil bütün uzun qış gecəsi boyu şəhər içinə çəkdiyi yuxulu valehedici nəfəsini hələ də dumanla torpaq arasına yığmışdı; bu nəfəs qaranlıq və dar bir məsafədə yuxuyla oyanışın arasında qalmışdı; mürgüdən oyanan ilıq havanı tənzimləyən həyətdəki istilik sistemi idi; elə bil donmuş sala qatları pilləkənlərin üstünü və zirzəminin taxta qapağını, daha sonra isə sarayın böyrünə, arxa qapının küncünə düzülmüş taxta lövhələrin üstünü örtmüşdü; və missis Heyt əlində közərmiş kömür dolu vedrə həmin taxta lövhələrin üstünə çıxıb qaçanda yamanca sürüşdü.

  • Ehtiyatlı olun!- Het qarı qışqırdı və özü də az qala rezin krassovkalarla sürüşəcəkdi.- Onlar evin qabağındadır!

Missis Heyt yıxılmadı, heç dayanmadı da. Onun soyuq baxışları ətrafa tuşlandı və qadın yenidən qaçmağa başladı. Həyətdə duman içindən qəflətən əcayib bir qatır peyda oldu. Adama elə gəlirdi ki, qatır zürafədən də yekədi; onun uzunsov başı vardı. Qatır düz onların üstünə gəlirdi; onu saxlamaq, qabağını kəsmək mümkün deyildi. Heyvan elə bil cəhənnəmdən qurtulmuşdu, noxtası şəklənmiş qulaqlarına çırpılırdı.

  • Odur!- deyə Het qarı əl çantasını yellədərək qışqırdı, – Sən bir ona bax!

Missis Heyt dərhal qatıra sarı döndü və şeh basmış taxta lövhələr üstündə yenə əməlli-başlı sürüşdü. Onlar qatırla birgə yaxınlıqdakı tövləyə sarı qaçırdılar. Tövlənin açıq qalmış qapısından isə bir heyvan sifəti hərəkətsiz və heyrət içində onlara baxırdı. Çox güman ki, heç zürafə də bu inəyə qatır qədər qorxunc və yekə görünməzdi; duman içindən birdən-birə çıxıb peyda olan qatırın cana üşütmə salan görkəmi vardı. Hələ bunlar cəhənnəm, heyvan tərs kimi düz tövlənin qabağında qaçırdı. Qısası, inək qarşısında ya küləşdən çəpər, ya da bir kabus görürdü. İnəyin öz görkəmi də fövqəl idi; o, quzu kimi sakitcə gözlərini zilləyib baxırdı. Birdən inək qeyb oldu, elə bil küləkli havada kibrit çöpü söndü. Məntiqlə düşünmək olardı ki, inək yox olmadı; o, sadəcə tövlədə gizləndi. Çünki tövlədən elə bir qorxunc böyürtü gəldi ki, bunu təsvir etmək çətin idi; sanki kimsə arfanın, yaxud da liranın24 simlərini qopardırdı. Missis Heyt dərhal bu tükürpədici səsə tərəf yeridi; sanki bununla demək istəyirdi ki, mən kişi və qatır dünyasına qarşı həmrəylik nümayiş etdirirəm. Qadın və qatır tövləyə tərəf qaçırdı. Missis Heyt kömür dolu vedrəni əlində yellədib qatıra çırpmaq istəyirdi. Əlbəttə, bütün bunlar bir göz qırpımında baş verdi və görünür, qatır qəti döyüşə girməkdən vaz keçmişdi. Het qarı yenə qışqırdı:

  • Bax, odur! Ona bax!

Qatır qəflətən qarıya sarı döndü, düz onun üstünə cumdu. Lakin bu peç borusutək ucaboy qarı qatırı əl çantasıyla vurdu və qatır onun yanından ötüb qacdı. Heyvan evin o biri tininə burulub gözdən itdi.

Missis Heyt eyni çevikliklə, lakin tələsmədən vedrəni zirzəminin girəcəyindəki pilləkənin üstünə qoydu. Sonra qadınlar birlikdə evin tinini buruldular; həmin anda bu əcayib heyvan evin altından təzəcə çıxan ağ toyuqlara və hirslənmiş xoruza hücum edirdi. Qatırın belə bir həngamə çıxartması ani olaraq əsl konserti xatırlatdı; bu cəhənnəm bədheybəti yenidən cəhənnəmə qayıtdı, duman içində iz qoymadan itdi; elə bil buludlar arasında görünən qanadlı xırda məxluqları da özüylə apardı, tutqun və kimsəsiz bir boşluqda dumanda əriyib getdi.



  • Ordadı, evin qabağında!- qarı qışqırdı.

  • İt uşaqları!- Missis Heyt sərt donquldandı.

Qadın qatırları söymürdü, heç onların sahibi ilə də işi yox idi. Bu söyüşlərin onillik bir tarixi vardı və bunu bütün şəhər bilirdi.

Günlərin birində, aprel səhərində Mister Heytdənqalma şeyləri ayırıb yerbəyer edirdilər; dəmiryol körpüsündən bir qədər uzaqda qatarların xurd-xəşil elədiyi qatırlardan bir qədər aralıda qəttəzə kəndir qalmışdı. Kəndirlər şəhərin kənarına uzanan və burada dalana dirənən dəmiryolu xəttinin üstünə tullanmışdı; həmin ərazidə də Heytgilin evinin coğrafi taleyi həll olunurdu; itkilərin əsas tərkib hissəsini qatırlar, missis Heytin mərhum əri və elə bu qatırların sahibi təşkil edirdi; onun familyası Snops idi; şəhərdə Snopsu da yaxşı tanıyırdılar; camaat bilirdi ki, bu adam Memfisdəki yarmarkada bütöv bir ilxını alıb. Sonra həmin ilxını Ceffersona gətirib, onları fermerlərə, dul qadınlara və yetimlərə, zəncilərə və ağ dərili adamlara aldğı qiymətdən bir qədər bahasına satıb; şəhər camaatı onu da bilirdi ki, qışda (elə həmin qışa ölü mövsüm deyirdilər) həmin o təzə kəndirlərlə həmişə möhkəmcə bağlanan bu qatırlar sürü halında, bütöv ilxıyla (bunlar Snopsun şikayətlərində sonradan qeyd olunurdu), Snopsun yaxşıca çəpərlədiyi örüşdən qacdılar və gecə yolayrıcında yük qatarlarının altına düşdülər; mister Heyt də elə ordaca bu fani dünyanı tərk etdi.

Bir dəfə zarafatcıl şəhər adamlarından biri Snopsa poçtla dəmiryol qatarlarının hərəkət cədvəlini çap formasında göndərmişdi. Enlikürək, dolu bədənli bu adamın qayğılı və gərgin sifəti vardı, heç vaxt qalstuk taxmazdı; o, adətən bu dinc yuxulu şəhəri tozanaq bürümüş yollarla bağıra-bağıra keçərdi.

O vaxt hadisədən qatırların yalvarışlı naləsi və böyürtüsü gəldikdə xəbər tutdu; qatırların kəsilmiş başları, xurd-xışil olmuş cəmdəkləri, qırılan dırnaqların şaqqıltısı bədbəxtlikdən xəbər verirdi. Qatırları qovan adamların qəzəbli hay-küyü eşidilirdi. Snops özü sürünün lap arxasınca qayğılı-qayğılı, tövşüyə-tövşüyə gəlirdi. Şəhərdə danışırdılar ki, bu adam qatır sürüsündən dəhşətli dərəcədə qorxur, lakin onlardan çox məharətlə gəlir götürür.

Snops sürünü vağzaldan ta öz örüşünə qədər yolla qovurdu və bu yol şəhər ətrafı boyu uzanaraq mister Heytin evinin yanından ötürdü; Heytlər bir həftə evdə olmadılar və günlərin birində qayıdıb gördülər ki, evlərinin ətrafında tozanaq qoparan qatırları qovurlar; qəzəbli səs-küy, bağırtılar, qovan adamların söyüşləri gəlirdi. Lakin bir neçə il sonra o dəhşətli aprel səhərində, hadisə yerinə çatan adamlar gördülər ki, tanınmaz hala düşmüş bu qatır cəmdəklərinin böyür-başında qırıq-qırıq olmuş təzə kəndir hissələri də var; Heytdən şübhələnməyə başladılar. Əslində Heytin həm qatırlara, həm də Snopsa daha çox aidiyyəti vardı. Bəli, Heyt hərdənbir onun həyətinə girən qatırları təkcə qovmaqla məşğul olmamışdı. Hələ onda camaata elə gəlirdi ki, işin əsl mahiyyəti və təfərrüatı məlumdur; camaat düz üç gün təəccüb və maraq içində işin gedişatını izlədi- görəsən, Snops Heytə görə də cərimə tələb edəcək, ya yox?

Camaat yalnız bunu öyrənə bildi ki, dəmiryol şirkətinin agenti Missis Heytə baş çəkib. Agentin vəzifəsi xanımın iddialarını təmin etmək idi; bir neçə gündən sonra Missis Heyt səkkiz min beş yüz dollarlıq bir çek aldı. Çünki o vaxtkı bəxtəvər günlərdə dəmiryolu şirkətləri öz cənub filial və şöbələrini dəmiryoluna yaxın yerdə yaşayanların qanuni ovu hesab edirdi. Missis Heyt pulu nağd aldı. O, həmin aprel səhərindəki görkəmində, əynində sviter, başında şlyapa soyuqqanlı və kirimişcə kassirin qabağında durub onun xışıldayan təzə kağız pulları saymağına baxırdı. Daha sonra bank direktoru və əməliyyatçı onu dilə tutmağa çalışdılar ki, kupon alsın; kupon sərfəlidir, yaxud təcili depozit qoysun, yaxud adi əmanət kitabçası açsın. Missis Heyt isə pulları önlüyünün altından asılmış pul kisəsinə qoyub getdi; çox keçmədi ki, qadın öz evini vağzal rənginə uyğun şəkildə, dəbdə olan keyfiyyətli boya ilə təzədən rənglədi. Bəziləri deyirdi ki, belə hərəkət Heytin ya həssaslığı, ya da təşəkkür əlamətiydi.

Dəmiryol agenti Snopsu izahat vermək üçün çağırdı. Snops onun yanından çıxanda adi günlərdə olduğundan da qayğılı görünürdü; onun bütün sifətindən yağan bu dəfəki qayğıları hiddətə bürünmüşdü.

Bir dəfə gecə yarısı, qatırlar onun örüşünü artıq neçənci dəfə adlayıb keçəndə, gördü ki, heyvanları həmişəki kimi kəndirlə ikiqat, üçqat bağlayıblar, lakin bu dəfəki kəndirlər köhnəydi. Və indi görünür, qatırların özləri bunu çoxdan bilirdi; hələ Memfisdəki meydanda bağlı qatırları satarkən heyvanlar duymuşdular ki, Snops qorxaqdır, onlardan çəkinir. O vaxtdan bəri ildə üç, ya dörd dəfə, qatırları yük vaqonlarından boşaldanda elə bil heyvanları şeytan yoldan çıxarırdı, mərəkə qopurdu- toz buludları qalxır, sərt, qorxunc püskürtülü ilğımın cəhənnəm görüntüləri baş verirdi; qatırlar elə bir gurultu və tozanaqla götürülürdü ki, bu kabusun qarşısını heç fələk də ala bilmirdi. Bu qatır axını ecazkar, sakit şəhərin yollarıyla ötüb Missis Heytin həyətinə gəlib çıxırdı. Və bu zaman Snops əsəbi halda, qorxuya-filana fikir vermədən Missis Heytin evinin (Snopsa elə gəlirdi ki, Heytin evinin keyfiyyətli boyası məhz onun hesabına alınıb, hətta lap şahzadələr kimi yaşayan Missis Heytin özü də onun pullarına görə rahatlıq əldə edib) ətrafında dolaşan bu qorxunc qatırlar arasında peyda olur, özünü öra-bura vururdu. Belə vaxtlarda qonşular, məhəllədə yaşayan digər sakinlər pəncərələrin pərdəsini aralayıb onlara tamaşa edirdilər. Bəziləri aynabənddə, bəziləri səkilərdə durub baxırdı; yöldan ötüb keçən furqonlardakılar, gecə köynəyində çıxıb maraqla bu səhnəyə tamaşa edən qadınlar, məktəbli uşaqlar, zəncilər, ağ dərili adamlar ayaq saxlayıb heyrətdən az qala gözlərini bərəldirdilər.

Bu gün də belə oldu; Missis Heyt və onu dabandabana izləyən Het qarı həyətdə göründülər. Missis Heytin əlində bulaşıq süpürgə vardı və o, növbəti dəfə tini burulub qapısı ağzından burun dəsmalından bir qədər böyük torpaq parçasını götürüb çölə atdı. Onun çəpər hesab elədiyi bu torpaq sərhəddən hər hansı bir heyvan addayıb keçə bilərdi. Lakin bu anda həyət qaynar qazana dönmüşdü deyəsən; bəlkə də buna səbəb aldadıcı duman və onun qapanmış gözləriydi. Qadın indi qımıldanmadı və süpürgəni bərk-bərk sıxaraq hardasa özünə arxayın halda noxtası sallanan qatırın dalınca cumdu. Dumanlı havada qatır gah görünür, gah itir, gah da doqquz ev toyuğunun kölgəsi arasından tozanaq qoparıb qaçırdı. Bu zaman elə bil külək səssizcə göyə doqquz ağ kağız parçasını sovururdu.

Birdən böyürdən az qala təngənəfəs halda bir kişi qaçaraq Missis Heytin qabağına çıxdı; bu, Snops idi; islanmışdı, əsəbiydi və sifətindən hiddət yağırdı. Snops qaşlarını çatıb ağzı köpüklənə-köpüklənə qışqırdı:



  • Missis Heyt, bir Allah şahiddir! Mən əlimdən gələni etdim!

Qadın heç gözünün ucu ilə də ona tərəf baxmadı.

  • O yekəpəri, noxtası sallağı tutun!-deyə Missis Heyt soyuqqanlıqla əmr etdi.- Onu bir də buralarda görməyim!

  • Əlbəttə,- Snops dedi. - Amma bir qədər ara verin. Qoy bir sakitləşsin. Onu hürkütməyin.

  • Ehtiyatlı olun!- deyə Het qarı qışqırdı.- O, yenə bura tullanacaq!

  • Kəndir gətirin,-Missis Heyt qaça-qaça çığırdı.

Snops qəzəblə Het qarıya baxdı. Sonra:

  • Mən indi kəndiri hardan tapım?-deyə bağırdı.

  • Zirzəmidə var!- qarı da bağırdı.- O tərəfdən, qabaqdan qaç ki, onu tuta bilək!

Onlar Missis Heytlə birlikdə yenidən fırlanıb tinə buruldular. Qatır sallaq noxtasıyla birgə yenə toyuqların arasında peyda oldu, daha sonra sürətlə, tullana-tullana qaçmağa başladı. Missis Heyt, Het qarı və Snops yenə tini burulub arxa qapının qabağına çıxdılar.

  • Allah, sən saaaa-xla!- deyə Het qarı yenə qışqırdı.- O bu saa... inəyə xəəəətər... yetirəcək!

Nəhayət, qatır dayandı;onlar qatıra çatdılar, daha doğrusu, tini burulandan sonra qatırla üzbəüz gəldilər. Tövlədəki inək düz həyətin ortasına çıxmışdı. İndi onlar bir neçə addımlıqda qatırla burun-buruna dayanmışdılar; tərpənmirdilər, başları aşağı əyilmişdi, ayaqlarını aralamışdılar, elə bil eyni bir naxışın iki simmetrik hissəsini təşkil edirdilər. Belə bir rəsm əsəri olsaydı onu hər hansı bir bukolika25 həvəskarı böyük məmnuniyyətlə ala bilərdi; və uşaq da bu şəkillə bir qədər oynayar, sonra bir tərəfə atıb onu sadəcə unudardı.

Snopsun başı və çiyinləri indi də zirzəminin içindən görünürdü; zirzəminin qapağı açıq idi, kömür dolu vedrə hələ də qapağın yanında durmuşdu. Elə bil Snops çiyinlərinə kimi torpağa basdırılmışdı; onun bu vəziyyəti ispan-hindu və amerikan adətinə görə, əri ilə birlikdə dəfn edilmiş dul qadını xatırladırdı. Hər halda, bütün bunlar bir göz qırpımında baş verirdi; hətta canlı şəkil çəkməkdən də sürətli bir proses idi; belə şeyləri dərhal yaddaşa köçürmək və orada saxlamaq asan məsələ deyil. Budur, insan, qatır və inək yenə bir-birinin ardınca dümana girib gözdən itdi. Snops qabaqda qaçırdı, əlində kəndir tutmuşdu; onun dalınca inək tullanır, gah quyruğunu qaldırır, gah aşağı əyir, gah da fırladırdı; sanki gəminin burnundakı ağac bayraq idi, yellənirdi.

Missis Heyt və Het qarı da zirzəminin yanından ötüb qaçırdı; zirzəminin qapağı açıq qalmışdı, içəridən zəif işıq gəlirdi. Zirzəmidə, dul qadınların adətinə görə, hər cür cır-cındır saxlanılırdı: yandırılmaq üçün boş yeşiklər, köhnə qəzetlər, sınıq mebellər və digər xırım-xırda əşyalar. Əslində bunları heç bir qadın elə-belə tullamazdı. Orada çoxlu kömür və qətranlı şam ağacından kəsilmiş odun parçaları da yığılmışdı...

Missis Heyt və qarı yenə tini burulanda gördülər ki, Snops, inək və qatır evin altına qaçıb tapdalanmaqdan canlarını vaxtında qurtarmaq istəyən toyuqlar arasında şıllaq atırlar, sonra dərhal dumana bürünüb yenə itdilər. Bununla belə, Missis Heyt qovmağa davam edirdi, səssiz və sərt bir qəzəblə qaçırdı. Het qarının üzündə uşaq heyrəti vardı; diriydi, fərəhliydi. Qadınlar bu dəfə də dolanıb evin qabağına çıxanda orda Snopsdan başqa kimsəni görmədilər. Snops qarnı üstə yıxılmışdı, qollarını aralayıb durmaq istəyirdi; Snops yıxılan zaman pencəyi başına çevrilmişdi; qatdanmış pencəyin altından girdə sifəti, sallanmış çənəsi görsənirdi; onun od püskürən simasına baxanda adamın yadına yerə yıxılmış rahibənin karikaturası düşürdü.



  • Onlar hardadı?- Het qarı Snopsdan soruşdu. Snops cavab vermədi. – Daldan gəlirlər?-qarı yenə bağıraraq soruşdu, sonra dərhal əlavə etdi: - Ora bax, yenə arxa həyətə giriblər!

Hə, deməli, onlar həyətin düz arxa tərəfində idilər. Görünür, inək tövləyə qayıtmaq istəyirdi, lakin həddən artıq sürət götürdüyündən qorxu-hürkünü də unudub qəflətən geriyə dönmüşdü. Onlar nə inəyi, nə də qatırı görmədilər; qatır da inəklə toqquşmamaq üçün geri döndü. Bu vaxt güclü şaqqıltı və tarappıltı səsi gəldi. Qatır geri sıçrayanda zirzəminin qapağına ilişdi, sonra da tullana-tullana gözdən itdi. Onlar zirzəminin yanına çatanda qatır da, közərmiş kömür dolu vedrə də yox idi; qadınlar buna fikir vermədilər. Bu dəfə inək həyətin ortasında durmuşdu; əvvəlki kimi yerindən tərpənmirdi, tövşüyə-tövşüyə nəfəs alırdı, başını əyib qabaq ayaqlarını aralamışdı; sanki uşaq yerdə unutduğu oyuncaqlarından birini götürmək üçün qayıdıb gəlmişdi.

Onlar bir qədər də qaçdılar; indi Missis Heyt ağır-ağır nəfəs alıb qaçırdı; sifəti mastika rənginə dönmüşdü, bir əlini də sinəsinin üstünə qoymuşdu. Qadınların hər ikisi evi üçüncü dəfə idi ki, dövrə vururdu və heydən düşmüşdü. Qatır evin başına üçüncü dəfə də dolanaraq gəlib onlara arxadan çatdı, sürətlə başları üstündən tullandı; ani olaraq şeytani bir gurultu eşidildi, heyvanın dırnaq səsləri şaqqanaq çəkən adamın səsinə bənzədi; bunun ardınca kəskin tər iyi gəldi;bu iy öldürücü və üfunətli idi. Qatır bu dəfə də gözdən itdi. Buna baxmayaraq, qadınlar və Snops yenə inadla tini buruldular; axır ki, qatır dumanda birdəfəlik itdi. Qatırın dırnaqlarının qırıq-qırıq şaqqıltısı eşidildi; bu şaqqıltılarda heç kəsin duya bilmədiyi bir rişxənd vardı və qatır çay daşı ilə döşənmiş küçəyə çıxdı, bir azdan uzaqda görünməz oldu.



  • Səni gör-üüüüm... lə...əəəə...nətə gələəəəəssssən!- deyə Het qarı ağır-ağır nəfəs alaraq dayandı. Qarı elə bil işıq saçırdı.

  • Sakit...., dostlarrrrr! Məncəəəəə, bizzzzzz...- qarı bir anlıq elə bil daşa döndü; sonra astaca başını döndərdi, burnu ilə nəyəsə işarə etdi; burun pərələri geniş açıldı; görünür, onlar zirzəminin yanından sonuncu dəfə ötəndə oranın açıq qaldığını ani olaraq görmüşdülər. Qarı qapağı açıq qalmış zirzəmiyə baxdı, pilləkənin üstündəki közərmiş kömür dolu vedrə yerində yox idi...

  • Vayyyy sə-ni, yanıq iyi gəliyyyyy!- Het qarı qışqırdı, - Evə qaç, a bala, pulları, pulllllarrrı götür!..

Hələ səhər saat on olmamışdı; günortaya kimi ev büsbütün yanıb külə döndü.

Snopsu daha çox fermerlərin dükanında görərdilər; elə həmin gün də onu burda görmək istəyənlər az deyildi. Snopsa söyləyirdilər ki, yanğınsöndürən maşın gələn vaxtı camaat da yığışmışdı; Missis Heyt və Het qarı evdən çıxdılar; qarının bir əlində çanta, o biri əlində Mister Heytin portreti vardı. Onlar evdən çətir də götürə bilmişdilər; Missis Heyt təzə qəhvəyi paltosunu çiyninə atmışdı, bir cibində qapağı kip bağlanmış kampot bankası vardı; bankanın içi səliqə ilə yığılmış kağız pullarla dolu idi. Qadının bir əlində də nikelli ağır tapança varmış. O, küçəni keçib qonşu evə sarı gedib və qonşunun aynabəndində yelləncəkdə oturaraq yellənib, yanındakı yelləncəkdə isə Het qarı yellənirmiş. Hər ikisi bütün günü yelləniblər. Missis Heyt onun evindəki qab-qacaqları, mebel və yataq dəstlərini azğın yanğınsöndürənlərin necə çölə tulladıqlarına hiddətlə, həqarətlə tamaşa edirmiş.



  • Bunun axı mənə nə dəxli var?- Snops dedi.- Közərmiş kömür dolu vedrəni zirzəminin ağzına mən qoymuşdum ki? Kimsə onu zirzəminin içinə aşırıb, mənə nə?

  • Axı zirzəmini siz açmısınız?

  • Əlbəttə, mən açdım. Bəs nə üçün açdım? Kəndiri, o qadının kəndirini götürmək üçün. O, özü məni zirzəmiyə göndərdi...

  • Axı göndərdi ki, gedib öz qatırını, onun həyətinə girən qatırını tutasan... Bunu ki inkar edə bilməzsiniz?.. Bizim əyalətdə hər hansı məhkəmə qadının xeyrinə hökm çıxaracaq...

  • Hə... Təəssüf ki, belədi. Ona görə ki, o, qadındı. Yalnız buna görə! Ona görə ki, o, qadındır. Lənət olsun ona! Yaxşı. Qoy versin məhkəməyə məni. Mənim dilim yoxdu? Mən də məhkəməyə nəsə deyə bilərəm...

Burda Snops çaşdı və hamı ona baxdı.

  • Nə deyəcəksən? Sən axı məhkəməyə nəyi deyə bilərsən?

  • Heç nəyi? Çünki heç bir məhkəmə-filan olmayacaq. Biz axı onunla niyə məhkəmə davasına çıxaq? Biz Menni Heytlə dava edəcəyik ki? Siz, bura baxın, uşaqlar, siz onu yaxşı tanımırsız, elə danışırsız da... Yəni o, adi bir bədbəxt hadisədən ötrü iddia qaldıracaq? Heç kəs bu təsadüfi bədbəxt hadisənin qarşısını ala bilmədi. Bax, siz, bütün əyaləti gəzsəniz , Menni kimi ədalətli və xeyirxah qadın tapa biməzsiniz. Mən də elə ona bunu demək istərdim...

Snops üçün belə bir imkan dərhal yarandı. Missis Heytlə Het qarı içəri girəndə heç kəslə salamlaşmadı. Onun dalınca gələn Het qarı yenə əlində çanta tutmuşdu. Missis Heyt sakitcə ətrafa göz gəzdirdi, adamların salamını almadı. Qadın heç Snopsa tərəf də baxmadı. Snopsla çox danışmamaq üçün dedi:

  • Mən qatırı almaq üçün gəlmişəm.

  • Hansı qatırı? Qatır sizin nəyinizə gərəkdi?

Missis Heyt gözünü Snopsa zillədi. Snops davam etdi:- Missis Menni bu qatır sizə baha başa gələcək- yüz əlli dollara...

  • Nə???... dollara?

  • Əlbəttə, sentə yox ki...

  • Yüz əlli dollara?! Heytin sağlığında qatırlar ucuz idi.

  • O zamandan çox şey dəyişib. Elə siz də, mən də...

  • Hə, deyəsən düz deyirsiz...- qadın cavab verdi, sonra heç bir söz demədən geri dönüb getdi, dalınca da Het qarı çıxdı.

  • Bəlkə elə sizə səhər gördüyünüz o qatırdan verək, hə?- Snops qadının arxasınca mızıldadı.

Missis Heyt cavab vermədi, dinməzcə çıxıb getdi. Kimsə yerindən dilləndi:

  • Sizin yerinizdə olsaydım bunu ona deməzdim.

  • Niyə axı?-Snops dedi.- Yəni doğurdanmı bu qadın yanğına görə məni məhkəməyə vermək ümidindəydi? Yoxsa siz elə bilirsiz o, mənə pul təklif etməyə gəlmişdi?

Həmin gün təxminən dörd radələrində Snops ucuz baqqal dükanı qabağına yığışmış zəncilıri aralayıb qabağa soxulmaq istəyəndə kimsə arxadan onu çağırdı. Əlində həmişəki kimi canta (çanta şişmişdi) Het qarı banan çıxarıb yeyə-yeyə dedi:

  • Mən elə siziiiii axtarırammmmm...

Sonra yarımçıq qalmış bananı hansısa qadına verib ciblərini eşələdi, yaşıl bir kağız çıxarıb əlavə etdi:

  • Miss Menni dedi ki, bunu sizə verim. Mən elə sizin həmişə olduğunuz dükana getmişdim... Alın, götürün bunu...

Snops pulu aldı.

  • Nə? Missis Heyt bunu mənə verdi?

  • Qatıra görədi...

On dollarlıq əskinas idi.

  • İmza-filan lazım deyil, -Het qarı əlavə etdi.- Mən təsdiq edə bilərəm ki, pulu əlbəəl özüm vermişəm.

  • On dollar? Qatıra görə onca dollar? Mən axı ona dedim - yüz əlli dollar?

  • Doğurdan belə olub? Nə bilim, özünüz danışıb razılaşın. Bunu isə tapşırdı ki, sizə verim, özü də getdi qatırın dalınca...

  • Nə? Qatırın dalınca?... O, mənim örüşümdən qatırımı necə götürə bilər?

  • Allah köməyin olsun, a bala!- qarı dedi. – Miss Menni üçün heç bir qatır qorxulu deyil. Kor deyilsən ki, özün gördün!

Qaş qaralmağa başladı; qış olduğundan günlər qısalmışdı, axşama az qalırdı. Het qarı tövləyə yaxınlaşanda qızardılmış donuz ətinin iyi gəldi. Sonra bir qədər yaxına gəlib içəriyə boylandı; orda tonqal yanırdı, kərpiclərin üstünə tava qoyulmuşdu. Bir yanda da Missis Heyt inəyi sağırdı.

  • Belə de, siz burdasız?!- Het qarı tövləyə girdi.- Görürəm, artıq yerbəyer olmusunuz?

Qarı ətrafa göz gəzdirdi. Tövlə tərtəmiz idi; süpürgə ilə süpürülmüş, dırmıx və bellə təmizlənmişdi; döşəməyə təzədən ot sərilmişdi. Yeşiyin üstündə təptəzə nöyüt lampası yanırdı, onun yanında çox səliqə ilə həsir döşəkçə, döşəkçənin üstünə də yorğan-döşək salınmışdı.

  • Nolar, bura daha rahatdı...- deyə qarı məmnunluq doğuran bir heyrətlə dilləndi.

İçəridə, tövlənin qapısı ağzında mətbəx kətili qoyulmuşdu. Het onu çölə çıxartdı, sonra gəlib tonqalın böyründə oturdu; ağzınacan dolu çantasını da qoydu yanına.

  • Siz süd sağın, mən ətə baxaram...-Het qarı dedi.- Baş verən bütün bu həngamə məni həyəcənlandırmasaydı, elə inəyə də özüm baxa bilərdim.....-deyə ətrafa nəzər saldı. - bura bax, bəs qatır hanı, görmürəm? Aldığınız qatırı deyirəm...

Missis Heyt dodaqucu nəsə mızıldadı, sonra başını inəyin böyrünə əyib dedi:

  • Siz ona pulu verdiniz?

  • Əlbəttə, verdim! Əvvəlcə təəccübləndi, guya gözləmirdi... yəni sizin məsələni bu qədər tez həll etməyinizi gözləmirdi... Lakin mən ona dedim ki, qoy o özü sizinlə danışsın, razılığa gəlsin... Pulu isə götürdü. Mənə elə gəlir ki, onunla dil tapacaqsınız...

Missis Heyt yenə nəsə mızıldadı. Het qarı tavada qızaran donuz ətini çevirdi; tavanın yanındakı qəhvədan qaynayırdı.

  • Qəhvədən nə yaxşı iy gəlir...- qarı dedi.- Gör neçə il keçib... indiki kimi belə iştaham olmayıb. Mən axı sərçə kimi yeyirəm. Elə ki, qəhvəni iyləyirəm, dərhal yemək istəyirəm. Bax, elə bu parçanı, o ətin bir parçasını mənə verin... Ah, bura bax, Allah bizə qonaq göndərib...

Missis Heyt başını qaldırmadı, hələ sağımı qurtarmamışdı. Az sonra geriyə boylandı, lakin oturduğu yeşikdən durmadı.

  • Mən gəldim ki, sizinlə söhbət edım...- Snops dedi.- Məndə sizin əmanətiniz qalıb. Sizdə də mənimki...

Snops danışa-danışa gözünü qırpmadan, iti baxışlarıyla hər tərəfə göz gəzdirirdi. Het qarı isə arxayın-arxayın ona baxırdı. Snops üzünü qarıya tutub dedi:

  • Hə, nənəcan, siz çıxın bayıra. Burda sizlik iş yoxdu, oturub söhbətimizə də qulaq asmayın...

  • Allah səni saxlasın, a bala! Yəni bunu mənə deyirsən?-deyə Het qarı ciddiləşdi.- Sən mənə fikir vermə. Mənə belə xoşdu; özgə söhbətinə qulaq asanda qəlbən rahat oluram... Sən danış, nəsə demək istəyirdin... Mən də oturub baxacağam ki, ət yanmasın...

Snops missis Heytə baxdı və dedi:

  • Ona deyin ki çıxıb getsin.

  • Nə üçün? Bu həyətin sahiblərindən biri də odur, nə vaxt istəsə...

Snops əlini yellədib onun sözünü kəsdi, acıqlı, amma təmkinlə dedi:

  • Yaxşı, yaxşı... Deyək ki, siz qatırı götürübsünüz...

  • Mən sizə ona görə pul vermişəm. Het verib pulu...

  • On dollar... Bu qatırın qiyməti yüz əlli dollardır. Amma siz cəmi on dollar vermisiniz...

  • Bilmirəm, bu nə qatırlardı belə yüz əlli dollarlıq?! Amma onu bilirəm ki, dəmiryolu şirkəti onlara nə qədər verir...

İndi də Snops qadından gözlərini uzun müddət çəkmədi.

  • Bunu necə başa düşək?

  • Dəmiryolu hər baş qatıra altmış dollar verib... Siz Heytlə birlikdə...

  • Susun!-Snops dedi. Sonra yenə də ətrafa bic-bic göz gəzdirdi.- Yaxşı, qoy altmış olsun! Axı siz mənə cəmi on dollar göndərmisiniz?

  • Bəli. Mən sizə fərqini göndərmişəm.

Snops qadına baxdı, susdu. Qadın davam etdi:

  • Bu fərq bilirsiz nədir? Qatırın qiymətiylə sizin Heytə borclu qaldığınızın arasındakı fərqdir.

  • Heytə borclu qalmışam???

  • Bəli... Ona görə ki, o, qatırlardan beşini relslərin üstünə qovanda...

  • Danışmayın, susun!-Snops qışqırdı.

Missis Heyt aram-aram, amma sərt danışırdı.

  • Ona görə ki, Heyt sizə yardım edib. Siz hər dəfə ona əlli dollar vermisiniz... sizə isə dəmiryolu şirkəti hər başa görə altmış verib... Düz deyil?- Snops susurdu.

  • Lakin sonuncu dəfə siz Heytə pul vermədiniz. Bunun əvəzində də mən qatırı götürdüm. Sizə də onun fərqini ödədim.-on dollar...

  • Həəə...- deyə Snops möhkəm dilxor oldu. Sonra da ucadan dedi:- Yox, dayanın bir! Sizi tutdum! Axı bizim Heytlə razılaşmamız olub ki, mənim ona heç bir borcum yoxdu; o vaxta qədər ki, qatırlar...

  • Məncə, siz sussanız yaxşıdı...-missis Heyt dedi.

  • Axı iş sonadək görülməyib?! Bu dəfəki işi gördük. Ondan sonra mənim heç kimə borcum qalmadı. Çünki o adama ki, mənim borcum var idi, o adam artıq dünyada yoxdu!- deyə Snops səsinə təntənə qatdı.- Başa düşürsünüz?

Misssis Heyt yeşiyin üstündə oturmuşdu;tərpənmirdi, ayaqlarına baxırdı, sanki düşüncəliydi. Snops daha ürəklə davam etdi:

  • Buna görə də on dollarınızı götürün; deyin görüm, mənim qatırım hardadı? Gəlin xeyirxah dost kimi qalaq; həmişəki kimi. Allaha and olsun, bu yanğına görə mən hamıdan çox acıyıram...

  • Allaha and olsun!-deyə Het qarı da dilləndi.- Yaman dəhşətli alov idi, düzdü?

  • ... Axı siz dəmiryolundan külli miqdarda pul aldıqdan sonra hələ də evinizi tikib qurtarmamısız? Götürün bu pulu,- deyə Snops on dollarlıq əskinası qadına verdi.- Mənim qatırım hanı?

Missis Heyt tərpənmədi, sonra:

  • Doğurdan bu pulu mənə qaytarırsız?-deyə soruşdu.

  • Əlbəttə. Biz axı həmişə dost olmuşuq. Gəlin bu işi elə əvvəlki vaxtlardakı kimi sülhlə yoluna qoyaq. Mən kinli adam deyiləm, elə siz də kinli deyilsiniz. Qatırı harda gizlətmisiz?

  • Mister Spilmerin evinin dalındakı yarğanda...

  • Aydındı. Yaxşı yerdi, xəlvəti yerdi. Heç təsəvvür edə bilmirəm ki, sizin pəyəniz yoxdu. Yaxşı olardı ki, siz onu elə mənim örüşümdə saxlayaydınız, onda heç artıq-əskik söhbətlər də olmazdı. Amma səmimi deyirəm, mən kinli adam deyiləm. İndi isə icazənizlə, gecəniz xeyrə qalsın. Görürəm, yeriniz pis deyil, maşallah... Məncə, sizə heç ev tikmək də lazım deyil. Pula qənaət edin.

  • Bəlkə də düz deyirsiniz...- Missis Heyt təmkinini pozmadı.

Snops artıq getmişdi. Het qarı soruşdu:

  • Siz qatırı niyə belə uzağa aparıb qoymusuz?

  • Məncə, indi o, daha çox uzaqdadır...

  • Lap uzaqda?

Missis Heyt dinməzcə tavaya yaxınlaşdı və qızaran ət parçasına baxdı, Het qarı dedi:

  • Deyəsən, ət barədə nəsə dediniz? Bəlkə də mən dedim, siz yox? Huşum yoxdu...

Onlar axşama yaxın nahar etdilər. Axşamçağı Snops geri qayıtdı. O, ehtiyatla nahar stoluna yaxınlaşıb tonqalda əllərini qızdıra-qızdıra onlara baxırdı;elə bil bayırda güclü şaxta vardı... Nəhayət, dedi:

  • Məncə, on dolları götürsəm yaxşıdı...

  • Hansı on dolları?-Missis Heyt soruşdu.

Snops fikirli-fikirli tonqala baxdı. Missis Heyt və Het qarı yeməyi asta-asta içəri ötürürdü. Het qarı Snopsa tərəf döndü.

  • Görürəm, siz pulu mənə vermək istəmirsiniz?

  • Axı siz özünüz dediniz ki, gəlin məsələni sülh yolu ilə həll edək?- Missis Heyt dedi.

  • Allah görür, siz özünüz təklif etdiniz ki, başqa çıxış yolumuz yoxdu...- Het qarı da əlavə etdi.

Snops isə hələ də tonqala baxırdı; sonra ürəksiz, ehtiyatla danışmağa başladı.

  • Mən neçə illərdi ki, əziyyət çəkirəm, risk edirəm, dəridən-qabıqdan çıxıram, qatıra görə altmışca dollar alıram... Siz isə heç bir risk olmadan, hazırca, rahatca səkkiz min yarım qamarladınız... Əlbəttə, mənim sizə paxıllığım tutmur, bunu heç kəs deyə də bilməz; lakin qəribə də olsa deməliyəm; həmin pulları qazanmadınız, qamarladınız. Siz hətta bilmədiniz əriniz hardadı; o, bu pullarla nə edir? Siz sadəcə onun arvadı rolunu oynadınız, vəssalam. Bütün bu illər ərzində mən sizə paxıllıq etmədim, lakin siz mənim qatırıma onca dollar verməyi çox görürsünüz... Bu, ədalətsizlikdir...

  • Siz öz qatırınızı geri aldınız, yenə nədən narazısız?-Het qarı dedi.- İndi nə istəyirsiz axı?

Snops missis Heytə baxdı, dedi:

  • Sonuncu dəfə deyirəm, mənim on dollarımı verirsiz, ya yox?

  • Hansı on dolları axı?- Missis Heyt istehzayla, halını pozmadan soruşdu. Snops hirsindən çıxıb gedəndə Het qarının çantasına ilişdi, lakin yıxılmadı, yoluna davam etdi.

Qadınlar axşam toranlığında onun kölgəsini izlədilər; Snops yumruqlarını düyünləmişdi, əllərini havada yellədirdi; qədim qallar26 kimi gücsüz və ümidsiz bir qeyzlə gözdən itdi. Het qarı uzun müddət missis Heytə baxdı, sonra soruşdu:

  • Əzizim, mən bi şeyiiii....annnammaddımmm; siz o qatıra neylədizzzzz?

Missis Heyt tonqala sarı əyildi. Onun boşqabında qurumuş qaraciyər vardı; qadın əyilib odun üstündən tavanı götürdü, tavanın yağını qabağındakı qaraciyərin üstünə tökdü. Sonra heç nə olmayıbmış kimi dedi:

  • Mən onu güllələdim...

  • Nəəə?

Missis Heyt qaraciyəri ağzına qoydu.

  • Bax belə!-Het qarı sevinclə dilləndi. - Qatır evi yandırdııııı.... siz də onu güllələdizzzzz... Məncə, ədalət elə buduuuuuu

Hava tez qaraldı. Het qarı əlillər evinə getmək üçün üç mil yol qət etməliydi; əlillər evi qaçmır ki... yanvar gecəsi uzun idi... Het qarı rahatca nəfəs alıb əminliklə və sevincək halda dedi:

  • Həəəə, əzizimmmm, əccəbbb... gün oldu!




Ernest Heminqvey

(Amerika yazıçısı)
Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, görkəmli Ame­rika yazıçısı və jurnalisti Ernest Miller Heminqvey yaradı­cılı­ğının xarakterik xüsusiy­yət­lərindən biri onun sadəliyi və də­rin mənalı olmasındadır. Təsa­düfi deyil ki, iyirminci yüzil­də dünyanın bir çox tanınmış qələm sahiblərinin yaradıçılığına Ernest Heminqveyin əhəmiyyətli dərəcədə təsiri olmuşdur.

E. Heminqvey 21 iyul 1899-cu ildə ABŞ-ın İlinoys ştatın­da Ouk Park rayonunda anadan olmuşdur. Ailənin ilk oğlu Er­nes­­tin anası qatı protestant olsa da, oğlunu özü kimi musiqiçi gör­­mək istəyirdi. Lakin atasının çöl-məişət hobbiləri – ov­çu­luq, balıqçılıq, meşədə və göl qırağında düşərgə salmaq kimi məş­ğulliyyətləri uşaqlıqdan Ernesti özünə cəlb edir və təbiətlə erkən yaxınlıq etməsi gələcəyin böyük yazıçısında ən gözəl duy­ğular oyadır.

Ernest Meşəçilik və Su Təsərrüfatı Məktəbində oxuyur, boksla, futbolla məşğul olur, ingilis dilinin bütün incəliklərini mənimsəyir. O, ilk yazılarını orta məktəb illərində yazır, mək­tə­bin divar qəzetinin redaktoru olur. Ernest orta məktəbi bitir­dikdən sonra kollecə getmədi və on yeddi yaşından The Kansas City Star qəzetində köşə yazarı kimi işlədi. Lakin 18 yaşı ta­mam olanda Birləşmiş Ştatlar Birinci dünya müharibəsinə qo­şuldu və Ernest Heminquey könüllü olaraq İtaliya ordusunda Hər­bi Tibb Dəstəsində qulluq etməyə yollandı və cəbhədə ya­ra­landı. O, İtaliya hökuməti tərəfindən təltif edilir, uzun müd­dət hospitallarda müalicə olunur. ABŞ-a qayıtdıqdan sonra Ka­nada və Amerika qəzetlərinin reportyoru işləyir və tezliklə onu yenidən Avropaya köşə yazarı kimi ezam edirlər.

İyirminci illərdə Heminqvey Parisdə mühacir ame­ri­kalılar qrupunun üzvü olur. Ən məşhur əsərlərini də burada y­a­zır. “Günəş də çıxır”(The Sun Also Rises (1926), “Əlvida, Silah” (A Farewell to Arms (1929) və “Qoca və Dəniz” (The Old Man and the Sea (1952) əsərləri ona şöhrət gətirir.

Heminqvey həm də gözəl şəkillər çəkirdi. Əsgərlərin, ov­çu­ların, kobud və primitiv adamların təsvirlərində o, insanın cə­sarət və ləyaqətini müasir cəmiyyətin amansızlıqlarına qarşı qo­yurdu. Cəmiyyətdə baş verən haqsızlıqlar və qatı mü­na­qişələr onun incə yazıçı qəlbini ağrıdır, ümid və inamını qırırdı. Onun sərt nəsri, obrazların dialoqları, sətiraltı mənalı mü­ka­li­mə­ləri təsirli idi.

E.Heminqveyin “Qadınlarsız kişilər” (Men Without Women (1927) və “Beşinci sütun və ilk 49 hekayə” (The Fifth Column and the First Forty-Nine Stories (1938) adlı hekayələr topluları dəfələrlə nəşr edilmiş, dünyanın bir çox dillərinə tər­cümə olunmuşdur.

E.Heminqveyin şəxsi həyatı heç də ürəkaçan olmayıb. Ya­zıçı birinci dəfə 1921-ci il sentyabrın 3-də Elizabet Hadley Ri­çardsonla evlənib və ondan 1927-ci ildə ayrılıb. İkinci dəfə Pa­ulina adlı bir qadınla evlənib, ondan iki uşağı olub. 1940-cı ildə Marta Gelhornla ailə həyatı qurub və ondan da 1945-ci ildə ayrılıb. Dördüncü dəfə Meri Velşlə evlənib.

E.Heminqvey 1953-cü ildə Afrikaya səyahət edərkən təy­yarə qəzasına düşür, xoşbəxtlikdən sağ qalır. 1960-cı ilə qədər Ku­bada olur və Kuba inqilabından sonra Amerikaya dönür. O, bir neçə xəstəlikdən əziyyət çəkib. Heminqveydə hipertoniya və şəkər xəstəliyi vardı. Heminqueyi müalicə etmək üçün psi­xatriya klinikasına qoyurlar. Lakin həkimləri onun psixatrik xəs­tə olmadığını inadla təsdiqləyir, lakin əsəblərinin gərildiyini qeyd edirlər. Onun müalicəsində elektroşok terapiyasından isti­fadə edirlər. Bu barədə Heminqvey özü yazırdı:” Mənə elektro­şok terapiyası edən həkimlər yazıçıları başa düşmürlər... Kaş bü­tün psixiatrlar bədii əsər yazmağı öyrənəydilər, onda bilər­dilər ki, yazıçı olmaq nə deməkdir... Axı mənim beynimin məhv edilməsinə və yaddaşımın korlanmasına nə ehtiyac var­dı? Bunlar mənim yeganə kapitalım idi; həkimlər bu kapitalı mən­dən alıb məni həyatın küncünə tulladılar...”

Nəhayət, xəstəxanadan çıxandan bir neçə gün sonra, 1962-ci il iyulun 2-də Heminqvey Ketçumdakı evində, öz se­vim­li silahı ilə özünü vurur. Ölümqabağı heç bir vəsiyyət və mək­tub yazmır.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə