HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
24
rəsmiləşdirilməməyi, digəri isə işçinin rəsmi əmək haqqı ilə faktiki əmək haqqının
arasında fərqlərin olması idi.
Təəssüflə qeyd olunmalıdır ki, icbari sığorta sisteminin tətbiqi bu problemlərin heç
birinin qarşısını ala bilmədi. Hazırda icbari sığorta əmək müqaviləsi (və ya mülki-hüquqi
müqaviləsi) olmayan heç bir işçini əhatə etmir. İkili (qara) mühasibatlığın mövcud olduğu
iş yerlərində vəziyyət bir qədər fərqlidir. Belə ki, faktiki əmək haqqı ilə rəsmi əmək
haqqı arasında dəfələrlə fərq olan iş yerlərində işçilərin sığorta olunması rəsmi əmək
haqqına uyğun həyata keçirilir. Təbii ki, sosial sığorta hadisəsi baş verdikdə bütün sığorta
ödənişləri də həmin rəsmi əmək haqqına müvafiq həyata keçirilir. Məsələn, bir işçinin
rəsmi əmək haqqı 100 manat, faktiki əmək haqqı isə 500 manatdırsa, sığorta hadisəsi baş
verdikdə işçiyə ödənişlər onun itirdiyi peşə əmək qabiliyyətinə mütənasib olaraq rəsmi
əmək haqqı üzrə hesablanacaqdır.
Bu halın mövcudluğu icbari sığorta sisteminin tətbiq olunmasında ən ciddi problemlərdən
biridir. İcbari sığorta sisteminin tətbiq olunmadığı vaxtlarda işçinin məhkəmə vasitəsi ilə faktiki
əmək haqqını müəyyən etmək üçün imkanları vardır. Düzdür praktikada bunu etmək o qədər
də asan olmurdu. Amma hər halda bu hüquq vardır və ondan istifadə edən işçilər olmuşdur.
Hazırda isə məhkəməyə müraciətin hər hansı perspektivi ümumiyyətlə yoxdur. Çünki sığorta
şirkəti işçiyə ikili mühasibatlıq üzrə əmək haqqı verilməsinə görə hər hansı məsuliyyət daşımır.
1.11. İcbari sığortaya cəlb olunmayan əsas qruplar
Qanunvericilikdə olan boşluqlar və qanunun tətbiqi praktikasında olan qüsurlar əmək
fəaliyyəti ilə məşğul olan xeyli işçinin bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından
icbari sığortadan kənarda qalmasına gətirir. Bu işçi qrupları əsasən aşağıdakılardır:
•
Formal əmək sferasında çalışmalarına baxmayaraq işəgötürənlərin məsuliyyətsizliyi
və səhlənkarlığı səbəbindən icbari sığortaya cəlb olunmayan işçilər. Yuxarıda
göstərilən rəqəmlərə nəzər saldıqda aydın görünür ki, əslində hüquqi baxımdan
hər hansı problem olmadığı halda işəgötürənlər məsuliyyətsizlik edərək işçiləri
icbari sığortaya cəlb etməmişdir. Bu hal hətta büdcə təşkilatlarında, o cümlədən
dövlət orqanlarında əhəmiyyətli göstəriciyə malikdir;
● Qeyri-formal əmək sektorunda çalışan bütün işçilər. Buraya əsasən aşağıdakı kateqoriya
işçilər aiddir:
- Ev qulluğu işlərində çalışanlar (dayələr, aşbazlar, şəxsi sürücülər, bağbanlar,
cangüdənlər və s. ev qulluğu işlərinə cəlb edilənlər);
- İctimai iaşə sferasında (restoranlar, şadlıq evləri, çayxanalar, klublar və s.);
- Ticarət sektorunda çalışanlar;
● Kəndli fermer təsərrüfatlarında çalışanlar;
● Mülkiyyətində torpaq sahələri olan və bu səbəbdən “Məşğulluq haqqında” Qanuna
əsasən məşğul hesab olunan əmək qabiliyyətli şəxslər;
● Qanunla icbari sığortaya cəlb olunması nəzərdə tutulmayan şəxslər.
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
25
1.12. İcbari sığorta üzrə Qanunvericiliyin tətbiqinə mane olan səbəblər
•
Qeyri formal əmək sektorunun mövcudluğu
Qeyri formal əmək sektorunun mövcudluğu on minlərlə faktiki olaraq muzdlu işdə çalışan
insanların bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığorta olunmasına imkan
vermir. Praktika göstərir ki, istehsalatda baş verən bədbəxt hadisələrin nəticəsində zərər
çəkənlərin əksəriyyəti də əmək müqaviləsi olmadan işləyən şəxslərdir.
•
İkili mühasibatlıq
Yuxarıda qeyd olunduğu kimi ikili mühasibatlığın tətbiq olunduğu iş yerlərində
işçilər rəsmi olaraq aldıqları əmək haqqına müvafiq olaraq sığorta olunurlar. Belə
olan halda sığorta hadisəsi zamanı işçi və ya digər faydalananlar real kompensasiya
ala bilmirlər.
•
İşəgötürənlərin işçilər qarşısında korporativ sosial məsuliyyətinin kifayət qədər
olmamağı;
Ölkədə işəgötürənlərin cəmiyyət və işçi heyəti qarşısında korporativ sosial məsuliyyəti
olduqca aşağıdır. Bu baxımdan bir çox işəgötürənlər nəzarətdən yayınaraq işçilərini
bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından sığorta etmirlər. İşəgötürənlərin
müvafiq iş yerlərində əməyin mühafizəsi, o cümlədən təhlükəsizlik texnikası
qaydalarının təmin olunması üçün zəruri tədbirləri görməməyi, həmçinin işçiləri
icbari sığorta etməməyi Qanunun tətbiqini ciddi əngəlləyən amillərdəndir.
•
Qanunun icrası üzərində nəzarətin təmin olunması ilə bağlı problemlər;
Qanunun icrasına nəzarəti tam təmin etmək çox çətindir. Hazırda müəssisələrdə nəzarət
orqanlarının yoxlama sistemi vahid reyestr əsasında həyata keçirilir. Dövlət Əmək
Müfəttişliyi Xidməti də müəssisələrdə yoxlamaları yalnız əvvəlcədən reyestrdə qeydə
aldırdıqdan sonra həyata keçirir. Bu baxımdan işəgötürənlər icbari sığortanın tətbiqindən
tam və ya qismən yayına bilirlər. Bu hal xüsusən işçilərin əksəriyyəti ilə əmək müqaviləsi
olmayan iş yerlərində baş verir. Belə iş yerlərində işəgötürən yoxlama olacağı vaxtlarda
əmək müqaviləsi bağlamadan muzdlu əməyə cəlb etdiyi işçiləri iş yerinə buraxmır və
beləliklə yoxlayan orqan yalnız əmək müqaviləsi olan işçiləri qeydə ala bilir. Bu işçilərin
də əksəriyyəti icbari sığortaya cəlb olunmuş olurlar.
•
Maarifləndirmə işinin aşağı səviyyədə olması
İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından icbari sığorta ilə bağlı məlumatlılıq
olduqca aşağıdır. Bu tədqiqat çərçivəsində kiçik və orta sahibkarlıq subyekti olan 35 müəssisə
rəhbəri ilə strukturlaşdırılmamış intervülər aparılmışdır. Onlardan cəmi 5 nəfəri icbari sığorta
ilə bağlı tam məlumatlı olmuşdur. Daha 11 nəfər ümumi məlumata malik olduqlarını bildirmiş.
Qalanlar isə bu sığortanı icbari dövlət sosial sığortası ilə qarışdırmışdır.