Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə91/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   87   88   89   90   91   92   93   94   ...   101

184
– Otur görüm. 
Əbih  Sultanın  sifəti  siyrilmişdi.  Sağ  ayağı  da  möhkəm  ağrıyırdı.  Birtəhər  aşağı  tərəfdən 
oturdu. 
– Danış görüm hardan gəlib hara gedirsən? 
– Diyarbəkrə gedirəm.  
– Hardan gəlirsən? 
Əbih  Sultan  Fərrux  Yasarın  yanında  olmağını  danışmadı.  Bu  da  Muradın  əlində  təzə  bir 
dəstəvuz olardı. 
– Qarabağdan. Bir dostumun yanındaydım. 
– Dostun səni niyə pulsuz-parasız, adamsız yola salıb? 
–  Murad  bəy,  tərəqqinin  tənəzzülü  də  olur.  Vaxt  vardı  yuxarı  qalxırdım,  indi  də  aşağı
enirəm. Kim bu dünyanı tutub durub axı? Heç kim. Onsuz da bundan sonra mən bir də saray üzü 
görməyəcəm.  Qayıdıb  gedirəm  öz  mülkümə,  qardaşımın  yanına.  Gəl  sən  də  məni  yolumdan 
qoyma. 
– Bircə bunu eləyə bilməyəcəm. 
–  Mən  insafsızam.  Sən  insaflı  ol.  Havayı  demirəm.  Rüstəm  Mirzənin  xəzinəsi  mənim 
əlimdədi. Yarısını sənə bağışlayaram. 
– Yox! 
–  Hamısı  sənin olsun. Tutaq ki, məni öldürdün. Buna görə heç kim sənə sağ ol deyib, o 
qədər  ən’am  verməyəcək.  Götür  xəzinəni,  bu  adamları  da  burax,  qayıt  get  öz  elinin  içinə,  şah 
kimi  yaşa  ömrünün  axırına  kimi.  Evlən,  hələ  qocalmamısan.  Axır  günündə  sənə  sahib  duran 
olsun.  Beş  il,  üç  il  dağlarda  yuva  qurub  yol  kəsəcəksən,  sonra  da  Əlvənd  Mirzə  güclü  qoşun 
göndərib  hamınızı  quş  kimi  ovlatdıracaq.  Meyitinizi  dağda-daşda  çaqqal,  canavar  dağıdacaq. 
İndi özün bil. Mən dünyada bir adama ürəkdən yaxşılıq eləmişəm, o da sənsən. İndi o adamın 
əlində ölmək məni ağrıdır. Qoy heç olmasa düşmənlərim məndən intiqam alsınlar.  
Murad dediyinin üstündə dayanmışdı: 
– Nə olar, ölümünü özün seçərsən. Düşmənlərini tapmaq məndə. 
Qapı açıldı, otağa iri məcməyidə şüyütlü plov gətirdilər. 
– Otur ye. Mən toxam. – Səninlə bir daha duz-çörək kəsəsi deyiləm. 
Talış  dağlarının  başına  buludlar  toplanmışdı.  O  buludlar  Xəzər  dənizinin  üstündən 
sıralanıb buraya axışırdı. Ağır tutqun buludlar Kirkan meşəsinin dəmirağaclarına ilişib dayanır, 
ya  dağı  dərdli  görüb  əylənirdilərsə,  ya  nədi,  buludlar  bir  yerə  toplaşırdı.  Onlardan  yağışla 
bərabər qar ələnirdi. Yerə çatan kimi qar əriyir, yağış isə həmişə yağdığı bu qara torpağı horraya 
döndərirdi. 
Ərcivan  meşəsində  yağış  ağaclardan  çox  yerdəki  xəzəllərə  yağırdı.  Ağacların  nəhəng 
gövdələri  islanıb  qaralmışdı.  Neçə  gündən  bəri  yağan  yağış  onları  elə  islatmışdı  ki,  o  nəmi,  o 
suyu ağacların canından ancaq yay günəşi çıxara bilərdi. 
Zahid  Gilaninin  məqbərəsi  ətrafında  qurulan  çadırların  üstünə  yağış  düşdükcə  sacda 
qovrulan  qarğıdalının  səsini  verirdi.  Ağ  çadırın  içərisinə  isə  bu  yağış  un  kimi,  toz  şəklində
tökülürdü, İsmayıla elə gəlirdi bu nurdu, işıqdı. Amma gecə-gündüz onun çadırı ətrafında keşik 
çəkən  müridlər  yağışın  əlindən  cana  gəlmişdilər.  Onlar  da  ağac  kötükləri  kimi  islanmış,  su, 
soyuq iliklərinə işləmişdi. Onlardan biri lap cana gəlmişdi. Ürəyində bircə fikir dolandırırdı. 
– Allah kömək olmuş, bir başını qaldırıb tanrıdan iltimas eləyə bilməz ki, bu yağışı kəs. 
Axı onu zamanın sahibi eləyən qurban olduğumdu da. Yə’ni desə sözü yerə düşər?  
Mürid yoldaşları heç kimə baxmaz, onun dilini kəsərdilər. 
Bu  günlər  Lələnin  də  işi  çox  idi.  Lap  çox.  Gecə  qurtarırdı,  o  isə  bir  çimir  eləməyə  vaxt 
tapmırdı. 
Talışdan,  Muğandan,  Gilandan,  Ərdəbildən,  Mazandarandan  belə  korlar,  şillər,  xəstələr 
sürünə-sürünə axışıb bura gəlir, öz dərdlərinə əlacı İsmayılda görürdülər. Amma Lələ İsmayılı
heç  kimlə  görüşməyə  qoymurdu.  Çadırda,  adamların  arasında  o  laməkan  olmuşdu.  Görünsə, 
adamların arasına çıxsa, Lələyə elə gəlirdi ki, sehr itər. Bu xəstələri isə birtəhər geri qaytarırdı. 
Onu düşündürən bu xəstələrin taleyi deyil, silah götürə bilən müridlərin sayı idi. 


185
Şam şəhəri yanında məskən salmış şamlı tayfasına, Ərzincan ətrafındakı rumlu tayfalarına, 
Vaysaq, Boyat, Ustaclı, Qacar və Əfşar tayfalarına o, carçılar göndərmişdi. Elə bil ki, dünyanın 
ən hündür yerində dayanan carçı əlini qulağının dibinə qoyub ucadan səsləyirdi. 
– Zamanın sahibi peyda olub. Kimin günahı yoxdursa, yığılıb gəlsin. Onunla bərabər bütün 
günahları yer üzündən süpürüb atsın. Eşidirsinizmi, eheyy... 
Bu carçının səsini isə hər yerdə eşidirdilər. Ona hay verirdilər. 
Artıq ilk carçı qayıtmışdı. Lələyə danışırdı: 
– Əbdi bəyin yanında oldum. Sevindiyindən çiçəyi çıtladı. Dedi mənim elim hamısı yazda 
at belində olacaq. 
– Necədi Əbdi bəy? 
–  Sazdı.  Əjdaha  kimi.  Saçı-saqqalı  bir  az  çallaşıb.  Lələ  özü  şamlı  tayfasından  idi.  Neçə
illər  bundan  əvvəl  gəlmişdi  və  bir  daha  o  tərəflərə  ayağı  düşməmişdi,  Əmir  Teymur  şamlı
qəbiləsini  Səmərqənd  tərəfə  aparanda  Lələnin  babası  Şeyx  Səfi  türbəsinin  mücövürü,  Şeyx 
Əlinin yanına gəlmiş, onu Əmir Teymura minnətçi salmışdı. Xacə Əlinin xahişini eşidən Əmir 
Teymur  Şamlı  tayfasının  geriyə,  öz  torpaqlarına  qayıtmağına  icazə  vermişdi.  O  vaxtdan  da  bu 
tayfa  Ərdəbil  şeyxlərinə,  onların  əqidə  və  təriqətinə  bağlanmışdı.  Lələnin  atası  isə  oğlunu  bu 
ocağa nəzir demişdi. Böyüyəndə onu Şeyx Heydərə tapşırmışdı. 
– Bunu pirimizə nəzir demişəm. Nökərindi, qulundu. 
Amma onlar dost olmuşdu. Şamlı qəbiləsi onlara indiyə qədər sədaqətliydi, ona görə də ilk 
çaparı elə ora göndərmişdilər. 
Tək-tək  gələn  müridləri  birləşdirmək,  onları  nizamlı  qoşun  halına  salmaq  da  çətin  iş  idi. 
Böyük  tayfalar  öz  silah  götürən  oğullarını  bir  yerdə  gətirməsə,  gələcək  döyüşlərdə  uğur 
qazanmağa da ümid az idi. Düzdür, özünə mürid adı götürən indidən bilir ki, ölüm-dirimə gedir 
və  bu  döyüşlərdə  öz  canından  keçməlidir.  Bununla  belə  mütəşəkkillik  daha  vacib, 
məsələlərdəndi. Həm də müridlərin arasında düşmənlər də gələ bilər. İşin başlanğıcında onlara 
elə bir xəta yetirə bilərdi ki, onu heç nə ilə düzəltmək olmazdı. 
Artıq Talış xanı ona xəbər çatdırmışdı. Fərrux Yasarın və Hüsaməddinin müridlər arasına 
sui-qəsdçilər  göndərəcəyindən  xəbərdardılar.  Amma  o  sui-qəsdçilər  kim  ola  bilərdi?  Yüzlərlə
adam  gəlir,  hamısı  da  sahibi  zamanın  tərəfində  ölümə  hazır  olduğunu  deyir.  Heç  birinin  də
alnında düşmən olduğu yazılmayıb. 
Lələ  bircə  iş  görə  bilmişdi.  Təzə  gələnlərə  düşərgədən  xeyli  aralı  çadırlar  qurulur,  onlar 
İsmayılın düşərgəsinə buraxılmırdı. Bəs necə? Onlar gizlincə yaxınlaşıb çadırda yatan İsmayılı
öldürə  bilməzdimi?  Çadırın  ətrafında  ən  inanılmış  adamlardan  keşikçi  qoyulurdu.  Bir  də
İsmayılın yeri tez-tez dəyişdirilirdi. İkinci gecə bir yerdə yatmırdı. 
Lələ başqa bir tədbir də görmüşdü. Bu sirri isə ondan və ən yaxın iki-üç adamdan başqa 
heç kəs bilmirdi. Ərdəbil müridlərindən birinin İsmayıl yaşda, İsmayılla bir üz almaya oxşayan 
Xızır  adlı  oğlu  vardı.  Lələ  Xızıra  da  eyniylə  İsmayılın  paltarından  tikdirmişdi.  Hər  gün  hər 
ikisinə eyni libas geydirilirdi. Amma bundan onların heç birinin xəbəri yoxdu. Bunu iki məqsəd 
üçün eləmişdilər. Birincisi ona görə ki, əgər düşmən düşərgəyə yol tapsa çaşıb qalsın. İkincisi də
bir-iki dəfə eyni vaxtda onları düşərgənin ayrı-ayrı səmtlərində adamlara uzaqdan göstərmişdi. 
Hər ikisi də namaza dayanmışdı. Bu da ziyarətə gələnlərdə qəribə bir mö’cüzə tə’siri yaratmışdı. 
Sözü-sovu hər tərəfə yayılmışdı. İsmayılın eyni vaxtda iki yerdə görünməyi ən böyük mö’cüzə
tə’siri bağışlamışdı. 
Onlar insanları yalnız bu cür mö’cüzə pərdəsi altında öz arxalarınca apara bilərdilər. 
Bir gün düşərgəyə qulaqları eşitməyən, gözləri çəp, qozbel bir adam oğlunun əlindən tutub 
gəlmişdi.  Ona  nə  qədər  demişdilərsə,  başa  sala  bilməmişdilər  ki,  İsmayılın  yanına  heç  kəsi 
buraxmırlar.  O,  öz  dediyinin  üstündə  dayanıb  durmuşdu.  Nəhayət,  İsmayılın  həmişə  namaz 
qıldığı  yerə  gətirmişdilər.  O,  zamanın  sahibinin  dayanıb  namaz  qıldığı  Yeri  öpmüş,  yalamış, 
sonra  ona  inamsızlıqla  baxan  adamların  yanında  cibindən  bıçağını  çıxarıb  itiləmiş,  çəp 
gözlərindən yaş axa-axa, on-on iki yaşındakı oğlunu yerə yıxıb qibləyə döndərmiş, bıçağı onun 
boğazına çəkmək istəyəndə, qolundan tutub güclə saxlamışdılar. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə