Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə17/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   13   14   15   16   17   18   19   20   ...   166

152.  Şübhəsiz,  Allah  (Ühüd  müharibəsində)  Onun  əmri  ilə  onları  (müşrikləri)  əzib-tökdüyünüz 
zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə 
(yəni  düşmənin  qəflətən  hücum  edə  biləcəyi  mövqeyin  qorunmasında)  ixtilafa  düşdünüz  və 
sevdiyiniz  şey  (düşmən  üzərində  qələbə)  sizə  göstərildikdən  sonra  itaətsizlik  etdiniz.  Sizlərdən 
bəzisi  dünyanı  (döyüş  qənimətlərini),  bəziləriniz  isə  axirəti  istəyirdi.  Sonra  sizi  sınamaq  üçün 
onlardan  (onlara  qalib  gəlməkdən)  yayındırdı.  Əlbəttə  sizi  əfv  etdi  və  Allah  möminlərə  qarşı 
(böyük) mərhəmət sahibidir. 
153.  O  zaman  uzaqlara  qaçırdınız,  heç  kəsə  baxmırdınız  və  Allahın  Peyğəmbəri  qoşununuzun 
arxasında  sizi  çağırırdı.  Beləliklə  (Allah)  sizi  qəminizin  üstünə  qəm  qoymaqla  (əmrdən  boyun 
qaçırmaq və müharibədə məğlubiyyət qəmi ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç 
vaxt  əlinizdən  çıxana  və  düçar  olduğunuz  şeyə  (müsibət  və  zərər-ziyanlara  görə) 
kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır.  
154. Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir 
dəstəni bürüdü. Başqa bir dəstə isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana-
cahiliyyət dövrünə xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir 
şey düşür?» deyirdilər. De: «Şübhəsiz, işlərin hamısı Allaha aiddir.» Onlar qəlblərində sənə aşkar 
etmədikləri bir şeyi gizlədirlər. (Ürəklərində və ya öz aralarında) deyirlər: «Əgər (verilən vədələr 
doğru olsaydı və) bu işdən (qələbədən) bizə də bir şey düşsəydi, biz burada öldürülməzdik!» De: 
«Əgər  siz  hətta  öz  evlərinizdə  belə  olsaydınız,  şübhəsiz,  (Lövhi-məhfuzda)  barələrində 
öldürülmək  yazılmış,  qərara  alınmış  kəslər  (döyüş  meydanındakı)  yataqlarına  tərəf  hərəkət 
edərdilər (ki, Allahın qəza-qədəri gerçəkləşsin) və Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) 
yoxlasın  və  qəlblərinizdə  olanı  (imanınızı)  xalisləşdirsin.  Allah  ürəklərdə  olanı  (sizin 
niyyətlərinizi) biləndir. 
155. Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa 
çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. 
Çünki Allah çox-çox bağışlayan və həlimdir.  
156. Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) 
olmuş  qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və  öldürülməzdilər!» 
deyən  kəslər  kimi  olmayın.  (Qoyun)  Allah  bunu  (bu  əqidəni  və  sözü)  onların  qəlblərində  bir 
həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir. 
157.  Əgər  Allah  yolunda  öldürülsəniz,  yaxud  ölsəniz,  şübhəsiz  ki,  Allah  tərəfindən  olan 
bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşıdır. 
158. Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha tərəf toplanılacaqsınız. 
159. Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim 
oldun  və əgər qaba və daşürəkli  olsaydın, onlar mütləq sənin ətrafından  dağılışardılar. Belə isə, 
onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən 
sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.  
160.  Əgər  Allah  sizə  kömək  etsə,  sizə  heç  kəs  qalib  gələ  bilməz  və  əgər sizi  köməksiz  qoysa, 
onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər. 
161. (Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə 
əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs 
Qiyamət  günü  xəyanət  etdiyi  şeylə  birlikdə  gələcəkdir.  Sonra  hər  bir  şəxsə  əldə  etdiyi  şeyin 
müqabilində  tam  və  kamil  əvəz  veriləcəkdir.  Onlara  zülm  edilməyəcək,  haqlarından 
kəsilməyəcəkdir. 
162. Belə  isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi  ilə qayıtmış və yeri 
Cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir. 
163.  Onlar  (möminlər  və  kafirlər)  Allah  yanında  təbəqələrdir  (bu  iki  dəstənin  hər  biri  digərinə 
nisbətdə,  həmçinin  hər  bir  dəstə  də  öz  fərdlərinə  nisbətdə  dərəcələrə  bölünmüşdür)  və  Allah 
onların etdiklərini görəndir. 
164.  Şübhəsiz,  Allah  möminlərin  boynuna  onlara  (mələklərdən  və  cinlərdən  deyil)  özlərindən 
Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və 


əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl 
açıq-aydın bir azğınlıqda idilər. 
165. Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən)  - ki, 
əlbəttə,  onun  iki  qatını  siz  (onlara)  vurmuşdunuz  (Bədr  müharibəsində  onlardan  yetmiş  nəfəri 
öldürüb,  yetmiş  nəfərini  əsir  götürmüşdünüz)  -  «bu  müsibət  necə  və  haradandır?»  deyirsiniz?! 
De:  «Bu  sizin  öz  tərəfinizdəndir  (çünki  bu  müharibədə  Peyğəmbərin  əmrindən  çıxdınız).» 
Həqiqətən Allah hər bir şeyə qadirdir. 
166. İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük 
məğlubiyyət  və  yetmiş  nəfərin  öldürülməsi)  Allahın  izni  və  icazəsi  ilə  idi  (ki,  sizi  imtahan)  və 
möminləri məlum etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün). 
167. Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara «gəlin Allah  yolunda vuruşun, ya (öz 
ərazilərinizi)  müdafiə edin!»- deyildi, dedilər: «Əgər biz döyüşməyi  bilsəydik, mütləq sizə tabe 
olardıq!»  Onlar  həmin  gün,  imandansa  küfrə  daha  yaxın  idilər.  Onlar  həmişə  ağızları  ilə 
qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir.  
168.  Özləri  (döyüşə  getməyib  evdə)  oturan  və  (doğma)  qardaşları  (və  ya  Ühüd  müharibəsində 
öldürülmüş  öz  məsləkdaşları)  barədə  «əgər  onlar  bizə  tabe  olsaydılar,  öldürülməzdilər!»  deyən 
kəslərə de: «(İndi ki, siz  ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü 
özünüzdən dəf edin.» 
169. Allah yolunda öldürülənləri əsla ölü  zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında 
ruzi verilir.  
170. (Onlar) Allahın Öz mərhəmətindən  onlara əta etdiyinə şaddırlar və  arxalarınca (hələ gəlib) 
onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və 
nə də qəmgin olacaqlar. 
171.  Onlar  Allah  tərəfindən  olan  nemət  və  bəxşişə  görə  və  həmçinin  Allahın  möminlərin 
mükafatını zay etməməsindən şaddırlar. 
172. (Ühüd döyüşündən və) yaralandıqdan sonra (Qüreyş qoşununu təqib etmək üçün) Allahın və 
Onun  peyğəmbərinin  çağırışını  qəbul  etmiş  kəslər-onların  yaxşılıq  edib  təqvalı  olanları  üçün 
böyük bir mükafat vardır. 
173.  Həmin  o  kəslər  (üçün)  ki,  camaat  onlara  «(Məkkə)  camaat(ı)  sizin(lə  vuruşmaq)  üçün 
toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah 
kifayətdir və O, gözəl vəkildir». 
174. Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında 
olan  ticarətdən  götürdükləri  qazanc)  ilə  onlara  heç  bir  pislik  və  ziyan  dəymədən  qayıtdılar  və 
Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.  
175.  Həqiqətən  öz  dostlarını  (şayələrlə  düşməndən)  qorxudan  yalnız  Şeytandır.  Odur  ki,  əgər 
möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!.  
176.  Məbada  küfr  yolunda  tələsənlər  səni  kədərləndirsinlər.  Onlar  Allaha  əsla  heç  bir  ziyan 
vurmurlar. Allah  istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara  bir pay qoymasın. Onlar üçün 
böyük bir əzab vardır. 
177. Həqiqətən küfrü  imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar 
və onlar üçün ağrılı bir əzab vardır. 
178.  Küfr  edən  kəslər  onlara  verdiyimiz  möhlətin  öz  xeyirlərinə  olmasını  güman  etməsinlər. 
Əslində  Biz  onlara  (başa  düşmələri  üçün)  möhlət  veririk  (lakin  sonda  bu,  səbəb  olur)  ki,  onlar 
(öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır.  
179.  Allah  (Peyğəmbərə  vəhy  nazil  etmək  və  ya  müxtəlif  imtahanlar  vasitəsilə)  xəbisi  pakdan 
ayırana  kimi  möminləri  sizin  indi  olduğunuz  (mömininizlə  münafiqinizin  bir-birinə  qarışmış 
olduğu)  halda  qoyan  deyildir.  Və  (həmçinin)  Allah  (Özünün  ənənəvi  qanunlarına  əsasən)  sizi 
qeyb sirlərindən (və bir-birinizin batininizdən) xəbərdar edən deyildir. Lakin peyğəmbərlərindən 
(onların  arasından)  istədiyini  seçir  (və  ona  peyğəmbərlik  vəzifəsinin  ehtiyacı  qədər  qeyb  elmi 
öyrədir).  Odur  ki,  (qəti  və  şərti  qanunlarının  icrasında)  Allaha  və  Onun  peyğəmbərlərinə  iman 
gətirin. Əgər iman gətirsəniz və təqvalı olsanız, sizin üçün böyük bir mükafat olacaqdır. 


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə