Əlavə VƏSAİt ne mövzu Nəqliyyat sistemləri ilə ətraf mühit arsında qarşılıqlı təsirlər [2, 4, 24]


Azərbaycanda dəniz nəqliyyatı: problemlər, perspektivlər



Yüklə 4,53 Mb.
səhifə63/66
tarix24.03.2023
ölçüsü4,53 Mb.
#103110
1   ...   58   59   60   61   62   63   64   65   66
lav V SA t ne m vzu N qliyyat sisteml ri il traf m hit ars n

Azərbaycanda dəniz nəqliyyatı: problemlər, perspektivlər


Dünya təsərrüfat sistemində dəniz nəqliyyatının rolu olduqca böyükdür. Beynəlxalq iqtisadi əlaqələr sistemində dəniz nəqliyyatı qarşılıqlı əlaqələrin formalaşmasında mühüm rol oynadığından, beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə (boru kəməri istisna olmaqla) ən ucuz nəqliyyat növüdür.
Hazırda dünya təsərrüfatında dəniz nəqliyyatının orta illik artım tempi 1% təşkil edir. Bu, dünya üzrə təxminən hər il 1200 ədəd gəmi artımıdır. Belə ki, 2006-cı ildən başlayaraq dünya ölkələri üzrə gəmilərin sayı 98269-dan 120000-ə çatmışdır. Dünya üzrə gəmilərin ümumi tonnajı 1,056 milyard dedveytdən (DWT) 1,5 milyard DWT-ə (Dedveyt - gəminin tam faydalı yükünün ağırlığı deməkdir. Buraya yük, sərnişinlər baqaj ilə, yanacaq ehtiyatı, yağ, şirin su, ərzaq və ekipaj üzvlərinin baqajı ilə ağırlıq ehtiyatları daxildir.) çatmışdır. Proqnozlara görə, bu artım gəmilərin artım tempinə və beynəlxalq ticarətin tələbinə uyğun olaraq 2026-cı ilədək 1,9 milyard DWT-ə çatacaqdır. Dünyada ticarət gəmilərinin sayı 41110 ədəd təşkil edir. Beynəlxalq ticarət yük dövriyyəsinin 75%-dən çoxu dəniz nəqliyyatının payına düşür. Dünya dəniz ticarətinin həcmi 1950-ci ildə 500 milyon ton olduğu halda, hazırda 18 dəfə artaraq 9 milyard tona çatmışdır. Daşınan yüklərin yarıdan çoxu neft və neft məhsullarıdır. Hazırda ABŞ, Almaniya və Yaponiyanın əhalisinin sayı dünya əhalisinin 9%-ni təşkil etməsinə baxmayaraq, ixrac olunan neft məhsullarının 80%-i həmin ölkələrə idxal olunur. ABŞ hərbi dəniz dononmasının sayına və gücünə görə dünya dövlətləri arasında 1-ci yerdə olmasına baxmayaraq, ticarət gəmilərinə görə ÇXR öndədir. Son dövrlərdə yük gəmiləri, gəmi qrupları arasında sərnişin daşımadan sonra 2-ci yerdə durur. (Sərnişin gəmiləri-41%, yük gəmiləri-38%) İqtisadiyyatın qloballaşması dünya ticarət iqtisadi əlaqələrində dəniz nəqliyyatının rolunun artmasını, yük və sərnişin daşımalarında tələb olunan gəmilərin Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğunlaşmasını tələb edir. Dünya dəniz ticarətində son dövrlərdə dünya təsərrüfatında neftlə yanaşı, maye qazların, o cümlədən mayeləşmiş təbii qaz və mayeləşmiş neft qazının daşınılmasının həcmi də xeyli artmışdır. Dənizlə daşınan mayeləşmiş təbii qazın miqdarı təxminən 75 milyon tondur. Bu daşımalarda dəniz nəqliyyatının rolu olduqca böyükdür. Belə ki, beynəlxalq ticarət yük dövriyyəsinin 80%-dən çoxu onun payına düşür. Dəniz nəqliyyatının fəaliyyəti beynəlxalq ticarətin həcmindən, coğrafiyasından, əmtəə strukturundan son dərəcə asılıdır və bu asılılıq onun inkişafına, fəaliyyətinin təşkilinə həlledici təsir göstərir. Beynəlxalq ticarətlə dəniz nəqliyyatı arasındakı üzvi əlaqələr beynəlxalq aləmdə baş verən dəyişikliklərlə adekvat olaraq dəyişilməyə məruz qalır. Bu dəyişikliklər daşımalara təqdim edilən məhsullarda, onların nəqliyyat xarakterlərində əks olunur. Dünya ticarəti yük dövriyyəsinin həcminin artması ilə yanaşı, onun strukturunu da daim dəyişir. Daşımalara təqdim edilən məhsulların təxminən 70%-i istehlak üçün hazır mallar, 30%-i isə istehsal üçün hasilat sənayesinin və kənd təsərrüfatının payına düşən xammal mənşəli mallar təşkil edir. Hazırda ümumdünya yük dövriyyəsindəki tələbat təyinatlı məhsulların növləri 20 milyondan çoxdur. Beynəlxalq yük axınlarının coğrafi bölgüsündə ilk növbədə iqtisadi baxımdan inkişaf etmiş ölkələrin artan templə inkişafını qeyd etmək lazımdır. Ümumdünya yük dövriyyəsinin təxminən 60 faizə yaxını bu ölkələrin payına düşür. Daşımalara təqdim edilən yüklərin orta illik miqdarı 5 milyard tondan çoxdur. Dəniz daşımalarına təqdim edilən yüklərin yarısını bu daşımaların həyata keçirilməsində xam neft və neft məhsulları təşkil edir. Xəzər sektorunda respublikamızın dəniz nəqliyyatının rolu olduqca böyükdür.
Qədim Neft ölkəsi olan Azərbaycanda dünyada ilk dəfə olaraq neftin dənizdə çıxarılmasına başlanmış və Xəzərin Azərbaycan sektorunda, “Gürqan-dəniz”, “Pirallahı”, “Çilov” adası kimi yataqların mənimsənilməsinə başlanılmışdır. 7 noyabr 1949-cu ildə açıq dənizdə sahildən 40 km və Bakıdan 90 km aralı Neft Daşları yatağının aşkar edilməsi Azərbaycanı və Xəzəri bütün dünyada məşhur etdi. 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində dənizin 80-350 metr dərinliklərində indi adları bütün dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Kəpəz” və hazırda ARDNŞ neftinin 60 faizdən çoxunu verən “Günəşli” kimi yataqlar aşkar edildi.
20 sentyabr 1994-cü ildə dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında, sonradan “Əsrin müqaviləsi” adını almış Sazişin imzalanması həyata keçirildi. Bu sazişdən sonra respublikamızın iqtisadiyyatı tənəzzül dövründən çıxaraq dinamik inkişaf yoluna qədəm qoymuş, dünya dövlətləri arasında makroiqtisadi göstəricilərinə görə, 2014-cü ildə 38-ci yerə çıxmışdır. Bütün bu göstəricilərin formalaşmasında balansında 300-ə qədər müxtəlif təyinatlı o cümlədən, sualtı borudüzən, sualtı qaynaq işləri, sualtı dalğıc işləri, sualtı elmi-tədqiqat işləri aparan, təchizat-yedək işlərini həyata keçirən, dəniz obyektlərinin mühafizəsini aparan “VİXR” tipli, həmçinin dənizçilərin daşınmasını təmin edən “G.Əsədov” və “S.Orucov” tipli sərnişin və s. gəmiləri olan “Xəzər Dəniz Neft Dononması”nın çox böyük rolu olmuşdur. Gəmilərimiz, həmçinin Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən əməliyyat şirkətlərinə (ABƏŞ və BP Şahdəniz) və onların podratçılarına (Mak Dermot, Saypem və s.) xidmət göstərirlər. ABƏŞ və BP Şahdəniz şirkətlərinə birbaşa uzunmüddətli icarəyə verilən “İ.Hüseynov” borudüzən, “Azərbaycan” kran, “T.İsmayılov” dalğıc və “STB-1” gəmiləri xüsusi çəkiyə malikdirlər. Gəmilərimiz dənizdə neft-qaz hasilatı, beynəlxalq ticarət-iqtisadi əlaqələrin həyata keçirilməsi ilə yanaşı, sularda dövlət sərhədlərimizin qorunmasında da mühüm rol oynayırlar.
Bütün bunlar dövlətimizin iqtisadi və siyasi qüdrətinin güclənməsində, respublikamızın dəniz nəqliyyatının müstəsna rolunun olduğunu sübut edir. Milli iqtisadiyyatımızın daha da inkişaf etməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların iqtisadi səmərəliliyinin artırılması, ölkəmizin rəqabət qabiliyyətinin və tranzit potensialının daha da gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması bir daha ölkə başçısının dəniz nəqliyyatına göstərdiyi diqqət və qayğının nəticəsidir. Hazırda respublikamızda Azərbaycan bayrağı altında 481 ədəd üzən gəmi vardır.
Azərbaycan dəniz gəmiçiliyinin və dəniz ticarətinin çox qədim tarixi vardır. Qədim tarixi mənbələrin və antik müəlliflərin verdiyi məlumatlardan aydın olur ki, əvvəlcə Makedoniyalı İsgəndər, sonra isə Selevki çarı 1 Nikator Xəzər dənizini öyrənmək, orada hərbi və ticarət donanması yaratmaq məqsədilə müəyyən cəhdlər göstərmişdir. E.ə. III əsrdə Selevkilər dövlətinin Xəzər dənizində eskadrası olmuşdur.
Antik dövrün Xəzər dənizini öyrənməklə məşğul olmuş alim və səyahətçilərin maraqlı fikir və fərziyyələri əsasında demək olar ki, özünün çoxəsrlik tarixi ərzində Xəzərin bir çox adı olmuşdur. Bəzi mənbələrdə bu adların sayı 40, bəzilərində 70, bəzilərində isə 1000-ə yaxın göstərilir. Həmin adlar adətən onun sahilində məskunlaşmış əhalinin, böyük tayfa birliklərinin adına, ya da sahilyanı zolaqda yerləşən vilayət, ölkələrin adlarına görə verilirdi. Bu baxımdan Xəzərin Nikan, Abeskun, Xəzər, Xvalinsk, Kaspi, Pontiç, Kimmerik, Sarmat, Xorasan, Tabasaran, Mazandaran, Göy, Ağ dəniz, Rus, Bakı, Dərbənd və s. kimi adları bununla bağlı olmuşdur. Adlar içərisində yalnız Xəzər və Kaspi tarixi və coğrafi hüquq qazanaraq indiyə kimi qalmışdır.
Bu baxımdan Xəzər dəniz nəqliyyatının tarixi eramızdan əvvəl VI-IV minilliklərə gedib çıxır. Hələ o zamanlarda insan dənizi öyrənmək və ondan səmərəli şəkildə istifadə etməyə ehtiyac olduğunu duymağa başlamışdır. İlk dəniz nəqliyyatı vasitəsi küləklərlə idarə olunan qayıqlar olmuşdur.
Zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada neft diyarı, Odlar Diyarı kimi tanınmışdır. Hələ 1848-ci ildə Bakıda, Bibiheybət yataqlarında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə düşmüşdür. XX əsrdən başlayaraq Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, olduqca güclü istehsal bazarları və elmi mərkəz yaradılmışdır. Azərbaycan İkinci Dünya Müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75%-ni verməklə cəbhəni yanacaqla təmin edərək faşizm üzərində tarixi qələbənin əldə edilməsində böyük rol oynamışdır.
Ölkəmizin ən böyük nailiyyətlərindən biri də dəniz neft-qaz yataqlarının kəşfi və işlənməsidir. 1949-cu ildə, sahildən 100 km məsafədə, o zaman üçün ümumxalq işi sayılan Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasil olunurdu.
“Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında deyilir: “1970-1980-ci illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dəniz özülləri zavodu tikilmişdir. Bununla yanaşı, neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur”.
Bu baxımdan dəniz nəqliyyatı neft strategiyasının həyata keçirilməsində mühüm amillərdən biri olmaqla tarixən yüklərin daşınmasında əsas amil və iqtisadi cəhətdən mühüm vasitə olmuşdur. Neft strategiyasının həyata keçirilməsində dəniz nəqliyyatının maddi-texniki bazasının möhkəmləndirilməsi və yeniləşdirilməsinə xüsusi diqqət yetirilmiş və bu sahədə xeyli işlər görülmüşdür. Qeyd etmək lazımdır ki, tədqiq olunan dövrdə sahənin maddi-texniki bazasının yeniləşdirilməsi istiqamətində real tədbirlər görülmüşdür. Belə ki, müstəqillik illərində, xüsusən 1994-cü ildə Xəzər Dəniz Gəmiçiliyinin 17 gəmisində İsveçin “Şip mocet” firmasının müasir sputnik naviqasiya sistemi quraşdırılmış, 10 gəmi kompüterlərlə təchiz edilmiş, gəmilərə fototeleqraf sistemi qoyulmuş, həmçinin İsveçin “Nord kontrol” firmasından gəmi sürücülərinin peşə hazırlığının artması üçün müasir məşq avadanlığı alınmışdır.
“C.Cabbarlı”, “Qəhrəman Hacıyev”, “M.Müşfiq”, “Muğan” gəmiləri “Kastivin-Xyus” firmasının, “Q.Qarayev”, “Merkuri-1”, “Merkuri-2” gəmiləri isə ən müasir radiologiya sistemi ilə təchiz edilmişdir. Lakin bununla bərabər, donanmanın yeni gəmilərlə təchizi çox aşağı səviyyədə olmuşdur. Müstəqillik illərində yalnız 2 gəmi alınmışdır. Belə ki, nəqliyyat donanması 1994-cü ildə Rusiyadan alınmış yük tutumu 4 min ton olan 1 ədəd quru yük gəmisi ilə və 1998-ci ildə isə yük tutumu 2 min ton olan 2 ədəd yanacaqdoldurma gəmisi ilə yeniləşdirilmişdir. Son dövrdə neft müqavilələri, “Qədim İpək Yolu”nun fəaliyyətə başlaması neft strategiyasının inkişaf etdirilməsinə böyük imkanlar açmışdır.
Dəniz nəqliyyatının idarəçiliyində yeni iqtisadi münasibətlərə keçid şəraitində idarəçiliyin iqtisadi, texniki, təşkilati-hüquqi məzmunda baş verən dəyişikliklərdən belə bir nəticə əldə edilmişdir ki, müstəqillik illərində bu sahədə bir sıra dəyişikliklər olmuşdur: Dəniz nəqliyyatı respublikanın tabeçiliyinə keçmiş, iqtisadi müstəqilliyə nail olmuşdur. MDB ilə qırılmaz əlaqələr yeni əsaslar, ikitərəfli müqavilələr əsasında bərpa edilmiş, respublikanın strateji maraqlarına uyğun dünyanın bir çox ölkələri ilə bu sahədə əməkdaşlıq müqaviləsi bağlanmış və Azərbaycan dəniz nəqliyyatı beynəlxalq dəniz təşkilatının üzvü olmuşdur.
Ümumiyyətlə, müstəqilliyimizin ilk illəri respublikamız üçün mürəkkəb bir dövr olmuş, digər sahə kimi dəniz nəqliyyatında yükdaşıma tempi kəskin şəkildə aşağı düşmüşdür. Lakin 1993-cü ildən görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ölkə daxilində siyasi sabitliyin yaradılması, uğurlu xarici siyasət, neft müqavilələrinin bağlanması, nəqliyyat dəhlizinin işə düşməsi, dünya ölkələri ilə əlaqələrin genişlənməsi, digər sahələr kimi dəniz nəqliyyatının fəaliyyətinə müsbət təsir göstərmiş, yük daşıma sahəsində olan geriliklər aradan qaldırılmış, sabitləşmə və iqtisadi yüksəliş dövrü başlamışdır. 1993-cü ildə yük daşınması 8 mln. 178 min tona çatmış, yaxud ötən ildəkilərdən təqribən 1,3 dəfə çox yük daşınmışdır. Dəniz nəqliyyatının xalq təsərrüfatının inkişafındakı əsaslı yerini göstərən amillərdən biri də respublikanın ümumi yük dövriyyəsində onun iştirak səviyyəsi ilə müəyyən edilir. Yük dövriyyəsinin artması xalq təsərrüfatı sahələrinin xammal ehtiyatı ilə təchiz edilməsi, ritmik fəaliyyət deməkdir. Həmin dövrdə ümumi yük dövriyyəsində dəniz nəqliyyatının xüsusi çəkisi artmışdır.
Dəniz nəqliyyatının xalq təsərrüfatındakı mühüm yerini göstərən cəhətlərdən biri də onun “Qədim İpək Yolu”nun fəaliyyətindəki rolu, Azərbaycanın Qafqaz regionundakı mühüm strateji mövqeyə çevrilməsindəki əhəmiyyəti ilə izah edilir. Məlum olduğu kimi, Azərbaycan Avropa ilə Asiya qitəsi arasında böyük körpüdür. Dəhlizin dəniz hissəsində yükdaşımanın həcmi xeyli artmışdır. Belə ki, əgər 1996-cı ildə dəhliz 766 min ton yük daşımışdırsa, 1997-ci ildə bu göstərici 2,1 mln tona çatmış, yaxud 3 dəfədən çox olmuşdur. 1998-ci ildə təkcə 11 ay ərzində isə dəhlizin dəniz hissəsi ilə gəmi bərələrlə 17,484 vaqon yük daşınmışdır ki, bu da 1997-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 min vaqon çoxdur.
Göründüyü kimi, nəqliyyat dəhlizində yükdaşımanın artması respublikanın iqtisadi potensialının yüksəlməsində, xalq təsərrüfatı sahələrinin inkişafında böyük əhəmiyyətə malikdir. 1996-cı il dekabrın 15-də Odessada Azərbaycan, Gürcüstan, Ukrayna arasında Avrasiya nəqliyyat dəhlizinin fəaliyyət göstərməsi barədə, 1996-cı ilin mayında isə Azərbaycan, Gürcüstan, Türkmənistan və Özbəkistan respublikaları arasında tranzit daşımaların tənzimlənməsi haqqında sazişlər imzalanmışdır. Bu baxımdan 1998-ci ilin sentyabrında tarixi “İpək yolu”nun bərpasına həsr olunmuş beynəlxalq konfransı bir daha xatırlamaq olar. Bu tədbirdən sonra çox vacib məsələlərdən biri Azərbaycanla Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə respublikaları arasında dəniz yolları ilə yük daşınması bazarının formalaşdırılmasına dair müqavilələrin bağlanması mühüm əhəmiyyət kəsb etmişdir. 1998-1999-cu illərdə Azərbaycan nəqliyyat gəmiləri ilə daşınan yüklərin həcmi 5 il əvvəlki həcmdən təxminən 1,5 dəfə çox olmuşdur. Hazırda Xəzər gəmiçiliyi dünyanın bir çox şirkətləri ilə yaxından əməkdaşlıq edir. Gəmiçilik beynəlxalq dənizçilik təşkilatında (İ.M.O.) respublikamızı layiqincə təmsil edir. Hazırda xarici sularda üzən 24 gəmimiz dünyanın 135 limanına yük daşıyır. Ümumiyyətlə, 2001-ci ilin son aylarına qədər Azərbaycan dünyanın təxminən 114 ölkəsi ilə ticarət əlaqəsi saxlayırdı. Bu ölkələrə ixrac-idxal əməliyyatının ümumi həcmi 2206.3 milyon dolları təşkil etmişdir. 2000-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 13 faiz, o cümlədən ixrac 20,9 faiz, idxal isə 1,4 faiz artmışdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, xarici ticarət əlaqələrinin 80,6 faizi xarici ölkələr, 19,4 faizi MDB ölkələri ilə aparılmışdır ki, bunun da 5,5 faizi su nəqliyyatı vasitəsi ilə həyata keçirilmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, siyasi sabitliyin qorunub saxlanması Xəzər gəmiçiliyinin inkişafına da öz müsbət təsirini göstərmişdir.
Azərbaycan Xəzər Gəmiçiliyinin beynəlxalq hüquq normalarına cavab verən “Ticarət gəmiçiliyi məsələsi haqqında” qanun qəbul etməsi gəmiçiliyin inkişafında əhəmiyyətli rol oynamışdır. Xəzər Gəmiçiləri dövlətimizin iqtisadi qüdrətinin artması üçün əllərindən gələni əsirgəməmişlər. 2001-ci ildə Xəzər dənizçiləri Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində tankerlər 6 min. 63 min ton, gəmi bərələrə 1 min. 904 min ton yük daşımışlar. Xəzər dənizçiləri yüklərin daşınması sahəsində xərclərin aşağı salınmasına nail olmuşlar. Görülən tədbirlər nəticəsində bir ton yük daşımanın maya dəyəri 2001-ci ildə əvvəlki illə müqayisədə 12,5% aşağı düşmüş, əmək məhsuldarlığı 20% artmışdır.
Azərbaycan Xəzər Gəmiçiliyi idarəsinin beynəlxalq əlaqələri də genişdir. Son illərdə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ali beynəlxalq konvensiyaya imza atıb. Beynəlxalq Dəniz Təşkilatının, Baltik Beynəlxalq Dəniz Komitəsinin, Qara Dəniz Dövlətləri Gəmi sahibkarları Beynəlxalq Assosiasiyasının və Gəmilərin Beynəlxalq sığorta Klubunun üzvü olmuşdur. Gəmiçiliyin inkişafı sahəsində əldə edilmiş nailiyyətlərə görə Azərbaycan 2001-ci ilin mayında yaxşı dənizçilik ölkəsi sayılmış və İMO-nun “Ağ siyahısına” daxil edilmişdir. Bir sıra ölkələrə dənizçilik üzrə işgüzar əməkdaşlığın genişlənməsi üçün müvafiq sazişlər imzalanmışdır.
Ulu öndər Heydər Əliyev 1998-ci il sentyabrın 5-7-də Qədim İpək Yolunun bərpasına həsr edilmiş beynəlxalq konfransdakı nitqində bu yolun siyasi və iqtisadi əhəmiyyətindən bəhs edərək demişdir: “Tarixi Böyük İpək yolunun bərpası yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi, xalqımızın yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsi yeni dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi bu dövlətdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək. Hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir”.
Böyük İpək Yolunun bərpası bu yolun ən intensiv xətlərindən biri respublikamızın sərhədlərini şərqdən-qərbə (TRASEKA) və cənubdan-şimala doğru kəsərək keçir. Əhəmiyyətli ticarət yolları ilə əhatə olunan marşrutlar üzrə Çin-Avropa, Mərkəzi Asiya-Avropa, Mərkəzi Asiya-Qara Dəniz, İran-Rusiya, İran-Qara Dəniz, Rusiya-Hindistan ticarət əlaqələrinin inkişafı üçün əsas infrastruktur layihələrinin və Ələt limanının istifadəyə verilməsi ticarətin həcminin artmasına və Azərbaycanın vacib regional logistika mərkəzinə çevirilməsində müəyyən tədbirlərin görülməsini labüd edir.
Azərbaycan Respublikasının iqtisadi həyatında dəniz nəqliyyatı böyük rol oynayır. Volqa-Baltik, Volqa-Don su sistemi vasitəsi ilə Azərbaycan gəmilərinin dünya okeanı sularına çıxmaq imkanı vardır. Azərbaycanın dəniz yolları Bakıdan başlayır. Xarici daşımalarda Bakı-Həştərxan, Bakı-Mahaçqala, Bakı-Ənzəli, Bakı-Bekdaş, Bakı-Türkmənbaşı, Bakı-Aktau xətləri fəaliyyət göstərir. Sonuncu 3 xətdə dəmiryol gəmi-bərə əlaqələri mövcuddur. Kiçik kobataj daşımalarda isə Bakı-Astara, Bakı-Salyan, Bakı-Lənkaran, Bakı-Çilov adası xətləri fəaliyyət göstərir. Ticarət-iqtisadi əlaqələrdə Azərbaycanın beynəlxalq dəhlizlərə inteqrasiyasının gücləndirilməsi üçün göstərilən 3 əsas infrastruktur layihənin həyata keçirilməsində Bakı limanının (Ələt) xüsusi əhəmiyyəti vardır. Lakin bu gün bizim Xəzərdə və dünya sularında rəqabət qabiliyyətli gəmilərimizin sayı çox azdır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin unikal gəmilərlə təchiz olunmuş Xəzər Dəniz Neft Donanması dənizdə neft-qaz hasilatında mühüm əməliyyatlar yerinə yetirirsə, Nəqliyyat donanması respublikamızın xarici-iqtisadi əlaqələrində yükdaşımalar üzrə xüsusi rola malikdir. Yük-sərnişin gəmiləri də daxil olmaqla 43 tanker və 37 quru yük gəmilərindən ibarət olan (köməkçi və texniki donanma istisna olmaqla) dəniz nəqliyyat donanmasının tərkibi 2001-ci ildən başlayaraq yeniləşmişdir.
2000-ci illə müqayisədə 2013-cü ildə nəqliyyat dononmasının gəmilərinin sayı 13 vahid artmışdır. Respublikamız müstəqillik əldə etdiyi dövrdə keçmiş SSRİ-dən ölkəmizin əmlakına 69 gəmi verilmişdir (Xəzər Dəniz Neft Donanması və Hərbi Dəniz donanmasının gəmiləri istisna olmaqla). Dedveyti 5885 ton olan “Mayestro Niyazi” quru yük gəmisi, 8000 tonluq “Professor Ə.Əliyev” tankeri, 2004-2006-cı illər üzrə 19619 layihəli “Prezident Heydər Əliyev” tipli 5 ədəd tankerlərin alınması və onların səmərəli istismarı donanmanın rentabellik səviyyəsinin artmasına səbəb olmuşdur.
2014-cü ilin dekabrın 18-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan Katamaran tipli sürətli sərnişin gəmisi istismara verilmişdir. “Kaspian Marin Servicez” şirkəti ilə uzunmüddətli Alyans razılaşması çərçivəsində alınan “Müslüm Maqomayev” sürətli sərnişin gəmisinin uzunluğu 70 metr, eni 16 metr, bortunun hündürlüyü 6 metr,150 nəfər tutumu olan gəmi Beynəlxalq Dəniz Təşkilatının sürətli gəmilərin tikintisində tətbiq edilən HSC kodu tələblərinə uyğun olaraq inşa edilib. BP şirkətinin sifarişlərini yerinə yetirəcək “Müslüm Maqomayev” gəmisinin Xəzər hövzəsində analoqu olmayan, ikigövdəli unikal gəmidə hər biri 3917 at gücündə olan 4 mühərrik qoyulub. Bu isə saatda 70 kilometrə qədər sürət yığmağa və nəticədə neftçiləri dəniz platformalarına daha tez çatdırmağa imkan verəcəkdir. Gəmi müasir tələblərə uyğun olaraq, DP2 - dinamik dayanıqlıq sistemi və sərnişinlərin platformalara təhlükəsiz keçidi üçün xüsusi körpü ilə təchiz olunub və bu ilk növbədə dənizdə insan həyatının qorunmasına xidmət edir.
Həmçinin, “Lənkəran” yedək-təchizat gəmisində yaradılan şərait texniki göstəricilərinə görə Xəzərdə birinci olan, 16320 at gücündə yeni yedək-təchizat gəmisinin dartma qüvvəsi 207 ton, uzunluğu 74.2, eni 17.20, suya oturumu 7.20 metr olan, DP2 dinamik dayanıqlıq sistemi ilə təchiz edilmiş bu gəminin geniş texniki imkanları, onun Xəzərdə bir çox layihələr, o cümlədən “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron Faza-1” layihələri çərçivəsində nəzərdə tutulan işlərə cəlb olunmasını mümkün edir.
“Lənkəran” gəmisi ilə bərabər, hazırda Qara dənizdə Azərbaycan bayrağı altında üzən “Natəvan” gəmisi də müasir tələblərə tam cavab verir.
Xəzərdən kənarda, dünya sularında Azərbaycan bayrağı altında üzən gəmilərimizin sırasında yeni alınmış müasir gəmilərin sayı durmadan artır. 2013-cü ildə yeni “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradıldıqdan sonra donanmaların təzə gəmilərlə zənginləşdirilməsi məqsədilə əhəmiyyətli addımlar atılmışdır.
Yeni alınan gəmilərdən biri də böyük Azərbaycan şairi Nəsiminin adını daşıyır və donanmamızın flaqmanı “Prezident Heydər Əliyev” tankeri ilə eyni layihədəndir. 13000 ton yükgötürmə qabiliyyətinə malik, uzunluğu 149.9, eni 17.3, suya oturumu 7.14 metr olan “Nəsimi” tankeri Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində (TRASEKA) neft və neft məhsulları daşıyır.
“AXDG” QSC-nin və “Kaspian Marin Servicez” şirkətinin uzunmüddətli Alyans razılaşması çərçivəsində daha 3 yedək və 2 borudaşıyan gəmi alınmışdır. Bu gəmilər “Şahdəniz-2” layihəsində istifadə olunacaq, yeni boru kəmərlərinin çəkilişində yaxından iştirak edəcəklər. Yedək gəmilərinin hər biri 3044 at gücündə, dartma qüvvəsi isə 38 tondur. 1890 ton dedveytə malik borudaşıyan gəmilərin uzunluğu 81.6, eni 11.3, suya oturumu 3.7 metrdir.
Gəmilərimizin dünya ticarət iqtisadi əlaqələri üçün onların Xəzər dənizindən dünya okeanına çıxışı Rusiyanın daxili suları vasitəsilə həyata keçirildiyindən onların təzələnməsi, ekoloji cəhətdən təhlükəsizliyi vacib şərtlərdəndir. Rusiya bayrağı altında üzən gəmilər yükqaldırma qabiliyyətindən asılı olaraq Volqa-Don kanalından hər bir keçid üçün 5-6 min ABŞ dolları ödəyirsə, Azərbaycan bayrağı altında üzən gəmilər analoji keçidlər üçün 25-30 min ABŞ dolları ödəyirlər. Lakin buna baxmayaraq, ölkə iqtisadiyyatı üçün gəmilərimizin dünya okeanına çıxışının yalnız bu kanal vasitəsi ilə həyata keçirildiyindən nəqliyyat əməliyyatları üçün bu xərclər iqtisadi baxımdan səmərəlidir. SSRİ dövründə dərin daxili kompleks su əlaqə sistemi (çay-kanal-göl) birbaşa yüklərin Xəzər dənizi limanlarından Baltik-Qara dəniz-Azov və Aralıq dənizi hövzələrinin limanlarına daşınmasını təmin edirdi. Xəzər hövzəsi özünün coğrafi vəziyyətinə görə hazırda regionlararası əlaqələrdə deyil, həm də dünya iqtisadi əlaqələrində mühüm rol oynayır. Xəzər hövzəsi “Şimal-Cənub” Beynəlxalq ticarət dəhlizinin bir hissəsi olub Fars körfəzi ölkələrini birləşdirir. Azərbaycanın əlverişli coğrafi mövqeyi dünya ölkələrinin marağına uyğun nəqliyyat sahələrinin inkişafı onun beynəlxalq nəqliyyat iqtisadi əlaqələr sisteminə daxil olmasına zəmin yaratmışdır. Qədim İpək Yolunun bərpası və onun Azərbaycanda mərkəzi mövqedə durması Aralıq, Qara və Xəzər dənizi hövzəsi ölkələrinin iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayan Avropa-Qafqaz-Asiya nəqliyyat sisteminin respublika ərazisində kəsişməsi, Transxəzər nəqliyyat komplekslərinin Azərbaycanın nəqliyyat kompleksləri ilə əlaqələndirilməsi, Şərq-Qərb, Şimal və Cənub nəqliyyat layihələrinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsinə imkan yaradır. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan sektorunda daşımalardan əldə olunan ümumi gəlirin 19%-i dəniz nəqliyyatının payına düşür. 2015-ci ildə dəniz nəqliyyatı vasitəsilə əldə olunan ümumi gəlirin 99%-i dəniz yükdaşımalarına, 1%-i isə sərnişin daşımalarına aiddir. Son illərdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük axınlarının intensivləşməsi Xəzər dənizi hövzəsində fəaliyyət göstərən limanların beynəlxalq normalara uyğunlaşdırılması qarşıda duran əsas məsələlərdən biridir.
Məlumdur ki, Xəzər dənizi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində tənzimləyici rol oynayır. Deməli, limanlarda yük dövriyyəsini artırmaqla yanaşı, həmçinin yükdaşıyan gəmilərin yük tutumunun artırılması və gəmilərin bütün hərəkət istiqamətlərində Bakı-Həştərxan, Bakı-Aktau, Bakı-Bektaş, Bakı-Ənzəli, Bakı-Pəhləvi və s. yüksək tonnajlı gəmi bərələrin istifadəsi Qərb və Şərq dəhlizində yüklərin maneəsiz daşınmasını tənzimləmiş olar. Nəzərə alsaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Bosfor boğazınadək uzadılması və Bosfor boğazından dənizin altı ilə yol tikinti işlərinin aparılması nəticəsində quru və su yol qovşaqlarının formalaşması bütün nəqliyyat sahələrində yük və sərnişin axınlarının intensivləşdirilməsinə müsbət təsir göstərəcəkdir. Bütün bunlara müvafiq olaraq Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Lənkəran, Hövsan limanlarının beynəlxalq əhəmiyyətli limanlar səviyyəsinə çatdırılması üçün çox böyük işlər görülür. Azərbaycan Respublikasının iqtisadi inkişafında Xəzər dənizindən çıxarılan karbohidrogen ehtiyatlarının artması, bu məhsulların dəniz yolu ilə daşınması və digər yük əməliyyatları, Bakı Dəniz Ticarət Limanının yenidən qurulmasını və beynəlxalq tələblərə cavab verməsini tələb etdiyindən, Xəzər dənizinin cənub-qərb hissəsində Bakı şəhərindən 50-60 km cənubda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinə başlanmışdır. Cənubi Koreya firmaları tərəfindən tikintisi aparılan bu liman çox əlverişli coğrafi ərazidə yerləşdiyindən, dəmir yolu və avtomagistral sisteminə qoşulduğundan oradan yüklərin cənub və qərb istiqamətində İrana və Gürcüstana digər nəqliyyat növləri ilə daşımaq imkanı yaradır. Liman TRASEKA Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qovşağındadır. Limanın yük dövriyyəsinin 2020-ci ilədək 25-30 milyon tona çatdırılması nəzərdə tutulur. Limanın yaxınlığında yeni, müasir Bakı Gəmiqayırma zavodu və digər gəmiçilik infrasrukturları istismara verilmişdir.
Yükgötürmə qabiliyyəti 347306.4 ton olan gəmilərlə layihədə nəzərdə tutulan əməliyyatlarda bu gəmilərin Xəzərdə fəaliyyət göstərən gəmiçilik şirkətləri ilə rəqabət qabiliyyətini artırmaq lazımdır. Həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin balansında olan bu gəmilərin 4 ədədi silinmə gözləməklə 24 ədədi orta hesabla hər il təmirdə olur. Bu da daşımaların həcminə əsaslı təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2015-ci il üzrə daşımalarda azalmalar müşahidə olunur. Belə ki, 2013-cü ildə dəniz nəqliyyatı ilə yük daşınmasının həcmi 11509,7 min ton, 2014-cü ildə 9936,7 min ton olduğu halda, 2015-ci ildə 6625,8 min ton olmuşdur.
Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin donanmalarında istismar olunan gəmilərinin əksəriyyətinin yaşı 25 ildən yuxarıdır ki, bu da yükdaşımada gəmilərin sığorta şirkətləri tərəfindən gövdə sığortasının aparılmasında problemlər yaratdığından yük sahibləri digər gəmiçilik şirkətlərinə üz tuturlar.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektoru üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 16 mart 2016-cı il tarixli 1897 nömrəli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektoru üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdir. Həmin sərəncama əsasən Azərbaycanın logistika və ticarətlə bağlı gələcək baxışlarını həyata keçirmək üçün 7 əsas təşəbbüs müəyyən edilmişdir. Həmin təşəbbüslər əsasən gələcəyə baxışın komponentləri — Azərbaycanda ticarətin həcminin artırılması və tranzit ticarətindən yüksək gəlir əldə edilməsinə yönəldilmişdir. Beynəlxalq ticarət-iqtisadi əlaqələr üçün potensial olan Orta Asiya-Çin-Avropa-Şimali Afrika-Qara Dəniz ticarət marşrutu üzrə Ələt logistika mərkəzi, İran-Qara Dəniz-Rusiya, Hindistan-Qara Dəniz-Rusiya ticarət marşrutu üzrə Astara logistika mərkəzi, İran-Rusiya ticarət marşrutu üzrə Xaçmaz logistika mərkəzi, İran-Hindistan-Qara Dəniz, Orta Asiya-Çin-Avropa-Şimali Afrika-Qara Dəniz ticarət marşrutu üzrə Qırmızı Körpü logistika mərkəzinin yaradılması ümumi və xüsusi təyinatlı yüklərin nəqlindən yüksək gəlir əldə edilməsinə zəmin yaradacaqdır. Azərbaycanıın vacib regional logistika mərkəzinə çevrilməsində əsas infrastruktur layihələrdən biri də məhz Bakı limanıdır (Ələt). Bu liman region və hava limanını beynəlxalq marşrutlara birbaşa birləşdirən rəqabət qabiliyyətli və çoxtəyinatlı olmaqla, Azərbaycanda ilk azad ticarət zonasına daxil edilib. Ələtdə yerləşən Bakı limanı Xəzər dənizində 12-ci böyük liman və 4-cü azad ticarət zonasıdır. Bu limanın fəaliyyəti nəticəsində Azərbaycanda konteynerlərin yüklənib-boşaldılması imkanlarının 2020-ci ilədək 150K TEU olması nəzərdə tutulmuşdur. Ona görə də konteyner logistika bağlılığının yaradılmasına xüsusi əhəmiyyət verilməsi tələb olunur. Konteyner ticarətinin təkmilləşdirilməsindən səmərəli istifadə üçün 300KT-dən artıq yükləmə gücünə malik 73 ticarət gəmisindən ibarət olan Dəniz Nəqliyyat Donanmasının gələcək fəaliyyəti kifayət etməyəcəkdir. Belə ki, Donanmanın 13 bərə-gəmisi bir dəfəyə 512 konteyner (40 funluq) daşıya bilər. Marşrut üzrə 2020-ci ilədək yükdaşımaların gözlənilən həcmi 300-400 min konteyner nəzərdə tutulmuşdur. Hazırda konteynerlərin daşınması üçün bərə gəmilərinin istifadə edilməsi qiymətlərin qalxmasına səbəb olduğundan, 400-500 konteyner daşıma gücünə malik olan konteyner bərələrin inşasına investisiya yatırılması qiymətləri aşağı salmaqla iqtisadi uğurlarımızın inkişafına zəmin yaradacaqdır.
Beləliklə, ticarətin mümkün inkişafına dəstək vermək və ticarət artımından faydalanmaq üçün dəniz nəqliyyat vasitələrinə böyük üstünlük verilməli və bu sahəyə investisiyalar ayrılmalıdır. Gəmiçiliyin və limanın təsərrüfat fəaliyyətinin normal tənzimlənməsi üçün gəmilərin hərəkət sxeminin, eyni zamanda yüklərin doldurulub-boşaldılmasının optimallaşdırılmasını müəyyən edən ekonometrik modellər qurularaq proqramlaşdırılmalıdır. Həmçinin bu sahənin inkişafı üçün respublikamızda özəl dəniz nəqliyyat daşımaçılığı şirkətləri yaradılmalıdır. Gələcəkdə bu sahənin optimal inkişafı məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin özəlləşdirilməsi məsələsinə baxılması bu sahənin daha yüksək inkişafına səbəb olar. Belə ki, eyni vəziyyətdə olan əksər ölkələr (Azərbaycan, Bolqarıstan, Çexiya, Almaniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, Özbəkistan, Türkiyə, Türkmənistan) logistika komponentləri daxilində özəlləşdirmə fəaliyyətlərini başlamışlar. Özəlləşdirmə həm də şəffaf və müstəqil idarəetməyə, əməliyyatlardan əldə edilən gəlirin artırılmasına, daha yaxşı vergi ödənişlərinə, həmçinin daha yüksək xidmət göstərilməsinə zəmin yaradacaqdır.



Yüklə 4,53 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə