Əl-Fatihə surəsi



Yüklə 2,91 Mb.
səhifə66/73
tarix21.04.2018
ölçüsü2,91 Mb.
#39525
1   ...   62   63   64   65   66   67   68   69   ...   73

Əl-Qiyamə surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. And içirəm Qiyamət gününə.

2. Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır).

3. Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?

4. Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik.

5. (Onun inkar etməyi yalnız Qiyamət barəsində şəkk etdiyinə görə deyildir) əslində insan istəyir ki, (ömrü) irəlilədikcə günah etsin.

6. Soruşur ki: «Qiyamət günü nə vaxtdır?»

7. Göz (ölümün çətinliyindən, yaxud da Məhşərin dəhşətindən) donub qalacağı və bərələcəyi;

8. Ayın nurunun sönəcəyi;

9. Və günəşlə ayın (nurun yox olmasında, yaxud yerə və ya kainata yaxınlıqda) birləşəcəyi zaman

10. Məhz o gün insan: «Qaçıb qurtulmaq üçün yer haradadır?» – deyəcəkdir.

11. Xeyr, (o gün) heç bir sığınacaq yeri olmayacaq.

12. O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).

13. O gün insana öncədən göndərdiyi (dünyada etdiyi) və təxirə saldığı (etmədiyi) şeyi (yaxud dünyada etdiyi xeyir və şər işləri və ya özündən sonra adət kimi qoyub getdiyi yaxşı və pis işlər barəsində) xəbər veriləcəkdir.

14. (Xəbər verməyə heç ehtiyac da yoxdur,) əslində insan öz nəfsini görəndir.

15. Baxmayaraq ki, (zahirdə) hər cür üzrxahlıq edər.

16. (Quran nazil olan zaman) onu oxumağa tələsərək dilini onunla birgə hərəkət etdirmə (vəhy tamam olmamışdan öncə oxumağa başlama, yaxud sənin qəlbində əmanət olaraq qoyduğumuz Quranın məcmuəsindən surələri, ya ayələri, ümumiyyətlə heç nəyi– vaxtı yetişməzdən öncə – dilinə gətirmə).

17. Şübhəsiz, onu (sənin qəlbində) cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir.

18. Onu oxuduğumuz zaman onun oxunuşuna tabe ol.

19. Sonra onu(n həqiqətlərini və sirlərini) bəyan etmək də Bizim öhdəmizdədir.

20. Belə deyildir (axirəti inkar etməyiniz ona şəkk etdiyinizə görə deyil,) əslində siz bu tez keçib – gedən dünyanı sevirsiniz.

21. Və axirəti buraxırsınız.

22. O gün neçə – neçə üzlər şad-xürrəm olacaq!

23. (Qəlb gözü ilə) öz Rəbbinə tərəf (və zahiri gözü ilə Onun cəlal və camal nişanələrini tam şəkildə təzahür və təcəssümünə) baxacaqdır.

24. Və neçə – neçə üzlər də o gün qaşqabaqlı olacaq.

25. Bel qıran bir əzaba (ya burunlarına oddan dağ basılmasına) məruz qalacaqlarını bilərlər.

26. Belə deyil (insanın zənn etdiyi kimi deyil). Can boğazın dövrəsindəki sümüklərə (körpücük sümüklərinə) yetişdiyi zaman.

27. Və (can verənin başına toplananlar) deyərlər: «Şəfa verən təbib kimdir (varmı)? (Və mələklər deyərlər: «Kimdir onun ruhunu yuxarı aparan? Rəhmət mələyi, ya qəzəb?)»

28. Və o da bilər ki, bu (zaman) (dünyadan) ayrılıq (zamanı)dır,

29. Qıçı-qıçına dolaşar və dünya həsrəti axirət əzabına qarışar,

30. O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (Bərzəxdəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi).

31. (O halda deyilər:) «O, nə (Allahın dəvətini) təsdiq etdi və nə də itaət edərək namaz qıldı».

32. Lakin təkzib etdi və üz döndərdi.

33. Sonra da təkəbbürlə yeriyərək öz adamlarına tərəf getdi.

34. Vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.

35. Yenə də vay sənin halına, Cəhənnəm sənə daha çox layiqdir.

36. Yoxsa insan elə güman edir ki, başlı - başına buraxılacaq (heç bir vəzifəsi və hesabı yoxdur)?

37. Məgər o, qadının bətninə tökülən bir damcı «məni»dən ibarət deyildimi?!

38. Sonra «ələqə» (laxtalanmış qan) oldu, beləliklə (Allah) onu (başqa mərhələlərdə) yaratdı və (onun bədən üzvlərini) düzgün və kamil etdi.

39. Bu zaman ondan iki cüt – bir erkək və bir dişi –yaratdı.

40. Məgər belə bir Allah ölüləri diriltməyə qadir deyilmi?!

Əl-‏İnsan surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. İnsanın zaman axışında elə bir dövrü olub keçmişdirmi ki, onda xatırlanası bir şey olmasın? (Bəli, onun ilk maddəsinin formalaşmağa başladığı zamandan insan şəklinə düşdüyü və ruhun ona üfürüldüyü zamanadək, müxtəlif dövrlər olmuşdur. Bu, dövrdə o insan adlandırılacaq şəkildə olmamışdır).

2. Həqiqətən, Biz insanı (ilk iki insanın nəslini) qarışıqlardan ibarət olan bir nütfədən, (hər biri bir neçə maddədən təşkil olunmuş kişi ilə qadının mənisindən) yaratdıq, onu bir haldan başqa bir hala saldıq ki, imtahana çəkək. Nəhayət onu eşidən və görən bir varlıq etdik.

3. Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor.

4. Əlbəttə, Biz kafirlər (və nankorlar) üçün zəncirlər, qandallar və alovlu bir od hazırlamışıq.

5. Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər.

6. (Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar.

7. Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar.

8. Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər.

9. (Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik».

10. «Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq».

11. Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir.

12. Və onları etdikləri səbr müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır.

13. Orada taxtlara söykənəcək, orada nə istinin şiddətini nə də soyuğun şiddətini görəcəklər.

14. (Ağaclarının) kölgələri onların başları üstünə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək.

15. Və onların dövrəsində gümüş kasalar və büllur qədəhlər dolandırılacaqdır.

16. Cövhəri gümüşdən olan elə büllur (qədəhlərdir) ki, (Cənnətdəkilər, yaxud xidmətçiləri) onları istədikləri ölçüdə hazırlamışlar.

17. Və Cənnətdə onlara (xoş ətirli) zəncəfil qatılmış camdan içirdərlər.

18. (Və zəncəfil) orada elə bir bulaqdan (çağlayır) ki, (nuş olduğu, ləzzət verdiyi və tez həzm olunduğu üçün) «Səlsəbil» adlanır.

19. Onların dövrəsində (xidmət üçün təravəti və yeniyetməliyi) əbədi olan oğlanlar dolanarlar. Onları gördükdə ətrafa səpələnmiş mirvari (inci) olduqlarını zənn edərsən.

20. Oranı gördükdə, (bolluca) nemət və böyük bir mülk görərsən.

21. Onların əyinlərində yaşıl rəngli, nazik və qalın ipəkdən libaslar olacaq, gümüş bilərziklərlə zinətləndiriləcəklər və Rəbbi onlara pak olan və (bütün kin-küdurətdən təmizləyən) pak edici bir şərab içirəcəkdir.

22. (Onlara deyilər:) «Həqiqətən, bu (nemət və rəhmət) sizin mükafatınızdır və səyiniz təqdirəlayiqdir».

23. (Ey Peyğəmbər,) şübhəsiz, Biz Özümüz bu Quranı sənə tədriclə nazil etdik.

24. Odur ki, Rəbbinin əmrinə (əməl etmək, çatdırmaq və cəmiyyətdə həyata keçirməkdə) səbr et və onlardan heç bir günahkara, yaxud kafir və nankora itaət etmə.

25. Və öz Rəbbinin adını səhər-axşam (hər hansı bir zikrlə və ya sübh, zöhr və əsr namazlarına məxsus zikrlə) yad et.

26. Və gecənin bir qismində Ona səcdə et (məğrib və işa namazlarını qıl) və gecə uzunu da Onu zikr et (gecə namazını qıl).

27. Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar).

28. Biz onları yaratmışıq və oynaqlarının bəndlərini bərkitmişik və istədiyimiz zaman onları (öldürərik və) özləri kimilərlə (dünyada gələcək əsrlərin insanları yaxud da axirətdə yeni bədənlərilə) onların təsəvvürlərinə sığışmayan heyrət doğurucu bir əvəzetmə ilə əvəz edərik.

29. Şübhəsiz, bu (deyilənlər) bir öyüd – nəsihətdir, belə isə, kim istəsə (bu öyüd – nəsihəti qəbul edib ona əməl etməklə) öz Rəbbinə tərəf bir yol tutar.

30. Allah istəməsə siz əsla istəyə bilməzsiniz (çünki sizin ixtiyar üzündən olan iradəniz də ixtiyari əməliniz kimi, Allahın yaradılış iradəsinə bağlıdır). Həqiqətən, Allah (hər şeyi) biləndir və hikmət sahibidir!

31. (Allah) istədiyi (və layiq gördüyü) şəxsi Öz mərhəmətinə daxil edər və zalımlara ağrılı bir əzab hazırlamışdır.



Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə