Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

 
25
TƏQDİMAT 
 
Həftənin sonuncu iş günü başa çatmaqdaydı. Adəti üzrə yorğun və kefsiz idi. Son vaxtlar 
nədənsə həftənin sonunda özünü çox halsız hiss edirdi. Yığışırdı ki, evə getsin telefon zəng çaldı. 
Direktor idi, yanına çağırırdı. 
Namiq müəllim onu üzügülər və mehriban qarşıladı: 
- Telman, səndən bir xahişim var. Məni bir məclisə dəvət ediblər, çox vacib işim çıxdığı üçün 
iştirak edə bilməyəcəm.  İstəyirəm mənim  əvəzimə  sən gedəsən. Sən  şer həvəskarı,  ədəbiyyat 
sevənsən. Bu məclis də yaşlı bir şairin kitabının təqdimat mərasimidir. Gedərsən? 
Ani fikirləşib tərəddüdlə: 
- Vallah Namiq müəllim, sizin xətrinizə gedərəm, amma necə olar. O adam sizi tanıyır, sizi 
dəvət edir. Mən göydən düşən, çağırılmamış qonaq kimi necə qarşılanaram? Yersiz olmaz ki? - 
dedi. 
- Yox əşşi, mən o şairə demişəm ki, özüm gələ bilməyəcəm, layiqli nümayəndəmi 
göndərəcəyəm. Belə ki, qəti narahat olma. Al bu dəvətnaməni, ünvan, vaxt burda yazılıb.- 
Minnətdarlıqla əlavə etdi.- Çox saq ol, əzizim, məni vəziyyətdən çıxartdığın üçün. 
Namiq müəllim ağır bir yükdən qurtarmış kimi rahatlandısa, Telman bir o qədər qayğılı  və 
narahat oldu. Son vaxtlar bir dəb halını almış  təqdimat mərasimlərindən, yubileylərdən heç 
xoşlanmırdı. Çalışırdı belə məclislərdən uzaq olsun. Məcburiyyət qarşısında qalıb iştirak edəndə isə 
cəhənnəm  əzabı  çəkirdi. Sanki əlvan boyaların altında gizlədilmiş iyrənc, ürək bulandıran bir 
mənzərəyə tamaşa edirdi. Sabahkı  məclisin xoşa gəlməz  əhval-ruhiyyəsi indidən qəlbinə  ağırlıq, 
kədər gətirmişdi. Nə yazın ilıq havası, nə yaxınlıqdakı bağdan gələn akasiya çiçəklərinin  ətri 
ovqatına təsir göstərmirdi. Halbuki, akasiya çiçəklərinin  ətri həmişə ona xoş ovqat gətirərdi. 
Avtobus dayanacağında adam az idi. Sonuncu dayanacaq olduğu üçün oturmağa yer də vardı. Keçib 
əyləşdi. Radioda konsert verilirdi. Sürücü avtobusun dolduğunu görüb motoru işə saldı. Musiqinin 
xoş sədaları ruhuna yavaş-yavaş rahatlıq gətirdi. Növbəti musiqi nömrəsi elan olundu: 
- “Qarabağ şikəstəsi”, oxuyur Nəzakət Teymurova. 
Telmanın sevdiyi müğənni idi, həm də sevdiyi şikəstə. Sürücü şikəstə başlar-başlamaz dalğanı 
dəyişdi. Yad, bayağı bir diringi avtobusun salonuna doldu. Elə bil ovqatına sarımsaqla soğanı 
birlikdə doğradılar. Onsuz da gərgin olan əsəbləri elə tarımlaşdı ki, həmişə özünün də  həsəd 
apardığı səbri sıçrayıb çanağından çıxdı. Dözməyib sürücüyə üz tutdu: 
- Ay oğul, dalğanı niyə dəyişdin, gül kimi konsert gedirdi. 
Sürücü kobud-kobud: 
- Əşşi, bu zarıltıya nə qədər qulaq asacayıq-deyib, radionun səsini bir az da qaldırdı. 
- A bala, bu “Qarabağ şikəstəsi”dir. Zarıltı deyil. 
- Guya Qarabağ, Qarabağ deməklə, şikəstə, muğam oxumaqla Qarabağı alacaqsız əmi? 
Telman yandı-töküldü: 
- Əlbəttə bala, “Qarabağ şikəstəsi” nə qulaq asmaq istəməyən sənin kimi cavanla nəinki torpaq 
almaq olmaz, hətta qalanı da itirmək olar. 
Sürücü bir az da bozardı: 
- Mən niyə alıram ey Qarabağı? Qarabağlılar özləri getsinlər alsınlar da. Gəlib burda alver 
eləyincə, getsinlər torpaqlarını qorusunlar. 
Oğlanın bu sözündən sonra avtobusdakı qadınlar, kişilər də mübahisəyə qoşuldu. Hərə bir söz, 
bir fikir söylədi. Biri oğlanı qınadı, biri qaçqınları qınadı, əlqərəz avtobusun içi mitinq meydanına 
çevrildi. Telman bu qarmaqarışıqlığın içində heç nəyi sübut edə bilməyəcəyinə əminliklə susmuşdu. 
Söhbəti başladığına hələ peşman da olmuşdu. Avtobusdakıları deyişə-deyişə qoyub düşdü. Bir 
qadının onun dalınca alıb-verdiyini də eşitdi. 
- Özləri gəlib yerimizi dar eləməkləri bəs deyil, hələ uşaqlarımızı da qırğına vermək istəyirlər. 
Gedin özünüz vuruşun, öz torpağınızı alın, oturun da. 
Onsuz da qaralmış qanını evdə arvadı bir az da tündləşdirdi: 
- Telman, xəbərin olsun ki, uşağını imtahana buraxmayacaqlar. 


 
26
- Niyə? 
- Ay Allah, mənə səbir ver. Bu ilin təhsil haqqını ödəmisən? 
- Yarısını ödəmişik də. Yarısını da görüm neyləyirik. 
- Gör, gör. Sən görənəcən iş-işdən keçər. Daha söz güləşdirmədi. Onsuz da sonunda qalib 
həmişəki kimi arvadı olacaqdı.  
Yüz dəfə yalvardım ki, gəl qaçqınlıq haqda kağız düzəldək verək, təhsil haqqından azad olaq. 
Daş atdın başını tutdun. Əsil baş ağrısı indidi ey, çək bu ağrını görüm necə çəkirsən, ay Qarabağın 
quru bəyi.  
Sonunu bildiyi söhbəti davam etdirmək mənasız idi. Deyəsən bu gün çox uğursuz idi. Allah 
sabahdan saxlasın. Gözləri televizorun ekranına baxsa da fikri, xəyalı uzaqlarda idi. Çalpaşıq, 
dоlaşıq fikirlər beynini qarışdırdığından nə evdə danışılanları eşidirdi, nə də televizorda deyilənləri. 
Deyəsən yenə müğənnilərə mükafatlar verilirdi. Diqqətini qadın kimi əzilib-büzülən bir müğənninin 
dediyi sözlər çəkdi. Çox fəxrlə deyirdi ki, o qədər mükafat, priz almışam ki, artıq evdə büllur qab-
qacaq əvəzinə mənim mükafatlarım düzülüb şkafa. Görəsən bu mükafatları hansı xidmətlərinə görə 
almışdı bu zənənə gözəl. İndi mükafat verənlərlə, alanların sayı o qədər idi ki, kimin kimliyini ayırd 
eləmək də olmurdu. “İlin mahnısı”, “İlin müğənnisi”, “İlin bəstəkarı” və i.a. və s. Bu dırnaqarası 
ulduzların cəbhə bölgələrində olduğu, vətənpərvərlik mahnıları oxuduğu üçün mükafatlandırıldığını 
görmək pis olmazdı. Bəlkə bir gün bu nominasiya üzrə də mükafat təsis edən tapıldı. Bəlkə onda 
mükafata görə o tərəflərə də üz tutan ola. Bu əttökən, bayağı verilişə baxa bilməyib yatmağa getdi. 
Gecəni pis yatdığına görə  əzgin qalxdı yuxudan. Gedəcəyi məclisin görkəmini korlamamaq 
üçün gümrah və  şən görünməli idi. Bu adi etika qaydasına özünü, daxilini tabe etdirmək üçün 
yuyundu, geyinib-keçindi. Üzünə yalançı təbəssüm də verməyə çalışdı. Dünyanın ən böyük əzabı 
idi bu yalançı ovqatlar. Amma mədəniyyət xatirinə hər əzaba dözmək lazımdı.  
Məclis o qədər də böyük olmayan, amma çox yaraşıqlı bir restoranda keçirilirdi. Adəti üzrə 
deyilən vaxtda orda oldu. Məclisin sahibi onu hörmətlə qarşıladı, Telman da mədəni və sakit tərzdə 
özünü təqdim edib, müdirinin əvəzinə üzrxahlıq etdi. Küncdəki boş yerlərdən birində  əyləşmək 
istəyirdi ki, adının çağırıldığını  eşitdi. Dönəndə  tələbə yoldaşını gördü. Çoxdan görüşmürdülər, 
qucaqlaşıb öpüşdülər. Telmanın kefi xeyli duruldu. Bu yad məclisdə neyləyəcəyəm deyə 
düşündüklərinin  əsassız olduğuna sevindi. Dostu ilə hal-xoş eləyənə  qədər qonaqlar da gəlmişdi. 
Artıq məclis başlamışdı. Aparıcı məşhur bir xalq şairi, qonaqların da əksəriyyəti tanınmış, adlı-sanlı 
ziyalılar idi. Telman belə bir məclisin sahibini bu vaxtadək tanımadığı üçün xəcalət çəkdi. Müəllifin 
elə oradaca paylanan kitabını  vərəqləməyə başladı. Heyrətdən matı-qutu qurumuşdu. Məşhur 
insanların belə  ağız dolusu tərif yağdırdığı, az qala Füzuli səviyyəsinə qaldırdığı bu şairin bircə 
dənə  şerini tapıb oxuya bilmədi. Mənasız, qafiyəsiz söz yığınından ibarət olan bu kitaba nələr 
söyləmədilər, hansı  tərif qaldı demədilər, ilahi! Öz-özünə düşündü ki, bəlkə  mən savadsız, 
səviyyəsizəm, başa düşmürəm. Amma deyəsən məclisdə onun kimi düşünənlər də az deyildi. 
Qulağına arxadan çatan pıçıltılardan bunu anlamışdı. Səbəbkar elə  şəstlə oturmuşdu ki, guya 
doğrudan da bu deyilənlərə layiq idi. 
Telman dostunun da tikan üstə oturduğunu hiss eləmişdi. Üzünü ona tutub: 
- Gəlsənə çıxaq, Ənvər- dedi: 
Ənvərin ürəyincə oldu. Yavaşca, heç kəsə sezdirmədən məclisi tərk etdilər. Bayırda dərindən 
nəfəs alıb, acı-acı güldülər. Telman dostunun qoluna girib: 
- Ənvər, gəl bu riyakarlıqdan tez uzaqlaşaq, yoxsa bağrım çatladı. 
İçəridə isə təntənəli nitqdən sonra alqış sədaları guruldayırdı. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə