Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

 
21
Şöbə müdirindən icazə alıb çıxdı. Hadisələr elə sürətlə bir-birini əvəz edirdi ki, hamımız 
çaşmışdıq. 
Səbinə Dilarənin rəfiqəsindən eşitdiyi tarixçəsini danışıb qurtarmışdı ki, biri yaşlı, biri cavan iki 
qadın içəri girib: 
- Hanı, hardadır o qəhbə, evlər yıxan fahişə. Dərələrin lotusu, səni dünyaya gəldiyinə peşiman 
etməsəm atamın qızı deyiləm-deyə qışqıranda müdirimiz irəli durdu: 
- Bacı, bir az yavaş danışın, ayıbdır burda belə ədəbsiz danışmayın. Siz kimi axtarırsız? 
- Ədəb axtaranlara bax bir. Bir şortunu işə götürüb aranızda saxlayırsınız, sonra da ədəb-ərkan 
güdürsüz. Bizə Dilarə deyən o lotu lazımdır. 
- Yoxdur, icazə alıb gedib. 
Qadınlar hirslə dönüb getdilər. Samirənin dediyinə görə Dilarənin əri onun rəfiqəsinin qohumu 
imiş. Onu burda görəndə hər ikisi təəccüblənib. Heç demə bir il olar ki, Mahir iki uşağını, arvadını 
qoyub Dilarə ilə yaşayır. Qaynanası, arvadı  əlimyandı bütün şəhəri  ələk-vələk eliyib Dilarəni 
axtarırlarmış. Samirənin rəfiqəsi Dilarənin yerini onlara nişan verib. Mahir qohumunu görəndə 
düşünüb ki, Dilarənin üstünə gələ bilərlər, ona görə də qızı aradan çıxarmışdı. Yaxşı ki, vaxtında 
duyuq düşmüşdülər. Qızı tapsaydılar nələr olacağı məlum idi. 
Dilarə  işə  gəlmirdi, amma şöbədə  qızğın müzakirələr gedirdi. Demək olar ki, hamı bu qızı 
qınayır, ağızlarına gələni ünvanına döşəyirdilər. Uzun zaman bu söhbət kəsilmədi. Bir həftədən 
sonra Dilarə çox üzgün, solğun şəkildə gəlib işdən çıxmaq haqqında ərizisini verdi. Heç kəs onun 
üzünə baxmırdı, heç salamını da almadılar. Mən onun dalınca çıxıb ona nəsə, xoş bir söz demək 
istəyimin qarşısını ala bilmədim. 
Dilarə mənim münasibətimdən kövrəlib məni qucaqladı. Mən onun saçlarını sığallayıb könlünü 
almağa çalışırdım: 
- Sən özünü çox üzmə, hərənin bir qisməti var. Sənin də taleyin belə gətirib, neyləmək olar. 
O ağlaya-ağlaya: 
- Elə bilirsiniz mən rahat, xoşbəxt yaşamaq, uşaq sahibi olmaq istəmirəm? – deyəndə mən neçə 
gündən bəri ürəyimdə qovurduğum sözü dedim: 
- Dilarə, gözəl-göyçək, ağıllı qızsan, niyə bir subay oğlanla ailə qurmamısan? Niyə evli kişiylə 
qeyri-qanuni yaayırsan?  
Dilarə mənə məlul-məlul baxıb dedi: 
- Hiss eliyirəm ki, sən məni anlaya bilərsən. Mənimlə gedək bağda oturaq, sənə olanları 
danışım, daha ürəyim partlayır, dözə bilmirəm! 
Mən onunla yaxınlıqdakı bağa gəldim. Sakit bir künc tapıb əyləşdik. Dilarə səssizcə ağlayırdı, 
sanki çoxdan bəndə salınmış çay öz bəndini uçurmuş, yeddi yerdən süzüb tökülürdü. Mən ona mane 
olmurdum. Bu göz yaşları  bəlkə  də indi ən gözəl məlhəm, təsəlli idi. Dilarə elə  ağlaya-ağlaya 
çiynimi qucaqlayaraq sözə başladı: 
- Məni anlasan da sağ ol, anlamasan da. Ürəyim elə şişib ki, bəlkə də tanımadığım bir adam da 
soruşsa sənə  nə olub, ürəyimdə  nə var açıb tökərəm qarşısında. Yaxşı ki, bu sənsən. Səni təzə 
tanısam da hamıdan yaxın gəlirsən mənə. Bilmirəm, sənin gözlərində  dərd də görürəm, işıq da 
görürəm, istilik də, məhəbbət də. Kaş sənin kimi bir kimsəm olaydı, ürəyimi dərd deşəndə üstünə 
qaçaydım.  
- Sənin bir kimsən yoxdumu Dilarə? 
- Var bacı, var. Anam da var, bacım da, xalam da, bibim də, əmim də, amma nə olsun 6 ildir bir 
kəs maraqlanmır ki, bu qız ölüb ya qalıb?  
- Bəs sən onlardan niyə ayrılmısan?  
- Mən ayrılmamışam, məni küçəyə atıblar – Dilarə elə ürəkdən hönkürdü ki, mən də özümü 
saxlaya bilməyib ona qoşuldum. Daha heç nə soruşa bilmirdim. Qorxurdum bu gözəl üzlü qız 
gözümün qabağında yaşa qarışıb axıb gedə. Bir neçə dəqiqədən sonra özünə gəlib yenidən aramla 
danışmağa başladı. 
- Atam rəhmətə gedəndə 10 yaşım yox idi. Bütün xoşbəxtliyim atamla getdi. Çox gözəl insan 
idi. Mən anamdan heç bir qayğı, nəvaziş görməmişdim. Atam məni əzizləyər, nazımla oynayardı. 


 
22
Anam diliacı, qaradinməz qadın idi. Qohum-əqrəba anamın bu xasiyyətinə görə bizə  gəlməzdi. 
Amma atam hər istirahət günü məni  əmimgilə, bibimgilə aparırdı. Uşaq idim, çox şeyi ağlım 
kəsmirdi.  İndi bibimin atama dediyi sözlərin mənasını anlamağa başlamışam. Həmişə deyərdi ki, 
qardaş, sözümüzə baxmadın, ömrünü çürütdün, o qadın  əməli saleh adam deyil. Atam bir söz 
deməz, siqareti-siqaretlə calayardı. Bir gün dərsdən gələndə, atamı evin ortasında üstü qara kəlağayı 
ilə örtülmüş gördüm. Bibim yanıqlı səslə oxşayıb ağlayırdı. Onda atamı ağlaya bilmirdim. Amma 
sonralar hər gün atamı çağırıb ağlayırdım. Atam öləndən bir neçə ay sonra evimizə bir kişi gəldi. 
Anam mənə  bərk-bərk tapşırdı ki, ona hörmət edim, sözündən çıxmayım, çünki bizə çörək verən 
odur. Mən anamın dediklərinə  əməl edirdim. İki ildən sonra bir bacım gəldi dünyaya. Bu qızın 
dünyaya gəlişi işimi artırsa da çox sevinirdim. Çünki bu balaca kuklaya oxşar qızla oynamaq 
yeganə sevinc payım idi. Atalığımın zəhmli sir-sifəti, anamın heç vaxt açılmayan qaşqabağı evimizi 
qaranlıq zindana çevirmişdi. Artıq 14 yaşım vardı. Bu yaşa necə çatmışdım bilmirdim. Bir axşam 
kişi evə çox acıqlı qayıtmışdı, anamla dava etməyə başladı. Onların arasındakı bu qalmaqalın əsas 
səbəbi heç demə  mənəmmiş. Kişi dönə-dönə anama deyirdi ki, mən sənin küçüyünü nə  qədər 
yedirib geydirəcəm. Bəsdir daha, yekə qızdır getsin özü-özünü saxlasın. Davanın axırı məni evdən 
qоvmaqla qurtardı. Evimiz Yasamal bazarının yanında idi. Titrəyə-titrəyə bazarın yanındakı binanın 
küncünə qısılıb oturdum. Nə edəcəyimi bilmədən hey ağlayırdım. Aradan nə qədər vaxt keçmişdi 
bilmirəm, yaşlı bir kişi mənə yaxınlaşdı: 
- Niyə burda oturmusan, niyə  ağlayırsan? – soruşduqda daha da bərkdən ağlamağa başladım. 
Kişi çiyinlərimdən tutub məni ayağa qaldırdı. Bir də soruşdu. 
- Qızım, nə olub sənə, söylə görüm, bəlkə bir köməyim dəydi. 
- Atalığım məni evdən qovub. 
- Niyə? 
- Deyir get özün-özünü saxla, mənim pulum yoxdur səni yedirməyə. 
Kişi atalığımın qarasına deyinə-deyinə  məni yaxınlıqda saxladığı maşına mindirdi. Müti qul 
kimi kişinin dediklərinə  əməl edirdim. Başqa gümanım yox idi. Atamın ölümündən sonra bircə 
qohum mənimlə maraqlanmamışdı. Anam da hər dəfə acıqlanıb deyinəndə atama da qohumlarına 
da söyürdü. Mən də dinməzcə qulaq asar, ağlayardım. Mənə  hədsiz canıyananlıq, mehribanlıq 
göstərən bu yad kişi çətin anımda həm atam idi, həm də anam. 
Maşını böyük bir binanın qabağında saxladı. Bu binanın o vaxt nə olduğunu bilmirdim, indi 
bilirəm ki, mehmanxana idi. İsti, rahat bir otağa gəldik. Yemək-içmək gətirdilər. Doyunca yedim-
içdim. Sonra vanna otağına keçib yuyundum. Bütün bunları kişinin məsləhəti ilə edirdim. Başım 
yüngülcə gicəlləndi. Sonralar anladım ki, həmin gecə  şərab da içmişəm. Bir neçə  dəqiqəlik kişi 
çıxdı  və  mən soyunub yatağa girdim. İsti, yumşaq yorğan-döşəkdə xumarlandıqca, yuxu göz 
qapaqlarımı  ağırlaşdırır, məni harasa, uzaqlara aparırdı. Yarı yuxulu kişinin otağa girdiyini
yatağımın qırağında oturub, saçlarımı  sığalladığını güclə gördüm. Kişinin səsi qulaqlarıma nəsə 
anlamadığım sözlər pıçıldayırdı: 
- Ağıllı qız ol, hər sözümə əməl elə, hər şeyin olacaq. İstədiyini yeyəcəksən, ən gözəl libasların 
olacaq. Səni kraliça kimi saxlayacam. Səndən çox xoşum gəlir. Mənim quzum ol, gülüm ol, səni 
çox istəyəcəm. O gecə  nələr olduğunu xatırlamıram. Səhər yuxudan oyananda kişinin telefonla 
kiminləsə danışdıqlarını eşitdim. 
- Axşam bir quş tutmuşam. Həm gözəldi, həm körpədi, həm də tər-təmiz.  
O başdan nə dedilərsə, kişi bərkdən güldü: 
- Lələşini nə bilmisən, adamın gərək pulu olsun. Hər müşkülü asan eliyən puldur, pul.- Arada 
fasilə edirdi yəqin ki, deyiləni dinləyirdi. Sonra yenə həvəslə danışırdı: 
- Yox, yox sən öləsən heç kəsə vermərəm. Bu cənnət quşudu, onu uçurmaram. 
Mən söhbətin məndən getdiyini anlamışdım. Kişinin dediyi kimi körpə quş kimi tələyə 
düşmüşdüm. Artıq hər şey gec idi və nədənsə peşiman da deyildim. Çünki işin mahiyyətini də tam 
anlamırdım, anlamaq iqtidarında deyildim. 
Dilarə içini çəkərək yenə ağlamağa başladı. Mən ona mane olmaq istəmirdim. Çünki bilirdim ki, 
indi ona lazım olan, kömək olacaq elə bu göz yaşlarıdır. Özünə gəlib söhbətinə davam etdi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə