1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin
Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsmdə işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı,
Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama
gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan "Şəhərlər İttifaqının
Qafqaz şöbəsi əxbarı" aylıq məcmuəsinə müdir təyin olunub. Bir il ötəndə Borçalı qəzasma
müvəkkil təyin edilib. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik
Respublikasının nümayəndəsi göndərib.
Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı
komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan
mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir-
üzv seçilib.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri
xiyabandadır.
* * *
"Molla Nəsrəddin" jurnalında "Lağlağı", "Ceyranəli", "Xortdan", "Həkiminun-səğir",
"Mozalan", "Süpürgəsaqqal" imzaları ilə felyeton, hekayə və publisist yazılar dərc etdirib. Klassik
irsimizə "Marallarım" silsilə hekayələrini, "Xortdanın cəhənnəm məktubları" povestini bəxş edib.
"Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Çeşmək", "Qiraət" əsərləri nəsrimizin incilərindən
sayılır. Ədəbiyyat tariximizə, milli teatr ənənələrinə aid dəyərli elmi əsərlərin, nəzəri məqalələrin
müəllifidir. Dünya klassiklərindən Vilyam Şekspirin "Hamlet", Fridrix Şillerin "Qaçaqlar", Emil
Zolyanın "Qazmaçılar", Mari Fransua Volterin "Sultan Osman", Hans Xristian Andersenin "Bülbül",
Maksim Qorkinin "İzergil qarı" hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə edib.
Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiyası onun zəngin və əlvan yaradıcılığının mühüm
qolunu təşkil edir. Şərti olaraq onun dramaturji fəaliyyətini üç mərhələyə bölmək olar.
Birinci mərhələ on doqquzuncu əsrin son on beş və iyirminci əsrin ilk ilini əhatələyir.
İkinci mərhələyə dramaturqun molla nəsrəddinçilər yaradıcılıq platformasının məşhur
maarifpərvəri kimi yazdığı dram və komediyalar daxildir. Bu mərhələ 1905-1911-ci illəri əhatə edir.
Sovet dövrü yaradıcılığı (1920-1933) dramaturqun yaradıcılığının üçüncü mərhələsidir.
Qeyd edim ki, birinci dövr pyesləri sanbalma, ideya kəsərinə, ikinci dövr faciələri mövzu
əlvanlığına, dram və komediyalarının bədii-estetik kamilliyinə görə daha bitkindir.
Dramaturqun ilk qələm təcrübəsi olan "Hacı Daşdəmir" məzhəkəsi əldə yoxdur. Müəllifin
etiraf etdiyi kimi, bu pyes "Hacı Qara" komediyasının təsiri altında yazılsa da və zəif alınsa da, hər
halda fakt kimi dəyərlidir. Peterburqda "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) məzhəkəsini,
"Dağılan tifaq" (1896) faciəsini qələmə alıb. Şuşada "Bəxtsiz cavan" (1900) faciəsini və Bakıda
"Pəri cadu" (1901) dramını tamamlayıb.
Həm nəsr, həm də dramaturji fəaliyyətinin ikinci dövrü kimi səciyyələnən illərdə
Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı bir sıra estetik-bədii məziyyətlərinə görə
diqqətəlayiqdir. Teatrla get-gedə daha yaxından və daha səmərəli şəkildə məşğul olan,
Azərbaycanda peşəkar rejissuranın tərəqqisində misilsiz və möhtəşəm işlər görmüş Əbdürrəhim bəy
Haqverdiyev 1905-ci ildə "Millət dostları" satirik dramını yazıb. Üzərində bir neçə il işlədiyi, zəngin
tarixi faktlar toplayaraq onların əsasında yazdığı "Ağa Məhəmməd şah Qacar" faciəsini 1907-ci ildə
Bakıda bitirib. Bu faciədə dramaturq rejissor Hüseyn Ərəblinskinin xahişi ilə qadın personajları
qələmə almayıb.
O, ikinci mərhələdə rus ədibi Sergey Yakovlevin eyniadlı vodevili əsasında "Kimdir
müqəssir?" məzhəkəsini yazıb və əsər 1909-cu ildə "Kaspi" mətbəəsində çap olunub. Aktyor dostları
Hüseyn Ərəblinskiyə və Əbülfət Vəliyə həsr etdiyi "Ac həriflər" məzhəkəsi 1911-ci ildə
tamamlanıb. Həmin il Əbdürrəhim bəy "Xəyalət" dramını da yazıb. Əsər Mirzə Fətəli Axundzadənin
anadan olmasının yüz illiyinə həsr edilib. Buna görə pyesin adı bəzi mənbələrdə "Mirzə Fətəli
Axundzadə" kimi də verilib. "Ac həriflər" və "Xəyalət" dramları ilk dəfə 1911-ci ildə "Orucovlar
qardaşları nəşriyyatı"nda ayrı-ayrı kitabça kimi buraxılıb.
Ədibin dramaturji yaradıcılığının üçüncü mərhələsi on iki ili əhatə edir. Bu dövrdə yaranmış
pyeslər, xüsusən kiçik həcmli dramlar daha çox sovet ideologiyası prinsiplərində yazıldıqları üçün,
müəyyən sənətkarlıq səciyyələrinə görə zəif və ya natamam təsiri bağışlayır. Bununla belə, 1927-ci
ildə yazılmış "Köhnə dudman" və "Baba yurdunda" dilogiyası dramaturqun yaradıcılığında yeni
mövzu-problematika, yeni ideya, yeni konflikt-xarakterlər baxımından əhəmiyyətlidir.
Dramaturji fəaliyyətinin son dövründə Əbdürrəhim bəy Haqverdiyev müxtəlif həcmli
"Qırmızı qarı" (1921), "Padşahın məhəbbəti" (1921), "Ağac kölgəsində" (1921), "Qoca tarzən"
(1922), "Vaveyla" (1922), "Ədalət qapıları" (1923), Hüseyn Ərəblinskinin ölümünün yeddi illiyinə
həsr etdiyi "Səhnə qurbanı" (1926), "Məşədi Qulam qiraət öyrənir" (1927), "Qadınlar bayramı"
(1928), "Kamran" (1931), "Sağsağan" (1931), "Yoldaş koroğlu" (1932), "Çox gözəl" (1932),
"Daşçı" (1933) pyeslərini yazıb.
Dövrlə, yaşadığı zamanla həmahəng olduğuna görə Əbdürrəhim bəyin də yaradıcılığının
böyük bir dövrü mövzu baxımından mülkədar həyatı ilə bağlıdır. Mülkədarlıq həyat tərzinin
nadanlıq üzərində qurulmuş məcrasının doğurduğu faciələr Haqverdiyevin pyeslərində yeni bədii
səciyyələrlə təsvir olunub. Onun üslubu fərdi keyfiyyətlərlə zəngindir. Faciələri üçün təsirli həyat
hadisələri seçə bilib. Təsvir etdiyi obrazların dil-ifadə xüsusiyyətləri ilk növbədə xarakterlərin tipik
xüsusiyyətlərinin açılmasma yönəlib. O, faciə, komediya, məzhəkə, məsxərə, dram, rəmzi dram
("Pəri cadu") janrlarında əsərlər yazıb. Dram ("Ədalət qapıları"), rəmzi dram janrlarını və bioqrafik
səciyyəli pyesləri ("Səhnə qurbanı" və "Xəyalət") milli dramaturgiyamıza ilk dəfə Əbdürrəhim bəy
Haqverdiyev gətirib.
Zaman və məkan vəhdətini (xronotopunu) Əbdürrəhim bəy mövzunun tarixi xarakterini daha
dərindən açmaq məqsədilə cəsarətlə, inamlı improvizələrlə sındırıb. Məsələn, "Ağa Məhəmməd şah
Qacar" faciəsində tarixi hadisələr 1887-1897-ci illər arasındakı onillik zamanda baş verir. Bu
hadisələr müxtəlif məkanlarda-Mazandaranda, Tehranda, Tiflisdə, Muğanda, Şuşada, Xorasanda
təsvir edilib. Ancaq bu dağınıqlıqda tarixi-xronoloji faciə janrının (məsələn, Vilyam Şekspirin
"Dördüncü Henri" dramatik xronikası) estetik prinsipləri dramaturq tərəfindən həssaslıqla
gözlənilib, bədii dəqiqliklə təcəssüm tapıb.
Hadisə dağınıqlığı dramaturqun "Bəxtsiz cavan", "Köhnə dudman", "Dağılan tifaq"
dramlarında başqa şəkildə nəzərə çarpır. Lakin dramaturq bunu da növbəti fərdi yaradıcılıq üslubu,
bədii fənd (priyom) kimi realizə edə bilib.
Əbdürrəhim bəy Haqverdiyev dramaturgiyaya çoşğun daxili ehtiraslı, çılğın xarakterli
dramatik obrazlar gətirib.
Dramaturqun Qacar ("Ağa Məhəmməd şah Qacar"), Pəri və Hafizə ("Pəri cadu"), Nəcəf bəy
("Dağılan tifaq") obrazları əsər boyu, dramaturji konfliktə uyğun şəkildə, gərgin psixloji dəyişmə
prosesi keçirlər. Məhz Əbdürrəhim bəy dramaturgiyamızda belə psixoloji-dramatik dəyişmənin real
təsvirini və parlaq bədii həllini ilk dəfə yaradıb.
Əbdürrəhim bəy Haqverdiyev "Müsibəti-Fəxrəddin"dən sonra milli dramaturgiyamızda
ikinci faciə olan "Dağılan tifaq"ı yazıb. Burada bir ailənin müsibəti fonunda çürüməkdə olan
mənəvi-əxlaqi dəyərlər, cəmiyyətin sarsılmış sosial sütunlarının psixoloji əsasları mürəkkəb
dramaturji konfliktin əsasını təşkil edir. İflasa uğramış cəmiyyət davranışlarının tənqidi əsasında
həyatları faciə axarına düşmüş insan xarakterləri dururlar. Bunların da bariz nümayəndələri Nəcəf
bəy və Süleyman bəy obrazlarıdır.
Dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələr "Bəxtsiz cavan"da
dramaturgiyamızda əvvəllər işlənmiş süjet-konflikt əsasında, lakin yeni estetik prinsiplərlə və daha
kamil bədii obrazlarla əks olunub. Əsərin qəhrəmanı, təhsil alb doğma yurda qayıtınış Fərhad həm
ictimai quruluşun çürümüş qanunlarına, həm də uzun illər ənənəyə çevrilmiş ailə adətlərinə,