49
qoydular ki, Böyükxanım İbrahimağa qızı Şıxlinskayanın səsi alınsın, yoxsa yox.
Yerdən: qadındı, köməksizdi, əri, qaynı və bir qardaşı güllələnib, bir qardaşı isə
sürgündədir, bağışlansın, — deyənlər çox oldu. Bu vaxt bizim keçmiş nökərimizin
komsomolçu oğlu söz alıb kürsüyə çıxdı. Anam ürəkləndi. Utancaq anam ilk dəfə
başını qaldırıb ümidlə kürsüyə tərəf baxdı. Nökərimizin komsomolçu oğlu
Lenindən, Stalindən, proletariatdan və yeni qurulan kolxozdan odlu-odlu danışırdı.
Bəyləri, ağaları təhqir edə-edə birdən üzünü anam tərəfə tutub, əlini irəli uzatdı: —
Bu, o Vəkilovlardan, o Şıxlinskilərdəndir ki, proletariatın qanını su yerinə axıdıb.
Səsi alınmalıdır. Vəssalam, — deyib kürsüdən fəxrlə düşdü. Anamı işdən çıxardıb,
«səsini» aldılar. Ailəmiz hökumət yanında gözükölgəli oldu. Dinə bilmədi yazıq
anam.
Dünya yaxşı adamlardan xali deyilmiş, ay oğul. Bir xeyli sonra anam o
vaxtın nüfuzlu adamları Həmid Əfəndiyevə və Sayad Bəhərzalova müraciət etdi.
Onlar kommunist olsalar da, vicdanlı adamlar idilər. Anamın «səsini» qaytarıb,
özünü də işə bərpa etdilər. O vaxt əmim Cavad bəy İranda sağ idi. Onda sərhəd çox
da möhkəm deyildi, gedib-gələnlər vardı. Xəbər gətirmişdilər ki, general Cavad
bəy Şıxlinski Ərdəbil qarnizonunun komandanıdır. Əmimə Azərbaycan
Demokratik ordusunda general-mayor rütbəsi verilmişdi. Səhv eləmirəmsə, on
doqquzuncu ildə verildiyini anam danışardı. Əmim də, atam da Birinci Dünya
Müharibəsində Tatar polkunun tərkibində vuruşublar, hər ikisi «Müqəddəs Georgi»
və «Müqəddəs Vladimir» ordenləri ilə təltif olunublar. Otuz-qırxıncı illərdə o
taydan, Cavad bəydən, onun qoçaqlığından yaxşı sədalar gələndə bizim qocalar
pıçıltı ilə, ehtiyatla danışırdılar ki, Cavad bəy hərbi işdə atamdan da mahir olub. O,
əmisi Əliağa Şıxlinski qədər qoçaq imiş. 1946-cı ilə qədər eşidirdik ki, əmim
sağdır, evlənib iki oğlu — Çingiz, Nazir və Gövhər adında qızı var.
—Cavad bəy böyük idi, yoxsa atanız Rüstəm bəy?
—Cavad əmim 1875-ci ildə anadan olmuşdu. Yaşı qırxı keçsə də
evlənməmişdi. Bizim Şıxlinskilərin arasında gec evlənənlər var.
—Ədilə xanım, elə general Əliağa Şıxlinski buna canlı sübutdur. O da
gec—qırx altı yaşında evlənib.
Anam danışardı ki, boy-buxunda, bacarıqda, xasiyyətdə də Cavad bəy əmisi
Əliağa Şıxlinskiyə oxşayırdı. Atamı da, əmimi də Əliağa babam Tiflisdəki zadəgan
balalarına məxsus kadet korpusuna qoymuşdu. Oranı bitirəndən sonra hər ikisini
Peterburqa aparır, vaxtilə özünün oxuduğu Mixaylov topçuluq məktəbinə oxumağa
qoyur. Atam əmim Cavad bəydən üç yaş kiçik idi, 1878-ci ildə anadan olub. Hər
ikisi də Qazaxda anadan olub. Sizə danışdıqlarımın hamısını anam yazmışdı, ordan
oxumuşam, hara qoymuşam, harda gizlətmişəm tapa bilmirəm... Anam bu yazıları
müharibədən qabaq yazmışdı. Deyirdim ki, ay ana, at getsin, bu yazılar nəyinə
lazımdır. Birdən nə olar... Bunlara görə başımız bəlalar çəkər. Anam da
arxayınçılıqla: «Yox, qızım, — deyərdi, — vaxt gələcək lazım olacaq, belə
kişilərin adı batmamalıdır».
50
— Ədilə xanım, nə general əminiz Cavad bəyin, nə də polkovnik atanız
Rüstəm bəyin Azərbaycan milli ordusundakı əvəzsiz xidmətləri itib-batmayıb.
Xalqımızın görkəmli oğlu Mirzəbala Məmmədzadənin «Azərbaycan milli
ordusunun keçdiyi yollar» məqaləsində onlar barədə məlumat var: «Ağdamda
(1918-ci ildə) pulemyot bölüyünə məxsus hazırlıq məktəbi açıldı. Sonralar
bolşeviklər tərəfindən edam edilən mərhum miralay (polkovnik) Şıxlı Rüstəm
bəyin idarəsi altında topçu hissəsi təşkil edildi». Müəllif yazırdı ki, yenicə
yaradılan Müsavat ordusunun birinci diviziyasına mirliva (general-mayor) Cavad
bəy Şıxlinski komandan təyin edildi...
Zəngəzurda məskun olan ermənilər İrəvan daşnaklarının təhriki ilə bu
vilayəti özlərinə ilhaq etmək niyyətilə Azərbaycan hakimiyyətini tanımırdılar.
1919-cu ilin oktyabr ayında general Cavad bəy Şıxlinskinin komandanlığı altında
Zəngəzur ermənilərinə qarşı hərbi yürüş oldu. Bu səfər bir aydan artıq davam etdi.
Zəngəzurdakı erməni milli hissələrinə qarşı hərbi əməliyyatlar aparan
Cavad bəy Dığ kəndi ərazisində düşmənin möhkəmləndirilmiş istehkamlarını
dağıdır və kəndi onlardan təmizləyir. Az sonra ingilislərin işə qarışması ilə hücum
dayandırılır. Noyabrın iyirmi üçündə barışığa əsasən erməni hərbi hissələri
Zəngəzur ərazisini tərk edir.
General Cavad bəy Şıxlinskinin 1919-cu il noyabrın səkkizində həmin
döyüşlər barədə hərbi Nazirliyə göndərdiyi bir teleqram Mərkəzi Dövlət
Arxivində saxlanılır.
«Adamların həddindən artıq yorulduqlarını və Dığ kəndini əldə saxlamağın
mümkün olmayacağını müəyyənləşdirdikdən sonra, mən qrupu Zabıx çayının
şimal sahilinə çəkməyi və əlverişli mövqe tutmağı qərara aldım.
Bütün hissələr çayı sağ-salamat keçib müəyyən olunmuş mövqeyi tutdular.
Enişi enərkən toplardan biri yoldan çıxdı və dərəyə düşdü, onu çıxartmaq mümkün
olmadı. Həmin topun açarını, təkərlərini və mühüm hissələrini söküb götürdük.
Top bizim mövqeyimizin yaxınlığındadır, çalışıram ki, ayın doqquzuna kimi
çıxardıb aparaq. Mənim bütün göstərişlərimi yerinə yetirmək üçün Yadigarovun
dəstəsi Abdallara gəlib.
Qəhrəmanlıqla həlak olan Cavanşir alayının podpraporşiki Muradovun və
Zaqatala alayının praporşiki Qazıyevin böyük cəsurluğunu xüsusi qeyd etməliyəm.
Bizim artilleriyada əla döyüş xidmətləri olan podpolkovnik Novruzovun
məharətini də unuda bilmərəm. Bizim itki belədir: Zaqatala alayından həlak olan
və itkin düşən qırx nəfərdir, əlli nəfəri isə yaralanıb. Cavanşir alayından beş nəfər
həlak olub, iyirmi nəfər yaralanıb. Şəki alayından iki nəfər yaralanıb, Qarabağ
alayından isə ikisi və artilleristlərdən bir nəfər yaralanıb. Zabitlərdən üçü həlak
olub, dördü isə yaralanıb. İtkilərimizin sayını əlavə olaraq yenə Sizə bildirəcəm.
General-mayor Cavad bəy
ġıxlinski
Abdallar kəndi».
Dostları ilə paylaş: |