BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

________________Milli Kitabxana______________ 
35 
 
Vəfa umduqlarımdan cəfa gördüm hər zaman,  
Güzgüdən sidq istədim, əyri gördüm özümü.  
Suya dedim dərdimi, axıb keçdi yanımdan,  
O da ağzımda qoydu iki kəlmə sözümü.  
Ey dəhşətli fikirlər, məndən uzaqlaşmayın,  
Siz mənim ürəyimdən kənarda ağlaşmayın.  
Şairəm, qəm içində keçir gecəm, gündüzüm.  
Sevdalı xəyalların övladıyam mən özüm!  
Yalnız yalan gerçəkdir.  
Mən bu haqqı danmıram,  
Mən öz varlığıma da şəkk edir, inanmıram,  
İnanmıram göyə də, inanmıram yerə də,  
Min əfsanə uyduran böyük nəbilərə də.  
Varsa bir inandığım: yalnız eşqdir o da,  
Min dünya kəşf etmişəm, eşqimlə bir dünyada.  
Özüm də heç bilmirəm bu dünyaya nə deyim?  
Nə gecəm bir gecədir, nə gündüzüm bir gündüz.  
Ey mənim məhəbbətim, eşqim, hissim, diləyim,  
Siz həm mənim həyatım, həm də ölümümsünüz!  
Ölüm, sağ görüb məni, atma mənə pəncəni,  
Mən ki çoxdan ölmüşəm, naləm aldatmış səni!  
Aylar keçdi, il oldu, əvəz etdi gün-günü,  
Zaman verdi hökmünü,  
Yaman verdi hökmünü:  
Şah Təhmasib bir gecə hücum çəkdi Bağdada,  
Düşdü yenə qan-qada.  
Zülfüqarın taxtını çevirdilər başına, 
Gecənin zülmətində o, yaşına-yaşına  
Qaçırdı təkbaşına. 
Elə bu vaxt, bu zaman  
Qayıdırdı Füzuli evə yaxın obadan.  
Onlar qarşılaşdilar. 
Görən kimi tanıdı şair onu: 
- Zülfüqar!  
Hara belə qaçırsan, dayan, sənə sözüm var. 
- Aman, şair qoy gedim. 
- Dayan, hələ dayan, xan, 
  


________________Milli Kitabxana______________ 
36 
 
Elə ki, ayrı düşdün öz taxtından, tacından, 
Adi bir adam oldun, getdi şanın, şöhrətin, 
Təxti-tacında imiş bütün gücün-qüdrətin. 
Get, zülmündən qurtarıb, məmləkət azad oldu, 
"Zülm ilə abad olan ədl ilə bərbad oldu". 
" - Padişahi - mülk, dinarü dirhəm rüşvət verib, 
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri. 
... Göstərən səatda dövrani-fələk bir inqilab, 
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri. 
Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən, 
Eyləmiş iqbalimi asari-nüsrət məzhəri. 
... Qanda kim, əzm etsə, mərsumu məvacib istəməz. 
Qansı mülkü tutsa dəgməz kimsəyə şurü şəri..." 
- Söylə, Leyla hardadır? 
- Sarayda. 
- Yalan demə. 
- Mən düzünü deyirəm, saraydadır. 
- Qəlbimə 
Sənin fitnələrindən çəkildi məhşər dağı, 
Heyf! Dünya saxlayır qoynunda hər alçağı. 
Deyə ordan birbaşa saraya gəldi şair
Axtardı hücrələri, otaqları birbəbir. 
Girdi hərəmxanəyə, 
Tapılmadı Leylası, "o, hara getmiş?" - deyə 
Düşündü için-için, 
Yenə köhnə yarası təzələndi şairin. 
O gecə Zülfuqar xan 
Qaçan kimi saraydan, 
Qapıları açdılar. 
Qızlar hərəmxanadan çıxıb dağılışdılar. 
Hərə getdi bir yerə, Leyla da azad oldu, 
Sanmayın ki, o, bundan, fərəhləndi, şad oldu. 
Gecənin zülmətində öz-özünə deyirdi: 
"Hara gedim mən indi? 
Evəmi? Bəs atamın necə çıxım üzünə? 
Heç özü də bilməyir, fikri nədir, qəsdi nə? 
Hələ bu heç... Məhəmməd!  
O, nə deyər bəs mənə? 
  


________________Milli Kitabxana______________ 
37 
 
İtirdim ismətimi...  
Gülməzmi hər kəs mənə?  
Yox, yox, mən bu halımla göydən yerə enmişəm,  
Bir alçağın əlində mən ki ləkələnmişəm.  
Mən bədbəxti taleyim yaman saldı çətinə,  
Şairin o müqəddəs, böyük məhəbbətinə  
Layiq ola bilərmi mənim ləkəli adım?  
Heyhat! Gözümdə qaldı bütün arzum, muradım,  
Yox! Bu daha ağırdır bütün işgəncələrdən!  
Məhəmmədin gözünə görünə bilmərəm mən".  
Deyə doğma şəhəri gecə tərk etdi Leyla,  
Kərbəlalı bir qıza qoşulub getdi Leyla.  
Getdi, çıxdı şəhərdən.  
Bir xeyli getdi... Birdən: 
- Yox, mən onu görməmiş hara gedirəm - deyə 
Leyla döndü geriyə: 
- Aman, bacım, izn ver, gedim, görüm mən onu - 
Könlümün ilk dostunu. 
Bəlkə bu lilli sular axdı, heç durulmadı,  
Onu görmək bir daha mənə qismət olmadı.  
Qulağımda bir daha səslənmədi səsi də. 
- Gedək! - deyə qoşulur ona rəfiqəsi də! 
O, keçdikcə şəhərin tanış küçələrindən, 
Təəssüflə ah çəkir, köks ötürür dərindən. 
Düşünür asta-asta: "Küçələr, ay küçələr, 
Mən sizin sinənizi tapdamışam nə qədər. 
Bu yollarla nə qədər mədrəsəyə getmişəm, 
Qayğısız illərimi mən burda əritmişəm. 
Bu yollarda itibdir ömrün şirin dəmi də. 
Bu yollarda tapmışam mən öz sevgilimi də. 
Ah... bu yollar, bu yollar! 
Neçə il bundan qabaq  
Kim deyə bilərdi ki, belə bir gün olacaq?  
Kim deyə bilərdi ki, könlüm düşəcək dara?  
Göz yaşlarım axacaq gül səpdiyim yollara?  
Gülə-gülə keçdiyim bu yollardan bir zaman  
Mən ağlaya-ağlaya keçəcəyəm... ay aman!  
Bir düşdüyüm günə bax! 
  


________________Milli Kitabxana______________ 
38 
 
Taleyin hökmünə bax!" 
Leyla bayaqdan bəri 
Gəzir bütün şəhəri. 
Ancaq rəfiqəsi də 
Gözdən buraxmır onu 
İzləyir öz dostunu 
Belə ağır günündə. 
Mədrəsənin önündə 
Gəlib Leyla dayanır, 
Ötən günləri anır. 
Səslənir qulağında bir inilti, bir ənin, 
O öpür kandarını ona tanış hücrənin. 
Nəzərləri içəri sancılıb durur nədən? 
Məhəmmədi soruşur elə bil o, hücrədən. 
Evlərinin yanından ötərkən yana-yana
Ötəri nəzər salır o, balaca eyvana. 
Gəlib çıxır nəhayət 
Balaca bağçasına sevimli Məhəmmədin, 
Məhəbbəti inləyir qəlbində həzin-həzin. 
Pəncərənin önündə o, dayanır lal kimi, 
Gördükləri görünür gözunə xəyal kimi. 
Odur, şair oturmuş balaca miz dalında, 
Quş lələyi əlində, bir dünya xəyalında. 
Yazır, pozur... əriyir önündəki şam kimi. 
"Ah... o yazır, o yazır yəqin mənim eşqimi" - 
Deyə Leyla düşünür: 
- Xeyli keçmiş gecədən
Yatmayıbsan hələ sən. 
Mənim böyük şairim, ah yazır, aman yazır. 
O, "Şəbi-hicran" deyir, o, "Şəbi-hicran" yazır. 
Zilləyib gözlərimi pəncərənə baxıram, 
Gülüm sənə baxıram. 
Məhəbbət sapımıza vuruldu bir kor düyün 
Bax, bu saat eşqini kağızlara tökdüyün 
Sevgilin durub sənin, 
Önündə pəncərənin. 
Səninsə xəbərin yox! 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə