1
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
Gəlin, gələcəyimizi qoruyaq!
B A K I – 2015
2
Tərtibçidən
Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi,
faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və
narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya
iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının,
işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil
cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm
amil rolunu oynayır. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında
narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Narkotizmlə
mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir
prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə
gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər
kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön
plana çıxmış, bir sözlə, problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti
olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki,
narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların
fəaliyyəti üçün də lazımi şərait yaradılmışdı. Azərbaycan Respublikasında
narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq,
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə
mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur.
Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət
təşkilatları, kütləvi informasiya vasitələri (KİV), hüquq-mühafizə orqanları, təhsil
və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və
kütləvi hal almasının qarşısını ala bilər. Tərtib edilən bu vəsaitdə respublikada
narkomaniyanın yayılmasına səbəb olan amillər, dövlət səviyyəsində narkomaniya
və narkobiznesə qarşı mübarizədə həyata keçirilən tədbirlər, qəbul edilmiş dövlət
sənədləri işıqlandırılmış, bu problemə qarşı mübarizədə uşaq kitabxanaları
qarşısında duran vəzifələrdən, keçiriləcək tədbir formalarından, təbliğat işindən
bəhs edilmişdir. İnanırıq ki, bu vəsait kitabxana işçilərinə narkomaniyaya qarşı
mübarizədə bütün kitabxana işçiləri üçün dəyərli vəsait olmaqla yeniyetmələrin
maariflənməsində yaxından köməklik edəcəkdir. Elmi metodik vəsaitdə F.Köçərli
adına Respublika Uşaq kitabxanasının iş təcrübəsindən də istifadə olunmuşdur.
Metodik vəsaitlə əlaqədar rəy, təklif və iradlarınızı kitabxanamızın elektron
ünvanına ğöndərməyinizi xahiş edirik. Ünvan: AZ-1022 Bakı şəh., S.Vurğun küç.
122G e-mail: childlibbaku@yahoo.com
3
GİRİŞ
“Narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - isə asılılıq deməkdir.
Narkomaniya cəmiyyətin meydana gəldiyi, onun ayrı-ayrı siniflərə, sosial təbəqə
və qruplara bölündüyü qədim zamanlardan yaranmışdır. Hələ qədim dövrlərdə
tiryəkdən bəzi xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Qədim misirlilər
tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin hazırlanmasında istifadə
etmişlər. Tiryəkdən ilk dərman XVI əsrdə alınmış və onu icad edən isveçrəli həkim
Paraselsin şərəfinə adlandırılmışdır. Sonralar isə bunun zəhərli maddə kimi
orqanizmə əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər. Avropa və
Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların
ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək)
isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Tiryəkli preparatlar orta
əsrlərdə təbabətdə geniş yayılmış, ondan hazırlanan dərmanlardan ruhi xəstələri
sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları, pozulmuş əsəb-sinir
sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunmuşdur. Artıq, getdikcə
narkotik maddələrin hazırlanmasında, əkilib-becərilməsində xeyli təcrübə
qazanmış insanlar müasir texnologiyalardan istifadə etməklə yeni uyuşdurucu
maddələr istehsal edirdilər. XIX əsrin ortalarında narkomaniya tarixinin yeni bir
dəhşətli mərhələsi narkotik maddələrin müasir üsulla - venadaxilinə yeridilməsi ilə
başlanmışdır. Beləliklə, leksikona “narkotik”, “narkotik vasitələr” terminləri daxil
olmuşdur. Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir
zamanda asılılıq yaradan maddədir. O toksik maddə olduğundan insanın bütün
orqanizminə, ürək-damar sistemindən tutmuş, sinir sisteminə qədər mənfi təsir
göstərərək, onun xarakterini dəyişir, xəstə özünü idarə edə bilmir. Orqanizm
zəifləyir, bədən arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə
aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin
araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki və ruhi cəhətdən
şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşından narkotik qəbul etməyə başlayan
insanın orta ömrü 35-40 il olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı
10-15 nəfəri də narkomanlığa cəlb edə bilər. BMT-nin 1987-ci il Konvensiyasına
daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun
“Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya
mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin
qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə
metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək
istiqamətində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq
çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına baxmayaraq, dünya