47
məqsədlərinin öyrədici xarakter daşıması o deməkdir ki, təlim prosesində şagirdlər
materialların əl ilə emalı texnologiyaları və məmulatların quruluşu haqqında biliklərlə
tanış edilir, alətlərdən istifadə olunarkən təhlükəsizlik qaydalarına riayət etməyi,
nümunə, təlimat xəritəsi, sxem, çertyoj üzrə işləməyi, informasiyaları əldə etməyi və
onlardan istifadə etməyi, möhkəmləndirməyi, təkmilləşdirməyi, genişləndirməyi
öyrənirlər.
«Texnologiya» dərsləri şagirdlərdə əzələlər və barmaqların motorikasını,
təqribi ölçməni, fəza təsəvvürlərini, hazırlanacaq məmulatı əyani təsəvvür etməyi,
diqqəti və estetik zövqü, texnoloji yaradıcılıq təfəkkürünü (texnologiya və məmulatın
quruluşuna dəyişiklik etmək bacarıqlarını, tapşırığın yerinə yetirilməsinin əlverişli
yollarını axtarmağı) inkişaf etdirir.
Bunlarla yanaşı, bu dərslər şagirdlərdə müşahidə, müqayisə və təhlil etmək,
nəticə çıxarmaq, ümumiləşdirmə aparmaq və planlaşdırmaq, özünənəzarət və
qiymətləndirmə kimi ümumtəlim bacarıqlarının, əmək və ekoloji mədəniyyət
elementlərinin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.
Təlimdə bərabər imkanların yaradılması – bütün şagirdlərə eyni təlim şəraiti
yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir.
Şagirdyönümlülük – şagird pedoqoji prosesin mərkəzində dayanır. Bütün tədris
və təlim işi şagirdin maraq və tələbatlarının öyrənilməsi və təmin edilməsinə, onların
istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Təlim
prosesi şəxsiyyətin formalaşdırılmasına istiqamətləndirilir, şagirdlərin müstəqil
həyata hazırlanmasına və peşəseçiminə köməklik göstərir.
İnkişafyönümlülük – şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir,
bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir. Nəzərdə tutulan
bacarıqların mənimsənilməsi şəxsiyyətin inkişafını təmin edir, şagirdlərin müstəqil
həyatda səmərəli fəaliyyət göstərmələri üçün zəmin yaradır.
Fəaliyyətin stimullaşdırılması – pedaqoji prosesin səmərəli və effektiv
qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün
irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu
təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur. Zəif nəticə göstərən şagirdlər
həvəsləndirilir, onların hər bir uğurlu addımı rəğbətləndirilir. Eləcə də şagirdlərin
bacarıqlarının dəyərləndirilməsi və rəğbətləndirilməsi üçün yarış və müsabiqə
xarakterli tədbirlər həyata keçirilir.
Dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki
baza əsasında və sağlam mənəvi- psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və
səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
«Texnologiya» üzrə təlimin təşkilinə verilən əsas tələblər aşağıdakılardan
ibarətdir:
1. Dərsin məqsədinin dəqiqliyi. Hər bir dərsdə bir və ya bir neçə didaktik
məsələ həll olunur və onlardan biri üstünlük təşkil edir. Belə ki, şagirdlər bilik əldə
edir, onlarda bacarıq və vərdişlər formalaşır, texniki yaradıcılıq qabiliyyətləri inkişaf
edir və s. Lakin bu sadalananlara istənilən dərsdə eyni dərəcədə nail olunmur. Bu və
ya digər təlim məsələsinin həlli dərsin məqsədindən asılı olaraq reallaşdırılır.
48
2. Təlim və tərbiyənin vahidliyi. Təlimin tərbiyəedici xarakter daşıması bütün
fənlərə aid olduğu kimi, «Texnologiya» fənninə də aiddir. Bu dərslərdə şagirdlərə bir
çox keyfiyyətlər (böyüklərə hörmət,düzlük, qənaətçillik, vətənpərvərlik və s.)
aşılanır. Eləcə də şagirdlərin əmək tərbiyəsi üçün xüsusi əlverişli şərait yaranır. Buna
görə də şagirdlərə əmək tərbiyəsinin aşılanması fənn qarşısında qoyulan əsas
tələblərdən biridir.
3. Tədris materialının düzgün seçilməsi. Tədris materialı seçildikdə bir çox
faktorlar nəzərə alınmalıdır. Bu faktorlara dərsin məqsədi, şagirdlərin keçmiş dəsrdə
əldə etdikləri bilik və bacarıqlar, onların elmin əsasları üzrə bilikləri və fiziki
inkişafları aiddir.
4. Təlim metodlarının düzgün seçilməsi. Müəllim tərəfindən təlim metodları və
üsulları düzgün seçilmədikdə istənilən dərsin məqsədinə nail olmaq qeyri-
mümkündür. «Texnologiya» fənni üzrə dərslərin əsas mərhələsi şagirdlərin sərbəst
praktiki işidir. Bu işdə müvəffəqiyyətin əldə edilməsi müəllim tərəfindən təlim
metodları və üsullarının düzgün seçilməsindən asılıdır.
5. Dərsin təşkilinin dəqiqliyi. Hər bir dərs onun təşkili və keçirilməsi nöqteyi-
nəzərindən dəqiq olmalıdır. Dərsin hər bir mərhələsinə müəllim tərəfindən vaxtın
düzgün ayrılması təlimin təşkilinə verilən əsas tələblərdəndir.
6. İş zamanı şagirdlərin təhlükəsizliyinin təmin olunması. «Texnologiya»
dərslərində şagirdlər müxtəlif kəsici alətlərdən istifadə edir, materialları emal edir,
elektrik dövrələrini montaj edirlər. Bu zaman görülən iş üzrə təhlükəsizlik
qaydalarına riayət edilmədikdə şagirdlər müxtəlif xəsarətlər ala bilərlər. Odur ki,
şagirdlərin təhlükəsizliyinin təmin edilməsi təlimin təşkilinə verilən tələblərin ən
mühümüdür.
2.2. Texnologiya təliminin təşkilində istifadə olunan forma və üsullar
barədə
Müasir təhsil sistemi təlimin qeyri–standart formada aparılmasını tələb edir.
Qeyri-standart dərslər inteqrativ şəraitdə aparılır və aşağıdakı formalarda qurula bilər:
Fərdi
Cütlərlə
Qruplarla
Kollektivlə
Fərdi forma hər bir şagirdin xarakterik xüsusiyyətlərinin, qabiliyyətlərinin,
maraq və ehtiyaclarının nəzərə alınmasını tələb edir.
Cütlərlə işləyərkən şagirdlər texnoloji əməliyyatların yerinə yetirilməsində öz
tərəf-müqabilləri ilə sadə ünsiyyət qurmaq imkanı əldə edirlər. Bu zaman şagirdlər
bir-biri ilə daha yaxından tanış olur, əməkdaşlıq etmək bacarığına yiyələnirlər.
Qruplarda işləyərkən şagirdlər bir-biri ilə sıx ünsiyyətdə olurlar, onlarda
qrupun işinə görə məsuliyyət hissi yaranır.
Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi
qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.
Dostları ilə paylaş: |