Azərbaycan qəzeti səhifələrində neft tarixi



Yüklə 40,59 Kb.
səhifə1/4
tarix06.06.2023
ölçüsü40,59 Kb.
#115593
  1   2   3   4
Azərbaycan qəzetinin materialları əsasənda 2


Azərbaycan” qəzeti səhifələrində neft tarixi
Giriş. Məqalədə 1918-1920- ci illərdə dərc olunan “Azərbaycan” qəzeti dövri mətbuat nümunəsi kimi təqdim edilir. Həm Azərbaycan türkcəsi, həm də rus dilində dərc olunan qəzetin səhifələrində Azərbaycan neftinə dair məlumatlar izlənir və təhlil edilir.
Mətbuatdan mənbə kimi istifadə edilmənin bir sıra xüsusiyyətləri var. Hər hansı bir tədqiqatın elmi metodologiyası bütün mənbələri , o cümlədən mətbuatın da dəqiq öyrənilməsini tələb edir ki, tarixi gerçəkliyin mətbuatda nə qədər dolğun əks olundugunu müəyyən edə biləsən.
Səhifələrində çoxşaxəli məsələləri əks etdirən dövrü mətbuat demək olar ki, istənilən tarixi problemin tədqiqi üçün mühüm mənbədir. Qanunverici orqanların iclasları, protokolları dövrün siyasi hadisələri haqqında qəzetlərdə dərc olunan xəbərlər, dövrün ictimai xadimləri və onların müşahidələri tarixçi və digər tədqiqatçılar üçün qiymətli mənbədir. İlk öncə qəzetin məzmun təhlili aparılmalıdı, daha dəqiq desək mənbədə olan məlumatın keyfiyyəini müəyyənləşdirmək lazımdı. Dövrü mətbuatın mötəbərliliyi ondadır ki, mətbuat orqanının ümumi ideoloji və siyasi istiqamətinin nədən ibarət olduğunu özündə əks etdirsin. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyəti tarixi dövrü mətbuatının izlənilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan mətbuat tarixində 1918-1920 - ci illər bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələdir. Bu dövr mətbuatını ideya istiqaməti baxımından AXC ideyalarını təbliğ edən milli mətbuata, AXC hökumətinə müxalif olan bolşevik mətbuatına, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatına və erməni-daşnak mətbuatına bölmək olar.(AXC Ensiklopediyası ı cild. Səh.67).
1918 - ci il noyabrın 9 - da AXC hökumətinin verdiyi sərəncamla mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv edilir. Hökumət atdığı bu addımı - mətbuat azadlıgını milli şüurun və milli mədəniyyətin inkişafı üçün zəruri addımlardan biri hesab edir. AXC parlamenti 1919 - cu il oktyabrın 30 - da isə “ Mətbuat haqqında Nizamnamədə” adlı tarixi qərar qəbul edir.
AXC dövründə müxtəlif dillərdə çoxsaylı elmi, siyasi,ictimai - iqtisadi qəzet və jurnallar nəşr olunmuşdur ki, bunlardan biri də hökumətin mətbu orqanı olan “Azərbaycan” qəzetidir.
Azərbaycan” qəzetinin qısa tarixi və əsas qayəsi: AXC- nin rəsmi orqanı olan qəzetin başlıca məqsədi yenicə qurulmuş milli hökuməti müdafiə etmək idi. AXC - nin siyasi- ictimai, iqtisadi və mədəni təsisatlarının tarixi mənzərəsi həmin qəzetdə öz əksini tapmışdı. Qəzet həm azərbaycan dilində (əski əlifba ilə), həm də rus dilində dərc olunurdu. 1918-ci il sentyabrın 16 - da Yelizavetpol qubernatorunun mətbəəsində çap olunanan qəzetin ilk 4 nömrəsi Gəncədə, qalan nömrələri isə Bakıda nəşr olunmuşdu. Qəzetin Gəncədəki nəşr dövrü cəmi 10 gün çəkmiş, həftədə iki dəfə, cəmi isə 4 sayı işıq üzü görmüşdü və ilk nömrəsi “ heyəti – idarə” imzası ilə çap olunmuşdu. Redaksiya Gəncədə Bulatov küçəsindəki 26 saylı evdə yerləşmişdi (Azərbaycan mətbuat tarixi.Akif Aşırlı. Bakı .2009.səh.121).
Bu mətbuat orqanına müxtəlif vaxtlarda Üzeyir Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Ceyhun Hacıbəyli redaktorluq etmişdi. Rus dilində olan nəşrinə isə Şəfi bəy Rüstəmbəyli, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları rəhbərlik etmişdi. (Azərbaycan mətbuat tarixi.( 1875- 1920).Akif Aşırlı. Bakı .2009.səh.123).
Qəzetin Bakıda ilk nömrəsi 1918 - ci il sentyabrın 15 - də çıxmışdı. Bakıda 1918- ci ildə 75, 1919 - cu ildə 358 və 1920 - ci ildə 85 nömrəsi çapdan çıxmışdı. Ümumilikdə, qəzetin əski əlifba ilə 443 nömrəsi, rus dilində isə 518 nömrəsi çapdan çıxmışdı.
Qəzetin səhifələrində xarici xəbərlər, ölkədaxili iqtisadi xəbərlər, neftin tarixi, neftin istehsalı, istehsal olunan və ixrac olunan neftin miqdarı, o cümlədən hökumətin neft siyasəti barədə gündəlik məlumatlar verilirdi. Qəzetin rus dilində olan nömrələrində parlamentin iclaslarında neft haqqında edilən müzakirələrlə baglı və ayrı-ayrı neft firmalarının statistik məlumatları öz əksini tapmışdı. Azərbaycan dilində olan nömrələrində isə əsasən Fərhad Ağazadənin “Neft ticarəti və onun müxtəsərcə tarixi” adlı silsilə məqalələrində neft sənayesi haqqında müxtəlif səpkidə məlumatları dərc olunmuşdu.
Azərbaycan” qəzeti Bakı nefti haqqında : “Azərbaycan ” qəzetinin 1918 - ci il dekabrın 5 - də azərbaycan türkcəsi ilə çıxan 56 - cı nömrəsində “Bakıda neft ticarəti və onun müxtəsərcə tarixi” başlıqlı məqalədə neft Azərbaycanın təbii sərvətləri sırasında önəmli yer tutan sərvət kimi təqdim edilir. ( Azərbaycan qəzeti əski III cild.səh 77. ). Yenə həmin məqalədə neftin tarixinə dair, neft buruqlarının qazılması səbəbləri haqqında məlumat verilirdi. Müəllifi Fərhad Agazadə olan həmin məqalədə qeyd edilirdi ki, torpagın üst təbəqəsində neftin azalması ilə əlaqədar getdikcə daha dərin quyular qazılırdı, 70 - 80 sajen - təxminən 170 - 180 metr - dərinliyində yeni quyular qazılırdı. Lakin əl ilə artıq bu quyuların qazılması mümkün deyildi. Ona görə də “əl quyuları” ilə bərabər “buruq” quyuları da ortaya çıxır. Azərbaycan qəzeti əski III cild.səh 79.). Həmçinin həmin məqalədə Bakı neftinin tarixinin qədimiliyindən bəhs edilir, Azərbaycan millətinin tarixində neftin dəyərləri təhlil edilir və neftsiz Azərbaycanın “hökumət səviyyəsinə”çatmağının qeyri - mümkünlüyü vurğulanırdı. . Azərbaycan qəzeti əski III cild.səh 78.).
1918 - ci il dekabrın 7 - də ilk parlament fəaliyyətə başladıqdan sonra isə qəzetin səhifələrində parlamentin iclasları haqqında geniş məlumatlar da dərc olunmaga başlayır. Azərbaycan qəzetinin həm rus dilində çıxan nömrələrində, həm də azərbaycan dilində çıxan nömrələrində parlamentin iclasları haqqında dərc edilən yazılarda daha çox neftlə baglı məsələlərdə paralellik olurdu, yəni parlamentin hansı iclasında neftlə baglı məsələ müzakirə edilirdisə həmin məlumat qəzetin hər iki dildə çıxan sayında verilirdi. Bu isə onu göstərir ki, neft məsələsi AXC hökumətinin tam diqqət mərkəzində olmuşdu. Parlamentin iclaslarında neftlə baglı məsələlər xüsusilə geniş müzakirəyə səbəb olurdu ki, “Azərbaycan” qəzetinin səhifələrində olan məlumatlar əsasında hökumətin neft siyasətini izləmək mümkündür. Dövrün siyasi hadisələri iqtisadiyyata, o cümlədən neft və neft məhsulları istehsalına öz təsirini göstərirdi ki, Azərbaycan qəzeti səhifələrində bu barədə mütəmadi məlumatlar verilirdi.
Qeyd etmək lazımdır ki, AXC özünün xarici siyasətində dövlətin maraqlarını neft siyasəti ilə tarazlamaga çalışırdı. Bunun üçün 5 oktyabr 1918- ci il tarixli qərarı ilə bolşeviklər tərəfindən “milliləşdirilən” nefti öz əvvəlki sahiblərinə qaytarır və bununla da həmin istiqamətdə daha çox ingilislərin fəallıq göstərməsi üçün beynəlxalq şərait yaranır. İngilislərin beynəlxalq aləmdə mövqeyinə müsbət təsir göstərən amillərdən biri də Almaniya və Osmanlının I dünya müharibəsində məğlub olması idi. 1918-ci il noyabrın 29 - dan etibarən Xəzər ticarət donanmasının bütün gəmiləri Mudros sazişinə görə İngiltərə komandanlığının sərəncamına keçir [Maksvell N. Azərbaycan Demokratik hökumətinin siyasətində neft məsələsi( 1918-1920-ci illər) // Azərbaycan neft sənayesinin tarixinə dair I Beynəlxalq konfransın materialları. Bakı. 1996.7, 42). İngilis müdaxiləçiləri ümumilikdə qısa müddətli “ağalıq”ları dövründə Bakıdan 30 mly. puddan çox neft aparmışlar. 36 mly. 700 min rubl dəyərində olan neft və neft məhsullarına isə ümumiyyətlə, ödəniş etməkdən imtina edirlər. İngilis generalı Nyukombun AXC hökumətinə göndərdiyi məktubdan məlum olur ki, Bakıdan ixrac edilən neft və neft məhsullarına görə aksiz vergisi ödəməkdən belə imtina etmişlər (AMEA Gəncə bölməsi, Xəbərlər məcmuəsi ,”Şuşa ili”nə həsr olunan İctimai və humanitar elmlər”seriyası. Gəncə. 2022. 1(3) səh.73; ARPĠĠSSA, f.1, siy.38, iş 221,səh 57 )
İngilislərin Azərbaycandan getməsinə baxmayaraq Ticarət və Sənaye Nazirliyi ingilis qoşunları üçün ərzaq və digər ləvazimatlar göndərən komitəyə göstəriş verir ki, Batuma göndərmək üçün altı vaqon benzin qəbyulu barədə sərəncam versin. Bakı neftinin Batumdan daşınması üçün Azərbaycan - Gürcüstan nümayəndəliyinin razılaşması lazım idi. Həmin razılaşmaya əsasən Ticarət və Sənaye naziri Xalq təssərrüfatı Şurasına əmr verir ki, Batuma 1 mly. pud neft göndərilsin.(Azərbaycan qəzeti əski III cild səh. 178).
“ Azərbaycan ” qəzetinin Azərbaycanca nömrələrində Xarici neft şirkətlərinin fəaliyyətinə dair də məlıumatlar geniş əks olunmuşdur. Fərhad Ağazadənin Nobellərin və Rotşildlərin Bakı neft sənayesindəki fəaliyyətini əks etdirən “ Bakı neft ticarəti və onun müxtəsərcə tarixi” başlıqlı məqaləsi dərc olunmuşdur. Nobellərin Balaxanıda, Bibiheybətdə, Ramanada, Sabunçuda, Maykopda, Çələkənddə (Türkmənistan) və digər yerlərdə neft mədənləri , Bakı ətrafında bir çox zavodları, Rusiya şəhərlərinin bir çoxunda anbarları, neft daşımaq üçün nəqliyyat vasitələri, avropa şəhərlərindən Marseldə, Antverpenddə, Cenovada( İtaliya), Hamburqda, Londonda və Mançesterdə anbarları var.1883-cü ildə Zaqafqaziya dəmiryolunun çəkilməsi ilə Bakı nefti Qara dəniz vasitəsilə Avropaya daşınır. Nobellərin isə həmin ildə ələd etdiyi gəlirə 5 mly. sərmayə əlavə olunur. Azərbaycan qəzeti əski III cild səh. 194).
Nobellərlə rəqabətdə olan Rotşildlər maddi çətinliyi olan zavod sahiblərinə 6 %-lə iki milyon rubl verərək onları özünə cəlb edə bilir. Onlar arasında imzalanan müqaviləyə görə zavod sahibləri benzin - cövhəri digərlərinə satmağa ixtiyarları yox idi. Bununla da azfaizli borc görməyən zavod sahibləri birləşərək bütün cövhəri yeni müqavilə bağladıqları şirkətə satmalı idilər. Azərbaycan qəzeti əski III cild səh. 195). Beləliklə, Rotşildlərə məxsus Xəzər- Qara dəniz cəmiyyəti neft və ağ neft (kerosin) ticarətini tamamilə ələ almışdı. Həmin şirkətin də Balaxanıda, Sabunçuda, Ramanada, Suraxanı və Bibiheybətdə neft mədənləri, Keşlədə ağ neft və yağ zavodları, İstanbulda yeddi birja ,Rusiyanın mühüm şəhərlərində anbarları, Batum limanında ticarət gəmiləri var idi. Məhz buradan İngiltərə, Fransa, İspaniya, İraliya, Avstriya , Çin və Hindistanana daşıyıb aparır və satırdı. Azərbaycan qəzeti əski III cild səh. 195). Yenə həmin müəllif 1904 – 1905 - ci il rus – yapon müharbəsindən sonra neft işlərində gedən dəyişiklər haqqında, baş verən böhran haqqında məlumat verir. Neft sənayesində ingilis sərmayəsinin azaldıgı və alman sərmayəsinin artdığı bildirilir. 1910- cu ildə Avropada daş kömür əvəzinə neftə olan tələbatın artması Bakı neft sənayesində böhranın azalmasına şərait yaradır. Beləliklə, ingilislər qısamüddətli fasilədən sonra yenidən Bakı neft sənayesində fəallaşır, nəticədə 1913- cü ilə kimi 50 - yə qədər “neft ticarəti düzəldir”lər. Azərbaycan qəzeti əski III cild səh. 196).” Azərbaycan” qəzetiinin qeyd etdiyimiz nömrəsində 1914- cü ildə Oyl, Şell və Nobellərin 288 mly. pud neft hasil etməsi haqqında məlumat verilir. Azərbaycan qəzeti əski III cild səh. 196).”
Fərhad Agazadənin Azərbaycan qəzeti əski III cildin 368- 370- ci səhifələrində Bakı netfi ilə bağlı daha bir maraqlı müqayisə diqqəti çəkir. O, əl ilə qazılan neft quyularına sərmayədarların buruq üsulu ilə neft çıxarılandan sonra bir o qədər də əhəmiyyət vermədiyini bildirir. Amerika və Rumıniyadan fərqli olaraq Rusiyanın əl ilə qazılan neft quyularına dair hər hansı bir qanunun olmadığını vurğulayır. Müəllif müqayisə edərək göstərir ki, adı çəkilən ölkələrdə məhsulu beş pud olan quyulara belə əhəmiyyət verildiyi halda, Bakı neftçiləri beş yüz pud neft verən quyulara daha çox diqqət ayırırdılar. Azərbaycan qəzeti əski III cild səh. 370).”
Neft hasilatı aşağı düşür, neft ehtiyatı isə ixrac edilmədiyi üçün artırdı. 1918-ci ilin yanvar ayından may ayına kimi neft hasilatı və neft ehtiyatı üzrə altı sənaye rayonunda – Binəqədi, Suraxanı, Bibiheybət, Ramanı, Sabunçu və Balaxanıda - ehtiyat göstəricilərinin artdıgı nəzərə çarpır (AMEA Gəncə bölməsi, Xəbərlər məcmuəsi ,”Şuşa ili”nə həsr olunan İctimai və humanitar elmlər”seriyası. Gəncə. 2022. 1(3) səh.71; ARPĠĠSSA, f.1, siy.38, iş 221,səh 22 )
Bu ilk növbədə Bakı Sovetinin fəaliyyəti dövründə neftin ixrac edildiyi ənənəvi yoldan AXC –nin istifadə etmə imkanlarının məhdudlaşması ilə baglı idi. Qeyd etdiyimiz məsələ ilə baglı Azərbaycan qəzetinin ( rus dilində) 1919 - cu il fevralın 7- də dərc olunan 28 – ci nömrəsində fəqli izah verilir. Belə ki, verilən məlumata görə Azərbaycan hökumətinin fevralın 4-də keçirilən parlament iclasında daxili işlər naziri X. Xasməmmədov Qazax qəzasında baş verən özbaşınalıqdan – neftin Akstafaya, oradan isə müxtəlif şəxslər tərəfindən fərqli yollarla Gürcüstan və Ermənistana ( Ararat respublikası) aparılmaqla böyük məbləgdə pula satılması haqqında və buna qarşı tədbirlərin görülməsi tələbi ilə çıxış edir, yəni Bakı neftinin möhtəkirliyin qurbanına çevrildiyi vurgulanır və bunun qarşısının alınması tələb edilir. ( Azərbayacn qəzeti. № 28.1919, 7 fevral, səh 2.) Eyni məlumat bir həftə sonra “Azərbaycan “ qəzetinin azərbaycan(əski əlifba ilə) dilində çap olunan 1919- cu il fevralın 13- də çıxan 113- cü nömrəsində təkrarlanır. Qeyd etdiyimiz kimi Azərbaycan qəzetinin səhifələrində AXC-nin siyasi həyatının ən vacib tərəfi kimi daha çox neft məsələsi qəzetin hər iki dildə çıxan nömrələrində öz əksini tapırdı. Bakı neftinin türklər tərəfindən aparılmasına dair məlumatı bura daxil etməli
Neftin tacirlər tərəfindən gürcülərə və ermənilərə satılmasının və bütün sərhədboyunca neftin aparılmasına nəzarət etmək üçün türklər tərəfindən komissiya yaradılır. Neftin hər pudu üçün 20 rubl dəyərində məbləg müəyyən edilir, toplanan məbləg isə ordunun ehtiyacına sərf edilirdi. Sənaye və ticarət naziri yalnız Gürcüstana daşınan neftə görə yox, həm də Ukrayna şirkətləri ilə imzalanan müqavilələrə əsasən aparılan neft və neft məhsullarına görə Azərbaycana daha çox pul ödəmələri tələbi ilə çıxış edir [Azərbayacn qəzeti (rus dilində) №28,7 fevral, 1919- cu il səh 2 ]. Bununla da AXC nümayəndələri neftin qeyri – qanuni israfçılıgına son verilə biləcəyini hesab edirlər.
İttihadçılar əhalinin vəziyyətinin agır oldugu bir vaxtda neftin belə talan edilməsinə qarşı çıxır, minlərlə insanın aclıqdan əziyyət çəkməsindən narahat olduqlarını parlament iclasında bəyan edir. Onlar məmurların özbaşınalıgından bəhs edərək qeyd edirdilər ki, onlara beş min rubl verməsən heç bir iş görmək istəmirlər [Azərbayacn qəzeti (rus dilində) №28, 7 fevral, 1919- cu il səh 2 ].
Azərbaycan qəzetində Bakı neftinin dünya neft siyasətində rəqabətinə dair maraqlı məlumatlar da diqqəti çəkir. İllik dünya neft hasilatı 4 mlyd. pud olmuşdur ki, onun 1∕6 hissəsi Azərbaycanın payına düşürdü. Amerika ilə rəqabətə tab gətirmək üçün Gürcüstanla tranzit müqaviləsinin imzalanmasını sürətləndirmək lazım idi. Həmin müqavilə imzalandıqdan sonra Gürcüstan ərazisindən aparılan neftə onların heç bir iddiası qalmırdı və ya iddia etmək şansı qalmırdı. Azərbayacn qəzeti (rus dilində) №31,11 fevral.1919- cu il.
Azərbaycan qəzetinin ( azərbaycan türkcəsi, əski əlifba) 1918 - ci il noyabr nömrəsində ( 30 - cu nömrə) verilən məlumata görə oktyabrın 11 - dək artıq neftin və neft məhsullarının miqdarını təyin etmək kimi işlər qurtarmışdı. Ümumi mədən, zavod, gəmi və ümumiyyətlə neft mədənçiliyinə mənsub müəssisələrə məxsus bütün nə varsa milliləşdirilmənin ləgvi haqqında Azərbaycan hökumətinin qərarının ikinci maddəsi ilə həmin tarixdən etibarən öz sahiblərinə qaytarılmış olur. Sərəncam verilənədək Ticarət və Sənaye nazirliyinin göstərişinə əsasən neft və neft məhsulları saxlandıqları müəssisə sahiblərinin əlində qalmaqla onların məsuliyyətində olmalı idi. Adı çəkilən məhsullar icazəsiz başqa yerə göndərilərdisə müəssisə sahibləri məsuliyyətə cəlb olunacaqdı. Bu məqsədlə komissiya yaradılmışdı. Həmin komissiya neft müəssisələrinə təklif edir ki, noyabrın 14 - dək aşagıda dərc olunana məlumatı Şura bürosuna təqdim etsinlər:

  1. İyunun 1-dən oktyabrın 10 - dək milliləşmə zamanı ayrılan pullar barəsində

  2. Milliləşmə zamanı avadanlıqlara görə müəssisələr tərəfindən verilməyən pullar, imzalanmış əhdnamələr və müqavilələrin siyahısı

  3. Xəzinədən alınan borclar

  4. Neft və neft məhsullarının nəqli barədə

  5. Neft və neft məhsullarının saxlanması üçün ortülü anbarların və çənlərin həcmi ( pudla)-(Azərbaycan qəzeti 1918- 1920.II cild,noyabr 1918.səh. 47.)

Neftin ticarət və sənaye müəassisələrinin sahiblərinə qaytarılmasına görə Neft sənaye ittifaqının sədri və bir neçə böyük neft şirkətlərinin sahiblərindən ibarət yaranmış komissiya üzvləri ilə Cümhuriyyətin Maliyyə naziri Hacınski , ticarət və sənaye naziri Cavanşir, Nəqliyyat və Rabitə naziri Məlikaslanovun görüşü olmuşdu. Görüş zamanı neftçilərin ehtiyacları dinlənilmiş , nazir borcların qaytarılması məsələsində neft sahiblərinə öz köməyini əsirgəməyəcəyini bildirmişdi. Milliləşmə zamanı xəzinədən alınan pulların dövlətə, xəzinəyə qaytarılması tələbi də irəli sürülmüşdü. Azərbaycan qəzeti 1918- 1920.II cild, noyabr 1918.səh.276). Neft mədənçiləri İttifaqının sədri tələbi qəbul edərək bildirir ki, Xalq Təssərrüfatı Komissarlıgına olan borc hökumət borcu oldugu üçün elə hökumətə də təhvil veriləcəkdi. Maliyyə naziri dövlətə veriləcək borcun əvəzini ehtiyat neftin 40 faizini verməklə ödəməyin mümkün oldugunu diqqətə çatdırır. Bundan əlavə hökumət Xalq təsərrüfatı xərclərini öz öhdəsinə götürürdü, əvəzində isə milliləşmə zamanı hasil edilən neftin hökumətə təhvil verilməsi tələb edilir ki, həmin tələb neft şirkətləri ilə hökumət arasında narazılıgıa səbəb olur.
Əslində , AXC hökumətinin iqtisadi platformasında Cümhuriyyətin yaranmasından əvvəl formalaşmış iqtisadi əlaqələrə münasibət birmənalı olmuşdu.Yəni bu əlaqələri kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuygun hesab edilmişdi. (AXC ensiklopediyası I. cild səh. 58).
Fəhlə məsələsinə dair: Azərbayacan qəzeti V cild səh. 128. ”Musavat” firqəsinin şöbəsi 1919 - cu ildə fevralın 9 - da Fəhlə klubunda Beynəlmiləl fəhlə konfransının keçirilməsi haqqında məlumat verir. Müsəlman fəhlələri konfransa dəvət olunur.
Azərbaycan qəzetinin 1918 - ci il dekabrın 29- da çıxan 73 - cü nömrəsində Üzeyir Hacəbəylilinin “Keçən zabastovka (tətil) haqqında” adlı yazısında Nobel qardaşlarının Balaxanıdakı neft mədənlərində baş verən fəhlə tətili haqqında məqaləsi dərc olur. Neft müəssisəsində məvacib almadıqları üçün 102 nəfər tətil etmişdi. (Azərbayacan qəzetinin III cildində (səh419). Verilən məlumatda ingilis generalı Tomson tərəfindən bir neçə fəhlənin həbs edilməsində Azərbaycan hökumətinin də əli oldugu iddia edilirdi. Fəhlə tətil komitəsi tərəfindən həmin həbslərə etiraz əlaməti olaraq fəhlələr tətilə təşviq edilirdi. Lakin müsəlman fəhlələr Azərbaycan hökumətinin həmin həbslərdə əli oldugunu düşünmürdülər. Buna görə də müsəlman fəhlələr dekabr tətilinə qoşulmamışdılar. Azərbaycan qəzetinin III cildində (səh426). Tətil edən komitə xəta etdiyini anlayıb tətil hərəkatının “Qafqaz millətlərinin azadlıgına və istiqlalına qarşı olmadığını” elan edir və belə bir xəbərin mətbuatda yayılmasının səbəbkarlarının “erməni və müsəlman ifrat millətçi”ləri olduğunu qeyd edilirdi. Azərbaycan qəzetinin III cildində (səh427)

Yüklə 40,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə