Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə3/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   2   3   4   5   6   7   8   9   ...   27

Kərəcə daxil olduq

1292-ci il, 9 şaban, cümə (11 sentyabr, 1875). Süleymaniyyədə dayandıq. Əvvəllər Kərəc adlanırdı, abad yerdir. Sədri-əzəm Hacı Məhəmmədhüseyn xan Süleymaniyyəni Süleyman Mirzənin şərəfinə tikdirərək, Kərəc rəiyyətini Süleymaniyyə qalasına köçürdü və rəhmətlik Xaqan da Cacərmli tüfəngçilərdən iki yüz ailəni burada yerləşdirdi.

Burada ali imarət, bağlar, bürclərlə əhatə olunmuş qala vardır, h.q. 1226-ci (1811) ildə tikilmişdir. İmarətin böyük zalında rəssam, nəqqaşbaşı Abdulla xanın 1228-ci (1813) ildə divarda çəkdiyi Fətəli şahın və Ağa Məhəmməd şah Qacarın rəsmləri görünür. Bunlardan başqa sağ tərəfdə, vəliəhd Abbas Mirzə Naibüssəltənə, şahzadə Məhəmmədvəli mirzə, Əlixan şahzadeyi-nikbəxtin şəkilləri çəkilmişdir. Burada digər şahzadələrdən Məhəmmədqulu mirzə, Əlinağı mirzə, İmamverdi mirzə, Süleyman mirzənin də şəkilləri vardır. Həmçinin Məhəmmədəli mirzə, şahzadə Hüseynəli mirzə, şahzadə Məhəmmədtağı mirzə, daha sonra Abdulla mirzə, Heydərqulu mirzə, Şeyxəli mirzənin, şəhid Ağa Məhəmməd şahın surəti Fətəli şahla üzbəüz çəkilmişdir. Divarın sağ tərəfində Məhəmmədhəsən xan Qacar (Ağa Məhəmməd şah Qacarın atası. – T.H.) bəzəkli səndəlidə əyləşmiş vəziyyətdə, onun yanında Şahqulu xan başında papaq, sonra Məhəmmədvəli xan Qacar papaqlı, onların sağ tərəfində Hüseynqulu xan Cahansuz, onun yanında Mehdi xan Qacar, ondan sonra Fətəli şah Qacar səndəlidə əyləşmiş vəziyyətdə çəkilmişlər.

Yuxarı təbəqədə Ağa Məhəmməd xanın qardaşları: Məhəmmədvəli xan Qacar, Mustafa xan Qacar, Mehdiqulu xan Qacar, Murtuzaqulu xan Qacar, Cəfərqulu xan Qacar, Əliqulu xan Qacar, Abbasqulu xan Qacarın surətləridir.

Qacar şahlarının şəcərəsi belədir: əl-Sultan Nəsrəddin şah bin əl-Sultan Məhəmməd şah, bin-əl-vəliəhd əl-əzəm Abbas Mirzə İbn əl-Sultan Fətəli şah bin Hüseynqulu xan əl-şəhir be Cahansuz şah, bin əl-sultan Məhəmmədhəsən xan İbn əl-əmir Fətəli xan bin əl-Əmir Şahqulu xan bin Məhəmmədvəli xan bin Mehdi xan bin Məhəmmədqulu Ağayi Qacar Aşağıbaş tayfasının Qovanlı tirəsindəndir.

Mehdi xan ibn Məhəmmədqulu Qacar haqqında I Şah İsmayıl və I Şah Təhmasib Səfəvi tarixindən bəhs edən mənbələr məlumat verir. Səfəvilər dövlətində olan böyük əmirlər Ustaclu, Şamlu, Təkəli, Zülfüqar və başqa tayfalardan təyin edilirdi. Bunlardan başqa ən etibarlı tayfa olan Qacarlar dövlətə sədaqətli olduqlarına görə hamıdan fərqlənmişlər. Bu tayfanın nümayəndələri dəfələrlə Osmanlı, Hindistan dövlətlərinə səfir göndərilmiş və onlardan dövlətə ziyan dəyməmiş, böyük xidmətlər göstərmişlər.

Kəndən Süleymaniyyəyə qədər olan məsafə 4 fərsəxdən bir qədər artıqdır. Süleymaniyyə Kənin qərbində yerləşir.

Mənbəyini Ərəngə dağından alan Kərəc çayından keçirik. Burada qədim bir körpü görünür və körpü çox yaxşı qalmışdır. Qədim Kərəcdə çox yaxşı karvansara tikilmişdir, lakin indi baxımsızdır. Burada səyyahlar, bir də Süleymaniyyəyə tez-tez gələnlər qalırlar.

Süleymaniyyə qalasının xaricində mərhum Məhəmməd şah Qacar bir neçə yaxşı bağ saldırmışdır, buralar Fərraşabad adı ilə məşhurdur.
Oğlantəpəyə daxil olduq

10 şaban, şənbə (12 sentyabr). Mənzilimiz Oğlantəpədir. Süleymaniyyədən Oğlantəpəyə qədər məsafə 4 fərsəxdir. 3 fərsəx cənub-qərb tərəfə getdikdən sonra Səngərabada çatdıq. Buradan Oğlantəpəyə 1 fərsəxdir. Bir neçə gün burada qaldıq. Taliqan əhalisi gəldi və onları qəbul etdikdən sonra getdilər. Taliqan 30 ilə yaxındır ki, Hümayun tərəfindən tiyul və soyurqal torpaq kimi mənə verilmişdir.


Meşkinabad İmamzadəsinə yola düşdük

1292 h., 16 şaban (1875, 18 sentyabr) cümə günü Oğlantəpədən yola düşdük. Meskinabad (indi Meşkinabad adlanır) imamzadəsi Kazərsəngə aid olan və mərhum Xaqanın çox yaxşı təmir etdirdiyi, xüsusən fasadı gözəl olan bir abidədir. İndi bir qədər dağılmış vəziyyətdədir. İmamzadənin bayır eyvanında çatlar vardır. Bu abidə həzrət Sadiq Əleyhissalamın övladlarından olan Əbülhəsənin adı ilə Əbülhəsən İmamzadəsi adlanır.

Oğlantəpədən Sədabad kəndinədək olan yol şimal və qərb istiqamətindədir. Sədabaddan İmamzadəyə gedən yol isə qərb istiqamətindədir. Bu yol dörd fərsəxdir və yolun həm sağ, həm də sol tərəfləri çox abaddır.

İmamzadənin şəcərəsi barədə «Bəhrül-ənsab və ümdətül talib fi nəsəbi – Al Əbu Talib» kitabında məlumat verilmişdir.


Qəzvinin Həsar kəndində

1292-ci il, 17 şaban, şənbə (1875, 19 sentyabr). Yolumuz Qəzvinin Həsar kəndinədir. Meşkinabad imamzadəsindən Həsara yeddi fərsəxdir. Qışlaq kəndinədək olan yol, üzü qərbədir. Qışlaqdan Həsara qədər olan məsafə təxminən beş fərsəxdir və yol şimali-qərb istiqamətinədir. Bu yol abad deyil, geniş səhradır. Bu səhrada yay fəsli köçəri tayfalar çadır quraraq yaşayırlar. Həsar kəndinin yaxınlığında kiçik qışlaq da vardır.


Abdullaabadda

18 şaban, yekşənbə (20 sentyabr). Qəzvinin Abdullaabad yaylağındayıq. Bu, yoldan kənarda olan çox gözəl yaylaqdır. Qəzvinin şimal-qərbində yerləşir və ondan 3,5 fərsəx məsafədədır. Nəvvab Sultan Əhməd Mirzə Əzödüddövlə, Qəzvin hakimi bizim buraya gəldiyimizdən xəbər tutduqda, görüşümüzə gəldi və bir gün burada qaldı.

20 şaban, seşənbə (22 sentyabr). Qəzvindən keçdik. Abdullaabaddan Qəzvin şəhərinə gəldik. İki fərsəxlik olan yol cənub-qərb istiqamətindədir. Çəharşənbə günü axşam azanı vaxtı Qəzvinin Gilan darvazası adlanan Qəvi Meydan darvazasından çıxaraq, Ağababa istiqamətinə getdik. Dörd fərsəx yoldur. Bağları ötdükdən sonra qərb istiqamətində yola düşüb, Hüseynabad kəndindən keçdik, şimala tərəf hərəkət etdik. Ağababa Qaqzanın rayonlarındandır və güclü əsən küləkləri ilə məşhurdur. «Qamus» kitabında Qaqzan barədə məlumat verilir.
Xərzan kəndində dayandıq

21 şaban, çəharşənbə (23 sentyabr) Ağababadan Xərzan kəndinə gəldik. Əvvəlcə bir qədər qərb istiqamətində hərəkət etmişdik, sonra isə şimal-qərbə gedərək yolu qət etdik. Ağababadan Xərzan kəndinə olan məsafə dörd fərsəx yarımdır.

Xərzanda mərhum Mənücöhr xan Mötəmədüd­döv­lə­nin tikdirdiyi yaxşı bir karvansaray vardır. Burada uzun məsafəyə malik bağ aşırımları vardır və qış fəslində yağan qar və əsən küləklər insanlarda bu aşırımlardan keçməyin təhlükəli oldluğu barədə təsəvvür yaratmışdır. Vallah, burada heç bir çətinlik yoxdur. Luristan və Kürdistan aşırımları ilə müqayisə etsək, burada hamar torpaq da vardır, əgər yol uzun, geniş olsa da, heç yerdə uçurum yoxdur, bu cəhətdən insanlar üçün təhlükəsizdir.
Luşana gəldik

22 şaban, pəncşənbə (24 sentyabr). Xərzandan Luşan körpüsünə gəldik. Bu günün ikinci yarısından 23 sentyabr, ingilis ayına bərabərdir.

Bu körpü Qəzvin sakini, tacir Hacı Məhəmməd Hadinin vasitəçiliyi ilə Şəhid şahın (Ağa Məhəmməd şah Qacar nəzərdə tutulur. – T.H.) hakimiyyətinin sonlarında tikilmiş və Xaqanın hakimiyyətinin əvvəlində tamamlan­mış­dır. 80 il ərzində heç bir dağıntı olmamışdır, xələl gəlməmişdir.

Luşan körpüsü Şahrud çayının üstündə tikilmişdir. Ələmut, Rudbar və başqa çayların da axarı buradandır. Körpü suyun tüğyan etdiyi vaxtlar buradan keçənlərə xidmət göstərərək çox savab iş görür.

Xərzan kəndindən karvansara yerləşən Çinar ayağına qədər olan yol enişdir. Bəzi yerlərdə çətin eniş yol vardır ki, uzunluğu iki fərsəx yarıma qədərdir. Şahrud çayına kiçik fasilələrlə daxil olan Tarum çayının kənarında, Çinar ayağında yerləşən bir karvansara vardır və o, axırıncı enişdədir. Oraya təxminən beş fərsəx məsafədir. Bu uzun yol təhlükəsizdir və heç yerdə uçurum yoxdur. Şahrud çayı körpünün altından şimal-şərqdən cənub-qərbə axır. Karvansaradan körpünün altına qədər olan məsafə təxminən bir fərsəxdir.

Mənzildən çıxaraq bəzi yerdə qərb tərəfə, çox vaxt isə şimal-qərbə hərəkət edirik. Körpünün ətrafı abad deyildir və Luşan kəndi körpüdən yarım fərsəx, yaxud bir qədər artıq məsafədədir. Buraya azuqə və ehtiyac olan şeylər o kənddən gətirilir.



Mencilə doğru istiqamət

23 şaban, cümə günü (25 sentyabr) Luşan körpüsündən keçərək, Mencil kəndinə gedirik. Şimali-qərbdən şimala olan üç fərsəx məsafədə yerləşir. Mencil kəndi abad bir kənddir. Bu kəndin yaxınlığında Şahrud və Qızılüzən çayları birləşərək buradan sonra Sefidrud adlanır, Lahican və Rəşt arasında Xəzər dənizinə tökülür.

Mərhum Süleyman Qacarqovanlı Sefidrud çayı üzərində bir körpü tikdirmişdir. Lakin indi onun çeşməsi dağılmışdır və şah onun təmir olunması üçün əmr verib. Mencildən yarım fərsəx şərqdə Hərzəvil kəndi yerləşir. Kənd, Gilanın Rəhmətabad bölgəsinin bir hissəsidir. Bu kənddə bitən yaşıl və təzə Sərv ağaclarından heç bir yerdə yoxdur. Onun tamaşasına getdim. Əli və Ramazan adlı iki nəfər sərvin yuxarısına çıxdılar və onlar ağacın sıx yarpaqları arasında görünməz oldular. Sərvin hündürlüyü 27 zər, yəni 28,9 metrdir. Şirazın Fəsa kəndində belə sərvdən də hündürü və böyüyü vardır. Lakin o sərv pərişan və töküləndir, bu sərv kimi təzə, sıx yarpaqlı deyildir.

Mencil və Hərzəvil kəndində zeytun ağacı çoxdur. Mirzə Mehdi Rəşti deyirdi ki, Mencil körpüsündən Hacı Məhəmmədbağır körpüsünədək (bu, Rəşt şəhərinin xaricindədir) olan məsafə 75300 zərdir.


Mencildən Rüstəmabada yola düşürük

24 şaban, şənbə (26 sentyabr). Mencildən Rüstəmabad çaparxanasına (poçt məntəqəsi. – T.H.) getdik. Çox yaxşı çaparxanadır. Rüstəmabad bir neçə kəndin, o cümlədən Rudbar, Zeytun və s. tabe olduğu rayondur. Çaparxana təpəçikdə yerləşən kənddədir. Mencildən keçərkən sağ tərəfdə Sefidrud çayıdır ki, Rəhmətabad ərazisindən axır, Sefidrudun sol tərəfindən Zeytun çayı axır.

Mencil körpüsü yeddi tağdan ibarətdir. Ən böyük tağ dağa bitişikdir. Bu tağın 22 zər dəhnəsi vardır. Ortada iki tağ keçən il, 1291-ci ildə baş verən sel nəticəsində dağılmışdır.

Mərhum Hacı Molla Rəfi körpünün Cilan istiqamətinə olan bir ayağını hamarlamaq üçün çox əziyyət çəkmişdir.

Mencildən çaparxanayadək olan məsafə beş fərsəxdir. Oraya yolu şimal, sonra şimali-şərq istiqamətdə getmək lazımdır. Çaparxana çox səfalı bir yerdədir.

Qızılüzən çayının bərabərində Delfək, yaxud Zülfək dağı yerləşir. Dağ yamyaşıl olduğu üçün çayda zümrüd kimi əks olunur. Deyirlər ki, bu dağda içərisində həmişə buz olan quyu vardır. Bu dağ Rəşt şəhərinin cənubundadır və Gilanın sadə əhalisi onu qibləgah bildikləri üçün, o səmtə namaz qılırlar.


Rüstəmabaddan yola düşürük

25 şaban, yekşənbə. H.q.1292-ci (1875, 27 sentyabr) il. Rüstəmabad çaparxanasından yola düşürük. Kəhdəm rayonunda yerləşən çaparxanaya gəldik. Çaparxana çox yaxşıdır. Onu Dostəli xan Müəyyirülməmalikin oğlu mərhum Qasım xan Vali Divanın hesabına tikdirmişdir, o, yolların salınmasında, körpülərin tikilməsi və təmirində çox çalışmışdır. O çaparxanadan bu çaparxanayadək olan məsafə beş fərsəxdir. Hərəkət şimal-şərq istiqamətində idi. Haşım İmamzadəsinə bir fərsəx qalmış yer üzünün behişti olan Rəşt şəhərinə qədər öz geniş xiyabanı, saysız-hesabsız yaşıl ağacları, yolun sağ və sol tərəfində düzülmüş ağacları ilə bu yerlər göz oxşayırdı. Yağış ağacların yarpaqlarının üstünə tökülərək havanın təravətini daha da artırırdı. Burada bitən və əsasən meşə ağacları növünə aid olan çoxsayda Tümə ağaclarının hündürlüyü 20 zərdən artıq olar.

Dağın ətəyində qüvvətli və uca palıd ağacları görünür ki, bunların heç birinə Fars, Luristan və Kürdüstan meşələrində rast gəlmək olmaz.

İmamzadə Haşım məqbərəsində olan bir neçə ağac öz hündürlüyü ilə başqa ağaclardan seçilirdi. Geniş yolda bir neçə çay axır və onlardan böyüyü Siyahruddur (Qara çay). Çay çox sürətlə axır. Çayın üzərində insanların çox istifadə etdiyi, mərhum Hacı Molla Rəfinin tikdirdiyi çox yaxşı körpü vardır.


Rəşt şəhərində

26 şaban, doşənbə (28 sentyabr). Şəhərə gəldik. Şəhərin kənarında, məşhur Şəfa bağında dincəldik (Daha sonra Fərhad Mirzə Rəştdə titrətmə-qızdırma xəstəliyindən əziyyət çəkdiklərini yazır. Bütün müsafirlər də xəstələnmişdilər. Gilan hakimi Mahmud xan Həmədani bir neçə gün qayğı göstərmiş, dərman və həkimlə kömək edərək onun tez sağalmasına səbəb olmuşdur. – T.H.).


Rəştdən Ənzəliyə istiqamət

13 ramazan, pəncşənbə, 1292 (1875, 14 oktyabr). Rəştdən Pirbazara olan yol bir saat yarımdır. Pirbazardan Sultani paroxodu dayanan sahilə qədər məsafə də bir saat yarımlıqdır. Gəmi ilə Ənzəli şəhərinədək yol iki saatdır.

Allaha çox şükür ki, hava Ənzəliyə getmək imkanını bizə verdi. Biz Pirbazardan şaha məxsus qayıqlara minib yola düşdük. Bu vaxt günəşin batmasına beş saat qalırdı.

Ənzəli, coğrafiyaşünasların istilahına görə yunan dilində «adaya oxşar» mənasını verən «Penin Sla» (Peninsule) sözündəndir. Onun bir tərəfi su, bir tərəfi quru ilə əhatə olunmuşdur. Bir anlığa baxdıqda Ənzəlini həqiqətən adaya bənzətmək olur.

Ənzəlidə Ali Hümayun (Nəsrəddin şah. - T.H.) tərəfindən çox yaraşıqlı bir bürc tikdirilmişdir. Bu bürc beşmərtəbəlidir, onun Şimal və Şərq tərəfi dənizə baxır. Bu il su dənizdən vuraraq, bürcün Şərq tərəfini dağıtmışdır. Artıq iyirmi zər qalıb ki, dənizin suyu Sultani bürcünün ayağına çatsın. Sultani bürcünün hündürlüyü iyirmi iki zərdir və Pirbazar şimal və qərb tərəfdən Rəştin şimalına mailidir.

Limanın sahəsi təxminən üç fərsəxdir. Ənzəlidə mərhum Mənüçöhr xan Mötəmədüddövlənin tikdirdiyi çox yaxşı bir imarət vardır və biz bir gün Ənzəlidə qaldıq.



Baryatinski gəmisi ilə Bakıya doğru

15 ramazan, şənbə 1292-ci (1875, 16 oktyabr) il. Günorta namazından bir saat yarım sonra Sultani gəmisinə əyləşərək «Kompani» paroxoduna istiqamət aldıq. İki gəmi bir-birinə yaxınlaşdıqda, taxta ataraq bizi Sultani gəmisindən Kompani gəmisinə keçirtdilər. Yükləri yerbəyer edincə gözlədik.

Günorta namazından iki saat on beş dəqiqə keçmişdi ki, gəmi yola düşdü. Ənzəlinin bütün əhalisi deyirdi ki, onlar heç vaxt dənizi belə sakit və aram görməmişdilər. Mehriban Allah, mənə, aciz, yazıq və biçarə bəndəsinə rəhm elədi.

Cahanra sahibi başəd Xuda nam,

Kəz u şuride dərya girəd aram.

(Dünyanın Allah adlı sahibi var.

Ki, dəniz təlatümünü sakitləşdirir).

İki tüstü borusu olan əyləşdiyimiz buxar gəmisinin adı Qafqazın keçmiş canişininin şərəfinə «Baryatinski»dir. Kapitan deyirdi ki, gəminin mühərrikinin gücü yüz iyirmi at gücünə bərabərdir. Onun yükgötürmə qabiliyyəti isə beş min beş yüz puddur. Gəminin uzunluğu ikiyüz fut, eni isə iyirmi beş futtur. Saatda üç pud neft işlədir.

Gəminin marşrutu belədir: Ənzəlidən Astarayadək şimali-qərbə, Astaradan Lənkərana şimala, Lənkərandan Salyanadək şimali-şərqə, Salyandan Badkubəyə isə istiqamət şimaladır. Lənkəran yaxınlığında dənizin də­rin­liyi beş yüz yetmiş sajendən artıqdır (1 sajen=2,124 m – T.H.), Sefidrudun yaxınlığında isə 384 sajendir.
Bakıya daxil olduq

16 ramazan, yekşənbə (17 oktyabr). Günorta namazından dörd saat on beş dəqiqə keçmiş Badkubəyə gəlib çatdıq. Ənzəlidən Badkubəyə iyirmi dörd saata yetişdik. Əgər gəmi Astarada yarım saat, Lənkəranda iki saat yarıma yaxın dayanmasa idi, havanın sakitliyi, dənizdə dalğanın olmaması nəticəsində iyirmi bir saata Badkubəyə çata bilərdik.

Qəribə budur ki, heç kəsin yadına gəlmir ki, gəmi nə vaxtsa belə az bir müddətdə Ənzəlidən Badkubəyə bir cür əlverişli hava şəraitində gəlib çatmış olsun.

Sübh gəmi lövbər salandan sonra mən gəminin göyərtəsinə çıxaraq Badkubəyə tamaşa etdim. Badkubə şəhəri bir dağın ətəyində yerləşir, evlər də dağın ətəyindədir. Əhalisi 25 min nəfər olar. Bunlardan 5 min nəfəri rus və ermənidir, iyirmi min nəfəri isə şiə-müsəlmandır.

İndi hamı şəhərə Bakı deyir və Xaqani də şeirində belə deyir. Məlum deyil ki, bu, şeirdə zəruriyyətdən irəli gəlib, yoxsa belə düzgündür:

Baku be beqaş bac xahəd,

Xərran-o Rey-o ziregəranra

Baku be duai xeyrəş emruz,

Manəd Bistam o Xavəranra.

(Bakı duasını unutmaz bir an,

Olub sayəsində Bistam, Xavəran!

Rey ilə Xəzranı, Zirəgəranı,

Bakı istər etsin şahin qurbanı! -

Tərcümə: M.Mübarizindir).

Əlqissə, Badkubənin cənubunda şəhərdən bir fərsəx aralı Bibi-Heybət imamzadəsi vardır ki, deyirlər Həzrəti-İmam Rza Əleyhissalamın bacısınındır. Əhali bu yerə böyük etiqad bəsləyir və bura onların ziyarətgahıdır.

Bu vaxt bir barkas (motorlu kiçik gəmi. – T.H.) gəmimizə yaxınlaşdı və soruşdular ki, şahzadə bu gəmidədir ya yox? Kapitan cavab verdi ki, şahzadə gəlmişdir. Onlar tez geri qayıtdılar və Badkubə qubernatoruna xəbər verdilər.

Bir saat keçdikdən sonra cənab qubernator rəsmi libasda şəhərin adlı-sanlı adamları ilə gəldi. Adam göndərərək icazə aldılar, salona daxil oldular. Tərcüməçi Mirzə Zeynalabidin Badkubeyi idi. Mən də çox mehriban münasibət göstərdim. Hakim həqiqətən xoşxasiyyət və gözəl bir insandır. Çox üzrxahlıq etdi və gecə xəbər tutduğunu söylədi. Öz vəzifəli adamlarını təqdim etdi və gedərkən xahiş etdi ki, bir saat gəmidə dayanaq və gözləyək.

Hakim getdikdən sonra xəbər göndərdi: «Mən bunu münasib bildim ki, Sizin üçün mehmanxana və ya dövlət binası yox, müsəlman evi hazırlayım». Mən mehribanlıqla izhar etdim ki, məsləhət sizindir. O da xahiş etdi ki, yarım saat da gözləyək, özü bizim yanımıza gələcək. İkinci dəfə yenə rəsmi paltarda gəldi, məni gəmidən sahilə çıxarıb körpüdə dayanan hökümətin sahibmənsəb şəxslərinin və Badkubə əyanlarının yanına apardı. Baxmayaraq ki, xəstə, halsız və zəif idim, mən onların hər biri ilə bir-bir görüşdüm, hal-əhval tutdum.

Sonra körpüdən yola çıxıb, qubernatorla səliqəli, qəşəng faytona əyləşdik, mənzilə gəldik. Bu mənzil Kazım bəyin bacısı oğlu, Hacı Həsən bəyin oğlu Cəfərqulu bəyin evidir. Kazım bəy Tənkabuninin əcdadı Bakının hakimi Səlim xan olarkən Nadir şah Əfşar tərəfindən Tənkabundan Badkubəyə köçürülmüşdür. Evin yanında bir dəstə əsgər musiqiçilərlə dayanmışdılar, onlar təzim edərək bizi salamladılar. Mən də dayandım, bir qədər müsiqi səsləndi, sonra onlar getdilər. Qubernator mənim mənzilimə qalxdı və bir qədər oturdu, sonra getdi.

Ehtişamüddövlənin anası üçün ayrı fayton vermişdilər.

Mən düşənbə günü Atəşgədəyə gedib, tamaşa etməyi qərara almışdım.

Düşənbə günü (bazar ertəsi) Atəşgaha baxmaq fikirndəyəm. Mənim ayağımın dərdinə hərəkət etmək və at minmək xeyirlidir. Ona görə də günbatana bir saat qalmış, bu gün qubernatoru görməyə getdim. Orada tərcüməçi polkovnik (sərhəng) idi. O, İrana gəlmiş və İran-Osmanlı sərhəd xəttində olmuşdur. İran dövlətindən aldığı nişanı da vardır. Bundan sonra hər yerdə o, tərcüməçi kimi yanımızdadır.


Bakıda dayandıq

Neft quyularına tamaşa

17 ramazan, düşənbə (bazar ertəsi, 18 oktyabr). Badikubədəyik. Atəşpərəstlərin məbədinə, Atəşgədəyə tamaşa etməyə getdik. Bu yer əhli-əcəmdən bugünədək atəşpərəstlərin məbədidir. Cənab qubernator özü də günortaya bir saat qalmış köməkçisi ilə gəldi və onu bizimlə tanış etdi. Çox ağıllı bir gənc təsiri bağışlayırdı. Türkcə və farsca heç bilmirdi, on dəqiqə oturduqdan sonra dedi: gedirəm, iki saatdan sonra gələcəyəm. Qubernator və köməkçisi dedikləri kimi günün batmasına dörd saat qalmış, təxminən günortadan bir saat yarım keçmiş gəldilər və faytonlara əyləşib, neft mədəni olan Balaxanı kəndinə yola düşdük. Saat yarım sürətlə yol getdik. Hər gün şəhərə 8 min pud neft daşınan bu torpaqda hər yer neftlə örtülüb. Neft iri çarxlı arabalara yüklənir, ata bağlanaraq, Balaxanı kəndindən şəhərə gətirilir.

Şəhərin yaxınlığında başqa zavodlar da tikilmişdir, burada neftdən ağ neft alınır və məişətdə yandırıb işıqlandırmıq üçün istifadə olunur. Bu növ neft xarvar-xarvar (1 xarvar Təbrizdə 300 kq-dır) gəmilərlə Rusiya və İranın vilayətlərinə daşınır.

Biz orada bir qədər dayandıqdan sonra Atəşgaha yola düşdük. Balaxanı kəndindən Atəşgaha faytonla bir saatlıq yoldur. Bura bir başqa aləmdir. Burada zavodlarda ağ neft istehsal olunandan sonra torpağın təbii sərvəti ilə çoxlu gəlir əldə edilir. Zavodun sahibi Rusiyanın mötəbər tacirlərindən olan Mirzəyevdir.

Şam yeməyini burada yedik və buradan da böyük Atəşgədəyə getdik. Burada da xeyli zavodlar, kompaniyalar mövcuddur. Son dərəcə yaxşı sədd, qala tikilmişdir. Bütün bunlar haqqında bu səfərnamədə yazmaq imkan xaricindədir.

Torpaq neftlə o qədər zəngindir ki, kiçik bir dərə qazıb kibrit yandıraraq yaxına gətirsən, torpaq dərhal alışır. Lakin torpaqdan çıxan alov o qədər də hərarətli olmur, ona görə də çuxurda yanan oda əl uzatdıqda, o qədər də istilik hiss etmirsən. Mən əl ağacını uzatdım, 2-3 dəqiqə oda tutdum, lakin ağac yanmadı. Lakin şölə, alov çuxurdan yuxarı qalxdıqda və hava onu udduqda, hərarət çoxalır və oksigen-hava onu alovlandırır və yandırır.

Atəşgahda bir neçə il əvvəl buraya gələrək, bir otaqda yaşayan Moltanı əhlindən olan hindlini gördük. O, qalxıb atəşlə üzbəüz, ayaq üstə dayanaraq, hind dilində dua oxumağa başladı. Dua edərkən əlində tutduğu bir zəngi aramsız olaraq səsləndirirdi. Onun sağ və sol tərəfində yerdən qalxan iki alov şölələnirdi.

Təəccüblü budur ki, bu atəşlərdən his qalxmırdı. Əgər bu alovdan his, duda qalxsa idi, şübhəsiz ki, kiçik otaq qaranlıq və havasız olardı, nəfəs almaq olmazdı, hamımız boğulardıq: Həmin hindli üzü cənub-qərbə dayanaraq dua oxuyurdu. Doğrusu, qəribə Atəşgədədir ki, cəhənnəm odu ilə böyük zavodlar işləyir, kulli miqdarda mənfəət gəlir və üçyüz pud neftdən yüz pud neft alınır. Qalanı gəmilərdə daş kömür əvəzinə yandırılır.

Mirzəyev çox mötəbər bir şəxsiyyətdir. Zavodlarından ayda 20 min manat fəhlələrin əmək haqqına xərcləyir, özü xoşsifət və qaraqaş, qaragöz cavandır. İran əhlinə çox oxşayır.

Xeyli tamaşa etdikdən sonra axşamdan üç saat on beş dəqiqə keçmiş oradan yola düşdük və faytonları sürətlə sürərək, axşamdan beş saat keçmiş Badkubəyə yetişdik. Cənab qubernator məni mənzilimə çatdırıb xudahafizləşdi və öz evinə getdi.

Atəşgahdan şəhərədək olan məsafə iki fərsəxdən bir qədər artıqdır. Şəhərin şimal-şərqində yerləşir. Atəşgədənin divarlarından birində qədim mixi yazısı ilə nə isə yazılmışdır və heç kəsə məlum deyildir.

Badkubə qırx dərəcə və iyirmi dəqiqə Şimal en dairəsində və qırx doqquz dərəcə əlli beş dəqiqə Şərq uzunluq dairsəsində yerləşir.

Badkubənin qurnatorunun adı Staroselskidir. Əcəmilər qurnator sözünü qubernator kimi yazırlar.
Bakıdan yola düşdük

18 ramazanül-mübarək, şeşənbə (çərşənbə axşamı, 19 oktyabr). Badkubədən yola düşdük. Adamları və yükləri dünən furqonla göndərdik. İki ədəd tərantaş və araba götürdük ki, bizimlə olsun. Cənab qurnator özlərinin faytonunu da verdi ki, bizi Tiflisə aparsın və Tiflisdə olan ailəsini həmin faytonla gətirsinlər. O bizə çox mehriban və insani münasibət göstərdi.

Badkubədə qaldığımız iki-üç gün ərzində dənizdəki həkimbaşı və qurnatorun həkimbaşısı gələrək, mənim xəstə ayağıma dərman sürtürdülər. Qərara alındı ki, ayağımı sarısınlar və Tiflisədək heç açmayım. Ona görə çox əziyyət çəkdim, namaz qılan vaxt çətinlik yaranırdı. Mənə Tiflisə çatanadək dərman və yemək barədə təlimat verdilər. Bir neçə sarınmış toz dərman da verdilər. Bunları gündə iki dəfə, səhər və axşam qəbul etməli idim ki, ayağımın iltihabını sağaltsın.

Cənab qubernator yenə məni müşayiət etmək üçün gəldi: Mən təklif etdim ki, şəhərdən çıxdıqdan sonra zəhmət çəkməsin, razı olmadılar. Məni və Ehtişamüddövlənin validəsini faytona mindirdi. Mən heç vaxt ağlıma gətirməzdim və təsəvvür etməzdim ki, Tehranda bacı və ya əyalla (arvad-uşaqla. – T.H.) gecə qaranlıqda bir faytona oturub ziyarətə, yaxud gəzməyə gedəsən. Cənab qubernator bizi şəhərin kənarınadək müşayiət etdi. Sonra faytondan düşərək xeyli üzrxahlıq edib vidalaşdı.

Günorta namazından beş saat yarım keçmiş yola düşdük. Təxminən günün batmasına bir saat qalmış biz Cəngi çaparxanasına yetişdik. Lakin sürətlə gəldiyimiz üçün yarım saat da Ərbat çaparxanasında namazı gözləməli olduq.

Badkubədən oraya qədər qərblə şimal arası istiqamətində hərəkət etdik, Lənətnamə çaparxanasından Cəngiyədək isə qərb istiqamətində getdik.

Rusiya dövlətində məntəqələrarası məsafə verstlə müəyyən edilir. Bu barədə deyiləcək (1 verst 1,06 km-ə bərabərdir. – T.H.). Badkubədən Şamaxıyadək hər yerdə ərazi şoran torpaqlar və sürüşən torpaqlardır (zəlzələyə meylli. – T.H.). Burada su yoxdur və əgər yağış yağarsa, gil və palçıq gediş-gəlişi çətinləşdirir. Yol dərə-təpəli, uçurumdur. Enli yolun on verstliyində böyük bir kənd, Xurdəlan (Xırdalan. – T.H.) kəndi yerləşmişdir.
Şamaxıya daxil olduq

19 ramazan-ül-mübarək, çəharşənbə, 1292-ci ildə (20 oktyabr) Şamaxıya gəldik. Sübh Cəngidən yola düşərək, alçaq, hündür, dağlıq və güzəngah yollardan keçdik. Mərəzə çaparxanasından Şamaxıya qədər olan yerlər çox yaxşıdır, bura hamısı dəmyə torpaqlardır və əkin sahələridir. Bu yerlər Kürdüstan yaylaqlarına çox oxşayır. Şamaxı şəhərinədək qərb istiqamətində yol getdik. Şəhər bir dağın ətəyində, üzü cənuba yerləşmişdir və çox səfalı bir yerdir.

Deyirlər ki, onun fəsilləri fərqlidir, lakin tez-tez zəlzələ baş verdiyindən, bura arxayın yaşayış məskəni deyildir. Belə ki, keçən il qışda baş vermiş zəlzələ nəticəsində şəhərdə xeyli dağıntı olmuşdur.

Əvvəllər şəhərdə evlər ikimərtəbəli tikilirdi. Zəlzələnin çoxluğundan əlahəzrət imperator bunu qadağan etmişdir və indi evlər yalnız bir mərtəbə tikilir. Şəhərin yaxınlığından axan çayın kənarlarındakı bağlarda yaxşı meyvələr yetişdirilir.

Oranın hakimi olan rəis, yanında əlli nəfər atlı kazak və əyanları ilə şəhərə çatmağımıza yarım fərsəx qalmış bizi qarşılamağa gəldi. Atlılar nizamla təzim edərək, uca səslə «şahzadə sağ olsun» dedilər. Hər yerdə bu sözləri deyirdilər.

Şamaxı taciri Hacı Ələkbər bəyin şəhərin mərkəzində olan mənzilini bizim üçün ayırmışlar. Ev çox yaxşıdır, otaqlar müxtəlif avadanlıqla, avropalıların təbirincə, mebellə bəzədilmişdir. Şamaxı şəhəri Şirvan vilayətinin paytaxtıdır. Küçələri çox yaxşı, düzdür. Xaqani bu şəhərdə doğulmuşdur. O, fəxrlə yazır:

Ta külbeyi-mən dər in məkan əst,

Şirvan həme sale xeyrəvan əst.

(Nə qədər məskənim bu xoş məkandır,

O Şərvan deyildir, bir xeyrəvandır).

Xaqani «Töhfətül-iraqeyn»də bunu da yazır:

Tuti məani afərinəm,

Şirvan qəfəsist ahəninəm.

Təng aməde bər deləm Şəmaxı,

Gülxən cai bedin fəraxi.

Zindani-mən əst, miskini-mən

Hər mui müvəkkili-təni-mən.

(Şamaxı, bu gözəl, bu geniş diyar,

Nə üçün bəs gəlir ürəyimə dar?

Ah, mənə Şamaxı bir zindan oldu. -

Hər tüküm canıma zindanban oldu. - Tərcümə: M.Soltanındır).

1828-ci ildə Türkmənçay sülh müqaviləsi imzalanarkən Paşkeviçin mütərcimi olan Mirzə Abbasqulu Şirvani öz tarix kitabında Xaqaninin Şamaxının bir fərsəxliyində yerləşən Məlhəm kəndindən olduğu barədə məlumat vermişdir. Hal-hazırda həmin kənddə on, on iki ailə yaşayır. Şamaxı şəhərinin otuz min əhalisi vardır.

Şamaxıda daşdan tikilmiş hündür məscidin günbəzi daşdandır və çox yaxşı inşa edilmişdir. Onun hər iki tərəfində hücrələr vardır, hücrələrin uzunluğu ortadakı günbəzlə bərabər təxminən əlli zərdir.

Axşam Şamaxının üləmaları: Ağa Seyid Əli Pişnamaz, Ağa Mirzə Əbülhəsən müctəhid, Hacı Səid əfəndi, sünnilərin qazisi İbrahim Xəlil əfəndi görüşə gəldilər.

Şamaxı qırx dərəcə və iyirmi dəqiqə Şimal en dairəsində, qırx səkkiz dərəcə otuz üç dəqiqə Şərq uzunluq dairəsində yerləşir.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə