Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,9 Mb.
səhifə9/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

İsgəndəriyyədə iqamət.

h.q. 1292-ci il şəvval ayının 24-ü çərşənbə günü (1875, 24 noyabr). İsgəndəriyyə şəhərinin xarıcındə yerləşən cənab Hüseyn paşanın bağında yerləşdik. Mən yuyunmaq üçün şəhərə getdim. Yolda Nil çayından götürülən suyu təmizləyərək şəhərə ötürən zavodda həmin maşına tamaşa etdim.

Hüseyn paşa dedi: Bu mal kompaniyaya məxsusdur, müqavilə vaxtı tamam olub, iki ildir ki, həqqi-miri olubdur və xədivin ixtiyarındadır (həqqi-miri Osmanlı əhalisinin ifadəsidir, yəni İranda buna “Xaliseyi Divan” deyilir).

Xülasə, getdiyim hamam xoşuma gəldi, onu da demək lazımdır ki, bu cür hamam İrandakı hamamlardan daha yaxşıdır. Qayıdanda bütün İsgəndəriyyəyə verilən su paylayıcısı olan yerə getdim. Burada suya görə hər bir adam ayda 2 firəng Xədivə ödəməlidir.

Atı, eşşəyi və baxçası olan şəxslər bunlara görə ayrıca ödəməlidirlər. Əgər maşının xarab olması səbəbindən su verilməsə, İsgəndəriyyə şəhəri susuz qalacaq, burada olan quyuların suyu isə şordur. Bu maşına görə, onun suyu paylamasının qaydada olmasına görə sudan istifadə edən hər bir şəxs, hətta yuxarı təbəqələr də əziyyət çəkmişlər.

Axşamüstü faytonlara əyləşib əvvəlcə Nüzhət bağına getdik. Buraya Nüzhət baxçası deyirlər. Bu bağı Misirin xədivi bütün camaat üçün düzəltmişdir və insanlar hər həftənin bazar və cümə günləri oraya tamaşa etməyə gedirlər və daxil olmaq üçün haqq ödənilmir. Çox böyük bağdır və çox səfalıdır.

Oradan Rəmlə imarətinə getdik. Bunu Misir xədivi və ailəsi dəniz kənarında düzəltmişlər. İsgəndəriyyə şəhərinədək məsafə buradan 2 fərsəxdir və dəmir yolu çəkilmişdir.

Bu il, yəni 1292-ci ilin rəcəb ayında Misirin xədivinin qızı orada vəfat etdiyi üçün bu imarət xədivin nəzərində lənətlənmişdir.


İsgəndəriyyədən yola düşüb Qahirəyə gəldik.

h.q. 1292-ci il şəvvalül-mükərrəm ayının 25-də (1875, 25 noyabr) pəncşənbə günü-günortadan beş saat keçdikdən sonra mənzilimizi tərk edərək, yenə İsgəndəriyyəyə gəldik, stansiyaya çatdıq.

Günortadan beş saat yarım keçmiş, gəmi yola düşdü və Günəşin batmasına iki saat qalmış Misirə gəldik. Yarım saat Küfrülziyadda yəni sadə insanların təbirincə, Kafirlərin çox olduğu yer adlanan stansiyada dayandıq və namaz qıldıq.

Misirin xədivi həzrət, bizim üçün xüsusi olaraq Həsən paşanın da müşayiət etdiyi gəmi göndərmişdi. Biz dörd saat ərzində yüz otuz bir ingilis mili yol qət etdik. İsgəndəriyyədən Misirədək yolun həm sağ tərəfi, həm də sol tərəfi yaşıllıq olan yerlərdən keçdik. Bunlar əkin və pambıq sahələridir və qarğıdalı, şəkər qamışı sahələri də hər yeri yaşıllığa bürümüşdür. Il ərzində bu torpaqdan iki-üç dəfə məhsul götürülür. Bu gəmi də ara vermədən yoldadır. Həqiqətən Misir xədivinin özündən min iki yüz ingilis mili uzağa üzən gəmisi vardır. Misiri abad edən, onun əsasını qoyan Məhəmmədəli paşa olmuşdur. Belə ki, Məhəmmədəli paşanın dövründə Misirdə bağ təsəvvür edən yox idi. Paşa müşarileyh Şəbra bağını saldırdı və onun şimal və cənub istiqamətində geniş xiyaban yaratdı, ətrafında ağaclar əkdirdi.

Ondan sonra övladları bütün bunları yaxşı qoruyub saxladılar. Ismayıl paşanın yaratdığı hökmdara məxsus ordu Nildən İsmailiyyə çayını ayırıb Suveyşə apardı. Belə şirin suyu heç kəs heç yerdə görməmişdir, burada ali bir imarət də tikilmişdir. Misirdə bir neçə belə seçilən bağ salınmışdır.

Xülasə, İsgəndəriyyədən Misirədək olan məsafədə on dayanacaq vardır. Əvvəlinci Kafər Dəvar, ikinci Əbu Həms, üçüncü Dəmnəhur adlı qəsəbə, dördüncü Tel Marut, beşinci Küfrülziyad, altıncı Tənta, yeddinci Bərkətüssəb, səkkizinci Bonha (buna Bonhəl əl-əsl deyirlər), doqquzuncu Tux, onuncu Qəlyubdur.

Bu dayanacaqlar o qədər də yaxşı vəziyyətdə deyil, bəlkə heç gəmiyə yaraşmır. Tiflisdən Potiyədək olan stansiyalar xeyli yaxşı idi. Bəziləri hətta xüsusilə fərqlənirdi.

Misirin Nil çayı Misirdən təxminən beş mil aşağıda iki qola ayrılır. Bir qolu Küfrüzziyadın yanından keçir və Rəşid limanına tərəf gedir. Orada dənizə daxil olur. Dənizi Bəhrül-qərbi (Qərb dənizi) adlandırırlar. Bu yerdə, səhrada bir bənd çəkmişlər ki, Nil çayı tüğyan edərkən səhra və kəndlər su altında qalmasın. Nildən ayrılan ikinci qol aşağıdan keçir və Bəhrül-Şərqi (Şərq dənizi) adlanır. Miyat limanına tərəf axır. Oradan dənizə tökülür. Burada möhkəm dəmir körpülər bağlamışlar, açılıb-bağlanan körpülərdir. Bu Qərb dənizi ilə Şərq dənizi arasında Nilin daha dörd qolu axır ki, hər biri böyük çaydır. Bunların da üzərində dəmir körpü inşa edilmişdir. Küfrül-ziyad körpüsündən Nobəhə körpüsünədək otuz dörd mil məsafə vardır və Küfrül-ziyad körpüsü Nobəhadan daha uzundur. Şərq dənizi ilə Misir şəhəri arasında Nilin iki böyük qolu axır. Bunlardan biri İsmailiyyə çayıdır ki, Süveyşə istiqamət almışdır. Bundan başqa demək lazımdır ki, bu iki qolu Nildən ona görə ayırmışlar ki, bunlar vasitəsilə əkin sahələrini suvarsınlar.

Burada Xudavəndin bu sözləri dilə gətirilir: “Allahdır göyləri, yeri yaradan, səmadan su endirən, bu su ilə yetirdiyi meyvələrdən sizə ruzi verən. Sizə gəmiləri tabe eləmiş əmrilə üzsün dənizdə onlar. Sizə çayları tabe eləmiş” (İbrahim surəsi, 32-ci ayə).

Bu ayə Misirdə məşhurdur.

Biz şəhərə daxil olduqdan sonra şəhərin bəylərbəyi, həm də Misirin mühafizi Ömər paşa (bəylərbəyi – Rum eli rütbəsinə bərabərdir) stansiyada hazır idi və o, fayton hazır edib, Xədivin adından “xoş gəldin” edib, bizi Nüzhət imarətinə apardılar. Bu nüzhət imarəti çox gözəldir. Alt və üst mərtəbəli, bir neçə otaqdan ibarətdir. Binanı əhatə edən baxçada müxtəlif güllər, reyhanlar bu yeri çox gözəl, mənzərəli edir.

Bu gün İran Dövləti-Aliyyəsinin Baş konsulu Mirzə Əhməd xan bizi qarşılamaq üçün İsgəndəriyyəyə getmişdi. Lakin bizim getdiyimizi Küfrülziyadda eşitdikdə, yolun yarısından geri qayıtmışdı (Mirzə Əhməd xan Həştərxanda konsul idi, h.q. 1269-cu/1852 ildə Məhəmməd xanın yerinə Osmanlı dövlətində kardar (müdir) vəzifəsində çalışmışdır. Nəsrəddin şah həvəslənərək bir müddət ondan rus dilini öyrənmişdir, lakin bu dili yadında saxlamadı – Ruznameye Xaterate Etimadüssəltənə, Bamdad M.Ricale İran).

Misirin xədivi bir neçə gün bundan əvvəl burnundan qan açıldığı üçün kefi yox idi, özünü pis hiss edirdi. Mən Mirzə Əhməd xandan xahiş etdim ki, bizim tərəfimizdən Misirin xədivinə dəyib, hal-əhval tutsun.
Qahirədə gəzinti

H.q. 1292-ci il, iyirmi altı şəvvalül-mükərrəm, cümə günü (1875, 26 noyabr) günortadan beş saat keçmiş, Xədivin təbirinə görə. Daxili işlər vəziri, Misirin işlər müdiri, möhrdar Xeyri paşa bizi görmək üçün gəlmişdi. O, bizə bildirdi ki, Xədivin burnundan qan açılması hadisəsi onu çox kədərləndirmiş, bizim kimi qonaqla söhbət edə bilmədiyinə təəssüflənmişdir və onun bisi qəbul etməyi təxirə salınmışdır. Sonra mehribanlıq şəraitində görüş oldu və günortadan sonra Hüseyn paşa xəbər göndərdi ki, fayton hazırdır, əgər gəzməyə getmək istəsək, məlumat verək.

Mən dedim ki, övliyaların qəbrilərini ziyarət etmək münasibdir və Seyyidə Nəfisə və imam Şafeinin qəbrini ziyarət etmək cümə günü müstəcəbdir, bu arzu sadəcə tamaşa xatirinə zənn edilməməlidir.

Günəşin batmasına dörd saat qalmış Həsən paşa və Baş konsul Mirzə Əhməd xanla getdik. Yaxşı körpüsü olan İsmailiyyə çayını keçib, yol boyu bütün əhali təbəqələrini nəzərdə tutaraq bu bağı yaratmışdır. Səhərdən axşamadək hər kəs buraya pul ödəmədən tamaşaya gələ bilər. Lakin günəşin batmasına iki saat qalmış buraya pullu musiqiçilər dəvət edilir, onlar üç saat gecədən keçənədək burada konsert verirlər. Konsertə yalnız iki qruş ödəməklə tamaşa etmək olurdu (bir qruş bir İran riyalına bərabər olan məbləğ idi – T.H.). oradan qayıtdıqdan sonra Xədivin valideyninin, İbrahim paşanın at üstündə tuncdan tökülmüş heykəlinə tamaşa etdik. Bu heykəl meydanın ortasında platforma üstündə möhkəmləndirilmişdi.

Yolun üstündə bir Ali qədim məscidə rast gəldik. Bu, çox mohkəm bina idi, deyirlər ki, Sultan Həsənin binalarındandır, buna Həsən paşanın məscidi də deyirlər. “Kitabe Həsən əl-mühazerət fi əhval əl-Misr vəl Qahirə” kitabında yazılmışdır ki, bu bina Sultan Həsən ibn Məlik əl-Nasir Məhəmməd ibn Qlavon tərəfindən h.q. 758-ci ildə (m. 1357) tikilmişdir. Bina üç il müddətinə hazır olmuşdur.

Biz oradan İmam Şafeinin qəbrinə yetişdik. Qədim Misirdə dağın üstündə dəfn edilmişdir. Onun adı Məhəmməd ibn İdrisdir. Qüreyşi qəbiləsindən imamdır, yüz əllinci ildə anadan olmuş, 204-cü ilin rəcəb ayında (819, dekabr) Misirdə vəfat etmişdir. Xaqani ona sitayiş etdiyini bu qitədə demişdir:

Çun zəmane-əhde-Sənai dər neveşt

Asiman çun mən soxən qostər bezad.

Bu Hənife əvvəle-şəb dərqozəşt

Şafei axere-şəb əz madər bezad.

Dər filan tarix didəm kəz cəhan

Çun foru şod Bəhmən İsgəndər bezad.

Qədimdə burada qübbə və kiçik şah sarayı olmuşdur. Məlik Adilin anası Mələk Şəmsə bu uca-qübbəni hicri 608-ci ildə (1211) tikdirdi. Şafeinin qəbrinin yanında, həmin qübbənin altında bir neçə digər qəbir də vardır. Məqbərənin baxıçısı, yəni xadimi dedi ki, o, Əbdülhökm Səhabinin övladlarındandır. Mən tarixə müraciət etdimsə də mənə bir şey məlum olmadı. O, Sərdəbanın qapısını açdı, orada üstünə örtük salınmış xeyli əla məftili Misir xədivinə bağışladı.

Qayıdan zaman Həsən paşaya dedim ki, Şafeidən soruşdum: bu şeirlər sizindir ki, Əmirəlmömininə həsr eləmisiz onları sizə aid etmişlər:

Ərəb dilində olan şeirin məzmunu belədir:

Mənə dedi: Əlini mədh elə! Onun dostluğu sayəsində cəhənnəm atəşi sənin üçün soyuyacaq. Dedim: Necə sitayiş edim ki, ağıllı insanlar onun qulu olub, möhtərəm oldular, yüksəldilər.

Bu gecə yuxuda mənim cavabımı verəcək və Həsən paşa ağılsız və savadsız deyil. Dedi: əlbəttə, bir sual verdiniz, bir cavab verəcəklər ki, siz qəbul edəsiniz. Oradan ülviyyate səhihün-nəsəb Seyyideye-nəfisənin qəbrini ziyarət etməyə getdim. Abbas paşa qəbri çox yaxşı düzəltdirmişdir. Bu xanım Əli Məhəmməd Həsən Zeyd bin əl-Həsən bin Əli bin Əbu Talıb Əleyhissəlamın qızının İshaq bin Cəfəri-Sadiq Əleyhissəlamla izdivacından dünyaya gəlmişdir.

Bağı-Millidə görüş.

Abbas Mirzənin Mirzə Saleh Şirazi haqqında dedikləri.

1292-cı il, 27 şəvvalül-mükərrəm, şənbə günü (1875, 27 noyabr) bu səhər imarətdən bir az aralı, üzbəüzdə olan bağa tamaşa etməyə getdim. Bu bağ bir fransıza məxsusdur ki, meyvəsi yoxdur. Bağda müxtəlif reyhan və ağaclar əkilmişdir. Süni surətdə düzəldilmiş dağ buraya gələn tamaşaçılarda maraq yaradır və baxmağa gedirlər.

Oraya çatdıqda yadıma düşdü ki, mərhum vəliəhd tabüssərah Mirzə Saleh Şirazini məzəmmət edirdi ki, sən Londonda, muzeydə dəvələrə tamaşa etməyə, London dəvələrinin necə olduğuna baxmağa getmişdin. Mən də İranın bütün vilayətləri dağlıq olduğu halda tamaşaya getdim ki, görəm dağı necə düzəltmişlər? Burada 10-12 zər hündürlükdə əyri, düz sınıq daşları yığaraq dağ düzəldilmişdi və insanlara göstərdilər ki, dağ belə olur. Günortadan sonra Həsən paşa bildirdi: “Xədiv özünü pis hiss edir, siz haraya getmək istəsəniz, fayton hazırdır, gedə bilərsiz. Xədiv mənə tapşırmızdır ki, sizin xidmətinizdə dayanım. Məsləhət bilir ki, Avropanın bütün şahzadələrinin də ziyarət etdikləri Misirin yaxşı yerlərinə tamaşa edəsiniz”.

Dedim: “İndi ki həzrət xədiv belə məsləhət bilir, siz də hansı yerlər yaxşıdır, oraları bizə göstərərsiniz”.

Bu söhbətdən sonra Qaed Cövhərin binalarından olan qalaya tamaşa etməyə getdik. Sultan Səlahəddin Yusif sədd çəkərək qalanı möhkəmləndirmiş və Müqtəm dağının kənarında müşahidə qalası etmişdir. Lakin bu qalanın istehkam olması üçün Məhəmməd Əli paşa (1830-48) son dərəcə çalışmış, divarlarını yonulmuş daşla düzbucaqlı dördbucaq şəklində tikdirmişdir.

Burada çox ali bir məscid də görünür. Bu məscidi 1243-cü (1827) ildə tikməyə başlamışlar və məscid iyirmi il müddətinə tamamlanmışdır. Məhəmməd Əli paşanın özünün qəbri də camenin ortasındadır. Mənim nəzərimdə bu məscidin qübbəsinin hündürlüyü İstanbuldakı Sultan Süleyman məscidindən çoxdur, lakin Sultan Süleyman məscidi daha geniş və daha möhkəmdir. Burada yaxşı bir pavilyon da tikilmişdir. Bu pavilyon Məhəmməd Əli paşanın xüsusi imarətidir ki, bütün Misir şəhəri həmin qalanın və o imarətin altında vaqedir, indi həmin pavilyon Məhəmməd Əli paşanın dövründə malik olduğu zənginliyi ziynəti, döşənmiş xalıları, güzgüləri qoruyub saxlayır.

Bu qalada Sultan Səlahəddin Yusifin zamanından bir quyu mövcuddur. Dərinliyi 100 zər, bəlkə daha artıqdır. Dağı 100 zər yardıqdan sonra su çıxmışdır. Quyunun diametri otuz futdur. Bəziləri belə deyir: “O qədər quyu qazıblar ki, artıq Nilə gedib çatıblar, yəni Nildən oraya bir yol çəkmişlər. Digər tərəfdən qalada suyun bol olması o zaman mümkün olur ki, fövqəladə hallarda (mühasirə və s.) su çətinliyi olmasın. Doğrudan da o sultandan qeyri-adi iş və heyranedici iz yadigar qalmışdır. Sultan Səlahəddin Yusif haqında “Vəfayat əl-əyan” (“Tanınmış adamların ölümü”) tarix kitabında yazılmışdır. Bəziləri onu “Çahe-Yusif” (Yusifin quyusu) zənn edərək həzrət-Yusif ibn Yəqub Əleyhissəlam bilirdilər. Onlar tarixdən bixəbərdilər. Xülasə, buradan İbrahim paşanın məqbərəsinə getdim. Bu məqbərə imam Şafeinin məqbərəsinin yaxınlığındadır. Bu məqbərədə Məhəmməd Əli paşanın övladları Tousən paşa, Abbas paşa və başqaları, daha başqaları dəfn olunmuşlar.

Məşhur şair və xəttat Mirzə Sənglax Xorasani həmin əla mərmər daşlarının hər tinində nəstəliq xəttilə kitabələr yazmışdır. Onun yazlığı xətt nümunələri əvvəlki nəstəliqə bənzəmir, özünə məxsusdur ki, o, ixtira etmişdir (o, 110 yaşında Təbrizdə vəfat etmişdir). Misirdə süls xəttilə çox gözəl yazırlar. Nəstəliq xətti o ölkədə işlənmədiyi üçün misirlilərin nəzərinə bəzək işinə yarayan xətt kimi görünürdü. Mirzə Sənğlax bir neçə yerdə öz adını qəribə ibarələrlə yazılmışdır. Bunlardan biri belədir:

Raqemeye Sənğülax İsa dəm

Ke ust mohyi əmvat dər zəbane qələm

Burada yerinə düşərdi ki, Məhəmməd Əli paşa və İbrahim paşanın vəfat tarixləri qeyd edilsin. Məhəmməd Əli paşa

h.q. 1183-cü (1769) ildə Qəvale şəhərciyində anadan olmuşdur və özü bu ailənin ilki olub, dünyanın müqayisəedilməz şəxsiyyətlərindəndir.

Xələf bin Əhməd fi-l-xəlifət vahid

H.q. 1219-cu (1804) ildə Osmanlı dövləti tərəfindən Misir hökümətinə təyin edilmək şərəfinə nail oldu və Sultan Mahmud xan dövründə Hicaz və Şamatı tutdu, özünü Xədivi-əzəm adlandırdı. O, ömrünün sonuna 1-2 il qalmış dəlilik nəticəsində tərki-dünya olmuş və bütün səlahiyyətlərini böyük oğlu İbrahim paşaya vermişdir. Məhəmməd Əli paşa h. 1265-ci (1849) ildə gecə ramazan ayının 13-də İsgəndəriyyədə vəfat etmişdir. Misirə gətirilərək, öz Camesində dəfn olunmuşdur. İbrahim paşa isə atasının sağlığında, h.q. 1264 (1848) ildə vəfat etmişdir. Onun ölümünü, atası xəstə olduğu üçün Məhəmməd Əli paşadan gizlətmişdilər. Onun qardaşı oğlu Abbas paşa İbrahim paşanın əvəzinə işlərin idarəsini əlinə almışdı. Beləliklə Məhəmməd Əli paşadan sonra da Abbas paşa Misirin başçısı oldu. Hober paşa, xarici işlər naziri (vəziri xaricə) dünən və bugün görüşməyə gəlmişdi və mən isə səyahətə getmişdim. Mirzə Rəzi xanı onun yanına göndərdim və üzr istədim ki, nə üçün zəhmət çəkib gəlmişdir?

Qahirədə dayandıq.

Adada qəsrə, Misir muzeyinə, mətbəə və kağız hazırlanan fabrikə tamaşa Muğəyyirət bin şəəbə əfsanəsi.

h.q. 1292, 28 şəvvalül-mükərrəm, yekşənbə (1875, 29 noyabr, bazar) əvvəlcə Adada qəsrə tamaşa etməyə getdim və Nildən keçdik. Misirin xədivi İsmayıl paşa dəmirdən çox yaxşı bir körpü düzəltmişdir. Bu körpünün üstünlüyü çoxdur. Əzəmətli körpü Nil qəsrinin və Qəşlənin kənarında yerləşir. Dörd il bundan əvvəl tikilmiş bu körpünün uzunluğu 414 zər, eni isə 12 zərdir. Bəzən gəmilər keçərkən körpünü açırlar və bağlayırlar. Cəzirə qəsrinin özülü Nil çayının ortasındadır. Qəsrin böyük bir bağı vardır. Müxtəlif qisim quşlar burada məskundur. Onlar üçün süni bir dağ da düzəldilmişdir.

Məhəmməd Əli paşanın zamanından burada xidmət edən Firidun bəy Əfşar Urməvi o imarətin və bağın mühafizidir.

Heyvanların bir neçəsi Amerikadan gətirilmiş əlləri xeyli qısa, quyruqları və ayaqları isə uzun heyvanlardır. Bu heyvanlar öz balalarını qarınlarının altındakı kisələrində gizlədirlər. Çox qəribədir. Torpaq üstündə dayandıqları vaxt uzun quyruğunu yerə dirəyir, bu da ona dayanmaqda sanki kömək etmiş olur, qaçmağı sıçrayışla, tullanmaqla icra edilir (Fərhad Mirzənin gördüyü heyvanın Avstraliya kenqurusu olduğu məlumdur – T.H.).

Bağda çox böyük tısbağalar vardır və qırqovul cinsindən olan bir gözəl quş da gördük ki, sinəsi bənövşəyi, beli və arxası isə ağımtıldır. Onun ağ və uzun quyruğu vardır. Həddindən artıq gözəl bir quşdur.

Burada səhra dəvəsi də gördük. Onu Hindistandan gətirmişdilər. Bildiyimə görə bu dəvələr Tibetdən Hindistana gətirilmiş səhra dəvələridir. Bu dəvələr kimi hündür və böyük dəvə yoxdur. Bunların başı, kəlləsi qaradır. Bir bina çox ali və əladır.

İstanbulun Beşikdaş qəsrini tərifləyirlər. O, heç vaxt bu qəsrin pilləsinə belə yaxın düşə bilməz. Bu qəsr hər cəhətdən üstündür. Onun mərmər daşları müxtəlif rəngdədir. Qara və ağ rəngli mərmərləri yerə elə döşəmişlər ki, sanki xalçadır. Xeyli fərqlidir, seçilir.

İkinci mərtəbəyə qalxan pillələrin yuxarısında hər iki tərəfdən böyük bir güzgü bərkidilmişdir. Güzgünün hündürlüyü 5 zərə qədər ola bilər, eni isə 3 zərdir. Qapıları iç-içə açılan otaqların uzunluğu ikiyüz Fransa metrinə bərabərdir.

O qəsrdən Nil çayına tamaşa etmək, gəmilərin və kiçik qayıqların sakit üzməsi insana çox zövq verir, əgər Beşikdaş imarəti də boğazın kənarında yerləşirsə, onunla bunun fərqi Nilin şirin suyu ilə dəryanın duzlu suyu arasındakı fərq kimidir. Oradan Bulaq məhəlləsində olan muzeyə getdik. Burada hər tərəfdən gətirilmiş qədim şəkillər və surətlər toplanmışdır. Burada qədim insanın mumiyalanmış surəti, insan bədəninin üzvləri saxlanır. Bir insan ayağı tapılmışdır ki, onun dırnaqları olduğu kimi qalmışdır. Əlahəzrət Sultan Əbdüləziz xan 1279-cu ildə Misirə təşrif gətirərkən o insanın ayağını sultana göstərmək üçün açmışdılar, ondan sonra üstünü örtməmişlər.

Bir öküz qara daşdan yonulmuşdur, onun yanında, bir kişi və bir qadın surəti həmin daşın üzərində yonulmuş və beləliklə çox yaxşı bir sənət əsəri yaranmışdır. Mühafiz bizə dedi ki, burada olan bəzi surətlərin tarixi 6 min ilə, bəzisinin 5 min ilə yaxındır və bu məlumat fransız dilində bir-bir yazılmışdır. Əksər əşyanın üzərinə üç nəfər firəng işarə qoymuşdur ki, gərək o siyahıda onlar haqqında məlumat olsun.

Oradan mətbəəyə və kağız fabrikinə getdik. Kağız fabrikinin müdiri Hüseyn bəy özü Fransaya gedərək bu işi öyrənmiş və oradan hər şeyi Misirə özü gətirmişdir. Bu fabrik ona 80 min lirəyə başa gəlmişdir. Ərəblər bu barədə belə bir qitə söyləmişlər ki, dövlətdən əziz, qeyr əz ingilis. Bu fabrik digər fabriklərdən üstün və keyfiyyətli məhsul buraxır.

Misirin bütün fabrikləri Bulaq məhəlləsində yerləşir. Bunlar Nil çayının kənarındadır. Maşınlar su ilə işlədiklərindən onlar su kənarında olmalıdır. Burada banan ağacının qabığından və otlardan da kağız istehsal olunur. İndi Misir vilayətinin xarıcdən kağız almağa ehtiyacı yoxdur. Əksinə, Misirdən başqa vilayətlərə xeyli kağız aparılır (Misirdə “Bulaq” mətbəəsində çap olunmuş kitablardan nümunələr Azərbaycanda mövcuddur – tərc.).bulaq ifadəsini indi “qaf”la yazırlar. Bu söz türkcə çeşmə mənasını bildirir. Bu ərazi Nilin kənarında yerləşdiyi üçün və sular oradan qədim hidravlik çarxla çəkildiyi üçün indi həmin ərazi Bulaq adlanır. Türk dilində “ğəyn” və “qaf” bir-birini əvəz edir.

Bugün Günəşin batmasına iki saat qalmış Nüzhət sarayının qarşısındaki Şəbri bağına gedən xiyabanda, istirahət günü olduğu üçün (yekşənbə) Avropa əhlindən olan və qeyri əhali iki minə yaxın faytonla seyrə və qəzintiyə çıxmışdılar. Onlar gəldilər və getdilər. Xaqani “Töhfətül-İraqeyn”də deyib:

Bər Mesr nöqte nəhi müzürr əst

Zire nöqte hezar serr əst

An hərf ke intəhaye Şam əst

Xod əvvəl Mesr əz u təmam əst

(Misir üzərinə nöqtə qoyulsa, müzürr olar

Nöqtə altında min sirr var

Şamın sonunda olan o hərf .

Xaqani əgər bu zəmanədə yaşasaydı, Misirə gələrək üzr istəyərdi və Nildən bağışlanmasını xahiş edərdi.

İndi Misir əhalisinin sayı xarıcilərlə birlikdə 500 min nəfər olar və Misirin qədim küçələri çox dar və çox hündürdür. Bu küçələr balkonludur. Bir balkondan digər küçənin balkonuna keçmək sıçrayışla mümkündür. Küçələr o qədər dardır ki, iki adam qollarını açıb dayanarsa, bir küçədən digərinə əl ilə nə isə ötürə bilər. Bu cəhətdən yayda buralara Gün işığı az düşür. Lakin sərin olmaq əvəsinə havasızlıqdan isti olur.

Gördüyüm bu küçələr və bir-birinə yaxın eyvanlar məni düşünməyə vadar etdi və bildim ki, Əbi Bəkirənin şəhadət verməsinin mənası vardı. Həmişə fikirləşirdim ki, bu eyvandan digər eyvana keçmək və əyan və digərlərin hüzurunda şəhadət vermək asan iş deyildi. Misirin dar küçələrini gördükdən sonra bir otağa şükür etdim.


Müğəyyirət bin Şəəbə hekayəti.

Bu rəvayətin qısa məzmunu odur ki, Mügəyyirət bin Şəəbə Səqfi Bəsrə şəhərində Ömər ibn əl-Xəttab tərəfində olan imarətdə yaşayırd. Bir gün günorta vaxtı küçə ilə gedirdi. Əbu Bəkr onu görüb soruşdu ki, Əmir hara gedir. O, dedi: “Vacib olan yerə gedirəm”. Əbu Bəkr yenə soruşdu ki, Əmir hara gedir. O dedi: “Vacib olan yerə gedirəm”. Əbu Bəkr dedi: “Əmiri ziyarət edirlər, lakin əmir bir kimsənin görüşünə getmir”.


Misir piramidalarına (ehrama) tamaşa.

H.q. 1292-ci il, 20 şəvval, düşənbə, Misir piramidalarına baxmağa getdik. Onbaşı əsgərə dedim ki, o, gərək şəhərə gedib nə olursa-olsun, Məhəmməd Mirzə Mühəndisi tapsın, gətirsin. İsgəndəriyyədə fayton yoxdur. Lakin xədiv xəbər göndərdi ki, yüz nəfər oranın ərəblərindən yol bələdçisi kimi bizə xidmət edəcək və onlar yoxuş, yamac yolda yardımçi olacaqlar.

Nüzhət sarayından oralara qədər yolu faytonla bir saat 45 dəqiqəyə qət etdik. Lakin Misirin xədivinin ehrama qədər düzəltdiyi uzanan xiyabanın yolu, bir qədər əyri idi. Bu yolu isə faytonla bir saata sürətlə gedə bildik. Yol boyu bir qədər yağış yağdı. Misirdə ildə iki-üç dəfə yağış yağır. Uşaqlar türkcə “yağmur-yağmur” deyirdilər və atılıb-düşürdülər.

Ehram (piramida) Misirin qərbində, Cizə kəndinin qərbində yerləşir.

Ehramın yanında Misir xədivi İsmayıl paşa bir imarət tikdirmişdir. Ona görə də ehramı ziyarət edənlər dincəlmək üçün heç bir çətinlir çəkmirlər. Çünki miz, səndəli və digər zəruri əşyalarla təmin edilmiş otaqlar bura gələn insanların ixtiyarına verilir.

Biz Nil körpüsündən keçərək Cizə adlanan məkana gəldik. Burada xədivin övladlarından hər biri geniş və ali imarət tikdirmişdir. Xədivin özü elə bir bağ saldırmışdır, onun ətrafına daşdan və gəcdən divar çəkdirmişdir ki, faytonla bu bağın ətrafını bir saata dolanmaq mümkündür.

Xədiv düşünürdü ki, dəmir yolunu bu imarətin pillələrinin yanından uzatsın və səy edirdi ki, bu imarət Cəzirə qəsrindən də hündür və uca olsun.

Amma xeyli vaxt olar ki, piramidanın kiçik ehramları xarab olmaqdadır. Piramidanın hər tininin uzunluğu haqqında mən “Came Cəm” kitabında yazmışam və 740 futdur və biz ingilis futunu nəzərdə tuturuq. Hər ingilis yardı 3 futdur, hər fut 12 düym, hər düym futun 1/12-i, 30 ingilis futu isə 10 yarddır.

Bu hesabla 746 fut təxminən 230 zərə bərabərdir (1 zər = 107 cm). İndi bizim ölçdüyümüzə görə 224 zərdir.

Əli Məhəmməd xan Qəcər ağa üç nəfər ərəblə Piramidanın yuxarı tərəfinə qalxdılar və ölçdülər. Məlumat verdilər ki, şimal tərəfdən hündürlüyü 20 zərdən artıq olan ölçüdə onun bir qapısını tapmışlar. Onlar qapını açıb, arasından, bütünlüklə daldan hörülmüş dalana bənzər uzun yerdən əyilərək keçiblər.

50 zər məsafəni əyilmiş vəziyyətdə keçdikdən sonra dikələrək yollarına davam etmişdir. Oraya qədər mən də əyilərək gedə bildim. Dikəldikdən sonra da ərəblərin əlindən tutaraq bir qədər getdim. Oradan bir az yuxarıda hava yorucu olduğu üçün gedə bilmədim.

Məhəmməd Bağır xan və Mollabaşı yuxarı qalxdılar. Orada böyük bir otaq vardır ki, onun uzunluğu təxminən 12 zər, eni isə 6 zərdir. Orada qəbristanlıq əlaməti görünür. Lakin indi dəfn mərasimi keçirilmir. Piramidanın xaricdən daşları o qədər də böyük deyildir. Hər biri bir, yaxud iki zərdir. Lakin üçkünc qələmdan şəklində fıqurlar olan həmin dalanın ortasında bir-birinin üzərinə qoyulmuş, uzunluğu 2-3 zər olan, hər birinin eni isə təxminən bir zər, hətta bir qədər də artıq olan daşlar insanı heyrətləndirir. Düşünürsən ki, bunlar hansı yolla gətirilərək üst-üstə yığılmışdır?

Bu böyük piramidanın yaxınlığında biri ondan bir az kiçik, digərləri bir-birindən kiçik piramidalar vardır. Böyük piramidanın yuxarı təbəqəsində daşlar öz əvvəlki vəziyyətində qalmışdır. Ondan 20 zər aşağıdakı qatın üstündən daşlar bir qədər tökülmüş və bu da yuxarı qalxmaq üçün çox çətinlik yaradır, lakin sakin ərəblər onun yuxarısına qalxa bilirlər. Daşların yerə tökülməsini gördüyüm vaxt mənim yadıma hardasa yazılmış bu sözlər düşdü: deyirlər ruzgar binaları gecə-gündüz ağladır, əgər piramida gecə-gündüz ağlayırsa, gözyaşı piramidanı da dağıdar.

Böyük piramidanın yanındakı kıçık piramidalar dağılmaq üzrədir. Cənubdakı böyük piramida Əbül-houl (sfinks) qadın başıdır. Bu baş daşdan yonulmuşdur, onun alt çənə hissəsindən başına qədər olan məsafə təxminən 5 zərdir, başının diametri təxminən 20 zər olar. Sfinksin üzü daşdır, deyirlər ki, qəbir daşıdır. İngiliscə ona Sfinks deyirlər. Gərək ki, bu yunan sözüdür (tapmaca, müəmmalı adam deməkdir- T.H.). Onun baş hissəsinə qalxmaq çətindir. Ərəblərdən biri oraya qalxdı. O dedi ki, başında dərin çuxur vardır, hətta o özü oraya düşüb görünməz olub. Ərəblər deyirlər ki, quyu kimidir. Bunun əhəmiyyəti yoxdur. Güman edirlər ki, bu qəburdur, bu daş da qəbrin üzərinə qoyulmuşdur.

Piramadının yaxınlığında zirzəmi vardır, o, vaxtilə Ali imarət olmuşdur. Hal-hazırda onun yalnız bir hissəsi qalmışdır. Bu, vaxtilə 16 ədəd daş sütun düzbucaq şəklində, hündürlüyü 5 zər və eni 1 zərdən artıq olub. Sütunların cəmi 3-4 ədədi qalmışdır, vaxtilə qalın və böyük sütunlar olmuşdur. Dalanların birində gördüyüm bir parça daşın çəkisini öyrəndim. Uzunluğu 5 zər, eni 3 zər idi. Xülasə, piramidalar dünyanın əcaib işlərindəndir və bu abidə insanın nə qədər qüdrətli sənət sahibi olduğunu göstərir. Ehramlar şəhərin ətrafında çox gözəl imarətlərdir. Bunların üzərində quşabənzər heroqlif xətləri ilə Qədim Misir yazısı işarələri ilə bəzi sözlər yazılmışdır. Nazir Qum təbəqəsi onların əksəriyyətinin üstünü doldurmuşdur. Əgər onlar təmizlənərsə yəqin xeyli işarə, surət, şəkillər və otaqlar aşkar olunacaqdır.

O piramidanın çox böyük, iki qübbəsi olduğu üçün ona qoşa minarəli piramida deyirlər. Piramida həzrət Əmirəlmöminin Əli Əleyhissalama mənsub olduğu üçün, o həzrətdən onun haqqında soruşduqda buyurmuşdur: “Iki qartal piramida Xərçəng bürcündə”. Heç bir kitabda görünməyib və indi Qartal quşu Oğlaq bürcündədir, əgər belə isə 14 min ildir ki, bina olub, çünki ulduzların hərəkəti müşahidə olunur, hər bir bürcün 2 min il yaşı vardır.

Belə güman edirəm ki, “Təqvim ül-büldan”ın haşiyəsində bu hədisdən bəhs olunur və əgər insan dünya şəhərlərini səyahət etsə və piramidalara tamaşa etməyə getsə, onu qınamayacaq. Hər bir kəs onun insan tərəfindən yaranmasına şübhə edəcəkdir:

Hər kəsi əz zənne-xod şod yare-mən,

Əz dərune-mən nəcost əsrare-mən.

Hər kəs öz fikrində mənim dostum oldu

Mənim sirlərimi qəlbimin içindən axtarmadı.

Bu piramidalar da kiçik dağların ətəklərində yerləşmişdir. Misirin şərqində Müqtəm dağı vardır. Qərb tərəfdə, təpənin və dərin uçurumun qərbində piramidadır. Bu təpə və yarğanın qərb tərəfində, bunların arasında olan məsafə təxminən iki fərsəx ərazinin hər yeri əkin sahələridir. Piramidanın yanında fasilələrlə yüz zər ərazi suvarılır. Bu xiyabani-Xədiv piramidanın ayağınadək uzanır və torpaq yerdən xeyli hündürdə düzəldilmişdir. Əgər bu xiyaban olmasa bahar və qışda palçıq və gillə örtülmüş yoldan keçərək piramidanın yanına getmək çox çətin olardı, bəlkə də mümkün olmazdı. Firon şəhəri piramidanın cənubunda yerləşir və buradan iki saat ərzində oraya çatmaq mümkündür. Əvvəllər Nil çayı bu Firon şəhərinin şərqindən keçirdi, indi isə Misir şəhərinin qərbindən keçir və dağın bu piramidanın tərəfində olan çayın bu hissəsi bir fərsəx fasilə ilə aşağıdan keçir və böyük çay kimi görünür.

Biz piramidaya baxdıqdan sonra nahar yeməyinə Xədivin imarətinə gedib-qayıtdığımız zaman Məhəmməd Mirzəni gördüm. Onbaşı onu şəhərdə tapmış, Nüzhətin imarətinə gətirmişdir.

O bir fayton göndərmişdir ki, qulluqçular şəhərə gedərkən məəttəl qalmasınlar. Faytonu qarovulla piramidaya göndərmişdir. Məlum oldu ki, Məhəmməd Mirzə dünən axşam İsgəndəriyyədən gəlmişdir. Mən ona dedim: (“Didən-e ehram behtər əz xordən-e təam əst”) “Ehramı görmək yeməkdən daha yaxşıdır”. Həsən paşaya dedim ki, ona dörd nəfər ərəb versin ki, onunla bir yerdə yuxarı qalxıb sonra düşsünlər. O, illərlə Tehran Darülfünununda zəhmət çəkmişdir, inşallah qayıtdıqdan sonra buradan bu möcüzə ehramın həndəsi ifadələri barədə izahatları ərməğan aparacaqdır. Bu əsnada Miraxur kaşıdan və ya saxsıdan tökülmüş antik surətlərdən birini bir ərəbdən alaraq gətirdi. Əli Məhəmməd xan Qəcər ağa dedi: “Bir ərəbdə bundan iki-üç ədəd vardı, gətirmişdi ki satsın, mən almadım”.

Dedim: - Əcəb axmaqsan, nə üçün onu buraya gətirmədin, Tehrana aparmaq üçün alardım. Get, Həsən paşaya de, o ərəbləri hardan tapır tapsın və neçəyə versələr, pulunu ver, al!

Elə ki, Həsən paşaya dedilər, ərəblər qorxdular və dərhal yoxa çıxdılar. Səbəb o idi ki, Həsən paşanın dediyinə görə, bu ərazidə, yəni Misirdə tapılan antik əşyalar yalnız xədivin malıdır və onu kimsəyə vermək olmaz. Hər kəsin əlində tutulsa, o cinayətkardır. Hər kəs hər nə tapsa, mütləq gərək xədivə təhvil versin.

Nahardan sonra yenə ətrafa tamaşa etməyə getdim. Həsən paşa yaşlı insan olduğu üçün imarətdə qaldı.

Ərəblər göründü. Mən onlara dedim ki, əgər həmin fiqurlardan varsa, verin, frank alın. Onlardan biri dedi: “Qorxuram!” Dedim: “Qorxma, mənə etibar edə bilərsən.”

İsgəndəriyyənin vitse-konsulu Mirzə Rəzi xan onun qoltuğundan beş ədəd əntiq əşyanı çıxartdı və mən 5 frank verdim, digər ərəblər də xəbər tutaraq gəldilər və 17 ədəd həmin əntiq fiqurdan gətirdilər. Hər birinə bir frank alaraq xahiş etdilər ki, bunu bir kəs bilməsin.

Sonra deyildi ki, bu ərəblər heç nəyə malik deyillər və Misirdən heç yerə gedə bilməzlər, Süveyş limanından keçə bilməzlər, yaxud İsgəndəriyyədən xaricə getmək ixtiyarları yoxdur. Hər ikisi Xədivin nəzarəti altındadır. Əgər bir xarici ölkəyə, yaxud Məkkəyə getməli olsa, gərək məhəllədən bir nəfər zamin olsun ki, bu şəxs geri qayıdacaqdır.

Zikr olundu ki, bütün bu dəmir yolları, düz xiyabanlar, ali imarətlər işsiz fəhlələr tərəfindən düzəldilmiş, tikilmişdir. İndi bu fəhlələr gərək gəlsinlər, öz bel və külüngləri ilə məccani işləyib getsinlər.

Zikr olundu ki, divan maliyyati belə dəyərləndirilirdi (kəhf surəsi, 49-cu ayə: “Xirdalı-irili nə varsa hər şeyi qeydə almış, hər şeyin sayını aparmış”). Hər şeydən xədivə haqq çatır və rəiyyətdən hər cür vergi alınır, ona görə də indi Misir rəiyyəti və digər asılı olanların çoxu əmlaksızdır.

Xədivin xəzinəsində 12 milyon ingilis lirəsi varsa onun üç milyon lirəsi xədivin özünün əmlakıdır, qalanı vilayətin və rəiyyətindir.

Həzrəti-xədiv İsmayıl paşa indi əlli yaşındadır, xeyli təcrübəlidir və yüksək təhsil görmüşdür. Elə bil ki, dünyaya 2-3 dəfə gəlib-getmişdir, təcrübəli və tədbirlidir. O, hər il bir neçə min ingilis lirəsini Avropa jurnalistlərinə verir ki, qəzetdə onun haqqında yaxşı sözlər yazsınlar, tərif etsinlər. Xarici ölkələrin qəzetləri də ölkəyə gətirilmir ki, insanlar azadlığın mənasını və Avropanın bəzi qanun-qaydalarını bilsinlər, onlardan xəbərdar olsunlar. Köçəri və şəhər (oturaq) ərəblərinin burnuna hələ xarıcdə olan azadlıqların iyi dəyməmişdir. Ibrahim paşa öz vəkilini İstanbula Əlahəzrət Sultan Əbdüləzizin yanına göndərmiş, ünsiyyət yaratmaq üçün Sultanın vasitəçisi ilə nərd oynamağı təşkil etmişdi, Misirin Xədivi hər il dörd yüz min ingilis lirəsini İstanbulda bankirin yanında qoyurdu ki, özünün qeyri-adi xərcləri üçün qalsın. Lazım gəldikdə ondan İbrahim paşaya çatrırsın. Məsələn, əgər Sultan xəbər göndərsə ki, “Çapan adasında filan quş çox gözəl oxuyur və ya filan xoruz Çində, ya Qərbdə filan döyüşkən qoç vardır, “mənim çox xoşuma gəlir”, o zaman paşa iki-üç ay ərzində həmin istəyi yerinə yetirəcəkdir. Bu səxavətə görə də müsiri rütbəsini qazanmış və Sultan öz əli ilə ona daş-qaşla bəzədilmiş I dərəcəli “Osmanlı nişanı”nı vermişdi.

O Sultana hər zaman, hər vasitə ilə peşkəş verməyi bacarır və bunu ondan əsirgəmir. Sultanın vasitəçilərinə lirəni cəsarətlə verirdi.

Misirdə xarici ölkə konsulları ilə də yaxın münasibətə nail olmuşdur. Bir çox avropalı şəxsləri və ermənini vilayətin işinə daxil və nökər etmişdir. Məsələn, Baş konsulları Misirdən İsgəndəriyyəyə və Suveyşə aparan gəmidən xeyli kirayə pullu mənfəət əldə edir.

İsgəndəriyyədə Ədliyyə məhkəməsi elə bir qərar verib ki, bu qərar orada olan xarici dövlətlərin rəiyyətinə ki, hər kim işlə əlaqədar xarıcdən daxil olmalı və daxildən xaricə getməli olsa, bu barədə hakimin və ya məhkəmənin icazəsi olmalıdır. Bu ona görədir ki, xarici dövlətlər deməsinlər ki, bizim rəiyyətə etinasızlıq və zülm edilir.

Bu salınmış xiyabanlar və səliqəli ərazi, tikilmiş zavodlar, küçələrdə yandırılan qaz çıraqları ona görədir ki, xaricin nəzərini oxşasın, yüksək mehribanlıq və qonaqpərvərlik təsəvvürü yaransın.

Vilayətin əyanları xüsusən türkləri işə cəlb edir və onlara yüksək maaş və yaxşı vəzifə verirlər. Onlar iki min nəfər maaş alan cəsusu, istər qadın, istər kişi olsun, Misirin və İsgəndəriyyənin xarici və ya yerli sakinlərinin evlərində yerləşdirirlər. 1-2- ay ərzində ev sahibləri ilə dostlaşdıqdan sonra onun gizli, ürəyində olan fikirlərini öyrənirlər, əgər zərrə qədər müxalif olarsa, o şəxs Sudanda zərərsizləşdirilir, ya da ki, sandığa qoyub, Nil çayında qərq edirlər.

İstər yerli, istərsə yadelli şəxslər hardasa, kiminləsə pıçıltı ilə danışmağa cürət edə bilməz, çünki dərhal onu şübhəli şəxs zənn edirlər, səbəbi bu günlərdə həbəşlər tərəfindən xədivin əsgərinin öldürülməsi hadisəsidir. Lazım gəldikdə polis dərhal hazır olur, heç kəsə danışmağa və bir söz deməyə imkan vermir.

Deyirlər ki, 1279-cu ildə (1862) Sultan Əbdüləziz xan Misirə gələrkən ona nəinki özü barədə söz deməyə (o ilk dəfə idi ki, buraya təşrif buyurmuşdu), heç nitq söyləməyə də icazə vermədilər. Ona gürə də hamı deyir ki, Misir rəiyyəti tikan yeyir, meyvə əkir. Şəhərdə salınan yeni xiyabanlarda qadın və qızlar fəhlə kimi işləyirlər, məlum olur ki, ətraf yerlərdə kişilər qalmayıb, qadınlar işləməyə gəlirlər.

O vilayətin əhalisinin vəziyyəti yüz il əvvəlki zamanları xatırladır. Əyan və aristokratlar yenə də rəiyyətin canına və malına fəal sahibdirlər. Fərq bundadır ki, onlar alıb-satmaq sənətinə itaət edirlər. Bunların dini islam olduğu üçün həmin sözləri (alıb-satmaq) bilmirlər, onlar bunu itaət, o mülkün bəndəsi kimi düşünürlər. Onlar buna sevinirlər ki, bir ildə iki, bəzən üç dəfə əkib-becərirlər, faydalanırlar, onun pulunu dövlətə təslim edirlər.

Misirin hökmdarı hal-hazırda otuz beş polk nizami orduya malikdir ki, hər polkda səkkiz yüz döyüşçü vardır, hər bir əsgərə, topçu və süvariyə ayda 30 quruş maaş verirlər. Quruş bu vilayətdə İstanbuldan daha çoxdur. Puldan əlavə yemək və paltar da verilir. Ordunun tərkibinin əksəriyyəti ərəblərdən ibarətdir. İndi Misir hökümətinin dənizdə 15 gəmisi üzür. Kiçik qayıqları da vardır ki, bunlar Nildə iş görürlər. Daha yaxşı gəmilər sərhəddədir və onların iki turbası vardır. Dəfələrlə İstanbuldan İsgəndəriyyəyə iki, gecə-gündüz üzərək gəlmişdir. Onlar saatda 17-18 ingilis mili sürətlə hərəkət edirlər.

Misirin əyan qadınlarının libası bütünlüklə Avropa libasıdır. Bir dəfə biz küçədə qalaya tamaşa edirdik. Keçərkən faytonun yanında bir neçə qadın gördüm. Həsən paşadan soruşdum ki, bu fransız qadınları hansı tayfadandır, hansı səfirliyin qadınlarıdır? Həsən paşa xəcalət çəkə-çəkə cavab verdi ki, onlar Şərif paşanın oğlu Əli paşanın qızlarıdır. Mən xeyli məzəmmət elədim ki, islamda bu hərəkət qəbuledilməzdir. O, xəcalət çəkdi və dedi: “Bizim vilayət azaddır”.

Dedim: “Kim deyib ki, islam dinində azadlıqdır? Bu necə azadlıqdır ki, mən gərək Tehrandan əziyyətlə, bu dənizlərdə təhlükəni görüb, Məkkeyi-müəzzəməyə gedim və bu nə azadlıqdır ki, gərək bir ay oruc tutub, beş rükət namaz qılasan?”

Həsən paşa xeyli xəcalət çəkdi. Sonra məlum oldu ki, Xəlil paşanın, onların İstanbulda olan əmisinin arvadı, Xədivin qardaşı Mustafa paşanın qızı Nazlı xanım bunlardan da betər hərəkət edir. O, Avropa qadınları kimi at minir, heç vaxt hicab və pərdə örtmür. Bal məclislərində hazır olur. Xəlil paşa da heç nədən çəkinmirdi.

Ertəsi gün Yekşəb xiyabanının yanında əyləşdim. Yenə də əyan qızlarını faytonda əyləşmiş gördüm, onların əynindəki paltarları avropasayağı, səliqəsiz idi.

Başqa bir gün Misir hakimi Səid paşanın oğli Toisən paşanın qızları xiyabanda kiçik atlara minərək əylənməyə gedirdilər. Onların əynindəki libaslar, papaq və kəmərləri avropasayağı idi. Əgər onların qabağında iki-üç nəfər kamandar və mühafiz ərəb getməsə idi, bunların islam təbəqəsindən olduqları heç bilinməyəcəkdi.

Qədimdə xarici tayfa və məzhəbə mənsub olan insanlar başlarına fəs qoymurdular ki, bu, müsəlmanlara məxsusdur. Ondan istifadə etsələr də, onun qara rəngindən istifadə edirlər. Indi xədiv icazə vermişdir. Küçədə də qarışıqlıqdır, təmiz müsəlman da, yəhudi də, erməni də, avropalı da fəs qoya bilir.

Mən Həsən paşaya bu barədə irad tutdum. O yenə “azadlıqdır” dedi.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə