Azərbaycan miLLİ elmlər akademiyasi


Gəminin İnepolidə dayanması



Yüklə 2,9 Mb.
səhifə7/27
tarix16.11.2017
ölçüsü2,9 Mb.
#10537
1   2   3   4   5   6   7   8   9   10   ...   27

Gəminin İnepolidə dayanması.

1292-ci il, 10 şəvvalül-mükərrəm, çəharşənbə (1875, 10 noyabr). Yenə həmin tufanlı havadır. Kapitan gəminin göyərtəsində narahatdır, bir dəqiqə sakit ola bilmir.

Mənim halım da yaxşı deyil. Gəmidə hərəkət etmək mümkün deyil. Necə deyərlər: külək bizi aşağı əyir, su bizi yuxarı qaldırır. Günəşin batmağına yarım saat qalmış İnepolinin bərabərində lövbər atıldı, külək bir az sakitləşdi. Tufan düz iyirmi saat davam etmişdi. Kapitan tez-tez gəlirdi, deyirdi: “Mən öz gəmimdən arxayınam və inşallah allahın rəhmi gələr, gəmi əhlinin ikiyüz nəfərdən çoxu hacıdır, halsız olduqları üçün qalxıb allahın dərgahına dua edə bilmirlər”. Qara dəniz axır ki, üzü qaralıq etdi.

Maraqlıdır ki, yunanlardan başlayaraq, ta bugünədək bu dənizi həmin cürə adlandırırlar. Yunanca Pontos qara mənasındadır (Azərbaycan Sovet Ensiklopediyasında isə “qonaqpərvər dəniz” yazılmışdır – tərc.). Ingilislər blaksi – qara dəniz, fransızlar mer nour qara dəniz, türkcə qara dəniz deyirlər. Dənizin suyu da qaraya meyllidir.

Xülasə, ayın 11-i, pəncşənbə günü axşamdan on saat 15 dəqiqə keçmiş gəmi yola düşdü. Inepoli də digər limanlar kimi, dağın ətəyindədir, burada çoxlu meşələr vardır. Allaha şükür ki, gecə salamat keçdi. Lakin çox uzun gecə oldu, sona yetmək bilmirdi.

Səhər hava xeyli soyudu. Kuzə suyu soyuq qış suları kimi soyuq olar. İnepoli limanı qırx bir dərəcə 56 dəqiqə en, otuz üç dərəcə qırx dəqiqə uzunluq dairəsindədir.



Boğaza varid olma.

1292-ci il, 11 şəvvalül-mükərrəm, pəncşənbə (1875, 11 noyabr). Dənizdə külək üzümüzə əsirdisə, bir elə də əziyyət vermirdi. Günlərlə sol tərəfimizdə dağlar görünmüşdür, bu gün isə hər tərəf dənizdir.

Şəvval ayının 12-si, gecədən dörd saat 5 dəqiqə keçmiş, şükürlər olsun ki, İstanbul boğazına varid olduq. Yunanlar Bosforos deyirlər və Bosforun mənası öküz güzərgahı deməkdir. Yəni boğazın sahəsi o qədərdir ki, öküz bu tərəfdən o tərəfə keçər, sonra yarımsaatlıq məsafədə lövbər atdılar ki, səhər sübh Istanbula varid olsunlar və gəmidə sağ tərəfdə gəmidən kənar məhəccərə yaşıl çıraq qoydular, sol tərəfə qırmızı çıraq. Bunu ona görə qəbul etmişdilər ki, digər gəmilər qarşıdan sağ və sol tərəfdən gələn gəmilər bunu görüb, öz hərəkətlərini tənzimləsinlər.

İstanbula varid olma.

1292-ci il, 12 şəvvalül-mükərrəm, cümə günü (1875, 12 noyabr). Gündüzdən altı saat keçdi və Darüssəltəneyi-İstambula daxil olduq. Mollayi-Rumi İstənbəli “Məsnəvi”də belə vəsf etmişdir:

Pişəş əfkənd ətləs İstənbəli

Səvadi-şəhri-İstənbəl pədidar.

Osmanlılar Qəstəntiniyyəni-Konstantinopolu fəth etdikdən sonra onu İstambul adlandırdılar, yəni İslam firavandır (Islamın bol olduğu yer). Bul-bol, firavan mənasındadır.

O vaxt Konstantinopol, yəni Konstantin abad və başqa şəhərlərə nisbətən seçilən idi. Şəhər II Sultan Məhəmməd adı ilə bağlıdır. Onun Fateh adlanması da bu şəhərin fəthi ilə əlaqədardır. Konstantinopol o vaxtdan Osmanlı səltənətinin paytaxtı olmuş, İstambul adlanmışdır. II Sultan Məhəmməd II Sultan Muradın oğlu olub əzmli, ağıllı bir şəxsiyyət idi. II Sultan Məhəmməd otuz bir il hökmranlıq etdikdən sonra səkkiz yüz həştad altıncı ildə (1481) vəfat etmişdir.

Boğazın ortasında iki tərəfdən bürc və səngər qalıqları görünür, bunlardan birinə Rum eli istehkamı, digərinə isə Anadolu istehkamı deyirlər. Xeyli dardır. Bu arada Sultan Məhəmməd Fateh körpü bağladaraq Anadolu tərəfdən Rum elinə keçmiş və o tərəfdən İstanbulu muhasirəyə alaraq onu fəth etmişdi. Dünən gecə gəmi Boğazda lövbər saldıqdan sonra şiddətli külək əsməyə başladı, tufan oldu. Biz İstanbula çatanadək hava çox əziyyət verdi. Kapitan tez-tez Allaha şükür edirdi ki, tufan nə yaxşı ki, gəmi Boğaza girdikdən sonra başladı, çox təhlükəli olardı. Karantin sahəsinə az qalmış gəmini dayandırdı və kapitan bir nəfərlə xəbər göndərdi ki, onun gəmisində xəstə yoxdur. Oradan yola düşmək üçün icazə verildi və gəmi yoluna davam etdi. Istanbul yaxınlığında Dövləti-Əliyyeyi-İranın səlahiyyətli nümayəndəsi, elçisi cənab Hacı Möhsün xan Müinülmülk (dövlətin köməkçisi) gəmiyə gəldi və bizi səfirliyə apardı.

Bir axşam ikinci dəfə Osmanlı dövlətinin sədri-əzəmi seçilən, 80-dən artıq yaşı olan cənab Hacı Kamil paşa, Müinülmülkü görmək üçün gəlmişdi. Mənim də gəlişimi eşitdikdə xəbər göndərdi ki, evdə xeyli müddət oturduğum yetər, evdən çıxıb səfirliyə gəlim.

O, çox kamil insandır, müşarileyh mərhum Məhəmmədəli paşanın kürəkəni, Zeynəb xanımın əridir. Övladı yoxdur və firavan dövləti-varı vardır. O, məndən Allahqulu Mirzə Elxanini soruşdu. Dedim ki, dövlətin qayğısı ilə həyatı xoş keçir.

Hacı Kamil paşa getdikdən sonra erməni Artin əfəndi Dadyan gəldi. Artin xarici vəzarətin müstəşarı (məsləhətçisi – tərc.) idi. O, Raşid paşa Vyanadan qayıdınca onu xarici vəzarətdə müvəqqəti əvəz edirdi. Müşarileyh öz tərəfindən və cənab Mahmud paşa Sədri-Əzəmin adından hal-əhval tutdu. Məlum oldu ki, paşa iyirmi gün olar ki, yataqdadır. Mən də onunla yarım saat mehribanlıqla söhbət etdikdən sonra getdi.



İstanbulda dayandıq. Ayasofiya məbədi haqqında məlumat.

1292-cı il, 13 şəvvalül-mükərrəm, şənbə (1875, 13 noyabr). Cənab Şərif Əbdülmətləb görüşmək üçün gəldi. O, Həsəni seyidlərindəndir. Çox ləyaqətli insan olub, təxminən səksən yaşındadır. Onunla görüşümdən çox şad oldum. O getdikdən sonra Rusiya dövlətinin səfirliyindən birinci mütərcim Böyük səfir tərəfindən gəlişimlə əlaqədar təbrikə gəldi. Daha sonra Sədri Əzəm cənab Mahmud paşa tərəfindən sədarətin müstəşarı Səid əfəndi gəldi.

Axşama yaxın Ayasofiya məbədinə tamaşa etməyə getdim. Həqiqətən möhkəm və qalın divarları olan binadır. Bu kilsə İsa Əleyhissalamdan 6 əsr sonra (miladi 6-cı əsrdə) İmperator I Yustinianın (483-565) zamanında inşa edilmişdir. O, İsa (ə)nın təvəllüdündən dörd yüz səksən üç il sonra anadan olmuş, beşyüz iyirmi yeddinci ildə səltənət taxtına əyləşmiş, beş yüz altmış beşinci məsihi ilində vəfat etmişdir.

Əvvəllər kilsə olmuş abidədə məscidə çevrildiyi vaxtdan namaz qılmaq üçün mehrab sonra tikilmişdir. Qiblə mehrabının yana əyilməsi ona görədir ki, əvvəl kilsə olmuşdur, II mehrabı sonra namaz qılmaq üçün düzəltmişlər. Məscidin uzunluğu ikiyüz altmış doqquz fut, eni isə iki yüz qırx iki futdur, alt böyük sutunları qırx səkkiz ədəddir, bunlardan on ikisi porfindəndir (vulkanik suxur – tərc.). Üst kiçik sütunlar mərmər daşından olub, otuz altı ədəddir. Məscidin xaricində olan kiçik mərmər sütunların sayı 70 ədəd, məscidin ortasında kiçik dördtağlı sütunların sayı on dörd ədəddir, məscidin ortasında iki ədəd səqqaxana mərmərdəndir, 9 ədəd hava daxil olan yer vardır. Camenin 10 qübbəsində mələklərin şəkli günbəzin altında çəkilmişdir. Burada üzləri aydın görünməyən 4 mələyin şəkli həkk edilmişdir.

8 ədəd böyük lövhədə qızılla səkkiz ad yazılmışdır:

Allah, Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli, Həsən, Hüseyn.

Bu bəndə ondan narahatdır ki, Avropa kimi güclü dövlətlər zəif və ölçüyəgəlməz miqdarda borcu olan Osmanlı dövlətinin bu halında yenidən allah eləməmiş, bu məbədi-məscidi əvvəlki vəziyyətinə qaytaracaqdır.

Ayasofiya məscidindən sonra At meydanına getdim. Bu, Sultan Əhməd Camesinin bərabərindədir və Tikili daş orada yerləşir. Hər tərəfində heyvanların və quşların rəsmləri çəkilmişdir, lakin rəssamlığın tələblərinə o qədər də əməl edilməyibdir. Bəzən konusvarı daş üzərində rəsm görünür. Burada hündürlüyü 12 zər olan daşın üzərində qədim şəkillər çəkilmişdir.

Bu rəsmlərin Farsın Kazerun – Şapur Məskənində olan Şapur rəsmləri olduğunu düşünmək çox şübhəlidir. Bir bütöv parça daş olan bu Tikili daşla üzbəüzdə elə həmin cürə kiçik daşlardan dördguşəli minarə inşa edilmişdir və o, Tikili daşdan hündürdür. Nə yaxşı ki, uzun zamanlar baş vermiş zəlzələlər külək və yağışlar bu minarəni bir qədər korlasa da, o, tamamilə məhv olmamışdır, hər iki bina Qeysəriyyədə qalır.

İstanbulda dayanmaq.

Topxanaya və silah zavoduna tamaşa. 1292-ci il, şəvval ayının 14-ü, bazar günü (1875, 14 noyabr). Günortadan sonra silahqayırma zavoduna və topxanaya tamaşa etməyə getdim. Bizi müşayiət etmək üçün dövlət tərəfindən miralay Rəşid bəy təyin olunmuşdu. Topxanaya gedən vaxt arada Sultanın dəvəquşularına və zürafələrinə, öküzün quyruğu kimi uzun quyruqlu qoyunlarına tamaşa etdim. Altmış ədəd dəvəquşudan bəzisi qara, bəzisi torpaq rəngindədir və burada dörd zürafə, qırx-əlli baş qoyun vardı, qoyunlardan bəzisi dörd buynuzlu idi.

Topxanada dörd polad lüləli top vardır. Topxananın digəri Hümayun sarayının yaxınlığında tikilmişdir və xeyli möhkəm və yaxşı idi. Bunlardan başqa Fındıqlı və Qalata məhəllələrinin ortasında digər bir topxana da vardır.

Oradan cəvahirat xəzinəsinə getdik. Bir neçə parça böyük zümrüd gördüm və onlardan biri yarım batman (1 batman – 2,944 kq) - Təbriz manatına və 5,888 kq – şah manatına bərabərdir) olardı, onu mənbəindən çıxartmışdılar. Onlardan bəzisi təbii daş idi, indi günəşin təsirindən zümrüd olmadılar, qalan bir neçə parça da zümrüd idi və onların xeyli üstünlüyü var idi.

Qədim zamanlarda sultanlar ərəfə günü, (zilhiccə ayının 9-da, Qurban bayramından bir gün əvvəlki gün) taxta əyləşərdilər. Həmin taxtın qübbəsinin ortasından kiçik qotaz asılırdı. Bir parça zümrüd (300 karatdan da artıq olardı) həmin qotazdan asılırdı. Həmin taxt hindli ustaların işi olub, Hindistandan gətirilirdi.

Burada olan təzə bir quruluş diqqət çəkir, taxtın qübbələri yaqutla bəzədilmiş, şahlardan qalmış, müxrəlif silahlar, şəmşir bıçaq, xəncər və digər silahlar da vardır. Bunlar keçmiş sultanlardan qalmışdır. Bir cüt bəzəkli üzənginin Nadir şah tərəfindən göndərildiyi barədə məlumat verildi.

Oradan III Sultan Əhməd kitabxanasına getdim. Burada təxminən 6 min cild kitab vardır. Böyük maraq doğuran, Həzrət Əmir əl möminin Əli Əleyhissalamın xəttilə olan Quran nüsxəsi hicrətin iyirmi doqquzuncu ilində ceyran dərisi üzərində yazılmışdır. Nüsxə tamdır və bu yaxınlarda əldə edilmişdir.

Həmin kitabxanada Böyük Şah Abbas zamanının məşhur xəttatı Mir İmad Hüseyni Qəzvininin xəttilə hicri 1008-ci ildə yazılmış, yüksək dəyərə malik İbn Farizin qəsidəsi saxlanılır. İbn Fariz Əndəlusi Məğribi Həməvi əslən Misirli olub, orada da dəfn edilmişdir. O, məşhur sufi şair və alimlərindən olub, “Divan” sahibidir və dəfələrlə Misir, Bağdad və digər yerlərdə çap olunmuşdur. Onun qəsidələri məşhurdur. İbn Fariz hicri 632-ci ildə vəfat etmişdir.

Kitabxanada bir neçə cilddən ibarət “Müxtəsər tarixi-Dəməşq” kitabını gördüm. Yalnız bunlarla tanış olmaq fürsətini əldə etdim.

Burada Teymur Gürganinin oğlu Şahruxun adına bəzədilmiş Şeyx Əttarın bir cild əsəri xeyli samballı, iri həcmlidir. Kitabın çəkisi 2-3- batman olar. Kitab sənətində nişastanın (ahər, kraxmal) işləndiyi barədə bilgidən savayı bir məlumatım yoxdur. Sultani imarətində mərhum Sultan Əbdülməcid xanın köşkü sadədir və xoşagələndir,arzuolunandır. Hər iki tərəfdən dəniz görünür. Deyirlər ki, ömrünün axırlarında tikdirmişdir. Bircə dəfə bayramı burada qeyd etmişdir. Bağa açılan qapının hər iki tərəfində sərv ağacı əkilmişdir.

Hal-hazırda Sultan bu imarəti tərk edərək Beşikdaş imarətində, Boğaz kənarında Qalata yaxınlığındakı mənzildə yaşayır və hərdənbir bu imarətə də təşrif buyurur. Digər imarət Odasi adlanır. Burada qızıl taxt saxlanır, bu sultanın əyləşdiyi taxtdır ki, qədimdə burada səfirlər qəbul edilirdi. Odasi sözünün mənası belədir: Oda türkcə otaq, si isə mənsubiyyət, aid olmaq deməkdir.

Mənzilə gəldikdə Osmanlı dövlətinin sərəsgəri Rza bəyin bizə təşrif buyurduğunu gördüm. Rza bəy bir neçə dəfə bu vəzifədən getmiş, sonra yenidən təyin edilmişdir. O, Sultan Mahmud xan zamanında xidmət etmiş, mabeynçibaşı olmuşdur. 70-dən çox yaşı olan bu ədəbli və xoşsima insan görüşümüzə gəlmişdi.

Mərhum şahənşahən vaxtında Tehrana gəlmiş və 2 il orada yaşamış Kamal əfəndi indi Vəqflər naziridir, əlahəzrət Şahənşah h. 1288-ci ildə Ətəbatı ziyarət edərkən, o da Osmanlı dövləti tərəfindən fars dilini bildiyi üçün ziyafətdə iştirak etmişdir.

Sonra uzun müddət Tehranda Şarjdafer vəzifəsində işləmiş Nazim əfəndi gprüşmək üçün gəldi.

İstanbulda dayandıq.

Sultan Səlim məscidində görüş və Yengiçərinin tərifi.

h.q. 1292-ci il şəvval ayının 15-i, düşənbə (1875, 16 noyabr).

Hava aydın olduğu üçün sübh tezdən Şərqin parıltılı şəfəqi dəniz sularında əks olunurdu və bu, tamaşa etmək üçün çox gözəldi. Günəş doğduqdan sonra Boğaz Qalatanın üzərində elə bir duman gəldi ki, Qalatanın evlərini görmək mümküm deyildi. Günəş yarım saatdan sonra evlərin qapı və damlarına düşdükdə duman çəkildi. Günortadan sonra cənab vəziri-muxtarla fotoqraf Abdullanın evinə gedərək şəkil çəkdirdik. Şəkillərin bəzisi rəsmi libasda ayaq üstə, bəzisi isə, qeyri-rəsmi libasda, oturduğumuz halda çəkildi. Mən mərhum Məhəmməd şahın (Fərhad Mirzənin qardaşı – tərc.) Mirzə Əbülhəsən Nəqqaşbasının çəkdiyi şəklini də verdim ki, əksini çəksin. Bu şəkil mərhumun yayılmış şəkillərindən fərqlidir.

Oradan I Sultan Süleyman camesinə getdik. Həqiqətən bu came Ayasofyadan sonra ali binadır və dünyanın ən yaxşı məscidlərindən biridir. Ola bilər ki, oxşarı yoxdur. Dörd ucalan sütunun hər birinin çevrəsi təxminən 5 zərdir (1 zər – 107 sm – T.H.). I Sultan Süleyman Sultan Səlimin oğludur və h.q. 926-cı ildə cülus etmişdir. 48 il hökmranlıq etdikdən sonra 974-cü ildə taxt-taca vida etdi. Vyananın əvvəlinci mühasirəsi onun dövrünə, 936-cı ilə təsadüf edir.

Xülasə, oradan İşkal (həndəsi fiqurlar) Nikiçəri muzeyinə getdik (Fərhad Mirzə “Səfərnamə”nin haşiyəsində öz əli ilə yazmışdır: Yengiçəri, yeni qoşun deməkdir).

Burada qəribə libaslar və mumdan qorxunc sifətlər düzəldilmişdi və nümayiş etdirilirdi. Başa düşdüm ki, əksər belə qorxunc fiqurların çoxunu düşünərək, bilə-bilə və qəsdən düzəltmişlər ki, insanlar onlara istehza ilə baxsınlar, baxıb hündürlüyü Ararata çatan sədr əzəmin ağ əmmaməsinin, papağının lap bu yaxınlarda da, yaxın keçmişdə istifadə edildiyini görsünlər və yaxud şeyxül-islamın həmçinin, fərq onun əmmaməsinin dairəvi olmasıdır.

Lakin onların hamısının heykəllərini bu qədər hündür, burunlarını bu qədər böyük, gözlərini bərəlmiş, dərin və saqqallarını belə qəribə halda düzəltmək lazım deyildi.

II Sultan Mahmud xanın Nikçərinin qətlinə başlaması h.q. 1241-ci ilə təsadüf edir ki, bu da tarixin böyük qəzasıdır, o vaxtdan 51 il keçir. Əlbəttə, o şəxsləri görənlərdən həyatda olanlar vardır. Onlar heç də muzeydə canlandırılanlar qədər qorxunc, əcaib formada olmamışlar.

Niki-çəri də xüsusi tayfa olmamışdır. Hər kəs istəyirdi, könüllü olaraq orduya daxil olurdu, əsgərlik edirdi, ona niki-çərik, yəni yeni qoşun deyirdilər. Getdikcə “kaf” hərfi xəfif ifadə olunaraq aradan çıxmış niki-çəri kimi deyilməyə başlanmışdır.

Bu tayfa da türk yeniyetmələri kimi Abbasilər dövründə təsdiq olunmuşdular, vəzifələr almışdılar. Elə ki, Sultan Mahmud hakimiyyətə gəldi, onlar qohumlardan xəbərsiz həlak və məhv edildilər. Bu inadkarcasına görülmüş iş padşahın məqsədyönlü niyyətinə böyük dəlildir. Bizim xanımanımızda da otuz il əvvəl yarım zərə qədər uzun papaqlar qoymaq adət idi. Indi isə papaq qısaldılmışdır.

Şəkillərdə və rəsmlərdə o papaqları gördükdə təəccüb edirik.

O qəribə libaslar və bir adamın döyüşdə istifadə üçün aparması mümkün olmayan bir neçə cürə əcaib silahlar onun üçündür ki, insanlar bir daha o zamanın fikrinə düşməsinlər və o libas və silahlara nifrət etsinlər.

Oradan yenidən Şərif Əbdülmətləbi görməyə gedərək, ondan kömək göstərməsi lazım olduğunu bildirdik. Onun ortancıl oğlu Cabbar Məkkeyi-müəzzəməyə getmişdi, ona sifariş etdi ki, Məkkədə bizə xidmət etsin. Biz mənzilə qayıtdıq.

Cənab Müinülmülk Abdullanın mənzilindən cənab Sədr Əzəm Mahmud paşanın əhvalını soruşmaq üçün getdi və tez də qayıtdı. Dərhal onunla şəkil çəkdirdik.
İstanbulda dayandıq. İngilis səfiri və Midhət paşa ilə görüş.

h.q. 1292-cı il, 16 şəvval, çeşənbə (1875, 16 njyabr). Günortadan sonra cənab sərhünəri-vəliyyun İngiltərənin Böyük səfiri görüşümüzə gəldi. Səkkiz il olar ki, İslambuldadır. Səfirliyin binası təmir edildiyi üçün o Yalidə idi. Yalı türkcə yaylaq imarətinə deyilir. Bu yaylaq, Boğazın kənarında yerləşir. Səfir oradan təşrif buyurmuşdu. Arada sərhəd söhbəti oldu. Ingiltərənin böyük səfirindən sonra Bağdad valisi cənab Midhət paşa gəldi. O, hal-hazırda Ədliyyə naziri olduğunu dedi. Biz onunla bir müddət Bağdad və Kürdüstanda qonşu idik. O, “Sizin xidmətinizdə olmağı çox arzuladım” deyə söylədi. Mən də bunu arzu etdiyimi bildirdim. Onun gözündə və üzündə bir qədər titrəmə hiss olunur. Bu hal artmasa yaxşıdır. Çünki Xarici işlər Vəziri Səfvət paşanın da bu yaxınlarda işdən azad edilməsinin səbəbi göz, üz, qaş və ağzında baş verən əsmə, titrəmə (paralic) əlamətinin yaranması oldu.

Sonra admiral (yəni əmiri-bəhr, dəniz qoşunları komandanı – tərc.) Hober paşa gəldi. Müşarileyh mənşə etibarıilə ingilis olsa da, Osmanlı dövlətinin qulluqçusudur. “Krit” müharibəsində xeyli xidmət etmişdir, lakin təəssüf edir ki, bu hersoq və Serb müharibəsində dəniz yoxdur ki, mən xidmət edəm.

Müşarileyh getdi, yenidən Midhət paşa təşrif buyurdu. Xeyli sohbət etdik, hər ikimiz islam dini ilə dövlət münasibətlərindəki vəziyyət, görülən tədbirlər, onların bihudə olduğu təəssüflə qeyd edildi, bir-birimizə təsəlli verdik. Islam dininə və ərəblərə salam olsun!



İran səfirliyində Fərhad Mirzənin şərəfinə olan ziyafətdə iştirak və məşhur hoqqabaz Kazanova ilə görüş və onun Mirzə Mülküm xan Nazimülmülklə müqayisəsi.

H.q. 1292-ci il, 17 şəvval cəharşənbə (1875, 17 noyabr). Mənzildə idik və getməyə hazırlaşırdıq.

Vəziri-muxtar (səlahiyyətli nümayəndə). Müinülmülk israrla qonaq çağırdı. O dedi: “Səfirliyin şəninə ziddir ki, tanınmış şahzadə İrandan gəlsin və bu məmləkətin elm, bilik sahibləri və əyanlar onu görməsinlər, tanımasınlar”

Mən nə qədər boyun qaçırdımsa, o razı olmadı. Bunun üçün səfirlikdə ixtiyar sahibi olaraq qonaqlıq stolu düzəltdirdi.

Şam yeməyində əvvəl digər otaqda müxtəlif içkilər təklif olundu. Qonaqlar bir-bir oraya getdilər. Vəqflər naziri Kamal paşa farsca bildiyi üçün oturub, mənimlə söhbət etdi. Mən Kamal paşaya dedim: “Dostlar o otaqda sizi gözləyirlər. əgər onlarla olmaq istəyirsiniz, onların yanına gedin”. O dedi: “Sizin buyuruqlarınızı eşitmək hər şeydən ləzzətlidir”.

Sonra şam yeməyinin vaxtının yetişdiyini bilərək qalxdı və getdi. Paşanın halından başa düşdüm ki, “mey haram, lakin ovqatı idarə edəndir”. Bu sözü çox bəyəndi. Mən dedim ki, əgər meyli varsa getsin. Lakin o, içmədiyini bildirdi. Dedim: “tərkidünyasan, yoxsa tövbə edən?” O, cavab verdi: “Hər ikisindən hesab edin!” Kamal paşa Rusiya dövlətinin səfiri gəldikdən sonra görüşüb getdi. Mən həzrətə Mirzə Cavad xanla bu beyti göndərdim:

Süxən dürüst bequyəm nəmitəvanəm did,

Ke mey xorənd hərifan-o-mən nəzarət konəm.

Sonra səfirliyin müstəşarı (məsləhətçisi – tərc.) general Nəriman xan şam yeməyinin vaxtını bildirdi. Süfrə başında şairlik qabiliyyəti olan Halət paşa bədahətən bu şeiri söylədi:

Bi bəzmi-şövq pür tərəb şahzadənin şükranəsi

Buldi qədəmindən şərəf İran səfarətxanəsi.

Mən ortada əyləşmişdim. Mənim sağ tərəfimdə Rusiya dövlərinin səfiri-kəbiri general İqnatyev idi. O, xoşsima, çox bilikli insandır. On bir ildir ki, İstambuldadır. İran dövləti tərəfindən “Nişani-timsalı hümayun”la təltif olunmuş, Osmanlı dövlətinin qiymətli daş-qaşla bəzədilmiş “Nişani-əvvəli-Osmani” ordenini almışdır. Bu müddətdə heç yaddan çıxmaz.

Mənim sol tərəfimdə ədliyyə vəziri Midhət paşa, onun müqabilində Müinülmülk özü əyləşmişdi. onun sağ tərəfində Almaniyanın səfiri-kəbiri, sol tərəfində Osmanlı dövlətinin sərəsgəri (baş komandan) Rza bəy əyləşmişdi. Bu şəxslərdən başqa süfrə başında Osmanlı dövlətinin digər görkəmli dövlət adamları var idi ki, bunlar aşağıdakılardılar:

Mərhum Sultanın kürəkəni Mahmud Paşa, Vəziri-ticarət Ürfan paşa, Dövlət Şurasının rəisi Əbdi paşa, zəbtiyyə məsləhətçisi Kamal paşa, Vəqflər naziri Halət paşa, vəziri-valideyi-Sultan və əmini-şəhər Cövdət paşa, maarif vəziri Yusif paşa, Maliyyə vəziri Namiq paşa, Dəniz donanması vəziri Kani paşa, Kömrük vəziri İbrahim paşa, Misir xədivinin (hökmdar) müşiri rütbəli vəkili-ümuru Səid əfəndi, Sədr-əzəmin məsləhətçisi Artin əfəndi mütəşar və Xarici işlər Vəzarətinin vəkili Hafiz Məhəmməd.

Bektaş Mabeynçi Sultanın hüzurunda olduğu üçün şam yeməyinə gəlməmişdi. Cənab Sədri-Əzəm Mahmud paşa isə özünü pis hiss elədiyi üçün təşrif buyurmamışdı.

Xarici dövlətlərin aristokratlarından İngiltərənin səfiri-kəbirinin üzrlü olaraq gəlib-getməyi çətin idi, üzr istədi, Belçikanın xüsusi elçisi, İspaniyanın xüsusi elçisi, Yunanıstanın xüsusi elçisi, Amerikanın səlahiyyətli nümayəndəsi, Hollandiyanın daimi nümayəndəsi, İşveçin və Norveçin daimi nümayəndəsi, Rumıniya, Serbiya nümayəndəsi. Şam yeməyindən sonra Fransanın və Avstriyanın böyük elçiləri, İtaliyanın xüsusi elçisi, Sultan Əbdülməcid xanın damadı Nuru paşa, Əlirza paşa və Sübhi paşa xüsusi olaraq dəvət olundular, onlarla xeyli söhbət etdik. Sübhi paşa çox ağıllı bir insandır. Söhbət əsnasında ondan soruşdum: “İbn Əsirin “Kamil-ət-tarix” nüsxəsini görmüsünüz?” Dedi: “Əcəb ki, bu yaxın vaxtlarda o kitab Misirdə çap olunmuşdur və bir nüsxəsini mənim üçün gətirmişlər. Çox sevindim ki, güman etmədiyim halda kitabın tam nüsxəsi peyda oldu və nəşr edildi. Əlqissə, bizim yanımızda Avropa dövlətlərindən də əyanlar var idi. Təxminən otuz nəfər qadın və yüz nəfər kişi olardı. Sonra məşhur hoqqabaz (sehirbaz) Kazanova gəldi, öz sənətini göstərdi. O, zirək, gödəkboy xoşsima bir şəxsdir. Bir nəfər dedi ki, bütün şəbehlərində Mirzə Mülküm xan gözlərimin önünə gəlir (həyatda şəbədəbaz şəxs olub). Bir nəfər də dedi: “Çox keçməz ki, bu da onun kimi tərəqqi edər”.

Kazanovanın fransız dilində olduğu üçün mən bir şey başa düşmürdüm. Yanımda olan Midhət paşa hərdənbir tərcümə edirdi, lakin bəzi oyunları göstərdikdə nə demək istədiyini bilirdim. O, Kamal paşanın əlinə bir kitab verdi və kitabın bir səhifəsini açdırdı, sonra üzbəüz oturaraq dedi ki, açdığın səhifə yüz doxsan dörddür, həmin səhifəni oxudu və yanında olan bir xanıma verdi, o da həmin sözləri oxudu.

Məlum oldu ki, kitabın bütün vərəqləri onun nəzərindədir. Hər hansı bir səhifə açılarsa, bunun hansı səhifə olduğunu bilir və baxmadan oxuyur. Qəhvə bişirməyi heyrətə gətirdi. O, gəhvədandan isti və şirin kofe çıxarıb bütün qadınlara içirtdi. Xeyli əl çalaraq alqışladılar. Sehrbaz bir sandıq gətirdi. Böyük sandığın ətrafında bir neçə girdə deşik vardı. Burada olanların hamısına göstərdi. Sonra onu iplə sarıdılar. Kağız götürüb iplərin uclarını möhürləyib lak sürtdü, sandığın qapısını bağladı, açarını məclisdə əyləşənlərin birinə verdi. Sonra adamların qarşısına pərdə çəkdi və sandığı pərdənin arxasına apardı. 2-3 dəqiqə keçdikdən sonra pərdəni götürdülər. Kazanovanın özü sandığın arasında idi. Barmaqlarını o deşiklərdən çıxararaq əl çalırdı. Bunu görən xanımlar əl çaldılar və təriflədilər. Sonra sandığın qapısını açaraq onu bayıra çıxartdılar. Fransızlardan bir neçə nəfər sandığa əl vurdular, çubuqlara tamaşa etdilər və təəccübləndilər. Nazim əfəndi gəldi, farsca bildiyi üçün soruşdu ki, bu iş sərkarın (Fərhad Mirzənin - tərc.) ağlına necə gəlir? Dedim: “Sandığın iki açarı var, biri özündədir. Lak və möhürə nə sən, nə də mən əl vurub yoxlamamışıq, onu açmağın asan, ya çətin olduğunu heç kəs bilmir. Pərdə arxasında olduğu üçün biz onu açıb içərisində oturduğunu görmədik, şagirdi də yenidən sandığı bağlayıbdır.

Hər nə isə bu, cəld, tez hərəkət etməyin nəticəsindədir. Sonra sehrbaz bir kağız gətirdi, mən qələmlə xoş, yaxşı sözlər yazdım, Midhət paşa, Rusiyanın səfiri və digər iki nəfər də yazdılar, bu kağızı bir nəfərə verdi ki, yandırsın, sonra gedib öz şkafından bir zərf gətirdi, 7 paket arasından həmin xətti çıxartdı. Zirəklik bu idi ki, ya onu paketlərin arasında qoyub, ya da yandırılan kağız əslində yanmamışdır. Fokusa tamaşa etdikdən sonra Bal Məclisi oldu. Xanımlar və kişilər rəqsə başladılar. Beş müxtəlif rəqs musiqisi pianoda ifa edildi. Bu xanımları bu kişilər yordular, hər kəs əlini uzadırdı, biçarə xanım yorğun olsa da, əlini açırdı.

Bir xanım mənim qarşıma gəldi və Mirzə Cavad xana, səfirliyin birinci müavininə fransız dilində dedi: “Əgər ədəbsizlik olmasa, istəyirəm əlimi uzadıb şahzadəni rəqsə dəvət edim”. Dedim: “Mirzə Cavada de ki, bu kobud daş yonulmamışdır, yerindən hərəkət etməyəcək və sizin zərif əliniz daşa toxunsa ağrıyacaqdır”. Xeyli güldü və “pardon” deyib getdi.

Mirzə Cavad xandan (onu – T.H.) soruşdum. Dedi: “Xanım Alman səfirliyinin məsləhətçisidir. Çox zirəkdir”. Həqiqətən qəribə aləmdir. Avropa əhlinin üzərində heç qəbahət deyil ki, qadınlar açıq boyun və sinələrini cürbəcür daş-qaşla bəzəyir, əcnəbi kişilərlə əl tutur, kəmərlərinə əl atır. Min nəfərlə birlikdə rəqs edir, şənlənirlər. Xudavəndi-aləm düz buyurubdur: «Ayıraraq bir-birindən dinlərini, ayrı-ayrı firqələrə ayrılar onlar. Hər firqə də öz işində sevinc tapar” (Rum surəsi, ayə 32). Bu adətlər Osmanlı əhlinə yaxın zamanda, daha tez, İran əhalisinə bir qədər gec sirayət edəcəkdir. Bu mənada bir məqamı deyirəm ki, bu belədir:

Rəqs edən qadınların arasında yəhudi millətindən olan bir ana və qız var idi. Qız belinə gümüşdən bir kəmər taxmışdı və Avropa əhlinin çoxundan daha yaxşı rəqs edirdi.

İllərlə Tehranda şarje-dafr (işlər vəkili) olmuş Nazim əfəndi mənə dedi: “Bu rəqs edən yəhudidir”. Mən dedim: “Yəhudi məzhəbində qaydalar vardır. Bu xanımın sinəsinin açıq olması şəriətə ziddir”. Nazim əfəndi dedi: “İndi onlar da sivilizasion olmuşlar. Yaxın zamanda bütün vilayətlər sivilizasyon (mədəni) olacaqdır. Bizim ömrümüzə çox qalmayıb, lakin gələcək nəsillər biləcəklər ki, yazılanlar doğrudur”.

İranda, bəlkə də bütün Asiyada qadınlar üzlərinə yeddi bəzək (həna, sürmə, vəsmə, surxab və s.) vuraraq küçə və bazarda görünəcəklər. İslamda onun adından başqa heç nə qalmayıb, onun adətləri köhnəlmişdir. Namaz və oruc və həcc ağılsızların və məcnunların işi olacaqdır.

Mixəndəd ruzigar o migerid çərx

Bər itaət o bər nəmaz o bər ruzeye ma.

Nigah bağlamaq şöhrət və yaxşılığı qorumaq üçün olacaq. Uşaqların dodağı süddən ayrılandan sonra Fransa təliminə qoyulacaqlar. Quran oxumaq elə yaddan çıxacaq ki, əgər kimsə ara-bir yada alaraq oxumaq istəsə, gərək Hicaza və Mədinəyə getsin.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə