QAYNAQLAR
1. Azərbaycan məhəbbət dastanları. Bakı, Elm, 1979
2. Azərbaycan dastanları. 5 cilddə. 1-ci cild, Bakı, Çıraq, 2005
3. Bayat F. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı, Elm və təhsil, 2011
4. Cəfərli M. Azərbaycan məhəbbət dastanlarının poetikası. Bakı, Elm, 2000
5. Джавалидзе Э. У истоков турецкой литературы. Ы, Джелаледдин Руми, Тбилиси, 1979, с. 25-43
6. Gözəlov F. Haqq ilə haqq olan aşiq – “Türkologiya” jurnalı. 1975, N 1-6
7. Hacıyeva M. Rıhtım M. Folklor və təsəvvüf ədəbiyyatı sözlüyü. Bakı, Nurlan, 2009
8. Hümmətova X. Yunis Əmrənin lirikası. Namizədlik dissertasiyası. Bakı, 1997, 155 səh.
9. Hümmətova X. Abdal obrazının xalq ədəbi ənənəsində və təsəvvüf şeirində yeri. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XXI, Bakı, Səda, 2006, s. 39-48
10. Hüseynzadə Ə. Doktor Əbdülqadir Qaraxan Füzuli haqqında // Füzulinin 400 illiyi münasibətilə Azərbaycan EA Xəbərlərinin xüsusi buraxılışı. Bakı, 1958, səh. 315-329
11. Köprülü F. Türk edebiyatında ilk mutasavvıflar. 4-cü basım. Ankara, Gaye Matbaacılık sanayii, 1981
12. Qasımlı M. Aşıq sənəti. Bakı, Ozan, 1996
Nigar HƏSƏNOVA
AMEA Folklor İnstitutu,
Filologiya üzrə fəlsəfə doktoru,
nigar.qasanova.80@mail.ru
AŞIQ ŞƏMŞİR ŞEİRLƏRİNİN DİLİ VƏ ÜSLUBU
Xülasə
Məqalə XX əsrin ustad sənətkarlarından olan Aşıq Şəmşirin şeir dilinin leksik və frazeolji xüsusiyyətlərinin araşdırılmasına həsr edilmişdir. Aşıq Şəmşir şeirlərinin dilinin leksik-semantik xüsusiyyətləri haqqında tam təəssürat yaratmaq üçün müşahidə etdiyimiz dil vahidlərinin təsnifi verilmiş, sənətkarın şeir dilində leksik-semantik kateqoriyaların yeni üslubi çalarlıqla təqdim edildiyi xüsusi vurğulanmışdır. Bəlli olduğu kimi, frazeologiyanın əsasını xalqın yaratdığı obrazlı ifadələr təşkil edir. Bu baxımdan aşığın şeirlərində birbaşa məzmunla ahəngdarlıq təşkil edən frazeoloji vahidlərin araşdırılmasına diqqət yetirilmiş, həmçinin aşığın mətləbə uyğun şəkildə istifadə etdiyi atalar sözləri tədqiqata cəlb edilmişdir. Araşdırma zamanı şeirlərdə istifadə edilmiş məcazlar sistemi seçilmiş nümunələr əsasında diqqətə çatdırılır. Qeyd olunur ki, Aşıq Şəmşirin şeirlərinin dili dərin obrazlılığı, bədii təsvir və ifadə vasitələrinin zənginliyi, emosional keyfiyyətləri ilə fərqlənir.
Açar sözlər: Aşıq Şəmşir, dil, frazeoloji ifadə, şeir, təsvir, məcaz, xitab
THE LANGUAGE AND STYLE OF ASHUG SHAMSHIR’S POEMS
Summary
The article dedicates to the investigation of lexical and phraseological characters of Ashug Shamshir’s poem language who was the one of the masters of the 20th century. In order to create the whole impression about the lexical-semantic characters of the poem language of Ashug Shamshir the classification of the language units is given which have been observed, the representation of the new style shade in lexical-semantic catagories of the poem language of the master is especially mentioned. As it is known the base of the phraseology consists of the characteric combination created by the folk. That is why the investigation of the phraseolgical units in ashug’s poems which form the harmony with the content and the proverbs used by the ashug according to the essense are studied. During the investigation the figurative expression system used in the poems are brought to the notice on the base of the choosen examples. It is also noted that the language of the poems by Ashug Shamshir differ due to its deep figurativeness, the richness of grapic description and expression means, emotional characters.
Key words: Ashug Shamshir, language, phraseological expression, poem, description, metaphor, salutation
СТИЛЬ И ЯЗЫК СТИХОВ АШЫГА ШЕМШИРА
Резюме
Статья посвящена анализу лексических и фразеологических особенностей поэтического языка выдающегося мастера слова Ашыга Шемшира XX века. Чтобы создать полное представление об лексико-семантических особенностях поэтического языка, Ашыга Шемшира, дано изъяснение языковых единиц, особо подчеркнуты лексические семантические категории в новом стилевом оттенке поэтического языка масстера. Как известно, основу фразеологии составляют образные выражения, созданные народом. С этой точки зрения выделено внимание исследованию фразеологических единиц гармоничных с текстом, а также привлечены к исследованию пословицы, использованные ашыгом в целесообразном контексте. Во время исследования доводятся до сведения образцы выбранные из метафорической системы, использованные в стихах. Отмечается, что стихи Ашыга Шемшира отличаются глубокой языковой образностью, художественным описанием, богатыми выразительными средствами, эмоциональными качествами.
Ключевые слова: Ашыг Шемшир, язык, фразеологическое выражение, стих, описание, метафора, обращение.
XX əsrin ustad sənətkarlarından biri, Göyçə-Kəlbəcər aşıq mühitinin nümayəndəsi olan Aşıq Şəmşirin poetik irsinin araşdırılması Azərbaycan folklorşünaslığı qarşısında dayanan problemlərdəndir. Aşıq şeiri ənənələrini yaradıcılığında yaşadan, inkişaf etdirən ustad aşığın özünəməxsus dil və üslub xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər Aşıq Şəmşir dilinin leksik-semantik aspektdən tədqiqata cəlb olunmasına əsas verir.
Z.Məmmədov klassik aşıq poeziyası dilinin araşdırılmasının zəruriliyinin səbəblərini göstərərkən yazır: “Aşıq poeziyasının dil-üslub xüsusiyyətlərinin öyrənilməsi bütövlükdə aşıq sənətinin tədqiqi işinin tərkib hissəsi kimi mühüm bir funksiya yerinə yetirir. Yəni bu tədqiqatlar ilk növbədə aşıq sənətinin daha dolğun öyrənilməsi üçün lazımdır”(6, 3).
Aşıq Qurbaninin poetik irsinin araşdırıcısı Q.Kazımov doğru olaraq qeyd edir: “Milli ədəbi dilimizin inkişaf yolunun tədqiqi prosesində biz daim başqa bir yanlış yolu rəhbər tutmuşuq – el sənətini, el ədəbiyyatını, xalqın öz dilində danışan, ədəbi dilin əsl səviyyəsini, təbii mənzərəsini əks etdirən ədəbiyyatı dördüncü, beşinci plana keçirmiş, savadlı təbəqə üçün, bəlkə də, qəsdən ağır və zəhmli dildə, arxaik formaları qoruya-qoruya yazan klassik sənət ustalarının dilini ədəbi dilin inkişafı üçün əsas meyar kimi götürmüşük”(5, 125). Bu fikirlər mövzunun daha həssaslıqla elmi təhlilə cəlb edilməsini tələb edir. Aşıq Şəmşirin leksikası göstərir ki, bir sıra sözlər yeni semantika ilə təqdim edilir.
Aşıq Şəmşirin şeirlərində Azərbaycan dilinin leksik imkanları öz əksini tapmışdır. “Bilməz” şeirindəki misralara nəzər salaq:
İstəkli olana şirinzəbanam,
Şəmşirin dilinə dil çata bilməz (1, 76).
Bu nümunədə metonimiya aydın nəzərə çarpır. Şəmşirin dili Azərbaycan dilidir. Bu dilin qüdrətinə, əzəmətinə dil çata bilməz. Sözə dəyər verən, sözü yüksək qiymətləndirən, sözdən istifadə edərkən xüsusi məharət göstərən aşıq sözü qızıla bənzədir:
Söz qızıldı qədirbilən insana,
Xilaf desən yaxşı dosta, yaraşmaz.
Və yaxud:
Hədər söz insanı doğrayar, kəsər,
Hər nə söhbətin var, elə müxtəsər (1, 173).
Və yaxud:
Ayrı salmaq bu fələkdən peşədir,
İnan, söz qanana söz əndişədir (1, 189).
Ana dilimizin leksik imkanlarından məharətlə istifadə edən sənətkarın şeirlərindən qruplaşdıraraq qeydə aldığımız dil faktlarını bölgü üzrə təqdim edirik:
Şivə sözləri. Bəlli olduğu kimi, aşıqlar canlı danışıq dilinin, onun şivələrinin daşıyıcılarıdır. Bu baxımdan Aşıq Şəmşir poeziyasının dilində də xeyli sayda dialektizmlər müşahidə edilir ki, həmin sözlər şivələrimizdə bu gün də işlənməkdədir. Qeydə aldığımız fonetik dialektizmlərin işlənməsini şeirdə qafiyə, bölgü və digər qanunlarına əməl olunması ilə, leksik dialektizmlərdən istifadənin səbəblərini isə aşığın leksik təkrarlardan qaçması ilə izah etmək olar. Müşahidə edilən fonetik dialektizmlərin bir hissəsi ədəbi dil sözlərinin şivə tələffüzünə uyğunlaşdırılması yolu ilə yaradılmış, bununla da canlı danışıq üslubu saxlanılmışdır. Aşıq Şəmşirin şeirlərindəki leksik vahidlər əksərən xalq danışıq dilində işlənən sözlərdir.
Çuğullar qəlbini bulandıranda
Sözün qabaqkına cod olar onda (1, 102).
Burada işlədilən çuğul sözü bir sıra şivələrdə (Ağcabədi, Şuşa, Tərtər və s.) olduğu kimi, “ xəbərçi, araqarışdıran” anlamındadır (1, 111). Tovuz şivələrində çuğul “divarın düzlüyünü yoxlamaq üçün alət” anlamında işlənir.
Səni görən aşiq ağlar, kiriməz,
Gözlərinin yaşı çay ola, bəlkə (1, 109).
Kiriməh feili Azərbaycan dilinin bir sıra şivələrində “susmaq, sakit olmaq”, Şəki şivəsində isə “kəsmək, dayanmaq” mənasında müşahidə edilir (1, 282).
Qarğa qanadlanmaz tərlan içində,
İgid köməşiməz düşman içində(1, 178).
Bu söz şivələrdə “həvəsdən salmaq, soyutmaq” mənasında işlənilir (2, 287).
Ürək deyir: bax gözələ,
Dizimdə gir yoxdu axı(1, 352).
Gir sözü Bakı, Quba, Ağdam, Kürdəmir şivələrində “güc, qüvvə” mənalarında qeydə alınmışdır(2, 199).
Aşığın şeirlərində danışıq dilinin təsiri aydın duyulur:
Ay beyilqar, yolmu verdin başından (1, 44), Nolar yuxarı tut barı boynunu (1, 79), Bəlkə, qəlbi məhəbbətdən nəzilə (1, 88), Eyləmə axırda biurvat məni(1, 115), Keşkə gəlib söhbət aça cavanlıq (1, 236).
Etnoqrafik leksika. Aşıq Şəmşir poeziyasında yerində işlədilən məişət sözləri çox zaman sinonimik cərgədə təqdim edilir:
İştahım kəsilib nazı-nemətdən,
Kababdan, dolmadan, plovdan, ətdən (1, 244).
Ölməsən, bəsindi tapanda umac (1, 244).
Nərgiz kalağaylı, lalə gərdəkli,
Al bəzəkli təzə gəlindi dağlar(1, 106).
Leksik onomastika. Aşıq Şəmşirin şeirlərində qeydə aldığımız onomastik vahidlər arasında daha çox diqqətimizi çəkən toponimlər oldu. Doğrudur, aşığın şeirlərində antroponimlər, oykonimlər, hidronimlər də xeyli saydadır. Lakin aşığın dağlara, dərələrə, düzlərə vurğunluğunun göstəricisidir ki, oronimlərdən bolluca istifadə etmişdir. Çünki “coğrafi adlar vətən adıdır, torpaq adıdır. İnsan öz adını ömrü boyu gəzdirdiyi kimi, torpağa verilmiş coğrafi adları da özü ilə yaşadır” ( 3, 191). Odur ki, xalq həyatını öz şeirlərində tərənnüm edən el aşığının bu adları yaşatması təbiidir. Vətənini sevən aşıq yer-yurd adlarından ustalıqla istifadə edir:
Taxtadüz haçandır göz dikib yola,
İstisu üstündə qonaqlar səni (1, 46).
Anam İstisudur, atam Dəlidağ,
Murov, Lülpar,Qonur, Qoşqar oğluyam(1, 51).
Yenə at çapaydım Çöplü dağında,
Düz yurd lalasını bir də görəydim(1, 104).
Gəlsən görüşünə Keyvir bulağın,
Öpüşsən, soyuqdan donar dodağın(1, 122).
Qeyd edək ki, keyvir sözü Qazax, Çənbərək şivələrində də “soyuq, sərin” mənalarında izlənilir (2, 271). Bu misralarda adları çəkilən yer-yurd adları Aşıq Şəmşir poeziyasina yerli kolorit çaları gətirir, emosionallığı artırır.
Arxaizmlər. Aşıq Şəmşirin şeirlərində qeydə aldığımız bəzi leksik vahidlər vardır ki, bu gün dilimizin aktiv lüğət fondundan çıxmışdır.
Onsuz ağlayıram hey için-için,
Əfsus ki, olmayır yuxularım çin (1, 145).
Satılıb bazarda alım, qumaşım (1, 88).
Sarıdağ, Dovudlu, Qurğan yalını,
Həmzə çəməninin yaşıl-alını,
Soruşub qohumun, dostun halını,
Eli, obasını bir də görəydim (1, 104).
Qeyd edək ki, al sözü bir çox aşıqların şeirlərində də yaşıl sözü ilə birlikdə işlədilir :
Al-yaşıl geyinib qarşıda durma,
Yayın bədnəzərdən, göz dəyər sənə (Qurbani).
Termin səciyyəli sözlər. Bu cür sözlər müəyyən bir dövrü əks etdirir.
Xam torpağı yarıb çörək bitirən,
Kotanın ağzında əkər olaydım (1, 141).
Həvva şal toxudu, Adəm cüt əkdi (1, 159).
Əkinçi atama mən oldum hodaq (1, 155).
Frazeologizmlər. Aşığın istifadə etdiyi frazeologizmlər ustalıqla işlənərək dinləyəni heyrətləndirir:
Çəkilib sinəmə dəmir şiş dağı (1, 71);
Dələrsən bağrımı şan-şan elərsən (1, 78);
Yazısız dastanlar gələmməz kara (1, 157);
Yaranmış məxluqa içirdirmiş qan(1, 175);
Söz batmaz beyninə hər ağlı azın(1, 181).
Frazeoloji çoxmənalılıq:
Onu görən keçər külli varından,
Əl götürər bağçasından, barından ( 1, 58).
Hara getsən, əl çəkmərəm izindən (1, 246).
Frazeoloji sinonimlik:
Qəlbim qana döndü, dönüb baxanda (1, 43);
Qəlbim zədələnir belə kədərdən (1, 42).
Atalar sözlərindən istifadə. Aşıq Şəmşirin yaradıcılığında atalar sözü və zərb məsəllərə tez-tez rast gəlinir. Aşığın poetik irsinin araşdırıcısı S.İsayeva bu barədə geniş elmi təhlil aparmışdır (4, 226-230). Biz burada təhlilə cəlb edilməyən bir neçə nümunə qeyd etdik:
“Mərd ata – mərd oğul” – el misalıdı (1, 52);
Pay ver, pay alarsan – atalar deyib(1, 89);
Bir məsəldir elə oddan kül törər (1, 95);
İgid sonu gözlər, köhlən qabağı (1, 116).
Bəzi atalar sözləri yeni çalarda, yeni formada təqdim olunur:
Ürkək atın, səy arvadın əlindən
Kişinin başına daş düşər, düşər (1, 178).
Qarğa vətənində tülək tərlandı,
İgid qürbət eldə bel bükər, ağlar (1, 189).
Məcazlar. Aşığın yüksək sənətkarlığı məcazlardan istifadə edərkən özünü bir daha təsdiq edir:
Necə cavab verim, səni soruşur,
Suala çağırır lalalar məni.
Deyir, hayandadı şeirin ustadı? –
Dindirir al-əlvan talalar məni (1, 42).
Soruşmaq, dinləmək insana xas olan xüsusiyyətdir, lakin burada lalələrin, talaların üzərinə köçürülərək obrazlılıq yaradılmışdır.
Bədii təyin:
Cəvahir kəlməli, nitqi mirvari (1, 33);
Ey mina gərdənli, boyu tamaşa (1, 88).
Metafora:
Buludlar kişnədi, yer silkələndi,
Suların aynası çiliklənmişdi (1, 67).
Buludlar karvanı dağdan aşanda,
Sellər köpüklənib qucaqlaşanda (1, 237).
Metonimiya:
Nizami yurdunun yadigarısan,
Minnətdarıq sənətkara, bir də gəl!(1, 37)
İstiarə:
Alışıb oduna pərvanə kimi,
Kabab olum, köz başına dolanım (1, 64).
Kalağay təhəri, cuna misalı,
Çən yatıb çölləri gərdəkləmişdi (1, 67).
Ellər aşiqiyəm, gəzdim mahalı,
Mərifəttək dür görmədim bahalı( 1, 171).
Bədii ifadə vasitələri – inversiya:
Hər işi tez başa insanlar düşər (1, 90).
Mübaliğə. Aşıq Şəmşir “fikrin, ideyanın daha qüvvətli və təsirli alınması üçün mübaliğədən istifadə etmiş və bu zaman mübaliğənin ( bədii şişirtmənin ) sərhədlərini ustalıqla gözləyərək bədii ideyanın daha dolğun təcəssümünə, bədii reallığın yüksək estetizminə nail olmuşdur” (4, 220).
Dostun bir görüşü dəyər min aya,
Xoş keçən bir günə il çata bilməz(1, 76).
Söz və ifadə yaradıcılığı. Morfoloji yolla yaradılan bir sıra nümunələrə təsadüf edilir:
Baxın, heyran qalır, təbəssümlənir
Ay da, Gün də mayağına vətənin(1, 52).
Güləş gözlə tale mənə baxan gün,
Şəmşir öz baxtını ətəkləmişdi (1, 68).
Cismi-canı mənə verən kimsənə
Əlimdən əlacım almamış hələ (1, 73).
Sinonim cərgələr . Bəzən aşıq poeziyasının dilində eyni anlayışı ifadə etmək üçün bir-biri ilə sinonim olan müxtəlif leksik vahidlərə rast gəlinir. Aşıq Şəmşirin şeirlərində də sinonim cərgələrdən geniş istifadə edilmişdir:
Bu dünyanın malı, varı, dövləti,
Məni bu odlara salana qurban(1, 81).
O işvəli ceyran, o nəcib pəri,
Şəmşiri eylədi dəli, sərsəri(1, 86).
Firavan keçsə də hələ həyatın,
Vaxt gələr, kəsilər kəndirin, çatın(1, 105).
Antonimlər. Aşıq Şəmşirin poeziya dilində sinonim sözlərin qoşa işlənməsinə təsadüf edildiyi kimi antonimlərin də qoşa işləndiyi məqamlar da çoxdur. Nümunələrə diqqət edək:
Sinəsində enər-qalxar avazlar,
Zil şöhrəti, bəm şirini dağların(1, 36).
Dirilmək çətindi, ölməyə nə var?!(1, 41);
Ağlamaq acıdı, gülməyə nə var?! (1, 41);
Şəmşiri salmısan dağa, arana (1, 81);
Mən dedim: qaradı, sən dedin: çaldı (1, 53);
Xəsislikdi sonrası da, ilki də(1, 151);
Dünən ucaldırsan, bu gün yıxırsan (1, 217).
İzafət tərkibləri:
Dadıma sən yetiş, ey bari-xuda (1, 117);
Tutub saxlasaydı bu çərxi- dövran,
Qoymazdım əlimdən qaça cavanlıq (2, 236);
O külli-aləmi tək dolandıran,
Növraqi-zəminə pak nizam quran (1, 229).
Xitablar:
Dolan gəl, a canlar alan (1, 55);
Təbiblər təbibi, amandı tez gəl (1, 210);
Biz çəkə bilmirik, ay ağa, neynim?! (1, 228).
Aşıq Şəmşir poeziyasının hərtərəfli elmi tədqiqata cəlb olunması üçün dil və üslub baxımından da araşdırılması böyük əhəmiyyət daşıyır.
QAYNAQLAR
1.Aşıq Şəmşir. O Kürün, Arazın Tərtəriyəm mən. Bakı, Sabah, 2004
2.Azərbaycan dialektoloji sözlüyü. I cild, Ankara, 1999
3.Xalıqov F. Azərbaycan onomalogiyası (folklor əsasında). Bakı, Müəllim, 2009
4.İsayeva S. Aşıq Şəmşirin poetikası. Bakı, Elm və təhsil, 2012
5.Kazımov Q. Qurbani və poetikası. Bakı, 1996
6.Məmmədov Z. Klassik aşıq poeziyasının leksik-semantik xüsusiyyətləri. Bakı, Avropa, 2006
Aynur HÜSEYNOVA
AMEA Folklor İnstitutu,
Filologiya üzrə fəlsəfə doktoru,
aynur-huseynova-1977@mail.ru
“AZƏRBAYCANI TƏDQİQ VƏ TƏTƏBBÖ CƏMİYYƏTİ”NİN NÖVBƏTİ UĞURLU NƏŞRİ: HƏNƏFİ ZEYNALLI
“AZƏRBAYCAN ATALAR SÖZLƏRİ”
Xülasə
Maddi və mənəvi abidələrin öyrənilməsi zərurəti 1923-cü ildə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin yaranmasına səbəb oldu. Cəmiyyət yaranan gündən az bir zaman ərzində xalq ədəbiyyatımızın toplanması, öyrənilməsi, nəşri sahəsində mühüm işlər görülməyə başlandı. Cəmiyyətin uğurlu nəşrlərindən biri də Azərbaycan folklorşünaslığının yaradıcılarından olan Hənəfi Zeynallının toplayıb nəşr etdirdiyi “Azərbaycan atalar sözü” kitabıdır. 1926-cı ildə Azərbaycanda ilk dəfə müəyyən elmi prinsiplər əsasında tərtib olunmuş bu kitab Azərbaycan folklorşünaslığı tarixində bu gün də mühüm mövqe tutmaqdadır.
Açar sözlər: Folklor, Tədqiq və Tətəbbö Cəmiyyəti, nəşr, atalar sözləri, məsəllər
THE SUCCESSFUL PUBLICATION OF AZERBAIYCANI EXPLORATING AND STUDYING SOCIETY: HANAFI ZEYNALLI “AZERBAIJANI PROVERBS AND SAYINGS”
Summary
The necessity of learning material and cultural monuments was caused to the creation of Azerbaijani Explorating and Studying Society. Important works were done in the field of collecting, studying and publishing of folklore since establishment of the society. One of the successful publications of society is the book of “Azerbaijan proverbs” which was collected and published by Hanafi Zeynallı. This book whish was compiled on the basis of certain scientific principles for the first time and today it takes a position in the history of Azerbaijani folklore study.
Key words. Folklore, Explorating and Studying Society, publication, proverbs, sayings.
ОЧЕРЕДНОЕ ЗНАМЕНАТЕЛЬНОЕ ИЗДАНИЕ «ОБЩЕСТВО ОБСЛЕДОВАНИЯ И ИЗУЧЕНИЕ АЗЕРБАЙДЖАНА»: ХАНАФИ ЗЕЙНАЛЛЫ «АЗЕРБАЙДЖАНСКИЕ ПОСЛОВИЦЫ И ПОГОВОРКИ»
Резюме
Изучение культурно-просветительских ценностей послужило созданию в 1923 году «Общества Обследования и Изучения Азербайджана». Со времени образования общества, в течение короткого промежутка времени, начались работы по сбору, изучению и изданию народной литературы. Одним из выдающихся достижений общества, стала собранная и изданная известным Азербайджанским фольклороведом Ханафи Зейналовым, книга «Азербайджансие пословицы и поговорки».
Эта книга, изданная в 1926 году, впервые в истории Азербайджана, основанная на научных принципах, и по сей день играет важную роль в истории Азербайджанского фольклороведения.
Ключевые слова: фольклор, Общества Обследования и Изучения, публикация, пословицы, поговорки.
1920-ci illərdə maddi və mənəvi abidələrin öyrənilməsi dövlət əhəmiyyətli bir amilə çevrildi. 1923-cü ilin yazında bir qrup alim “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin” nizamnaməsinin təsdiq olunması xahişi ilə Xalq Maarif Komissarlığı kollegiyasına müraciət etdi. Elə həmin dövrdə Bakı Universitetinin professoru Arslan Nurəddinov (A.R.Zifeld ləqəbi ilə) “Bakinski raboçi” və “Kommunist” qəzetlərində dərc olunmuş məqalələrində respublikamızın hərtərəfli öyrənilməsi, dövlətə, məktəbə və fəhlə təşkilatlarına kömək göstərilməsi məqsədilə bir sıra elm və iş adamlarını, alimləri, sovet işçilərini birləşdirən Azərbaycanın öyrənilməsi kimi xüsusi Cəmiyyətin yaradılmasının zəruriliyi barədə fikir irəli sürmüşdü. Xalq ədəbiyyatımızın toplanması, nəşri, öyrənilməsi də bu işdə əsas məqsəd idi. 1923-cü il noyabın 2-də təsis edilmiş “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” bu yöndə mühüm işlər görməyə başladı. İlk növbədə cəmiyyətin üç əsas şöbəsi işə başladı: tarix və etnoqrafiya, təbiyyat, iqsadiyyat.
Cəmiyyətin fəaliyyəti qısa bir müddət ərzində həm kəmiyyətcə, həm də keyfiyyətcə genişlənib, respublikamızın siyasi, sosial-iqtisadi həyatında əsaslı bir yer tutaraq, əhalinin ən müxtəlif təbəqələrinin rəğbətini qazandı.
Cəmiyyətin folklor komissiyasında prof. A.V.Baqri, H.Zeynallı, V.Xuluflu, A.Sübhanverdixanov, yazıçılardan C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və başqaları çalışırdı. “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” Azərbaycan folklor örnəklərinin toplanması, nəşri və tədqiqi istiqamətini qüvvətləndirdi. Xırda bayatı, atalar sözlərindən tutmuş iri həcmli nağıl, rəvayət, dastanlar toplanılır, imkan olduqca müxtəlif mətbuat səhifələrində çap olunurdu. Prof. N.J.Aşmarinin canlı Azərbaycan-türk ləhcələrinin çoxdilli izahlı lüğəti tərtib edilmiş, Nuxa ləhcəsi və İ. Həsənovun Gəncə ləhcəsi barədə tədqiqat əsərləri nəşr olunmuşdu.
Həmin dövrdə prof.B.Çobanzadənin kumık haqqında, Xalid Səlinin Özbək, Qazax və Türkiyə türkcəsi haqqında əsərləri çapdan çıxdı. Etnoqrafiya sahəsində A. Ələkbərovun (türklər, tatlar, kimeredlər) və doktor Qaraşəhərlinin (köçəri türklər) etnoqrafik kəşfiyyat səfərləri, Ağdam qəzasında ( Mil düzü) köçərilərin və yerli əhalinin yaşayış və sanitar-məişət şəraitinin tədqiqi xüsusi diqqəztə layiqdir.
“Azərbaycanı Tədqiqi və Tətəbbö Cəmiyyəti”nin tərkibində olan redaksiya və komissiyalar respublikanın rayonlarına ekspedisiyalara gedirdilər. Bu ekspedisiyalara təcrübəli şəxslər rəhbərlik edirdi. Folklor materiallarının toplanması üçün də rayonlara ekspedisiyalar göndərilirdi ki, bu ekspedisiyalara rəhbərlik edənlərdən biri də Azərbaycan folklorşünaslığının yaradıcılarından olan Hənəfi Zeynallı idi.
20-ci illərdə folklor irsimizin itib-batma təhlükəsi, folklor nümunələrinin dəqiq şəkildə yazıya alınmaması, dəyişdirilməsi və modernləşdirilməsi problemi H. Zeynallını düşündürən ciddi məsələlərdən idi.
Azərbaycan folklorunun həm toplayıcısı, həm də tədqiqatçısı olan H. Zeynallı cəmiyyət yaranan gündən bəri burada folklor məsələləri ilə məşğul olur, həmin cəmiyyətdə folklor komissiyasının sədri işləyirdi. O, birinci Azərbaycan aşıqlar qurultayının təşkili və keçirilməsində də çox yaxından iştirak etmişdi. Azərbaycan folklorşünaslığının bir sıra problemləri onu düşündürürdü, ona görə də yalnız toplama işilə kifayətlənməyib, folklorumuzun nəzəri məsələlərinə dair məqalələr yazırdı. O, folklorumuzun toplanması işinə xüsusi əhəmiyyət verərək deyirdi: “Əgər bizim el ədəbiyyatımız toplanarsa, cildlərlə kitablar nəşr edilər. Şübhəsiz ki, bu işin görülməsi ədəbiyyat sahəsində böyük nailiyyətlərə səbəb olar” (3, 215).
Azərbaycan folklorunun müxtəlif məsələlərinə dair araşdırmalar aparan H.Zeynallı bir sıra məqalələrin müəllifidir. Onun “Molla Nəsrəddin məzhəkələri” (1927), ”Azərbaycan nağılları”(1935) rus dilində, prof. A.Baqrinin üç cilddən ibarət tərtib etdiyi “Azərbaycan və ona yaxın ölkələrin folkloru”(1930) kitabına yazdığı müqəddimələri və sairəni göstərmək olar. Bunlardan başqa H. Zeynallının sırf nəzəri xarakter daşıyan məqalələri də olub: ”Xalq ağız ədəbiyyatı”(1926), “Azərbaycan el ədəbiyyatı”, “Azərbaycan folkloru” məqalələrini misal göstərmək olar.
Cəmiyyət fəaliyyət göstərdiyi müddətdə topladığı materiallardan yalnız iki kitab tərtib edib çapa verə bilmişdi. Bunlardan birisi “Azərbaycanı öyrənmə cəmiyyəti”nin 1926-cı ildə nəşr etdirdiyi “Azərbaycan atalar sözü və məsəlləri” kitabı, ikinci böyük əsəri isə 1928-ci ildə çap olunan “Azərbaycan tapmacaları”dır.
Öncə qeyd etmək istərdik ki, Hənəfi Zeynallının “Azərbaycan atalar sözü” kitabı Azərbaycanda ilk dəfə müəyyən elmi prinsiplər əsasında tərtib olunmuş, toplama və öyrənilmə işini özündə birləşdirərək folkorşünaslığımız tarixində mühüm mövqe tutmaqdadır. Kitab müqəddimə ilə başlayır, ümumiyyətlə, müəllifin digər kitablara yazdığı müqəddimələrdə oldugu kimi bu kitaba yazdığı “Dibaçə” adlı müqəddimə də yüksək elmi səviyyədə yazılmışdır. Burada xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri haqqında maraqlı mülahizələrə rast gəlirik. Müəllif bir elin ənənə və adətlərini, həzz və ələmini, sevgi və nifrətini, coşğu və küskünlüyünü, düşüncə və təsəvvüratını ayrı-ayrı şairlərin yazdığı mənzum və mənsur parçalarda deyil, elin öz ruhundan doğan, öz qoynunda bəslənən el sözlərində, el inanclarında, xalq ədəbiyyatında aramaq lazım olduğunu bildirir. Çox böyük təəssüf, yanğı hissi ilə müəllif ana dilimizi, el ədəbiyyatımızı, el sözünü, el düşüncəsini xatirələrdən silməyə çalışanları tənqid edir.
Müqəddimədə folklor məsələləri haqqında danışarkən el ədəbiyyatının yayılması, genişlənməsi, nəsildən-nəslə ötürülməsində elin özünün, sadə insanların rolunu qeyd edərək yazır : “.... xalq ədəbiyyatı ilə uğraşanlar böylə bir fikrə gəlmişlər ki, bunları yaşadan, bütün elin hər bir fərdi deyildir, bəlkə elin öz içindən çıxmış, onun ruhu ilə bəslənmiş ağıçılar, nağılçılar və “aşıqlar” mövcud olur ki, bu adamlar, bir tərəfdən eşitdikləri nağılı anladır, digər tərəfdən söylədiyinin içinə öz ruhundan dəxi bir para qatmış olur” (6, 8).
Hənəfi Zeynallı şifahi ədəbiyyatı mənzum və mənsur olmaqla iki əsas qismə ayırır. Rus şifahi ədəbiyyatını Azərbaycan-türk ədəbiyyatı üçün bir “karvan yıldızı” kimi qəbul edərək şifahi ədəbiyyatımızın mənzum qismini: 1. Bayatı; 2. Mani; 3. Ağı; 4. Gap (təsnifat); 5. Bağlama; 6. Beşik başı (ninni); 7. Meyxanə. bədiyə; 8. Tərifləmə - kimi parçalara ayırır. Mənsur qismi isə, 1. Müxtəlif məzmunlu nağıllar; 2. Dastan (qəhrəmannamələr); 3. Qaravəlli (sərgüzəştlər); 4. Timsal və təmsillər; 5. Əfsunlar; 6. Tapmacalar; 7. Atalar sözləri (sınaq və başqaları) kimi şöbələrə ayırır və eyni zamanda qeyd edir ki, qəhrəmannamələr, əfsanələr, yanıltmaclar, tərifnamələrdə hər iki cəhət olduğu üçün həm mənsur, həm də mənzum qismdə görmək olar.
20-ci illər Azərbaycan folklorşünaslığında belə bir təsnifatın verilməsi mühüm elmi-praktik əhəmiyyətə malik idi. H. Zeynallının diqqət yetirdiyi janrlar sırasında, ümumiyyətlə, atalar sözü və məsəllər, eləcə də nağıllar xüsusi yer tuturdu. Atalar sözlərinin məna və məzmununa ciddi meyarlarla yanaşır, onların xalqın həyat tərzi, taleyi, mənşəyi ilə bağlılığı qənaətinə gəlirdi. “Bizcə, bu atalar sözlərinin məna və əhəmiyyəti qayət böyükdür. Hətta o qədər böyükdür ki, onları araşdıran birisi o sözləri yaradan xalqın adi ailə həyatından başlayıb ictimai münasibətinə qədər, tarix boyu keçirmiş olduğu iqtisadi dövrlərə qədər, hətta o elin bütün bədniyyat, ruhiyyat, əxlaq, din və fəlsəfəsinə qədər bələd ola bilər” ( 6, 11).
Hənəfi Zeynallı əski türkcəmizdə və “Divani-lüğət-it-türk” əsərində atalar sözlərinin “sav” adlandırılmasını qeyd edir. Müəllif atalar sözlərini xalqın həyatında, taleyində olan ictimai proseslərlə bağlı olub inkişaf etməsini uzun müddət təhsil almış, təcrübə keçərək özündə müəyyən bir əxlaq, fəlsəfə yaradan fərdin inkişafına bənzədir.
H.Zeynallı atalar sözlərini şəkil etibarilə iki qismə ayırır: onlardan birini “zərbül-məsəl” adını daşıyan “məsəl”, o biri isə adi “söz”lər olan savlardır. Müəllif iki parçadan ibarət olub qafiyə təşkil edənləri “məsəl” adlandırır. Buna aid belə bir misal göstərir:
1. Söz vardır xəlğ içində,
Söz vardır xulq içində.
2. Nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı.
II qism isə mənsur olanlardır ki, bunlarda qafiyə olmur.
Məsələn, “Ölü qəbir sandığından geri dönməz.”, “Pul kəsəni qılınc kəsməz” və s.
Daha sonra məsəlləri və savları məna etibarilə bir neçə qismə ayırır. İstər məsəllərin, istərsə də savların içində sadə, mənası açıq olanları göstərir. Məsələn, ”Ev ordusuna it hürməz”, ”Əldən qalan əlli il qalar”. Bunlarla yanaşı, əvvəllər həqiqi mənasında işlənib, sonradan məcazi mənada və yaxud kinayə ilə işlənənzlərin də çoxluğunu göstərir. Məsələn, “Mollanın qarnı beşdir, biri həmişə boşdur.”, “Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl!”, “Kasa aşdan isti olub” və s.
Müəllifin fikrincə, elə məsəl və savlar da vardır ki, onların heç vaxt həqiqi mənası yada düşməyib, məcazi mənası axtarılır. Məsələn, “Külü get küllükdən götür”.
Müəllif rus folklorçularından İlyustrova istinadən qeyd edir ki, məsəl- içərisində bir həqiqət olan kinayəli, rəvan xalq kəlamıdır və bu kəlam elə yonulmuşdur ki, onun içindən bir kəlmə belə atılamaz. Yeki-digərinə cavab verən qafiyələnmiş iki parçadan ibarət olar (6, 14). Məsələn:
Yaz gününün yağışı – ər-arvadın savaşı.
Qızıldan taxtım olunca – qaraca baxdım olaydı.
Bu məsəllərdə həm şeiriyyət, həm də kinayə vardır və insanın həyatı, məişəti, güzəranı ilə bağlı olduğu üçün həyatdan götürüldüyü də inandırıcıdır.
Sav – içində həqiqət olan qısa, sadə şəkildə deyilmiş xalq kəlamıdır. Məsələn :
Daldan atılan daş topuğa dəyər.
Ağ pulu qara gün üçün yığarlar.
Ümumiyyətlə, kitabın müqəddimə hissəsində müəllifin məsəllər və savlar haqqında maraqlı fikirləri var. Onun fikrincə, bəzən savlar məsəldən yaranır, yəni məsəlin birinci və yaxud ikinci hissəsi atılır, qalanı isə sadə və qısa olaraq el içində yayılır. Məsələn, “Quyu qazıyan, dərin qazı,
Gen dur, özün düşərsən.”
Bu məsəlin sonradan dəyişilib sav şəklinə düşmüş variantı – “Quyu qazıyan özü düşər”, yaxud “Quyu qazıyan əvvəl özü düşər.” Bəzən isə bir ədibin, şairin hansı bir şeiri misra, yaxud qısaldılmış şəkildə el içində atalar sözü kimi işlənir. Məsələn, Füzulinin “Hər yerdə olsa qanlını əlbəttə qan tutar” misrası el içində “Qanlını qan tutar”, “Qan yol verməz”, ”Gözünü qan tutub” kimi işlənir.
Hənəfi Zeynallı müxtəlif şəkillərdə işlənən məsəl və savlar haqqında da məlumat verir, bu da onların qəzalardan birindən digərinə keçdikdə baş verir. Məsələn:
-
Adın nədir? – Rəşid
Bir de, bir eşit!
-
Adın nədir? – Rəşid
Can de, can eşit!
Bu məsəlin birinci yarısı atılmış, ikinci yarısı artıq sərbəst şəkildə atalar sözü kimi işlənir. Müəllif M.Qəmərlinin “Atalar sözü” kitabında bu variantın olduğunu göstərir: “Can de, can eşit.”
Yeri gəlmişkən, qeyd etmək istərdik ki, İrəvan ədəbi-mədəni mühitinin önəmli nümayəndəsi Məmmədvəli Qəmərli ilk orijinal “Atalar sözü” kitabının tərtibçisidir və məhz bu kitabla da Azərbaycan folklorşünaslığı tarixində özünə əbədi yer qazanmışdır. Kitaba daxil edilmiş atalar sözü və məsəllər İrəvan və onun ətrafında tarixən məskunlaşmış Azərbaycan türklərindən toplanmışdır. Kitabda 750-ə yaxın atalar sözü və məsəllər daxildir.
Müəllif müqəddimədə atalar sözü və məsəllərin yaranma tarixi və səbəbləri haqqında da məlumat verir. O, qeyd edir ki, bəzi alimlərin fikrincə, guya əvvəl “məsəl”, yaxud “sav” olurmuş, sonradan onun üzərində həyatdan bir hekayə yaradılır. Müəllif onların bu fikri ilə razı olmayıb qeyd edir ki, hər bir atalar sözü ya tarixi olur, ya da fəlsəfi məna daşıyır. Məsələn, Bakıda belə bir məsəl var, “Mustafa xannan kağaz var”. Bu məsəl bizə tarixən dəli Mustafa xanın varlığını yada salır. Ancaq digər atalar sözləri insanların həyat tərzi, yaşayışı, güzəranı, qarşılaşdıqları çətinliklərlə bağlı olaraq yaranıb. Məsələn:
-
Bu yol gedər-gəlməz yoludur.
-
İmtəhan göydə dögü, yerdədir.
-
Oldu ilə öldüyə çarə yoxdur.
-
Bu dünyanınkı borcdur.
İctimai, iqtisadi əsaslar dəyişdikcə zamanın tələbinə uygun olaraq yeni-yeni atalar sözləri yaranır. Bu barədə H. Zeynallı qeyd edir ki, atalar sözlərinin bir çoxu ərəb və farslardan gələnlərdir. Lakin xalq bunların hamısını qəbul etmir, ruhuna uyğun olanlardan istifadə edib, digərlərini mənimsəyə bilmədiyi üçün ona uygun birisini yaradır. Məsələn, fars dilində:
“An yeki porsid əştəra kek hey,
Əz koca miyayi ey eqbal pey”
“Qoft əz həmmami-gərmi-kuyito.
Qoft xod peydası əz zanuyl to” (Rumi)
Tərcümə olunmuş şəkli isə belədir:
Dəvə dedi: Hamamdan gəlirəm,
Dedilər : görünür (tökülür) qılça-paçundan.
Bəzən farscasından daha gözəl, kinayəcə daha kəskin olan başqa bir variant yaranır:
Hardan gəlirsən? – Çini-maçannan!
Məlumdur sənin pari-paçunnan!
Hənəfi Zeynallı qeyd olunan cəhətləri ümumiləşdirərək sonda belə bir nəticəyə gəlir ki, iqtisadi və ictimai keçidlər ümumbəşəri olduğu üçün Azərbaycan – türk atalar sözlərinin eynisini həm ruslarda, həm farslarda və yaxud digər millətlərdə görmək olar.
– “Məxəzlərimiz” adlanan hissədə müəllif əldə olan atalar sözlərinin hansı mənbələrdən toplanması haqqında məlumat verir. H. Zeynallı bu atalar sözlərinin bir qisminin Azərbaycanın bir çox bölgələrini qarış-qarış gəzərək yaşlı kişilərin, qarı arvadların dilindən toplandığını, digərlərini XIX əsrin sonu XX əsrin əvvəllərindəki dövri mətbuat orqanlarından, xüsusilə, “Kəşkül”, “Molla Nəsrəddin”, “Məktəb”, “Dəbistan”, həmçinin SMOMPK məcmuəsindəki atalar sözü və məsəllərdən, “Rəşid bəy Əfəndizadənin “Bəsirətül-ətfal” dərsliyindən, Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabçasından, Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi” kitabından və digər müntəxabat və dərsliklərdən də istifadə etdiyini göstərmişdi. O, bu işdə bir çox insanın əməyinin zəhməti olduğu üçün hər kəsin zəhmətini müqabilində qiymətləndirir və minnətdarlığını bildirir. Müəllif hər bir atalar sözünün qarşısında onun hansı mənbədən götürüldüyünü, Azərbaycanın hansı bölgəsinə aid olduğu barədə məlumat da vermişdi.
– Kitabın tərtib prinsiplərinə gəlincə, H. Zeynallıının qeydləri diqqətəlayiqdir. Bu kitab həmin dövrə qədər çap olunan bütün folklor kitablarından öz elmi prinsipləri ilə seçilirdi. Müəllif fransız, alman, rus dilində olan bu tipli geniş ədəbiyyatdan fərqli olaraq, öz kitabını əlifba sırasına görə deyil, mövzulara görə bölüb. O, əlifba sırası ilə olan təsnifatı son dərəcə mənasız hesab edərək, bu sistemi “min dərədən axan sular”a bənzədirdi. Onun fikrincə, bu cür bölgüdəki bir səhifədə biri digəri ilə əlaqədar olmayan təsadüfi fikirlər toplanmış olur. H. Zeynallı kitaba daxil olan atalar sözlərini iki böyük hissəyə ayırıb: insan və təbiət, insan və cəmiyyət. Kitab da bu prinsipə, bölgüyə əsasən tərtib edilib. Bu iki hissənin özünün də xırda bölgüləri var.
– Birinci hissə təbiət, kainat, dünya, iqlim, insan, insanın fəaliyyəti, mənəvi aləmi, duyğuları, bədən üzvləri, sağlamlıq, xəstəlik, sənət, peşə, heyvanlar və nəbatat və s., ikinci hissədə isə siniflər, sinfi münasibətlər, ictimai müəssisələr, ailə münasibəti, ictimai münasibətin müsbət və mənfi cəhətləri, din, ənənələr kimi mövzulara bölünmüşdür.
Xalq ədəbiyyatının ən geniş yayılmış növü olan atalar sözləri xalqın, millətin həyatını, məişətini, hər gününü əks etdirdiyi üçün bu kitabda hər mövzuya aid atalar sözlərinə rast gəlmək olar. Apardığımız araşdırmaya görə, kitabda 3302 atalar sözü işlənib. Bunun çox hissəsi, 1719-u insan və təbiət mövzusu ilə bağlı olan atalar sözləri, 1583-ü isə insan və cəmiyyət mövzusu ilə əlaqədar olan atalar sözləridir. Bu bölgünün içində olan daxili bölgüyə nəzər salsaq, birinci qismə daxil olan atalar sözlərinin daha çox faizini (326) heyvanlarla bağlı olan atalar sözləri, sonra insanın duyğuları, daxili keyfiyyətləri ilə bağlı olanlar (164), daha sonra isə dünyanın etibarsızlığını, faniliyini özündə əks etdirən atalar sözləri (146) tutur.
İkinci qismdə isə daha çox yeri ailə münasibəti (345), faiz etibarilə ikinci yeri ictimai əlaqə (qonaq, qonşu, dost-düşmən, xain və s.) (281), üçüncü yeri isə ictimai həyatın “müsbət” və “mənfi” cəhətləri ilə bağlı olanlar tutur (202).
Maraqlı cəhətlərdən biri də odur ki, müəllif ehtiyac olduqda, atalar sözləri və onların yaranma səbəbləri ilə bağlı açıqlamalar da verir. Məsələn: ”Gəlin atlandı, gör kimə düşdü.” O, bu barədə belə qeyd edir: – “Ağız ədəbiyyatını araşdırdıqca, elin keçmişinə aşina olmaq olur. Bu söz ilə qızların ata mindirilib köçürüldügü anlaşılır ki, bu adət Türküstan və İranda bir çoq yerlərdə bu halda da vardır. Türkiyədə: Qızı ata bindirdilər, ya nəsib, didi.” Və yaxud, “Qarğa, məndə qoz var”. Müəllif bu atalar sözünə belə aydınlıq gətirir: “Qarğanın qoza həris olduğu məlumdur. Elmimiz də deyir ki, qoz ağacının yayılmasına qarğa səbəb olur. İştə özünü saxlaya bilməyib var-yoxunu açanlar üçün bu söz deyilir.” Kitabda bu cür maraqlı açıqlamalara çox təsadüf olunur.
Kitabın sonunda Azərbaycanın müxtəlif ləhcələrinə aid sözlərin izahatına dair 76 sözdən ibarət lüğət verilir ki, bu da əsərin elmi dəyərini daha da artırır.
Bütün deyilənləri yekunlaşdıraraq qeyd etmək istərdik ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin uğurlu nəşrlərindən sayılan və ilk dəfə Azərbaycanda müəyyən elmi prinsiplər əsasında tərtib olunmuş müvəffəqiyyətli bu kitab folklorşünaslığımız tarixində bu gün də mühüm mövqe tutmaqdadır. Xalqın əsrlər boyu yaratdığı, illərin sınağından çıxarıb gətirdiyi minlərlə atalar sözü və məsəllərin toplandığı bu kitab xalqın dünyagörüşünü, arzu və istəklərini, həyata münasibətini, estetik ideallarını öyrənmək baxımından qiymətli materialdır.
Dostları ilə paylaş: |