QAYNAQLAR
1. Babayev L. Yazıq nə yeyib ki // “Kənd həyatı” qəzeti (Zəngilan), 23 sentyabr
1989
2. Bayramova M. Ədalətli bölğü // “Kənd həyatı” qəzeti (Zəngilan), 28 may 1992
3. Qarı hiyləsi, gəlin kələyi // “Kənd həyatı” qəzeti (Zəngilan), 17may 1980
4. Quldur olasan, özü də belə // “Kənd həyatı” qəzeti (Zəngilan), 5 oktyabr 1991.
5. Mahir xəttat // “Kənd həyatı” qəzeti (Zəngilan), 5 okyabr 1991
6. Mollanın savab işi // “Kənd həyatı” qəzeti (Zəngilan), 29 yanvar 1992
7. Koroğlu daşı / söyləyəni Zərifə nənə // “Kənd həyatı” qəzeti (Zəngilan), 23 sentyabr 1989
Sevinc ƏLİYEVA
AMEA Folklor İnstitutu, elmi işçi
sevincaliyeva80@rambler.ru
ALLEQORİYADAN SİMVOLA: TƏMSİL JANRI
Xülasə
Məqalədə təmsil janrının başlıca xüsusiyyətləri olan alleqoriya və simvollaşma məsələsi elmi-nəzəri cəhətdən araşdırılmış, mövzuya yeni aspektdən yanaşılmışdır. Eləcə də heyvanlar haqqında nağıllarda simvollaşmış anlayışlar nümunələr əsasında izah edilmişdir. Və həmçinin simvol haqqında görkəmli alimlərin elmi-nəzəri fikirlərinə diqqət yetirilmişdir.
Açar sözlər: alleqoriya, simvol. heyvanlar haqqında nağıllar, təmsillər, yazılı ədəbiyyat, şifahi ədəbiyyat, mifologiya
FROM ALLEGORY TO A SYMBOL: FABLE GENRE
Summary
In the article the main features of fable allegory and symbolation from scientific-thematic point of view are investigated. At the same time the symbolation meanings dealing with the tales about animals are explained on the base of samples. Here is also paid attention to the scientific-thematic thoughts of famous scientists dealing with the symbol.
Key words: allegory, symbol, tales dealing with the animals, fables, written literature, oral literature, mythology
ОТ АЛЛЕГОРИИ К СИМВОЛУ: ЖАНР БАСНЯ
Резюме
В статье с научно-теоретической точки зрения были исследованы основные особенности жанра басня – аллегория и символизация, к проблеме был сделан совершенно новый подход. А также на основе образцов были проанализированы символы-понятия в сказках о животных. Автор также привлек внимание к научно-теоретическим мыслям выдающихся ученых о символе.
Ключевые слова: аллегория, символ, сказки о животных, басня, письменная литература, устная литература, мифология
Təmsil janrının başlıca xüsusiyyətlərindən biri alleqoriya, digəri də simvollaşmadır ki, bu iki özəllik janrın yarandığı tarixdən bugünə qədər davam etməkdədir. Alleqoriya (istiarə) və simvol yoxdursa təmsil də yoxdur. Beləliklə, təmsillərin ən əsas janr özünəməxsusluğundan birini təbii ki, alleqoriya təşkil edir. Yunan sözü olan alleqoriya – başqa cür deyirəm mənasına gəlir. Alleqoriya poetik fiqur kimi ən sadə mənası ilə fikrin üstüörtülü deyilişidir. O, məcazın bir növü olub hər hansı bir mücərrəd fikri, məfhumu, ideyanı, anlayışı konkret predmet və ya hadisənin köməyi ilə təsvir etməkdir. Geniş mənada orta əsr Şərq ədəbiyyatının bir növü alleqorik məzmunludur. Alleqoriyanın əsaslandığı bədii ifadə vasitələri rəmz, kinayə, təşxis, məcaz kimi xarakterizə edilə bilər. Həm qədim, həm orta əsr, həm də romantizm dönəmində alleqoriya bədii əsərlərin əsas poetik fiquru olmuşdur. Buna baxmayaraq hər dövrün alleqoriyaya öz münasibəti olmuşdur. Belə ki, orta əsrlərdə didaktik məzmunu ilə seçilən təmsillər klassizm dönəmində yunan miflərindən aldığı obrazları alleqoriya vasitəsi ilə simvola çevirmişdir. Romantizm ədəbiyyatında isə alleqoriyanın məzmun və sahəsinin daraldığını görürük. O, daha çox bədii ifadə vasitəsi kimi istifadə olunur. XX əsrin tənqidi realistləri alleqoriyadan təqiblərdən qorunmaq, fikir və düşüncələrini üstüörtülü deməklə senzuradan yayınmaq məqsədi üçün istifadə edirdilər.
Ancaq başlıca məzmunu alleqorik olan təmsillər bəlli zamanlarda, bəlli məqsədlə yazılmışdır. Xüsusən orta əsr türk və farsdilli ədəbiyyatda təmsildən didaktika məqsədi ilə yararlanmışlar. Məsələn Cəlaləddin Ruminin təmsilləri buna parlaq örnəkdir. Ancaq bu didaktik əsərlərdə bir də tənqid var. Məsələn, Məhəmməd Füzulinin "Bəngü Badə" əsərində lovğalıq və özündən razılıq ifşa edilir. Alleqoriya bədii sözün obrazlı, məcazi deyimidir. Təmsillərdə alleqoriyanın köməyi ilə mücərrəd anlayış və fikirlər konkret heyvan, quş, balıq, cansız əşyalar vasitəsi ilə əyaniləşir. Həm qərb, həm də şərq ədəbiyyatında, o cümlədən Azərbaycan ədəbiyyatında məcazın bir növü olan alleqoriyadan fikri sapdırma, yayındırma məqsədi ilə istifadə edirlər. Təmsil janrının əsasını təşkil edən alleqoriya, simvol, məcaz haqqında Azərbaycan ədəbiyyatşünaslığında ayrıca tədqiqat aparılmadığından onların təmsillərdəki rolunu tam aydınlaşdırmaq mümkün deyildir. Hər halda alleqoriya sadəcə təmsillərə xas xüsusiyyət olmayıb yazılı ədəbiyyatın digər janrlarında, incəsənətdə də özünü göstərir. Ancaq qeyd etmək lazımdır ki, alleqoriyadan daha çox təmsillərdə, satirik əsərlərdə istifadə edilir. Hətta bəzi ədəbiyyatşünaslar təmsili elə alleqoriya adlandırırlar (1). Ona görə də təmsillərdə süjet-kompozisiya daxilində ortaya çıxan bir çox poetik ifadələr alleqoriya vasitəsi ilə eyhamlı, üstüörtülü-gizli şəkildə gerçəkləşdirir.
Alleqoriyadan hətta yeni dövr təmsillərində də istifadə edilmişdir. Belə ki, üç minə yaxın təmsili ilə XX əsrin ən böyük təmsil ustası adını qazanmış Hikmət Ziya öz əsərlərində həyatın, cəmiyyətin daxilində və ən əsası da insanların yaşayışında nəzərə çarpan nöqsanların, qüsurların böyük bir hissəsi öz əksini tapmışdır. Hikmət Ziya orijinal təmsil anlayışı ilə ədəbiyyata yeni təmsil nümunələri, məsələn zərb-məsəl təmsillər, təmsil-ittihamnamə, təmsil-bəraət, təmsil-ironiya, təmsil-hökm, təmsil-xəbərdarlıq və s. gətirmişdir. Onun olduqca qısa, yığcam təmsillərdən istifadə etməsi və dəyişik mövzulara, həm də formaca yeni bir üsulla müraciət etməsi maraq doğurur. Məsələn, Hikmət Ziya "Sözlər, hərflər, rəqəmlər və işarələr haqqında", "Zərb-məsəl təmsillər", "Başdan eləmək üçün xasiyyətnamələr", "Qarğış təmsillər", "Yeni ilin telefon söhbətlərindən" və s. buna misal ola bilər. Bu təmsillər ənənəvi təmsil janrının və alleqoriyanın yeni formasıdır:
Bir romanı sıxdılar,
çıxartdılar suyunu.
Gördülər selə düşən
hekayə olduğunu.
Və ya:
Pişik bığına baxıb,
Danışdı kişilikdən.
Siçana xoruzlanıb,
Qorxdu, qaçdı küçükdən (2; 27, 143).
Təmsillərin janr özəlliklərindən biri də onun simvola əsaslanması, obrazların simvollaşması məsələsidir. Simvol geniş anlayış olub həm yazılı ədəbiyyatın ayrı-ayrı janrlarında, həm də şifahi xalq ədəbiyyatında vardır. Simvolların mənası əsərin bədii quruluşundan ayrılmazdır. Hər hansı bir obrazın, hadisənin simvollaşması həmin əşyanın təbiəti ilə bağlıdır. Təmsillər bu cəhətdən spesifik özəlliyə malikdir. Simvolik işarələrdən və simvolizmdən maddi və mənəvi mədəniyyət nümunələrində istidafə edən qədim misirlilər, şumerlər, romalılar, çinlilər və digərləri də yararlanmışlar. Türk xalqlarının təmsillərində də alleqorizmlə bərabər simvollardan istifadə mühüm yer tutmuşdur. Bunu həm Nizami Gəncəvinin, həm Cəlaləddin Ruminin təmsillərində, Füzulinin alleqorik poemalarında, həm Seyid Əzim Şirvanidə, həm Sabirdə, həm də XX əsrin təmsil yazan müəlliflərində görmək mümkündür. Belə ki, Azərbaycan təmsil ədəbiyyatında bayquş və qarğa uğursuzluğun, donuz natəmizliyin, aslan cəsarətin, it və at sədaqətin, bülbül aşiqin, gül məşuqun, dəvə ağırbaşlığın, tülkü hiyləgərliyin, dovşan qorxaqlığın və digər heyvanlar da müvafiq şəkildə bəzi qavramların simvoluna çevrilmişdir.
Xüsusən Nizami Gəncəvinin təmsillərində çoxsaylı, müxtəlif, rəngarəng əfsanələr simvollaşaraq müəyyən ictimai məzmun qazanmışdır. Onun “Bülbül ilə qızılquş” dastan-təmsili bu cəhətdən spesifikdir. Burada xalqın danışan dili, dərdinin tərcümanı bülbül obrazında simvollaşmışdır. Bülbül danışmağın, qızılquş susmağın simvoludur. Şair bülbülün dili ilə qızılquşa belə deyir:
“Cəh-cəhi var hər quşun, çıxarmırsan səs niyə?
Niyə üstün olmusan sən quşlardan bəs niyə?
Azad nəfəs alsan da, dilin bağlı həmişə,
Heyran qoyan deyildir səsin ağlı həmişə.”
Təmsil-dastanda qızıquşun cavabı da susmağın yaşamaq üçün faydalı olduğunu göstərir, ancaq bu zəmanə ilə barışmaq, kiməsə şərik olmaq, kiminsə dərdini demək mənasına gəlməz:
“Cavab verdi qızılquş: “Dinlə, bacar susmağı,
Susmağımı görərək inlə, bacar susmağı.
Zirəklikdən almaram heç bir sirri dilimə
Yüz iş görsəm, yenə də gəlməz biri dilimə.
... Ötməkdən dilin yara, bağrın al qan olubdur
Yemin qurd-quş olubdur, yerin tikan olubdur.” (3; 151-152).
Bu son misralarda danışmaqla susmağın fərqi Nizami dünyagörüşü ilə simvolik şəkildə açılmışdır.
Əslində miflərdən gələn simvolik xüsusiyyət bir çox heyvanlar haqqında nağıllara da keçmişdir (4). Bu özəllik qaynağını heyvanlar haqqında nağıllardan alan təmsillərdə poetik elementə çevrilmiş, hətta təmsil janrının başlıca xüsusiyyəti olmuşdur. Heyvanlar haqqında nağıllarda simvollaşmış anlayışlara misal olaraq “Qızılquş və gürzə” nağılını göstərmək mümkündür.
“Qızılquş gözəl bir çəməndə gəzirdi, birdən gürzə onu gördü və dedi:
– Qızılquş, gəl dost olaq.
Qızılquş dedi:
– Bizim dostluğumuz tutmaz, çünki sən həmişə əyri durursan. Bir də mənlə dost olmaqda məqsədin nədir?
Gürzə:
– Sənlə dost olub göyə çıxmaq, oradan yerə baxmaq istəyirəm.
Qızılquş gürzəni caynağına alıb göyə qaldırdı. Göydə gördü ki, gürzə başını onun qanadının altına uzadıb, onu çalmaq istəyir.
Yenə də inanmayıb soruşdu:
– Neynirsən?
Gürzə onu azdırmağa çalışdı, harda olduğunu unutmuşdu, axı mərəzi tutmuşdu.
Dedi:
– Heç, başım gicəlləndi, gözüm qaraldı. Sizlər həmişə göydəsiniz, burdan yerlərə necə ürək eyləyib baxırsınız?
Qızılquş onun şirin dilinə aldanmadı, caynaqlarını araladı. Gürzə yerə düşdü, qıvrılıb açıla-açıla dümdüz düzəldi, öldü.
Qızılquş onun dalınca şığıyıb dedi:
– Bax, mən dostluğu belə düz görmək istəyirəm.” (5; 62-63).
Nağılda iki mənfəətpərəst dost bir-birini öldürmək istəyir. Nağılın məzmunundan çıxarılan nəticə dostluqda düz olmaqdır.
Məhz simvollaşma dərəcəsinin güclü xüsusiyyətinə görədir ki, təmsillər həm antik ədəbiyyatda, həm klassik şərq ədəbiyyatında, həm də orta əsr Avropa intibah mədəniyyətində formasının gözəlliyi, şeiriyyətinin poetikliyi ilə deyil, pedaqoji və polemik özəlliyi ilə önə çıxmışdır. Təbii ki, göstərməklə tərbiyə etmək, eybəcərlikləri yox etmək bütün zamanlarda pedaqoji fəaliyyətin başlıca xüsusiyyəti olmuşdur. Simvolika XIX əsr romantik ədəbiyyatında bir sənət nümunəsinə çevrilmiş, bu əsrdə yazılan təmsillərdə də obrazlaşmaya yol açan təmtəraqlı üslubun yaranmasına səbəb olmuşdur. Bu xüsusiyyəti K.Əliyev Azərbaycan romantizmi haqqındakı qiymətli kitabında aşağıdakı kimi dəyərləndirir: “Əfsanəvi və əsatiri obrazlara, onların simvolikasına maraq Azərbaycan romantiklərinin yaradıcılığında xüsusi yer tutur. Bunun başlıca səbəbi isə romantizmin özündən, onun özünəməxsus “fantastika”sından irəli gəlirdi. Fikri daha zəngin boyalarla, dahaçılğın ehtiraslı formada, daha təmtəraqlı şəkildə vermək arzusu romantiklər üçün istər-istəməz əfsanə və əsatirlərə qayıtmaq qapılarını geniş açırdı” (6; 160). Azərbaycan romantizminin bu özəlliyi təmsil ədəbiyyatına təsirsiz ötüşməsə də təmsillərdə əfsanə və əsatir obrazlarından istifadə edilmədi.
Təmsillərin simvolik keyfiyyəti dəyişməsə də XX əsrdən başlayaraq mövzu və forması xeyli dərəcədə dəyişmiş, yeniləşmiş oldu. Belə ki, mövzu rəngarəngliyi, hərf, yazı, səs, şeir, roman, telefon, qeybət, balta, fikir, düşüncə, ikiüzlülük, yaltaqlıq, inamsızlıq, buqələmlik və s. kimi yeni təmsil obrazları yarandı, yeni simvollar ortaya çıxdı.
Yuxarıda da deyildiyi kimi təmsillərin ən başlıca janr özünəməxsusluğu təbii ki, onun simvolik olmasıdır. Rəmz, misal, timsal, işarə, eyham, kinayə mənalarını verən simvol hər hansı bir qayəni, fikri ifadə etmək üçün o sahə üçün qəbul edilmiş ortaq termindir. Təmsillər oxuyanları təsəvvür etməyə, göz önünə gətirməyə, canlandırmağa, bir sözlə misal göstərməklə bənzətməyə təşviq etdiyindən simvollaşmış obrazlar bütün hallarda yaxşı qavranılır. Məsələn, ayı dedikdə hər kəs qaba və axmaq bir heyvan anlayır, eyni ilə qaba insana da ayı deyilir, dovşan dedikdə qorxaqlıq, zərərsiz heyvan və ya bu xislətdə insan qəsd edilir. Bir sözlə, təmsil janrının əsas özəlliyi olan simvollaşdırma ilə oxucu heç bir çətinlik çəkmədən qarşısındakının sadəcə ad çəkməklə nə demək istədiyini anlayır.
O halda simvol bir anlayışın, bir düşüncənin, bir varlığın, bir əşyanın hər kəs və ya bir qrup tərəfindən qəbul edilmiş işarələridir, demək mümkündür. Geniş mənada bütün qavramlar, anlayışlar əslində simvolikdir, şərti xarakter daşıyır. Elə buna görə də təmsillərin dərininə oxunması onların rəqəm, rəng, forma, canlı, cansız, dini, ədəbi, sənət, siyasi, dövlət, elmi, ezoterik, yol, əsgəri və s. formalarda mövcud olduğunu, bunların obrazlarda gizləndiyini göstərir. Təmsillərin də obrazlar sistemi bu mənada simvolikdir, çünki geniş mənada harada obrazlı ifadə, bədii dil varsa orada simvol vardır. Anlamı gildən düzəldilmiş və iki parça şəklində qırılmış qabı birləşdirmək və ya pay etmək ola simvol məcazi mənada eyni anlamın iki ayrı təmsilini bir-biri ilə əlaqələndirən bütövə deyilir. Təbii ki, zamanla simvol, mənası gizli olan anlayışlara verilən ad olmuşdur. Simvol işarə elmində (semiotikada) məna ifadə edən bir təmsil, bir təsvirdir. Beləliklə, simvol beş duyğu üzvü ilə qavranılan, görünən real aləmdən görünməyən aləmlərin kəşf edilməsini təmin edir. Simvolların mənaları bir-biri içində ərimə və ya qarışaraq deyil, üst-üstə qoyulma tərzindədir. O halda görünən ünsürlə görünməyən ünsür bir bütöv əmələ gətirir və biri olmadan digərini anlamaq mümkün deyildir (7; 20). Bütün bu özəlliklərinə görə G.F.Creuzer simvolu “şəkil və varlıq arasında, ya da ifadə ilə fikir arasında” vasitə kimi izah edir (7; 20). Əslində bu xüsusiyyət simvolizmin elə özüdür.
Simvolların əsas xüsusiyyətlərindən biri, bəlkə də birincisi onun çoxmənalı, çoxfunksiyalı olmasıdır. Çoxmənalılıq tamamilə izah edilə bilmədiyindən təmsillərdə obrazların əsl mənası bilinsə də qalan mənalarının hamısını bilmək mümkün olmur. Hər kəs simvolun bir və ya bir neçə mənasını bilir, qalan mənaları açmaq hazırlıqdan, simvolun dünyasına girməkdən asılıdır. Həm də simvollar tarixi zaman içində dəyişə bildiyi üçün onun anlamı da dəyişir. Çoxfunksiyalılıq da tarixiliklə, ədəbi proseslərlə, ədəbi cərəyanlarla bağlıdır və təmsillərin tarixi də buna parlaq misaldır.
Simvollara yeni məna yükləyən elm xadimlərindən biri də S.Freud oldu. Təbii ki, simvollarla bağlı S.Freudün Edip kompleksi baxımından izahı sonradan başqa bir psixoanalitik Carl Gustav Jungun kolektiv şüuraltı deyilən bəşəri müştərək yaddaş nəzəriyyəsinə görə daha da irəli aparıldı və simvola psixoloji anlam yükləndi. Başqa bir araşdırmaçı Leslie Whitea görə isə simvol keçmişdən bugünə qədər bütün insanlıq tarixini özündə yaşadır. Bəlkə də bu cəhətinə görədir ki, təmsillərin başlıca keyfiyyəti olan simvollar bəzən alleqoriya ilə də qarışdırılmışdır. Belə ki, bu iki anlayış aralarındakı uyğunluqlarına, işarəvi olmalarına görə eynidir. Ancaq təmsillərdə alleqoriya simvoldan daha çox özəllik qazanmışdır.
Buna baxmayaraq simvollara mifologiyada və xüsusən də heyvanlar haqqında nağıllarda da rast gəlinir. Özəlliklə bəzi mətləblərin gizlədilməsi, heyvanların simvollaşması, xarakterlərin bu simvollara görə davranışları, hərəkətləri heyvanlar haqqında nağıllarda başlıca ünsürdür. Başqa cür demək mümkünsə “Simvolik obrazlar şəbəkəsini təşkil edən təbiət obrazları və mifoloji obrazlar Azərbaycan romantizminin spesifik cəhətlərini, onun poetikasının özünəməxsusluqlarını meydana çıxarmağın əsas vasitələrindən biridir” (6; 174). Simvollar bəsit formada hər hansı bir anlamı izah etməklə qalmır, həm də anlamı gizləməyə xidmət edir. Ona görə də simvollar sadəcə olaraq bədii ədəbiyyatda, mifologiyada, nağıllarda deyil, eyni zamanda ezoterik bilgilərdə də mühüm yer tutur. Burada onun əsas funksiyası inisiasiyadan keçməyənlərdən, başqa cür desək avamlardan gizli bilgiləri saxlamaqdır. Burada əsas məsələ öyrənməyi yasaq edilənlərdən – bunlar həddi-buluğa çatmamış uşaqlar, qadınlar, doğmalara bağlı cahil insanlar, gizli biliyi daşıya bilməyənlər, onu qoruya bilməyənlər, sirri başqasına açanlar və s. inisiasiya asimvollarının mənasını saxlamaqdır.
Ancaq inisiyasiyadan keçənlərə aydın olan, məlum olan bəzi gizli tutulan bilgilər daha asan, sadə və bəsit bir formada teatr, inanc, ritual vasitəsi ilə xalqa çatdırılır. Bunlardan biri heyvanlar haqqında nağıllardırsa, digəri də təmsillərdir. Simvolik hekayələr – miflər və heyvanlar haqqında nağıllar vasitəsi ilə bir çox ezoterik məlumatlar avam xalqa da çatdırılır. Bu hekayələr xalqın başa düşə biləcəyi bir dillə, bir məzmunla nəql olunur. Heyvanlar haqqında nağıllarda heyvan, quş, bitki, cansız əşya vasitəsi ilə söylənən mətləblərdə sirr kimi saxlanan biliyin sadə xalqa öyrədilməsi ilə qarşılaşırıq. Məqsəd xalqı sirli olanlarla tanış etməkdir. Başqa cür desək, təmsil, əslində sadə xalqa heyvanların simvollaşmış obrazları ilə gizli olanları çatdırmaqdan ibarətdir. Bundan başqa təmsillərdə əvvəldən axıra kimi simvolik olan obrazlar bir çox funksiyalarda çıxış edirlər. Şair və yazıçılar, xüsusən də acgözlüklə, hiyləgərliklə, axmaqlıqla, yaltaqlıqla bağlı yazdıqları bir çox təmsillərdə tülkü, ayı, çaqqal, qurd kimi alleqorik obrazlardan klişeləşmiş simvol kimi istifadə etmişlər.
Bir əsas məsələ də iki anlayış arasında uyğunluğu bildirən simvolların bir çox halda alleqoriya, istiarə, məcaz, işarə, fetiş və s. ilə sinonim kimi işlədilməsidir. Təmsil də bir janr kimi görünənlərlə, bunlar heyvanlar, quşlar, balıqlar, bitkilər, cansız əşyalar, mücərrəd qavramlar ola bilir, görünməyənlər, bunlar da obrazların yaratdığı simvolik dünyadır, arasında əlaqə yaratdığından simvolik və alleqorikdir. Təkcə heyvan obrazlarının özü o qədər alleqorikləşmiş və simvollaşmışdır ki, onların adlarının çəkilməsi, xatırlanması insanda müəyyən assosiasiya yaradır. Ona görə də simvolik obrazları çox vaxt xəyali, bəzən də fantastik obrazlar adlandırırlar ki, bu terminlər arasında da müəyyən fərq vardır. Xəyali və fantastik obrazlar məlum olduğu kimi rəmzləşmiş obrazlar deyildir, onlar daha çox mif, nağıl mətnlərində özünü göstərir.
İşin elmi yeniliyi. Məqalədə ilk dəfə olaraq heyvanlar haqqında nağıllarda və təmsillərdə obrazların simvollaşması məsələsi sistemli olaraq öyrənilmiş, eləcə də alleqoriya və simvollaşmanın təmsillərdə və heyvanlar haqqında nağıllardakı rolu müxtəlif yönlərdən şərh edilmişdir.
İşin elmi nəticəsi. Və beləliklə, mifoloji hekayələrdə, heyvanlar haqqında nağıllarda simvollaşma və qismən də alleqoriya olsa da bu təmsillərdəki qədər açıq və aydın deyildir. Alleqoriya və simvol bir-birini tamamlayan iki poetik fiqur olmaqla təmsillərin ən əsas özəlliyi hesab edilir. Təmsillər heyvan miflərindən və heyvanlar haqqında nağıllardan yaransa da həm alleqoriya, həm də simvol nağılların başlıca özəlliyi olmaqdan uzaqdır.
İşin tətbiqi əhəmiyyəti. Məqalədə ilk dəfə olaraq nağıl və təmsillərdə simvollaşma ilə bağlı irəli sürülən bir sıra təhlil və prinsiplər, çıxarılan nəticələr gələcəkdə meydana çıxa biləcək bu tip mövzular üçün faydalı ola bilər.
QAYNAQLAR
-
Əsatirlər, əfsanələr və rəvayətlər Tərtib edənlər: A.Acaloğlu, C.Bəydili. Bakı, Şərq-qərb, 2005
-
Hikmət Ziya, Təmsillər. Bakı, Yazıçı, 1982
-
Nizami Gəncəvi, Sirlər xəzinəsi. Bakı, Yazıçı, 1981
-
Bax. Мелетинский Е.М. Герой волшебной сказки. Происхождение образа. Москва, Наука, 1958
-
Pirsultanlı S.P. Azərbaycan ağız ədəbiyyatı. Bakı, 2012
-
Əliyev K. Azərbaycan romantizminin poetikası. Bakı, Elm, 2002
-
R. Alleau, De la nature des symboles, Paris, Pont-Royal, 1964
Gülsümxanım HASILOVA
AMEA Folklor İnstitutu,böyük elmi işçi,
gulsumxanim@rambler.ru
ƏZİZƏ CƏFƏRZADƏNİN BƏDİİ NƏSRİNDƏ BAYATI MƏTNLƏRİ
Xülasə
Bu məqalədə Xalq yazıçısı Əzizə Cəfərzadənin bədii yaradıcılığında Azərbaycanın folklor janrı olan bayatıdan istifadənin müxtəlif məsələlərindən bəhs edilir. Ə.Cəfərzadənin öz yaradıcılığında bayatılara yer verməsinin bir səbəbi də onun öz folklorşünaslıq fəaliyyətində bayatıların toplanması və tədqiqinə verdiyi dəyərlə bağlıdır. Yazıçı-alim bayatı dünyasından heç vaxt ayrı düşmədi. Bayatı onun üçün həm elmi, həm də bədii yaradıcılığında estetik qida mənbəyi və əlavə yaradıcılıq potensialı olaraq qaldı.
Açar sözlər: Əzizə Cəfərzadə, bayatı, yazıçı, mətn, roman, folklor, alim
BAYATI TEXTS IN A.JAFARZADEH PROSE
Summary
The article deals with the different problems of using Azerbaijan folklore genre ─ bayati (quatrain) in the literary creativity of national writer, scientist A.Jafarzadeh. One reason of using bayati in A.Jafarzadeh’s creativity deals with her paying attention to collectioning and studying bayati in folklore-study activity. Writer-scientist never was far from bayati (quatrain) world. Bayati was an additional creativity potential in her scientific and literary creativity.
Key words: Aziza Jafarzadeh, bayati, writer, text, novel, folklore
ТЕКСТЫ БАЯТЫ В ХУДОЖЕСТВЕННОЙ ПРОЗЕ АЗИЗЫ ДЖАФАРЗАДЕ
Резюме
В статье рассматриваются различные вопросы использования азербайджанского фольклорного жанра баяты в художественном творчестве народной писательницы, ученой А. Джафарзаде. Причиной использования баяты, А. Джафарзаде в своем художественном творчестве, является та высокая оценка их собиранию и исследованию в своей фолкьлорной деятельности. Писательница, ученая никогда не отдалялась от мира баяты. Баяты осталась для неё как эстетическим источником музы, так и дополнительным творческим потенциалом в её научном и художественном творчестве.
Ключевые слова: Азиза Джафарзаде, баяты, писатель, текст, роман, фольклор, ученый
Ə.Cəfərzadənin bədii yaradıcılığında folklor poetikasından bayatılardan geniş istifadə olunması, ədəbiyyatın bəlli tarixi mərhələsində nəsrin tipologiya və janr imkanlarının genişlənməsi ilə bağlıdır. Belə ki, “80-ci illər Azərbaycan romanı tarixində keyfiyyətcə yeni bir mərhələdir. Bu mərhələdə Azərbaycan romanı janrın milli və dünya ədəbiyyatındakı ən yaxşı ənənələrdən müvəffəqiyyətlə bəhrələnməklə bərabər ideya-tematik və bədii sənətkarlıq baxımından xeyli inkişaf etmişdir” (11, 130).
Ə.Cəfərzadə bədii irsinin böyük bir hissəsinin roman yaradıcılığına bağlı olduğunu nəzərə alsaq, nəsrdə “yeniləşmənin “əsas prinsiplərinin onun yaradıcılığında da əks olunduğu şəksizdir. Keçmişə müraciət, müəyyən tarixi şəxsiyyətlərin yaşadığı dövrün sosial-siyasi mühitində bioqrafiyasında verilməsi tarixi-bioqrafik romanı ənənəvi xüsusiyyətlərindən uzaqlaşır. Tarixi mövzuya münasibətdə müəyyən sənədlilik prinsipləri qorunsa da, yazıçı sərbəstliyi, fakt, əhvalatlara yaradıcı, emosional münasibətlərin dominantlığı daha çox diqqəti cəlb edir. Eyni bədii-estetik məcrada müəllif mövqeyinin aydınlaşması uyğun haşiyə, epiqraf və s. bədii elementlərlə həyata keçirilir. Tarixilik, müasir həqiqətlərin keçmiş hadisələri əsasında bədii tədqiqat mərkəzinə çəkilməsi, xarakter bütövlüyünün təqdimin bir çox hallarda folklor örnəklərin əsasında aparılır. Ə.Cəfərzadənin romanları, ayrı-ayrı povest və hekayələrində bayatıların məzmun-simvolik qatının təhkiyəyə qoşulması əsərlərə əlavə emosional poetik rəngarənglik gətirir.
Dostları ilə paylaş: |