Asif Ata NİzamiLİK (Bədii-fəlsəfi esse)



Yüklə 242,32 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix04.11.2017
ölçüsü242,32 Kb.
#8444
1   2   3   4   5   6   7   8   9

Əslində Nüşabə İskəndəri fatehlik atından salıb, onu hikmət atına mindirir. 

Ona sübut eləyir ki, sənin, böyük İskəndərin məntiqi həyatın məntiqi yanında çox sönükdür. 

Nüşabə həm də qadın haqqında bəzi yanlış təsəvvürləri alt-üst eləyir. 

Nüşabə həyatsevərdir, ismətlidir, zərifdir, ağıllıdır, gözəldir, həm də əzəmətlidir, qüdrətlidir! 

İskəndər belə qadın görməmişdi. 

İskəndərin daxili aləmində heç kəs belə gərginlik yaratmamışdı. 

Nüşabə İskəndərə dəyərli və unudlmaz fəlsəfə dərsi keçmişdir. 

İskəndər arzularına tam nail olur. 

Ədalətlə, mərdliklə, ləyaqətlə, hünərlə hakimiyyət zirvəsinə qalxır. 

Ancaq bu onun daxili narahatlığını yox etmir. 

İskəndər  hökmranlıq  səlahiyyətində  dayanıb  qalmır.  Hökmranlıq  İskəndəri  dünyadan,  onun 

əzəli gözəlliyindən, faciəviliyindən ayırmır. 

Bəzən insana elə gəlir ki, ordulara qalib gələn, ölkələr fəth edən bir iradə ölümü də özünə ram 

edə bilər. 

İskəndər dirilik suyu axtarır və tapa bilmir. 

Bu, onun ən böyük məğlubiyyəti olur. 

O, sözün əsil mənasında iradəsinin, niyyətinin qarşısına çəkilmiş dəmir çəpəri görür. 

Burada İskəndər yenidən filosofluğa qayıdır. 

O “sonsuz imkan” xülyasından ayrılır, müdriklik yollarında bir addım da irəliləyir. 

Şahlığın, “fatehliyin mədhi deyil “Şərəfnamə”! 

Müdrikliyin qılınc hökmranlığı üzərində qələbəsinin vəsfidir – “Şərəfnamə”. 

Mərhəmətin,  məhəbbətin,  insaniyyətin  hökmranlığı  üstələməsi  haqqında  hekayətdir  – 

“Şərəfnamə”! 

Fatehliyin, keçici filosofluğun sonsuz mənası haqqında söhbətdir – “Şərəfnamə”! 

Qəhrmanlığın idrakla və mənəviyyatla qohumluğu haqqında söhbətdir – “Şərəfnamə”! 

İnsan arzularının imkanı və sərhədi haqqında həqiqətdir – “Şərəfnamə”! 

Məhəbbətlə birləşməyən, zorun, gücün, naqisliyin haqqında hikmətdir – “Şərəfnamə”! 

Dünyaya hakim olmaq ideyasının bədii-fəlsəfi inkarıdır – “Şərəfnamə!” 

Nizaminin  dünyada  və  insanda  gördüyü  mürəkkəbliklər,  ziddiyyətlər  haqqında  həqiqətdir  – 

“Şərəfnamə!” 

Nizaminin həm böyük kədəri, həm böyük sevinci, həm böyük şübhəsi, həm böyük inamıdır – 

“Şərəfnamə!” 

 

 

VII.



 

 DÜNYAYA  HEYRƏT 

 

Ən böyük müəllim belə, dünyanın tələbəsidir. Ən ali öyrədən belə öyrənəndir. 



Dünyaya  hökmran  olarsan,  aləmi  lərzəyə  salarsan,  ancaq  həyat  sirlərinə  vaqif  olmaq 

yollarında sarsılarsan, özünün cüziliyini duyarsan, sınarsan. 

Qılınc hökmranlığına yiyələnmək nisbətən asandır. 

Bu hökmranlıqda mürəkkəblik adiləşir, aləm iki qütbə ayrılır – sən və düşmən. 

Fəqət narahat zəka hökmranlığına yiyələnmək çətindir. 

Burada üfüqlər geniş, yollar sonsuz, sirli, dünya məchul hadisələr və suallar məcmuu... 

Vaxt var idi ki,  İskəndər əsasən öyrədirdi. 

Qılınc İskəndəri dünyanın hədsiz mürəkkəbliyindən, ziddiyyətindən ayırmışdı. 

Alim olandan sonra İskəndər əsasən öyrənir. Öyrətmək istədikdə belə. 



Dünya müəllimə çevrilir, İskəndər tələbəyə. 

Dünya  İskəndərə  görünməmiş  möcüzələr  bəxş  edir,  onu  qeyri-adi  mənalarla,  hikmətlərlə 

rastlaşdırır, möhtəşəmliyi, intəhasızlığı, sirli xilqəti, faciəviliyi, ahəngdarlığı ilə heyrətləndirir. 

Dahi bir sərkərdə dünya qarşısında uşağa çevrilir. 

Dünya kitabını səhifə-səhifə oxumağa başlayır. 

Dünya İskəndərə öyrədir ki, daxilindəkini üzə çıxarmağa tələsmə, əks təqdirdə üfunət dünyanı 

bürüyər və bu da sənin iradəndən asılı deyil. 

Dünya  öyrədir  ki,  ən  böyük  iksir  insanın  zəkasıdır,  bu  qeyri-adi  iksiri  heç  nə  ilə  əvəz  edə 

bilməzsən. 

Dünya öyrədir ki, İskəndərin müəllimlik iddiası xülyadır, o, dünya qarşısında yalnız tələbə ola 

bilər. 

Dünya şahlıq səlahiyyətinin sərhəddini müəyyən edir. 



Sokrat ilə İskəndər başqa dildə danışırlar. 

İskəndər şahlıq ləhcəsində danışır. Sokrat filosof şivəsində. 

İskəndər üçün Sokratın şaha tabe olması təbiidir, çünki hakimiyyət şahın əlindədir. 

 

Dur, aranı et mənimlə saz, 



Dünyadan eyləyim səni biniyaz. 

 

Sokrat üçün belə münasibət qeyri-təbiidir, çünki filosofun var-dövləti hümətdir, maddi sərvət 



gərəksizdir, çünki filosofun mənəvi dünyadan başqa aləmi yoxdur. 

 

 



Hümmətdə varlıyam mən qat-qat səndən, 

Mən bir az yeyənəm, sənsə çox yeyən. 

 

İskəndər fərman alandır, çünki həvəsinin quludur; 



Sokrat fərman verəndir, çünki həvəsinin şahıdır. 

 

Mənim həvəs adlı bir nökərim var, 



O daim önümdə fərmanda durar. 

 

Haman o nökərin nökərisən sən, 

Bizə qul olana qulluq edənsən. 

 

İskəndər üçün Sokratın şah hüzurundan imtina etməsi gözlənilməz hərəkətdir. 



Sokrat üçün bu təbiidir, çünki zəka padşahı qılınc padşahının ayağına gəlməz. 

İskəndər  Sokratı  öz  hökmranlığı  ilə  əfsunlamaq  istəməsi  gülüncdür,  çünki  Sokrat  belə 

hökmranlığı qəbul etmir. 

Nəhayət, İskəndər filosofluq səlahiyyətinə söykənir. Bu isə əbəs cəhddir. 

Çünki filosofluqda, mənəviyyatda İskəndər Sokratdan hədsiz dərəcədə aşağıdır. 

 

Səndə ki, pak olmaq iddiası var, 



Bəs nədən heyvantək edirsən rəftar? 

 

Yataraq dovşantək, coşub pələngtək, 


Sən ayıq aslanla qovğadan əl çək! 

 

Sokrat İskəndəri öyrədir. 



İskəndər daim öyrənir. 

İnsan zəkasının möcüzələr yaratmağa qadir olduğunu İskəndərə Əflatunun hazırladığı musiqi 

aləti öyrədir. 

Dünyanın  mürəkkəb  təbiətini  İskəndərə  dahi  alimlərin  dünyanın  yaranması  haqqında 

müxtəlif, mübahisəli fikirləri öyrədir. 

Hindli hakimlə söhbətində İskəndər müəllimlik eləməyə müvəffəq olur. 

Ancaq ardıcıl şagirdlik vaxtaşırı müəllimliyə həmişə üstün gəlir. 

Dünya İskəndərə demək olar ki, həmişə bilmədiyi, eşitmədiyi, görmədiyi şeylərdən danışır. 

Dünya İskəndəri filosofluq taxtına çıxarmaqla onu tilsimli oda salır, çətinliklər, narahatlıqlar, 

gərginliklər axarında itirir. 

İskəndər sirlər xəzinəsinə düşür və bu xəzinə onun qulağına nəhayətsiz kəlamlar pıçıldayır. 

İskəndəri heyrət bürüyür. 

Bəlkə də bu heyrətdə öz idrak məhdudluğuna, qeyri-kamilliyə hiddət də yaşayır. 

Hər halda, İskəndər dünya çağırışına əzəmətli bir ciddiyyətlə cavab verir. 

Hər halda, İskəndəri peyğəmbərlik səfərlərinə filosofların nəsihətləri yola salır. 

İskəndərin peyğəmbərlik səfəri başlayır. 

O,  çeşid-çeşid  insanlarla,  təbiət  hadisələriylə,  dəniz  möcüzələriylə,  kəskin  təzadlarla 

qarşılaşır. 

Ürəklərdə ümid çırağı yandırır, hər yanda mərhəmət və ədalət toxumu səpir, sirlərlə, sehrlərlə, 

Əfsunlarla dolu dünyanın mənasına qovuşduqca idrak həvəsi coşub-daşır.  

İskəndər dünyadan doymur.  

Bəlkə,  sarı  qumlu  səhralardan,  burulğanlı  dənizlərdən  keçən  İskəndər  artıq  dünyanın 

mənasına dalıb müəllimlik səlahiyyətinə malik olur? 

Xeyr, İskəndər peyğəmbərlik libasında da öyrənir. 

Dünya İskəndərə yeni-yeni, gözlənilməz hikmət bəxşişləri verir. 

Dünya İskəndərə əsil, böyük, ədalətli, ideal cəmiyyət haqqında heyrətamiz bilik verir: 

 

Cənnət tək içində hər nemət olan, 

Bir şəhər gördülər onlar uzaqdan. 

 

 

Gəlib darvazaya yetcək İskəndər, 

Gördü ki, qapıdan yoxdur bir əsər. 

 

Gördü çox bəzəkli, dolu dükanlar, 

Ancaq nə qapısı, nə qıfılı var. 

 

Bu  hadisə  əslində  İskəndər  peyğəmbərliyinin  süqutudur.  İnsanlara  bilmədiklərini  öyrətmək 



arzusu ilə səyahətə çıxan İskəndər əsil həqiqəti dərk edir, anlayır ki, ictimai bərabərliklə mənəvi 

kamillik birləşəndə insan həyatı gözəl və ülvi olur. 

 

– Əgər zirəksən, 

İbrət al, bu heyrət verən sirlərdən. 

 



Dünyanı gəzmərərm mən, daha bəsdir, 

Hər ovlaqda bir tor qurmaq əbəsdir. 

 

Bütün yığdıqlarım qalsın bir yana, 

Burdan öyrəndiyim bəs edər mana. 

 

Nizami ideal bərabərlik cəmiyyətini düşünəndə nə Kampanella vardı, nə Tomas Moor, nə də 

Sen-Simon. 

Nizami bu idealı İskəndərin fəlsəfi, idraki axtarışlarının son nəticəsi, yekunu sayır. 

Həyatın İskəndərə öyrətdiyi ən ibrətli dərs bu olur. 

 

İskəndər həyatla yanaşı ölümü də duyur. 



Hər kəsin həyatda ömür adlanan bir şamı var. Gec-tez o şam sönür. 

İskəndərdən sonra onun filosof dostları Sokrat, Əflatun, Ərəstu dünyanı tərk edirlər. 

Ölüm qarşısında onlar öz zəka və biliyinin nisbi mənasını duyurlar. 

Onlar görürlər ki, ölümün qarşısında qılınc gücsüz olduğu kimi zəka da gücsüzdür. 

Zəka insanı yüksəldir, ölüm insanı torpağa endirir. 

Torpağın yaşı çoxdur, ömrün yaşı az. 

Ömür fərqləndirir, ölüm eyniləşdirir. 

Dünyanın fərd üzərində qələbəsi haqqında dastandır – “İqbalnamə”. 

Dünyanın  əzəməti,  böyüklüyü  sirli,  sehrli,  möcüzəli  təbiəti  haqqında  hekayətdir  – 

“İqbalnamə”. 

Şahlıq səlahiyyəinin səddi, həddi, sərhəddi haqqında həyat dərsidir – “İqbalnamə”. 

Dünya məntiqinin zəka məntiqini üstələməsi haqqında kəlamdır – “İqbalnamə”. 

İnsan arzularına cavab verən bərabərlik cəmiyyətinin vəsfidir – “İqbalnamə”. 

Dünya sirlərinə vaqif olmaq ehtirasının tərənnümüdür – “İqbalnamə”. 

Dünyanın və dünyaya layiq insanın bədii təsdiqidir – “İqbalnamə”. 

Dünyaya Nizaminin dahiyanə, bənzərsiz heyrətidir – “İqbalnamə”. 

 

 

VIII. NİZAMİLİK 



 

Dünya Nizami qələmində sonsuz dərəcədə cəlbedicidir, əfsunludur, şeiriyyətlidir, ülfətlidir. 

Lakin o həm də Nizamini sonsuz bir dərdə salan, qəlbini göynədən, sevincini söndürən, əzablı 

düşüncələrə sövq edən, təlatümlü hisslər axarında yaşadan, yandıran, yaxan bir varlıqdır. 

Bu səbəbdən də Nizamini sırf epik şair adlandıranlar yanılırlar. 

“Xəmsə”nin ruhuna sakit və sabit epik ahəng yaddır. 

Homer epikdir. Çünki ən faciəli anlarda belə əsərin ümumi epik ahəngini saxlayır. Nizami isə 

daxilən qeyri-epikdir, narahatdır, şikayətlidir, hadisəyə müdaxilə eləyəndir, öz hisslərini hadisə 

arxasında gizlədən deyil. 

 

Getdi təb oxşayanlar, artıq zəriflər getdi, 



Kimlə oturacaqsan, çoxdan həriflər getdi. 

 

Hədəf olma noxtalı, naxışlı çarxa, artıq, 

Sən gəl bu dairənin cızığından kənar çıx. 


 

Səndən qorxan bu evdən durma, bir deşik aç sən, 

Bəlkə bir gün bu yolla asan qaça biləsən. 

 

Sənin tək çoxlarını öldürmüş namərd fələk, 

Səndən güclülərini sildi həyatdan tək-tək. 

 

Homer bütün  fikri,  konsepsiyası  ilə təsvir elədiyi epikliyə sığır, ondan kənara çıxmır. Onun 



yaradıcı “mən”i epik axara uyuşur, onda özünü tapır. 

Nizamiyə epik axar bəzən kifayət eləmir. 

Onun daxili dünyasındakı qəzəb, hiddət, sevinc, kədər püskürür, epik ahəngə sığmır. 

Bir-birini  inkar  eləyən  iki  cəhət  bir-birinə  qovuşur,  bir-birini  tamamlayır,  bir-biriylə  vəhdət 

yaradır. 

Şirinin  Xosrov üçün göz yaşı tökməsi təbiidir. 

Ancaq Şuriyyənin Xosrovu xaincəsinə öldürməsi qeyri-təbiidir. Bununla insanlıq barışmaz. 

Ancaq zəmanə barışır. 

Ona görə də Nizami sevdiyi, şeiriyyətini ehtirasla vəsf etdiyi dünyanı damğalayır. 

Dünya gözəlliklərini duymaq, sevmək, onlardan bəhrələnmək xoşdur və zəruridir. 

Fəqət gözəlliyə meyil həddini aşsa, eybəcərləşər, bayağılaşar. 

Bu səbəbdən də həyatsevərliklə mənəvi kamillik vəhdət yaratmalıdır. 

Döyüş səhnəsi mərdanəlik, qəhrəmanlıq meydanıdır. 

Lakin o həm də yırtıcı ehtirasların coşması, tüğyan etməsidir. 

Sevindirən, heyrətləndirən döyüş həm də kədərləndirir, hiddətləndirir. 

Gözəldir insanın ağlı, qəlbi, sifəti! 

Fəqət sabah onların palçığa çevrilmək məqamı var. 

Nizamilik – ülvi vəhdətdir. 

İlahiləşdirmə, ideallaşdırma, romantikləşdirmə siqlətinin və gerçəklik duyğusunun vəhdətidir. 

Sonsuz bir səmavilik var Nizami şeirində! 

Qəhrəmanlıq  yüksək  bədii-idraki  səviyyəyə  qaldırılır.  Xosrovlara,  İskəndərlərə,  Şirinlərə, 

Fərhadlara, Bəhramlara, Nüşabələrə ilahi qüdrət bəxş edilir. 

Ancaq səmavilik – təbii gerçəkliyi azaltmır və Nizami möcüzəsi elə bundadır. 

İdeallaşan,  romantikləşən,  ilahiləşən  insanlar,  təbiət  mənzərələri,  hadisələri,  gözəllikləri, 

gerçəkliyə xas olan mürəkkəbliklərini, təbii axarını, zənginliyini saxlayırlar. 

Xəyal  gerçəkliklə  bir  vəhdətdə  birləşir,  təbii  şəkildə  biri  digərinə  keçir,  biri  digərini 

tamamlayır. 

Nizami qəhrəmanları intəhasız möhtəşəmliyə malik olan, başı göylərə dəyən şəxsiyyətlər kimi 

təsvir olunur. 

Nizaminin təbi yerə sığmır və Xosrovlar, Fərhadlar, Şirinlər nağıllaşır, əfsanələşir. 

 

O taxt taxt deyildi, bir asimandı, 

O şah şah deyildi, sahibqərandı. 

 

Onun hökmündəydi yerlərlə göylər, 

Süfrəsi ulduzdan torpağa qədər. 

 

 



Məclisində zinət behiştək yüksək, 

Onun boynu bağlı quluydu fələk. 

 

Fəqət səmaya ucalan Nizami yeri də çox sevir. Onun gözəlliyini, cazibədarlığını, əvəzsizliyini 



dərindən duyur. 

Xosrovun  gücünü,  gözəlliyini,  şahanə  möhtəşəmliyini  vəsf  edərkən  Nizami  coşğun  pafosla 

romantikdir! 

Ancaq Xosrovun məhəbbət yollarında büdrəmələrini, daim Şirinə qayıtmasını təsvir edərkən 

Nizami realistdir. 

Əslində o məhdud mənada düşünülən realizm və romantizm məcralarının heç birinə sığmır. 

Nizaminin özünəməxsusluğu bundadır. 

Nizami dünyaya vəcdlə baxır. Vəcddə ideallaşdırma, ilahiləşdirmə, idealizəetmə var. 

Nizami dünyaya həm də açıq gözlə, ayıq nəzərlə, dərindən baxır. 

Bu baxımda dürüstlüyü, təbiiliyi, bədii təhlil dəqiqliyini, həyatı mürəkkəbliyi, ziddiyyəti,  

əlvanlığıyla təsvir etməyə meyil çox güclüdür. 

Tarixən  bir-biri  ilə  döyüşən,  biri  digərini  əvəz  edən  estetik  normalar  Nizamilik  adlanan 

misilsiz vəhdətdə bir-birinə qovuşur, biri digərini yaradır. 

Xəyal qartalı gerçəkliyin dərinliyinə enir. 

Gerçəklik xəyal qanadında ucalığa yüksəlir. 

Nizami dünyanı hədsiz bir həssaslıqla duyur, təsvir edir, canlandırır. 

O, həm də dünya haqqında dahi bir mütəfəkkir dərinliyiylə düşünür. 

Bu iki xüsusiyyət bir-biri ilə daim vəhdətdə olur. 

Nizaminin fəlsəfi düşüncələri bədiiliyin nəticəsi, davamı kimi meydana çıxır. Bədiilik fəlsəfi 

düşüncələrlə  tamamlanır.  Dünya,  insan,  gözəllik,  ədalət  haqqında  fəlsəfi  fikirlər  dahi  rəssam, 

dahi psixoloq, dahi şair ilhamının qanadında pərvazlanır. 

Filosofluq sənətkarlığın zəruri cəhəti kimi meydana çıxır. 

Nizami  dahi  təkiyəçidir.  Bu  baxımdan  Firdovsiyə  bərabərdir.  Ancaq  Nizami  həm  də  nəql 

etdiyi hadisələrin dahiyanə fəlsəfi şərhçisidir. 

Təsvir Nizamiyə fəlsəfi zirvəyə qalxmaq üçün təkan verir və dünya öz əzəmətli fəlsəfi izahını 

tapır. 


Tarixdə fəlsəfi şeirin və epikanın dahi nümayəndələri olub. Fəqət tarixdə dahiyanə epik vüsəti 

ona bərabər fəlsəfi vüsətlə birləşdirən sənətkarlar olduqca azdır. 

Bu baxımdan da Nizamilikdə ümumbəşərilik siqləti böyükdür. 

İnsan dünyanı görür, duyur. Lakin bununla yanaşı onda dünyanın mahiyyətinə varmaq, onun 

ali mənasına dalmaq ehtiyacı, tələbi də azalmır. 

Nizamilikdə bu iki tələb dahiyanə vəhdətdə birləşir. Əxlaqın, gözəlliyin elə bir cəhəti yoxdur 

ki, Nizami onun haqqında gərgin düşünməsin. 

İnsanın,  həyatın,  təbiətin  elə  bir  əhəmiyyətli  cəhəti  yoxdur  ki,  Nizami  onu  qeyri-adi  bir 

parlaqlıqla təsvir etməsin, onun şeiriyyətini bizə təqdim etməsin, hiss etdirməsin. 

Bu baxımdan Nizami üçün sənət həm məqsəddir, həm vasitə. 

Məqsəddir – dünyanı ilhamın süzgəcindən keçirmək üçün. 

Vasitədir – dünya haqqında düşünmək, danışmaq, fəlsəfi kəlamlar söyləmək üçün. 

Nizami  dünya  sənətinə,  mürəkkəb  təbiətə,  epik  vüsətə  malik  olan  obrazlar  bəxş  etmişdir. 

Həmin qəhrəmanlar möhtəşəm hadisələr fonunda təsvir olunur. Ancaq Nizami həm də öz daxili 

dünyasının bütün çalarlarını, incəliklərini yülsək bədii səviyyədə ifadə etmişdir. 



Nizaminin  dünyası  əzəmətlidir.  O,  İskəndər,  Bəhram,  Xosrov,  Şirin,  Məcnun,  Leyli  kimi 

rəngarəng surətlərlə özü arasında daxili uyarlıq görə bilmiş və bunu bənzərsiz bir ustalıqla ifadə 

edə bilmişdir. 

Nizami  həm  də  öz  şəxsi,  subyektiv  dünyasının  bir  çox  məqamlarını:  qəm,  heyrət,  vəcd, 

hiddət, sevinc anlarını parlaq bədii obrazlarla əks etdirmişdir. 

Nizaminin  mənəvi  aləmi  təsvir  olunan  hadisələrə  uyğundur,  ancaq  orda  itmir,  öz  müstəqil 

şeiriyyətini saxlayır. 

İnsanda çılğın bir dünyaya qovuşmaq, möhtəşəm hadisələrin içərisində yaşamaq həvəsi var! 

İnsanda həm də öz daxili “mən”ini saxlamaq, onu epik hadisələr axarında hifz etmək məqsədi 

var. 


Nizami  həm  özündən  xaricdəki  aləmi,  həm  də  öz  daxili  aləmini,  könül  dünyasını  eyni 

dahiliklə əks etdirir. 

Nizami  müqəddəsliyi  dərindən  duyan,  müqəddəsliyə  tapınan  munis  şəxsiyyətdir!  Onun 

nəzərində dünya möcüzəli, müqəddəs varlıqdır! Nizami vəcdinin mənası budur. 

Məhəbbət,  dostluq,  ülfət,  gözəllik  Nizaminin  təsəvvüründə  hədsiz  dərəcədə  pak,  mənalı, 

gərəkli, zəruri sərvətlərdir. Ancaq onlar həm də çox həyati, qəlbə yaxın keyfiyyətlərdir. 

Sevgilisi – sevənin gözündə bütdür, ilahi qüdrətdir. 

Ancaq həm də həyati, canlı şəxsiyyətdir. 

Gözəllik müqəddəsliyin timsalıdır. Həm də könül oxşayandır, yaxındır, doğmadır. 

Nizaminin bütləri yerə enən pərilərdir, yer məlakələridir. 

Möcüzəsiz, vəcdsiz, heyrətsiz əsil ali, mənəvi həyat yoxdur. 

Ürək nəyəsə, kiməsə səcdə qılmalıdır. Gözlərdə ülvi məhəbbət işığı daim yanmalıdır! Fəqət 

ürək həm də yaxın həmdəm arzular. Gözlər gözlərdə doğmalıq axtarar. İnsan həm uzaqlığa, həm 

yaxınlığa can atır. 

Fəqət  müqəddəsliyə  can  atan,  müqəddəsliklə  çırpınan  qəlbin  adi,  sadə  həyati  duyğulara: 

mehrə, nəvazişə, həmdəmliyə, yaxınlığa da ehtiyacı var. 

Adətən  geniş  hadisələr  qəhrəmanın  daxili  aləmini,  özünəməxsusluğunu,  fərdiliyini  kölgədə 

qoyur. 


Nizamidə vəziyyət başqadır. Monumentallıq mənəvi aləmin tədqiqiylə üzvi surətdə birləşir. 

Biz qəhrəmanın mənəvi aləminə səyahət edirik, onu bütünlüklə görürük, ona xas olan ən zərif, 

incə cəhətləri duyuruq, daxili dünyanı səhifə-səhifə vərəqləyirik. 

Nizami qəhrəmanlarının heç biri standart tip qəlibinə sığmır. İskəndər yalnız şah deyil, həm 

də filosof və peyğəmbərdir. 

Nizami İskəndərin şahlıqdan əlavə onun insani keyfiyyətlərini qabardır. 

Nəticədə biz İskəndər dünyasının şahlıq dünyasından geniş və böyük olduğunu anlayırıq. 

Xosrov şahdan daha çox aşiqdir və əsərdə aşiqlik şahlığı kölgədə qoyur. 

Dastanın bədii-fəlsəfi məğzi ən çox məhəbbət motivində açılır. 

Şirinin şahlığı onun heyrətamiz məhəbbəti yanında heç görünmür də. 

Fərhad ilk növbədə aşiqdir, onun əzəməti ən çox məhəbbətdə aşkar olur. 

Qəhrəmanları standart tip qəlibindən çıxaran Nizami onların könül aləmini tədqiq etmək üçün 

sonsuz imkanlar əldə edir və bu imkanlardan dahiyanə bir məharətlə istifadə edir. 

Şirinin  ürəyində  yaranan  məhəbbət,  onun  daim  Xosrovdan  ayrılması  və  daim  Xosrova 

yaxınlaşması mənəvi əzaba çevrilir. 

Əzəmətli,  vüqarlı  İskəndərin  Daraya  ağlaması,  Bəhramın  eyş-işrət  dünyasından  əl  çəkib 

mənəvi aləmə qədəm qoyması, Məcnun ilə Leylinin sevgi məqamları bədii psixologizmin nadir 

nümunələrindəndir. 




“Xəmsə”də  təsvir  olunan  hadisələr  vüsətlidir.  Fəqət  qəhrəmanlar  bu  hadisələrin  içərisində 

itib-batmırlar. 

Əsksinə, özlərinin bütün insani, fərdi cəhətlərini aşkara çıxarırlar. 

Nizami ən çox hökmranlıq səlahiyyətinə malik olan şəxslərdən danışır. 

Qəhrəmanların daxili aləmi ilə həmin səlahiyyətdən kənara çıxır. 

Nizamini hökmdarlıq səlahiyyətindən çox, insanlıq səlahiyyəti maraqlandırır. 

Nizami insanlıq səlahiyyətini hərtərəfli tədqiq edir, onun zənginliyini aşkara çıxarır, şeiriyyəti 

ilə qanadlandırır. 

“Xəmsə”də insan ilə dünya arasındakı münasibətlər əks olunur! 

Nizamilik  –  yüksək  vəhdətdir!  Həyatsevərlik  ilə  kamilliyin  vəhdəti!  İnsan  mənəvi  kamilliyə 

iki cür qovuşur: 

Həyat nemətlərindən əl çəkməklə! Buna zahidlik deyirlər; 

Həyatı sevməklə, onun yaratdığı gözəlliyə pərəstiş etməklə. Buna aşiqlik deyilir. 

Nizamilik  qeyri-adi  vəhdətdir.  Dahiyanə  sənət  ilə  sənət  haqqında  dərin  fəlsəfi  düşüncələrin 

vəhdəti. 

Nizamilik rəmzdir. Ülviləşdirən, torpağa endirən və səmaya qaldıran, həyatı sevdirən və idealı 

təsdiq edən, romantikləşdirən və müdrikləşdirən rəmz! 

Rəmzləşənlərə ölüm yoxdur! 



 

Yüklə 242,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə