Asif Ata NİzamiLİK (Bədii-fəlsəfi esse)



Yüklə 242,32 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix04.11.2017
ölçüsü242,32 Kb.
#8444
1   2   3   4   5   6   7   8   9

Hər dadlı nemətin arxasınca getmək Bəhrama baha başa gəlir. 

Zəmanə onu müəllimlik taxtından salır, günahkara çevirir, Bəhram rəiyyət tənəsinə dözməli 

olur. 

Bəhramın son günləri onun özünüdərketmə məqamlarıdır. 



Bu məqamlarda o, keçici meyil ilə mənəvi yetkinlik, həvəs ilə idrak arasındakı fərqi anlayır. 

Ömrün son günləri müdrikliyin qələbəsini yaradır. 

Bəhram öz əvvəlki arzuları, həvəsləri ilə vidalaşır, onların mənasızlığını anlayır. 

Açıq və zəruri inkar yaranır. 

Bəhramın mağarada əbədilik itməsi rəmzi səciyyə daşıyır. 

 

Yayları buz kimi sərindən sərin, 



Bir mağara vardı dərindən dərin. 

 

Sürdü öz atını birbaş oraya, 

Keyxosrov xəznəsi bir mağaraya. 

 

Girdi bu yer ona pərdədar oldu, 

Mağara padşaha sanki yar oldu. 

 

Bəhram günbəzlərdə nəşə, mağarada məna tapdı. 

Bütün ömrünü o, keçici həvəslərə, son günlərini isə əbədi meyillərə həsr etdi. 

“Yeddi gözəl” dastanında mənəvi paklığın keçici həvəs üzərində qələbəsi təsvir olunmuşdur. 

Mənəvi paklıq – müdrikliyin ən ali rəmzidir. 

Mənəvi paklıq – gözəlliyin ən uca pilləsidir. 

Mənəvi paklıq – bəşəriyyətin ən böyük nailiyyətidir. 

Mənəvi paklıq – Nizaminin insanlara müqəddəs vəsiyyətidir. 

 

 

VI. QƏHRƏMANLIQ VƏ İNSANİ KAMİLLİK 

 

Qüdrətli bəs kimdir dünyada? 

Qılınc gücünə güvənənmi, ürəkləri fəth edənmi? 

Tam, mütləq özünütəsdiq hansı yolla qazanılır? 

Mərhəmət duyğusundan məhrum olan gücdən fəlakət doğar. 

Məhəbbət hissindən məhrum olan qüvvədən eybəcərlik törəyər. 

Ağılsız güc, irsdə ülviliyi sındırar, çirkinliyi, zalımlığı, hərisliyi dağ başına qaldırar. 

Mayasında sevgi olmayan hiddətə inanma! 

Mayasında xeyir olmayan əzəmətə inanma! 

Mayasında ürək çırpınmayan möhtəşəmliyə inanma! 

Dağıdan,  öldürən,  yıxan,  qalib  gələn  gücdə  yaradan,  sağaldan,  qaldıran,  yaşadan  böyüklük 

axtarma! 

Böyük hikmətdir qəhrəmanlıq! 

Yenilməzlik, mətanət, dözüm, qorxmazlıq, həm də məhəbbət, açıqürəklik, alicənablıq! 

Qələbə  əzmi,  döyüş  hünəri,  qalibiyyət  zəhmi,  həm  də  mərhəmət  müdrikliyi,  haqqa,  ədalətə 

tapınmaq ehtirası! 

Nizaminin İsgəndəri dünya fatehi olan bir şahdır. Onun qəlbində fatehlik hissi alışıb-yanır. 



Bu hiss qəhrəmani bir qüdrətlə birləşdiyindən o, istədiyinə nail olur. Ordular basır, cəbhələr 

yarır, sonsuz bir hökmranlıq səlahiyyəti qazanır, dünya ona baş əyir. 

Şair qəhrəmanın bu cəhətlərini dahiyanə bir parlaqlıqla göstərir. 

Ancaq  o,  həmişə  sərkərdə  İskəndərin,  döyüşkən  İskəndərin  insani  keyfiyyətlərindən: 

Mərdliyindən, ədalət-haqq tərəfdarlığından, mənəvi səxavətindən danışır. 

Fatehlik – İskəndər şəxsiyyətinin tam məzmununu qətiyyən ifadə etmir. 

Əksinə,  xilaskarlıq,  xeyirxahlıq,  həyanlıq,  ürəyiyuxalıq  kimi  insani  məziyyətlər  ön  plana 

çəkilir. 

Təbiət İskəndərə həm güc, həm ağıl, həm də gözəl qəlb vermişdir. 

Üstəlik Ərəstu kimi dostu, vəziri və müəllimi var. 

O özünü dərk edən çağdan ölkələri qarış-qarış gəzmək həvəsiylə yaşayır. 

İskəndər ölkələr alır, ordular məhv eyləyirsə, bu, əsərdə ədalətli və gərəkli bir fəaliyyət kimi 

mənalandırılır. 

İskəndər xilaskar kimi hərəkət eləyir, insanları zülmdən azad edir. 

 

İskəndər hər yerə atını çapdı, 

O yerlər şənləndi, səadət tapdı. 

 

Zər saçdı hər yeri abad edərək, 

Qırdı tikanları, əsdi gül-çiçək. 

 

İskəndər  döyüşdə  hamıdan  üstün  bir  pəhləvandır.  O,  düşmənin  ən  güclü  həmləsini  özü  dəf 



edir. 

Ancaq İskəndər həm də döyüşün çirkin mahiyyətini dərk edir, öldürdüyü düşmənlərinə acıyır, 

müharibənin dəhşətiylə sarsılır. Bu, onu filosofa çevirir. 

Böyük, ali qəhrəmanlıq haradasa filosofluqla birləşməlidir. 

Filosof döyüş zəruriyyətini anlar, ancaq dağıtmaq, məhv etmək hərisliyini alqışlamaz! 

Filosof rəşadəti bəyənər, ancaq müharibə çirkinliyini lənətləyər. 

Filosof ehtiras atının qantarğasını əlində saxlar, atı istədiyi səmtə sürər! 

İskəndər qəhrəmanlığının əsilliyi onun İran şahı Dara ilə münasibətində meydana çıxır. Dara, 

İskəndərə yalnız düşməni kimi baxır. İskəndər Darada ən əvvəl insanı görür. Dara yalnız özünə 

inanır, ona görə də İskəndərə inanmır. 

İskəndər də özünə inanır, ancaq Daranı bir heç saymır.  

Dara üçün hökm etmək – başqalarını əsarət altına almaqdır. 

İskəndər üçün hökmranlıq insani böyüklüyü təsdiq etməkdir. 

Dara öz əsil-nəcabəti ilə öyünür. 

İskəndər əsil-nəcabətinin ləyaqətini qoruyur. 

Daranın silahı döyüşdür, İskəndərin silahı mənəvi güc! 

Dara silahdaşlarını itaətdə saxlayır, İskəndər onlara həmdəmdir. 

Dara yalnız hökmdardır, İskəndər həm də filosofdur. 

Dara müstəbiddir, İskəndər xilaskar! 

Daranı hiddət cuşa gətirir, İskəndəri müdriklik. 

Müstəbidin sözünü iki eləməzlər. Dara mühitinin tələbi, imperativi budur. 

Qəhrəmanı sındırmazlar. 

İskəndər mühitinin tələbi, imperativi budur. 

İskəndər məğrurluğu, İran şahına xələt göndərməmək, Dara üçün böyük qəbahətdir. 




Əslində isə İskəndərin bu hərəkəti olduqca təbiidir. 

“Özün güclü, qüdrətli olasan, ədalətə xidmət edəsən, həm də başqa bir şaha xələt göndərəsən, 

ona baş əyəsən, nə üçün?” 

Çünki Dara Kəyan nəslindəndir, çünki indiyə qədər hamı ona baş əyib. 

İskəndər Dara qənaətlərini alt-üst eləyir, onu möhtəşəmlik taxtından həmişəlik salır, ömrünü 

tar-mar edir və... ağlayır. 

Heç vaxt İskəndər bu qədər ülvi olmamışdır. 

Heç yerdə, heç vaxt İskəndər bu qədər mürəkkəb, bütöv olmamışdır. 

Heç yerdə İskəndər bu qədər ülvi olmamışdır. 

Heç  yerdə  İskəndər  qəhrəmanlığının  bəşəri  məzmunu  bu  qədər  kamil  şəkildə  ifadə 

olunmamışdır. 

Dara  öldürülməlidir,  bunu  mövcud  vəziyyət  tələb  edir:  İskəndərin  ləyaqəti  və  arzuları, 

rəiyyətin vəziyyəti, tarixin gedişi. 

Ancaq Dara insandır. 

İskəndərin geyindiyi paltar möhkəmdir. İskəndərin köksünün altındakı ürək zəifdir. 

Qəhrəmanlıq İskəndərə bəzən ağır başa gəlir. 

İnsan öldürmək onu sarsıdır. 

İskəndər qəhrəmandır,  amma adam  öldürmək, qan tökmək istəmir.  Ancaq qan tökülməlidir. 

Çünki bunsuz arzuladığı möhtəşəmliyə qovuşa bilməz, istədiyi niyyətləri həyata keçirə bilməz. 

İskəndərin yolu qanlı dənizlərdən keçir. Fəqət o, bunu ağlaya-ağlaya eləyir. 

 

Heyhat, mən qocaman dənizlər aşdım, 

Köksümə qədər al qana bulaşdım. 

 

Təəssüf, azmadım bu yollarda mən, 

Atımın dırnağı qopmadı nədən? 

İskəndər xarakterində təsdiq olunan əsas məziyyət filosofluqdur.  

Çünki İskəndər ən çox hikmətamiz hadisələrlə, insanlarla rastlaşır. 

Çünki həyatı qılıncla yox, idrakla dərk etmək olar. 

Çünki dünya hökmdar səlahiyyətindən daha çox müdriklik səlahiyyətinə baş əyir. 

Çünki dünya qan gölündə yox, ağıl gölündə düzgün əks olunur. 

Çünki əsil möhtəşəmlik alınan şəhərlərin sayı ilə deyil, dərk olunan sirlərin mənası ilə ölçülür. 

Çünki zora meydan verən dünya, həm də zəkaya qanad verir. 

İskəndər  ölkələri  gəzdikcə  dünyanın  mənasına  dalır,  bu  mənanın  döyüş,  pəhləvanlıqdan 

hədsiz dərəcədə geniş olmasını dərk edir. 

Dünya  onu  yeni-yeni  hikmətlərlə  tanış  edir  və  İskəndərin  ürəyində  yaşayan  filosof  közü 

alovlanmağa başlayır. 

Dünya İskəndəri öyrədir və dünyanın təqdim etdiyi ən böyük mənalardan biri Nüşabədir. 

Əslində Nüşabə ilə İskəndərin münasibətində Nüşabə müəllimdir, İskəndər tələbə. 

Əslində Nüşabə ilə İskəndərin münasibətində Nüşabə – qalibdir, İskəndər – məğlub. 

Nüşabə fatehlik imtiyazlarının puçluğunu İskəndərə ilk dəfə sübut eləyən şəxsdir. 

“Ey fatehlikdə qürurlanan şəxs! 

Həyat müdrikliyinin yanında sənin möhtəşəmliyin cüzidir. 

Sənin dünya üzərində hökmün də mütləq deyil. 

Torpağı yeyə bilməzsən”. 

Nüşabə əsərdə bu sözləri demir, ancaq onun davranışından bu sözlər oxunur. 



Yüklə 242,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə