33
Mən həbs olunandan sonra sarsıntıya, gərginliyə dözməyən arvadım vəfat etdi, bacımı
iflic vurdu. Özüm işgəncələrə məruz qaldım, partiyadan xaric olundum, hələ də bərpa
olunmamışam.
Istintaq prosesində işgəncələrə dözməyərək Bağırov Qəmbər Bağır oğluna böhtan
atmışam. Demişəm ki, Qəmbər Bağırov Mir Cəfər Bağırova böhtan atır, deyir ki, o, Azərbaycanı
hədə-qorxu, həbslər və güllələnmə ilə idarə edir. Nəticədə mayor rütbəsində hərbi xidmətçi olan
Qəmbər yatalaq xəstəliyindən xəstə yatan zaman həbs olundu.
Hal-hazırda Qəmbər Bağırov hansı rayondasa avtor-traktor məktəbinin direktorudur.
SUAL: Mirzəyevin M.C.Bağırov barədə nə dediyini bizə ətraflı danışın.
CAVAB: Mirzəyev mənə danışmışdım ki, 1923, ya da 1924-cü illərdə o, gəmi ilə
Lənkərana gedərkən Bağırovun dəstəsində imiş. Novikova da həmin dəstənin tərkibində gəmidə
imiş. Mirzəyev Novikovaya yaxınlıq etmək istəyib, bu da Bağırovun qəzəbinə səbəb olub, çünki
Novikova onun oynaşı imiş. Bax elə bu söhbət Birinci katibə qarşı atılmış böhtan və iftira kimi
qəbul edilmişdi.
Şahid - Səfərov Əliağa Məşədi Əli oğlu
Mən 1936-cı ilin 5 avqustunda “NKVD” orqanları tərəfindən həbs olunmuşam. Həbs
olunana qədər Əli Bayramlı rayonu Şıxsalahlı kənd sovetinin Qaraturqay kəndində kolxoz sədri
vəzifəsində işləyirdim. Məni antisovet, əksinqilabi müsavat təşkilatının üzvü olmaqda və
Azərbaycanda Sovet hakimiyyətini devirmək üçün silahlı üsyan hazırlamaqda günahlandırırdılar.
Nə ilkin istintaq, nə də məhkəmə zamanı mən özümü günahkar hesab etməmişəm, çünki heçvaxt
heç bir əksinqilabi təşkilatın üzvü olmamışam. Mən yoxsulluqla böyümüşəm. Sovet höküməti
məni fəal işçi kimi irəli çəkib, kolxoza sədr təyin edib.
Məhkəmə zamanı mənə əksinqilabi təşkilatın üzvü olmaqda taqsırımı boynuma almağım
barədə barədə altı istintaq protokolu təqdim etdilər. Həmin protokolları istintaq zamanı mənə
imazalatmışdılar. Çünki məni huşumu itirənədək döyürdülər, mən özümdə olmayanda isə
müstəntiqlər mənə qol çəkdirirmişlər.
Bundan əlavə, istintaq rus dilində aparılır, tərcüməçidən istifadə olunmurdu. Xanlarov və
Qabrilov azərbaycanlı deyildilər, mən də rus dilini bilmirdim. “Xleb” və “voda” sözlərindən
başqa rus dilində heç bir şey anlamırdım.
Istintaqı aparan əməliyyat müvəkkili Xanlarov, xüsusi şöbənin rəisi Qavrilov və
Gerasimov familiyalı bir rəis məni sistematik olaraq döyürdülər. 8 gün məni “stoyka” saxlatdılar.
Bu o demək idi ki, barmaqların ucunda, əlləri yuxarı qaldırmış vəziyyətdə uzun müddət
saxlayırlar. Nəticədə mənim ayaqlarım şişdi və dəhşətli ağrıdan özümü itirib yerə yıxıldım. Mən
yerə yıxılan kimi, hara gəldi vurmağa, məni təpikləməyə başladılar. Amansızcasına döyüldükdən
sonra mən iki həftə qan ifraz etdim.
8 gün ərzində məni konveyer üsulu ilə istintaq edirdilər, yuxudan məhrum olmuşdum,
canlı meyidə çevrilmişdim, hərəkət edə bilmirdim. Xanlarovun, Qavrilovun və Gerasimovun
məni yumruqla döyməsini adi hal hesab edirdim. Artıq buna bir növ öyrəşmişdim. Sutkalarla
ayaq üstə saxlayaraq mənə siqaret çəkməyə icazə vermirdilər. Su da vermirdilər. Müstəntiq su da
içirdi, siqaret də çəkirdi. Istintaq zamanı məni qolsuz maykada dindirirdilər. Xanlarov siqaretin
kötüyünü yanan üçü ilə mənim kürəyimə, boynuma basırdı.
Məni həbs edərkən üst-başımı axtardılar və Xanlarov o vaxtlar torqsindən aldığım qızıl
saatımı götürdü. Axtarış protokoluna həmin saat qeyd olunmadı. Mən Xanlarovdan saatı
arvadıma verməsini xahiş edəndə, o məni möhkəmcə döydü və bildirdi ki, “saat artıq sənə gərək
olmayacaq, səni onsuz da güllələyəcəklər”.
Həbs olunduğumun 5-ci ayında gecə məni Qavrilov dindirirdi. Etiraf ifadəsi verməyə
məcbur edən Qavrilov əvvəlcə məni yumruqlamağa başladı, sonra naqanını çıxarıb güclü zərbə
34
ilə ağzımın üstündən vurdu. Üç dişim birdən düşdü. Naqanın lüləsi ilə yuxarı dodağımı cırdı,
məni qan apardı, bundan sonra məni həbsxana xəstəxanasına göndərib dodağımı tikdilər, həmin
tikişin izi indi də qalmaqdadır. Qavrilovun zərbəsi üst çənəmi zədələdi, o biri dişlərim də
tökülməyə başladı. Yuxarı çənəm üçün protez düzəltdilər.
Bu işgəncədən sonra mən dözməyib “NKVD” rəisi Sumbatova ərizə yazdım və məni
qəbula çağırmasını xahiş etdim. Üç gündən sonra rəis müavini Çurnisin qəbuluna çağırıldım.
Mən ona döyüldüyümü bildirdim. O, Qavrilovu çağırıb, günahımı boynuma almayınca məni
təkadamlıq kamerada saxlamağı tapşırdı. Mənə isə bildirdi ki, səni heç kim döyməyib, dişlərini
sındırmısan.
Ilkin istintaq zamanı familiyasını xatırlamadığım prokurora müraciət edib, döyülüb
işgəncələrə məruz qalmağım barədə danışdım və bildirdim ki, dindirilmə zamanı mən heç bir
ifadə verməmişəm, ancaq cinayət işində bir neçə istintaq protokolu vardır. Mən prokurora
bildirdim ki, həmin protokolları düzgün hesab etmirəm. Prokuror mənim yanımda həmin istintaq
protokollarının saxtalığı barədə akt tərtib etdi və məni əmin etdi ki, həmin protokollar ləğv
ediləcək. Ancaq məhkəmə zamanı prokurorun həmin aktı işin içində yox idi.
Məhkəmə orqanlarının məni və başqalarını həb etmək üçün işi necə saxtalaşdırdıqlarını
qeyd etmək yerinə düşər.
Müstəntiq Xanlarov, Baxşıyev Baxışı, Baxışov Xəlili, Abdullayev Şükürü, Babayev
Sədullanı otağına çağırırdı. Əlavə etməliyik ki, onların hər biri ayrı-ayrılıqda, tək-tək çağırıldı.
Müstəntiq məndən soruşurdu ki, onları tanıyıram, ya yox? Həmin adamlar bizim qonşu kənddən
olduqları üçün mən onları tanıdığımı, bəzən iş üstündə, bəzən də adi həyatda onlarla
rastlaşdığımı söyləyirdim. Məhkəmə zamanı mənə aydın oldu ki, həmin şəxsləri tanıdığımı
söyləyərkən, bunu “əksinqilabi təşkilatda birgə iştirak ediblər” şəklində qeyd edirmişlər.
Iş üzrə müqəssir bilinənlərin hamısı məhkəmə zamanı özlərinin günahsız olduğunu
bildirdilər, istintaqın qanunsuz yollarla aparılmasından danışdılar, əzab və işgəncələrdən sonra
verdikləri ifadələrdən imtina etdilər, müstəntiqlərin təhrikilə imzaladıqları protokolları etibarsız
hesab etdiklərini bildirdilər.
Şahid - Fərəcov Əliqulu Səttar oğlu
(Azərbaycan Respublikası EA-nın kənd təsərrüfatının iqtisadiyyatı şöbəsinin müdiri,
professor)
Bütün
həyatım boyu mən tədris müəssisələrində, elmi idarələrdə çalışmışam. Bu müddət
ərzində 20-dən artıq elmi əsər yazıb çap etdirmişəm, bütün ömrümü gənc mütəxəssislərin
tərbiyəsinə həsr etmişəm. Hələ 1939-cu ildə mənə iqtisad elmləri namizədi və professor adı
verilmişdir. Vətən qarşısındakı xidmətlərimə görə hökümət mükafatlarına: “Qızıl Bayraq”
ordeni, “Qafqazın müdafiəsinə görə”, “1941-45-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli
əməyə görə” medalları ilə təltif olunmuşam.
1948-ci ildə mən Bakı şəhərində Xalq təsərrüfatı institutunun direktoru vəzifəsində
işləyirdim. 1948-ci ilin dekabr ayında mənə Azərbaycan SSR Nazirlər Sovetindən özünü oranın
işçisi kimi təqdim edən bir kişi zəng vurdu. Familiyasını mənə demədi, bildirdi ki, mən
respublika Nazirlər Soveti sədri T.Quliyevin sərəncamı ilə təcili olaraq Naxçıvana gedib.
Kolxozçular və ziyalılar qarşısında mühazirə oxumalıyam. Bu təklifi mən çox razılıqla, sevinclə
qarşıladım, çünki zəhmət adamları qarşısında mühazirə oxumağı özümə borc bilirdim, üstəlik də
bu mənə Nazirlər Soveti sədrinin adından tapşırılırdı. Ertəsi gün mən Nazirlər Sovetinə getdim.
Orada mənə T.Quliyevin adından Naxçıvana getmək təklifi ilə bağlı məktub təqdim olundu.
Bütün zəruri sənədləri və sərhədyanı rayona getmək üçün buraxılış vərəqəsini hazırlayib səhər
tezdən qatarla yola düşdüm. Biləcəri stansiyasında DTN orqanlarının əməkdaşı kuoeyə daxil
olub, məndən sənədlərimi göstərməyimi tələb etdi. Bütün sənədlərim və buraxılış vərəqəsi
qaydasında idi. Həmin əməkdaş məndən hərbi bilet tələb etdi. Mən deyəndə ki, onu özümlə
götürməmişəm, o məni növbəti dayanacaqda düşürəcəyini bildirdi. Mən DTN əməkdaşının bu