və sadiqliyin gözəlliyini, bir-birinə bağlılığın şirinliyini, hətta qısqanclıq iztirablarını da candərdi, sanki,
çox könülsüz etiraf edirlər. Amma onlar romantiklərin və hətta Prustun qəhrəmanlarından daha
təmkinli, daha dözümlüdürlər; onlar öz hissləri barəsində süni laqeydlik və bir qədər istehza ilə
danışırlar, hər halda, sözdə bu, belə görünür. Onlar məhəbbətə yumorla yanaşırlar. Bu əcaib uzlaşma
gözəllikdən məhrum deyil; onun öz gözəlliyi var.
Bu yenilikdirmi? Mən buna tam əmin deyiləm. Xanım de Lafayetdən tutmuş Luiza Vilmorenə qədər
oyunun qaydaları heç zaman belə ciddi olmayıb. Anqlosakslar öz atəşin hisslərini açıq-aşkar ifadə
etməkdən çoxdan, lap çoxdan imtina ediblər.
Kurtuaz məhəbbətinin ənənələri ilə yanaşı, İntibah dövründən gələn başqa bir sevgini də görmək olar.
Benvenuto Çellininin və hətta Ronsarın əsərlərindəki sevgi əhvalatları o qədər də romantik görünmür.
Stendalın, yaxud (bizim günlərimizdə) Monterlanın digər qəhrəmanları orta əsrlərin sevgi traktatlarının
deyil, İntibah dövrünün sevgi oyunlarının qaydalarına riayət edirlər. Bu qaydalar çox tez-tez
dəyişdirilib, onlar gələcəkdə də dəyişəcəklər. Mən hazırkı gənc yazardan yeni «Adolf» və yeni «Svan»
gözləyirəm və onun böyük uğur qazanacağına qabaqcadan əminəm.
Çünki oyunun qaydaları dəyişsə də, istinad nöqtəsi elə əvvəlki kimi qalır. Həmin istinad nöqtəsi
sizsiniz, ey mənim qiymətli xanımım. Əlvida.
MƏZƏLİ CƏHƏTLƏRİ İSTİFADƏ ETMƏK BACARIĞI
Ey mənim qəlbimin yad qadını, siz hiss etmisinizmi ki, bizim qüsurlarımız da uğurlarımız qədər, bəzən
hətta uğurlarımızdan da artıq dərəcədə xoşagələn ola bilər? Axı uğurlar sizi göylərə qaldırmaqla
yanaşı, bir başqasını alçaltmış olur, halbuki bu vaxt çatışmazlıqlar başqalarının sizə qərəzsiz şəkildə
gülməsinə imkan verməklə onları öz gözlərində göylərə qaldırır. Naqqallığı, çərənçiliyi qadına
bağışlayırlar, haqlı olmasını isə – bağışlamırlar. Bayron «paraleloqram şahzadəsi» adlandırdığı arvadını
tərk etdi, çünki o çox sirayətedici və ağıllı qadın idi. Yunanlar Aristidi məhz o səbəbdən xoşlamırdılar
ki, hamı onu Ədalətli adlandırırdı.
Viktor Hüqo özünün «Görünən faktlar» əsərində parlaq siyasi karyera əldə etmiş hansısa cənab de
Salvandi haqqında danışır. O, nazir olub, akademik olub, səfir olub, «Fəxri Legion»un «Böyük xaç»
ordeninə layiq görülüb. Deyə bilərsiniz: bütün bunlar böyük şey deyil; ancaq bütün bunlardan başqa, o,
üstəlik, qadınların arasında uğur qazanmışdı, bu isə artıq çox dəyərli şeydir. Bax həmin o Salvandi
xanım Qaylın müşayiəti ilə ilk dəfə cəmiyyətdə görünəndə məşhur Sofi Ge ucadan bildirmişdi:
«Əzizim, amma sizin bu istiqanlı yeniyetmənizdə o qədər məzəlilik var ki! Onun maneraları ilə məşğul
olmaq lazımdır». «Allah, özün saxla! – xanım Qayl çığırmışdı. – Onu özünəməxsus şeylərdən məhrum
etməyin! Yoxsa onda nə qalar? Axı ona uğur gətirən elə məhz bu özəlliklər olacaq…» Xanım Qaylın
nə qədər haqlı olduğunu gələcək təsdiqlədi.
Anri de Juvenel bir vaxtlar mənə danışmışdı ki, cavanlıqda, jurnalist işlədiyi vaxtlarda Kalvadosdan
olan Anri Şeron adlı bir deputatın parlamentdəki ilk addımları onu mat qoyub. Həmin bu Şeron saqqallı
imiş, yekə qarnı varmış, əyninə də həmişə köhnə dəbli pencək geyinərmiş; o, masanın üstünə çıxaraq
var səsiylə «Marselyeza» oxumuş və təmtəraqlı nitq söyləmişdi. Klemanso onu hərbi nazirin köməkçisi
vəzifəsinə təyin edəndə isə Şeron təcili olaraq əsgər kazarmalarına yollanmış və əsgər yeməklərinin
dadına baxmışdı. Jurnalistlər onu lağa qoyurdular; Juvenel fikirləşib ki, onun haqqında məqalə yazmaq
maraqlı olardı və bu məqsədlə də Şeronla görüşmək qərarına gəlmişdi – Şeron onu açıq-saçıq bir
görkəmdə qarşılamışdı.
– Bilirəm, cavan oğlan, – Şeron ucadan deyib, – siz ondan ötrü təşrif buyurmusunuz ki, mənim nə
qədər məzəli olduğuma əmin olasınız… Hə, necədir? Əmin oldunuzmu?.. Amma mən axı özümü
bilərəkdən gülməli aparıram, çünki – yaddan çıxarmayın, cavan oğlan! – bu paxıl ölkədə gülünc
görsənmək məşhurlaşmağın yeganə təhlükəsiz üsuludur.
Bu sözlər Stendalı heyrətə gətirərdi. Amma məzəli görünmək heç də zəruri deyil, yəqin, siz özünüz də
hiss etmisiniz ki, bəzi qəribəliklər, orijinal geyim tərzi kişiyə, yaxud qadına onun talantından
daha çox
şöhrət qazandırır. Ömründə Andre Jidin əsərlərini oxumayan minlərlə adama bu yazıçının başına
qoyduğu meksikan fetr şlyapası və qısa plaş çox yaxşı tanış idi. Uinston Çörçill – böyük natiqdir, ancaq
o, insanları yaxşı tanıyırdı və özünün əcaib şlyapasından, əndazəsiz qalın siqarından, kəpənək
qalstukundan və «V» hərfi şəklində tutduğu barmaqlarından son dərəcə məharətlə istifadə edirdi. Mən
ingiliscə bircə kəlmə də bilməyən Londondakı bir fransız səfirini tanıyırdım, əvəzində o çox dəbdəbəli,
diqqətçəkən bantı olan xallı qalstuk taxırdı ki, bu da ingilislərin qeyri-adi dərəcədə xoşuna gəlirdi; və o,
öz səfir vəzifəsində kifayət qədər çox qaldı.
Restoranda nahar edən adamlara diqqətlə göz qoyun. Sizcə, metrdotellər ən çox kimin böyür-başında
vurnuxacaq, ən yaxşı xidməti kimə göstərəcəklər? Hər şeydən razı görünən imkanlı adamamı? Heç də
yox. Ən qəribə, ən ədabaz adama. Tələbkar oldunsa – deməli, adamları maraqlandıracaqsan.
Nəsihət: özünüzü təbii aparın və əgər bu, sizə xasdırsa, bir az da obrazlı. Buna görə sizə minnətdar
olacaqlar. Əlvida.
TAMAŞALAR HAQQINDA
Siz öz əriniz, yaxud dostlarınız üçün tamaşa düzəldirsinizmi, xanım? Hərçənd sizin görkəminiz
Minervanın görkəmidir, əgər siz onların üstünə qaçmasanız, mən son dərəcə təəccüblənərdim. Tamaşa
qadınların sevimli silahıdır. O, qadınlara imkan verir ki, onlar bir dəfəyə qısa emosional partlayış yolu
ilə, tam narazılıqla öz istəklərinə nail olsunlar – halbuki sakit vəziyyətdə buna nail olmaq üçün onlara
bütöv ayları, illəri boş-boşuna yelə vermək lazım gələrdi.
Elə tezqızışan kişilərə rast gəlmək olur ki, onlar mübahisədən həzz alırlar və öz davranışlarıyla hətta
qadını da ötüb-keçərlər. Həmin tündməzaclıq onların cavablarında da sezilir. Belə mübahisələr
qarşılıqlı kobud ittihamlarsız ötüşmür. Dava-dalaşdan sonra hiddət öləziyir, hər ikisinin ürəyi
yüngülləşir və barışıq kifayət qədər zərif olur. Mən xeyli qadın tanıyıram ki, onlar tamaşa düzəldərkən
hətta döyüləcəklərindən də qorxmurlar. Onlar hətta gizlincə bunun həsrətini də çəkirlər, ancaq bunu
istədiklərini heç vaxt dilə gətirib etiraf etməzlər. «Bəs əgər mənim xoşuma gəlirsə ki, məni
əzişdirsinlər?» – bu da həmin çətin tapmacanın açarı. Vurulan şillə kişidə hər şeydən öncə gücü –
mənəvi və fiziki – qiymətləndirən qadınların yalnız hisslərini istiləşdirir.
– İyrəncliyə, alçaqlığa bax! – siz heyrətlə bildirəcəksiniz. – Mənə əl qaldıran kişi mənimçün
mövcudluğunu itirərdi.
Siz səmimi-qəlbdən belə düşünürsünüz, amma tam əminlik üçün özünüzü sınamağınız lazımdır. Əgər
sizin nifrətiniz öz təsdiqini tapsa, bu, o deməkdir ki, sizdə məğrurluq hissiyyatdan daha güclüdür.
Normal kişinin tamaşaları görən gözü yoxdur. Tamaşalar onu təhqiramiz vəziyyətdə qoyur, çünki bu
zaman kişi, adətən, təşəbbüsü əldən vermiş olur. Axı təmkinli ər öz üçayağının arxasından ona bol-bol
söyüşlər yağdıran qəzəblənmiş pifiyanın qarşısında necə duruş gətirsin? Bir çox kişilər fırtına qopan
kimi dərhal aradan çıxmağı üstün tuturlar, ya da qəzeti açıb oxumaqla baş verənlərə laqeyd qalmağa,
əhəmiyyət verməməyə çalışırlar.
Qeyd etmək lazımdır ki, uğursuz düzəldilən tamaşa adamı tez bezdirib təngə gətirir.
Təkcə elə tamaşa sözünün özü bizə çox şeyi izah edir. O, aktyorlardan iqtibas edilmişdir. Effekt
doğurması üçün tamaşa ustalıqla oynanılmalıdır. Üst-üstə yığılmış əsəbin çıxış üçün yol axtarması
səbəbindən – boş, xırda şeylərdən başlayan tamaşa ən ağır xatirələrdən qidalanmaqla, çoxdankı
incikliklərə, umu-küsülərə köklənməklə, ətrafdakı hər şeyi hönkürtüyə qərq etməklə yavaş-yavaş
ətə-qana dolmalıdır. Sonra münasib məqamda dönüş baş verməlidir; vay-şivən, haray-həşir başa
çatmalı, onun əvəzinə səhnəyə dalğınlıq və səngimiş qüssə çıxmalıdır; budur, artıq ilk təbəssüm də
peyda oldu və hər şeyin son həddi kimi ehtirasın partlayışı qaçılmazdır.
– Ancaq bu cür tamaşa düzəltmək üçün qadın qabaqcadan düşünülmüş plan əsasında hərəkət etməli və
həmişə də özünü ələ almağı, idarə etməyi bacarmalıdır…
Siz haqlısınız, xanım. Çarə nədir – teatrdır! İstedadlı aktrisa həmişə özünə hesabat verir, nə danışdığını