|
Xalqımızın nəğməkar şairi
11
...Bir səhər
Qar altındaydı şəhər,
Xizəklər işə düşdü.
Uşaqlar işə düşdü!
Sürüşdükcə qar dönub
Ayaq altda buz oldu
Məktəb yolu elə bil,
Şüşə kimi düz oldu
Belə görəndə buzu,
Yaman sevindik düzü.
Yoldan keçən bilməsin –
Deyə bu hiyləmizi,
Dedik qar səpək yola,
Qoy itsin buzun izi,
Buz üstə səpdik qarı
Tez çəkildik kənara,
Gizlənib göz yetirdik
Yol keçən adamlara:
Biri sürüşdü keçdi,
Biri mayallaq aşdı,
Biri yerə oturdu,
Ayaqları dolaşdı.
Sürüşdükcə adamlar,
Yıxıldıqca adamlar,
Biz gülürdük o ki var...
Sonra çox yaman oldu.
Elə bil ki, bir anda
Hər tərəf duman oldu.
Nə edəydim gecdi, gec?!
Qışqıra bilmədim heç.
Kilidləndi dodağım.
Tərpənmədi ayağım.
Gözümü açan zaman
Gördüm müəlliməmdir
12
Buz üstündə uzanan
Başında qan izi var.
Göz açıb baxa bilmir,
Yerindən qalxa bilmir
Tez başını sardılar
Qaldırıb apardılar.
Çox deyindi adamlar:
Heç belə də iş olar?
Bilmirik nə oyundur,
Bilmirik nə peşədir?
Buz elə bil şüşədir.
Kim eyləyib, bunu kim?
Üzümdə qəm,
Gözümdə nəm,
Dolanıram
Küçəni.
Gətirirəm
Xəyalıma
Bir-bir olub
Keçəni.
Niyə çıxdı
Əllərimdən.
Bu dəcəllik;
Bu xəta?
Görən həkim
Qaytararmı
Onu bir də
Həyata?
Keçir-gedir
Ətrafımdan
Qatar-qatar
Adamlar.
Heç kəs bilmir
Ürəyimin
13
Dağlar boyda
Dərdi var.
Gözlərimin
Qarşısında
Nə adamlar
Nə küçə...
Qar üstündə
Başı qanlı
Müəllimdir
İndicə.
Hara getsəm
Tutur sanki
Yaxamdan
Öz günahım.
Sakit etmir
Ürəyimi
Nə göz yaşım,
Nə ahım.
Bəlkə öldü,
Sağalmadı
Bu yaradan
Müəllim?
Bəlkə indi
Deyir, gülür,
Yaxşılaşır,
Nə bilim?
Bəlkə dönə
Bilməyəcək
O məktəbə
Heç vədə...
Min cür fikir
Dara çəkir,
Böğur məni
Get-gedə.
14
Günlər bir-bir ötüşdü,
Bir ay başa yetişdi.
Uşaqlar ara-sıra
Müəllimə dəydilər
Bir gün məndə qoşuldum
Onların cərgəsinə,
Mən də qoşdum səsimi
Onların şən səsinə.
Dərsdən sonra yığışdıq
Əlimizdə gül-çiçək,
Xəstə müəllimgilə
Getdik ona baş çəkək.
Getdik...amma bilmədim.
Yolu necə getmişəm.
Getdik deyə bilmədim
Amma“günah etmişəm...”
Müəllim görən kimi
Yaman güldü gözləri,
İndidə yadımdadır
Xoş sifəti, sözləri.
Dedi:-Oğul, keç əyləş,
Xoş gəlmisən sən bizə.
Sonra dedi: - uşaqlar
Çöldə qar çıxır dizə.
Ehtiyatla gedin ha
Qarın altı buz olar...
Eşidincə bu sözü,
Əzab çəkdim o ki, var...
İndi məni tanımır,
Unutmuşdur bu qoca
Yenə məni tər basır
Qarşısında durunca.
İstəyirəm deyim ki,
Məndim düzəldən buzu...
Dostları ilə paylaş: |
|
|