20
Məktub Əbdülməlikə çatanda ikinci oğlu Süleyman onun yanında idi. Məktub oxunanda o
da imamın eyhamını və məzəmmətini eşitdi, atası kimi məktubun mənasını anladı. O, üzünü atasına
tutub dedi ki, ey möminlərin əmiri, gör Əli ibn Hüseyn (ə) özünü səndən necə üstün tutur. Yəni bu
məktubda demək istəyir ki, mənim bütün ata-babalarım mömin olmuşlar, sənin bütün ata-babaların isə
kafir və müşrik. O, atasını bu məktub qarşısında sərt tədbir görməyə təhrik edirdi. Lakin Əbdülməlik
oğlundan ağıllı idi və belə məsələlərdə İmam Səccadla (ə) vuruşmalı olmadığını bilirdi. Odur ki, oğluna
müraciət edib dedi: "Oğlum! Bir söz demə, bu, qayaları yaran Bəni-Haşim dilidir". Yəni bunların dili və
əsaslandırması çox güclü və tutarlıdır.
2. Növbəti nümunə İmam Səccadla (ə) Əbdülməlik arasında başqa bir məktublaşmadır.
Əbdülməlikə xəbər çatmışdı ki, Peyğəmbərin (s) xəncəri həzrət Səccaddadır (ə). Bu çox möhtəşəm bir irs,
Peyğəmbər (s) yadigarı və fəxr etməli məsələ idi. Həm də o xəncərin İmam Səccadda (ə) olması
Əbdülməlikə təhlükə törədə, o bununla xalqı öz ətrafına toplaya bilərdi. O, İmam Səccada (ə) bir məktub
yazıb xəncəri ona satmasını istədi. Məktubun altında da yazmışdı ki, istəyiniz olsa, yerinə yetirməyə
hazıram; yəni məktubda o hədiyyənin mükafatını da söz vermişdi.
İmamın cavabı mənfi oldu. Yenidən hədə dolu məktub yazıb bildirdi ki, xəncəri satmasan,
sənin təqaüdünü kəsəcəyəm. İmam cavabda yazdı: "Allah təqvalı bəndələri xoşagəlməz hallardan xilas
etməyi və onlara gümanları gəlməyən yerdən ruzi verməyi Öz üzərinə götürmüşdür. Allah Quranda
buyurur: "Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!"[128] İndi gör bizim hansımız bu ayəyə daha
uyğun gəlirik?"
Bu, xəlifəyə çox sərt bir cavab idi. Bu məktubu görən hər kəs anlayırdı ki, İmam Səccad (ə)
əvvəla özünü xəyanətkar və qədirbilməz saymır, ikincisi heç kimin onun barəsində belə təsəvvürü də
yoxdur. Çünki o, Peyğəmbər (s) ailəsindən olan ləyaqətli və hörmətli bir insan idi, bu ayəyə əsla uyğun
gəlmirdi. Buna əsasən, İmam Səccadın (ə) fikri bu idi ki, sən xəyanətkar və qədirbilməzsən. İmam onun
təhdidi qarşısında belə sərt reaksiya verdi.
Bu, İmam Səccadın (ə) Əməvi xilafətinə qarşı etirazlarına nümunələr idi.
3. Buna başqa bir nümunə əlavə etmək istəsək, həzrət Səccaddan (ə), yaxud o həzrətin
səhabələrindən nəql olunan şeirlərə müraciət etməliyik. Bu da bir növ etirazdır. Çünki o həzrətin özünün
etiraz etmədiyini fərz etsək belə, yaxınları etiraz edirdilər və bu da bir növ imamın etirazı sayılırdı.
21
İmam Səccaddan (ə) çox sərt və inqilabi ruhda olan bir neçə şeir nəql olunmuşdur. Fərəzdəqin məşhur
şeiri də başqa bir nümunədir. Fərəzdəqin əhvalatını tarixçi və hədisşünaslar yazmışlar. Əbdülməlik oğlu
Hişam xilafətindən öncə Məkkədə təvaf edirdi. O, Həcərül-əsvədə - müqəddəs qara daşa əlini sürtmək
istəyirdi. Bildiyiniz kimi, təvaf zamanı bunu etmək savabdır. Qara daşın ətrafında yaranmış qələbəliyə
görə nə qədər etdisə, özünü daşa çatdıra bilmədi. O, şahzadə, xəlifə oğlu olsa da, oraya adamları və
mühafizəçiləri ilə birgə gəlsə də, insanlar etinasızlıqla onu geriyə itələyirdilər. Naz-nemət içərisində
böyümüş bu adam da camaatın içinə girib onlar kimi daşı öpə bilmirdi. Axırda məyus olub
Məscidül-həramda hündür bir yerdə oturdu və xalqa tamaşa etməyə başladı. Onun yanındakılar da
oturdular. Bu zaman təvaf edənlərin arasında çox vüqarlı, mətanətli, zahid və nurani bir kişi göründü. O,
Həcərül-əsvədə yaxınlaşanda insanlar təbii şəkildə yol açdılar və o heç bir əziyyət çəkmədən əlini daşa
sürtdü, onu öpdü, sonra da qayıdıb təvafına davam etdi.
Bu, Hişama toxundu. Gördü ki, xəlifə oğlu olmasına baxmayaraq, heç kim ona hörmət etmir, daşa əl
vurması üçün yol açmır, lakin bir kişi peyda olub çox asanlıqla qara daşa əlini sürtür. O əsəbiləşib soruşdu
ki, bu kişi kimdir. Ətrafındakılar onun Əli ibn Hüseyn (ə) olduğunu bilirdilər, amma Hişamın onlardan
şübhələnməsindən qorxub demədilər. Çünki Hişamın ailəsi ilə İmam Səccadın (ə) ailəsi arasında ixtilaf
vardı. Bəni-Üməyyə və Bəni-Haşim arasında həmişə ixtilaf olmuşdu. Onlar həmin kişinin düşmən ailənin
böyüyü olmasını, xalqın onu bu şəkildə sevməsini demək istəmir, bunu Hişama hörmətsizlik sayırdılar.
Əhli-beyt dostlarından olan şair Fərəzdəq orada idi. Bu adamların həqiqəti söyləmədiklərini və Əli ibn
Hüseyni (ə) tanımadıqlarını bildirdiklərini görüb irəli çıxdı və dedi: "Ey Əmir! İcazə ver mən onu
tanıtdırım". Dedi: "Tanıtdır". Fərəzdəq orada Əhli-beyt şairlərinin ən məşhur qəsidələridən olan və
başdan-ayağa Əli ibn Hüseyni (ə) güclü mədh edən bir qəsidə söylədi. Dedi: "Bu elə bir şəxsdir ki, Bətha
torpağı onun ayağının izini tanıyır; hərəm və qeyri-hərəm, Zəmzəm və Səfa onu tanıyır. Bu, Peyğəmbər
(s) balası, ən yaxşı insanın övladıdır!"[129] O, güclü bir qəsidə söyləyərək İmam Səccadın (ə)
xüsusiyyətlərini bəyan etdi. Onun hər sözü xəncər kimi Hişamın qəlbinə otururdu. Ondan sonra Fərəzdəq
Hişamın qəzəbinə gəldi. Hişam onu qovdu və həzrət Əli ibn Hüseyn (ə) ona pul göndərdi. O, pulu qəbul
etmədi, dedi ki, mən bu şeiri Allah üçün demişəm və sizdən pul almaram. İmamın səhabələri arasında
belə etirazlar görünürdü. Bunun başqa bir nümunəsi Yəhya ibn Ümm ət-Təvilin əhvalatıdır. O, Əhli-beyti
sevən çox şücaətli gənclərdən idi. Həmişə Kufəyə gedib xalqı toplayır və fəryad qoparırdı ki, ey
Bəni-Üməyyə hökumətinin tərəfdarları, biz sizin yolunuza kafirik, Allaha iman gətirməyincə sizi qəbul
etmərik. Bu sözdən belə başa düşülür ki, o, xalqı müşrik bilir, müşrik və kafir adlandırırdı.
Həzrət Səccadın (ə) və onun səhabələrinin həyatında belə etirazlar olmuşdur.
22
İmam Səccadın (ə) saray alimləri əleyhinə güclü mübarizəsi
İmam Səccadın (ə) həyatına və istifadə etdiyi üsullara aid məsələlər haqda söhbətin davamında böyük
İslam hərəkatı üçün Əli (ə) və İslam hakimiyyəti ilə nəticələnə bilən əlverişli şəraiti araşdırmaq və bəyan
etmək istəyirik.
Bir İslam cəmiyyəti qurmaq üçün düşüncə şəraiti hər şeydən zəruri və əhəmiyyətlidir. Bu düşüncə
şəraitinin yaranması üçün İslam dünyasının ozamankı vəziyyətində uzun illər hazırlıq görülməli idi. İmam
Səccad (ə) bütün zəhmət və məşəqqətləri ilə birgə bu işi üzərinə götürdü.
Bunun kənarında İmam Səccadın (ə) həyatında başqa fəaliyyətlər də görürük. Bu fəaliyyətlər
o həzrətin sözügedən sahədə inkişafını göstərir. Bu fəaliyyətlərin əsas hissəsi siyasi və bəzən çox
kəskindir. Onun bir nümunəsi İmam Səccadın (ə) hakimiyyətə çalışan böyük hədisçi və alimlərə qarşı
münasibətində görmək olar. İmamların həyatının ən maraqlı hissələrindən biri onların İslam cəmiyyətinin
elm, düşüncə və mədəniyyət öncülləri olan alim və şairlərə münasibətinə dairdir. Bunlar xalqın
düşüncəsini və beynini korlayır, onları Əməvi və Abbasi xəlifələrinin cəmiyyətdə hakim etməyə çalışdığı
vəziyyətə alışdırır, müti və təslimçi edirdilər. Bu mübarizə tərzi digər imamlar kimi İmam Səccadın (ə)
həyatında da maraqlı və mühüm bir hissəni təşkil edir.
Bildiyimiz kimi, zalım xəlifələr İslama etiqadlı xalqa hakim olmaq üçün onun imanını
istədikləri amilə cəlb etməyə məcbur idilər. O zaman hələ İslamın erkən çağından çox keçməmişdi, xalqın
İslama imanı öz qüvvəsində qalırdı. İnsanlar zalımla etdikləri beyətin düzgün olmadığını və bu zalımın
Allah rəsulunun canişini olmağa ləyaqətinin çatmadığını bilsəydilər, heç vaxt ona təslim olmazdılar.
Bütün xalq belə olmasa da, heç şübhəsiz, cəmiyyətdə iman səbəbindən xəlifələrin qeyri-dini vəziyyətinə
dözən və bu vəziyyətin İslama uyğun olduğunu düşünənlər çox idi. Məhz buna görə zalım xəlifələr
dövrlərinin hədis və din alimlərindən maksimum istifadə edib, onları Peyğəmbərin (s) və böyük
səhabələrin adından hədislər qoşmağa məcbur edirdilər.
Buna dair çox dəhşətli nümunələr var. Müaviyənin dövründə bir nəfər Kəbüləhbarla[130]
rastlaşdı. Kəhbüləhbar Müaviyə və Şam hakimləri ilə səmimi münasibətdə olduğuna görə həmin şəxsdən
soruşdu ki, haralısan?
23
- Şamlıyam.
- Bəlkə sən yetmiş min nəfəri sorğu-sualsız cənnətə gedəcək qoşundansan?
- Onlar kimlərdir?
- Dəməşq əhalisi.
- Xeyr! Mən dəməşqli deyiləm.
- Onda sən Allahın hər gün iki dəfə baxdığı ordudansan.
- Onlar kimlərdir?
- Fələstin əhalisi.
O kişi bəlkə "fələstinli deyiləm" desəydi, Kəbüləhbar Bəəlbək, Tripoli və digər Şam
şəhərlərinin hər biri üçün buna bənzər hədislər qoşacaqdı. Kəbüləhbar bu hədisləri ya Şam əmirlərinə
yaltaqlıq üçün qoşur və bununla onlardan daha çox ənam almaq, onların hörmətini qazanmaq istəyirdi,
ya da bu işi İslama düşmən olduğu üçün görür və əsl Peyğəmbər (s) sözlərinin asanlıqla seçilməməsi üçün
hədisləri qarışdırırdı.
Təzkirə və rical kitablarında belə əhvalatlar çoxdur. Birində deyilir ki, bir əmir oğlunu
məktəbxanaya qoymuşdu. Bir dəfə müəllim onun oğlunu vurdu, o da ağlaya-ağlaya evə gəlib əhvalatı
atasına danışdı. Atası qəzəblənib dedi ki, indi gedib bu müəllimin əleyhinə bir hədis qoşduraram və o
daha bu qələtlərdən etməz.
Bu əhvalatdan bəlli olur ki, hədis qoşmaq onlar üçün çox asan iş olmuşdur; hətta uşaqlarının
göz yaşına görə müəllimin, yaxud onun yaşadığı şəhərin əleyhinə hədis qoşurdular. Hər halda, bu
24
vəziyyət İslam dünyasında İslam dininə dair çox qarışıq, saxta və yanlış bir zehniyyət yaratmışdı. Bu yanlış
zehniyyətin mənşəyi o dövrün hakim və məmurlarına xidmət göstərən hədisçi və alimlər idilər. Belə bir
vəziyyətdə belələrinə qarşı mübarizə aparmaq çox mühüm və təyinedici bir işdir.
İndi İmam Səccadın (ə) həyatından bu mübarizəyə dair bir nümunə qeyd etmək istəyirəm.
Bu, imamın Məhəmməd ibn Şahab Zöhri ilə rəftarı barədədir.
Məhəmməd ibn Şahab Zöhri əvvəlcə İmam Səccadın (ə) yaxınlarından və şagirdlərindən
olmuş, ondan elm öyrənmiş və hədis nəql etmişdir. Lakin sonra tədricən xilafətə yaxınlaşıb onların
xidmətinə keçdi və imamların mübarizə apardığı alim və rəvayətçilərdən oldu.
Məhəmməd ibn Şahab Zöhri ilə daha yaxından tanış olmaq üçün onun haqqında bir neçə
hədis nəql edirik. O deyir ki, biz əvvəldə elmi yazmaq istəmirdik, amma əmir və hökmdarlarımız bizi
bildiklərimizi yazmağa və kitab formasına salmağa vadar etdilər.[131] Biz sonra düşündük ki, heç bir
müsəlmana bu işi qadağan etməsinlər və elm həmişə yazılsın. Bu sözdən belə başa düşürük ki, o zamana
qədər hədisçilər arasında hədisləri yazmaq adət olmamışdır. Həmçinin aydın şəkildə görünür ki,
Məhəmməd ibn Şahab Zöhri əmirlərə xidmət göstərmiş, əmirlər ona hədisləri yazmağı tapşırmışlar.
Müəmmər adlı bir nəfər deyir ki, biz elə bilirdik Zöhridən çoxlu hədis nəql etmişik, amma
Vəlid öləndən sonra heyvanlara yüklənərək onun xəzinələrindən çıxarılan çoxlu dəftərləri gördük.
Deyirdilər ki, bunlar Zöhrinin elmidir. Yəni Zöhri Vəlidin istəyi ilə onun üçün hədislərlə o qədər kitab və
dəftər doldurub ki, onları xəzinələrdən çıxarmaq üçün heyvanlara yükləyirdilər. Vəlidin əmri ilə bu
kitablara yazılmış hədislər necə hədislər ola bilər?! Şəksiz, onların arasında Vəlidin əleyhinə bir hədis də
ola bilməz. Onlar Vəlidin və onun kimilərin əməllərinə don geyindirən hədislərdən ibarət idi.
Zöhri haqda onun xilafətə bağlı olduğu dövrə aid başqa bir hədis də var. Yəqubi Tarix
kitabında Zöhrinin Allah rəsulundan belə bir söz söylədiyini yazmışdır: "Yalnız üç məscidə köçmək olar:
Məscidül-hərama, Mədinə məscidinə və Əqsa məscidinə. Allah rəsulunun Əqsa məscidində ayağını
qoyduğu daş Kəbə kimidir".Mən hədisin sonuncu hissəsi haqda danışmaq istəyirəm. O bu daşı Kəbə kimi
sayır və onun üçün Kəbə qədər şərafət və dəyər tanıyır.
Bu hədis Abdullah ibn Zübeyrin Məkkəyə hakim olduğu dövrə aiddir. İnsanlar həccə
gedəndə Abdullah ibn Zübeyrin hakimiyyəti altında olan Məkkədə bir neçə gün qalmalı olurdular. Bu,
Abdullah ibn Zübeyrin öz düşmənləri və birinci növbədə Əbdülməlik ibn Mərvan əleyhinə təbliğat
25
aparmasına çox əlverişli imkan yaradırdı. Əbdülməlik insanların bu təbliğatın təsiri altına düşməsini və
Məkkəyə getməsini istəmədiyinə görə ən yaxşı və asan yol kimi bir hədis quraşdırmaq qərarına gəlmişdi.
Bu hədis Əqsa məscidini Məkkə və Mədinə qədər üstün bilir və orada yerləşən həmin daşın Kəbə qədər
şərafətli olduğunu söyləyir. Halbuki İslama görə dünyanın heç bir nöqtəsi Kəbə qədər şərafətli deyil və
dünyada heç bir daş Allah evinin daşına - Həcərül-əsvədə çatmaz. Buna əsasən, bu hədisin
quraşdırılmasının səbəbi insanları Allah evinə və Mədinə şəhərinə - güman ki, ora da Əbdülməlik
əleyhinə təbliğat mərkəzinə çevrilmişdi – getməkdən daşındırmaq və Fələstinə yönləndirmək olmuşdur.
Fələstin Şamın bir hissəsi kimi Əbdülməlikin nəzarətində idi. İnsanların bu qondarma hədisə nə qədər
əməl etmələrini tarixi qaynaqlarda axtarmaq lazımdır. Görəsən belə bir zaman olmuşdurmu ki, insanlar
Məkkəyə getmək yerinə Beytülmüqəddəsə və həmin daşın ziyarətinə getsinlər, yoxsa belə bir şey
olmayıb? Əgər belə bir hal baş vermişdirsə, əsas günahkar, yaxud günahkarların biri belə hədislər
quraşdırıb insanları aldadan Məhəmməd ibn Şahab Zöhridir və bu yalnız Əbdülməlik Mərvanın siyasi
məqsədlərinə görə həyata keçmişdir.
Hakim rejimə bağlı olandan sonra Məhəmməd ibn Şahabın İmam Səccad (ə) və Əli (ə) ailəsi
əleyhinə hədislər qoşmasına heç bir maneə qalmırdı. Bunun üçün mərhum Seyid Əbdülhüseyn
Şərəfüddinin "Əcvibə məsail carillah" kitabında iki hədis gördüm. Bu hədislərin birində Məhəmməd ibn
Şahab iddia edir ki, Əmirəlmöminin (ə) Cəbriyyə firqəsində olmuşdur. O, Peyğəmbərə (s) istinadla deyir
ki, "İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir"[133] ayəsində məqsəd
Əmirəlmöminindir! Başqa bir rəvayətdə deyir ki, şəhidlər ağası Həmzə şərab içmişdi. Bu iki hədisi
qoşmaqda məqsəd yalnız hidayətçi imamlara qarşı çıxıb Əbdülməlikin və Bəni-Üməyyə ailəsinin siyasi
hakimiyyətini dəstəkləmək, Peyğəmbər (s) ailəsini və o həzrətin Əməvilərlə qarşı-qarşıya duran
övladlarını həqiqi müsəlman saymamaq, din hökmlərinə sevgi və əməl baxımından onları orta, adi və ya
aşağı səviyyəli tanıtdırmaqdır.
İmam Səccad (ə) bu şəxsə qarşı çox sərt mövqe seçdi. Bu mövqe bu məktubda öz əksini
tapmışdır. Kimsə düşünə bilər ki, məgər bir məktub nə qədər sərt ola bilər?! Lakin bu məktubun
məzmununun Zöhrinin özünə, eləcə də hakim rejimə qarşı çox kəskin olduğunu, onun yalnız Məhəmməd
ibn Şahaba yox, digərlərinin də əlinə keçdiyini, tədricən dillərə düşdüyünü və tarixdə qaldığını nəzərə
alsaq, belə alimlərin saxta və şeytani müqəddəsliyinə necə möhkəm zərbə vurduğunu anlamaq olar.
Tarixdə qalmış və üstündən 1300 il ötəndən sonra bu gün bizim söhbətimizin mövzusuna çevrilmiş bu
məktub Məhəmməd ibn Şahaba müraciət olsa da, başqalarına da şamil olur. Bəllidir ki, bu məktub
müsəlmanların, xüsusən də o dövrün şiələrinin əlinə düşəndə və hamı bununla tanış olanda belə saray
adamlarının etibarına necə güclü xələl gəlir. İndi bu məktubun bəzi hissələrini söyləmək istəyirik.
Məktubun əvvəlində deyilir ki, Allah bizi və səni fitnələrdən saxlasın və səni cəhənnəm
odundan qorusun. Cümlənin ikinci hissəsi yalnız ona müraciətdir. Fitnə və imtahanlar hamı üçündür.
İmam Səccad (ə) da bir növ fitnəyə məruz qala bilər, amma onda qərq olmaz. Məhəmməd ibn Şahab isə
26
fitnəyə məruz və onda batıb qalır. Cəhənnəm odu İmam Səccada (ə) yaxınlaşmır; buna görə də onu
Məhəmməd ibn Şahaba aid edir. Məktubun belə başlanması imamın onunla həm təhqiramiz, həm də
qəzəbli rəftarını göstərir. Sonra buyurur: "Sən elə bir vəziyyətə düşmüsən ki, bunu bilən hər kəs sənə
acımalıdır". Görün bu söz kimə deyilir. Bu söz hamının qibtə etdiyi, hakimiyyətin sevdiyi böyük bir din
aliminə deyilir. İmam isə onu o qədər xar edir ki, haqqında belə bir cümlə buyurur.
Sonra imam Allahın ona verdiyi nemətlərə işarə vurur. Buyurur ki, Allahın sənə verdiyi
bütün bu nemətlərin şükrünü necə yerinə yetirdiyini söyləyə bilərsənmi?! Sonra Qurandan bəzi ayələri
yada salıb deyir ki, Allah heç zaman sənin qüsur və günahlarınla razılaşmayacaq. Çünki Allah alimlərdən
xalqa həqiqətləri söyləmələrini istəmişdir: "Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün
aydınlaşdırmalısınız!"
Bu müqəddimədən sonra Məhəmməd ibn Şahaba qarşı çox sərt və kəskin ittihamnamə
başlayır. Buyurur ki, gizlətdiyin və göz yumduğun ən kiçik məsələ zalımların qorxusunu rahatlığa
çevirmən, azğınlıq yolunu onlara açmandır. Sən onlara yaxınlaşmaqla, hər dəfə dəvətlərini qəbul etməklə
bu işi gördün. Burada onun saraya yaxınlığını yadına salır və bir qamçı kimi başına endirir.
Məktubda deyilir ki, sənə aid olmayanları sənə vermişlər, sən də almısan. Sən heç kimə heç
bir haqqı qaytarmayan şəxsə - zalım xəlifəyə yaxınlaşmış və bu zaman heç bir batili aradan
qaldırmamısan. Yəni bəhanə gətirə bilməzsən ki, haqqı bərpa etmək və batilin qarşısını almaq məqsədi
ilə ona yaxınlaşmısan. Sən onunla birgə olduğun müddətdə heç bir batilin qarşısını almadın, halbuki onun
rejimi batillə dolu idi. Sən Allahın düşmənini özünə dost seçdin.
Bu ittihamnamədə imamın çox sərt cümləsi budur: Onlar səni özlərinə yaxınlaşdıranda
bilmirdin ki, səndən zülm dəyirmanının fırlandığı ox, üzərindən yanlış işlərinə keçmək üçün körpü və öz
azğınlıqlarına sarı qalxmaq üçün nərdivan düzəltmək istəyirlər?! Sən onların azğınlığına çağıran bir
dəvətçi, onların yolu ilə gedən bir yolçu idin. Onlar sənin vasitənlə alimlərdə şübhə oyatdılar, cahillərin
isə rəğbətini qazandılar. Sənin sayəndə alimlər fikirləşdilər ki, biz nə üçün hakimiyyətə yaxınlaşmayaq?!
Alimlərdə bu fikir yarandı, cahillər də çox asanlıqla xəlifələrə meyl göstərib onlara yaxınlaşdılar.
Sonra buyurur ki, ən yaxın vəzirləri, ən güclü tərəfdarları da onlara sənin qədər kömək
etmədilər. Sən onların fəsadlarını xalqa düzgün iş kimi göstərdin.[135]
İmam çox sərt və dərin məzmunlu bu məktubda siyasi və ictimai hakimiyyətə yardım edən
27
düşüncə hakimiyyətini və elmi rəhbərliyi rüsvay etdi, rejimlə barışığa hazır olanlarda sual yaratdı, bu sual
ozamankı İslam cəmiyyətində həmişə aktual oldu və tarix boyu da aktual olacaq.
Mən bunu İmam Səccadın (ə) həyatının mühüm hissələrindən biri bilir və düşünürəm ki, o
həzrət məhdud bir qrup arasında elmi və tərbiyəvi fəaliyyətlə kifayətlənmədi, hətta bu həddə siyasi işlər
də gördü. (İslam keşikçisi, say: 11)
Bu, İmam Səccadın (ə) həyatının xülasəsidir. Bir məqama da toxunmaq istəyirəm: İmam
Səccad (ə) özünün 34 il sürən səmərəli imamət dövründə hakim rejimlə aşkar mübarizə aparmasa da,
uğurla imamlıq etməsi, mömin və ixlaslı qüvvələrdən ibarət çoxlarını yetişdirməsi və Əhli-beyt dəvətini
genişləndirməsi öz işini gördü, Bəni-Üməyyə xilafəti o həzrətdən şübhələndi və qorxuya düşdü. O
həzrətə qarşı bəzi tədbirlər də gördülər, ən azı bir dəfə onu qoluqandallı Mədinədən Şama apardılar.
Məşhurdur ki, Kərbəla hadisəsində İmam Səccad (ə) zəncirlənərək aparıldı, amma o həzrətin
boynuna zəncirin vurulması dəqiq məlum deyil. Qeyd etdiyim hadisədə isə qətidir; yəni imamı Mədinədə
dəvəyə mindirib, zəncirlə bağladılar və Şama apardılar. O, dəfələrlə müxalifləri tərəfindən işgəncə və
əziyyətlər gördü və nəhayət, hicrətin 95-ci ilində, Vəlid ibn Əbdülməlikin xilafəti zamanı hakimiyyət
qüvvələri tərəfindən zəhərlədilib şəhadətə qovuşdu.
Ayətullah Xamenei
Dostları ilə paylaş: |