Araz Gündüz



Yüklə 14,99 Kb.
tarix17.06.2018
ölçüsü14,99 Kb.
#49214

Üzündə göz izi var

Araz Gündüz

(Esse)


El içində bir iş görmək istəyəndə: Gəlin başlayaq, qırılan qoşundandır—deyirlər. Belə sözü əski  çağlarda işi-gücü vuruşmaq olmuş bir xalq yadında saxlaya bilər, üstündən yüzillər keçsə belə. Min il olar onu “başa salırlar” ki, işə başlayanda “bismillah” demək lazımdır, onun isə dilinin ucundan “qırılan qoşundandır” sözü asılıb qalıb, öz yerini “bismillaha” vermək istəmir ki, istəmir…

Min il olar bu xalqa öyrədirlər ki, “Allah isim deyil, cisim deyil, ins deyil, cins deyil” ancaq bu Türk oğlu Türklər Alqış eləyəndə:Tanrı kişi köməyin olsun–deyirlər.

Min il olar bu xalqa öyrədirlər ki, iblis, şeytan kimdir, ancaq deyilənlər beyninə batmır, gözünün qabağına öz tanıdığı iblis–Təpəgöz gəlir, şeytana—təkgöz şeytan deyib ürəyini boşaldır.

Min il olar bu xalqa başa salırlar ki, Sənin ömrün, işlərinin gedişi, ancaq Allahın əlindədir; Allahdan başqasına and içmək olmaz, Ondan Başqasına qurban kəsmək olmaz, Ondan başqasından dilək diləmək olmaz, ancaq O, işi düz gətirməyəndə bunu Allahdan görmür, “Dönərgəm dönüb”, “Qaraçuxam yatıb” deyir; Günəşə, Suya, Göyə, Çörəyə, Ocağa, İşığa, Atasının Goruna, v.c. and içir; Ocaqdan(Pirdən) dilək diləyir, onun adına qurban kəsir.

Yardımlıda uca dağların qoynunda, daşlı, qayalı yollarla gedib çıxılan Abı Dərdə Deyilən bir Ocaq var, yollarının keçilməzliyinə baxmayaraq üstündən gəl-gedı kəsilmir. Başqa Ocaqlarda nə baş verirsə, burada da odur, ancaq kəskinliklə seçilən bir olaydan başqa. Bura tapınmağa gələnlər uğurlarını sınamaq üçün yerdən daş parçalarını götürüb, Ocaq yerində duran tikilinin divarına yapışdırırlar, daş parçası divarda dayanıb qalırsa, diləyin yerinə yetəcəyinə inanırlar…

Qayıdaq üç min il qabağkı Altayımıza. Altay türkləri uca dağların başında Obo deyilən Ocaqlar tikirdilər. Suçlarını arıtmaq(günahlarını təmizləmək) üçün Obo Turduya qurban gətirirdilər və bir də… ağlasığmaz bir iş tuturdular: suçunu arıtmaq istəyən kişi dağın ətəyindən “suçu boyda” bir qaya parçasını götürüb Obo Turduya qaldırırdı. Görəsən “elə yorulmuşam, sanki daş daşımışam” sözü o çağlardan qalma deyil ki? Sizə elə gəlmirmi ki yunanların Sizif Mifi də elə buradan qaynaqlanır? Üç-dörd min il bundan qabaqkı “Ənkə Böyüklərimiz” (Əcdadlarımız) dağlara çox böyük sayqı ilə yanaşırdılar, inanırdılar ki, özlərinin Ənkə Böyüklərinin Gücü (Ruhu) tikdikləri Obolarda yaşayır, istəyəndə törəmələrinin suçlarını arıda bilirlər. Ənkə Böyüklərimiz bu dağların yaxınlığında özlərini yığışdırırdılar, dağa yaxın yerdə onun öz adını çəkməkdən yayınıb qondarma ad deyirdilər ki, birdən dağın adının yersiz çəkilməsi onu acıqlandırar, üstlərinə Yaman Güc göndərib vurğunlayar.

Gəlin indi də “Dönərgə” ilə “Qaraçuxa” sözlərini anlamağa çalışaq. Dönərgə sözü bizim özgə dilləri “yaxşı oxuyub öyrəndiyimizdən” işlətməyə başladığımız “çərxi-fələk”, ya “gərdişi-zəmanə”  sözlərinin qarşılığıdır, çox ola bilsin əskilərdə dediyimiz “tenqri” sözündən doğmuşdur.

Üç-dörd min il qabaq Altaylarda Ənkə Böyüklərimiz “Qaraçun” deyilən bir bayram keçirərdilər. Dekabr ayının sonlarında səsli-küylü, sevincli yığıncaqlar keçirib, göyə üz tutaraq ağız-ağıza verib:”Qaraçun! Qaraçun!” deyə qışqırardılar.

“Qaraçun”—indiki dilimizə çevirsək, “gündüzü artır”, “çox işıq ver” demək idi ki, bu da qışı çox soyuq keçən Altaylarda “yaşayışımızı canlandır” demək idi. Məncə elə Yaz Bayramında səslənən “Gün çıx, Gün çıx!” çağırışı da, Qaraçuxa sözü də burdan qaynaqlanır. Yazımın bu yerində kitablarında Altaylarla ilişkili verilən bilgilərindən yararlandığım  türkçülüyün görkəmli bilicisi Murad Acıya sayqılarımı bildirmək istəyirəm.

Dilimizin özgə dillərdən alınma sözlərlə necə kirləndiyini duymaq istəyirsinizsə, belə bir sınaq keçirə bilərsiniz, yan-yörənizdəki arxadaşlarınızın bir neçəsindən “donun  geniş olmasını” açıqlayan Atalar Sözünün necə səsıləndiyini soruşacaqsınız, Sizə deyəcəklər:”Məsləhətli don gen olar”. Bu Atalar Sözünün doğrusu belə səslənir:”Gənəşikli don geniş olar”. Hansı yaxşı səslənir:birinci, yoxsa ikinci? Araşdırsanız görəcəksiniz ki, birinci səslənmədə deyilmək istənilən sözün anlamı belə yanlışa uğramışdır.

Dilimizdə İnsan üzü ilə bağlı saysız deyimlər vardır. Bir neçə örnəyə baxaq:”üz-üzə gəldik”, “üzüm gəlmir”, “üzündən keçə bilmədim”, “üzünə üz bağlayıb”, “üzüm döndü”, “üzümün suyu töküldü”, “ağ üz”, “qara üz”, “üzünü bozartdı”, “üz üzdən utanar”… Yer üzü, Göy üzü deyərlər. Sanki dilimizdə: yer, göy, varlıq, yaradılış bütünlüklə İnsan üzünə köçürülüb…

Ululularımızın İnsan üzündə tapdıqlarından bir neçə gözəçarpan örnək:



1.    Babəki öldürəndə O, kəsilmiş əlinin qanı ilə üzünü boyayır!..
2.    Nəsimini öldürəndə Ona söz atan alçaq mollaya deyir:”Üzümün saralması qorxudan deyil, Günəş də batanda üzü saralır.”
3.    Koroğlu Dəlilərini belə seçir: Adamı özünün sınanmış Dəlilərindən biri ilə üz-üzə oturdur, Özü saz çalır, Dəlisi isə yeni gələnin üzünə baxır, sonda Koroğlu
Dəlisi Adamın üzündən oxuduqlarını açıqlayır, son söz isə Koroğlunun olur.
4.    Bir neçə nağılımızda gözəl qız yuxudan ayılıb güzgüyə baxır, üzündə öpüş izi olduğunu “görür.”
5.    Adamı yerində donduran bəlli bayatımız:
…Üzündə göz izi var,
Sənə kim baxdı yarım?!
6.    2600 il qabaqlarda yaşamış, yeddi ən görkəmli Yunan filosoflarından biri sayılan, soyca Türk olmuş Anaxarsisdən soruşurlar:”Bu doğrumudur ki, siz Türklər qışın soyuğunda çılpaq gəzə bilirsiniz?” Anaxarsis deyir:”Siz axı qışın soyuğunda üzünüzü örtmədən gəzə bilirsiniz, mənim üçün isə bütün gövdəm üzüm kimidir”

Dediyimiz örnəklərdən olduqca çoxlu nəsnələr aydınlaşır məncə, biri də budur ki, Tanrının varlığını, Onun Sözünü İnsan üzündə axtarıb tapan Hürufilyi başqa bir xalq yarada bilməzdi, Onu ancaq üzdə göz izini duya biləcək, incə duyğuların, dərin anlağın yiyəsi olan bir xalq – Azərbaycan Türkləri yarada bilərdi!..
Yüklə 14,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə