13
- Telefonla dediyim sözlərə fikir vermə.
Fikir vermədim bu sözlərə.Əliyə hörmət,məhəbbət xatirinə.Təbiidir: Əli istəyirdi
mən həmin telefon nömrəsini də unudum.Unutmadım: Əliyə hörmət,məhəbbət
xatirinə.Sonralar Əlinin bir şeirini oxudum.Dediyi həmin sözlərlə bu şeir arasında
bir bağlılıq, yaxınlıq gördüm.Ola bilsin, bu mənim oxucu naşılığımdan irəli gəlir,
amma hər halda Əli deyirdi:
Bəzən haqq qazanır insan öləndə,
Hətta unudulur ağır günahı.
Hamıya dərd olur «cavan getməyi»,
«Olduqca az görüb, az yaşamağı».
Deyirlər: «Bilsəydik, ayıq olardıq,
Onu qoyardıqmı heç gözdən iraq?!
Hər bir dərdinə də çarə qılardıq,
Nə bilək o belə az yaşayacaq…»
Eh, bu gün nə qədər xəyala daldım,
Eh, qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?
Bu sualı Əli Kərim özü həqiqətə çevirdi.Cavan yaşında da «öz xoşu ilə»
ölməyin mümkün olduğunu sübut etdi.Bu inadkarlıq nəyə lazımmış,Əli? Sən
yaşadığını yazmağa, yazdığını yaşamağa necə də can atırdın?!
Əli Kərimi tanıdığım müddət ərzində heç vaxt öz yazdıqlarından söhbət
saldığını, yazdıqlarından məst olduğunu görmədim.Amma
şübhə etmirəm,Əlinin
ən çox sevdiyi şeiri «Gəl, Azərim!» şeiriydi.Bilmirəm, bu, oğlu Azərə olan ata
məhəbbətindənmi beləydi, yoxsa şeirin yaxşılığını, doğrudan, Əli özü də qəbul
edirdi.Bəlkə K.Paustovski demişkən, «öz yazdığı özünü heyrətləndirirdi».Əli üçün
bütün yaradıcılığı bir yana, «Gəl,Azərim!» bir yanaydı.
Heç vaxt Əlinin bu və ya başqa bir şeirini ona tərif etməzdim.Heç vaxt!Bircə
«Gəl, Azərim!» şeirindən başqa.Şeirdə belə bir yer var:
Sənə vardır ürəyimdə
Həmişə etibar, gəl!
Gəlirsənmi?
Səni yaxşı görmək üçün
Kədərimi bir daş kimi
Qoymuşam ayağımın altına,
Qalmışam boylana - boylana.
Gələcəksən!
Həmişə şeirin bu hissəsini Əli üçün deyəndə o gülümsəyər və deyərdi:
- Hə, bu şeir Azərindir, o olmasaydı, mən… - Əli sözünün ardını deməz-di.
Bir dəfə (bu, Əli Kərimin xatirə gecəsində oldu) sarışın, göyçək bir oğlan
olan Azərin xitabət kürsüsündən bu şeiri söylədiyini gördüm.O, şeiri deyəndə
14
gülümsünürdü.Azər bilmirdi: atası həmin şeiri yazanda həsrət içində, intizar içində
qıvrılırmış.Azər bilmirdi: o, xəstəxanada yatanda atası yerə - göyə sığışmırdı.Ata,
oğlunun həsrətindən sevinc dilənçisi olub.Ata, yarasının üstünə oğlunun gülüşlərini
səpələmək istəyir.Oğul gülüşüylə yarasını sağaltmaq istəyir.İnanaq bu məlhəmə!
Heç kəs bizi Əli Kərimə qarşı diqqətsizlikdə təqsirləndirə bilməz.Heç kəs
deyə bilməz: «Əli Kərimdən çox yazmaq, çox danışmaq olardı.Axı o, hələ dünənə
kimi sağ idi».
Bəli, o, dünənə qədər söhbətlərində inamla deyirdi:
- Yəni 50 il də yaşamayacağam?..
Bu sözdən sonra Əlinin belə tez ayrılığına inanmaq olardımı? Ehtiyat etmək
olardımı: Əli nə danışırsa, yazıb saxlayaq, yoxsa sabah gec olacaq.Əl-bəttə, yox.Bu
qəfil ayrılıq bəzilərimizin yaddaşını da pozdu.Kədər dumanına bürünmüş
yaddaşım Əlinin söhbətlərindən bəzi sətirləri saxlaya bilmişdir.Əli söhbət edirdi:
- Mən redaksiyada işləyəndə bizim bir iş yoldaşımız vardı.İşləməklə o qədər
arası olmazdı.Tez - tez redaksiyadan «yoxa» çıxardı.Redaktor ondan
şübhələndiyindən tez - tez onun oturduğu otağa gələrdi.O da redaktoru «aldatmaq»
niyyətilə siqareti yandırıb külqabına qoyardı.Özü isə çıxıb gedərdi.Bizdən də xahiş
edərdi ki, siqareti yanıb qurtaran kimi başqasını odlayıb qoyaq külqabına…
Əli, günahı redaktorda görürdü: «Yaradıcı adamın başı üstdə durub ona
nəzarət etmək onu təhqir etməyə bərabərdir».
Dəqiq tarixi yadımda deyil.O yadımdadır ki, «Azərbaycan» curnalı əsrimizin
görkəmli şairi Nazim Hikmət haqqında böyük material vermişdi.Bu materialı
oxuyan bir şair heyrətə gəlib dedi ki, vay, bu yazığın (Nazim Hikmə-tin) əməlli -
başlı faciəsi varmış.Əli bundan çox acıqlandı.Acıqlandı ki, niyə özünü şair
adlandıran bu şəxsin indiyə kimi Nazim Hikmətdən, onun şəxsi həyatından xəbəri
yoxdur.Ona görə də dedi:
- Əgər o (Əli həmin şəxsin adını çəkərdi) mənim şeirlərimi bəyənərsə,
deməli, mən yoxam, ölmüşəm.Çünki onun zövqünün səviyyəsinə enmişəm ki, o
məni bəyənir.
Tələbə dostlarımdan biri (onun bir neçə şeirlər kitabı çıxıb) gileylənirdi ki,
Əli Kərim «Azərbaycan» curnalında işləyəndə onun şeirlərini itirib.Mən bu haqda
Əlidən soruşdum.
- Kimdir o elə? Adı nədir? - deyə Əli maraqlandı.
Dedim adını.
- Tanıyıram.Düz deyir.İtirmişəm deyəndə, onsuz da şeir redaksiyadadır,
amma yerini bilmirəm.Pis şeiri «tapıb» oxucuya təqdim edənin günahı, onu
yazanın günahından çoxdur.Yaxşı şeiri isə şair özü itirsə də, oxucu tapar.Mən heç
vaxt yaxşı şeiri itirmərəm, amma bilirəm: giley edənlər var.Özü də çoxdur.
Əli bir nəfərin çıxışı münasibətilə dedi:
- Bir ay idi çalışırdı, özünü biabır etsin.Məqsədinə çatdı.
Əli danışırdı ki, bir dəfə onun əsərini tənqid edən bir yoldaş sonra Əlidən üzr
istəyir ki, düz
iş görməyib, haqlı tənqid yazmayıb.onda Əli həmin adama deyir:
- Eyb etməz, sənin də kişiliyin ona çatır.Sənin də başa düşdüyün oracandır.