şöhrəti Fərqanənin hüdudlarından çox uzaqlara
yayılıbmış. Bu qırğız qaçağanları ipəklə rəqabətə
girərək qızıl qiymətinə olmuşlar və Çində onlara
çox böyük tələbat var imiş. “Səma atları”nın
təsviri indiyəcən Oş şəhərinin və Aravan kəndinin
yaxınlığında qayaları bəzəyir. Bu qayaüstü
rəsmlərin neçə yüz il yaşı var. Qocalar bu günün
özündə balaca nəvələrini mehribanlıqla “dayça
balam”, “qulun balam” sevib oxşayırlar. Bu, həlim,
sədaqətli, gözəl heyvana bəslənən məhəbbətin
etirafıdır.
Bu gün qırğız xalqı bir çox əski oyunlarla
bahəm qorxmaz kişi oyunu kok boranı da yenidən
dirçəldib gündəmə gətirmişdir. Bu oyun əsil cəsarət,
yəhərdə əminlik və çapar atın idarə edilməsində əl
çevikliyi tələb edir.
Bir neçə sözü atın həyatımızdakı digər
əvəzolunmaz rolu barəsində söyləmək istərdim.
Bineyi-qədimdən at təkcə döyüş yoldaşı, gözəl
qaçağan çapar deyil, həm də əsas qoşqu heyvanı,
hər kəndli ailəsinin başlıca zəhmətkeşi olmuşdur.
Yadımdadır, 80-ci illərdə kəndimizdə kolxozun
Kurjun (xurcun) ləqəbli işlək atı var idi. Yazın
əvvəlindən onu kotana, xışa qoşurdular, ilboyu su,
odun daşıtdırırdılar, heyvan iri-iri saman, küləş
tayaları dartıb aparırdı. Ömrünün son dəqiqəsinıə
görə Kurjun gecə-gündüz dinməzcə, fağır-fağır
ən ağır işi gördü. Bu sadiq köməkçini çatladıb
öldürdüklərini yadıma düşəndə ürəyimin başına
od düşür. Bir gün ərzində zavallı heyvan bir neçə
bostanı şumlayıb, axşama çatlayıb yıxıldı. Heyvan
zülmlə, sitəmlə öldü. Öz sahibi yox idi – kolxoz
malı idi. Ona görə heç kim onun dərdini çəkib
ürəyinə salmadı. Ancaq onun qəmgin, yaşla dolu,
az qala insan kimi dil açıb danışan məzəmmət dolu
gözləri xəyalımdan heç vaxt silinmir...
Sonradan dövlət kolxoz əmlakı tərəfdarları ilə
mübahisəyə girişəndə, həmişə Kurjun atın faciəvi
taleyini yada salırdım. Əsil sahib heç vaxt heyvana
bu qədər əzab verib incitməyə rəvac verməzdi.
Tolubay sınçı (peyğəmbər, qabaqcadan görən)
haqqında belə bir maraqlı əfsanə mövcuddur.
Bir xan nökərlərinə əmr verir ki, ilxılarının
içində ən yaxşı qaçağan çapar atını seçməyi
bacaran ixtiyar peyğəmbər tapsınlar. Nökərlər
qocanı can verən atın qarşısında oturub taleyinə
ağlayan tapırlar: “Ey mənim qaçağan atım, mən
peyğəmbərin qədri bilinməyən kimi, heç kəs sənin
də qədrini bilmədi”. Ahıl kişini xanın hüzuruna
gətirirlər. Xan dillənir: “Hərgah haqqında söz-
söhbət gəzən həmin Tolubay peyğəmbərsənsə,
ilxılarımın içində ən yaxşı çapar atımı seçməlisən.
Ancaq səhv buraxsan, bəxtindən küs: gözlərinə mil
çəkdirtdirəcəyəm!”
Xan saraylarının birinin eyvanında dayanan
Tolubay sarayın yanından çapıb şütüyən atların
arasından seçsə də, ən yaxşısını tapa bilmədi.
İlxıların hamısı keçəndən sonra xan rəiyyətindən
xanlığında daha atın qalıb-qalmamasını xəbər aldı.
Ona kifir, xallı, ləkəli, arığından üzülən, damarları
çıxmış at gətirdilər. Tolubay peyğəmbər atı görən
kimi onun ən yaxşı olduğunu bəyan etdi. Qeyzlənmiş
xan peyğəmbərin gözlərinə mil çəkdirdi. Onda
Tolubay xana son təvəqqe ilə xitab etdi: “Siz məni
cəzalandırdınız, yaxşılıq edin, bu arıq-uruq atı mənə
verin!” Xan onun ricasını yerinə yetirdi.
Qoca atı evə gətirdi. Qarısı ilə birgə gözdən iraq
bir yerə çəkilib ata baxmağa başladılar. Qırx gün
keçdi. Qırx birinci gün ahıl özü atın belinə çıxıb
qarısını tərkinə aldı. Çöldə yol gedəndə, əshabələri ilə
birgə at çapan xana ürcah oldular. Tolubay xana yarış
təklif etdi və izahat verdi ki, ilxıların içində ən yaxşı
yemlənmiş atların arasında seçdiyi həmin o arıq-
uruğun belindədir. Təhqir olunmuş xan nökərlərinə
həyasızı tutub qətlə yetirmək əmrini verdi. Yalnız
ertəsi gün günəş tülu edəndə, xanın ən yaxşı köhləni
Tolubayla qarısını haqlamağa başladı. Peyğəmbər
qarısına atın başını günəşə çevirmək əmrini verdi.
Gün işığından kor olmuş xan köhləni qaçqınlardan
geri qaldı. Ertəsi gün onları xanın alnı səkil qaşqa
çapar atı haqlamağa başladı. At dırnaqlarının
tappıltısını eşidən qoca atın ayaqlarının nazik
olduğunu ayırd etdi və qarısına atının başını daşlıq
yola salmaq əmrini verdi. Yalnız üçüncü gün onlara
xan qaçağan çaparlarının ən güclüsü çatdı. Tolubay
qarısından atın rəngini xəbər aldı. Bu, üçyaşar kəhər
idi. Qoca tərifi tərif ardınca yağdırmağa başladı və
cavan çapar belindəki xanla bahəm təriflərdən yağ
kimi əridi və geriləməyə başladı. Tolubay peyğəmbər
qımışıb çiyninin üstündən xana qışqırdı: “Axı sənə
demişdim, bu sənin xanlığında ən yaxşı çapar atdır!”
Atının başını buraxıb dördnala çaparaq bir neçə dəfə
cövlan edib əfsanəyə döndü və yoxa çıxdı.
Deyirlər,
onun atının dırnaqları hələ də hər qırğızın ürəyində
tappıldayır.
Xalq arasında belə bir atalar sözü qorunub
saxlanmışdır: “Peyğəmbər olmaq istəyirsənsə,
Tolubay ol, xanəndə olmaq istəyirsənsə, Toktoqul
ol!”
Get-gedə daha çox əmin olub inanıram ki, hər
xalqın tarixi həyat tərəfindən yaranmış əfsanələrdən
yazılır.
19
Get-gedə daha çox əmin olub inanıram ki, hər xalqın
tarixi həyat
tərəfindən yaranmış əfsanələrdən yazılır.
Doğma yurdum,
həm atamsan, həm də anam.
Mislin varmı bu dünyada?!
Dağların, ağsaçlı
zirvələrin,
Ürəyə həm təpər verir, həm sakitləşdirir.
Sübh tezdən oxuyuram,
Qürubda nəğmə deyirəm.
Məni ilhama sən gətirirsən, Ala-Too!
Midin Alıbayev
Həşəmətli dağlar
Mən dağlarla əhatələnmiş və sanki nəhəng
çömçənin dibində yerləşmiş kənddə anadan
olmuşam. Adamlar kəndi Qızıl cam adlandırmışlar.
Kənddə doğulmuş istənilən qırğız körpəsi dil
açanda ilk öyrəndiyi mütləq ana, ata, nan – çörək
sözlərindən sonra, too – dağ, at, Manas söyləməyə
başlayır... Kəndli qırğız tifilləri üçün Vətən məhz
bu müqəddəs dağlardan başlayır.
Dağlar – qırğızlar üçün sadəcə dağ deyil. Bu,
əcdadlarımızın uca ruhlarının, onların azadlığa
doğru əbədi can atmalarının, həyat müdrikliyinin
və fəlsəfəsinin rəmzidir. Axı həyatda yuxarı
belə çətinliklə dırmaşmaq olur, çox asanlıqla da
müvazinəti itirib aşağı uçmaq mümkündür.
Torpağımın tinəti – səma dağlarıdır. Yalnız
ölümsüz günəşin şüaları qırğız dağlarının
simasını diriltməyə qabildir. Sanki bu əzəmətli
zirvələrin hündürlüyündə at belində oturaraq,
ulduzlara toxunmaq olar. Bura dağların ulduzlarla
mükaliməyə girdiyi məkandır. Dincliyin və hüznün
hakim kəsildiyi yerdir. Bu hündürlükləri gözlə
əhatə etmək mümkünat xaricindədir. Qayalar
Manasın döyüşçüləri, xalqımızı qoruyan qılınc
və qalxan sayağı çiyin-çiyinə söykənmişlər. Ala-
Toonun donmuş, günəş şüaları ilə nazlanan zirvələri
sanki asi, boynu əyilməyən əcdadlarımız tərəfindən
vəsiyyət edilmiş kişilik bayrağı, yeni amallara
aparan əbədi çağırışdır. Dağların susqunluğunda
abavü-əcdadımızın müdrikliyi gizlənmişdir.
Mənim Qırğızıstanım – insan şüurunun və
təbiət ruhunun vəhdətini özündə təzahür etdirən
ölkədir. Yalnız qırğız dağlarının ucalığından
cahanda nə qədər meşələrin, aşırımların, insan
məğlubiyyətlərinin və zəfərlərinin, kədərinin və
bəxtiyarlığının, fərəhin və məhəbbətin olduğunu
gözlə
görmək
mümkündür...
Müstəqillik
qazanandan bəri sanki bu dağların zirvələrindən
bizim üçün yeni ənginliklər açılmışdır. Və bu
dağların ucalığından gələcəyimiz aşkar görünür –
azad, firavan, dinc və tərəqqi edən Qırğızıstan.
Dağlar qırğızlar üçün hansısa ilahi qüvvənin
təcəssümdür. Xan-Tenqrinin tərcüməsi təsadüfən
“səma dağları” (yaxud “ruhların hakimi”) kimi
səslənmir. Məhz bu dağlar dünya miqyaslı
istedadlar yaradıb və yaradır, məs., qüdrətli manasçı
Sayakbay Karalayev və yazıçı Çingiz Aytmatov,
balerina Bübüsara Beyşenaliyeva, heykəltəraş
Turqunbay Sadıkov, şairlər Aalı Tokombayev və
Alıkul Osmonov, aktyor Suymenkul Çokmorov
və xanəndə Bulat Minjilkiyev, birinci Prezident
Əskər Akayev, kosmonavt Salijan Şaripov və bir
çox özgələri.
Heç də hamı dağların hündürlüyünə qalxmağa
qabil deyil, hər kəsə dağlarda doğulmaq və
yaşamaq nəsibi qismət deyil. Dağlı xalq ucalığa
da, xoşbəxtliyə də layiqdir. Qoy bu bəxtəvərlik
ağır zəhmətlə başa gəlir – yalnız bu sayaq dağın
zirvəsinə çatmaq mümkündür. Qırğız üçün dağlar
yalnız hündürlük deyil. Bu onun qəlbinin bir
parçasıdır. Qırğızın ömrü məhz burada – göylə yer
arasında keçir. Yalnız dağa qalxsan, uçuş hissini
duyarsan.
20