4
biri anadangəlmə inkişaf pozğunluqları ilə müşahidə olunan sindromların bir əlaməti kimi təsvir
olunurlar.
Hipotrofiya – (yunanca
hypo- “az”,
trephein - “qidalanma”) bədən çəkisinin azalması və
proporsional inkişafının pozulması ilə nəticələnən xroniki qidalanma pozğunluğu olmaqla 2 qrupa
bölünür: anadangəlmə və qazanılmış. Anadangəlmə hipotrofiyaların inkişafına səbəb olan faktorlar
içərisində əsasən ananın xəstə olmasının, döldə oksigen azlığının (hipoksiyanın) və müxtəlif genetik
mutasiyaların əsas rol oynadıqları qeyd olunur. Qazanılmış hipotrofiyalar ana südünün az olması, süni
qidalanma rejiminin pozulması, mədə-bağırsaq sistemində olan inkişaf pozğunluqları və xroniki iltihabı
proseslər, mərkəzi sinir sistemi xəstəlikləri, irsi olaraq maddələr mübadiləsinin pozulması və s. səbəblər
nəticəsində meydana çıxırlar.
İnvolyusiya – (latınca,
involutio - “kicilmək, yığılmaq”) orqanların təşkilində iştirak edən
hüceyrələrin ölçülərinin kiçilməsini və ya ilkin ölçülərinə qayıtmasını göstərmək üçün işlədilir. Məs.:
doğuşdan sonra uşaqlığın, südəmər dövr başa çatdıqdan sonra süd vəzilərinin, cinsi yetişgənlik dövründən
başlayaraq timusun ölçülərinin kiçilməsi.
Metaplaziya – (yunanca
metaplasis – “formanın dəyişməsi”) müəyyən toxumanın tərkibinə daxil
olan yetkin huceyrə tipinin həmin toxuma üçün xas olmayan digər hüceyrə tipinə çevrilməsini göstərmək
üçün işlədilir. Metaplaziya zamanı qeyri-adekvat qıcıqların təsirinə davam gətirə bilməyən hüceyrə tipləri
həmin təsirlərə davamlı hüceyrələrlə əvəz olunurlar. Məs.: siqaret çəkən insanlarda tənəffüs yollarını
örtən təkqatlı kiprikli epitelin yastı epitellə, turşuluğu yüksək olan mədə şirəsinin təsirindən yemək
borusunun aşağı 1/3 hissəsində çoxqatlı yastı epitelin təkqatlı silindirəbənzər epitellə əvəz olunması.
Qeyd etmək lazımdır ki, metaplaziyaya səbəb olan təsirlər aradan qaldırılarsa hüceyrələr özlərinin ilkin
normal vəziyyətinə qayıda bilirlər. Əksinə, patogen təsirlər davamlı olduqda isə metaplaziyaya uğramış
nahiyyələrdə bəd xassəli şişlər inkişaf edə bilir.
TOXUMALAR HAQQINDA TƏLİM. ÜMUMİ MƏLUMAT
Mürəkkəb orqanizmlərdə hüceyrə və qeyri-hüceyrəvi toxuma strukturları toxuma adlanan xüsusi
sistemlərin tərkibinə daxildir. Toxumalar bütün orqanların quruluş əsasını təşkil edir. Toxuma tarixi
inkişaf prosesində meydana çıxmış eyni quruluş planına, vəzifəyə və mənşəyə malikdir. Hər bir toxuma
müəyyən funksiyanın icrası üçün ixtisaslaşmışdır, belə ki, canlı orqanizmdə müəyyən funksiyanın icra
olunması ayrı-ayrı hüceyrələrdən deyil, ümumi quruluşa malik və vəhdət təşkil edən xüsusi sistemlərdən
– toxumalardan asılıdır. Deməli, toxuma orqanizmin inteqrativ sistemidir, onun vəhdətini təmin edir.
Toxumalar canlılar aləmində filogenetik inkişafın müəyyən mərhələsində meydana çıxmış, tədricən
diferensiasiya edərək təkmilləşmiş və tam orqanizmlərdə müəyyən funksiyaların icra olunmasına
uyğunlaşmışdır. Orqanizmlərin tarixi inkişafının divergent (getdikcə fərqlənən) istiqamətdə getməsi
nəticəsində çox miqdarda yeni heyvan növlərinin, cinslərinin, ailələrinin və s. meydana çıxmasını nəzərə
alsaq, toxumalar bu külli miqdar müxtəlif heyvanların orqanizmində hər hansı bir vəzifənin icrası üçün öz
quruluş planlarını müəyyən qədər saxlaya bilmiş və nəticədə növlərinin miqdarı məhdud olmuşdur.
Beləliklə, toxuma təkamülü tam orqanizmlərin filogenezinin xüsusi təzahürüdür. Diferensiasiya dedikdə
embriogenezdə toxumaların inkişafı zamanı ilk, eynicinsli quruluşa malik hüceyrələrin ixtisaslaşması ilə
əlaqədar olaraq onlarda proqressiv mübadilə və struktur dəyişikliklərinin baş verməsi düşünülür.
Mübadilə prosesindəki dəyişikliklərlə əlaqədar olaraq, morfoloji strukturların kimyəvi tərkibi də dəyişilir.
Diferensasiya dörd əsas dövrü: ootipik, blastomer, rüşeym və toxuma diferensiasiyası ayırd edilir.
Ootipik diferensasiya orqanizmin inkişafında ən ilk mərhələdir. Gələcək rüşeym mayasının
maddəsi döllənmiş yumurta-hüceyrə sitoplazmasının müəyyən nahiyələrində yerləşir. Belə nahiyələr
prezumptiv, yəni ehtimali və ya müvəqqəti nahiyələrdir. Məs.: amfibinin gələcək xorda-mezodermasının
maddəsi boz orağın sitoplazmasında yerləşir.
Blastomer diferensiasiyası blastomerlərin tədricən spesifik xüsusiyyətlər əldə etməsidir. Döllənmiş
yumurtahüceyrənin bölünməsi nəticəsində meydana çıxan blastomerlər gələcək toxumaların mayasını
təşkil edir. Ayrı-ayrı nahiyələrin blastomerləri arasında fərqə, artıq blastula mərhələsində təsadüf olunur.
Rüşeym, yaxud maya diferensiasiyası zamanı rüşeym vərəqələrinin eynicinsli hüceyrə
materialının ayrı-ayrı nahiyələrində, gələcək ox orqanlarının inkişafı ilə əlaqədar olaraq, struktur
5
dəyişikliklər baş verir. Məs.: ektodermanın arxa səthində sinir borusunun əmələ gəlməsi, və ya
mezodermanın dorzal hissəsinin seqmentlərə bölünməsi və s.
Toxuma diferensiasiyası rüşeymin inkişafı zamanı ilk toxuma mayalarından xüsusi toxumaların
əmələ gəlməsi, və ya ilk toxuma mayasının definitiv toxumaya çevrilməsi prosesinə deyilir. Bu zaman
toxuma mayasının hüceyrəvi və qeyri-hüceyrəvi törəmələri müxtəlif istiqamətlərdə ixtisaslaşaraq hər bir
toxuma üçün səciyyəvi olan struktur elementlərinə diferensiasiya edir və habelə müvafiq fizioloji və
kimyəvi xüsusiyyətlər kəsb edir. Toxuma diferensiasiyasının əsasında kimyəvi diferensiasiya durur ki, bu
da inkişafda olan toxumada maddələr mübadiləsi prosesindəki müxtəliflikdən asılıdır. Bunun nəticəsində
həm morfoloji, həm də fizioloji dəyişikliklər baş verir. Diferensiasiya prosesi getdikcə toxuma
determinasiya edir, yəni spesifiklik əldə edir. Belə toxuma adətən başqa toxumaya çevrilə bilmir.
Toxuma determinasiyası (latınca
determinare – “müəyyənləşdirmə”) rüşeymin toxuma
strukturalrının yalnız müəyyən istiqamətdə inkişaf etmək xüsusiyyətidir. Nəticədə toxuma quruluşlarının
spesifikliyi meydana çıxır. Determinasiya irsi və xarici mühit amillərinin qarşılıqlı təsiri əsasında baş
verir. Lakin bununla yanaşı xarici və daxili amillərin təsiri altında (məs.: eksperimental şəraitdə)
rüşeymin yeni xüsusiyyətlər əldə etməsi də mümkündür.
İnteqrasiya (latınca integer – “tam”, integratio – “bərpa”) orqanizmin bütün hissələrinin birləşərək
onun tamlığını təmin etməsinə deyilir. Tarixi inkişaf prosesində toxumaların meydana çıxması mürəkkəb
orqanizmlərin inteqrasiyasını daha da möhkəmləndirir. Sinir toxumasının meydana çıxması orqanizmin
yüksək inteqrasiyasına imkan yaratmışdır. Tam orqanizm inteqrasiyası əsasında onun strukturlarının
inteqrasiyası baş verir: məs.: hüceyrələrin inteqrasiyası, yəni onların tam bir sistemdə birləşməsi,
aralarında qarşılıqlı rabitənin yaranması. Belə xüsusiyyətlər tam orqanizmin vəhdətinə müvafiq olaraq
inkişaf prosesində meydana çıxır.
Beləliklə, toxumalar istər filogenetik inkişaf prosesində və istərsə də embriogenez prosesində
müəyyənləşmiş və tam orqanizmə uyğunlaşmışdır. Bütün bu proseslər tam orqanizmin onu əhatə edən
ətraf mühitlə qarşılıqlı rabitəsi şəraitində baş vermişdir. Deməli, toxumaların inkişafı (histogenez) prosesi
orqanizmlərin tarixi (təkamülü) inkişafı ilə əlaqədardır.
Deyilənlərə yekun vuraraq toxumaya belə tərif vermək olar: toxuma tarixi inkişaf prosesində
(filogenetik olaraq) meydana çıxmış ümumi quruluşa malik hüceyrəvi və qeyri-hüceyrəvi strukturlardan
ibarət sistem olub, müəyyən funksiyaları icra etmək üçün ixtisaslaşmışdır.
TOXUMALARIN TƏSNİFATI
Orqanizmin əsas funksiyalarına müvafiq olaraq, habelə quruluş və inkişaf xüsusiyyətlərinə görə
aşağıdakı toxuma tipləri ayırd edilir: epitel toxumaları, qan və limfa, birləşdirici toxumalar, əzələ
toxumaları və sinir toxuması.
Epitel toxumasında hüceyrələr bir-birinə sıx yerləşərək laylar təşkil edir. Epitel toxuması
orqanizmlə xarici mühit arasında mübadilə prosesində iştirak edir. O habelə, mühafizə, sorulma, sekresiya
və ekskresiya vəzifələrini yerinə yetirir. Epitel toxuması hər üç rüşeym vərəqələrindən (entoderma,
mezoderma və ektodermadan) inkişaf edir.
Qan və limfa. Birləşdirici toxumaların bütün növləri saya əzələ toxuması kimi mezenximdən
inkişaf edir. Bunu və bir sıra ümumi morfoloji və fizioloji xüsusiyyətləri nəzərə alaraq qan, limfa və
bütün birləşdirici toxumaları bəzən mezenxim toxumaları da adlandırırlar. Qan və limfa maye
toxumalarıdır, belə ki, onların hüceyrəarası maddəsi maye şəklində olub, içərisində hüceyrə elementləri
üzür. Qan və limfa orqanizmin normal tənzim fəaliyyətinin əsasını təşkil edir. Bu toxumalar başlıca
olaraq trofik funksiya daşıyır, qida maddələrini və oksigeni bütün orqanlara aparır.
Birləşdirici toxumalar hüceyrəarası maddənin güclü inkişaf etməsi ilə xarakterizə olunur. Buraya
əsil birləşdirici toxumalar, qığırdaq və sümük toxumaları aiddir. Bunlar trofik, plastik, mühafizə və
istinad vəzifələrini yerinə yetirir. Bəzən qan, limfa və birləşdirici toxumaları mezenxim toxumaları
adlandırmaqla yanaşı, onlara daşıdıqları vəzifələrə görə istinad – trofik toxumalar da deyilir.
Əzələ toxumaları yığılmaq qabiliyyətinə malik olub iki növdür: saya və eninəzolaqlı əzələ
toxumaları. Saya əzələ toxuması iyşəkilli hüceyrələrdən təşkil olunmuşdur, yığılmaları qeyri-iradidir.
Eninəzolaqlı əzələ toxuması simplast xarakterli əzələ liflərindən əmələ gəlmiş, yığılması (ürək