onları daha da ayırmış, müxtəlif
hissələrə bölmüşdür ki, bu "hissələr" arasında tədricən dialekt-dil fərq-
ləri əmələ gəlib dərinləşmişdir... Lakin Azərbaycanın şimalına (oradan da sonralar Şimali Qafqaza)
sıxışdırılmış Qafqaz etnosları müxtəlif xarakterli mənbələrdə haqqında geniş bəhs edilən Alban dövlətini
yaratdılar.
...Eramızdan əvvəlki son əsrlərdə, eləcə də eramızın ilk əsrlərində Azərbaycanın şimalında əsasən
uti, girdman, qarqaz tayfaları yaşayırdılar ki, bunları tarixi mənbələr ümumi şəkildə "albanlar", yaxud
"ağvanlar" adlandırırlar. İ. Əliyev yazır: "Heç şübhəsizdir ki, özündə 20-dən artıq tayfanı ehtiva etmiş
alban (alban-uti) aborigen etnik massivi Qafqaz Albaniyasının ərazisində əsas, üstün massiv olmuşdur...
Ola bilsin ki, albanlar bu massivdə daha iri tayfa idi. Bəlkə buna görə bütün ölkə Albaniya adlanmağa
başlamışdı. Lakin
bu da tamamilə mümkündür ki, bu tayfa öz adını ölkənin adından almışdır. "Albaniya"
adının yozulması sahəsindəki bir çox cəhdlərə baxmayaraq hələlik bir nəticə hasil olunmamışdır"...
Albanların məskunlaşdıqları regionun təbii şəraiti elə idi ki, nə İran etnosları, nə də sonralar
Azərbaycanı bütünlüklə bürümüş türklər həmin regiona xüsusi maraq göstərib, orada daimi
məskunlaşmaq fikrinə düşmədilər. Və tədricən uyğunlaşdıqları, yaşamaq üçün qeyri-münasib şərait onları
yadellilərin hücumlarından müdafiə etdi.
E.ə. I minilliyin əvvəllərindən başlayaraq Azərbaycana (və həmhüdud regionlara) etnik
mənsubiyyətləri tarixşünaslıqda mübahisəli olan bir sıra döyüşkən tayfalar, ola bilsin ki,
müxtəlif mənşəli
etnoslardan ibarət sosial-siyasi birliklər — tayfa ittifaqları (kimmerlər, saklar, işkuzlar və s.) gələrək
buradakı etnosiyasi mürəkkəbliyi (sıxlığı!) bir qədər də artırırlar. Xüsusilə saklar, yaxud skiflər regionda
bir müddət daha böyük hərbi-siyasi nüfuza sahib olmuşlar... Güman etmək olar ki, Azərbaycanın şimal-
qərb ucqarlarında məskunlaşmış ermənilər də buraya haqqında söhbət gedən dövrdə gəliblər. Yaxın
"qohumlar"ından tamamilə ayrı düşmüş həmin etnosun nə mənşəyi, nə də provətəni məlum deyil.
Yeri
gəlmişkən, qeyd etmək lazımdır ki, bir sıra tədqiqatçılar kimmerləri, sakları, türk, yaxud
protoazərbaycanlı sayır, "işkuz", "oğuz" etnonimi
ilə müqayisə edirlər ki, həmin mülahizələri
əsaslandırmaq olduqca çətin, hətta demək olar ki, qeyri-mümkündür.
Etnik
mürəkkəbliyi ilə seçilən Manna Mada—Midiya (e.ə. VII—VI əsrlər) tərəfindən istila
olunduqdan sonra onun tərkibində Kiçik Mada—Midiya adlanmağa, eyni zamanda imperiyanın
mədəni-
iqtisadi mərkəzi funksiyasını yerinə yetirməyə başladı (İ. Əliyev) ki, bu da, ümumiyyətlə, Mada—
Midiyanın etnik tərkibinin (mənzərəsinin) müəyyənləşməsinə əhəmiyyətli təsir göstərdi. Lakin e.ə. VI
əsrin ortalarında farslar müxtəlif mənşəli etnosların yaşadığı Madada hakimiyyəti ələ aldılar. Onlar IV
əsrin ortalarına qədər, yəni Makedoniyalı İsgəndər həmin ərazini işğal edənə qədər davam edən İran—
Haxamanişilər dövlətini yaratdılar. Qeyd etmək lazımdır ki, bu dövlət müxtəlif mənşəli etnosların hərbi-
siyasi, iqtisadi-təsərrüfat və mədəni-mənəvi əlaqələrə girməsinə şərait yaratmaqla yanaşı, fars etnosunun
formalaşmasının əsaslarını qoydu. Və məhz həmin dövrdən etibarən farslar digər İran etnoslarından ayrıl-
mağa, dünyagörüşlərinin, dövlət quruculuğu imkanlarının genişliyi ilə fərqlənməyə başladılar ki, həmin
proses Sasanilər dövrünün sonlarına (VII əsr) qədər davam etdi.
Mada—Midiya
satrapı Atropat Makedoniyalı İsgəndərin vəfatından (və onun yaratdığı imperiya
dağıldıqdan ) sonra Atropatena dövlətini qurdu ki, onun əsasını Kiçik Mada—Midiya təşkil edirdi.
Mənbələrin
verdiyi məlumata görə, Atropat yalnız madalıları deyil, kadusiləri, albanları, sakasenləri də
özünə tabe etmişdi. Və görünür, Azərbaycanda (və həmhüdud regionlarda) məskunlaşmış digər əsas
etnoslar, yaxud etnosiyasi birliklər də bu və ya digər dərəcədə onun nəzarəti altında idilər. İ. Əliyev
Atropatena dövlətinin meydana gəlməsinin mühüm səbəblərindən birini doğru olaraq onda görür ki,
"qədim tarixi ərzində xeyli dərəcədə aparıcı region olan bu bölgənin özünün iqtisadi, sosial, mədəni və
siyasi inkişaf səviyyəsi... çox yüksək" idi. Belə ki, Atropatena—Manna Kiçik Mada—Midiyanın
bilavasitə varisi idi. Lakin belə bir mülahizə ilə razılaşmaq
çətindir ki, guya "Cənubi Azərbaycan
tayfalarının və xalqlarının kuti, lullubi, hurri, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması
nəticəsində yeni bir etnos — Hellinizm dövründə madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu
təşəkkül tapdı" (İ. Əliyev). Birincisi,
ona görə ki, "Hələ Haxamanişilər dövründə saqartalılar, müklər,
utilər, parikanlılar, ortokoribantlar, kadusilər, dareytlər, pantimatlar, ravsiklər, kaspilər, matienlər, mard-
lar, parslar, anarikalar və b., habelə madalılar tərəfindən assimilyasiya edilməmiş başqa
tayfalar
yaşayırdılar" (İ .Əliyev). İkincisi isə, haqqında söhbət gedən etnik proses o qədər də qədimdə baş
vermədiyi üçün həmin prosesin nəticəsi olan etnos, yaxud etnik birlik orta əsrlərdə hələ uzun müddət ya-
şamalı, dünya mədəniyyətinə böyük töhfələr verməli idi... Bizim fikrimizcə, "Atropatenanın orta Mada
dili"ni (İ .Əliyev) Cənubi Azərbaycanın bəzi kəndlərində (Kuri, Pir, İshad, Xarrənd, Qaragöz,
Gəlinqaya...) hal-hazırda işlənən azəri dili-dialektinin bilavasitə sələfi saymaq (S. Ə. Kəsrəvi) tamamilə
yanlışdır. Hər şeydən əvvəl ona görə ki, "Atropatenanın orta Mada dili" əgər mövcud olmuşsa da yalnız
Azərbaycan ərazisini deyil, müasir İranın mədəni coğrafiyasını bütövlükdə əhatə etmişdir. Və onu da
nəzərə alsaq ki, Haxamanişilər dövründə Mada—Midiya sürətlə farslaşırdı, onda iranlaşmanın nə
dərəcədə miqyaslı diferensial etnolinqvistik proses olduğunu təsəvvür etmək çətin deyil.