______________________________________________
28
YEKUN NİTQİ
Hörmətli toplantı iştirakçıları!
İkinci gündür ki, biz respublikamızın həyatı üçün çox zəruri, vacib olan
mühüm məsələləri burada müzakirə edirik. Bu müzakirədə iştirak etmək üçün
çox adamlar yazılıb. Bizə verilən müraciətlərin sayı 100-dən artıqdır. Yerdən
də səslənib söz demək, çıxış etmək üçün müraciət edənlər var. Ancaq əgər
danışmaq istəyənlərin hamısına burada söz versək, gərək işimizi üç-dörd gün
də davam etdirək. Güman edirəm ki, iki gün bizim üçün yetərlidir. Etiraz
etməsəniz mən bu toplantının işinə yekun vurmaq mərhələsinə keçərəm.
Ancaq burada söz demək istəyən hər bir adam şübhəsiz ki, ürəyində,
qəlbində olan hissləri bildirmək, fikirlərini, mülahizələrini çatdırmaq,
təkliflərini vermək arzusundadır. Bunlar hamısı dəyərlidir. Belə düşünürəm
və güman edirəm ki, siz də bununla razı olarsınız ki, biz bu toplantının
davamını televiziyada aparaq. Dünən və bu gün çıxış etmək üçün yazılı
surətdə müraciət edənlərin siyahısını Prezident Aparatına və Dövlət Teleradio
Verilişləri Şirkətinə verəcəyəm. Xahiş edəcəyəm ki, onlar bu toplantının
davamı kimi bir rubrika açsınlar. Hökm deyil ki, bu adamlar gəlib orada çıxış
etsinlər. Kimin harada imkanı varsa, bu toplantının, müzakirənin davamı
olaraq öz sözlərini televiziya vasitəsilə xalqımıza çatdırsınlar.
İki gün müddətində gedən müzakirə, çıxışlar bir həqiqəti tam bəyan,
təsdiq etdi ki, respublikamızda əmin-amanlıq, sabitlik, sülh şəraiti hər bir
vətəndaş, dövlətimiz üçün, xalqımızın bu ağır mərhələdən müvəffəqiyyətlə
keçməsi üçün lazımdır. Çıxışların hamısının ümumi məzmunu ondan
ibarətdir ki, xalqımız, ictimaiyyətin tam əksəriyyəti Azərbaycanın
müstəqilliyinin qorunub saxlanmasının tərəfdarıdır və nəinki tərəfdarıdır, bu
arzularla, istəklərlə yaşayır və Azərbaycanın müstəqilliyinin qorunması üçün
hərə öz payını verməyə, öz səyini göstərməyə hazırdır.
Müzakirənin məzmunu onu göstərdi ki, ictimaiyyətimiz, xalqımız
dövlətçiliyə, müstəqli Azərbaycanın dövlətinə zidd olan bütün hərəkətlərin
qarşısını almağa qadirdir və dövlətçiliyimizi sarsıtmaq, ona zərbə vurmaq
istəyən qüvvələri pisləyirlər, lənətləyirlər və onların qarşısına çıxmağa
hazırdırlar, bundan sonra belə halların yolverilməzliyini tam dərk edirlər.
Bütün çıxışlarda respublikanın dövlətinin, Prezidentin apar-
______________________________________________
29
dığı siyasət müdafiə olundu, dəstəkləndi. Burada çox xoş arzular, istəklər
bildirildi. Mən bunları bu gün və gələcək işimiz üçün əhəmiyyətli bir hal
hesab edirəm. Çünki müstəqil respublikamızın dövləti və Prezidenti yalnız və
yalnız xalqa, Azərbaycanın vətəndaşlarına güvənirlər. Sizin, xalqımızın
dəstəyi, sizin, xalqın dayağı şübhəsiz ki, dövlət üçün və bir Prezident kimi
mənim üçün çox böyük köməkdir. Buna görə mən sizə və bütün Azərbaycan
xalqına, bütün vətəndaşlarımıza hörmətimi, ehtiramımı və təşəkkürümü
bildirirəm.
Mənim haqqımda burada xoş sözlər deyildi. Sağ olun. Güman edirəm ki,
bunların əksəriyyəti səmimi sözlər, içdən, qəlbdən gələn sözlərdir. Ancaq
eyni zamanda bildirmək istəyirəm ki, mənim həyatım da, fəaliyyətim də
yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına,
ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır. Mənim başqa
məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli
insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə
edə bilərəm. Güman edirəm ki, dünənki və bugünkü müzakirələr gələcəkdə
də bizim həmrəy olmağımız üçün əsas yaradır və qarşımızda duran
vəzifələrin öhdəsindən bərabər gəlmək üçün imkan verir. Ancaq bir şeyi
bilməlisiniz ki, mən Azərbaycanda bütün məsələlərin demokratiya yolu ilə
həll olunmasının tərəfdarıyam. Demokratiya dövlətçiliyimizin əsasını təşkil
edəcəkdir. Demokratik prinsiplər bu günümüzün, gələcəyimizin əsasını təşkil
edəcəkdir. Sizin bu təklifləriniz, arzularınız mənim üçün çox xoşdur ki,
Heydər Əliyev daimi, yaxud ömürlük prezident olsun. Ancaq bilin ki, mən nə
ömürlük prezident, nə də daimi prezident olmaq arzusundayam. Mən ancaq
və ancaq xalqın etimadını doğruldan günə qədər bu vəzifəni tutmalıyam.
Demokratik prinsiplər həyatımın, fəaliyyətimin əsasını təşkil edir. Allah
imkan versin ki, mən bu prezidentlik səlahiyyəti dövrünü başa çatdıra bilim.
Gələcəkdə isə, şübhəsiz ki, demokratik şəraitdə yeni prezident seçkiləri təyin
olunacaqdır. O vaxt xalq kimə etimad göstərsə, o da prezident ola bilər.
Şübhəsiz ki, əgər sağlıq olsa, mən də yenidən prezident seçilmək haqqında
düşünə bilərəm.
Ancaq bunlar hamısı bizim üçün uzaq gələcəkdir. İndi biz bu günlər
haqqında və qarşımızda duran vəzifələr barədə düşünməliyik. Əgər bu gün
qarşımızda duran vəzifələri layiqincə yerinə yetirə bilsək, Azərbaycan xalqı,
respublikası, müstəqil
______________________________________________
30
dövlətimiz üçün gələcəkdə daha gözəl şərait yarada bilərik. Həmin şəraitdə
hər şey çox asanlıqla həll olunacaq - nə zor olacaq, nə çevriliş olacaq, nə də
ki ayrı-ayrı insanların siyasi ambisiyaları, iddiaları olacaq. Həqiqət, ədalət,
demokratiya, düzlük, əmin-amanlıq olacaq. Mən buna əminəm.
Biz son illər ərzində Azərbaycanda gedən prosesləri təhlil etdik. Burada
dövlət nümayəndələrinin çıxışlarında verilən məlumatlarda və müzakirə
iştirakçılarının, natiqlərin çıxışlarında bu illərdə gedən proseslər və baş
vermiş hadisələr həm yada salındı, həm təhlil edildi, həm də onlara siyasi
qiymət verildi.
Azərbaycan xalqı, respublikamız 1988-ci ildən ağır, faciəli bir həyat
keçirir. Bunun əsas səbəbi Ermənistan tərəfindən Azərbaycana qarşı edilən
hərbi təcavüz, respublikanın bu təcavüzün qarşısını ala bilməməsi nəticəsində
baş vermiş faciələr, hadisələr - torpaqlarımızın bir qisminin işğal olunması,
bir milyondan çox vətəndaşımızın öz yerindən-yurdundan, elindən-obasından
didərgin düşməsi və qəhrəman insanlarımızın Vətən, torpaq yolunda həlak
olması, itməsidir.
Bu gün mən Vətənimizin, torpaqlarımızın müdafiəsi yolunda,
Azərbaycanın müstəqilliyi uğrunda qurban getmiş şəhidləri bir daha böyük
ehtiram hissi ilə yad edirəm, onların ruhu qarşısında baş əyirəm. Bəyan
edirəm ki, mənim həyatda ən böyük və şərəfli vəzifəm xalqı bu ağır
vəziyyətdən çıxarmaqdan, bu əvəzsiz itkilərin və yaraların sağalmasını təmin
etməkdən ibarət olacaqdır. Əminəm ki, biz buna nail ola biləcəyik.
Ancaq Ermənistanın təcavüzü ilə əlaqədar ölkəmizin başına gələn
bəlalarla yanaşı, respublikamızın daxilində gedən ictimai-siyasi proseslər və
dağıdıcı hərəkətlər də Azərbaycana çox ağır zərbələr vurmuşdur. Bu barədə
geniş danışıldı -dünən də, bu gün də. Mən onu qeyd etmək istəyirəm ki, üç il
yarımdır biz müstəqil yaşayırıq; bu müstəqilliyin ilk addımlarını atırıq. Üç il
yarımdır Azərbaycanın daxili vəziyyətini, sabitliyi pozmağa cəhdlər
göstərilir. Düşünmək lazımdır, məgər Ermənistanın təcavüzün, Azərbaycanın
dəyərli övladlarının həlak olması, torpaqlarımızın itirilməsi bəs deyilmi?
Məgər 1990-cı ilin 20 Yanvar faciəsi - Azərbaycana qarşı edilən hərbi
təcavüz və ölkəmizin müstəqillik yolunda atdığı addımların qarşısının
alınması, verdiyimiz itkilər bəs deyilmi? Başımıza gələn bəlalar bəs deyilmi?
Nə üçün biz bunlardan
Dostları ilə paylaş: |