Sima İSMAYILOVA
Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi
ƏDƏBİYYATŞÜNASLIĞIN SƏNƏD-TƏLƏBATÇI SİSTEMİNDƏ
İNFORMASİYA MANEƏLƏRİ
Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslığın zəngin sənəd
kütləsinin yaranması, həmçinin biblioqrafik fəaliyyətdə qazanılmış nailiyyətlər,
bu sahədə kəmiyyət və keyfiyyət baxımından yeni biblioqrafik vəsaitlər
sisteminin meydana gəlməsinə səbəb olmuşdur.
Keçən əsrin 60-cı illərində Azərbaycanda ədəbi-bədii biblioqrafik
vəsaitlər sisteminin formalaşması vəzifələri milli ədəbiyyatımızın yeni inkişaf
mərhələsi olan yaradıcılıq imkanları və qarşıdakı perspektivləri ilə
müəyyənləşdirilirdi. Bu vəzifələr xalqımızın zəngin ədəbi irsini biblioqrafik
üsulla tədqiq etmək, cəmiyyətin ədəbi-bədii sənədlərə dair biblioqrafik
informasiya ehtiyacını ödəməkdən, ədəbi-bədii əsərlərin nəşrləri üzrə
biblioqrafik axtarışlar aparmaq, ayrı-ayrı sənətkarların həyat və yaradıcılığı
haqqında biblioqrafik əsərlər yaratmaqla Azərbaycan və dünya ədəbiyyatının
geniş oxucu kütlələri arasında təbliğində, eləcə də ədəbi irsimizə dair aparılan
tədqiqat işlərində, mütəxəssislərin biblioqrafik informasiya təminatında fəal
iştirak etməkdən ibarət idi.
Bu baxımdan ölkəmizdə bədii ədəbiyyat və ədəbiyyatşünaslığa dair
biblioqrafik məhsulun əsas forması, onun yayılması və istifadəsində əsas vasitə
sayılan biblioqrafik vəsaitlər sisteminin ədəbi mühitin xüsusiyyətlərinə uyğun
şəkildə daha da inkişaf etdirilməsi bu dövrdə ədəbi-bədii biblioqrafik fəaliyyət
üçün ən zəruri vasitələrdən biri idi.
Professor Zöhrab Əliyevin yazdığı kimi, «Biblioqrafik informasiyanın
məqsədinə, oxucu istiqamətinə uyğun olan fikrə, məqsədə, forma və məzmuna
görə vəhdətdə götürülmüş və qaydaya salınmış biblioqrafik yazı toplusu» (1. s.
19) olan ədəbi-bədii biblioqrafik vəsaitlər sistemi XX əsrin 60-cı illərində
respublikamızın ədəbi həyatına dair formalaşan informasiya tələbatının təmin
edilməsinə yönəlməli idi. Çünki bu dövrdə Azərbaycanda bədii ədəbiyyat və
ədəbiyyatşünaslıq sahəsində əsrlər boyu formalaşmış zəngin və çoxsahəli sənəd
kütləsindən səmərəli istifadə etmək, bu mürəkkəb sənəd kütləsindən lazımi
informasiyanı əldə etmək, ədəbi-bədii biblioqrafik vəsaitlərə olan ictimai
tələbatı getdikcə artırırdı.
Qeyd etmək lazımdır ki, bu illərdə Azərbaycanda bədii ədəbiyyat və
ədəbiyyatşünaslıq sahəsindəki tələbatçı sistemində ciddi maneələr
formalaşmışdır.
Professor Z.Əliyevin qeyd etdiyi kimi, «Sənədlər və informasiya
tələbatçıları arasında uyğunluq biblioqrafik informasiyanın nəzəriyyəsində
böyük əhəmiyyət kəsb edir. Sənəd kommunikasiyaları sistemində onun
inkişafının ilkin mərhələlərində belə informasiya sədləri, yəni lazımi
informasiya almağa mane olan və bununla da sənədlərin informasiya mənbəyi
kimi normal yayılmasını çətinləşdirən daxili maneələr baş verir.» (1.s.15)
Respublikamızda ədəbi-bədii sənəd kommunikasiyaları sistemində
mövcud olan informasiya maneələri əsasən aşağıdakı amillərlə əlaqədar idi.
1. Azərbaycan ədəbiyyatına dair bir çox ilk mənbələrin respublikanın
kitabxanalarında tam və dolğun toplanmaması.
Belə ki, Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığı nümunələrinin bir
hissəsi keçmiş SSRİ-nin Moskva, Leninqrad (Sankt-Peterburq), Daşkənd,
Tiflis, Simferepol, Baxçasaray, Həştərxan
şəhərlərinin müxtəlif
kitabxanalarında, digər hissəsi isə London, Leypsiq, Vatikan, Varşava,
İstanbul, Xorasan, Qahirə, Bombey, Bağdad, Tehran və s. xarici ölkə
kitabxanalarında mühafizə edilirdi və bu sənədləri əldə etmək və ya onlar
haqqında informasiya almaq olduqca çətin idi.
2. Bədii ədəbiyyat və ədəbiyyatşünaslıq sənədlərinin respublikanın
kitabxana-informasiya müəssisələrində pərakəndə şəkildə mühafizə edilməsi.
Çoxəsrlik Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığına dair sənəd
kütləsi respublikanın müxtəlif kitabxanalarında, o cümlədən, M.F.Axundov
adına Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Respublika
Əlyazmalar İnstitutunda, inqilaba qədərki dövri orqanların əksəriyyəti
Marksizm-leninizm institutu kitabxanasında mühafizə edilirdi.
Bir çox ədəbi-bədii jurnalların kitabxanalarda tam komplektinin
olmaması. Məsələn, özündə xeyli ədəbi-bədii informasiyanı əks etdirən "Molla
Nəsrəddin" jurnalının, «Dəbistan», «Zənbur» və digər jurnallar tam komplekt
şəklində heç bir kitabxanada mövcud deyildir.
3. Bədii ədəbiyyat və ədəbiyyatşünaslıq sənədlərinin tələbatçıları üçün
mühüm maneə yaradan amillərdən biri də əlifba maneəsi idi. Belə ki,
Azərbaycanda formalaşmış sənəd kütləsinin orta əsrlərdən başlayaraq 1929-cu
ilə qədər əlyazmalar və çap əsərlərimiz ərəb əlifbası, 1929-1939-cu illərdə latın
əlifbası və sonralar isə kiril əlifbası ilə nəşr edilmişdi. XX əsrdə, xüsusən 40-cı
illərdən sonra formalaşan oxucuların tam əksəriyyəti ərəb və latın əlifbası
əsasında nəşr edilmiş sənədlərdən səmərəli istifadə edə bilmirdilər.
4. Mütəxəssislərin ədəbi-bədii mənbələrdən səmərəli istifadə etməsinə
maneçilik göstərən amillərdən biri də kitabxanalarımızı SBA sistemindəki
nöqsanlar idi. Kitabxanalarda, o cümlədən, iri elmi kitabxanlarda ədəbi-bədii
sənədləri tam və mükəmməl əks etdirən kataloq və xüsusən kartoteka sistemi
yox idi, Oktyabr çevrilişinə qədər Azərbaycanda nəşr edilmiş ədəbi və digər
jurnalların məzmunu məqalələrin sistemli kartotekalarında əks olunmamışdı,
həmin dövri orqanların analitik biblioqrafik göstəriciləri yox dərəcəsində idi,
5. 20-60-cı illərdə bədii ədəbiyyat və ədəbiyyatşünaslıq məsələlərinə həsr
edilmiş biblioqrafik göstəricilər senzura müdaxiləsinə məruz qalırdı,
göstəricilərin məzmunu və struktur quruluşunda da ciddi nöqsanlar var idi.
6. Nəhayət, ölkədə ədəbi-bədii kommunikasiya sistemində mövcud olan
informasiya maneələrini yaradan səbəblərdən biri də oxucuların kitabxana-
biblioqrafiya biliklərinin, ümumiyyətlə, onların bilik və vərdişlərinin zəif
olması idi. Bir çox hallarda mütəxəssislərin belə sənəd axtarışında düzgün
strategiya seçməyi bacarmır, mövcud dövri nəşrlər sistemi haqqında
mükəmməl biliklərə malik deyildilər. Kitabxanalarımızın oxucular arasında
biblioqrafik biliklərin təbliği istiqamətindəki fəaliyyəti qənaətbəxş deyildi.
Bütün bunlar şübhəsiz ki, Azərbaycanda bədii ədəbiyyat və
ədəbiyyatşünaslığın sənəd kommunikasiya sisteminin normal fəaliyyətinə
mane olan maneələr idi.
60-cı illərdə ölkədə bədii ədəbiyyat və ədəbiyyatşünaslıq sahəsində
«sənəd-informasiya tələbatçısı» sistemində informasiya maneələrini aradan
qaldırmağa kömək edən vasitələrin və ilk növbədə biblioqrafik göstəricilərin
yaradılması zərurəti aktuallıq kəsb edirdi ki, bunun da əsas səbəbi qeyd
etdiyimiz kimi, cəmiyyətdə bu sahədə getdikcə inkişaf edən biblioqrafik tələbat
idi.
Tanınmış rus biblioqrafiyaşünası O.P.Korşunov hər hansı bir elm və bilik
sahəsinə dair cəmiyyətdə biblioqrafik tələbatın meydana gəlməsinin əsas
səbəblərini belə qruplaşdırır:
-informasiyaya olan tələbatın dərk edilməsi;
-həmin tələbatın sənədlərə müraciət etmədən mümkün olmaması;
-informasiya tələbatçıları ilə sənədlər arasında mövcud maneələrin aradan
qaldırılmasını təmin edən biblioqrafik informasiyanın zəruriliyi;
-informasiya tələbatçılarının biblioqrafik informasiya mənbələrini və
həmin mənbələrdən istifadə qaydalarını bilməsi (4. s.43).
Qeyd etmək lazımdır ki, 60-cı illərdə ölkəmizdə ədəbi-bədii biblioqrafik
informasiyaya olan tələbatın yuxarıda göstərilən bütün şərtləri mövcud idi.
Nəzəri ədəbiyyatda informasiya tələbatçılarının ədəbi biblioqrafik tələbatı
iki növə - qeyri-peşəkar və peşəkar tələbata bölünür (2. s.9).
Dosent Əşrəf Xələfovun qeyd etdiyi kimi, cəmiyyətdə qeyri-peşəkar
ədəbi biblioqrafik tələbat «oxucunun bədii ədəbiyyata estetik qavrayışın
bilavasitə predmeti kimi yanaşması nəticəsində, ümumi mədəni-estetik tələbat
əsasında yaranır. Bədii ədəbiyyat mənəvi mədəniyyətin elə sahəsidir ki, insanın
şüurlu həyatını bütünlükdə müşayiət edir.» (2. s.9)
60-cı illərdə Azərbaycanda artıq bədii ədəbiyyata dərin maraq göstərən,
eyni zamanda peşə baxımından bu sahə ilə bilavasitə əlaqəsi olmayan geniş
oxucu qrupu formalaşmışdı. Bunlara müxtəlif mədəniyyət universitetlərinin
dinləyiciləri, kitabsevərlər cəmiyyətlərinin üzvləri,
əksər kütləvi
kitabxanalarda, mədəniyyət evləri və klublarda fəaliyyət göstərən ədəbiyyat və
dram dərnəklərinin üzvləri, fərdi ədəbiyyatsevərlər və s. oxucu qrupları daxil
idi.
60-70-ci illərin statistik məlumatlarına görə respublikanın şəhər, rayon və
xüsusən kənd kitabxanalarının kitab fondlarının orta hesabla 60-70 faizini bədii
nəşrlər təşkil edirdi və bu nəşrlərin geniş oxucu kütləsi formalaşmışdı.
Kitabxanalarda bədii ədəbiyyatın təbliğinə yönəlmiş çoxsaylı kütləvi
tədbirlər-kitab icmalları, sərgilər, oxucu konfransları, ədəbi-bədii gecələr, şair
və yazıçılarla görüşlər və s. tədbirlər geniş oxucu kütlələrində bədii əsərlərə
olan tələbatı getdikcə gücləndirirdi.
Məsələn, yalnız Bakı şəhərinin M.Ə.Sabir, M.Ə.Əzizbəyov, A.Şaiq,
A.Səhhət adına kitabxanalarının 1965-1970-ci illərdəki hesabatlarından məlum
olur ki, oxucuların ümumi sayı 100 mindən artıq olan kitabxanaların illik kitab
verilişinin 70-75%-ni məhz bədii əsərlər təşkil edirdi.
Bu illərdə Azərbaycanda müxtəlif elm sahələrində, dövlət orqanlarında,
sənaye və kənd təsərrüfatı və s. sahələrdə çalışan mütəxəssislərin də bədii
ədəbiyyata marağının güclənməsi meylləri müşahidə edilirdi.
Nəhayət, bədii ədəbiyyatdan cəmiyyətdə müvafiq təşkilatlar tərəfindən
əhali və xüsusən gənclər arasında aparılan tərbiyəvi və təbliğat xarakterli iş
metodlarında da geniş istifadə edilirdi.
Bütün bunlar cəmiyyətdə bədii ədəbiyyata qeyri-peşəkar biblioqrafik
tələbatın yüksələn xətlə inkişaf etməsinə səbəb olurdu.
Tədqiqat dövründə Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq
biblioqrafiyasının gələcək inkişafı üçün zəmin yaradan dügər amil, cəmiyyətdə
peşəkar ədəbi-biblioqrafik tələbatın mövcudluğu idi. Bu tələbat ilk növbədə
bədii ədəbiyyat və ədəbiyyatşünaslıq fəaliyyəti ilə bilavasitə məşğul olan
mütəxəssislərin, ədəbiyyatşünasların, yazıçı və şairlərin, tərcüməçilərin,
müəllimlərin, tələbələrin və bu sahəyə yaxın fəaliyyətlə məşğul olanların sənəd
və mütaliəyə olan tələbatı zəminində meydana gəlmişdi.
Bu informasiya tələbatçılarının özəyini peşəkar ədəbiyyatşünaslar təşkil
edirdi. Buraya ilk növbədə ədəbiyyat nəzəriyyəsi, tarixi və ədəbi tənqidlə
məşğul olan alim və mütəxəssislər daxil idi. Belə oxucuların əsas hissəsini
Azərbaycan EA-nın Ədəbiyyat, Dilçilik, Tarix, Şərqşünaslıq, Fəlsəfə və Hüquq
institutlarında çalışan əməkdaşlar, eləcə də ali məktəblərin müvafiq
kafedralarının professor-müəllim heyəti, ümumtəhsil məktəblərinin dil və
ədəbiyyat müəllimləri çoxsaylı aspirant və dissertantlar təşkil edirdi.
Əşrəf Xələfovun qeyd etdiyi kimi, «bu qrup oxucular əsasən elmi-
köməkçi, retrospektiv və cari biblioqrafik vəsaitlərdən istifadə edir, referativ
biblioqrafik məlumatlarla maraqlanır, onların yüksək dərəcədə çevik olmasını
istəyirlər» (2. s.15).
Tələbatçıların biblioqrafik təminatının əsas şərtlərini informasiyanın
dolğunluğu, mötəbərliyi, mükəmməlliyi, analitik əks olunması, relevantlığı və
operativliyi təşkil edirdi.
Beləliklə, 60-cı illərdə Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq
biblioqrafiyasının gələcək inkişafını təmin edəcək bütün amillər mövcud idi.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə ədəbi biblioqrafiyanın gələcək
inkişafı üçün artıq bünövrə yaranmışdı. Xüsusən, XX əsrin 40-50-ci illərində
respublikada bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioqrafiyası sahəsində çox
qiymətli nailiyyətlər əldə edilmiş, zəngin təcrübə formalaşmışdı.
Azərbaycanda ədəbi biblioqrafiya tarixinin ilk tədqiqatçısı Rasim Kazımovun
yazdığı kimi, 1920-1965-ci illərdə «Azərbaycanda bədii ədəbiyyat və
ədəbiyyatşünaslıq biblioqrafiyası sürətlə inkişaf edərək, biblioqrafiyanın bütün əsas
tipləri və növlərində dəyərli əsərlər yaranmışdı ki, onlar bədii ədəbiyyatın geniş
oxucu kütlələri arasında təbliğində və ədəbi irsimizə dair aparılan tədqiqat işlərində
köməkçi elmi vəsaitlər kimi müvəffəqiyyətlə istifadə olunurdu» (3. s.3).
Həmin illərdə Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin nəşrləri
haqqında biblioqrafik axtarışlar aparılmış, ayrı-ayrı sənətkarların, o cümlədən,
N.Gəncəvinin, M.F.Axundovun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin və
başqalarının həyat və yaradıcılığı haqqında qiymətli biblioqrafik tədqiqatlar
yaradılmışdı.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri M.S.Ordubadi,
Ə.Haqverdiyev, C.Cabbarlı, S.Vurğun, M.İbrahimov, S.Rüstəm, M.Rahim, R.Rza,
M.Hüseyn və başqa sənətkarlarımıza həsr olunmuş biblioqrafik vəsaitlər onların
ədəbi irsinin öyrənilməsi və təbliğində çox böyük rol oynayırdı.
Azərbaycan ədəbiyyatı tarixi, onun zəngin irsi, inkişaf mərhələləri ayrı-ayrı
sənətkarların həyat və yaradıcılığına həsr olunmuş biblioqrafik göstəricilərlə yanaşı,
öz əksini xeyli mövzu göstəricilərində, ümumləşdirilmiş, elmi-köməkçi və tövsiyə
xarakterli biblioqrafik əsərlərdə də tapmışdı.
Azərbaycan ədəbiyyatının çoxsaylı mənbələri sırf ədəbi biblioqrafik əsərlərlə
yanaşı, öz əksini eyni zamanda Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasının,
Dövlət Kitab Palatasının, Bakı Dövlət Universitetinin öz nəşrlərini əhatə edən,
həmçinin mətbuat tariximizi əks etdirən əsaslı biblioqrafik göstəricilərində də
tapmışdı.
1965-70-ci illərdə Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq
biblioqrafiyasının inkişafının səciyyəvi xüsusiyyətlərindən biri də onun nəzəri
baxımının tədricən püxtələşməsi idi. Belə ki, bu illərdə «Azərbaycanda biblioqrafiya
nəzəriyyəsi artıq müstəqil yaradıcılıq sahəsi kimi fikri təkamül dövrü keçirərək kiçik
həcmli icmal və resenziyadan tarixi və problematik məqalə, monoqrafik əsər və
dissertasiya səviyyəsinə yüksəlmişdi» (3. s.7).
Bütün bunlar ədəbi biblioqrafiyamızın zəngin ənənə və yeni məzmun əsasında
inkişaf etdirilməsi üçün əsaslı zəmin yaratmışdı.
ƏDƏBİYYAT
1.
Əliyev Z.H. Ümumi biblioqrafiyaşünaslıq.- B. : BUN.- 2001 – 143 s.
2.
Xələfov Ə.T. Bədii ədəbiyyat və ədəbiyyatşünaslığın biblioqrafiyası.-
B. : BUN. – 1986. – 78 s.
3.
Kazımov R.Ə. Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslığın
biblioqrafiyası(1920 – 1965) : Pedaqoji elmlər namizədi alimlik dərəcəsi
almaq üçün dissertasiya. – B. , 1972. – 269 s.
4.
Коршунов О.П. Библиографоведение. Общий курс. - М. : 1990. –
232 с.
С. П.ИСМАИЛОВА
ИНФОРМАЦИОННЫЕ БАРЬЕРЫ
В СИСТЕМЕ ДОКУМЕНТ – ПОТРЕБИТЕЛЬ
ПО ЛИТЕРАТУРОВЕДЕНИИ
РЕЗЮМЕ
В статье рассматриваются вопросы возникновения потребностей
на библиографическую информацию и факторы, которые влияют на
информационные барьеры, возникающие в системе документальных
коммуникаций по литературоведении.
S.P.İSMAİLOVA
THE INFORMATION BARRIERS
ON SYSTEM OF DOCUMENT – USER
OF LITERATORY SCIENCE
SUMMARY
There were decribed the factors wich influence to the system of
documental communiation of literature scinces, reasons of occurance of
bibliographic demainds.
Dostları ilə paylaş: |