5
c) “...nümunələri seçib təqdim edilən cədvəldə yaz” (səh.52).
d) “Vərəqi əsərdə münasib bildiyin yerə yapışdır” (səh.119).
e) “Hadisələrin inkişaf xətti üzrə başlıqları sxemə daxil et” (səh.188) və s.
Bütün bu fəaliyyətlər təbii olaraq istifadəsi 5 il üçün nəzərdə tutulan
“Ədəbiyyat-6” dərsliyinin tirajının böyük bir hissəsinin sıradan çıxmasına səbəb
olacaq.
3. Dərsliyin quruluş prinsipinə görə hər bir dərs materialının sonunda mövzuya
aid bədii mətnin müəllifi haqqında “Müəlliflə tanışlıq” başlığı altında məlumat
verilir. Lakin Yusif Balasaqunlu (səh.18), Nəriman Süleymanov (səh.103), Mir Cəlal
(səh.123) və Cabir Novruz (səh.155) barədə məlumatlar mətnlərin ortasında
verilmişdir ki, bu da struktur qarmaqarışıqlığı yaradır. Bu məlumatların bəzisinin
müəllifinin adının göstərilməsi, bəzisinin isə göstərilməməsi də vahid yanaşmanın
olmamasını göstərir.
4. Dərsliyin hər 3 hissəsində əhatə olunanlar ədəbiyyat fənn kurikulumunda
nəzərdə tutulmayan məsələlərdir. Hər 3 hissədə əksini tapmış “təsvir”, “təhkiyə”
ədəbiyyatşünaslıqda bir-birindən təcrid edilməyən, bədii əsərlərdə qovuşuq təzahür
edən anlayışlardır və məktəb ədəbiyyat kursunda məqsəd kimi seçilməsi doğru deyil.
Ümumiyyətlə, mətnşünaslıqdakı təsvir, nəqli, mühakimə və tədqiqat xarakterli
mətnlər anlayışını bütövlükdə bədii ədəbiyyata şamil etmək ədəbiyyatşünaslıq elmi
baxımından da doğru deyil. Çünki bədii əsərdə, əksər hallarda, təsvir, təhkiyə,
tərənnüm üzvi vəhdətdə olur, biri digərini tamamlayır. Onları bir-birindən təcrid
etmək qeyri-mümkündür. Dərsliyin bölmələrindən və məzmunundan aydın olur ki,
ədəbiyyat təliminin vəzifəsi şagirdlərə mətnşünaslıq nəzəriyyəsinin öyrədilməsi kimi
başa düşülmüş, ədəbiyyat dərslərində tədrisi nəzərdə tutulan bədii əsərlər üçün,
əsasən, bu məzmunda sual və tapşırıqlar təqdim olunmuşdur.
Dərsliyin özündə mənbə kimi göstərilmiş kitabdakı (M. Paşayev, P. Xəlilov.
Ədəbiyyatşünaslığın əsasları, Bakı: Maarif, 1988) elmi fikir nəzərə alınmamışdır:
“Klassik söz sənətinin çox inkişaf etdiyi, parlaq nümunələr verdiyi qədim yunan
cəmiyyətindən indiyə qədər tarix boyu yaranan bədii əsərləri şəkil və
məzmununa görə, əsasən, üç ədəbi növə bölürlər: epik, lirik, dramatik.
Sənətkar xarici aləmi, obyektiv həyatı, müşahidə və dərk etdiyi hadisələri
söyləmə, təhkiyə, nəqletmə üsulu ilə verir, sanki varlığın sadəcə mənzərəsini
çəkir. Lirikada nə təsvir, nə göstərmə əsasdır, tərənnüm yolu birinci planda
verilir. Lirikada tərənnüm, eposda təsvir, dramda göstərmə, əyanilik əsas olsa
6
da, bunları əsərlərdə bir-birindən təcrid etmək düzgün olmaz... Əsl sənətdən
söhbət gedirsə, bütün təsvir, tərənnüm formalarının iştirakını, vəhdətini
düşünmək lazımdır” (səh.95-96).
Bədii əsərdə təsvir, təhkiyə, tərənnüm, “formalarının iştirakı, vəhdəti” nəzərə
alınmadığından, dərsliyin hazırlanmasında qeyri-elmi yanaşma əsas götürülmüşdür.
Bu, bədii ədəbiyyatın mahiyyətinin təhrif edilməsinə səbəb olmuşdur.
Dərsliyin “elmi-nəzəri və metodik əsası” kimi H. Qardnerin “Müxtəlif üsullarla
dərketmə və ya müxtəlif zəka tipləri” nəzəriyyəsi və N.S. Valqinanın “Mətn
nəzəriyyəsi” göstərilir. Halbuki H. Qardnerin özü etiraf edir ki, sabit standartlar və
qiymətləndirmə meyarları olan təhsil sistemlərində mətn nəzəriyyəsinin tətbiqi
məqsədəuyğun deyildir. H. Qardner xüsusi vurğulayır ki, “müxtəlif üsullarla
dərketmə anlayışı” sübut olunmuş elmi fakt deyil, yalnız ciddi öyrənilməyə layiq
ideyadır.
H. Qardner öz nəzəriyyəsinin tətbiqi imkanlarının məhdudluğunu qeyd edərək
yazır: “Xüsusi pedaqoji məqsədlərə nail olmaqdan ötrü dərketmədən necə daha yaxşı
istifadənin mümkünlüyünü aydınlaşdırmaq böyük iş aparılmasını zəruri edir. Mən
düşünmürəm ki, müxtəlif üsullarla dərketmə nəzəriyyəsi əsasında yaradılmış təhsil
proqramları federal hökumətin indi apardığı tədqiqatlarla uzlaşır. Amma əminəm ki,
yaxşı planlaşdırılmış eksperimentlər müxtəlif üsullarla dərketmə yanaşmasından
hansı hallarda istifadə etmək, ondan nə zaman imtina etməyin lazım gəldiyini başa
düşməyə kömək edər” (Bax: Г. Гарднер. Структура разума: теория
множественного интеллекта. М.: Вильямс, 2007, səh.16).
Göründüyü kimi, H. Qardner öz nəzəriyyəsinin məktəbdə tətbiqindən əvvəl
eksperimentlərlə yoxlanılmasını zəruri sayır. H. Qardnerin nəzəriyyəsinin
Azərbaycan məktəblərində tətbiqi “yaxşı planlaşdırılmış eksperimentlər” həyata
keçirildikdən, uğurlu nəticə alındıqdan sonra mümkün ola bilər. Hələ öyrənilməsi,
eksperimentlə yoxlanılması zəruri olan ideyanı ədəbiyyat fənninə tətbiq etmək cəhdi
həm müəllimin, həm də şagirdin yerinə yetirə bilmədiyi fəaliyyəti ortaya qoymuşdur.
Digər müəllifin N.S. Valqinanın MMV-də “elmi-nəzəri və metodik əsas” kimi
göstərilən, əslində, kitabşünas-tələbələr üçün nəzərdə tutulmuş “Mətn nəzəriyyəsi”
vəsaitində də dərslikdəki təsvir xarakterli, nəqletmə xarakterli, təsvir-nəqletmə
xarakterli əsərlər barədə hökmləri inkar edən fikirlər öz əksini tapmışdır: “Bədii
mətnlərin növ-janr əlamətlərinə əsaslanan öz tipologiyası vardır... Bədii ədəbiyyat
növlər üzrə klassik bölgüyə əsasən nitqin bədii üslubunun hakim olduğu nəsr,