29
Azərbaycan Akademik Milli Dram Teatrında da oynanmışdır. Şairin 1959-cu ildə
yazdığı “Damokl qılıncı” pyesi Bakı Rus Dram Teatrında da nümayiş etdirilmişdir.
(Sonralar bu əsər Bakı Bələdiyyə Teatrında da göstərildi).
Nazim Hikmət elə bir şəxsiyyətdir ki, bu gün hər hansı bir tədqiqatçı “Azərbaycan
poeziyası və Nazim Hikmət surəti” adlı bir əsər yazmaq istəsə, onun əlinin altında
kifayət qədər mənbə ola bilər. Təkcə bunu göstərmək yetərlidir ki, Nazim Hikmətə 50-
yə qədər Azərbaycan şairi müxtəlif əsərlər həsr etmişdir. Bu şairlərdən ən məşhuru
qüdrətli söz ustası, öz poeziyası ilə Azərbaycan şeirinə yeni ruh, yeni nəfəs gətirmiş
Rəsul Rzadır.
Rəsul Rzanın "Şairin anası", "Rənglər" silsiləsindən olan "Saman sarısı", "Ulu
şair", "Burda bir insan ölüb", "Gülhanə parkında bir ceviz ağacı var" və başqa əsərləri
Nazim Hikmətə həsr olunmuş poetik nümunələrdir. Bu nümunələrdə şairin həyatı,
mübarizəsi, amalı, çırpıntılı bir həyat yolu keçməsi əks etdirilməklə yanaşı, Rəsul
Rzanın Nazim Hikmətə olan böyük sevgisi bədii boyalarla verilmişdir.
Nazimin qəflətən ölümü onu tanıyanları, sevənləri möhkəm sarsıtdı. Onun
ölümünə ağılar deyildi, şeirlər yazıldı. Bu ağıların, şeirlərin sırasında Rəsul Rza sözü və
onun ömür dostu, unudulmaz şairəmiz Nigar Rəfibəylinin göz yaşları ilə dolu misraları
xüsusilə seçildi.
Nazim Hikmətə Azərbaycan şairləri, yuxarıda qeyd etdiyimiz kimi, bir çox şeirlər
həsr etmişlər. Səməd Vurğunun "Hərəkət", Süleyman Rüstəmin "Nazim yenə
dənizdədir", Məmməd Rahimin "Nazim Hikmət azaddırmı?", Mirvarid Dilbazinin
"Nazim Hikmətə", Balaş Azəroğlunun "İstanbula gəmi gedir", Mədinə Gülgünün
"Nazim Hikmətə", Bəxtiyar Vahabzadənin "İlk kitabın", Zeynal Xəlilin "Nazim yadıma
düşdü", Məmməd Arazın "Nazimə Türkiyə sovqatı", Davud Ordubadlının "Nazim
Hikmət", Nəriman Həsənzadənin "Türk misrası", Musa Yaqubun "Nazim həsrəti",
Məsum Əliyevin "Nazimin işığı", Fikrət Qocanın "Bir gün gələcək...", Arif
Abdullazadənin "Nazimə məktub", İsa İsmayılzadənin "Nazim Hikmət gəmisi", Sabir
Rüstəmxanlının "Nazim Hikmətin bağında", Vaqif Bəhmənlinin "Dünyanı uşaqlara
verdik", Mustafa İsgəndərzadənin "Kərəm kimi", Məmməd Aslanın "Nazim yanğısı",
Ağasəfanın "Nazimin ürəyi torpaqda deyil", Tofiq Abdinin "Nazim Hikmətə",
30
Allahverdi Məmmədlinin "Nazim Hikmət cevizi", Qəşəm İsazadənin "Bir ürək var
əlimdə", Adil Cəmilin "Divar çatdağından süzülən işıq" və digər poetik nümunələr
dediklərimizə sübutdur.
Bu şeirlərin ruhu, mayası Nazim Hikmətə olan böyük sevgidən, rəğbətdən
yoğrulmuşdur.
Bir neçə kəlmə də Nazim Hikmət yaradıcılığının Azərbaycanda tədqiqi haqqında
danışmaq istəyirəm. Bununla əlaqədar ilk olaraq keçən əsrin 30-cu illərinin sonunda
Nazim haqqında söz deyən qələm sahiblərinin adları çəkilməlidir. Bunlar Əli Nazim,
Süleyman Rüstəm, Əkrəm Cəfər, Mikayıl Rəfili idi.
1928-ci ildə "Maarif və mədəniyyət" məcmuəsində "Günəşi içirik... günəşlənirik"
başlıqlı bir məqalə çap olundu. Bu məqalənin müəllifi ədəbiyyatşünas Əli Nazim idi. O,
adı çəkilən məqalədə Nazim Hikmətin "Günəşi içənlərin türküsü" kitabından söz açır,
Türkiyənin istedadlı gənc şairini Azərbaycan oxucularına tanıdırdı. Nazim Hikmət
Türkiyəyə döndükdən sonra Türkiyə-Azərbaycan ədəbi əlaqələri sahəsində olduğu kimi
Nazim yaradıcılığının öyrənilməsində də bir boşluq nəzəri cəlb etdi. Lakin Nazim ruhu,
Nazim nəfəsi Azərbaycan şairlərindən Rəsul Rzanın, Nigar Rəfibəylinin, Süleyman
Rüstəmin, Mikayıl Rəfilinin əsərlərində yaşamaqda idi. Nazim Hikmət həbsxanada
olduğu vaxt isə söz, sənət ustalarımız, mütərəqqi dünya şairləri ilə birlikdə haqq səsini
ucaldır, şairin azad olunmasını təkidlə tələb edirdilər.
Həmin günlərdə Moskvada yaşayan həmyerlimiz Əkbər Babayev Nazim Hikmət
haqqında dissertasiya işini tamamlamışdı. O, Moskva radiosunun türkcə verilişlər
redaksiyasının xətti ilə tez-tez çıxış edir, şairə olan hüsn-rəğbətini uca səslə bildirirdi.
Dünya xalqlarının tələbi ilə Nazim Hikmət həbsxanadan azad olunduqdan bir müddət
sonra Moskvaya gələndə onu qarşılayanlar içərisində Əkbər Babayev də vardı.
Azərbaycanın qələm sahiblərindən Anar, Tofiq Məlikli, Nəcəf Quliyev, Qadir
İsmayıl, Abbas Abdulla, Tofiq Abdin, Azər Abdulla, Arif Abdullazadə, Ələkbər
Salahzadə, Rəşid Quliyev, Abuzər İsmayılzadə, Aytən Babayeva və başqaları Nazim
haqqında çox qiymətli kitablar, elmi məqalələr qələmə almışlar.
Moskvada yaşayan həmyerlimiz, filologiya elmləri doktoru, professor Tofiq
Məlikli türk poeziyasının tədqiqinə dair maraqlı əsərini "Elm" nəşriyyatında (Moskva)
31
nəfis şəkildə çap etdirmişdir. Burada Nazim Hikmət sənətinin türk ədəbiyyatındakı yeri
tutarlı fakt və dəlillərlə göstərilmişdir. (T. Məlikli Nazim haqqında yazdığı yeni əsərini
- “N.Hikmət. Poeziya və poetika” kitabını da oxucuların ixtiyarına vermişdir.)
"Nazim Hikmət və Azərbaycan poeziyası" mövzusunu isə ilk olaraq dissertasiya işi
kimi qələmə alan şair və ədəbiyyatşünas Azər Abdulla olmuşdur. O, mənə hədiyyə
etdiyi avtoreferatının ilk səhifəsində belə yazmışdır: "Dissertasiya işimi yazanda Nazim
Hikmətlə bağlı yazdığı elmi məqalələrinə və kitabına ən çox arxalanıb bel bağladığım
yazıçı, jurnalist, alim Aqşin Babayevə böyük sayqılarla. 24 yanvar 1983-cü il."
Əlbəttə, Azər Abdulla burada bir az mübaliğəyə yol vermişdi. Əslində Azər
Abdulla ilk dəfə olaraq Nazim Hikmətlə Azərbaycanın bağlılığını çox geniş şəkildə
işıqlandırmış, qiymətli bir əsər meydana gətirmişdi. Bu əsərin "Nazim Hikmət
yaradıcılığı və Azərbaycan poeziyası", "Nazim Hikmət yaradıcılığı və Azərbaycan
ədəbi tənqidi", "Nazim Hikmətin dramaturgiyası Azərbaycan tənqidində" adlı
hissələrində müəllif böyük sənətkarın Azərbaycan ədəbiyyatındakı yerini, mövqeyini
tutarlı elmi dəlillərlə əks etdirmişdir.
1978-ci ildə, yəni Nazim Hikmətin ölümündən on beş il sonra Azərbaycan Dövlət
Nəşriyyatı Nəcəf Quliyevin “Yana-yana” adlı sənədli povestini çap etdi. Bu əsərdə
Nazim Hikmətin həyat və fəaliyyətinin ən parlaq səhifələri öz əksini tapmışdır.
Nazim Hikmət yaradıcılığını tədqiq edən alimlərimizdən biri də Qadir İsmayıldır.
Türk ədəbiyyatına dair bir çox maraqlı elmi məqalələrin müəllifi olan Qadir İsmayıl
Nazim Hikmətin Azərbaycanla bağlılığına dair dəyərli məqalələr qələmə almışdır.
Azərbaycan şairlərindən Ələkbər Salahzadə, Vilayət Rüstəmzadə, Şamil
Salmanov, Teyyub Qurban, Ramiz Duyğun Nazim Hikmət haqqında təqdirəlayiq şeir,
məqalə və xatirələr yazıb çap etdirmişlər. Bunlar Nazim Hikmət irsinin öyrənilməsində
mühüm rol oynamışdır.
Azərbaycanın qələm sahiblərindən Əjdər Ol Nazim Hikmət haqqında öz
düşüncələrini 1992-ci ildə "Qobustan" məcmuəsində çap etdirmişdir. Şair-tədqiqatçı
həmin məqaləsində belə yazır: "Mənə elə gəlir ki, onda da, indi də biz azərbaycanlı
ziyalılar Nazim Hikməti rusdan da, ingilisdən də, bolqardan da, Türkiyə türklərindən də
(elə bütün millətlərdən) artıq dünyanın böyük şairi hesab eləmişik."
Dostları ilə paylaş: |