7
Aqşin Babayevin varlığını qapsamış əhval Nazim Hikmətcəsinədir və mənə elə
gəlir ki, indi başqa dünyada, ayrı bir aləmdə olan Nazim Hikmətin bu dünyada,
bizim aləmə yansıyan ruhunun bir şöləsi də elə Aqşin Babayevin özüdür.
8
NAZİM HİKMƏTƏ BAĞLI ÖMRÜM
1957-ci il... Azərbaycan Dövlət Universitetinin iclas salonu. Nazim Hikmət
kürsüdədir. Biz tələbələr uzaqdan-uzağa seyr edirik onu. Gur səsi dalğa-dalğa yayılır:
“Bu müqəddəs, bu qüdsal evinizə – darülfünunuza çağırdığınız üçün təşəkkürlər
edirəm. Məni dünyanın ən bəxtiyar insanlarından biri yapdınız. Və mən indi burada
düşünürəm ki, bəlkə mən görmədim, amma oğlum görəcək, necə İstanbulda da, bizim
universitetdə də belə bir salon olacaq, oraya da Azərbaycandan bir şair gələcək,
məsələn, indi burda şeir oxuyan bu qızcığaz gələcək. Siz məni necə qarşılayırsınızsa,
onlar da onu elə qarşılayacaqlar. O şairdən bir istəyim var. O, oraya getdiyi vaxt mənim
İstanbullu gənclərimə desin ki, bizə də sənin Nazimin gəldi. Biz onu qardaş kimi
bağrımıza basdıq və biz ona çox şeyi öyrətdik. Nə öyrəndisə bu dünyada, çoxunu
bizdən öyrəndi. Bunu söyləməyi unutmasın. Və məndən salam söyləsin. Çünki, bəlkə
mən məmləkətimə qovuşa bilmədim. Amma o, mənim məmləkətimi görəcək.”
1961-ci il... Moskvadayam. Şairin evində onunla üzbəüz oturmuşam. İnana
bilmirəm ki, “Mavi gözlü dev”lə görüşmüşəm.
1962-ci il... Şair Bakıda qonaqdır. Radio jurnalisti kimi səsini lentə yazıram.
Ayrılanda deyir: “Müdafiənə məni də çağır. Unutma.”
1963-cü il... Nazimin qəfil ölüm xəbərini eşidirəm. Uşaq kimi ağlayıram.
1967-ci il... Nazim Hikmətin yaradıcılığına həsr olunmuş namizədlik
dissertasiyamı müdafiə edirəm. Nazimşünas, bizim həmyerlimiz Əkbər Babayevdən
teleqrafla rəy və təbrik məktubu almışam. Müdafiəmdə Nazim Hikmətin müəllimi
hesab olunan, Türkiyənin məşhur jurnalisti Zəkəriyyə Sərtəl iştirak edir.
1972-ci il... Şairin Vətəni Türkiyədəyəm. Üç illik işləməyə gəlmişəm. Nazimin
həsrətində olduğu, bircə dəfə də görmədiyi Toros dağlarından keçirəm.
Adana şəhərində kitab mağazasında mənə bir türk: “Bizdə vətən xaininin kitabı
satılmaz” deyir. Baxıram bu türkə, ürəyimdən qara qanlar axır. Niyə beləyik biz?
Amma çox keçmədən bu xəyal qırıqlığı tərk edir məni. Türkiyədə tanış olduğum dostlar
– Ercan, Kamal, Yusif Nazimdən şeirlər deyirlər. Sevinirəm. Demək türklər Nazimi
sevirlər.
9
Haşiyə: Heç ağlıma da gətirə bilməzdim ki, Nazim Hikmətin YUNESKO xətti ilə
2002-ci ilin yanvar ayında keçiriləcək yubileyinin əks-sədası həm Türkiyədə, həm də
Azərbaycanda çoxlarını sevindirsə də, bəzi adamların qanını qaraldacaq. Nazimi
sevməyənlər əvvəllər sanballı adamlar olub. Məsələn, Orxan Seyfi, Pəyami Səfa... İndi
Nazimin bədxahları orijinal görünmək üçün dəridən-qabıqdan çıxan tör-töküntülərdir.
Ancaq onlar istəsə də, istəməsə də, Nazim Hikmətin 100 illiyi bayram edildi. Dünyanın
bir çox ölkələrində, o cümlədən Azərbaycanda da Nazim Hikmət yubileyi təntənə ilə
keçirildi. Nəşriyyatlarımız bu böyük sənətkar haqqında kitablar nəşr etdilər. Görkəmli
bəstəkarımız Arif Məlikovun Nazim Hikmətin ölməz əsəri əsasında yaratdığı
“Məhəbbət əfsanəsi” baleti bir daha İstanbul teatrının səhnəsini bəzədi. Bir sözlə,
Nazimin 100 illiyi böyük təntənə ilə keçdi.
1975-ci il... Türkiyədən Azərbaycana dönürəm. Nazimin kitabları ilə. Dünya xali
deyil. Nazimi sevənlər çoxdur.
1976-1991-ci illər... Radioda işlədiyim illərdə Türkiyədən gələn qonaqları -
Haldun Taneri, Əziz Nesini, Kamal Bayramı, Vedat Türkəlini, Oqtay Akbalı, Asim
Bezercini və başqa sənət xadimlərini qarşılayıram. Sözümüz-söhbətimiz Nazim
Hikmətdəndir.
1978-ci il... Nazim Hikmət haqqında kitabım Bakıda “İşıq” nəşriyyatında çap
olunur.
1982-ci il... “Cümhuriyyət dövrü türk dramaturgiyasında ictimai motivlər” adlı
kitabım Azərbaycan Elmlər Akademiyasının “Elm” nəşriyyatı tərəfindən çap olunur.
Kitabın Nazimə həsr olunmuş ayrıca fəsli var.
1989-cu il... “Nazim Hikmət və yaşamı” adlı kitabım Berlində türk dilində işıq üzü
görür. (Onu qələm dostum Yüksəl Kaya türkcələşdirmişdir.)
1992-ci il... Bakıya jurnalist Mustafa Ekmekçi gəlir. Nazim Hikmət dilindən
düşmür. Onu tanıyanlardan müsahibələr alır. Nazim Hikmət haqqında xüsusi reportaj
hazırlayır. Şairin Azərbaycanla bağlılığını öyrənir.
1996-cı il... Türk dramaturgiyasına həsr olunmuş doktorluq dissertasiyamı müdafiə
edirəm. Araşdırmanın böyük bir hissəsi Nazim Hikmətin dram yaradıcılığına həsr
10
olunmuşdur. Televiziya və radio verilişlərində Nazim haqqında danışıram, iftixar hissi
keçirirəm.
1998-ci il... “Azərbaycan və türk dünyası” adlı kitabım çapdan çıxır. Onun böyük
bir hissəsi Nazimə həsr olunub.
2000-ci il... Mən Nazim Hikmət Kültür və Sanat Vakfının Məsləhət Şurasının üzvü
seçilmişəm.
Yenə 2000-ci il... “100 yaşlı Nazim Hikmət” adlı kitabım kütləvi tirajla işıq üzü
görür və bu kitabıma görə 2001-ci il aprelin 11-də Beynəlxalq Mükafatlar
Akademiyasının “Humay” mükafatına layiq görülürəm.
2012-ci il... Türkiyədə “Nazim və Azərbaycan” kitabım çap olunur.
Üç il həyat yoldaşımla, qızımla Nazim Hikmətin Vətənində yaşamışam. Ömür
dostum Müzəyyən xanım Zəkəriyyə
Sərtəlin Nazim Hikmətə həsr etdiyi “Mavi
gözlü Dev” kitabını dilimizə çevirib. Oğlum Gündüz aliəsi ilə birlikdə beş ildir ki,
Nazimin Vətənindədir.Burada işləyir. Nəvələrim Nazimin dilində təhsil alırlar. Qızım
Aytən Nazim Hikmətin fəlsəfi görüşlərinə həsr olunmuş dissertasiya müdafiə edib.
Fəlsəfə doktorudur. Evdə yazı masamın üstündə əlini çənəsinə söykəyib mənalı gözləri
ilə mənə baxan Nazim Hikmətin şəkli var. Audio-kasetlərdə Nazimin səsi var. Bu səslər
içərisində onun özünün oxuduğu şeirlər də var, mənim ondan aldığım müsahibələr də...
Bütün bu dediklərim ömrümün bir parçasıdır... Tələbəlik illərindən bu günə qədər
gəlib çatan Nazim Hikmətə bağlı ömür! İnanıram ki, gündən-günə şöhrəti ucalan Nazim
Hikmətin gələcək tədqiqatçıları heç olmasa bir yerdə mənim adımı çəkəcəklər. Bu,
mənim üçün böyük qürur olacaq. Həyatda olsam da, olmasam da... Amma hələ ki,
torpağın üstündəyəm. Nə qədər ki, torpağın üstündəyəm, Nazimdən deyəcək, Nazimdən
yazacağam.
Sizə, əziz oxucular, təqdim etdiyim bu kitabda Nazim Hikmətə həsr etdiyim və
onunla bağlı insanlardan söz açdığım yazılarım toplanmışdır. Bu yazıların böyük bir
qismi müxtəlif illərdə dövrü mətbuatda işıq üzü görmüşdür. Təkrarlar olsa, üzürlü hesab
edin.
Dostları ilə paylaş: |