17
Nazimin evi təmtəraqlı deyildi, amma çox səliqəli idi, zövqlə bəzədilmişdi. İlk
növbədə nəzərimi müxtəlif fiqurlar cəlb etdi. Görünür, fiqurlara çox baxdığıma görə,
Nazim Hikmət də çevrilib kitab şkafının yanındakı fiqurlara nəzər saldı və dedi:
"Bunları xaricdən gətirmişəm. Hər xarici ölkədən bir fiqur."
Əlini kiçik bir eşşək fiqurunun üstünə qoyub dedi:
- Dünyanın ən zavallı məxluqudur bu. Dinməz-söyləməz gecə-gündüz işləyir,
çalışır.
Bunu deyib güldü və üzünü mənə tutdu:
- Əvvəlcə, de görüm, Azərbaycanda nə var, nə yox? Rəsul Rza necədir? Süleyman
Rüstəm neyləyir? Əkbər mənə dedi ki, sən radioda işləyirsən. Demək, Zəkəriyyə Sərtəli
tanıyırsan. Necədir onlar? (“Onlar” deyəndə həm də Zəkəriyyə bəyin ömür dostu
Səbihə xanımı nəzərdə tuturdu.)
Bu suallara ətraflı cavab verdikdən sonra, türk kommunisti İkmek Affanı soruşdu.
- O da bizimlə çalışır, - dedim.
Nazim Hikmət köks ötürdü.
- O zavallının başına nə oyun qalmadı gəldi. Sibirə sürgün etdilər. Elə Zəkəriyyə
bəyin taleyi də onunku kimi oldu. Mətbəəsini dağıtdılar. Əli hər yerdən üzüldü, ölkədən
didərgin düşdü.
Nazim Hikmətin əllərinə baxdım. Çilli idi. Şairin "Sağ əlim" şeiri yadıma düşdü.
Misralar qulaqlarımda səsləndi. Sonra söhbət Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baletindən düşdü. Ürək dolusu danışdı. (Bu haqda Arif Məlikov oçerkində söz
açmışam).
Nazim Hikmət 10 il idi vətənindən ayrılmışdı. Bu 10 il ona yəqin ki, əlli il kimi
gəlirdi. Amma qəribədir ki, şairlə bu ilk görüşümdə mən onun sözündə, söhbətində,
simasında kədər görmürdüm. Ürək infarktı keçirmiş Nazim, elə bil ömründə xəstəlik
görməmişdi. Geyimi, kecimi, şuxluğu onun nikbinliyindən xəbər verirdi. Həyatın hər
üzünü görən, "ayrılıqların çeşidini bilən" Nazim polad kimi idi. (Sonradan bildim ki,
bu, zahirən beləymiş.)
Bloknotumu açdım. Suallara başlamaq istəyirdim ki, şair özü məni qabaqladı:
- Deyirlər məndən dissertasiya işi yazırsan.
18
- Bəli, Sizin dram yaradıcılığınızdan, - deyə sevinclə dilləndim.
Gözləmədiyim halda şair dedi:
- Çox nahaq yerə!
Dedi və güldü. Mən pərt olmuşdum. Şair bu pərtliyi hiss etdi.
- Axı niyə məhz mənim dram yaradıcılığımdan yazmaq istəyirsən?
Özümə bəraət qazandırmağa, fikirlərimi sübut etməyə çalışdım:
- Dram əsərlərinizdə novatorluq var. Həm də bu novatorluq mübahisəlidir. Həm
Türkiyədə, həm Rusiyada olan bəzi teatrşünaslar bu novatorluğu qəbul etmirlər. Mən də
bir tədqiqatçı kimi istəyirəm onlara sübut edim ki, Sizin dram yaradıcılığınızdakı
yenilikçilik qəbul edilməlidir və bunu faktlarla, konkret dəlillərlə sübut edəcəyəm. Axı
Sizin poeziyanızda da...
- Hə, - dedi Nazim Hikmət, - poeziyada da mənim başım bəlalı olub. Mən sərbəst
şeirlər yazanda, bədxahlarım hay-küy salmışdılar. Biri də yazmışdı: "Yəhya Kamaldan
sonra gələn Nazim Hikmət aləmi bir-birinə qarışdırdı. Sərbəst vəzn Türk ədəbiyyatına
yabançıdır və sairə." Sərbəst vəzn Türk ədəbiyyatına yabançı deyil. Bu yanlış fikirdir.
Deyəsən sənətkarı yavaş-yavaş razı sala bilirdim. Şairlə fikir mübadiləsindən
sonra, Nazim Hikmət dedi:
- Sözümün canı budur ki, novatorluqdan yazanda belə çıxmasın ki, türk
dramaturgiyasında yenilikçilik mənim adımla bağlıdır. Sən türk xalq tamaşalarını əldə
et, oxu. "Qaragöz"ü, "Orta oyunu"nu, "Məddah"ı. Onda bilərsən ki, türk dramaturgiyası
öz qaynağını hansı mənbələrdən alır. Sonra İbrahim Şinasini, Namiq Kamalı, Əbdülhəq
Hamidi yaxşı öyrən.
Şair əlimdəki bloknota nəzər saldı:
- Neçə sualın var?
- Otuzdan çoxdur, - dedim.
- Paho... Deyirsən, yəni bu gün mən bunların hamısına cavab verməliyəm.
Yaranmış vəziyyətdən məni Əkbər Babayev xilas etdi:
- Ustad, vacib deyil bu gün bütün suallara cavab verəsiniz. Aqşin hələ Moskvada
çox qalacaq.
19
Şair razılaşdı. Elə bu vaxt qapının zəngi çalındı. Hündür boylu bir rus gənci qapı
ağzında göründü. Nazim Hikmətlə köhnə tanışlar kimi görüşdü. Hal-əhvaldan sonra,
məqaləsi haqqında rəyini bilmək istədi. Söhbət əsnasında məlum oldu ki, o, türk dili
tədqiqatçısıdır, Asiya Xalqları İnstitutunda işləyir. Əkbəri də yaxşı tanıyırdı. Nazim
yazı masasının üstündəki məqaləni götürüb ona qaytaranda gəncin sifəti bulud kimi
tutuldu.
- Ustad, bəs Sizin... rəyiniz?
Nazim sərt şəkildə cavab verdi:
- Bu şəkildə rəyim olmayacaq. Sənin məqalənin adı nədir? - deyə şair sınayıcı
nəzərlərlə gəncə baxdı.
Gənc belə cavab verdi:
- "Nazim Hikmət və türk dilinin saflığı".
Nazim bir müəllim təmkini ilə sözə başladı, amma sonra olmadı, əsəbiləşdi:
- Türk dilinin saflığı məsələsini və bu uğurda mübarizəni mənim adımla bağlamaq
qətiyyən doğru deyil. Dərinə gedin, keçmişlərə baş vurun. Türk dili xalq ədəbiyyatında
daha saf olub. Sonra da, Yunis İmrə yaradıcılığını oxuyun. Lap elə Mehmet Emini
oxuyun. Türk dilinin saflığını qoruyanların birincisi mən deyiləm. Aydın oldumu?
- Oldu, ustad, - dedi gənc, - Sağ olun.
Nazim Hikmət elə bil peşman olmuşdu. Ona görə də bir neçə kəlmə ilə gənci
təriflədi:
- Amalın, məqsədin yaxşıdır. Mənim dediklərimi nəzərə alsan, çox gözəl bir
məqalə alınacaq. Mən də sənə yaxşı bir rəy verəcəyəm. İndi bir çayımızı iç, sonra
gedərsən.
Stola çay gəldi və ilk dəfə Nazimin Vera Tulyakova adlı xanımını gördüm.
Nazimdən xeyli cavan idi. Yanaqlarından qan damırdı.
Cavan oğlan bizdən qabaq getdi. Sonra Nazim, Əkbər və mən bir yerdə evdən
çıxdıq. Nazim Hikmət teatra getməli idi. Əkbərin maşınında mən arxada oturmuşdum.
Ancaq onların söhbətlərinə qulaq asırdım. Nəsə soruşmaq istəyəndə də utanırdım.
Özüm hiss eləyirdim ki, bu, bir fürsətdir əlimə düşüb, maraqlandıqlarımı soruşmalıyam.
Amma heç nə soruşmurdum. Elə bil ürəyimdəkiləri Nazim başa düşdü və dedi:
Dostları ilə paylaş: |