23
zamanı qələmə aldığı ürək sözləri bu gün müxtəlif kitablarda əks olunub. Belə xatirə və
çıxışlarda Nazim, bənzərsizliyi, orijinallığı ilə seçilir.
Füzuli haqqında dediyi sözlər: "Füzuli hansı sultanın zamanında yaşamış, birdən
ağlıma gəlməyir. Sultanın adını da xatırlamıram. Hələ o dövr vəzir-vüzərasının adlarını
məktəbdə öyrətdikləri halda, çoxdan unutmuşam. Bəs Füzulinin salamını almayan bu
övqaf məmurları? Kim bilir, özlərini nə böyük adam saymışlar?
...Amma xalq - azərbaycanlı, türk, fars, alban, bolqar olsun, Füzulinin salamını o
sağkən də, ölümündən dörd yüz il sonra da hədsiz bir sevinclə alır, alacaq. Füzulinin
min il sonra da bir insana salam verməsi o şəxs üçün böyük bir şərəf olacaq. Salamını
aldıq, alacağıq, əleyküməssalam, böyük ustad!"
"Füzulini nə üçün sevirəm? Çünki o, sevməyi, sevda yolunda yanıb kül olmağı
bütün böyük şairlərimizdən daha güclü, daha dərin bacara bilmişdir."
M. Ə. Sabir haqqında dediyi ürək sözləri: "Sabir haqqında cildlərlə əsər yazılmış,
cildlərlə də yazılacaq. Sabirin mübarizəsinə vurğun olduğum qədər o mübarizəni
apararkən göstərdiyi ustalığa, işlətdiyi dilə heyranam.”
Nazim Hikmətin bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, şair Rəsul Rza,
yazıçı Mehdi Hüseyn və başqa sənət xadimlərimiz haqqında məhəbbət dolu sözləri
dövri mətbuatımızda çap olunmuş, televiziya və radio ilə dəfələrlə səslənmişdir. ( Bu
haqda “100 yaşlı Nazim Hikmət” kitabımda yazmışam).
Bakıya etdiyi son səfərlərdən birində müxbirin "Bakıda Sizə nə xoş gəldi?" sualına
Nazim Hikmət belə cavab vermişdir:
"Təəssüratım sonsuzdur! Mən konsertdən vəcdə gəlmişəm. Azərbaycan xalq
mahnı və rəqslərinin mahir ifaçılarını, tarzən və kamançaçılarını dinləmək mənə
müyəssər oldu. Professor Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova oxudular. Onları
dinlədim və düşündüm; mən nə qədər dövlətliyəm! Çox dövlətli! Axı elə adamlar var
ki, yalnız Çaykovski, Şopen və Bethoveni başa düşürlər. Onların musiqisi mənə çox
yaxın və əzizdir. Ancaq mən müdrik və istedadlı xalqın yaratdığı muğamı, musiqini də
anlayıram və sevirəm. Qara Qarayev və Fikrət Əmirov kimi bəstəkarlarla fəxr edirəm."
"Azərbaycan musiqisi ulu çinar kimidir. Kökləri Azərbaycan torpağının, xalqının
dərinliklərindədir, gövdəsi dostluq, nikbinlik, ümid kimi sağlam yekparədir."
24
Nazim Hikmətin 1927-ci ildə Bakıya gəlişi, 1928-ci ildə onun ilk kitabının
Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh,
bu yeni nəfəs Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Süleyman Rüstəmin, Səməd
Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin yaradıcılığında xüsusilə bariz şəkildə öz
təcəssümünü tapmışdı. Adlarını çəkdiyim bu şairlərin hər birinin yaradıcılığında Nazim
poeziyasının ətri duyulur. Amma, ədalət naminə deyək ki, bu şairlərin içərisində Rəsul
Rzanın özünəməxsus yeri vardır.
Türkiyədə Nazim Hikmət şeirləri top-tüfənglə qarşılandığı kimi, Azərbaycanda da
Rəsul Rza poeziyası bir vaxt hücumlara məruz qalmışdı.Yalnız neçə illər sonra ədəbi
tənqidimizin nümayəndələri başa düşdülər ki, Rəsul Rza təkcə bu günün deyil, həm də
sabahın şairidir. (“Sabahın şairidir” kəlamı N. Hikmətə aiddir )
Nazimin şeirlərini Azərbaycan dilinə bir çox şairlərimiz çevirmişlər. Bunların
içərisində Rəsul Rzanın adını ayrıca qeyd etmək lazımdır. Mənim səs arxivimdə Nazim
Hikmətlə bir müsahibə var. Həmin müsahibədə Nazim Hikmət Rəsul Rzadan söz açır
və belə deyir: "Şeirlərimi Azərbaycan dilinə mənim əziz dostum Rəsul Rza çevirmişdir.
Bu şeirləri o, bir az daha gözəlləşdirmişdir."
Rəsul Rza Nazim Hikmətin ən gözəl şeirlərini dilimizə çevirmişdir. Bunların
içərisində "Ceviz ağacı", "Mən həbs olunandan bəri", "Həbsxanada yatmalı olanlara
bəzi öyüdlər", "Laylay", "Yapon balıqçısı", "Nağıllar nağılı", "Pəncərələr" şeirləri,
"İnsan mənzərələri"nin birinci hissəsi, "Qurtuluş savaşı dastanından" adlı poemanın
tərcüməsi xüsusi yer tutur. "Rənglər" silsiləsində Rəsul Rza "Üfüqdə göy gözlərin sarı
həsrəti" deyərkən Nazim həsrətini nəzərdə tuturdu və bir sıra başqa şeirlərində də
Nazimlə bağlı poetik duyğularını oxuculara çatdırırdı. Nazimin: "Karşı kıyı (qarşı sahil)
məmləkət, eşidirsənmi, Mehmet!" çağırışına Rəsul Rza belə əks-səda vermişdi: "Nazim,
çağırma Mehmeti." Nazimin Vətən, Münəvvər və Mehmet həsrətini Rəsul Rza öz
şeirlərində qəlb ağrısı ilə, məhrəm duyğularla əks etdirmişdir.
Bu iki sənətkarın - Nazim Hikmətin və Rəsul Rzanın yaradıcılıq dostluğu haqqında
hələ bundan sonra neçə-neçə əsərlər qələmə alınacaq. Ümid edirəm ki, hətta ayrıca bir
tədqiqat işi də yazılacaqdır.
25
Nazim Hikmətin 1928-ci ildə Bakıda nəşr olunan "Günəşi içənlərin türküsü"
kitabının redaktoru Süleyman Rüstəm olmuşdur. 1927-ci ildə 25 yaşlı Nazim Hikmət
Bakıya qədəm basanda onu qarşılayanlardan biri də 21 yaşlı Süleyman Rüstəm
olmuşdu. Bu iki gənc o zaman tanınmış şairlər idi. Süleyman Rüstəm Azərbaycanda,
Nazim Hikmət isə Türkiyədə.
1950-ci ildə Nazim Hikmət həbsxanadan azad olunduqdan sonra onun 48,
Süleyman Rüstəmin isə 44 yaşı vardı. Yenə qardaşcasına görüşdülər və onların
dostluğunun ikinci mərhələsi başlandı. Bu mərhələ 3 iyun 1963-cü ilə qədər davam etdi.
Sonra S. Rüstəm də dünyasını dəyişdi. Bu iki böyük insanı bir-birinə bağlayan tellər
əbədiyyətə döndü, ürəklərdə, xatirələrdə yaşadı və bu gün də yaşayır.
Nazim demişdi: "Süleyman Rüstəm bütöv şəxsiyyətdir. Onun sənəti ilə insanlığı
bir vəhdət təşkil edir."
Nazim Hikmətlə dostluq edən qələm ustalarımızdan biri də Mikayıl Rəfili idi. O da
Nazim Hikmətin təsiri ilə şeirlər yazmışdı. "Gülən adam" təxəllüsü ilə Azərbaycan
poeziyasında tanınan Mikayıl Rəfili Nazim Hikməti çox sevərdi. "Sərbəst şeir haqqında
ilk söz" adlı məqaləsində Mikayıl Rəfilinin Nazim haqqında fikirləri onun bu böyük
şəxsiyyətə və onun sənətinə olan rəğbətini, məhəbbətini bütün aydınlığı ilə göstərir.
Nazim Hikmət də Mikayıl Rəfili haqqında həmişə xoş sözlər deyərdi. Onu çox
bəyənərdi. Bloknotumda Nazimin bu sözləri var: "Mən Mikayıl Rəfilini axıra qədər də
professor kimi qəbul edə bilmədim. O, təpədən-dırnağa şair idi. Bu dünyadan şair
olaraq da köçdü. Elə bilirdim ondan əvvəl gedəcəyəm. Tərsinə oldu. Taleyin işini
bilmək olmur."
Nazim Hikmətlə Səməd Vurğun arasında da möhkəm dostluq olmuşdur. 1957-ci
ildə Nazim ikinci dəfə Bakıya gələndə artıq Səməd Vurğun yox idi, dünyasını
dəyişmişdi. Nazim Azərbaycana həsr olunmuş bir çox şeirlər yazdı. Onlardan biri "Otuz
il sonra" adlanır. Həmin əsərdə Nazim Hikmət 1927-ci illə 1957-ci ili müqayisə edir,
Azərbaycan xalqının qazandığı uğurlara sevinirdi. Bir yerdə də Səməd Vurğunun adını
çəkirdi:
"Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu".
Dostları ilə paylaş: |